Şəfaət hədisindəki şübhənin cavabı

Hazırladığımız bu yazı zahiri əməllər və iman mövzusu ilə bağlı bir yazıdır. Çox təəssüf ki, zahiri əməlləri imanın həqiqətindən kənarlaşdırmağa hər bir səylə çalışan bəzi kəslər özlərini ümmətin sələfinə nisbət edirlər, halbuki ümmətin sələfi onlardan təmizdir. Ümmətin sələfi nəzdində zahiri əməllər hər zaman imanın ayrılmaz bir hissəsi olmuşdur. Əməli imandan, imanı da əməldən ayırmazdılar. Zahiri əməllərlə bağlı ixtilaflar əslində daha sonradan çıxan ixtilaflardır. Zahiri əməllərin imanın həqiqətinə daxil olmadığını, lakin imanın kamilliyinə daxil olduğunu iddia edənlərin ortaya atdıqları şübhələrdən də biri budur ki, Allah – azzə va cəllə - “heç bir xeyir etməmiş” qullarını atəşdən çıxaracaq. Allahın izni ilə bu yazımızda həmin şübhəni dəf edəcəyik.

 

Onların ”heç bir xeyir etməmiş” kəslərin cəhənnəmdən çıxacağını deyərkən əsaslandıqları hədis “şəfaət” hədisidir. Bu hədisi İmam Muslim “əs-Sahih” kitabında Əbu Said əl-Xudri’nin hədisindən rəvayət etmişdir:

Ta ki, möminlər atəşdən qurtulacaqlar. Nəfsim əlində olana and olsun ki, sizdən heç biriniz haqqı tamamilə Allahdan istəməkdə möminlərin atəşdə olan qardaşları üçün haqqı istəməklərindən daha şiddətli deyildir. Onlar deyəcəklər: “Rəbbimiz! Onlar bizimlə birlikdə oruc tuturdular, namaz qılırdılar, həcc etdilər.” Onlara deyiləcək: “Tanıdıqlarınızı oradan çıxarın!” Beləliklə surətləri atəşə haram edilir və onlar atəşin kimisinin baldırının yarısına qədər, kimisinin dizlərinə qədər yediyi bir çox insanı ordan çıxaracaqlar. Sonra deyəcəklər: “Orada bizə əmr etdiklərindən heç kimsə qalmadı.” Sonra deyəcək: “Geri qayıdın və qəlbində dinar ağırlığında xeyir olan hər kimi tapsanız çıxarın!” Bundan sonra çox sayda insan çıxaracaqlar və deyəcəklər: “Rəbbimiz! Bizə əmr etdiklərinizdən heç kəsi orada qoymadıq.” Sonra deyəcək: “Geri dönün və qəlbində dinarın yarısı ağırlığında xeyir olan hər kimi tapsanız çıxarın!” Bunun üzərinə ordan çox sayda insan çıxaracaqlar və deyəcəklər: “Rəbbimiz! Bizə əmr etdiklərinizdən heç kəsi orada qoymadıq.” Sonra deyəcək: “Geri dönün və qəlbində zərrə ağırlığında xeyir olan hər kimi tapsanız çıxarın!” Bunun üzərinə ordan çox sayda insan çıxaracaqlar və deyəcəklər: “Rəbbimiz! Orada heç bir xeyr buraxmadıq.” Əbu Said əl-Xudri deyərdi: “Əgər mənə bu hədisdə inanmırsızsa diləsəniz bunu oxuyun: “Həqiqətən Allah zərrə qədər də olsa zülm etməz. Əgər yaxşı bir əməl olarsa onu artırar və Öz tərəfindən böyük mükafat verər.”[1] Allah – azzə va cəllə - deyəcək: “Mələklər şəfaət etdi, peyğəmbərlər şəfaət etdi, möminlər şəfaət etdi, rəhimlilərin Ən Rəhimlisindən başqa heç kim qalmadı.” Bundan sonra atəşdən bir ovuc (qabzə) götürəcək və oradan heç bir xeyir etməmiş bir qrup insan çıxaracaq ki, artıq kömürə dönmüş olacaqlar. Onları Cənnətin girişlərindəki həyat çayı deyilən bir çaya atacaq. Selin gətirdikləri içindən otlar çıxdığı kimi oradan çıxacaqlar. Mərcan kimi çıxacaqlar, boyunlarında Cənnət əhlinin tanıyacaqları halqalar olacaq. Onlar Allahın heç bir əməl görmədən, heç bir xeyir təqdim etmədən Cənnətə daxil etdiyi Allahın azadlılarıdır (utəqaullah).[2]

