Hənbəli məzhəbi və ölüdən kömək diləmək

  • Şirk nədir?

Alimlərin şirkin tərifi barədə dedikləri sözlər çoxdur. Məşhur dilçi əl-Əzhari əş-Şafi deyir: “Şirk, Allaha Onun rububiyyətində (rəbliyində) şərik qoşmaqdır.[1] Digər dilçi alim ər-Rağib əl-İsfəhani – rahiməhullah – deyir: “Ən böyük şirk Allahu Təalənin bir şərikinin olduğunu isbat etməkdir, necəki deyirlər: “Fılankəs Allaha şərik qoşdu” və bu, ən böyük küfrdür.[2] Alləmə İmam əs-Səmani – rahiməhullah – şirkin tərifini belə verir: “İşrak (şərik qoşma) iki şeyi bir mənada birləşdirməkdir və Allahu Təaləyə şərik qoşmaq Allah ilə Ondan başqasını yalnız Allah üçün mümkün ola biləcək bir şeydə birləşdirməkdir.[3] Şirkə verilmiş təriflərin fərqli olması hər bir alimin şirkin müxtəlif yönlərini izah etməklə əlaqədardır. Məlumdur ki, şirkin lüğəvi mənası Allaha şərik qoşmaqdır. Bura Allaha xas sifətlərdə bir məxluqu şərik etmək də daxildir. Bu, həm etiqadla, həm də ibadətlə olur.

 


  • Hənbəli alimləri və ölüdən kömək diləmək

Bu məsələ ən əhəmiyyətli məsələlərdən biridir, çünki dindən cahil olan kütlə müəyyən səbəblərdən tövhidin təmiz şəklini tərk edib özlərinin uydurduğu dinə əsasən yeni ibadət şəkillərinə yönəlirlər. İnsanların çoxu Allahdan başqasına ibadət etdiklərini etiraf etmirlər. Lakin əməlləri onların sözlərini inkar edər.

Biz bu yazımızda məsələni qısa və dar çərçivədə almağı düşünürük. Ölüdən bacarmadığı bir işdə kömək diləməyin hökmü nədir? Məsələ ilə bağlı hənbəli alimlərinin sözlərini qeyd etməklə işin hökmünü bəyan etmək istəyirik. Tövfiq Allahdandır!

Şəmsud-Din İbn Muflih əl-Hənbəli (vəf. 762) – rahiməhullah – İmam Əbul-Vafə İbn Aqil əl-Hənbəli’nin (vəf. 513) “əl-Funun” kitabındakı sözlərini nəql edərək deyir:

əl-Funun kitabında isə deyilir: “Qəbirlərə ətir vurmaq, onları bəzəmək, onları öpmək, onların ətrafında tavaf etmək və onlarla Allaha təvəssül etmək olmaz.” Dedi: “Onlara bu yetməzmiş kimi üstəlik (təvəssül edərkən qəbir sahibinə) “səninlə Allah arasındakı sirr xatirinə” deyirlər. Axı Allaha aid hansı bir şey Allah ilə Onun məxluqları arasında sirr adlana bilər?!” Dedi: “(Qəbirlərdə) şam yandırmaq, “ud” yandırıb buxara vermək, qapıları böyük tikililər tikmək məkruhdur. Onlar bunu “məşhəd” adlandırırlar. Türbədən xəstəlikləri üçün şəfa istəyirlər, türbə üçün kağız parçalarına yazı yazıb onları deşiklərdən içəri salırlar; biri deyir: “Dəvələrimi qotur basıb.” Bir başqası isə deyir: “Torpağım quruyub.” Sanki diri bir insana xitab edirlər və bir ilaha dua edirlər.[4]

İbn Aqil’in “sanki diri bir insana xitab edirlər” sözlərindən anlaşılır ki, dirilərdən istənilə biləcək şeylər ölülərdən istənməz və onun “bir ilaha dua edirlər” sözlərindən də anlaşılır ki, onların bu cür ölüdən tələb etməklərə onu ilah məqamına qaldırmaqlarıdır. İbn Aqil’in məşhur tələbəsi Alləmə Əbul-Fərəc Abdur-Rahmən bin Əli bin əl-Cəvzi (vəf. 597) “Təlbisul-İblis” kitabında açdığı mövzu ilə əlaqədar olaraq İbn Aqil’dən aşağıdakı sözləri nəql edir:

Cahillər və rəzil insanlar üçün ibadətlər ağırlıq etdikdə şəriətin təyin etdiyi ibadət formalarını tərk edərək özləri üçün uydurduqları ibadət şəkillərinə təzim etməyə üz tutdular. Onlar üçün bu asan oldu, çünki bunlarla başqasının əmri altına girmirdilər.

