Təbərrük məsələsinə bir baxış

İmam əş-Şatibi – rahiməhullah – təbərrük[1] haqqında deyir:

“ Üçüncüsü: Səhabədən gələn səhih rəvayətlərə görə sabit olmuşdur ki, onlar peyğəmbərin - salləllahu aleyhi va səlləm - əşyaları ilə təbərrük ediblər.
Buxaridə Əbi Cuheyfədən gələn rəvayətdə deyilir: 
“Gündüz vaxtı peyğəmbər - salləllahu aleyhi va səlləm - bizim yanımıza gəldi. Dəstəmaz almaq üçün ona su gətirildi və dəstəmaz aldı. İnsanlar onun dəstəmaz suyundan artıq qalan hissəsini alıb üstlərinə sürtürdülər...” (əl-hədis)[2] , eləcədə rəvayət olunur ki, “...sanki dəstəmaz suyu üçün öz aralarında çatışırdılar.”[3]

Misvərdən - radiyallahu anhu - rəvayət olunan Hüdeybiyyə hədisində deyilir: “Peyğəmbərin - salləllahu aleyhi va səlləm - ağzından çıxan şey mütləq səhabədən birinin əlinə düşərdi və o da onu bədəninə və üzünə sürərdi.”[4] Başqaları da onun saçı və paltarı və ya bu ikisindən başqası ilə təbərrük etmək barədə də hədislər[5] rəvayət ediblər. Hətta o, öz barmaqları ilə səhabələrdən birinin saçına toxunmuşdu və o səhabə həmin yeri ölənə qədər qırxmadı.[6] Onların bəziləri də bundan daha da irəli gedərək peyğəmbər - salləllahu aleyhi va səlləm - qan aldırdığı zaman onun qanını içmişdir.[7] Buna bənzər şeylər çoxdur. Bu növ şeylərin zahirindən görünür ki, vəliliyi və peyğəmbərin - salləllahu aleyhi va səlləm - sünnətinə tabeçiliyi sabit olan kəslər haqqında da eyni şey məşrudur (yəni onlarla da təbərrük etmək bu dəlillərə görə ilk baxışda caiz görünə bilər), yəni dəstəmaz suyundan təbərrük etmək olar, ağız suyu ilə sürtmək olar və yaxud da onun əşyaları ilə şəfa tapmaq olar. Eyni şeyləri əslə (yəni peyğəmbərə) - salləllahu aleyhi va səlləm - tabe olanların da əsərləri ilə etmək olar.

Lakin biz görürük ki, bu məsələdə ifadəsi qəti olan, fəqət tətbiqində problem olan bir əsl ilə ziddiyətə düşürük. Bu isə budur ki, peyğəmbərin - salləllahu aleyhi va səlləm - vəfatından sonra səhabədən heç birindən, özündən sonra gələnlər üçün belə bir şey etdiyi görülməmişdir. Çünki peyğəmbər - salləllahu aleyhi va səlləm - ümmət içində Əbu Bəkr əs-Siddiqdən - radiyallahu anhu - daha fəzilətli birini tərk etməmişdir. O, peyğəmbərin - aleyhis sələm - xəlifəsi idi. (Peyğəmbərə edildiyi kimi) ona belə bir şey edilməmişdi, nə də Ömərə - Allah hər ikisindən də razı olsun - (belə bir şey edilməmişdi). O isə Əbu Bəkrdən sonra ümmətin ən fəzilətlisi olmuşdur. Eynilə ondan sonra Osman və ondan sonra da Əli və daha sonra isə ümmətdən heç birinin onlardan fəzilətli olmadığı digər səhabələrin heç birinə belə bir şey edilməmişdi. Onlardan heç biri üçün bunlardan hər hansı bir vəchdə və yaxud buna bənzər şəkildə təbərrük edilməsi səhih və məşhur şəkildə sabit olmamışdır. Əksinə onların əməllərinə və sözlərinə və peyğəmbərə - salləllahu aleyhi va səlləm – tabeçilikdə izlədikləri yola tabe olmaqla kifayətləniblər. Bu isə bu əşyaları tərk etmək barəsində onların göstərdikləri bir icmadır.

