Əməlsiz imanın olmamasında sələfin icması

Sünnət əhlinin şüarlarından biri də onların əməlləri imandan saymaqları və əməlləri imandan ayırmamaqlarıdır. Bu barədə kitablar və divanlar ümmətin sələfinin sözü ilə zəngindir. Onlar əməli imandan ayırmazdılar və əməlsiz imanın olmadığını təkrar-təkrar söyləyərdilər. Sünnətin bu şüarı çox təəssüf ki, bizim zamanımızda bəzi şübhələrin qurbanı olub. Haqq günəş kimi səmada parladığı halda onu görmək istəməyənlər vardır. Bu yazımızda biz əməlsiz imanın olmayacağında icma olduğunu nəql edən alimlərin sözlərinə yer verəcəyik. Bu kiçik bəhsi məhz bu nəqllərə həsr etmək istəyirik və o nəqllərlə bağlı bəzi mühim məqamlara toxunmaq istəyirik.

 

Əziz müsəlman! Allah sənə rəhm etsin! Bil ki, sünnət etiqadını əşarilik, maturudilik, mötəzililik, cəhmiyyəlik və digər firqələrdən ayıran əlamətlər çoxdur və bu, əlamətlərdən biri də əməlsiz imanın olmaması etiqadıdır. Sünnilik statusu üçün yarışan əşarilik və maturudilik etiqadları ümmətin ilk dövr alimlərinin bu barədə dedikləri sözləri həmişə problemli qarşılayıblar. Lakin bu problem həmin imamların sözlərində deyil, əşarilik və maturudilik etiqadlarındakı problemdən qaynaqlanır. Qarşıda gətirəcəyimiz icma nəqllərindən də görəcəksiz ki, o imamların sözlərinə etiraz edənlər bu məsələdə sünni olmayan alimlər olublar. Bu barədə düşün və bunun əhəmiyyətini anla!

 

Sünnət əhlinin imamı Muhamməd bin İdris əş-Şafi (150 – 204)

 

Şafii alimi İmam Hibətullah əl-Laləkai deyir: “əş-Şafi – rahiməhullah – “əl-Umm” kitabında, namazda niyyət babında dedi: Namazın niyyətsiz keçərli olmaması barəsində Ömər bin əl-Xattab’ın peyğəmbərdən – salləllahu aleyhi va səlləm – (rəvayət etdiyi) hədisini dəlil kimi göstəririk: “Əməllər yalnız niyyətlərinə görədir.” Sonra dedi: “Səhabələrin və onlardan sonra gələn tabiinlərin, onlardan qarşılaşdıqlarımızın icması vardır ki, iman söz, əməl və niyyətdir və bu üçündən heç biri digəri olmadan keçərli deyildir.[1]

Bu sözlərdən anladığımız kimi niyyət qəlbin təsdiqi və əməlləridir. Söz dilin təsdiqidir və bu, xüsusən şəhadət kəliməsidir. Əməl isə insanın əzalarının etdiyi əməllərdir. İmam əş-Şafi bu etiqadın səhabələr, tabiinlər və onlardan sonra gələn alimlərin icması olduğunu söyləmişdir. Şeyxul-İslam İbn Teymiyyə deyir: “Buna görə də “iman söz və əməldir” sözləri əhlus-sunnət yanında sünnətin şüarlarından sayılıb və birdən çox alim bu barədə icma nəql edib və biz əş-Şafi’dən – radiyallahu anhu – bu barədə “əl-Umm” kitabında zikr etdiyi icmanı daha əvvəl qeyd etdik...[2]

