Şirkdən başqa günahların bağışlanması şübhəsi

İnsanın zahiri əməllərinin imanın həqiqətinə daxil olmadığını, lakin imanın kamilliyini təşkil etdiyini deyənlər bu görüşləri üçün bəzi alimlərin sözlərini sitat gətirdikləri kimi, hədis və ayələri də dəlil göstərirlər. Daha əvvəlki yazımızda dəlil olaraq gətirdikləri şəfaət hədisindəki şübhənin cavabını verərək həmin şübhəni dəf etməyə çalışdıq. Bu işimizdə nə qədər uğurlu olduğumuzu bir tək Allah bilir. Bu yazımızda isə Quranın mübarək ayələrindən birini dəlil gətirməklərindəki zəifliyə işarə edəcəyik. Müvəffəqiyyət Allahdandır.

 

Dəlil olaraq gətirilən ayə şirkdən başqa bütün günahların bağışlanacağını vəd edən ayədir. Allahu Təalə buyurur: “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz və bundan başqasını dilədiyinə bağışlayar. Kim Allaha şərik qoşarsa şübhəsiz böyük bir günah işləyərək iftira etmiş olur.” (ən-Nisə surəsi, 48) Bir başqa ayədə buyurur: “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz və bundan başqasını dilədiyinə bağışlayar. Kim Allaha şərik qoşarsa şübhəsiz ki, dərin bir zəlalətə düşmüşdür.” (ən-Nisə surəsi, 116) Bu mübarək ayələrdə Allah – azzə va cəllə - bizə bağışladığı və bağışlamadığı günahları bəyan etmişdir.

Bu ayəni dəlil gətirənlər iddia edirlər ki, bir müsəlman heç bir əməl etməzsə və bütün zahiri əməlləri tərk edərsə işin sonunda Cənnətə daxil olacaqdır. Dolayısı ilə əməllər bu ayənin tələbi ilə imanın həqiqətinə daxil olmaz, lakin imanın kamilliyini təşkil edər. Onlara görə ayədə bağışlanılmayan günah şirk olduğu üçün və əməllərin tərki şirk olmadığı üçün əməllərin tərki bağışlanılan günahlardan olmalıdır. Biz isə bu cür dəlil gətirmə metodunun növbəti sınıq-salxaq bir metod olduğunu deyirik. Bunun nə üçün belə olduğunu Allahın izni ilə bu yazımızda izah edəcəyik.

İlk olaraq onu qeyd edək ki, ayədə zikri keçən şirkin mənasını doğru anlamaq lazımdır. Əgər onlar ayədəki şirk anlayışının yalnız Allaha ibadətdə və etiqadda şərik qoşmaq, Allahla yanaşı başqasına ibadət etmək kimi qəbul olunan şirk olduğunu deyirlərsə, o zaman biz onların bəsirətdən uzaq olduqlarını, qəlblərindəki əyriliyin onları yollarından azdırdığını deyirik. Məgər Allahın mövcudluğunu inkar etmək, peyğəmbərləri söymək, dini lağa qoymaq, dindən zəruri olaraq bilinən şeyləri inkar etmək Allah tərəfindən bağışlanacaqmı?! Əlbəttə ki, biz onların da belə bir şeyə inandıqlarını düşünmürük, lakin dəlil gətirmək xatirinə bəzən məsələ ilə aidiyyatı olmayan mətnləri dəlil qismində istifadə edirlər. Əgər burada şirkin mənasının özündə bütün növ böyük küfrü də cəm etdiyini qəbul edirlərsə o zaman bu ayə hansı şəkildə, hansı baxış açısı ilə bizə qarşı dəlildir? Biz zatən əməllərin bütövlükdə tərkinin böyük küfr olduğunu deyirik və buna etiqad edirik. Bunun üçün Qurandan, səhih sünnətdən və sələfin görüşlərindən kifayət qədər dəlillərimiz vardır. O zaman hansı əsas ilə zahiri əməlləri tərk etmək küfrünü bu ayədəki şirk sözünün əhatə dairəsindən çıxarırsız?

əl-Hafiz İbn Hacər əl-Asqaləni – rahmətullahi aleyhi – “Fəthul-Bəri” kitabında mövzu ilə bağlı olaraq belə deyir: “Bu ayədə şirk ilə qəsd olunan küfrdür, çünki məsələn Muhammədin – salləllahu aleyhi va səlləm – peyğəmbərliyini inkar edən Allahın yanında bir başqa ilahı qəbul etməsə belə kafirdir və onun bağışlanılması da inkar edilib və bunda heç bir ixtilaf yoxdur.[1]

Gördüyümüz kimi İbn Hacər ayədən səhv anlaşıla biləcək məqama diqqət çəkərək şirk sözünün mənasını bizlərə izah etmişdir. Məlumdur ki, şirk ilə küfr arasında bir fərqin olub olmaması arasında alimlər arasında məşhur bir ixtilaf vardır. Alimlərin bir qismi şirk ilə küfrün arasında fərq qoyublar və onların fərqli mənalar ifadə etdiyini deyiblər. Bu, Əbu Hənifənin məzhəbidir. Digər alimlər isə küfr və şirk arasında fərq qoymayıblar və onların hər ikisinin də eyni mənada olduğunu deyiblər. Bu İmam əş-Şafi’nin məzhəbi olaraq məşhurdur. Bu ayə də bu görüşdə olanları dəstəkləyir.

Məsələdə deyilə biləcək ən orta mövqe budur ki, bəzən şirk sözü işlədilərək həm küfrü, həm də şirki əhatə edən ümumi məna qəsd olunur. Lakin şirk və küfr sözləri yan-yana işləndikdə hər biri özünə xas mənanı bildirir. İmam ən-Nəvəvi deyir: “Sonra şirk və küfr bəzən eyni mənada işlənir və bu zaman Allahu Təaləyə küfr etmək qəsd olunur. Bəzən isə aralarında fərq olur və bu zaman şirk Qureyş kafirləri kimi Allahu Təaləni etiraf etməklə bərabər bütlərə və digər məxluqlara ibadət edənlərə xas olur. Beləliklə küfr şirkdən daha ümumi məna alır. Doğrusunu Allah bilir.[2]

Ayədə şirk ilə qəsd olunanın daha ümumi məna olduğunu və böyük küfrün hər növünü öz əhatə dairəsinə aldığını isbat etdikdən sonra məsələ yenə də zahiri əməllərin tərkinin böyük küfr olub olmamasına qayıdır. Əgər bu məsələdə hidayət rəhbəri olaraq Quran, sünnət və ümmətin sələfini götürsək görərik ki, zahiri əməllərin tərkinin küfr olduğunu ifadə edən dəlillər çoxdur. Xülasə olaraq bu ayənin onlar üçün heç bir dəlil olmadığını isbat etmiş oluruq.

 


[1] İbn Hacər, “Fəthul-Bəri bi Şərhi Sahihil-Buxari”, 1/159; Dar Taybə, birinci nəşr: 1426/2005, Riyad

[2] ən-Nəvəvi, “Sahih Muslim bi Şərhin-Nəvəvi”, 2/71; əl-Mətbəə əl-Misriyyə bil-Əzhər, birinci nəşr: 1347/1929, Qahirə

 

Aktual Mövzular