O zaman səhabələrin bunları tərk etməklərinin səbəbinə baxaq. Burda iki ehtimal vardır:
Birinci (ehtimal): Onlar təbərrükün peyğəmbərə xas olduğuna etiqad edirdilər. Bu şeylər peyğəmbərlik mərtəbəsində ola bilər. Çünki istənilən xeyir və bərəkətin peyğəmbərdə - aleyhis-sələm - olduğu məlumdur. Çünki peyğəmbərin tamamı, zahiri də, batini də nurdur. Kim onda nur axtararsa, dilədiyi şəkildə nuru tapa bilər. Lakin bundan fərqli olaraq digərləri –hətta Allahın istəyi ilə peyğəmbəri rəhbər edinmək və onun hidayəti ilə hidayətlənmək nuru onlarda hasil olsa da - peyğəmbər kimi deyildir. Heç bir halda onun dərəcəsinə çatıb onun mərtəbəsinə yetişə bilməzlər. Heç yaxınına belə düşə bilməzlər. Aydın olur ki, bu növ şeylər ona məxsusdur. Necəki dörd qadından çoxu ilə evlənmək, özünü ona hibə edən qadının ona halal olması[8] və zövcələri haqqında adil davranmanın ona vacib olmaması[9] peyğəmbərə - salləllahu aleyhi va səlləm - məxsusdur. Ondan sonra başqaları haqqında bu şəkillərdən biri ilə və ya buna yaxın şəkildə təbərrük barəsində peyğəmbəri dəlil gətirmək səhih deyildir. Kim onu bu məsələdə özünə rəhbər edərsə, onun bu tabeçiliyi bir bidətdir, necəki dörd qadından çoxu ilə evlənməkdə peyğəmbərə tabe olmaq da bidətdir.

İkinci (ehtimal): Səhabə təbərrükün peyğəmbərə xas olduğuna etiqad etmirdilər, lakin onlar bunun bir sünnət, alışqanlıq halına gəlməsindən qorxaraq ora aparan yolları bağlamaq məqsədi ilə tərk etmişlər –necəki bunu əvvəldə zikr etmişdik- və bunu etməyi nəhy etdilər. Və yaxud da (bunu tərk etməklərinin səbəbi) bu idi ki, adi insanlar müəyyən bir çərçivədə durmazlar, əksinə təcavüz edərək həddi aşarlar və cahillikləri səbəbi ilə təbərrük işində ifrata vararlar. Hətta təbərrük etdiyi şeyi də bura daxil edərək təzim edər və bununla həddi aşarlar. Bəlkə də təbərrük etdiyi şeydə olmayan şeylərə də etiqad bəsləyər. Belə bir təbərrük isə ibadətin əslidir. Məhz buna görə də Ömər - radiyallahu anhu - altında peyğəmbərə - salləllahu aleyhi va səlləm - beyət edilmiş ağacı kəsdirmişdir. Siyər alimlərinin zikr etdiyi kimi bu cür təbərrük bütlərə ibadətin əslini təşkil edir. Ömər - radiyallahu anh - bu ağacın altında namaz qılınmağa davam edildiyi təqdirdə bu ağaca Allah yerinə ibadət edilməsindən qorxmuşdur. Necəki təzimdə həddi aşmağın nəticəsi belə olur.
Tabarinin “Tarix” kitabına zeyl yazan əl-Fərğani[10] , Həllac[11] haqqında rəvayət edir ki, onun dostları onunla təbərrük etməkdə həddi o qədər aşdılar ki, sonunda onun sidiyini üstlərinə sürtdülər və nəcisinin buxarını qoxuladılar. Hətta onun ilah olduğunu da iddia etdilər. Allahu Təalə onların söylədiklərindən uca və böyükdür!