Lakin İmam əş-Şafi’nin sözləri bəzi əşari alimləri üçün problemli görünmüşdür, çünki onlar çox gözəl anlayırdılar ki, İmam əş-Şafi’nin bu sözlərinin mənası budur ki, əməl olmadan iman olmaz və əşarilərin fasiq olaraq adlandırdıqları bəzi kəslər İmam əş-Şafi’yə görə kafir olmalıdır. Bu problemi zikr edənlər arasında ər-Razi və əz-Zərkəşi kimi şafi və əşari alimləri vardır. Son dönəm şafi alimlərindən olan İbn Hacər əl-Heytəmi əl-Məkki – rahiməhumullah cəmiən – bu məsələni müzakirə edir və həmin alimlərin sözlərini zikr edir. O, deyir: “əş-Şafiyə görə – radiyallahu anhu - əməllərin imandan olmasını əl-Fəxr ər-Razi böyük günahları etməyin küfr olmaması məsələsində problemli görmüşdür: axı əməllərin yox olması ilə iman necə yox olmaya bilər? Çünki birdən çox şeydən ibarət bir məcmuda onlardan biri yox olarsa həmin məcmu aradan qalxır. Əgər əməl imanın həqiqətinə daxildirsə fasiqin imanının olmaması lazımdır.” Fəxrud-Din İbnul-Xatib ər-Razi’nin bunu bir müşkil, bir problem olaraq görməsi onun özünün iman məsələsindəki görüşü ilə bağlıdır, çünki ona görə iman sadəcə olaraq təsdiqdir və əməllər sadəcə olaraq təsdiqin səmərəsi, meyvəsidir. ər-Razi deyir: “Doğru olan bu cür deməkdir: Əməllər təsdiqin səmərəsindəndir. İmanın nə artmadığını, nə də azalmadığını göstərən hər bir şey imanın əslinə aiddir, lakin artıb azaldığını göstərənlər isə kamil imana aiddir.”[3] O da əməlləri məcazi mənada imanın kamilliyinə aid olduğunu deyir, lakin imanın həqiqəti ona görə artmaz və azalmaz. İmanın həqiqətində naqislik imanı tamamilə aradan qaldırar. Məhz bu səbəblə İmam əş-Şafi’nin əməlləri də imanın həqiqətinə daxil etməsini ər-Razi problemli qarşılamışdır. Şeyxul-İslam İbn Teymiyyə deyir: “Hətta İbnul-Xatib (ər-Razi) və onun əmsalları əş-Şafi’ni bu məsələdə ziddiyətli sayıblar, belə ki əş-Şafi sünnət imamlarından idi və mürciələrə rədd olaraq məşhur sözləri vardır. “əl-Umm” kitabında təharət bölməsində sünnət əhlinin görüşü üzərində səhabələrin, tabiinin və onlara tabe olanların icmasını nəql etmişdir. İbnul-Xatib bu barədə bir kitab yazdıqda – və o, özü iman haqqında Cəhm və əs-Salihi’nin görüşündədir - əş-Şafi’nin görüşü ona müşkül oldu və bunu ziddiyətli saydı.[4]

İbn Hacər əl-Heytəmi daha sonra başqa bir əşari aliminin sözlərini nəql edərək deyir: “İbnut-Tilmisəni cavab verməyə çalışaraq demişdir: “əş-Şafi’nin fasiqin imandan çıxmasına hökm etmədiyi güman olunur, lakin imandan çıxmaq barədə hökmün olmaması imandan çıxmaması hökmünü tələb etməz. Əksinə onun (imandan) nə çıxmasına, nə də çıxmamasına hökm etməmiş olması mümkündür, amma onun “imanın üç şeyin bir arada birləşməsindən ibarət olduğunu” söyləməsi (fasiqin imandan) çıxması hökmünü tələb edir, lakin bu, aşkar bir məna olaraq deyil, sadəcə olaraq məzmundan anlaşılır. Mötəzilə isə öz əsli inanclarına bağlı qalıblar, çünki onlara görə əməl imanın həqiqətinə daxil olduğu üçün fasiqin nə mömin, nə də kafir olmadığını dedilər.” Bu sözləri ilə İbnut-Tilmisəni fiqhdə öz imamları sayılan İmam əş-Şafi’nin sözündəki “problemi” həll etməyə çalışmışdır. Onlara görə əməlləri imanın həqiqətinə daxil edənlər mötəzilə olduğu halda İmam əş-Şafi necə əməli imanın həqiqətinə daxil edə bilər. İbnut-Tilmisəni’nin tapdığı həll budur ki, əş-Şafi fasiqin imandan nə çıxdığına, nə də çıxmadığına hökm etməmişdir, halbuki mötəzilə imandan çıxdığına hökm ediblər. Lakin Bədrud-Din əz-Zərkəşi onun izahının problemi həll etmədiyini söylərək deyir: “Belə bir problemli yerdə bu cavab fayda vermir, ola bilsin ki, Allah bunun həllini (gələcəkdə) asanlaşdırsın.” Bütün bunları nəql etdikdən sonra İbn Hacər əl-Məkki deyir: “Allahu Təalə bunun həllini aşkar bir cavab ilə asanlaşdırmışdır və cavab budur ki, əş-Şafi – radiyallahu təalə anhu – deyir: “İman əməllərin artması ilə artır, azalması ilə azalır”. Beləliklə əgər kamil iman qəsd olunursa o zaman əməllər imanın müsəmmasına daxildir və əməllərin və ondan bəzilərinin yox olması ilə onun da (yəni imanın kamilliyinin də) aradan qalxması lazımdır. O zaman fasiq üçün bu baxımdan mömin olmadığını demək doğrudur. Amma əgər atəşdən qurtulmağa zəmanət verən, Allahu Təalənin “Qəlbində toxum ağırlığında iman olanı (atəşdən) çıxarın” sözündə işarə olunan iman qəsd olunursa o zaman əməllər bunun müsəmmasına daxil deyildir, çünki bu iman qəlbdə təsdiq və şərtini dildə tələffüz etməkdir; əməllərin yox olması ilə bu imanın aradan qalxması lazım olmur. Fasiqə onun cənnət əhlindən bir mömin olduğunu demək doğrudur. Buradan anlaşılır ki, müşkül müxalifətin bir növü və qeyri-müəyyənliyin çoxluğu üzərində qurulub və üstəlik İbnut-Tilmisəni’nin daha əvvəl zikri keçən sözlərinin oyatdığı təəssüratdan fərqli olaraq əş-Şafi – radiyallahu təalə anhu – iman digər növləri ilə birlikdə üç şeyin birlikdə məcmusunun ibarəsidir, yəni bununla qəlbin təsdiqini, dilin tələffüzünü və əzaların əməllərini qəsd edirəm və onun – radiyallahu təalə anhu – sözlərindən İbnut-Tilmisəni’nin zikr etdiyi mənanın nə aşkar sözlər ilə, nə də məzmun baxımından ortaya çıxması lazım olmur.[5] Bura qədər qeyd etdiklərimiz İbn Hacər’in “əl-İləm bi Qavati’il-İsləm” kitabında söylədiyi sözlər idi.

