Doğruluq-dürüstlük

"Mən işimi sidq (dürüstlük, doğru sözlülük) üzərində qurdum, belə ki, elm tələb etmək üçün Bağdada getmək məqsədilə Məkkədən çıxdım. Anam mənə qırx dinar verdi və məndən hər zaman doğru danışmaq əhdi aldı. Həmdən şəhərinə çatdıqda yolumuzu bədəvilər kəsdi və karvanı ələ keçirdilər. Onlardan biri yanımdan keçdi və soruşdu: "Üstündə nə qədər var?" Dedim: "Qırx dinar." Onunla istehza etdiyimi zənn etdi, ona görə də məni tərk etdi. Bir başqası məni gördü və eyni şeyi soruşdu və eyni cavabı verdim. Buna görə məni əmirlərinin yanına apardı.

Əmirləri məndən soruşdu: "Səni doğru danışmağa nə vadar etdi?" Dedim: "Anama doğru danışmaq barəsində əhd verdim və onun əhdinə xəyanət etməkdən qorxdum." Bu zaman əmirləri ucadan hönkürtü ilə ağlamağa başladı və dedi: "Sən ananın əhdinə xəyanət etməkdən qorxduğun halda mən Allahın əhdinə xəyanət etməkdən qorxmuram!!" Sonra karvandan götürdüklərini geri qaytarmağı əmr etdi və dedi: "Mən sənin əlinlə Allaha tövbə etdim." Onun adamları da bunun şahidi olub dedilər: "Sən quldurluq etməkdə bizim böyüyümüz idin və bu gün də tövbə etməkdə böyüyümüz oldun." Beləliklə də hamısı sidqin bərəkəti və səbəbi ilə tövbə etdilər." İmam Abdulqadir əl-Ceyləni