Bu hədisdə özlərinə dəlil olaraq istifadə etdikləri şahid cəhənnəmdən sonuncu olaraq çıxarılacaq kəslərin “heç bir xeyir etməmiş” olmalarıdır. Onlar bu sözü önə çıxararaq heç bir xeyir işləməmiş kəslərin Cənnətə girə biləcəklərini iddia edirlər. Biz belə bir anlayışın kökündən xəta olduğunu düşünürük və bu cür iddia üçün heç bir dəlilin olmadığını deyirik. Əksinə şəriətin mətnlərinə doğru yanaşmayanların belə xətalı nəticələrlə üzləşdiyini söyləyirik.

 

***

 

Sözümüzü uzatmadan bir başa qarşıya qoyulan bu iddianın yalnışlığını ən aşkar şəkildə göstərməyə qoyulaq. İlk növbədə “heç bir xeyir işləməmək” sözünü dəlil gətirməyin doğru olub olmadığına nəzər salaq. Biz deyirik ki, “heç bir xeyir işləməmək” sözü onların iddialarını dəstəkləmir, çünki bu sözü zahirinə əsasən götürsək çox fasid nəticəyə gəlib çıxarıq. Çünki hərfi mənada “heç bir xeyir etməmiş” kəslər iman etməmiş kəslərdir. Yoxsa qəlbində Allah qorxusu, Allah sevgisi, Allahın rəhmətinə ümüdü olan kəslər xeyir etmiş kəslərdir. Dilində Allahın vahdəniyyətini və peyğəmbərinin – salləllahu aleyhi va səlləm – nübuvvətini təsdiqləmiş kəslər xeyir etmiş kəslərdir. Məhz bu səbəbə görə bidət firqələri iddia ediblər ki, Allah cəhənnəmdən mömin olmayanları da çıxaracaq. İmam Bədrud-Din əz-Zərkəşi (vəfatı hicri 794) “ət-Tənqih” kitabında deyir: “Burada həmçinin Əbu Said’in hədisində keçir ki, peyğəmbərlərin şəfaətindən sonra Allahu Təalə deyəcək: “Mənim şəfaətim qaldı” və xeyr etməmiş kəsləri atəşdən çıxaracaq. Onlardan bəziləri buna əsaslanaraq mömin olmayanların da (cəhənnəmdən) çıxacağını deyiblər. Lakin bu, iki baxış açısından illətlidir[3]. Birinci: Bu rəvayət muttəsil[4] deyildir, necə ki, bunu Abdul-Həqq “əl-Cəm’u Beynəs-Sahiheyn” kitabında söyləyib[5]. İkinci: Bunun muttəsil olduğunu qəbul etsək o zaman bu, tövhiddən savayı olana aid edilməlidir, necə ki, bunu digər hədislər izah etmişdir.[6] Aydın olur ki, bidət firqələri bu sözlərin zahirindən istifadə edərək qeyri möminlərin də cəhənnəmdən çıxıb Cənnətə daxil olacağını iddia ediblər. Çünki həqiqətən də “heç bir xeyir etməmiş” sözünün mənasını xüsusiləşdirmədən yanaşsaq, onun zahirindəki ümumiliyi ələ alsaq o zaman gərək qəlb əməlləri və İslam şəhadətindən uzaq olan kəslərin də cəhənnəmdən çıxaraq Cənnətə daxil olacağını söyləyək. Bu baxımdan sözlərin zahiri problemlidir və alimlər bu problemə diqqət çəkiblər. Bu alimlərdən biri Məğribin imamı Hafiz İbn Abdil-Bərr – aleyhi rahmətullah – “ət-Təmhid” kitabında “oğullarına öldükdən sonra yandırılmasını vəsiyyət edən heç bir xeyir etməmiş adamın” hədisini şərh edərkən deyir: “Bu hədis barəsində Əbu Hureyra’dan