Əşari üləmasının əş-Şafi’nin sözlərində problem görməkləri onların bu məsələyə kəlam prizmasından baxmaqlarından irəli gəlir, halbuki, İmam əş-Şafinin sözlərində heç bir problem yoxdur, çünki əməlin imanın həqiqətinə daxil olması hər bir əməlin ayrılıqda imanın həqiqətinə daxil olması anlamına gəlmir, əks təqdirdə bu görüş xavariclərin və mötəzilənin görüşü ilə eyni olar. Lakin imanın həqiqətinə daxil olan əməlin cinsidir, yəni əməlin hər bir fərdi ayrı-ayrılıqda deyil, lakin əməl bir kateqoriya olaraq imanın həqiqətinə daxildir. Bu məzhəbi ən gözəl izah edən əlbəttə ki, Şeyxul-İslam İbn Teymiyyə və onun tələbəsi İbnul-Qayyim olmuşdur.

 

 

İmam Əbu Bəkr Abdullah bin əz-Zubeyr əl-Humeydi (... – 219)

 

əl-Xalləl "əs-Sünnə" kitabında  deyir: "Ubeydullah bin Hənbəl mənə xəbər verdi; dedi: atam Hənbəl bin İshaq bin Hənbəl mənə rəvayət etdi və dedi: "əl-Humeydi dedi: "Mənə bir qövmün belə dediklərini xəbər verdilər: "Kim namazı, zəkatı, orucu, həcci təsdiq edərsə, ölənə qədər bunlardan heç bir şeyə əməl etməzsə və ya ölənə qədər beli ilə söykənmiş, arxasını qibləyə tərəf çevirmiş halda namaz qılarsa, o, inkar etmədiyi müddətdə və bu fərzləri və qibləyə tərəf yönəlməyi təsdiq etdiyi müddətdə mömindir." Dedim: "Bu, Allaha qarşı açıq-aşkar küfrdür və Qurana, sünnətə və müsəlmanların əməlinə qarşıdır...." Hənbəl dedi: "Əbu Abdilləh (Əhməd bin Hənbəl) dedi: "Kim bunu deyərsə Allaha küfr etmişdir, Allahın əmrini və peyğəmbərinin gətirdiklərini rədd etmişdir."[6]

əl-Humeydi – rahmətullahi aleyh – belə bir etiqadı Qurana, sünnətə və müsəlmanların əməlinə müxalif saymışdır. Müsəlmanların əməli isə icmadır. Həmçinin buradan anlayırıq ki, İmam Əhməd ibn Hənbəl bu sözlərlə razılaşmışdır.