Vəliliyin bəzi zahiri əlamətləri üzdə görünsədə, əsl mahiyyəti gizlidir. Vəliliyin mahiyyəti həqiqətdə onun batinindədir və bunu Allahdan başqa heç kəs bilməz. Bəzən də vəli olmayan kəsin övliyadan olduğu iddia edilmişdir, və ya özü özünün vəli olduğunu iddia etmişdir. Və yaxud da vəli olduğu zənn edilən kəs fövqəladə şeylər etmişdir. Lakin bu sehr, göz bağlamaq növlərindəndir, kəramət növündən deyildir və yaxud da xüsusi bir şeydir və ya tam başqa bir şeydir. İnsanların çoxu isə sehr ilə kəramətin arasındakı fərqi bilməzlər və nəticədə təzimə layiq olmayan şeyə təzim edərlər, əslində bir nümunə olmayan bir şeyi özlərinə nümunə götürərlər – bu isə böyük bir zəlalətdir- və bir çox digər fəsadlara düşərlər.
Səhabələr yuxarıda göstərilən əməli – hər nə qədər də bir əslə dayansada – dində fəsada səbəb olması qorxusu ilə tərk etmişlər.

İlk baxışda ikinci ehtimalın daha üstün ehtimal olduğu görünə bilər, çünki üsul elmində sabit olmuşdur ki, peyğəmbərin - salləllahu aleyhi va səlləm - etdiyi bütün qürbət (Allaha yaxınlaşdırıcı) əməlləri peyğəmbərə xas bir əməl olmasına dair dəlil olmadığı təqdirdə bütün ümmət üçün bir nümunədir. 
Lakin bunu da qeyd etmək lazımdır ki, birinci ehtimal şəkli də başqa bir üstündür. Çünki səhabələrin hamısı bu əməli tərk etmişdir. Əgər onlar bu əməlin məşru olduğuna etiqad etsəydilər, heç olmazsa onlardan bəziləri buna əməl edərdilər, yaxud da əsldəki məşruluğa uyğun olaraq və yaxud da bunu etməkdən çəkindirən səbəbin olmaması etiqadına əsasən bəzi hallarda buna əməl edərdilər.

İbn Vəhb “əl-Cami” adlı əsərində Yunus ibn Yezidin İbn Şihabdan etdiyi bu rəvayəti qeyd etmişdir:
“Mənə ənsardan bir adam rəvayət etdi ki, Allahın Elçisi - salləllahu aleyhi va səlləm - dəstəmaz aldığı və ya ağzını və burnunu təmizlədiyi zaman, ətrafında olan müsəlmanlar dərhal onun dəstəmaz suyundan və ya artığından içər və onu bədənlərinə sürtərdilər. Onların bu davranışlarını gördükdə isə (peyğəmbər) onlardan soruşdu: “Bunu nə üçün edirsiniz?” Dedilər: “Bununla təmizliyi və bərəkəti diləyirik”. Allahın Elçisi - salləllahu aleyhi va səlləm - buyurdu: “Sizdən kim Allah və rasulu tərəfindən sevilməyi diləyərsə, sözü söylədiyi zaman doğru söyləsin, əmanəti versin və qonşusuna əziyət etməsin.”[12] Əgər bu nəql səhihdirsə göstərir ki, təbərrükü tərk etmək, daha vacib olanları axtarmaq və mükəlləfin vəzifələri içində ən uyğun olanı etmək daha xeyirlidir. İnsanın yalnız özü üçün xas olaraq bir şey etməsi lazım deyildir. Bütün bu qeyd olunanlardan yalnız belə bir nəticə ortaya çıxır ki, bəzi növ əfsunlar üçün oxumaq və buna aid olan məsələlər və bir kəsin başqası üçün dua etməsi kimi məsələlər sabit olmuşdur. Allahın köməyi ilə bunlar irəlidə gələcəkdir.
Aydın oldu ki, məsələlərin əsli iki hal arasındadır və bunlardan biri məşru olmasıdır. Fəqət bu mütəşabih hökmündədir. Ən doğrusunu isə Allah bilir!"