Əbu Rafi’nin hədisindən rəvayət olunur ki, o, demişdir: “Tövhiddən başqa heç bir xeyir etməmiş adam dedi...” Bu ləfz səhihdirsə, həmin adamın imanındakı müşkülü aradan qaldırmış olur. Bu ləfz nəql baxımından səhih olmasa belə məna baxımından səhihdir və üsulun hamısı bu mənanı dəstəkləyir və sağlam düşüncə bunu vacib edir, çünki kafir olaraq ölənlərin bağışlanması caiz deyildir, mümkün deyildir, çünki Allah – azzə va cəllə - xəbər verib ki, kafir olaraq ölənin şirk etməsini bağışlamayacaq. Bunu dəf edəcək bir şey yoxdur və qiblə əhli arasında bu barədə ixtilaf yoxdur. Bu prinsipdə sənin üçün dəlil vardır ki, bu hədisdə onun “heç bir həsənə (yaxşılıq) etməmiş” və ya “heç bir xeyir etməmiş kəsə əzab vermədi” sözündə (qəsd) tövhiddən başqa xeyir və həsənətdir.[7] İbn Abdil-Bərr bu sözləri özünü yandırmağı vəsiyyət edən və heç bir xeyir etməmiş adamın hədisinin şərhində söyləmişdir. Hədisin əslində yalnız “heç bir xeyir etməmiş” sözləri keçir və İbn Abdil-Bərr bunun bir müşkül olduğuna işarə edir. Bir başqa rəvayətdə “tövhiddən başqa heç bir xeyir etməmiş” sözü zikr olunur. İbn Abdil-Bərr bu ləfzin nəql baxımından səhih olmasa belə məna baxımından səhih olduğunu vurğulayır və bunun səbəbini izah edir. Nə üçün İbn Abdil-Bərr bu sözlərin zahirinin problemli olduğunu düşünür? Normal düşüncə qabiliyyəti olan hər bir kəs bu sualın cavabını bilir. Axı “heç bir xeyir etməmiş” sözü ümumiyyətlə bütün xeyirləri rədd edir! Bu sözlərin zahirindəki müşkül barədə danışan alimlərdən biri də əl-Hafiz Valiyyud-Din əl-İraqi’dir. O, “Tarhut-Təsrib” kitabında deyir: “Onun “heç bir xeyir etməmiş adam dedi” sözünün zahiri budur ki, o, muvahhid olmamışdır, çünki ən böyük xeyir tövhiddir.[8] Beləliklə ən böyük xeyir tövhiddirsə bu sözün zahirinə əsasən tövhidi olmayan kəslərin də Cənnətə daxil olacağını söyləməmiz lazımdır, çünki heç bir xeyir etməmiş kəsləri Allah sonunda atəşdən çıxarıb Cənnətə salacaq.

Əgər desələr ki, biz digər dəlillərin tələbi ilə qəlbin əməllərini və dilin təsdiqini hədisdə nəfy olunan xeyirlərin arasından istisna edirik biz buna cavab olaraq deyirik ki, bunu etmək labüddür. Belə bir istisna olmasa bütün şəriəti alt-üst etmiş olarsız. Lakin sizin bu əməliniz onu göstərir ki, digər dəlillər olmadan tək bu hədisin zahirini dəlil gətirməyiniz batildir. O zaman nə üçün əməlləri də vacib edən digər dəlillərin işığında əməllərin cinsini də istisna etmirsiz?! Əslində tək bu müqəddimə belə əql sahibləri üçün onların gətirdikləri dəlilin zəifliyini isbat etməyə kifayət edir. Lakin ortada heç bir şübhə qoymamaq üçün söylədiklərimizi dəlillər işığında isbat edəcəyik.