Dedi: Mənə görə onlar bu ibadət şəkillərinə görə kafirdir. Şam yandırmaq, öpmək kimi şəriyyətin qadağan etdiyi əməllərlə qəbirlərə təzim etmək, onlara ikram etmək, tərkibində - “Ey mövlam! Mənim üçün bunu və bunu et!” – sözləri yazılmış lövhələr və kiçik kağızlarla ölülərə xitab etmək, təbərrük üçün (qəbrin) torpağını götürmək, qəbirlərə bol-bol ətirlər tökmək, qəbirlərə uzaq səfər etmək, ağaclara parçalar bağlamaq buna misaldır. Bunda Lat və Uzza’ya ibadət edənlərin nümunəsini izləyirlər.[5]

İbn Aqildən sonra gələn hənbəli alimlərindən İbn Teymiyyə - rahiməhullah – bu cür şirkə qarşı xüsusi mübarizə aparmışdır. Onun kitablarında bu məsələ ilə bağlı sözləri boldur. Şeyx Taqiyyud-Din İbn Teymiyyə (661 – 728) – rahiməhullah - deyir:

Mürtəd, Allahu Təalaya şərik qoşan, peyğəmbərinə - salləllahu aleyhi va səlləm – və onun gətirdiyinə nifrət edən və ya qəlbi ilə münkəri inkar etməyi tərk edən və ya səhabədən ya da tabiindən ya da onlara tabe olanlardan bir kimsənin kafirlərlə birlikdə vuruşduğunu güman edən və ya bunu caiz görən, yaxud da üzərində qəti icma hasil olmuş bir şeyi inkar edən və ya Allah ilə özü arasında vasitələr tutaraq onlara təvəkkül edən, onlara dua edən və onlardan istəyən...kəsdir.[6]

İbn Teymiyyə’nin bu sözləri xüsusilə diqqətə layiqdir, çünki məhz bu sözlər daha sonra gəlmiş və məzhəbin ən əsas kitablarını ortaya qoymuş hənbəli alimləri tərəfindən nəql olunmuşdur. Alimlərin bu sözləri kitablarında mürtəd babında qeyd etmələrinə daha aşağıda nümunələr veriləcəkdir.

Digər hənbəli imamı əl-Hafiz Muhamməd bin Əhməd bin Abdil-Hadi əl-Hənbəli (vəf. 744) – rahiməhullah – deyir:

Əgər bir insan ölünün yatağına gələrək ona Allahdan başqası olaraq dua edərsə və ondan kömək istəyərsə, bu, müsəlmanların icması ilə haram buyurulmuş şirk olar.[7]

Yenə kitabının sonunda deyir:

Onun “(peyğəmbəri) təzim etməkdə mübaliğə etmək vacibdir” sözləri; bununla hər bir kəsin təzim olaraq saydığı işlər miqdarında mübaliğə etməsini, hətta qəbrinə həcc etməyi, qəbrinə səcdə etməyi, onu tavaf etməyi, onun qeybi bildiyinə, onun verib ala biləcəyinə, Allahdan başqası olaraq onda kömək diləyənlərə zərər və fayda vermək qabiliyyətinə malik olduğuna, onun diləyənlərin ehtiyaclarını ödəməsinə, hüznlü kəslərin kədərlərinə əlac etməsinə, dilədiyi kəsə şəfaət etməsinə, dilədiyi kəsi cənnətə daxil etməsinə etiqad etməyi qəsd edirmi?! Bu növ təzimdə mübaliğə etməyin vacib olduğunu iddia etmək şirkdə və dindən tamamilə sıyrılıb qopmaqda bir mübaliğədir.[8]

Şəmsud-Din Muhamməd bin Muflih (708 – 762) – rahiməhullah – “əl-Furu” kitabında mürtəd babında Şeyx Əhməd İbn Teymiyyə’nin sözlərinə də yer verir:

Dedi: ya da Allahla özü arasında vasitələr tutaraq onlara təvəkkül edər, onlara dua edər və onlardan istəyərsə; bunda icma vardır. Alimlərdən bir qrup dedi: ya da günəşə və aya səcdə edərsə.[9]

İbn Muflih – rahiməhullah – “Dedi” sözlərindən sonra İbn Teymiyyənin sözlərini nəql etmiş və nəqlin sonunda “ع” hərfi qoymuşdur və kitabının müqəddiməsində izah etdiyi kimi bu hərf ilə məsələdə icma olduğuna işarə edir. Biz də bunu bu şəkildə tərcümə etdik.

Alləmə Əbul-Fərəc İbn Racəb əl-Hənbəli (736-795) deyir:

İnsanın “lə iləhə illəllah” sözünü reallaşdırması qəlbin Allahdan başqasını sevgi, rica, qorxu, təvəkkül, kömək diləmə, təvazö göstərmə, peşmanlıq duyma və tələb etmə baxımından ilah etməməsidir...Bunun mənasının həqiqəti və izahı budur ki, qulun “lə iləhə illəllah” söyləməsi onun Allahdan başqa bir ilahının olmamasını tələb edir. İlah isə itaət olunandır, ona qarşı duyulan heybət, hörmət, sevgi, qorxu, ona arxalanma, ondan istəmə və ona dua etmə səbəbi ilə ona asi olunmayandır. Bunların hamısı yalnız Allah – Azzə və Cəllə - haqqında keçərlidir. Kim ilahi xüsusiyyətlər olan bu işlərdən birində Allaha hər hansı bir məxluqu şərik qoşarsa, bu, onun “lə iləhə illəllah” sözündəki ixlasına xələl gətirir və tövhidindəki naqisliyi göstərir. Bunun (yəni, bu şirkin) miqadı qədər onda məxluqa ibadət etmə vardır.[10]

Şeyx Aləud-Din Əbul-Həsən əl-Mərdavi (817-885) deyir:

Fayda: Şeyx Taqiyyud-Din – rahiməhullah – dedi: “Özü ilə Allah arasında vasitələr tutub onlara təvəkkül edərsə, onlara dua edər və onlardan istəyərsə hökm eyni olacaqdır (yəni mürtəd olacaqdır) ; icma ilə.” Əshabımızdan bir qrup isə dedi: “Günəşə və ya aya səcdə edərsə.[11]

Dəməşqin qazisi hənbəli alimi Alləmə Əbun-Nəcə Şərəfud-Din Musa əl-Həccəvi əl-Məqdisi (vəf. 968) – rahiməhullah – “əl-İqna” adlı məşhur kitabında deyir:

əş-Şeyx dedi: yaxud da Allahın Elçisinə və ya gətirdiklərinə nifrət edərsə; ittifaq ilə; dedi: yaxud da özü ilə Allah arasında vasitələr tutaraq onlara təvəkkül edər, onlara dua edər və onlardan istəyərsə; icma ilə. Sitatın sonu.[12]

Şeyx Mari bin Yusuf əl-Kərmi əl-Maqdisi (vəf. 1033) – rahiməhullah – deyir:

Ya da özü ilə Allah arasında vasitələr tutub onlara təvəkkül edər, onlara dua edər və onlardan istəyərsə icma ilə küfr etmiş olar. Bunu əş-Şeyx demişdir.[13]

Şeyx Alləmə əl-Mənsur bin Yunus əl-Buhuti əl-Hənbəli (vəf. 1051) – rahiməhullah – “Kəşşəful-Qina anil-İqna” adlı kitabında əl-Həccəvi’nin “əl-İqna” əsərindəki sözlərinin şərhində deyir:

“[əş-Şeyx dedi: yaxud da Allahın Elçisinə və yaelçinin [gətirdiklərinə nifrət edərsə ittifaq ilə; dedi: yaxud da özü ilə Allah arasında vasitələr tutaraq onlara təvəkkül edər, onlara dua edər və onlardan istəyərsə icma ilə. Sitatın sonu.Yəni küfr edər, çünki bu, “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik” deyərək bütlərə ibadət edənlərin əməli kimidir. [Yaxud da bir bütə, günəşə və aya səcdə edərsə.] “əl-Muntəha” kitabındakı cümlə belədir: “bir səma cisminə” (səcdə edərsə) - bura sair səma cisimləri də daxildir – küfr edər, çünki bu şirk qoşmaqdır.[14]

Şeyx əl-Buhuti – rahiməhullah – İbn Teymiyyə’nin sözlərini həm də “İrşədu Ulin-Nuha li Dəqaiqil-Muntəha” kitabında[15] da gətirmişdir.

Şeyx Muhamməd bin Əhməd bin Səlim Səffərini əl-Hənbəli (1140 – 1188) deyir:

Deyirəm: Lakin qəbri ziyarət etməklə ölüdən ehtiyaclarını istəməyi qəsd edərsə, əql sahibi heç bir insan bunun iyrənc və haram əməl olmasında şəkk etməz. Çünki ehtiyaclar Xaliqə həvalə olunur, Allahdan başqa ehtiyacı heç kəs ödəməz. Kim bunda şəkk edərsə həddini aşmış və üsyan etmişdir.[16]

Şeyx Mustafa əs-Suyuti ər-Ruheybani (vəf. 1243) deyir:

[Ya da özü ilə Allah arasında vasitələr tutub onlara təvəkkül edərsə, onlara dua edər, onlardan (kömək) istəyərsə] kafir olar [icma ilə. Bunu əş-Şeyx söyləmişdir.] Yəni Şeyx Taqiyyud-Din. O, demişdir: “Allahın Elçisinə və ya onun gətirdiklərinə nifrət edərsə ittifaqla kafir olar.” Üstəlik bu, “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”deyən bütpərəstlərin əməlləri kimidir.[17]

“əl-Furu”, “əl-İnsaf”, “əl-İqna” və “Kəşşaful-Qina” kimi kitablar mutəaxxir hənbəli alimlərində ən mötəbər kitablar sayılır. Bunların içində “əl-İqna” kitabı xüsusi seçilir. Hənbəli alimləri məzhəbi müəyyən edərkən “əl-İqna” və “əl-Muntəha” kitablarına əsaslanırlar. Doğrudur ki, bu iki kitab ixtilaf edərsə “əl-Muntəha” kitabına üstünlük verilməlidir. Şeyx Əbul-Abbas əl-Futuhi əl-Hənbəli – rahiməhullah “Muntəha əl-İradət”də bu nəqlə yer verməsə də kitaba haşiyə yazmış əl-Buhuti bu nəqlə diqqət ayırmışdır. Bütün bunlardan sonra hənbəli alimləri nəzdində ölüdən ehtiyaclarını ödəmək üçün kömək diləməyin şirk olduğunu anlamış oluruq.

  • Təvəssül və İstişfa

Bizim yuxarıda təqdim etdiklərimiz təvəssül və istişfa məsələsini əhatə etmir. Bu iki məsələ haqqındakı görüşlər fərqlidir.

