İslam ədalətinin simalarından biri-Qazi əl-Həməvi

İslam ədalətinin simalarından biri, qazilər qazisi, şafiilərin şeyxi əl-Qadi Əbu Bəkr Muhəmməd bin əl-Muzaffər əş-Şəmi əl-Həməvi. Bu böyük alim şafii məzhəbinin seçkin şəxsiyyətlərindəndir, onun haqqında deyilib: "Əgər əş-Şafinin məzhəbi yer üzündən silinərsə onu əzbərindən imla etməyi bacarardı." əl-Həməvi tarixə adil qazilərdən biri kimi düşüb. İlk öncə qazilik mənsəbini qəbul etməkdən imtina edirdi, lakin şiddətli isrardan sonra şərtlər qoyaraq qəbul edir. Qoyduğu şərtlər arasından bəziləri:

 - qaziliyə görə maaş almayacaq

- heç kəsin şəfaətini qəbul etməyəcək

- öz şəxsi geyimini dəyişməyəcək

Bu şərtləri qəbul etdikləri üçün qazi olmağa razılaşdı. Onun bir evi var idi və bir dinar yarıma kirayə vermişdi və qazancı burdan idi. Qazi olduqdan sonra bir nəfər gələrək dörd dinar təklif edir və qazi imtina edərək deyir: "Evimin sakinini dəyişən deyiləm, sənin halın mənə şübhəli gəldi, nə üçün qazi olmadan əvvəl bu qədər təklif edən yox idi?!" Mühakimə etdikdə varlı ilə kasıb, yuxarı sinif ilə aşağı sinif arasında fərq qoymazdı. Buna görə də o dövrdə cəmiyyətin bir çox avtoritet adamları arasında özünə düşmən qazanmışdı. Zamanında Sultan Məlikşah bir hadisə ilə üzləşir və qazi əl-Həməvi bu hadisədə hökm çıxarmaq üçün sultanın evinə gətirilir. Hadisədə sultanın xeyrinə şahidlik etmək üçün əl-Muşəttab bin Muhəmməd bin Usamə əl-Fərğani gəldi və o, sultana yaxın olan münazirəçi fəqihlərdən idi, hənəfi idi. əl-Muşəttab onun qarşısında şahidlik etdi və Qazi əl-Həməvi çəkinmədən bütün insanların içərisində buyurdu: "Onun şahidliyini qəbul etmirəm." Soruşdular: "Nə üçün?" Dedi: "Çünki o, fasiqdir." əl-Muşəttab'ın üzərində ipəkdən paltar var idi və bu, onun üçün xəcalətli bir hal oldu. Bir dəfə türklərdən bir əmir qazinin yanına gələrək başqa bir adamın əleyhində iddiada oldu. Qazi əl-Həməvi ondan dəlilini soruşduqda həmin əmir iki nəfəri şahid gətirdi və bu şahidlərdən biri həmin hənəfi alimi əl-Muşəttab idi. Bunun üzərinə əl-Həməvi dedi: "əl-Muşəttabın şahidliyini qəbul etmirəm, çünki o, ipək geyinir." əl-Muşəttab buna cavab olaraq etiraz etdi və dedi: "Məni buna görə rədd edirsən, amma sultan və vəziri Nizamul-Mülk ipək geyinirlər." əl-Həməvi cavabında buyurdu: "Əgər qarşımda şahidlik etsəydilər şahidliklərini qəbul etməzdim."