 

***

 

O zaman hədisdə keçən “heç bir xeyir etməmiş” sözlərinin həqiqəti nədir? Elm əhli bu sözü hərfən başa düşür yoxsa bunu ərəb dilinin xüsusiyyətinə görə anlayırlar? Bil ki, əziz müsəlman, hədisdəki “heç bir xeyir etməmiş” sözü sadəcə olaraq ərəblərin istifadə etdiyi bir üslubdur. Onlar edilmiş işin səhih olmadığını, tam olmadığını qəsd edərkən həmin işin tamamını inkar edərlər. İmam Muhamməd bin İshaq bin Xuzeymə (vəfatı hicri 311) deyir: “Bu “heç bir xeyir etməmiş” sözü ərəblərin işlətdiyi söz növündəndir; bir şey kamillikdən və tamamlıqdan naqis olduğu üçün onun adını nəfy edirlər. Beləliklə bu əslə əsasən sözün mənası o deməkdir ki, heç bir xeyri tam və kamil şəkildə etməyiblər, onlara vacib olan və əmr olunduğu şəkildə etməyiblər. Bu mənanı kitabımın bir çox yerində izah etmişəm.[9] əl-Hafiz İbn Abdil-Bərr (vəfatı hicri 463) deyir: “Bu, ərəblərin dilində geniş yayılıb, tamamı əhatə edən söz işlədərlər, lakin qəsd etdikləri onun bir hissəsidir. Ərəblər deyirlər: “Heç belə etməmişdir” və bununla əməlinin əksəriyyətini qəsd edir.[10] Muhamməd bin Abdil-Bəqi əz-Zurqani (vəfatı hicri 1122) deyir: “Heç bir həsənət etməmişdir”, burada ondan tövhidi nəfy edən heç bir şey yoxdur. Ərəblər bu cür sözləri bir insanın əməlinin əksəriyyəti üçün istifadə edirlər, misal üçün bir hədisdə deyir: “O, əsasını çiynindən yerə qoymur.[11] Bu məzhəb qəti dəlillər üzərində qurulmuşdur, çünki bu din bizə ərəblərin dilində gəlmişdir və mətnləri də ərəblərin dilində anlamalıyıq. Bu şəkildə gəlmiş bir çox hədislər və əsərlər mövcuddur ki, alimlər onları ərəblərin dilindəki xüsusiyyətlərlə bağlı olaraq izah ediblər. Bunun kimi bir çox rəvayətlərdə şəriət bəzi əməllərə görə möminin imanını tamamilə inkar etmişdir. Misal üçün əmanəti olmayanın imanı inkar edilib. Bu və buna bənzər hədisləri gözəl şəkildə ələ alıb izah edən alimlərdən biri də İmam Əbu Ubeyd əl-Qasim bin Səlləm (vəfatı hicri 224) olmuşdur. O, “əl-İmən” kitabında deyir: “Bu, həqiqi surətində edilmədi təqdirdə əməli sahibindən alıb götürmək üçün ərəblərin istifadə etdiyi kəlamdır ki, bizdə geniş istifadə olunur və inkar olunmur. Məgər görmürsən ki, onlar işini möhkəm görməmiş bir işçiyə deyirlər ki, “heç bir şey etməmisən”, “heç bir əməl etməmisən” və burada sadəcə olaraq bu söz işin keyfiyyətliliyini inkar etmək üçün istifadə olunur, yoxsa işin özünü inkar etmirlər. Beləliklə onlara görə o, adda işi görəndir, lakin ustalıqda işi görməmiş sayılır. Hətta bundan da böyük şeylər üçün bunu istifadə ediblər, misal üçün atasına tabe olmayan, ona həddən çox əziyyət verənə deyirlər: “O, bir övlad deyildir.” Halbuki onun sülbündən gələn oğlu olduğunu bilirlər. Sonra bunun eynisi qardaş, zövcə və kölə üçün də deyilir.[12] Beləliklə aydın olur ki, belə bir üslub ərəblərin geniş istifadə etdikləri bir üslubdur. Biz Allahın izni ilə bu üslubun peyğəmbərin də - salləllahu aleyhi va səlləm – dilində olduğunu göstərəcəyik. Axı necə olmasın?! O, ərəblərin ən fəsahətlisi, ərəb dilini ən gözəl şəkildə istifadə edənlərdən biridir.

