Allahdan qeyrisinə and içmək

Abdullah bin Ömər – radiyallahu anhumə - rəvayət edir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – Ömər bin əl-Xattab’a yetişdi, Ömər isə minik üzərində gedərək atasına and içirdi. Bunu üzərinə (peyğəmbər) dedi: “Diqqət edin! Allah sizə atalarınıza and içməyi qadağan etmişdir, kim and içərsə ya Allaha and içsin, ya da sussun![1]

İbn Ömər – radiyallahu anhumə - rəvayət edir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – demişdir: “Kim Allahdan başqasına and içərsə küfr etmişdir və ya şirk etmişdir.[2]

Abdullah bin Məsud – radiyallahu anhu – demişdir: “Yalandan Allaha and içmək mənim üçün doğrudan Allahdan başqasına and içməkdən daha yaxşıdır.[3]

 


 

Allahdan başqasına and içməyin qadağan olmasındakı hikmət

 

Hədisləri şərh etmiş alimlər bunun hikmətini geniş şəkildə izah ediblər. əl-Hafiz Əbul-Abbas əl-Qurtubi – rahiməhullah – hədisi şərh edərkən deyir:

Peyğəmbərin – salləllahu aleyhi va səlləm – atalara and içməyi qadağan etməsinin səbəbi bu işdə yəmin etmə üslubu ilə onlara təzimin olması ilə bağlıdır, çünki adətə görə aramızdan and içən biri həmişə etiqad etdiyi ən əzəmətli şeyə and içir və biz bunu daha əvvəl izah etmişdik. Əgər hal belədirsə, o zaman mömin bəndə üçün Allahu Təalədən əzəmətli heç bir şey yoxdur. Ona görə də Ondan başqasına and içməsi doğru deyildir. Əgər Allahdan başqasına and içmiş olarsa həmin kəsi də Allahu Təaləni təzim etdiyi kimi təzim etmiş olur və bu qadağan olunmuşdur.[4]

İmam Əbu Zəkəriyyə Muhyid-Din Yəhya bin Şərəf ən-Nəvəvi – rahiməhullah – deyir:

Alimlər deyiblər: Allahu Təalədən başqasına and içməyin qadağan olunmasındakı hikmət budur ki, and içmə and içilən şeyi təzim etməyi tələb edir. Həqiqi əzəmət isə Allahu Təaləyə məxsusdur, başqası Onunla bir tutulmaz.[5]

əl-Hafiz İbn Hacər əl-Əsqalani əş-Şafi’i – rahiməhullah – deyir:

Peyğəmbərin “kim and içərsə ya Allaha and içsin, ya da sussun” sözlərinə gəldikdə alimlər deyiblər: Allahdan başqasına and içməyin qadağan olunmasındakı sirr budur ki, bir şeyə and içmək həmin şeyi təzim etməyi tələb edir, əzəmət isə həqiqətdə yalnız Allaha aiddir.[6]

 

 

 

Allahdan başqasına and içməyin hökmü nədir?

 

Alimlər bu məsələdə ixtilaf ediblər. Məzhəblərin görüşü bu barədə fərqlənir.

  • Hənəfi məzhəbi:

Hənəfi alimlərindən Aləud-Din əl-Haskəfi – rahiməhullah – “əd-Durrul-Muxtar”da deyir: “Allahdan başqası ilə and vermək məkruhdurmu? Bəzi alimlər bu barədə gəlmiş qadağaya görə məkruh olduğunu deyiblər, lakin onların çoxu məkruh olmadığını deyir və bununla fətva veriblər, xüsusilədə bizim zamanımızda. Gəlmiş qadağanı isə söz vermək anlamında olmayan “atama and olsun”, “ömrümə and olsun” və bənzəri şəkillərdə olan Allahdan başqasına and içmək hallarına aid ediblər.” Alləmə İbn Abidin onun bu sözlərini şərh edərkən deyir: “[Allahdan başqası ilə and vermək məkruhdurmu?] əz-Zeylai dedi: Allahdan başqası ilə yemin etmək də məşrudur və bu, (yəni yəmin) nəticəni şərtə bağlamaqdır və bu dildə kök etibarı ilə yəmin sayılmır. Sadəcə olaraq fəqihlər bunu da yəmin anlandırıblar, çünki bununla da Allahu Təalə ilə yəmin etmək mənası hasil olur və bu, işi etməyə tələb etmək ya da qadağan etməkdir. Allahu Təalə ilə yəmin etmək məkruh deyildir, lakin bunu az istifadə etmək çox istifadə etməkdən yaxşıdır. Allahdan başqası ilə yəmin etmək isə gəlmiş qadağaya görə bəzi alimlərin nəzdində məkruhdur. Lakin əksər alimlərə görə məkruh sayılmaz, çünki bununla sözdə etibar hasil olur və xüsusilə də zamanımızda bu belədir. Rəvayət olunmuş qadağa isə onların “atana and olsun”, “ömrümə and olsun” şəklində inandırmaq üçün Allahdan başqasına and içmə hallarına aid edilmişdir. əl-Fəth kitabında da belə deyilmişdir.