Təvəssül saleh bir insanın haqqı, cahi, məqamı xatiri ilə Allahdan bir şey istəməkdir. Hənbəli məzhəbinin görüşünə görə saleh insanla bu cür təvəssül etmək caizdir. Hənbəli üləmasından bəzilərinə görə müstəhəbdir. Şeyx Əbul-Alə əl-Mərdavi bu barədə deyir:

Məzhəbin səhih görüşünə görə saleh insanla təvəssül etmək caizdir. Bunun müstəhəb olduğu da deyilmişdir. İmam Əhməd, əl-Mərvazi’yə demişdir: “Duasında peyğəmbərlə - salləllahu aleyhi va səlləm – təvəssül edə bilər.” “əl-Mustəvib” kitabında və digər kitablarda bu yöndə hökm verilmişdir.[18]

İbn Teymiyyə, İbnul-Qayyim və bəzi digər hənbəli alimləri bu cür təvəssülü caiz görməyiblər və bunun səhabə zamanında edilməmiş bir bidət olduğunu söyləyiblər.

İstişfa isə saleh bir insanın qəbrinə gələrək ondan Allaha dua etməsini istəməkdir. Bəziləri Əbul-Vafə İbn Aqil, Muhamməd bin Abdilləh əs-Səmiri (vəf. 616), əl-Muvaffəq İbn Qudamə (vəf. 620) kimi hənbəli seyyidlərinin kitablarında buna yaxın bir mənanı gördükləri üçün bu məsələdə onlardan mübahlıq görüşünü nəql ediblər. Biz onların sözlərini nəql edib ibarələrinin əsasına işarə edəcəyik.

İbn Aqil’dən nəql olunan sözlər belədir: “Allahım! Mən Sənə Sənin peyğəmbərinlə - salləllahu aleyhi va səlləm - , rəhmət peyğəmbəri ilə üz tuturam! Ey Allahın Elçisi! Mən səninlə Rəbbimə üz tuturam ki, mənim günahlarımı bağışlasın! Allahım, mən onun haqqı ilə Səndən günahlarımı bağışlamanı istəyirəm![19]

Muhamməd əs-Səmuri isə məşhur “əl-Mustəv’ib” kitabında deyir: “Allahım! Sən Kitabında peyğəmbərinə - aleyhissələm – dedin: “Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər.” Mən də indi tövbə edərək, bağışlanma diləyərək Sənin yanına gəlmişəm. Həyatda olarkən onun yanına gələnlərə məğfirəti vacib etdiyin kimi mənə də bağışlanmamı vacib etməni Səndən diləyirəm. Allahım! Mən Sənin peyğəmbərinlə, rəhmət peyğəmbəri ilə - salləllahu aleyhi va səlləm – Sənə üz tuturam! Ey Allahın Elçisi, mən səninlə Rəbbimə üz tuturam ki, mənim günahlarımı bağışlasın! Allahım, mən onun haqqı ilə günahlarımı bağışlamanı Səndən diləyirəm!...[20]

İbn Qudamə’nin sözləri isə belədir: “Sənin sözün haqdır: “Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər.” Mən də indi günahlarımdan bağışlanma diləyərək, Rəbbimə səninlə istişfa edərək yanına gəlmişəm. Ey Rəbbim, həyatda olarkən onun yanına gələnlərə məğfirəti vacib etdiyin kimi mənə də bağışlanmamı vacib etməni Səndən diləyirəm. Allahım, onu şəfaətçilərin birincisi, diləyənlərin ən uğurlusu et!”[21]

Əgər İbn Aqil və əs-Səmuri’nin sözlərini gətirib bunun istişfa üçün misal olduğunu söyləsələr bunun cavabında belə bir anlayışın xəta olduğunu söyləyərik. Çünki hənbəli alimlərinin bu sözlərində əsaslandıqları məqam onların qəsdlərini izah edir. Onlar sadəcə ət-Tirmizi və İbn Macə’nin – rahiməhullah – Osman bin Huneyf’dən rəvayət etdiyi hədisdəki sözləri nəql edirlər. Hədisdə qeyd olunur ki, peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – yanına bir xəstə gəlir və onun üçün dua etməsini istəyir. Peyğəmbərimiz də - salləllahu aleyhi va səlləm – ona gözəl bir dəstəmaz almasını buyurur və sonra belə dua etməsini ona öyrədir:

اللهم إني أسألك وأتوجه إليك بنبيك محمد نبي الرحمة، يا رسول الله يا محمد، إني توجهت بك إلى ربي في حاجتي هذه لتقضى في، اللهم شفعه في

Allahım! Mən peyğəmbərin Muhamməd, rəhmət peyğəmbəri ilə Səndən istəyir və Sənə üz tuturam! Ey Allahın Elçisi! Ey Muhamməd! Mən bu ehtiyacımı ödəməsi üçün səninlə Rəbbimə yönəldim. Allahım, onun mənim haqqımda etdiyi şəfaəti qəbul et![22]

Bununla peyğəmbərin - salləllahu aleyhi va səlləm – sünnətinə tabe olmağı və bu cür dua etməyin müstəhəbliyini qəsd edirlər. Çünki hər bir müsəlman namazında “Ya əyyuhən nəbiyyu! Əssələmu aleykum va rahmətullah!” (Ey peyğəmbər! Sənə salam və Allahın rəhməti olsun!) deməklə həqiqi anlamda peyğəmbəri – salləllahu aleyhi va səlləm – çağırdığına etiqad etmir. Bu, sadəcə olaraq sünnətə tabe olmaqdır.

