İmam Hüseynə qarşı vuruşmaq Yezidin fasiqliyini təsdiqləyən əməllərdəndir

Məşhur və dahi tarixçi alim İbn Xaldun deyir:

"Bil ki, fasiq (hakim)in əməllərindən keçərli olan məşru (şəriətə müvafiq) olandır və onlara (yəni alimlərə) görə bağilər ilə vuruşmağın şərtlərindən biri də adil imam ilə birlikdə olmasıdır və bu, bizim məsələmizdə (yəni Hüseynin Yezidə qarşı çıxmasında) mövcud deyildir.

Beləliklə də Yezid ilə birlikdə və ya Yezid üçün Hüseynə qarşı vuruşmaq caiz deyildir, əksinə bu, onun fasiqliyini təsdiqləyən çirkin əməllərindəndir. Hüseyn isə bu hadisədə şəhiddir və savab qazanmışdır və o, haqq və ictihad üzərində idi. Yezid ilə birlikdə olan səhabələr də haqq və ictihad üzərində idilər. (Yəni Hüseyn məsləhətin üsyanda olduğunu, digər səhabələr isə məsləhətin üsyanda olmadığını düşünürdülər, hər ikisi də ictihaddır.)

əl-Qadi Əbu Bəkr bin əl-Arabi əl-Maliki bu məsələdə xəta etmiş və "əl-Avasim minəl-Qavasim" adlandırdığı kitabında belə bir məna verən bir söz işlətmişdir: "Hüseyn öz babasının şəriəti ilə öldürülmüşdür." Bu isə xətadır və onun bunu deməyinə səbəb isə (bu halda) adil imamın şərt olmasından qafil qalması olub və zamanında imamlığında və ədalətində şəriət müxaliflərinə qarşı vuruşmaqda Hüseyndən daha adil kim ola bilərdi?!"