İmam əl-Buxari Əbu Hureyra’dan rəvayət edir ki, “peyğəmbər – salləllahu aleyhi va səlləm – məscidə daxil oldu. Bu zaman bir nəfər məscidə daxil oldu və həmən namaz qıldı. Sonra gəldi və peyğəmbərə - salləllahu aleyhi va səlləm – salam verdi. Peyğəmbər – salləllahu aleyhi va səlləm – onun salamını qaytardı və dedi: “Geri dön və namazını qıl, çünki sən namaz qılmadın!” Namaz qıldı və gələrək peyğəmbərə - salləllahu aleyhi va səlləm – salam verdi. (Peyğəmbər) dedi: “Geri dön və namazını qıl, çünki sən namaz qılmadın!” Bunu üç dəfə etdi. (Adam) dedi: “Sən haqq ilə göndərənə and olsun ki, mən bundan yaxşısını bacarmıram. Öyrət mənə!” Dedi: “Namaza durduğun zaman təkbir et və sonra Qurandan sənə asan olanı oxu...[13] Gördüyümüz kimi namazı kamil qılmadığı üçün peyğəmbər – salləllahu aleyhi va səlləm – onun namazını tamamilə inkar etmişdir. Şeyxul-İslam İbn Teymiyyə qəlblərin kor olması haqqında Quranda varid olmuş ayələrin təfsirində deyir: “Məna budur ki, “bunu anlamır” və əgər bir az anlamışsa tam bir anlayış ilə anlamamışdır, çünki tam anlayış qəlbdə sevilən şeyin sevilməsinə, nifrət edilən şeyin nifrət edilməsinə təsir etməlidir. Bu, hasil olmadıqda tam təsəvvür hasil olmur, buna görə də onu nəfy etmək caiz olur, çünki tam olmayan şey nəfy olunur. Namazına qarşı pis davranan birinə onun söylədiyi sözlər bunun misaldır: “Namaz qıl, çünki sən namaz qılmadın![14]

Bundan sonra isə “heç bir xeyir etməmiş” sözünün zikr olunduğu digər hədislərə nəzər salacağıq. Bu hədislərdən birincisini İmam Muslim Əbu Said əl-Xudri’dən – radiyallahu anhu – rəvayət edir. Peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Sizdən əvvəlki zamanlarda doxsan doqquz nəfər öldürmüş bir adam var idi. Yer üzünün ən alim kimsəsi barədə soruşdu və ona bir rahibi göstərdilər. Onun yanına gələrək dedi ki, o, doxsan doqquz nəfər öldürüb, onun tövbə etmək imkanı varmı? Dedi: “Xeyr.” Buna görə onu da öldürdü və bununla sayı yüzə çatdırdı. Sonra yer üzünün ən alim kimsəsini soruşdu və ona alim bir insanı göstərdilər. Dedi ki, o, yüz nəfər öldürüb, onun üçün bir tövbə varmı? Dedi: “Bəli, axı onunla tövbəsi arasında kim dura bilər? Sən bu və bu ölkəyə get, orada Allaha ibadət edən insanlar var. Sən də onlarla birlikdə Allaha ibadət et! Öz ölkənə geri dönmə, çünki ora pis yerdir.” Ayrıldı və yolun yarısını qət etdikdə ona ölüm gəldi. Beləliklə rəhmət mələkləri ilə əzab mələkləri onun üstündə mübahisə etdilər. Rəhmət mələkləri dedi: “Tövbə edərək, qəlbini Allaha yönəldərək gəldi.” Əzab mələkləri isə dedi: “O, heç bir xeyir etməyib.” Adəm surətində onlara bir mələk gəldi və onu öz aralarında (hakim) qoydular və dedi: “İki ölkə arasını ölçün, hansına daha yaxındırsa ona aiddir.” Ölçdülər və getmək istədiyi ölkəyə daha yaxın olduğunu gördülər. Beləliklə onu rəhmət mələkləri götürdülər.[15] Bu hədisdə də gördüyümüz kimi əzab mələkləri həmin adamın “heç bir xeyir etmədiyini” dedilər. Halbuki adam Allah rızası üçün hicrət etmişdi və hicrət ən fəzilətli əməllərdəndir. Həmçinin hicrət etmədən öncə tövbə etmişdi və tövbə ən fəzilətli əməllərdəndir. Aydın olur ki, yuxarıda alimlərin şəfaət hədisinə ərəb dilinin üslubu baxımından verdikləri şərh səhihdir.