İbn Qudamə isə öz sözlərini özü izah etmişdir. İlk olaraq “mustəğfir”, sonra isə “mustəşfi” olaraq gəldiyini qeyd etmiş və daha sonrakı iki cümlədə “istiğfar” və “istişfa” etməyinin tərzini izah etmişdir. “İstiğfar” etməsi onun bu sözlərindədir: “Ey Rəbbim, həyatda olarkən onun yanına gələnlərə məğfirəti vacib etdiyin kimi mənə də bağışlanmamı vacib etməni Səndən diləyirəm.” “İstişfa” etməsi isə bu sözlərindədir: “Allahım, onu şəfaətçilərin birincisi, diləyənlərin ən uğurlusu et!

Qeyd: Fəqihlər “istişfa” kəliməsini bəzən sadəcə olaraq “təvəssül” mənasında da istifadə edirlər. İbnul-Cəvzi deyir:

الر كتاب أنزلناه إليك لتخرج الناس من الظلمات إلى النور بإذن ربهم إلى صراط العزيز الحميد الله الذي له ما في السموات وما الأرض وويل للذين كفروا من عذاب شديد الذين يستحبون الحياة الدنيا على الآخرة ويصدون عن سبيل الله ويبغونها عوجا أولئك في ضلال بعيد

أما كتاب الله فبين ليس فيه غموض وأما دين الله فهو متين لا ينهض به مخلوق حق النهوض فلم يبق لنا عذر في حق الجهل بمراد رب العالمين ولا قوة لنا على إقامة هذا الدين المتين فالواجب علينا ان نستغيث بمراحم العزيز الرحيم ونستشفع إليه بجاه نبيه الكريم الذي أذن له في إخراج الناس من الظلمات إلى النور فمن أجاب دعوته فله النظرة والسرور ومن تخلف عن إجابته دعا بالويل والثبور”

Əlif, ləm, ra. Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxarmaq üçün sənə nazil etdiyimiz bir kitabdır. O Allah ki, göylərdə və yerdə nə varsa, Onundur. Giriftar olacaqları şiddətli əzabdan dolayı vay kafirlərin halına! O kəslər ki, dünyanı axirətdən üstün tutur, insanları Allah yolundan sapdırı və onu əyri göstərməyə çalışırlar. Onlar dərin bir azğınlıq içindədirlər.”[23] Allahın Kitabına gəldikdə mənası aydındır, qaranlıq məqamlar yoxdur. Allahın dininə gəldikdə isə, o, möhkəmdir. Heç bir məxluq ona haqqı ilə riayət edə bilmir. Aləmlərin Rəbbinin muradından cahil olmaq haqqında heç bir üzrümüz qalmamışdır və bu möhkəm dini bərqərar etmək üçün heç bir qüvvəmiz yoxdur. Ona görə də insanları qaranlıqdan nura çıxarmaq üçün əl-Əziz və ər-Rahim olan Allahın mərhəmətlərindən kömək kimi istifadə etməyimiz və Onun şərəfli peyğəmbərinin cahı (üzü, şanı, məqamı) ilə Ona doğru istişfa etməyimiz vacibdir. Kim Onun dəvətinə icabət edərsə, onun nəsibi Allahı görmək səadəti və xoşbəxtlik olacaq və kim Onun dəvətinə müsbət cavab verməzsə ona veyl nəsib olacaq və Allahın üzündən qovulacaq.[24]

Eynilə İbn Əbil-İzz – rahiməhullah – “Şərhul-Aqidətit-Tahaviyyə”də[25] “istişfa” sözünü təvəssül mənasında işlətmişdir. Eləcədə Taqiyyud-Din əs-Subki “Şifəus-Səqam”da peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – dünyaya gəlmədən əvvəl digər peyğəmbərlərin onunla təvəssül etdiyini zikr etdikdən sonra deyir:

Bu mənada “təvəssül”, “istiğasə” və ya “təşəffu” və ya “təcəvvuh” kimi sözlərlə ifadə etmək arasında heç bir fərq yoxdur. Zikr olunan və ya ona yaxın mənada bir dua ilə dua edən kimsə peyğəmbərlə - salləllahu aleyhi va səlləm – təvəssül etmiş sayılır, çünki Allahın onun duasına cavab verməsi üçün onu (peyğəmbəri) vəsilə etmişdir və onunla istiğasə etmiş sayılır...

Əgər desən ki, bir şəxs ilə “təşəffu” edən şəfaət etməsi üçün onunla birlikdə gələn kəsə deyilir, o zaman “onunla təşəffu edir” sözünü necə demək olar?

Deyirəm: Biz sözün deyiliş şəkli yox sözün mənası haqqında danışırıq və bu, Allahu Təalədən peyğəmbər adına – salləllahu aleyhi va səlləm – istəməkdir, necəki bu Adəmdən – aleyhissələm – varid olmuşdur. İnsanlar da bu cür başa düşürlər, onlar “təşəffu”, “təvəssül”, “istiğasə” və “təcəvvuh”dən bunu başa düşürlər. Dildə bu sözləri bu mənada istifadə etmək üçün heç bir maneə yoxdur.[26]

İbn Teymiyyə bu səbəbdən “istişfa” sözünün bu mənada istifadəsini doğru görməmişdir. Lakin bunun doğru olub olmamasından asılı olmayaraq fəqihlərin dilində “istişfa” sözünün “təvəssül” anlamında geniş istifadə olunduğunu etiraf etməliyik.