Xülasə budur ki, Allahdan başqa isə yəmin etməklə etibar ortaya çıxır, yəni qarşı tərəfin and içənin sözündə doğru dediyinə inandığı anlaşılır. Məsələn, işi boşamaya, qul azad etməyə bağlaması kimi tərkibində and içmə hərfinin olmadığı yəminlər. Bəzən də etibar ortaya çıxmır; məsələn “atana and olsun”, “ömrümə and olsun”, bu zaman sözünü pozmaq imkan yoxdur və bunun üçün də heç bir etibar ortaya çıxmaz və bu, yuxarıda qeyd etdiyimiz kimi söz verib sözünü bir şərtə bağlamaqdan fərqlidir. “Kim and içəcəksə Allahu Təaləyə and içsin” şəklindəki hədis isə alimlərin çoxuna görə şərtə bağlamaqdan fərqli olan yəminlərə aiddir və bu, ittifaq ilə məkruhdur, çünki and içilən şey təzim baxımından Allaha şərik qoşulmuş olur.[7]

Yəmin etməyin fərqli növləri mövcuddur və yuxarıda izah olunduğu kimi şərtə bağlı gələcək üçün edilmiş yəmində Allahdan başqasına yəmin etmək məkruh deyildir. Bunun misalı bir nəfərin belə deməsinə bənzəyir: “əgər bu işi görməsəm arvadımı boşayacam!” və ya “əgər bu işi etsəm bir qul azad edəcəm.” Bu cür Allahdan başqası ilə, yəni boşama və qul azad etmək ilə yəmin etmək hənəfilərə görə hədisin əhatə dairəsinə daxil deyildir, ona görə də məkruh deyildir. Lakin insanın “atana and olsun” və ya “ömrümə and olsun” şəklində verdiyi andlar hədisin əhatə dairəsinə bir-başa daxil olduğu üçün məkruhdur. Onların bunu məkruh sayması hədisin zahirini təvil etməklərindən irəli gəlir ki, onlara görə bunun şirk və küfr adlanması mübaləğə və təğliz məqsədi daşıyır  və məkruh hökmü ilə qəsd etdikləri harama yaxın məkruhdur. Doğrusunu Allah bilir!

  • Maliki məzhəbi:

Maliki məzhəbində bu barədə iki görüş mövcuddur. Şeyx Alləmə Şəmsud-Din Əbu Abdilləh Muhamməd bin Muhamməd əl-Hattab ər-Raini – rahiməhullah – deyir:

[Peyğəmbərlə, Kəbə ilə (and içmək)] “ət-Təvdih” kitabında İbnul-Hacib’in sözü barədə dedi: Bundanbaşqası[8] ilə yəmin etmək məkruhdur, bunun haram olduğu da deyilmişdir, yəni Kəbə və peyğəmbərə and içmək kimi Allah və Onun sifətlərindən başqası ilə yəmin etmək. Bu iki görüşdən güclü olan bunun haram olmasıdır, çünki “əl-Muvatta” və “əs-Sahiheyn”də Ömərdən – radiyallahu anhu gələn hədisdə Allahın Elçisi – salləllahu aleyhi va səlləm deyir: “Həqiqətən Allah sizə boşanma və qul azad etməkdə yəmin etməyi qadağan etmişdir.” Bu iki şeylə and verənə tədib etməyi uyğun görüblər, halbuki məkruh olan şeydə tədib yoxdur. Yalnızca bu ikisi haqqında yəmin sözünü işlətməyin məcaz olduğunu söyləmək istisnadır; məgər görmürsən ki, huruful-qasəm bu hallarda işlədilmir?!” Sitatın sonu. əl-Qurtubi peyğəmbərin – salləllahu aleyhi va səlləm – “Həqiqətən Allah sizə atalarına and içməyi qadağan edir” hədisini şərh edərlən deyir: “...Əshabımız bu cür şeylərə and içmək üçün qeydsiz-şərtsiz məkruh hökmü verirlər. Bu hədisin zahiri və hədisin mənası barədə təqdim etdiyimiz görüş bunun da haram olmasını tələb edir.” Sitatın sonu. “ət-Təvdih” kitabından daha əvvəl qeyd etdiklərimizə əsasən iki görüşdən güclü olan görüş bu əməlin haram olmasıdır. “əş-Şamil” kitabında deyilir: “Məşhur olan görüş budur.” İbnun-Nəci deyir: “Məxluq ilə yəmin etmək haqqında ixtilaf ediblər, bunun məmnu olduğu söylənmişdir, bunu əl-Ləxmi demişdir və buna bənzər İbn Bəşirin haram olması barədə dediyi sözüdür. Məkruh olduğu da deyilmişdir, bunu İbn Rüşd demişdir. əl-Fəkihəni aydın sözlərlə bildirmişdir ki, məzhəbin məşhur görüşü bu əməlin məkruh olmasıdır. Bütün bunlar şəriətdə təzim olunmuş bu şeylərə and içənin sözündə sadiq olduğu hallara aiddir, lakin yalandan bu şeylərə and içməyə gəldikdə isə bunun haram olmasında heç bir şəkk yoxdur, çünki bu, bir yalandır, yalan isə haramdır və şəriətdə təzim olunmuş and içdiyi şeylərlə istehza etməkdir. Hətta əgər peyğəmbərlə və ona yaxın şeylərə aid olaraq ola bilsin ki, küfrdür. Allah saxlasın! Doğrusunu Allah bilir![9]