 

Əbu İshaq İbrahim bin Musa əl-Ləxmi əş-Şatibi

” əl-İtisam” 2/284-293; Məktəbətut-Təvhid

 

 


[1] Təbərrük, bir şeydən bərəkət istəmək və ummaqdır. Yəni, insan bir Allahın bir şeyə bərəkət verdiyinə etiqad edərək həmin şeyə bərəkət üçün toxunmaq, yanında etikaf etmək təbərrükün növləridir. Peyğəmbərlərin və salehlərin əsərlərindən bərəkət almaq məqsədi ilə istifadə etmək, onları saxlamaq bura daxildir.

[2] Buxari, “Kitəb əl-Vudu” (rəq: 187), “Kitəb əs-Salət” ( bab əs-salət fi saub əl-ahmar, rəq: 376, bab əs-sutra biməkkə va ğayrihə, rəq: 501) “Kitəb əl-Mənaqib” ( rəq: 3553, 3566), “Kitəb əl-Libəs” (rəq: 5859). “Fəthul-Bari”, (rəq: 187, 501, 3553, 3566). Nəsai, (503)

[3] Buxari, “Kitəb əl-Vudu” (rəq: 189), Misvər və Mahmud bin ər-Rabidən, radiyallahu anhumə, rəvayət edilən hədis.

[4] Hədisi Buxari rəvayət edir, “Kitəb əş-Şurut”, (rəq: 2731, 2732), “Fəthul-Bari” əsərində də eyni nömrələrdədir. “Siyəru İbn Hişam”, 3/361-362, Darul-Hidayə, Misir.

[5] Muslim Ənəsdən rəvayət etmişdir, “Kitəb əl-Fədail”, (2324, 2325),

[6] Tabarani, “əl-Kəbir”(17/84), Beyhəqi, “əd-Dəlail”, (6/215-216), bunu eləcədə əl-Bəğavi, İbn Məndə və Əbu Nueym “əl-Marifə”də (4/997, 2029-2030, rəq: 5016, 5101) rəvayət ediblər. Sənədində məchul ravi vardır. (bax: “əl-İsabə”, (2/527). Buna bənzər başqa rəvayət isə Malik ibn Umeyr əş-Şairdən “Mucəm əs-Sahabə” (13/4669, rəq: 1767) kitabında varid olmuşdur. Eləcədə əl-Bəğavi, əl-Həsən ibn Sufyan , Tabarani və Əbu Nueym bunu “əl-Marifət əs-Sahabə” (5/2476, rəq: 6029) əsərində rəvayət ediblər. Sənədi zəifdir.
Lakin digər rəvayətlərə görə isə bu hadisə Əbi Məhzuraya baş vermişdir. bax: Əhməd, (3/408-409), Əbu Davud, (500), İbn Macə, (708), Nəsai, (2/7), Daraqutni, (1/234-235), əl-Beyhəqi, (1/393-394)

[7] Əl-Bəzzar, “Müsnəd” (3/145, rəq: 2436...), əl-Hakim, “Müstədrək” (3/554), Tabarani, “ət-Təlxis əl-Hubeyr”, (1/30), Əbu Nueym, “əl-Hilyə”, (1/329-330), Beyhəqi “əl-Kubra” (7/67), Musa ibn İsmaildən, o da Huneyd ibn əl-Qasimdən, o isə Amir ibn Abdullah ibn Zubeyrdən, o isə atasından rəvayət etmişdir. Bəzzar deyir: “İbn Zubeyrdən başqa şəkildə də rəvayət olunmuşdur.” Bax: Daraqutni, “əs-Sünən”, (1/228), Əbi Nueym, “əl-Hilyə” (1/330), məzkur rəvayət yolunda isə Huneyd – və ya Cuneyd – ibn əl-Qasim vardır, onda bir bəis yoxdur, lakin İbn Hacərin də “ət-Təlxis”də (1/30) dediyi kimi elmdə məşhur olmamışdır. əl-Heysəmi isə “əl-Mucmə” də (8/270) deyir: “Bunu Tabarani və Bəzzar müxtəsər rəvayət etmişdir. Bəzzarın rəvayət etdiyi hədisin raviləri “Səhih”in raviləridir, Cuneyd ibn əl-Qasimdən başqa, o isə siqadır.” Suyuti isə “Mənahil əs-Suffə”də (rəq: 72) sənədinin ceyyid olduğunu deyir.