İlk dövr hənbəli alimlərindən “istişfa” barəsində heç bir nəql gəlməmişdir. Daha sonrakı təbəqədəki hənbəli alimləri bunun caiz olub olmamasında fərqli görüşdə olublar. İbn Teymiyyə və onun tələbələri istişfanı bidət və şirkə aparan yol olaraq tərif etdikləri halda onların müasirlərindən olan bəzi hənbəlilər bu görüşlərini rədd edərək “istişfa”nın caiz olduğunu deyiblər. Bu alimləri təmsil edənlər içində ən məşhuru bəlkə də İbn Teymiyyə’nin müasiri olmuş üsul alimi Şeyx Alləmə Nəcmud-Din ət-Tufi (657 – 716) sayıla bilər. Allahu Təalə Musanın hekayəsini nəql edərək deyir:

وَدَخَلَ الْمَدِينَةَ عَلَىٰ حِينِ غَفْلَةٍ مِنْ أَهْلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيْنِ يَقْتَتِلَانِ هَٰذَا مِنْ شِيعَتِهِ وَهَٰذَا مِنْ عَدُوِّهِ ۖ

فَاسْتَغَاثَهُ الَّذِي مِنْ شِيعَتِهِ عَلَى الَّذِي مِنْ عَدُوِّهِ فَوَكَزَهُ مُوسَىٰ فَقَضَىٰ عَلَيْهِ ۖ

قَالَ هَٰذَا مِنْ عَمَلِ الشَّيْطَانِ ۖ

إِنَّهُ عَدُوٌّ مُضِلٌّ مُبِينٌ”

O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və: "Bu, şeytan əməlindəndir. Həqiqətən, o, haqq yoldan azdıran açıq-aydın bir düşməndir!"– dedi.[27]

Bu ayədə Musa tərəfdarının Musadan “istiğasə” etməsi, yəni onu köməyə çağırması məsələsini müzakirə edərkən Şeyx Süleyman bin Abdil-Qavi ət-Tufi “əl-İşəratul-İləhiyyə iləl-Məbəhisil-Usuliyyə” adlı təfsir və üsul kitabında bu sözlərə yer vermişdir:

əl-Minhəc fi Usulil-Fiqh” kitabını şərh etmiş Şeyx Şəmsud-Din əl-Cəzəri bu ayəni Şeyx Taqiyyud-Din bin Teymiyyə’nin əleyhində, onun – “Allahın Elçisi ilə - salləllahu aleyhi va səlləm – istiğasə etmək olmaz, çünki Allahdan – Azzə və Cəllə - istiğasə etmək Onun xüsusiyyətlərindən və Ona xas olan hüquqlarındandır və ibadət kimi bunu da Ondan başqasına etmək olmaz” – sözlərini deməsi haqqında ondan rəvayət olunan bu məsələdə dəlil gətirmişdir.

Adı keçən bu hüccətin təsdiqi budur ki, o deyir: İstiğasənin mahiyyətinə baxmaq lazımdır. O, nədir? O, “istinsar” (kömək istəmək) və “istisrax” (səsləmək, nida etmək) deməkdir. Sonra biz görürük ki, ayənin aydın dili ilə bu israilli Musanı köməyə çağırdı, ondan yardım istədi və onu səslədi və bu, bir məxluqun digər məxluqu köməyə çağırmasıdır. Musa israillinin bu əməlini qəbul etmişdir, Allah da Musanın bu əməlini təsdiqləmişdir. Bu, Quran ayəsi ilə nazil olduğu üçün Muhamməd də - salləllahu aleyhi va səlləm – bunu inkar etməmişdir, beləliklə Allah və Rasulu bir məxluqun digər məxluqdan istiğasə etməsini təsdiqləmiş olurlar. Əgər Musa ilə istiğasə etmək caizdirsə, Muhamməd – salləllahu aleyhi va səlləm – (ilə istiğasə) daha üstündür, çünki o, icma ilə (Musadan) daha fəzilətlidir. Bu mövzuda yararlı olacaq dəlillərdən biri də İsmayılın anası Hacərin hədisidir, beləki oğluna su axtarıb tapa bilmədikdə dərənin dibindən bir səs eşitdi və dedi: “Sən səsini eşitdirdin, ola bilsin ki, səndə kömək vardır.” Bu, Hacərin Cibril ilə istiğasə etməsi mənasındadır. Peyğəmbər də - salləllahu aleyhi va səlləm – bunu nəql edərkən təsdiq etdi və onun bu əməlini inkar etmədi.