“Muxtəsar Xalil” kitabına şərh yazmış digər maliki alimi Alləmə Əbu Abdilləh Muhamməd bin Abdilləh bin Ali əl-Xaraşi – rahiməhullah – deyir:

Güclü olan görüş zikr olunan şeylərlə and içməyin haram olmasıdır, əl-Fəkihəni isə bunun məkruh olması görüşünü məşhur saymışdır. İxtilaf insanın and içərkən andında sadiq olduğu hala aiddir, əks təqdirdə isə qəti olaraq haramdır. Qan, məqam, sultanlar, şərəfli insanlar kimi şəriətin təzim etmədiyi şeylərə and içməyə gəldikdə isə bunun haram olmasında şəkk yoxdur. Əgər bütlər və buna bənzər - peyğəmbərlər istisna olmaqla - Allahdan başqa ibadət olunan şeylərlə and içməklə onlara təzim etməyi qəsd edərsə küfr etmiş olar, lakin İsa kimi ibadət olunan peyğəmbərlərdən birinə and içməklə onu təzim etməyi qəsd etmək küfr deyildir, amma onu ilah saymaq baxımından təzim etməyi qəsd etməsi istisnadır.[10] Şeyx Alləmə Əli bin Əhməd bin Mukram əs-Saidi əl-Adəvi – rahiməhullah - əl-Xaraşi’nin sözlərinə yazdığı haşiyəsində deyir: “Onun [əl-Fəkihəni isə bunun məkruh olması görüşünü məşhur saymışdır] sözlərinə gəldikdə isə, məzhəbin mötəməd görüşü budur, çünki məzhəbin nəql olunan görüşü (bu əməlin) məkruh olmasıdır. Şeyx Xalil’in (bunun haram olması görüşünü) güclü sayması isə sadəcə olaraq onun öz görüşüdür, necəki bunu Şeyx Səlim ifadə etmişdir. Peyğəmbərin bəzi məxluqlara and içməsi barədə deyilənlərə gəldikdə isə sabit deyildir, hətta əgər sabit olduğunu fərz etsək belə mənsuxdur.[11]

Gördüyümüz kimi maliki məzhəbində bu yöndə güclü bir ixtilaf mövcuddur. əl-Hattab, əl-Xaraşi, İbn Abdil-Bərr, əl-Qurtubi kimi böyük maliki imamları bu əməlin istənilən halda haram olduğunu söyləsələrdə məzhəbin mötəməd və məşhur görüşünə görə məkruhdur. Lakin gördüyümüz kimi maliki alimləri bu zaman şəriətin təzim etdiyi şeylərlə şəriətdə təzim olunmayan şeylər arasında fərq qoyurlar. Buna əsasən “peyğəmbərə, Kəbəyə” and içmək məkruh, lakin ataya, anaya and içmək isə haram sayılır, çünki şəriət peyğəmbərə və Kəbəyə xüsusi məqam vermişdir.

  • Şafi’i məzhəbi

Şafi məzhəbinin görüşünə görə Allahdan qeyrisinə and içmək məkruhdur. İmam Əbul-Qasim Abdul-Kərim bin Muhamməd əl-Qazvini ər-Rafi’i – rahiməhullah - deyir:

Məxluqa and içmək məkruhdur, peyğəmbərə, Kəbəyə, Cibrilə, səhabəyə və əhli-beytə and içmək kimi; rəvayət olunmuşdur ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – demişdir: “Nə atalarınıza, nə də analarınıza and içməyin, Allahdan başqa heç bir şeyə and içməyin!” Peyğəmbər – salləllahu aleyhi va səlləm – Ömərə yetişdi və o, miniyin üzərində atasına and içərək gedirdi. Dedi: “Həqiqətən Allah atalarınıza and içməyi sizə qadağan edir. Kim and içəcəksə ya Allaha and içsin, ya da sussun!” Ömər – radiyallahu anhu - dedi: “Bundan sonra nə öz sözüm olaraq, nə də başqasından sitat gətirərək başqasına and içmədim.” əş-Şafi – radiyallahu anhu – dedi: “Allahdan başqasına and içməyin masiyət olmasından qorxuram.” Əshabımız – rahiməhumallah – dedi: yəni haram olmasından, bununla günahkar olmasından (qorxuram) və bunda tərəddüd etdiyinə işarə etmişdir. İmam[12] dedi: Ən doğru görüş bunun haram olmaması, yalnız məkruh olması ilə kifayətlənməkdir.[13]

Şeyx Şəmsud-Din Muhamməd bin əl-Xatib əş-Şirbini – rahiməhullah - deyir:

Peyğəmbərin, Cibrilin, mələklərin, Kəbənin haqqı üçün” şəklində məxluqlarla and vermək keçərli sayılmır. “əs-Sahiheyn”də gəlir ki, “Həqiqətən Allah atalarınıza and içməyi sizə qadağan edir, kim and içəcəksə ya Allaha and içsin, ya da sussun!” Bunlara and içmək məkruhdur. əl-Hakimin İbn Ömər’dən – radiyallahu təalə anhumə - peyğəmbərin – salləllahu aleyhi va səlləm – “kim Allahdan başqasına and içərsə küfr etmişdir” - “şirk etmişdir” sözü də rəvayət olunmuşdur -  sözlərinə gəldikdə isə bunu Allah haqqında etiqad etdiyi şeyi and içdiyi şeydə də etiqad edərək təzim edən kəsə aid ediblər.[14]

Gördüyümüz kimi şafi’i məzhəbinin alimləri bu əməlin məkruh olması üzərində birləşmişdir. Alimlərin verdikləri misaldan anlaşılır ki, bu hökm peyğəmbər, Kəbə, mələklər kimi şəriətin təzim etdiklərinə aiddir.

  • Hənbəli məzhəbi:

Hənbəli məzhəbinə görə Allahdan başqasına and içmək haramdır. Alləmə Təqiyyud-Din Muhamməd bin Əhməd əl-Fətuhi – rahiməhullah - deyir: “Allahu Təalədən və Onun sifətlərindən başqasının zatı ilə haramdır. “Allahın yaratdığına and olsun”, “Allahın qadir olduğuna and olsun”, “Allahın bildiyinə and olsun”, “Allahın Kəbəsinə and olsun”, “Allahın elçisinə and olsun” kimi bir şeyi Allahu Təaləyə izafə etməsi ilə “Kəbəyə and olsun” və “atama and olsun” kimi bunu izafə etməməsi arasında fərq yoxdur. Belə bir and üçün heç bir kəffarət yoxdur. Alimlərin çoxuna[15] görə Muhamməd ilə - salləllahu aleyhi va səlləm –istisnadır.[16] Alləmə Şeyx Mənsur bin Yunus bin İdris əl-Buhuti – rahiməhullah – bu sözləri şərh edərkən deyir: “[Allahu Təalədən və Onun sifətlərindən başqasının zatı ilə] and içmək [haramdır.] Çünki İbn Ömərin hədisində peyğəmbər – salləllahu aleyhi va səlləm – Ömərin öz atasına and içdiyini eşitdi və dedi: “Həqiqətən Allah atalarınıza and içməyi sizə qadağan edir, kim and içərsə ya Allaha and içsin, ya da sussun!” Muttəfəqun aleyh. İbn Ömərdən mərfu olaraq rəvayət olunur: “Kim Allahdan başqasına and içərsə küfr etmiş və ya şirk etmişdir.” ət-Tirmizi rəvayət etmiş və həsən saymışdır. Bunun mənası işin ağırlığını göstərməkdir.[17] Məcdud-Din Əbul-Bərəkət İbn Teymiyyə “əl-Muharrar”da, əl-Haccavi “əl-İqna” əsərində, əl-Mərdavi “əl-İnsaf”da, İbn Muflih “əl-Furu”da bu əməlin haram olduğunu deyirlər və bu, məzhəbin görüşüdür. Məzhəbin görüşü bunun haram olduğunu söyləsə də hənbəli alimlərinin hamısı eyni görüşdə olmayıblar. İbn Qudamə “əl-Muqni”də, Əbul-Xattab əl-Kəlvazani “əl-Hidayə”də və əs-Samiri “əl-Mustəvib”də Allahdan başqası ilə and içməyin məkruh olduğunu deyiblər. Hətta İbnul-Muncə bunun məkruh olmasının məzhəbin görüşü olduğunu söyləmişdir. Sözsüz ki, məzhəbə bu görüşü nisbət etmək xətadır, əksinə ilk dövr hənbəlilərdə bu görüş üstün olsa da, məzhəb son dövr alimlərdən əl-Haccəvi və İbnun-Nəccar əl-Fətuhi kimi alimlərin görüşü ilə müəyyən edilir.

Göründüyü kimi hənbəli alimləri bu əməlin küfr və ya şirk olması haqqında gəlmiş hədislərin zahirini təvil edir və bunun mübaliğə olduğunu deyirlər. Hədis ilə qəsd olunan bu işin ağırlığına işarə etməkdir. Şeyx Mustafa əs-Suyuti ər-Ruheybani – rahiməhullah – deyir: “(Hədis) bunun ağırlığını göstərmək mənasındadır, bunu bu şəkildə elm əhli təfsir edib.[18]

 

 

 

Mühəddislərin hədislərə verdikləri şərhlər

 

İmam Əbul-Abbas əl-Qurtubi – rahiməhullah – deyir:

Qeyd etdiklərimizə əsasən qadağanın zahirindən anlaşılan bu əməlin haram olmasıdır. Əgər bunun zahiri haramlıq ifadə edirsə o zaman İslamdan başqa dinlər və ya Allahdan başqa ibadət olunan məbudlar və dumə[19], qanlar və nəsəblər kimi cahiliyyə zamanı and içilən şeylərdə baş verərsə sözsüz ki, haram sayılır. Bunun haramlığında şəkk ola bilməz. Lakin atalara, şərəfli insanlara, sultanlara, onların həyatlarına və nemətlərinə və buna bənzər şeylərə and içməyə gəldikdə isə hədisin zahirindən görünür ki, hökmün ümumiliyi ilə bu şeylərdə hədisə daxildir, bunun haram olmasında ixtilaf etmək doğru deyildir. Lakin şəriətin təzim etdiyi şeylərə, məsələn peyğəmbər – salləllahu aleyhi va səlləm - , Kəbə, Ərş, Kürsi və salehlərin hörmətinə gəldikdə isə, əshabımız bunun qeydsiz-şərtsiz məkruh olduğunu deyirlər. Bu hədisin zahiri və hədisin mənası barədə təqdim etdiyimiz görüş bunun da haram olmasını tələb edir. Doğrusunu Allahu Təalə bilir![20]

əl-Hafiz Əbu Hafs Ömər bin Əli İbn Muləqqin əl-Ənsari – rahiməhullah - deyir:

Beşinci: Bu hədisin hökmləri haqqında:

Birinci: Allahu Təalədən başqasına and içmək qadağan olunmuşdur, çünki peyğəmbər – aleyhissalətu vassələm – bundan sonra demişdir ki, “kim and içəcəksə ya Allah and içsin, ya da sussun!” Əvvəldə “atalar” zikr olunmuşdur, çünki (peyğəmbərin bu sözünü söyləməsinə) səbəb olan bu olmuşdu. Şafi’ilərdəki məşhur görüşə görə bu qadağa tənzih üçündür[21], bəziləri isə bunun masiyət olduğunu deyiblər. Malikilər də bu görüşü nəql ediblər, əş-Şeyx Taqiyyud-Din[22] bunu malikilərdən başqa heç bir məzhəbə aid etməmişdir, beləki “ixtilaf malikilərdə mövcuddur” demişdir və bunda tabe olunmuşdur. İkinci görüşə peyğəmbərin – aleyhissalətu vassələm – “kim Allahdan başqasına and içərsə şirk etmişdir” sözü dəlalət etməkdədir. Bunu əl-Hakim “əl-Müstədrək”də İbn Ömərin hədisindən rəvayət etmiş və demişdir: “Hədis əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir.” Birinci görüş sahibləri isə hədisi, Allahu Təalə haqqında etiqad etdiyinə bənzər bir təzimi and içdiyi şey haqqında da etiqad edən kimsəyə aid edirlər.[23]

əl-Hafiz Vəliyyud-Din Əbu Zura əl-İraqi – rahiməhullah – deyir:

Məxluq ilə and içməyin haram yoxsa məkruh olmasında alimlər ixtilaf ediblər və bu ixtilaf malikilər ilə hənbəlilərdə mövcuddur, lakin malikilərdə məşhur olan görüş bunun məkruh olması, hənbəlilərdə isə haram olmasıdır, zahirilər də bu görüşdədirlər. Bu görüşə müvafiq olan İbn Abbas’dan gələn sözlərdir: “Allahu Təaləyə yüz dəfə and içib andı pozmağım başqasına and içib andıma sadiq qalmağımdan xeyirlidir.”...əş-Şafi dedi: “Allahdan başqasına and içməyin masiyyət olmasından qorxuram”. Onun əshabı dedi: “Yəni haram və günah olmasından qorxur” və dedilər ki, bununla məsələdə tərəddüd etməsinə işarə etmişdir.  İmamul-Harameyn dedi: “Məzhəbin qəti görüşü budur ki, bu əməl haram deyil məkruhdur.” Buna görə də ən-Nəvəvi “Şərhu Muslim”də deyir ki, “əshabımıza görə bu əməl məkruhdur, haram deyildir.” ət-Tirmizi’nin kitabında açdığı babı “Allahdan başqasına and içməyin məkruh olması” şəklində adlandırması da bu görüşə müvafiqdir. Atam[24] – rahiməhullah - bu hökmü “ət-Tirmizi”nin şərhində bu hökmə əl-Lat, əl-Uzza və İslam millətindən başqa millətlərə and içməmək şərtini əlavə etmişdir. “Lakin belələri ilə and içməyə gəldikdə isə haramdır, sanki bu ona görə belədir ki, bu şeylər ibadət ilə təzim olunublar. Əshabımız deyib ki, and içən Allahu Təalə haqqında etiqad etdiyinin eynisini and içdiyi şeydə and içilən haqqında da etiqad edərsə küfr etmiş olar və peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət olunan “kim Allahdan başqasına and içərsə küfr etmişdir” sözləri də bu hala aid edilmişdir.” Sitatın sonu. əl-Lat və əl-Uzza’nı təzim edən kafirdir, çünki onları təzim etmək yalnız ibadət məqsədi ilə ola bilər. Lakin peyğəmbərləri, mələkləri, Kəbəni, ataları, alimləri, saleh insanları ibadətdən başqa məna üçün təzim edənlərin halı fərqlidir, bunda haram olan heç bir şey yoxdur. Lakin bunlarla and içmək bu barədə gəlmiş qadağaya görə ixtilafdan asılı olaraq ya məkruhdur ya da haramdır. Hikməsi isə budur ki, əzəmətin, böyüklüyün həqiqəti yalnız Allahu Təaləyə məxsusdur, çünki Allahu Təalə deyir: “Böyüklüyüm mənim libasım, Əzəmətim mənim izarımdır.” Hətta ibadət olunan ilaha məxsus o əzəmət qəsd olunmasa belə sözlərdə başqasını Ona bənzətmək doğru deyildir. Xristianlığa və bənzəri dinlərə and içməyə gəldikdə isə bunun küfr olmasında şəkk etmirəm, çünki onu təzim etmək hansı halda olursa olsun xristianlığın haqq olmasını tələb edir, bu isə küfrdür. Lakin and içənin təvil edərək xristianlığın nəsxdən əvvəl haqq olduğu zamanını təzim etmək istədiyini söyləməsi istisnadır, bu zaman onu təkfir etmirəm, lakin bu sözün iyrəncliyi səbəbilə və sözündə küfr və zəlalət əhlinə bənzədiyi üçün onun asi olduğuna hökm edirəm. Doğrusunu Allah bilir![25]