Lakin daha bir hədisə nəzər salaq. Bu sözlərlə gələn rəvayətlərdən birini İbn Hibbən “əs-Sahih” kitabında Əbu Hureyra’nın hədisindən rəvayət edir. Allahın elçisi – salləllahu aleyhi va səlləm – deyir: “Xeyir etməmiş bir nəfər yoldan tikanlı budaqları təmizləyərdi, ya ağacda olardı və onu kəsib atardı, ya da yola qoyulmuş olardı və onu aradan qaldırardı. Beləliklə Allah buna görə ona təşəkkür etdi və Cənnətə daxil etdi.[16] Gördüyümüz kimi peyğəmbər – salləllahu aleyhi va səlləm – yolda əziyyət verən şeyləri təmizləyən kəs üçün “heç bir xeyir etməmiş” sözünü işlətmişdir. Məlumdur ki, yoldan əziyyət verən şeyləri aradan qaldırmaq imanın ən alt şöbəsidir. Buna görə də Əbu Hatim İbn Hibbən əl-Busti bu rəvayəti etdikdən sonra deyir: “Onun “heç bir xeyir etməmiş” sözünün mənası budur ki, bununla İslamdan savayı olan (xeyri) qəsd edir.[17]

İmam ən-Nəsai Əbu Hureyra’dan rəvayət edir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Heç bir xeyir etməmiş bir adam insanlara nisyə mal satardı və elçisinə deyərdi: “Asan gələni götür, ağır gələni isə tərk et. Bağışla, ola bilsin ki, Allahu Təalə də bizi bağışladı.” Öldükdə Allah – azzə va cəllə - ona dedi: “Heç olmasa bir xeyir etdinmi?” Dedi: “Xeyr, yalnız yanımda bir xidmətçi oğlan işləyirdi və nisyə mal satırdım. Onu borcları toplamaq üçün göndərdikdə deyərdim: “Adan gələni götür, ağır gələni isə tərk et! Bağışla! Ola bilsin ki, Allah da bizi bağışladı.” Allahu Təalə dedi: “Mən də səni bağışladım.” [18]

Bu və digər şəri mətnlərdən anlayırıq ki, ərəblərin üslubunda “heç bir xeyir etməmiş” sözü hər bir əməli inkar etmək anlamına gəlmir, lakin günahlarının çoxluğu və əməllərinin azlığı nəticəsində etdikləri əməllər o qədər azdır ki, sanki heç bir xeyir etməmiş kimidirlər.

 

***

 