 

İmam Əbu Ubeyd əl-Qasim bin Səlləm əl-Bəğdədi (157 – 224)

 

Əbu Ubeyd deyir: “Allah iman üçün bu şərtlər üzərində əməl olmadan bir həqiqət tanımamışdır, kim (imanın) xüsusilə söz ilə olduğunu iddia edirsə onu heç bir əməli olmasa belə həqiqi mömin etmiş olur. Belə biri isə Allahın Kitabına və sünnətə qarşı inadkardır...Məgər görmürsən ki, Allah – təbərakə va təalə - onları sözlərini əməlləriylə təsdiq etmək yolu ilə imtahan etmiş, əməlsiz sadəcə sözdə iqrar ilə onlardan razı olmamış, hətta onların birini digərindən saymışdır?! Allahın kitabından, peyğəmbərin – salləllahu aleyhi va səlləm – sünnətindən, nümunə və imamlıq məqamına sahib olan, ondan (yəni peyğəmbərdən) sonrakı sələfin minhəcindən sonra nəyə tabe olunar ki?! Bizə görə sünnətin üzərində durduğu görüş, bizim bu kitabda nəql etdiyimiz kimi alimlərimizin bir mənalı olaraq bildirdikləri görüşdür ki, iman niyyət, söz və əməlin hamısı ilə birlikdə olur.[7]

 

 

İmam Əbu Bəkr Muhamməd bin əl-Hüseyn əl-Acurri (... – 360)

 

İmam əl-Acurri deyir: “Bilin ki, - Allah bizə və sizə rəhm etsin! – müsəlman alimlərinə görə iman bütün insanlara vacibdir və o, qəlb ilə təsdiq, dil ilə iqrar və əzalar ilə əməldir. Sonra bilin ki, tələffüz etmək yolu ilə dildə iman olmadan qəlbin marifəti və təsdiqi keçərli deyildir və əzalar ilə əməl olmadıqca qəlbin marifəti və dilin tələffüzü keçərli deyildir, beləliklə əgər bu üç xislət tamamlanarsa mömin olar. Buna Quran, sünnət və alimlərin sözləri dəlalət edir.” Daha sonra deyir: “Əzalar ilə əməllər – Allah sizə rəhm etsin! – qəlbin və dilin imanını təsdiq edir və kim təharət, namaz, zəkat, oruc, həcc, cihad və bunun bənzəri olan əməllər ilə imanını təsdiq etmirsə və sadəcə marifət və dildə deməklə özündən razıdırsa mömin sayılmır, marifət və dildə demək ona fayda vermir. Əməlləri təkr etməsi öz imanını təkzib etməsidir və bizim bu zikr etdiklərimizə əsasən əməl öz imanını təsdiq etmək olur.[8]

Bir başqa yerdə deyir: “Əksinə - və bütün həmdlər Allaha aiddir - biz Kitab, sünnət, adlarının qəribsənilmədiyi müsəlman alimlərinə - onları daha əvvəl zikr etdik - müvafiq bir görüş bildiririk ki, iman təsdiq və yəqin ilə qəlbdə marifət, dil ilə söyləmək və əzalar ilə əməl etməkdir. Yalnız bu üçü ilə mömin ola bilər. Bunlardan biri o biri olmadan keçərli deyildir. Buna görə Allaha həmd olsun![9]

 

 

İmam Əbu Talib Muhamməd bin Əli bin Atiyyə əl-Məkki (... – 386)

 

