Namazı qısaltmaq üçün səfərin məsafəsi

Mufti: Şeyx Abdul-Aziz bin Baz

Sual:

Namazı qısaltmaq məsələsini (səfərdə namazı qısaltmaq) izah etməyinizi xahiş edirik. Peyğəmbərdən – salləllahu aleyhi va səlləm – səfərdə namazını tam qılması haqqında bir şey sabit olubmu? Səfər namazı məsafə və müddətə tabedirmi? Kitab və sünnətdən dəlillər işığında bu sualları izah etmənizi rica edirik. Cəzakum Allahu xayra![1]

 

Cavab:

 

Peyğəmbər – salləllahu aleyhi va səlləm – səfər etdikdə səfərdən geri dönənə qədər zöhr namazını iki rükət, əsr namazını da iki rükət və işə namazını da iki rükət qılardı. Peyğəmbərdən – salləllahu aleyhi va səlləm – sabit olan budur. Ondan – salləllahu aleyhi va səlləm - həm də rəvayət olunub ki, namazlarını bəzən qısaldar, bəzən də tam qılardı, lakin bu, ondan – salləllahu aleyhi va səlləm – sabit deyildir. Səhih hədislərdə ondan sabit olan budur ki, səfərdən dönənə qədər namazlarını qısaldardı. Məğrib namazına gəldikdə isə olduğu kimi həm səfərdə, həm də hədarda üç rükət olaraq qılınır. Eynilə sübh namazını da həm səfərdə, həm də hədarda iki rükət olaraq qılardı və sübh namazı ilə birlikdə həm səfərdə, həm də hədarda ondan öncə sübh namazının sünnətini qılardı və bu, iki xəfif rükətdən ibarət namazdır. Zöhrün, əsrin, məğribin və işa namazlarının sünnətlərinə gəldikdə isə o – aleyhissalətu vassələm – səfərdə onları tərk edərdi. Mömin bəndəyə səfərdə peyğəmbərin – salləllahu aleyhi va səlləm – etdiklərini etməsi lazımdır. Səfər isə elm əhlinə görə bir gün və bir gecənin məsafəsidir. Yəni iki mərhələdə (gedilən məsafədir) və elm əhlinin əksəriyyəti bu görüşdədir və maşında gedənlər üçün, eynilə təyyarələrdə, gəmilərdə, paravozlarda gedənlər üçün təqribən səksən kilometrə yaxın bir məsafə olaraq hesaba alınır. Bu və ya buna yaxın məsafə səfər adlanır və örfdə də səfər olaraq etibara alınan budur, çünki müsəlmanların arasında bilinən məsafədir. Əgər insan dəvə ilə və ya piyada və ya maşın ilə və ya təyyarədə və ya dəniz nəqliyyatı ilə bu məsafə qədər və ya daha çox yol qət edərsə müsafir sayılır. Elm əhlindən bəziləri isə deyir ki, (bu məsafə) örf ilə müəyyən edilir və kilometr ölçüsü ilə hesablanmış bir məsafə olaraq müəyyən edilməməlidir. Örfdə nə səfər sayılırsa (şəriətdə də) səfər sayılır və (belə səfərdə) namaz qısaldılar, əks təqdirdə olmaz. Doğru olan isə elm əhlinin əksəriyyətinin qəbul etdiyi görüşdür və bu, (səfəri) qeyd etdiyim məsafə ilə məhdudlaşdırmaqdır. Elm əhlinin əksəriyyətinin doğru saydığı görüş budur və buna tabe olmaq lazımdır.  Səhabələrdən – radiyallahu anhum va ardahum – gələn görüş budur və insanlar içində Allahın dinini və peyğəmbərinin – salləllahu aleyhi va səlləm – sünnətini ən yaxşı bilənlər onlardır.

 

Mənbə:

 

“Məcmu Fətava va Məqalət Mutənəvvia”, 12/266-267; Darul-Qasim, ər-Riyad, birinci nəşr: hicri 1420 

 


 

[1] “Nurun aləd-Dərb” proqramında verilmiş sualdır. Kaset # 1

 

 

 

 

 

Çox Oxunan Fətvalar

  • 29 Dec , 2010 / Uşaq tərbiyəsi

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Belə bir hədis eşitmişik ki, əgər qadının birinci uşağı qız uşağı olarsa həmin qadın əri üçün bərəkətli qadındır, hədis səhihdirmi? Kim rəvayət edib?

  • 21 Aug , 2010 / Oruc

    Mufti: Şeyx Abdullah bin Abdil-Aziz bin Aqil

    Sual:

    Mənim bir yoldaşım var, oruc tutarkən tüpürcəyini yığır və tüpürcəyini ağzında topladığı halda bizimlə danışır, bir müddət sonra tüpürcəyini udur və başqasını ağzında yığır və bu şəkildə davam edir. Biz onu bundan çəkindirdik və ona dedik ki, bu sənin orucunu pozur. Lakin sözümüzü qəbul etmədi. Sizdən onun bu əməlinin hökmü barədə bizi məlumatlandırmanızı xahiş edirik; bu, caizdir yoxsa yox? Bununla orucu pozulur?

  • 19 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdullah ibn Cibrin

    Sual:

    İşa namazının vaxtı nə zaman bitir?

  • 23 Dec , 2009 / Namaz

    Mufti: Şeyx Abdul-Aziz bin Baz

    Sual:

    Sizdən eşitdik ki, əgər it, eşşək və qadın namaz qılanın qarşısından keçərsə namazı batil edir. Bunların qarşıdan keçməsi üçün məsafə nə qədər olmalıdır? Həmin qadın məhrəmlərdən olsa belə namaz batil olurmu?

  • 21 Jul , 2011 / Oruc

    Mufti: Şeyx Saleh bin Fəuzən bin Abdilləh əl-Fəuzən

    Sual:

    Öz yaşadığı yerdə bir gün oruc tutmağı niyyət edərsə və sonra həmin günün ərzində səfər edərsə, həmin günü orucu poza bilərmi?