Kiməsə “Qurban olum” demək barədə

Sual: Əs-sələmu aleykum, sizdən məni çox narahat edən bir şey barədə soruşmaq istəyirdim. Günümüzdə insanlar “Sənə qurban olum” və ya “Qurbanın olum” kimi ifadələr işlədirlər. Bu sözləri söyləmənin hökmü nədi, şirk ola bilərmi? Bunu söyləyənin hansı niyyətlə söyləməsinə baxılarmı? Allah elminizə bərəkət versin.

Cavab: 

Va aleykumus-Sələm va Rahmətullah

“Sənə qurban olum” və ya “Qurbanın olum” kimi sözlərin zahirindən başa düşülən məna “sənin uğrunda fəda olum” mənasıdır. Bu, sözün bizim dilimizdə işlədilən mənasıdır. Bu sözün deyilmə məqsədi isə həqiqi mənada “fəda olmağı” qəsd etmək deyildir, lakin kiməsə məhəbbətini göstərmək, onun qəlbindəki mərtəbəsini göstərməkdir.

Buna əsasən alimlərin böyük əksəriyyəti bu şəkildə sözün deyilməsini icazəli sayıblar. Çünki bu barədə səhabələrdən çoxlu xəbərlər gəlib, səhabələr bu kimi sözləri bir-biriləri üçün deyiblər.

Lakin İmam Əhməddən gələn bir rəvayətdə o, “Allah məni sənin üçün fəda etsin” şəklində deyilən söz ilə “anam, atam sənə fəda olsun” şəklində deyilən arasında fərq oymuşdur, birincisini məkruh görmüş, ikincini isə icazəli saymışdır. Lakin hənbəli məzhəbindəki mötəməd görüş budur ki, bunda heç bir məkruhluq yoxdur. Ona görə də Əbul-Avn əs-Səffərini deyir: “Mötəməd olan budur ki, bunda inşallah bir məkruhluq yoxdur, çünki bu barədəki xəbərlər səhihdir.

əs-Səffərini burada önəmli olan bir nöqtəyə toxunur və deyir:

Çünki burada həqiqi mənada fəda olmaq qəsd edilmir, sadəcə olaraq bir xoş göstəridir, ona olan məhəbbətini və onun gözündəki mərtəbəsini elan etməsidir.

Bu izah etdiyimizə əsasən də “qurban olum” şəklindəki sözləri də bu mənada başa düşmək lazımdır, çünki bu sözlə məqsəd insanın insana məhəbbətini göstərməsidir.

Lakin buna icazə verənlərin əksəriyyəti bunu insanın müsəlman qardaşına deməsinə icazə veriblər. Kafirlərə demək isə qadağandır.

Əgər bunu ibadət etmək məqsədini deyərsə təbii ki, şirk olacaqdır, çünki burda etibara alınan ibadət etmə qəsdidir və Allahdan başqasına ibadət etməyi qəsd etmək özlüyündə şirkdir.

Doğrusunu Allah bilir!