Əbu Talib əl-Məkki deyir: “Bu məsələ müşküldür, şərhə və təfsilə ehtiyacı vardır. İslamın iman ilə əlaqəsinin misalı iki şəhadət kəliməsinin bir-biri ilə mənada və hökmdə əlaqəsinin misalı kimidir. Peyğəmbərə şahidlik etmək  tövhidə şahidlik etmək  deyildir.[10] Bunlar özlüyündə iki şeydir və bu ikisindən biri digəri ilə mənada və hökmdə bir vahid kimi bağlıdır. Həmçinin iman və islam bir-birinə bağlıdır, bu ikisi bir şey kimidir. İslamı olmayanın imanı yoxdur, imanı olmayanın da islamı yoxdur, belə ki, müsəlman islamının onunla səhih olduğu imandan xali deyildir və müsəlmanın imanının haqq olması üçün islamının olması lazımdır; o baxımdan ki, Allah - subhənəhu va təalə - saleh əməllər üçün imanı şərt görmüşdür və iman üçün saleh əməlləri şərt görmüşdür və bunun təhqiqində demişdir: “Kim mömin olaraq yaxşı işlər görərsə onun zəhməti danılmayacaq.”[11] İmanın əməl ilə təhqiqi barəsində isə dedi: “Kim yaxşı əməllər etmiş bir mömin kimi gələrsə onları ən yüksək dərəcələr gözləyir.”[12] Kimin zahiri islam əməlləridirsə, lakin bunlar əgər qeybə iman etmə bağlarına əsaslanmırsa o, sahibini dindən çıxaraq nifaq ilə münafiqdir və kim qeybə iman edirsə, lakin imanın əhkamları, islamın şəriəti ilə əməl etmirsə, tövhidin onunla birlikdə mövcud ola bilməyəcəyi bir küfr ilə kafirdir. Hər kim peyğəmbərin Allahdan – sunhənəhu – xəbər verdiyi qeybə iman gətirər və iman etdiklərinə əməl edərsə o, mömindir, müsəlmandır. Əgər belə olmasaydı o zaman möminə müsəlman deməmək caiz olardı və həmçinin müsəlmana Allahu Təaləyə iman gətirmiş biri deməmək caiz olardı, halbuki qiblə əhli icma edib ki, hər mömin müsəlmandır və hər müsəlman da Allahu Təaləyə, Onun elçilərinə və kitablarına iman etmiş biridir.[13]

Daha sonra buyurur: "Həmçinin ümmət icma edib ki, əgər qul Cibrilin hədisində imanın vəsfində zikr etdiyi qəlb bağlarının hamısına iman edərsə və İslamın vəsfində zikr etdiklərinə əzaların əməlləri ilə əməl etməzsə mömin adlanmaz və İslamdan vəsf olunanların hamısına əməl edərsə, sonra imandan vəsf etdiklərinə etiqad etməzsə müsəlman olmaz."[14]

Bəziləri etiraz edə bilər ki, Əbu Talib əl-Məkki bu barədə necə ümmətin icmasını nəql edir? Axı ümmətin içindən mürciələr, əşarilər, maturudilər və digərləri fərqli düşünüblər. Belə bir şeydə necə ümmətin icmasını nəql edə bilər? Bəli, bəzi əşari alimləri Əbu Talib əl-Məkki’nin bu sözlərinə etiraz ediblər. əl-Ğazəli deyir: “İkinci dərəcə: Qəlbdə təsdiq və dildə şəhadət mövcuddur, lakin əzalarda əməllər yoxdur. Bunun hökmündə ixtilaf ediblər. Əbu Talib əl-Məkki dedi: “Əzalarla əməl imandandır və onsuz səhih olmaz” və bunda icma olduğunu iddia etdi və bunun üçün elə dəlillərdən istifadə etdi ki, öz məqsədini inkar edəcək məna ifadə edir...Çox təəccüblüdür ki, o, bu barədə icma iddia etmişdir. Bununla belə peyğəmbərin – salləllahu aleyhi va səlləm – “təsdiq etdiyini inkar etmədikcə kafir olmaz” sözünü nəql etmişdir və böyük günah səbəbilə əbədi cəhənnəmdə qalınacağını deyən mötəziləni də inkar etmişdir. Bu sözü deyən elə mötəzilənin məzhəbi ilə eyni görüşdədir...[15]