Şəfaət hədislərinə nəzər saldıqda biz bu həqiqəti açıq şəkildə görə bilərik. Yuxarıda Əbu Said əl-Xudri’nin hədisində sonuncu olaraq Allahın cəhənnəmdən bir ovuc “heç bir xeyir etməmiş” kəsləri çıxaracağını oxuduq. Onlara qabzə əhli deyilir. Cəhənnəmdən sonuncu olaraq Allahın rahməti ilə çıxanlar onlar olacaqlar. Eyni şəfaət hədisini digər səhabələr də rəvayət ediblər. Hədisləri doğru anlamaq üçün onların hamısını cəm etmək, onları birləşdirmək lazımdır. Bunun üçün ilk öncə Əbu Said’in hədisindən həmin hissəni burada təkrarlayaq:”Allah – azzə va cəllə - deyəcək: “Mələklər şəfaət etdi, peyğəmbərlər şəfaət etdi, möminlər şəfaət etdi, rəhimlilərin Ən Rəhimlisindən başqa heç kim qalmadı.” Bundan sonra atəşdən bir ovuc (qabzə) götürəcək və oradan heç bir xeyir etməmiş bir qrup insan çıxaracaq ki, artıq kömürə dönmüş olacaqlar. Onları Cənnətin girişlərindəki həyat çayı deyilən bir çaya atacaq. Selin gətirdikləri içindən otlar çıxdığı kimi oradan çıxacaqlar. Mərcan kimi çıxacaqlar, boyunlarında Cənnət əhlinin tanıyacaqları halqalar olacaq. Onlar Allahın heç bir əməl görmədən, heç bir xeyir təqdim etmədən Cənnətə daxil etdiyi Allahın azadlılarıdır (utəqaullah).” Bu, Əbu Said əl-Xudri’nin rəvayətidir. əl-Buxarinin Əbu Hureyradan rəvayətində isə hədisin bu hissəsi belədir: “Ta ki, Allah qulları arasında hökm edəcək və atəşdən “lə iləhə illəllah” ilə şahidlik etmiş kəslərdən dilədiyini atəşdən çıxarmaq istəyəcək. Mələklərə onları çıxarmağı əmr edəcək və onları səcdə izlərindən tanıyacaqlar. Allah atəşə Adəm övladının səcdə izini yeməyi haram etmişdir. Beləliklə onları kömür kimi yanmış halda çıxaracaqlar. Üzərilərinə həyat suyu deyilən su tökəcək və selin gətirdikləri içində bitən ot kimi bitəcəklər. Üzü atəşə tərəf olan bir nəfər qalacaq...[19] Hədisin sonunda Əbu Hureyra deyir: “Həmin adam Cənnətə ən sonuncu girəcək adamdır.” Bundan sonra gələn hədisdə əl-Buxari bunları rəvayət edir: “Ata dedi: “Əbu Said əl-Xudri (bu zaman) Əbu Hureyra ilə birlikdə oturmuşdu və onun “bu və onun bir misli daha sənin üçündür” sözlərinə gələnə qədər onun hədisindən heç bir şeyi dəyişmədi. (O sözləri dedikdə) Əbu Said dedi: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “Bu və bunun on misli sənin üçündür.” Əbu Hureyra dedi: “Bunun eynisini mən də hifz etmişəm.” Buradan anlayırıq ki, həm Əbu Said, həm də Əbu Hureyra eyni hədisi rəvayət ediblər. Lakin Əbu Hureyranın hədisində qeyd olunur ki, cəhənnəmdən Allahın rəhməti ilə sonuncu çıxanları mələklər səcdə izlərindən tanıyacaqlar. Hər iki hədisin arasını birləşdirdikdə və “heç bir xeyir etməmiş” sözünü digər hədislər işığında nəzərdən keçirdikdə aydın olur ki, o kəslər tamamilə əməlsiz olan kəslər yox, lakin əməlləri günahları yanında yox miqdarında olacaq kəslərdir. Buna görə də Muhamməd bin Nəsr əl-Mərvazi (vəfatı hicri 294) Əbu Said və Əbu Hureyranın hədislərini namazı tərk edənin küfrü üçün dəlil gətirərək deyir: “Məgər namazı tərk edənin atəşdən çıxmaqlarına, şəfaətçilərin şəfaəti ilə Cənnətə daxil olmaqlarına ümid edilən İslam millətinin əhlindən olmadığını görmürsənmi? Necə ki, Əbu Hureyra və Əbu Saidin – radiyallahu anhumə - rəvayət etdikləri şəfaət hədisində peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Onlar atəşdən çıxarılacaqlar, səcdə izlərindən tanınacaqlar.” Beləliklə bu sənə izah edir ki, şəfaət ilə atəşdən çıxmağa haqq qazananlar namaz qılanlardır.[20]

Bura qədər təqdim etdiklərimizdən ən aşkar şəkildə aydın olan budur ki, onların şəfaət hədisindəki dəlilləri heç də bir dəlil deyildir. Həmçinin aydın oldu ki, həmin sözlərin zahirini əsas almaq öz inanclarını da alt-üst etməlidir. Əgər həmin sözlərin zahirindəki ümumiliyi xüsusiləşdirmək istəsələr, artıq həmin sözlərin ümumiliyinin dəlil olmadığını özləri də etiraf etmiş olurlar. O zaman bu hədisdəki sözlər mübahisə dairəsindən kənara çıxır və iddia sahibləri üçün dəlil sayılmaz. Doğrusunu Allah bilir!