əl-Hafiz İbn Hacər əl-Əsqalani – rahiməhullah – deyir:

Hədisin zahiri mənası budur ki, and içməyi yalnız Allah ilə məxsuslaşdırmışdır, lakin fəqihlər ittifaq ediblər ki, Allah ilə, Onun zatı və ali sifətləri ilə yəmin etmək keçərlidir. Lakin daha əvvəl zikr etdiyimiz bəzi sifətlərlə and içməkdə isə ixtilaf ediblər. Sanki “Allaha and olsun” sözü ilə qəsd olunan “Allah” sözünün xüsusiliyi deyil, Allahın zatıdır.

Lakin bundan başqa şeylərə and içməyə gəldikdə isə bu barədə qadağa sabit olmuşdur, lakin qadağa haramlılıq ifadə edirmi? Bu barədə malikilərdə iki görüş vardır ki, bunu İbn Dəqiqil-İd zikr etmişdir, lakin onlardan məşhur olan görüş bunun məkruh olmasıdır. Hənbəlilərdə də ixtilaf mövcuddur, lakin onlarda məşhur olan görüşə görə bu, haramdır. Zahirilər də bu görüş üzərində qərar veriblər. İbn Abdil-Bərr dedi: “Allahdan başqası ilə and içmək icma ilə caiz deyildir.” Bunun caiz olmasını inkar etməklə tənzih və təhrimdən də ümumi mənada olan məkruhluğu qəsd etmişdir, çünki başqa yerdə demişdir ki, “Allahdan başqasına and içməyin məkruh olmasında, qadağan olmasında və heç kəsə onunla and içməyin caiz olmamasında alimlər icma ediblər.” Şafiilərdəki mövcud ixtilafın səbəbi isə əş-Şafi’nin “Allahdan başqası ilə and içməyin masiyət olmasından qorxuram” sözləri ilə bağlıdır, çünki tərəddüd etməsindən xəbər verir. Onun əshabının (şafiilərin) çoxuna görə bu, tənzihi məkruhluq[26] ifadə edir. İmamul-Harameyn dedi: “Məzhəbin görüşü bir mənalı olaraq məkruh olmasıdır.” Ondan başqa alimlər isə bunda təfsilin olduğuna qərar veriblər; əgər Allah haqqında etiqad etdiyi təzimi and içdiyi şey haqqında da etiqad edərsə onunla and içmək haram olar və belə bir etiqad ilə kafir olar və sözü gedən hədis bu hala şamil olunmalıdır. Lakin əgər and içdiyi şeyə layiq bir təzimlə ona təzim etməyə etiqad edərsə bununla kafir olmaz, nə də yəmini keçərli sayılmaz. əl-Məvardi dedi: “Heç kəsə Allahdan başqası ilə and içməsi caiz deyildir, nə talaq, nə qul azad etmə, nə də nəzər boyuna almaqla yəmin etmək caiz deyildir. Əgər hakim kimisə bunlardan bir şeylə and içdirərsə cahilliyi səbəbi ilə vəzifəsindən endirilməsi vacibdir.[27]

Şeyx Muvaffəqud-Din İbn Qudamə - rahiməhullah – deyir:

Allahu Təalədən başqası ilə və sifətləri ilə and içmək caiz deyildir, məsələn atasına və ya Kəbəyə və ya bir səhabəyə və ya bir imama and içməsi kimi...Bir də əgər Allahdan başqasına and içmək haram deyilsə, o zaman məkruhdur. Əgər başqasına and içərsə Allahdan bağışlanma diləsin![28]

 

 

 

Bu əməlin şirk olması haqqında gələn hədisin şərhi

 

Elm əhlindən bu hədisi rəvayət edənlər hədisdə gələn “şirk” və “küfr” sözlərinin mübaliğə olduğunu və işin ağırlığını hiss etdirmək üçün deyildiyini qeyd edirlər.