Yenə şahidi oluruq ki, əşari alimləri ilk dövr üləmanın bu məsələdəki məzhəbini doğru dəyərləndirməyiblər, onların görüşlərini mötəzilənin görüşü ilə eyniləşdiriblər. Əbu Talib bu məsələdə nəql etdiyi icma ilə səhabələr və onlardan sonra gələn tabiin nəslinin icmasını qəsd etmişdir. Şeyxul-İslam İbn Teymiyyə onun sözlərini nəql etdikdən sonra deyir: “Deyirəm: O, sanki bununla ilə səhabələrin və onlara tabe olanların icmasını və ya hökmlərdə mömin sayılmayacağını və bu hökmlərdən bəzilərini inkar etdiyi təqdirdə müsəlman olmayacağını və ya peyğəmbərin bunu xəbər verdiyini bildiyi halda təsdiq etmədiyini və ya bidət əhlinin ixtilafını ixtilaf saymamışdır, yoxsa Əbu Talib onların görüşlərindən xəbərdar idi və bu, - doğrusunu Allah bilir! – onun qəsdidir, çünki o, islam və imanın təfsilatı üçün “otuz üçüncü fəsil” adlı bir fəsil açmış və sünnət əhlinin məzhəbinə görə qəlbin müamilə bağlarını şərh etmişdir. Onun bu dedikləri bir çox alimin dediyindən daha gözəldir...[16] Daha sonra Şeyxul-İslam iki detalda Əbu Talibə etiraz etmişdir. Lakin Şeyxul-İslamın sözlərindən anlaşıldığı kimi o, Əbu Talibin icma iddiasından səhabə və onlara tabe olanların icmasını anlamış və bununla razılaşmışdır.

 

 

İmam Ubeydullah bin Muhamməd ibn Həmdən əl-Ukbəri (304 – 387)

 

İbn Battah adı ilə tanınmış bu böyük imam deyir: “İman və onun fərzi və onun qəlbin təsdiqi, dilin iqrarı, əzaların və hərəkətlərin əməli olmasının, bir qulun bu üç şey olmadan mömin olmamasının bəyanı: əş-Şeyx dedi: Bilin ki, – Allah sizə rəhm etsin! – Allah – cəllə sənəuhu va təqaddəsət əsməuhu – qəlbə Onu tanımasını, Onu, elçilərini, kitablarını və sünnətdə gələn hər bir şeyi təsdiq etməyi, dillərə isə bunu tələffüz etməyi və onları sözdə iqrar etməyi, bədənlərə və əzalara isə əmr etdiyi, fərz buyurduğu əməlləri etməyi fərz qılmışdır. Bunlardan heç biri digəri olmadan keçərli olmaz. Qul bunların hamısını bir arada toplamadıqca, hətta qəlbində iman etmədikcə, dilində iqrar etmədikcə və əzaları ilə səylə əməl etmədikcə mömin olmaz. Sonra həmçinin dediyi və etdiklərinin hamısında sünnətə müvafiq olmadıqca, bütün söz və əməllərində Kitaba və elmə tabe olmadıqca mömin olmaz. Bütün bu şərh etdiklərim Quranda nazil olmuş, sünnətdə bu cür keçmiş və ümmətin alimləri bunun üzərində icma etmişlər.[17]

Gördüyümüz kimi həmçinin İmam İbn Battah bu məsələdə alimlər arasında icma olduğunu nəql etmişdir. Bir kimsə etiraz edərək deyə bilər ki, İbn Battah burada sünnətə müvafiq olmağı da zikr etmişdir, məgər bu, işi daha da ağırlaşdırmırmı? Buna cavab olaraq deyirik ki, burada alimin məqsədi İslam şəriətində buyurulmuş əməllərə riayət etməkdir, çünki bir kimsə qəlbi ilə iman etsə, dili ilə iqrar etsə, əzaları ilə əməl etsə, lakin bütün bu əməllərində Qurana və sünnətə deyil də, nəsranilərin və yəhudilərin kitablarına əsasən əməl etsə yenə qəbul olunmaz. Əməllərində Kitab və sünnətdə əmr olunmuş əməllərə müvafiq olması da şərtdir. Buna görə də Şeyxul-İslam İbn Teymiyyə bu imamların sözlərini şərh edərkən deyir: “Sonra dedilər: “Söz və əməl yalnız niyyət ilə qəbul olunar.” Bu, aşkar məsələdir, çünki söz və əməl xalis olaraq Allah üçün edilmirsə Allahu Təalə onu qəbul etmir. Sonra dedilər: “Söz, əməl və niyyət yalnız sünnətə müvafiq olmaqla qəbul olunur.” Burada sünnət şəriət deməkdir və bu, Allahın və elçisinin – salləllahu aleyhi va səlləm - əmr etdikləridir, çünki söz, əməl və niyyət sünnətdə, şəriətdə olmazsa, Allahın əmr etdikləri arasında olmazsa bidət olar və hər bir bidət zəlalətdir, Allahın sevmədiklərindəndir, buna görə də Allah onu qəbul etmir. Buna misal müşriklərin və kitab əhlinin əməlləridir.[18]

 

 