Üstəlik tövhid əqidəsi İslam dininin qaçınılmaz nəticəsidir və əgər bir müsəlmanın bir məxluqla istiğasə etdiyini görsək, qətiyyətlə bilərik ki, o, həmin məxluqu Allaha şərik qoşanlardan deyildir. Bu sadəcə olaraq həmin məxluqu səsləməsi, həmin məxluqun bərəkəti ilə Allaha üz tutmasıdır. Əgər insanlar Qiyamət günü peyğəmbərləri səsləyib yüklərinin yüngülləşməsi üçün onların şəfaət etmələrini istəyəcəklərsə, onları başqa hallarda da səsləmək olar. Şeyx Əbu Abdilləh ən-Numan bir kitab yazmış və onu “Misbəhuz-Zaləm fil-Mustəğisinə bi Xayril-Ənəm” (Yaradılmışların ən xeyirlisi ilə istiğasə edənlər üçün qaranlığı aydınladan çıraq) adlandırmışdır. Bu kitab məşhurlaşdı və onun əsrinin insanları bu kitabı ondan razılıqla qəbul etməkdə icma etdilər və bütün əsrlərin insanlarının icması hüccətdir və bunu inkar edən bu icmaya müxalif olmuş sayılır. Deyə birlərlər ki, israillinin Musanı köməyə çağırması barəsində sözü gedən ayə iki baxış açısından bizim ixtilaf dairəsinə daxil deyildir:

Birinci: Musa o zaman sağ idi, biz isə ölüdən kömək istəməyi qadağan edirik.

İkincisi: Musanın yoldaşının kömək istəyi Musanın edə biləcəyi bir işlə bağlı idi və bu, ona düşməninə qarşı kömək etmək idi. Bu adi bir işdir. Biz isə rəhmət etmək, bağışlamaq, ruzi vermək, həyat vermək və buna bənzər Allaha xas olan işlərdə məxluqdan kömək istəməyi qadağan edirik. Heç zaman “Ya Muhamməd, məni bağışla və ya mənə rəhm et və ya mənə ruzi ver və ya mənə həyat ver və ya mənə mal və övlad ver” şəklində istəmək caiz deyildir, çünki bu, icma ilə şirkdir.

Birincisinə cavab olaraq deyirəm: Əgər diri ilə istiğasə etmək caizdirsə, ölüylə də (istiğasə etmək) buna bərabərdir, üstəlik daha fəzilətli olan birindən (istiğasə etmək) daha üstündür, çünki o, bir çox səbəbdən Allaha diridən daha yaxındır:

Birinci: Ölü artıq kəramət və mükafat məkanından, diri isə təklif (yükümlülük, məsuliyyət) məkanındadır.

İkinci: Ölü, insanın Axirət aləminə yetişməsinə maneə olan təbiət aləmindən çıxmışdır, diri isə ona bulaşmış haldadır.

Üçüncü: Şəhidlər həyatlarında həbsdə olur, öldükdən sonra Rəblərinin yanında diri olurlar və ruzilərdən faydalanırlar.

İkincisinə cavab: Sizin qeyd etdiyiniz bu iş, müsəlmanların böyükləri bir kənarda qalsın, müsəlmanların kiçikləri yanında belə üzərində icma olunmuş bir məsələdir ki, ilahi qüdrətə xas olan bir şeyi qeydsiz-şərtsiz məxluqdan tələb etmək olmaz. Təcrübəsiz, sadə, elmdən və mərifətdən ən uzaq olan insanları peyğəmbərin – salləllahu aleyhi va səlləm – hücrəsinə sığınarkən gördük və peyğəmbərlə şəfaət və vəsilədən artıq heç bir şey istəmirlər: “Şəfaət et, ey Allah, peyğəmbərinin bərəkəti ilə bizi bağışla!” Beləliklə söhbət fərziyyə olan bir məsələyə dönüşdü, üstəlik müsəlmanlardan heç kəsin buna ehtiyacı yoxdur.

Əgər bu xətaya düşəcəyindən qorxulduğu üçün bu hökm ilə tərif vermək qaçınılmaz olarsa, heç olmasa peyğəmbərin – salləllahu aleyhi va səlləm – haqqında nöqsan və mənsəbində zəiflik kimi xətalı təəssürat verməyəcək şəkildə ifadə olunmalıdır. Onun üçün belə demək olar: “Öhdəsindən gəlmək baxımından xüsusilə Allahın sahib olduğu bir şeyi məxluqdan qeydsiz-şərtsiz istəmək olmaz” və ya buna yaxın tərzdə demək olar. Lakin qeydsiz-şərtsiz və ya qeydə bağlı olaraq istiğasə haqqını peyğəmbərin – salləllahu aleyhi va səlləm - əlindən almaq vasitəsilə onun şənini açlaltmaq olmaz. Adını yalnız salavat çəkməklə, ondan rəvayət gətirməklə və buna bənzər şəkildə zikr etmək lazımdır.

Bu məsələdə sual-cavab olaraq ortaya çıxan sözlərin xülasəsidir, onu mənası ilə nəql etdim, əlavələr isə mənim özümdəndir.[28]

Bura qədər təqdim etdiklərimiz göstərir ki, ölüdən bacarmadığı bir şeyi istəmək icma ilə şirk və küfrdür. Lakin təvəssül və şəfaət isə ümmətin haqqında ixtilaf etdiyi bir məsələdir.