[8] “Ey Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə bəxş etdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, habelə Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. Sonuncu digər möminlərə deyil, yalnız sənə məxsusdur. Onlara zövcələri və sahib olduqları cariyələr barəsində nəyi vacib buyurduğumuzu bilirik. Belə etdik ki, sənə bir çətinlik olmasın. Allah Bağışlayandır, Rəhmlidir.” (Əhzab, 50)

[9] Bu sabit deyildir, ”əl-İtisam” kitabının təhqiqini etmiş Şeyx Məşhur ibn Həsən Al Salman qeyddə racih olan görüşə görə bunun peyğəmbərə də vacib olduğunu qeyd edir və bunun üçün bir çox hədisin dəlil olduğunu zikr edir. Bunlardan biri də peyğəmbərin, salləllahu aleyhi va səlləm, ölümündən əvvəl digər zövcələrindən Aişənin, radiyallahu anhə, yanında qalmaq üçün izn alması barədə varid olmuş səhih hadisdir. Bax: “əl-İtisam”, (2/288) İbn Hacər “əl-Fəth” (9/389) əsərində hədisləri zikr etdikdən sonra bunun peyğəmbərə də vacib olduğunu deyir. İmam Nəvəvi isə deyir: “Bu bizim əshabın əksərinin rəyidir” (Şərhu Sahih Muslim, 8/104) Eləcədə bax: Bəğavi, “Şərh əs-Sunnə”, 9/101, İbnul-Qayyim, “Zadul-Məad” 1/101.

[10] Dövlət xadimi və alim bir şəxs olub, adı Abdullah bin Əhməd bin Cəfər ət-Turki, kunyəsi isə Əbu Muhamməddir. Hicri 362-ci ildə vəfat etmişdir.

[11] Həllac bin Mənsur, əsl adı Həsən bin Mənsur bin Məhmi əl-Farisidir. Kunyəsi Əbu Abdullahdır. Babası Məhmi məcusi olmuşdur. Şeyx Tustəri ilə və Bağdatda öz dövrünün məşhur mutasavvud əhli olan Cuneyd və Nuri ilə dostluq etmişdir. Hindistana getmiş və orda sehr öyrənmişdir. Zındıq əhlindən olmuşdur, hululiyyə etiqadına sahib olmuşdur və bir çox insanından sapmasına səbəb olmuşdur.

[12] Abdurrazzaq, “Musənnəf” (11/7, rəq: 19748), Mamər bunu Zuhridən, o isə ənsardan bir nəfərdən rəvayət etmişdir. Kitabın təhqiqini edən deyir: “Ənsardan olan şəxs səhabidirsə, hədisin sənədi səhihdir, əgər səhabə deyilsə mürsəl olur. Lakin hədis eləcədə digər şahidlər ilə də səhih olur. “ Ənəsdən rəvayət olunan və “Fəvaid” əsərində (cild: 18/rəq: 73) keçən hədis çox zəifdir, çünki sənədindəki Amr bin Bəkr əs-Səksəki mətrukdur. Bunu Şeyx Albani “əs-Silsilə əs-Sahihə” əsərində (2998) qeyd edir və əlavə edir: “Lakin hədis çox tərəfdən digər vəchlərdə rəvayət olunmuşdur, bunların cəmi hədisin sabit əslinin olduğuna dəlalət edir.” Daha sonra İbn Vəhbdəki hədisi zikr edir və sonra isə digərlərini qeyd edir. İbn Əbi Asim, “əl-Əhəd val-Məsani” (3/81, rəq: 1397) və İbn Əsir yolu ilə “Əsəd əl-Ğayə” (6/253), Tabarani, “əl-Əvsat” (6517), İbn Mənda yolu ilə “əl-Marifə”də (2/rəq:21), Rəvayətlərin zəif olmasına baxmayaraq bunlar hədisi həsən dərəcəsinə qədər qaldırır.

 

Aktual Mövzular