Şeyxul-İslam Taqiyyud-Din Əhməd ibn Teymiyyə (661 – 728)

 

Şeyxul-İslam deyir: “Həmçinin iman əhlus-sunnət val-cəməata görə söz və əməldir, necə ki, buna Kitab və sünnət dəlalət etmiş və üzərində sələf icma etmişdir və bu, öz mövzusunda isbat olunmuşdur. Söz Allahın elçisini təsdiq etməkdir və əməl sözün təsdiqidir və əgər qul əməllərdən tamamilə azad olarsa mömin olmaz.[19]

Əziz müsəlman! Bu imamlar heç kəsə şəkk qoymayacaq şəkildə aydın sözlər işlədirlər və təqdim etdiyimiz bu kiçik araşdırma aciz bir qulun yoxsul biliklərindən ibarətdir. Bizim bilmədiyimiz, rast gəlmədiyimiz nəqllər qat-qat çoxdur. Lakin bu qədəri ağıl sahibləri üçün kifayət edər. Peyğəmbərimizə, onun ailəsinə və səhabələrinə salavat və salam olsun!

 


[1] ”Şərh Usul İtiqadi Əhlis-Sunnə val-Cəməa”, 3/956-957; Dar Taybə, dördüncü nəşr: 1416/1995, Riyad

[2] “Məcmu əl-Fətava”, 7/308

[3] “Muhassal Əfkər əl-Mutəqaddimin val-Mutəəxxirin minəl-Uləmə val-Hukəmə val-Mutəkəllimin”, səh: 239; Məktəbətul-Kulliyətil-Əzhariyyə, 1978, Qahirə

[4] “Məcmu əl-Fətava”, 7/511

[5] İbn Hacər əl-Məkki’nin bütün bu müzakirəsini “əl-İləm” kitabından oxumaq olar. Bu kitab Doktor Muhamməd bin Abdir-Rahmən əl-Xumeyyis’in hazırladığı “əl-Cami fi Əlfəzil-Kufr” adlı kitabın içində (Dar İyləf əd-Dəuliyyə, birinci nəşr: 1420/1999, Küveyt) ikinci kitab olaraq keçir. İbn Hacərin bu sözləri üçün 217 və 218-ci səhifələr bax!

[6] əl-Xalləl, “əs-Sunnə”, 3/586-587; Darur-Rayə, birinci nəşr: 1410/1989

[7] Əbu Ubeyd, “Kitəbul-İmən”, səh: 32-34; Məktəbətul-Məarif, birinci nəşr: 1421/2000, Riyad

[8] əl-Acurri, “əş-Şəriah”, 1/274; Muəssəsə Qurtubə, birinci nəşr: 1417/1996;

[9] əl-Acurri, “əş-Şəriah”, 1/311-312; Muəssəsə Qurtubə, birinci nəşr: 1417/1996;

[10] Yəni “Lə iləhə illəllah” bir şəhadətdir, “Muhammədun rasulullah” söyləmək isə bir başqa şəhadətdir. Bu, iki ayrı şəhadətdir ki, bir-birindən ayrıdırlar.

[11] əl-Ənbiyə, 94

[12] Taha, 75

[13] Əbu Talib, "Qutul-Qulub", 3/1288-1284; Darut-Turas, birinci nəşr: 1422/2011, Qahirə

[14] Əbu Talib, "Qutul-Qulub", 3/1287; Darut-Turas, birinci nəşr: 1422/2011, Qahirə

[15] əl-Ğazəli, “İhyə Ulumid-Din”, 2/206; Dar əş-Şab,

[16] “Məcmu əl-Fətəva”, 7/336

[17] “əl-İbənə an Şəriatil-Firqatin-Nəciyyə”,  2/760; Darur-Rayə, ikinci nəşr: 1994/1415, Riyad

[18] İbn Teymiyyə, “əl-İstiqamə”, 2/310; Vazəratut-Təlim əl-Ali, ikinci nəşr: 1411/1911, Riyad

[19] İbn Teymiyyə, “Şərhul-Umdə”, 2/86; Darul-Asimə, birinci nəşr: 1418/1997, Riyad

 

/strongfile:///C:UsersGudstrelDesktoptekfirIJMA%20AMAL.docx#_ftn9 əl-Acurri, “əş-Şəriah”, 1/274; Muəssəsə Qurtubə, birinci nəşr: 1417/1996;

Aktual Mövzular