əl-Hafiz Əbu İsa ət-Tirmizi – rahiməhullah – “əs-Sünən”də deyir:

Elm əhlindən bəziləri bu hədisi təfsir edərkən onun “küfr etmiş və ya şirk etmişdir” sözlərinin işin ağırlığını hiss etdirmək üçün olduğunu deyiblər. Bunun hüccəti İbn Ömərin hədisidir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – Öməri “atama and olsun, atama and olsun” deyərkən eşitdi və dedi: “Diqqət edin! Həqiqətən Allah sizə atalarınıza and içməyi qadağan edir.[29]

əl-Hafiz İbn Hacər əl-Asqalani deyir:

Onun “küfr etmişdir və ya şirk etmişdir” sözlərini işlətməsi (bu işdən) çəkindirmək üçün mübaliğə işlətmək və işin ağırlığını göstərmək üçündür, bunun haram olduğunu söyləyənlər bu hədisə əsaslanıblar.”[30]

Yəni, bu sözlərlə heç də insanı kafir və müşrik edən şirk və küfrün qəsd olunmadığını deyirlər. İmam Əbu Cafər ət-Tahavi əl-Hənəfi – rahiməhullah – deyir:

Bizə görə - doğrusunu Allah bilir – hədisdə İslamdan çıxaran şirk qəsd olunmur ki, bu əməlin sahibi İslamdan çıxmış olsun. Lakin Allahu Təalədən başqasına and içməyin doğru olmadığı qəsd edilmişdir. Kim Allahdan başqasına and içərsə and içdiyi şeyi Allahu Təalə kimi and obyekti etmişdir.  Beləliklə and içdiyi kimsə və ya and içdiyi şeyi şərik etmiş sayılır ki, bu da böyük bir şeydir. Ona görə də sahibini İslam dinindən çıxararaq Allahu Təaləyə qarşı kafir edən şirkdən başqa bir şirk ilə müşrik sayılmışdır.[31]

İmam Muhamməd bin İsmayıl əl-Buxari – rahiməhullah – “əs-Sahih”də deyir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – demişdir: “Kim Lata və Uzzaya and içərsə qoy “lə iləhə illəllah” desin!” və həmin adamı küfrə nisbət etməmişdir.” İbn Hacər – rahiməhullah - əl-Buxari’nin bu sözləri haqqında deyir: “Müəllif bu cür and içənin küfr edib etməməsi barəsində bir qərar verməmişdir, lakin onun sözünü bu cür ifadə etməsi belə birinin küfr etməməsini tələb edir, çünki “Kim Lat və Uzzaya and içərsə qoy “lə iləhə illəllah” desin!” hədisi üzərinə “həmin adamı küfrə nisbət etməmişdir” sözlərini əlavə etmişdir. Bu cür dəlil gətirməyin tam şəkili belədir ki, peyğəmbər (salləllahu aleyhi va səlləm) təkcə “lə iləhə illəllah” deməsini əmr etmişdir, əgər bu əməl küfr olsaydı şəhadəti tamamlamasını[32] əmr edərdi.[33]

Alimlərdən bəziləri isə bu hədislərin zahirinə əsaslanaraq qəsd olunan şirk və küfrün böyük şirk və küfr olduğunu deyiblər. Şeyx Suleyman bin Abdilləh bin Muhamməd bin Abdil-Vahhəb – rahiməhullah – deyir:

“(Peyğəmbərin) “küfr etmiş və ya şirk etmişdir” sözlərinə gəldikdə alimlərdən bir qrup bu sözə əsaslanaraq dedilər ki, Allahdan başqasına and içən şirk küfrü ilə küfr etmiş olur. Dedilər ki, buna görə də peyğəmbər – salləllahu aleyhi va səlləm – ona “lə iləhə illəllah” deməklə İslamını yeniləməsini əmr etmişdir, əgər bu, insanı millətdən çıxaran küfr olmasaydı ona belə bir şey əmr etməzdi.[34]

 

 

 

Bunun şirk olması haqqında gələn hədislərin sihhəti

 

Doktor Bəşər Avvad əl-Məruf ət-Tirmizi’nin “əl-Cami əl-Kəbir” kitabını təhqiq edərkən ət-Tirmizi’nin bu hədisi həsən sayması ilə bağlı deyir:

Bu cür hökm etmişdir, lakin hədisdə müəllifin izah etmədiyi gizli bir illət vardır, beləki Sad bin Ubeydə İbn Ömərin etibarlı tələbələrindən olsa da və əl-Buxari və Muslim onun İbn Ömərdən rəvayətlərini rəvayət etsələr də bu hədisi xüsusən İbn Ömərdən eşitməmişdir. Əksinə onun məclisində Kində bölgəsindən olan bir nəfərlə - rəvayətlərdən birində onu Muhamməd əl-Kindi adlandırmışdır və o, məchuldur – birlikdə olublar, sonra oradan çıxıb Said bin əl-Musəyyəb’in məclisinə getmiş və əl-Kindi hədisi İbn Ömərdən eşitmişdir. Sonra gəlmiş və Sad bin Ubeydə’yə rəvayət etmişdir, necəki bunu Mənsur bin əl-Mutəmir öz rəvayətində bəyan etmişdir. Bu dediyimizə istinad edərək ət-Tahavi “Şərhul-Muşkil”də (2/300) demişdir: “Gördük ki, Mənsur bin əl-Mutəmir bu hədisin isnadında əl-Aməş və Said bin Məsruq’un Sad bin Ubeydə’dən rəvayətində onunla İbn Ömər arasına məchul bir adamı əlavə etmişdir, bununla da hədisin isnadı fasid olur.” əl-Beyhəqi dedi: “Bu, – yəni hədis – Sad bin Ubeydə’nin İbn Ömərdən eşitmədiyi bir hədisdir.” (10/29)