Dəlillərin zahiri və sələfin həyatı “istişfa” kimi bir əməlin bidət olduğunu göstərir. Üstəlik şəriətin zahirini qorumaq və kəlam əhlinin yollarına tabe olmamaq vacibdir. Zahiri bir kənara atıb hər bir şirk əməl üçün fərqli ehtimallar irəli sürməklə heç bir məsələyə aydınlıq gətirmək mümkün deyildir, bu yalnız və yalnız işin qarışmasına kömək edir. Bunun üçün kəlam əhlinin öz etiraflarına nəzər salmaq kifayətdir.

Vas-Salətu vas-Sələmu alə Rasulilləh!

 

Samir Firdovsioğlu

 


[1] “Təhzib əl-Luğəh”, 10/16

[2] “əl-Mufradət”,

[3] “Təfsirus-Səmani”, 2/121

[4] “əl-Furu va Təshihul-Furu”, 2/214; Darul-Kutubil-İlmiyyə, Beyrut, hicri 1418

[5] “Təlbisul-İblis”, səh: 402; İdarətut-Tibaiyyətil-Muniriyyə və səh: 387; Darul-Qaləm, Beyrut

[6] “əl-Fətava əl-Kubra”, 5/535; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr, 1408/1987

[7] “əs-Sarim əl-Munki fir-Raddi aləs-Subki”, səh: 328; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1405/1985

[8] “əs-Sarim əl-Munki fir-Raddi aləs-Subki”, səh: 351; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1405/1985

[9] “əl-Furu”, 6/158; Darul-Kutubil-İlmiyyə, hicri 1418 və səh: 1563; Beytul-Əfkərid-Dəvliyyə

[10] İbn Racəb, “Kəlimətul-İxlas va Təhqiq Məanəhə”, səh: 21-24; əl-Məktəbul-İsləmi, dördüncü nəşr: Beyrut, 1397

[11] əl-Mərdavi, “əl-İnsaf fi Məarifətir-Racih minəl-Xiləf”, 10/327; Şeyx Muhamməd Həmid əl-Fəqi’nin təhqiqi ilə, birinci nəşr: 1374/1955 və səh: 1775; Beytul-Əfkərid-Dəvliyyə,

[12] əl-Həccəvi, “əl-İqna fi Fiqhi İmam Əhməd bin Hənbəl”, 4/297; əl-Mətbəə əl-Misriyyə əl-Əzhariyyə

[13] əl-Kərmi, “Ğayətul-Muntəha fi Cəmil-İqna val-Muntəha”, 3/355

[14] əl-Buhuti, “Kəşşəful-Qina anil-İqna”, 14/227; Səudi Ərəbistan Ədliyyə Nazirliyi, birinci nəşr: 1429/1008

[15] Bax: “İrşədu Ulin-Nuha li Dəqaiqil-Muntəha”, 2/1348; Darul-Xidir, birinci nəşr: 1421/2000

[16] əs-Səffərini, “əl-Buhur əz-Zəxira fi Ulumil-Axira”, 1/340; Şərikətu Ğiras, Küveyt, birinci nəşr: 1428/2007

[17] ər-Ruheybani, “Mətalibu Ulin-Nuha fi Şərhi Ğayətil-Muntəha”, 6/279; Mənşuratul-Məktəbil-İsləmi bi Diməşq, birinci nəşr: 1381/1961

[18] əl-Mərdavi, , “əl-İnsaf fi Məarifətir-Racih minəl-Xiləf”, 2/356; Şeyx Muhamməd Həmid əl-Fəqi’nin təhqiqi ilə, birinci nəşr: 1374/1955

[19] Bunu onun “ət-Təzkira” kitabından nəql edirlər. Kitab çox təəssüf ki, əlyazma şəklinə “əz-Zahiriyyə” kitabxanasında mövcuddur.

[20] əs-Səmiri, “əl-Mustəvib”, 1/525; Şeyx Abdullah əd-Duheyşin təhqiqi ilə, Məkkətul-Mukərramə, 1424/2003

[21] İbn Qudamə, “əl-Muğni”, 5/467; Dar Aləmil-Kutub, ər-Riyad, üçüncü nəşr: 1417/1997

[22] ət-Tirmizi (3578); ən-Nəsai, “əl-Kubra” (10495); İbn Macə (1385); İbn Xuzeymə (1219), Əhməd (28/478). Hədisi ət-Tirmizi, İbn Xuzeymə və digər imamlar səhih sayıblar.

[23] İbrahim, 1-3

[24] İbnul-Cəvzi, “ət-Təzkiratu fil-Vaiz”, səh: 162; Darul-Məarifə, Beyrut, birinci nəşr: 1406/1986 və səh: 136; Daru İbn Xaldun

[25] İbn Əbil-İzz, “Şərhul-Aqidətit-Tahaviyyə”, səh: 236; əl-Məktəbul-İsləmi, səkkizinci çap: 1404/1984

[26] əs-Subki, “Şifaus-Səqam fi Ziyərati Xayril-Ənam”, səh: 363-364, Hüseyn Muhamməd Əli Şukri’nin tə/aa href=hqiqi ilə

[27] əl-Qasas, 15

[28] ət-Tufi, “əl-İşəratul-İləhiyyə iləl-Məbəhisil-Usuliyyə”, 3/89-93; Dar əl-Fəruq əl-Xadisə, Qahirə, birinci nəşr: 1423/2002

 

Aktual Mövzular