 


[1] ən-Nisa, 40

[2] Muslim, (183); hədisin eynisini İmam Əhməd “əl-Müsnəd”də (13/394) başqa yolla rəvayət edib.

[3] Bir şeyin illətli olması onun nəzərdən düşməsinə səbəb olan qüsurunun olması deməkdir. İllət xəstəlik deməkdir, bir görüşün illətli olması görüşün qüsurlu və zəif olması anlamına gəlir.

[4] Rəvayətin muttəsil olması sənədinin muttəsil, yəni rəvayət zəncirinin tam olaraq bitişik olmasıdır. Rəvayətin muttəsil olmaması rəvayət zəncirinin qopuq olması deməkdir.

[5] əz-Zərkəşi – rahmətullahi aleyhi – burada xəta edir, çünki rəvayət əslində muttəsildir və səhihdir. əl-Hafiz İbn Hacər – rahiməhullah – deyir: “Birinci baxış açısı onun xətasıdır, çünki buradakı rəvayət muttəsildir. Bunu Abdul-Haqqa nisbət etməsi isə xəta üzərinə xətadır, çünki o, bunu yalnız başqa bir rəvayət yolu haqqında söyləmişdir...”

[6] əz-Zərkəşi, “ət-Tənqih li Əlfəzil-Cami’is-Sahih”, 3/874; Məktəbətu Nizər Mustafə əl-Bəz, birinci nəşr: 1420/2000, Məkkə

[7] İbn Abdil-Bərr, “ət-Təmhid limə fil-Muvatta minəl-Məani val-Əsənid”, 18/40; Vazəratul-Əvqaf, birinci nəşr: 1407/1987, Mərakeş

[8] əl-İraqi, “Tarhut-Təsrib fi Şərhit-Təqrib”, 3/266; Dar İhyə ət-Turas əl-Arabi, Beyrut

[9] İbn Xuzeymə, “Kitəbut-Təuhid”, 2/732; Dar ər-Ruşd, birinci nəşr: 1408/1988, Riyad

[10] İbn Abdil-Bərr, “əl-İstizkər”, 8/365; Dar Quteybə - Darul-Vay, birinci nəşr: 1414/1993, Qahirə

[11] əz-Zurqani, “Şərhuz-Zurqani alə Muvatta əl-İmam Malik”, 2/125; Məktəbətus-Səqafətid-Diniyyə, 1424/2003

[12] İbn Səlləm, “Kitəbul-İmən”, səh: 80-81; Məktəbətul-Məarif, birinci nəşr: 1421/2000, Riyad

[13] əl-Buxari, (757)

[14] “Məcmu əl-Fətəva”, 7/27

[15] Muslim, (4973)

[16] Şeyx Şueyb əl-Arnəvut “Sahih İbn Hibbən” kitabının təhqiqində deyir: “İsnadı Muslimin şərtinə görə həsəndir. İbn Aclən’dən başqa və o, Muhamməddir. Muslim onun rəvayətini mutəbəa olaraq rəvayət edib və o, saduqdur. Bunu (həm də) Əbu Davud (5245) rəvayət edib...”

[17] “Sahih İbn Hibbən bi Tərtib İbn Bəlbən”, 2/298; Muəssəsə ər-Risələ, ikinci nəşr: 1414/1993, Beyrut

[18] ən-Nəsai, (4694) Bunu Şeyx əl-Albani səhih sayıb. Bax: “Sahih Sünən ən-Nəsai”, 3/262; Məktəbətul-Məarif, birinci nəşr: 1419/1998, Riyad

[19] əl-Buxari, (6573)

[20] əl-Mərvazi, “Təzim Qadris-Saləh”, 2/1009; Məktəbətud-Dər, birinci nəşr: 1406, Mədinə

 

Aktual Mövzular