İşarə olunmağa layiq olan daha bir məqam budur ki, əl-Aməş Sad bin Ubeydə’dən rəvayət edir; deyir: “İbn Ömər ilə bir dərsə halqasında idim və bir nəfəri başqa bir halqada “Xeyr, atama and olsun!” deyərkən eşitdi və İbn Ömər ona daş atdı və dedi: “Ömər də belə and içərdi və peyğəmbər – salləllahu aleyhi va səlləm – ona bunu qadağan etdi və dedi: “Bu, şirkdir.” (Əhməd bunu Vaki’dən rəvayət etmişdir. 2/58 və 60)

Bu, ya başqa bir hadisə olaraq qəbul olunmalıdır ki, bu zaman bununla və Mənsur bin əl-Mutəmir’in sənədi qopuq rəvayətinin arasını birləşdirmək olar, ya da bu, əl-Aməş’in xətaları və tədlislərindən biridir. İnşallah ikinci ehtimal daha doğrudur, çünki anlayışları gülcü olan ilk dövr nəhəng alimlər fərqli rəvayətlər olanda Mənsur’u əl-Aməş’dən üstün görüblər.[35]

Alləmə əl-Mühəddis Muqbil bin Hadi əl-Vadi – rahiməhullah –əl-Aməş’in hədisi haqqında deyir: “Bu rəvayət Mənsur’un rəvayətinə aid edilməlidir, çünki Mənsur’un rəvayətindən görünür ki, İbn Öməri eşitməmişdir, çünki iştirak etmədiyi başqa bir halqada bir nəfərdən eşitməsi mümkündür. Üstəlik Mənsur əl-Aməş’dən daha sabit, daha güclüdür və əl-Aməş müdəllisdir.” Bunu bəyan etdikdən sonra deyir: “Bil ki, hədis zəifdir.[36]

ət-Tahavi, əl-Beyhəqi kimi alimlər bu hədisin zəifliyinə işarə ediblər. Eləcədə əd-Dəraqutni illətlər haqqında yazdığı kitabında bu hədisi də qeyd etmişdir. Bununla belə hədisi ət-Tirmizi, əl-Hakim, İbn Hibban, əz-Zəhəbi, İbn Teymiyyə, Şeyx əl-Albani və başqaları səhih sayıblar.

 

 

 

Allahın məxluqata and içməsi

 

Allahu Təalə mübarək kitabında bir çox yerdə məxluqata and içmişdir. Məxluqata and içmək məkruh, haram və ya şirk olduğu halda Allahu Təalənin məxluqata and içməsini necə anlamalıyıq? İmam Əbu Abdilləh Muhamməd bin Əli bin Ömər əl-Maziri - rahiməhullah - bu barədə deyir:

Allahu Təalə demişdir: “Əncirə və zeytuna and olsun!” Bunun mənasının “Əncirin və zeytunun Rəbbinə and olsun” olduğu söylənmişdir. Ya da bununla qəsd olunan bu iki meyvədəki möhtəşəmliyə və onlarla Allahın insanlara etdiyi yaxşılığa diqqət çəkilmişdir və bununla and içmək qəsd olunmur. Əgər heç bir həzf və idmar olmadan and içmənin qəsd olunduğunu qəbul etsək belə Allahın – Subhənəhu – bu iki meyvəyə and içib bizə onlara and içməyi qadağan etməsi də uzaq bir ehtimal deyildir. Qüdrəti böyük olan Yaradanın əşyaları təzim etməsi bizim həmin əşyaları təzim etməyimiz kimi deyildir, çünki bütün haqlar Onun – Subhənəhu – haqqına münasibətdə dəyərsizdir və hər əzəmətli bir şey Allahu Təaləyə münasibətdə əhəmiyyətsizdir, çünki heç kəsin Allah üzərində haqqı yoxdur, lakin Onun hər bir şey üzərində haqqı vardır. Onun bəzi şeyləri təzim etməsi bizi onların qiyməti və dəyərindən xəbərdar etmək üçündür və yaxud da onları təzim etməklə Allaha ibadət etməyimiz üçündür və Allahın onlara and içməsi bizim onlara and içməyimiz ilə müqayisə olunmaz.[37]

 

 

 

Peyğəmbərin Allahdan başqası ilə and içməsi

 

Muslim “əs-Sahih”də rəvayət edirlər ki, bədəvi bir ərəb peyğəmbərin – salləllahu aleyhi va səlləm – yanına gəlin ondan İslam haqqında soruşdu. Allahin Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Gündüz və gecə beş vaxt namaz qılmaqdır.” Soruşdu: “Üzərimə bundan artığı düşür?” Dedi: “Xeyr, yalnız könüllü namaz qılmağın fərqlidir. Bir də Ramazan ayının orucu!” Soruşdu: “Bundan başqa üzərimdə bir şey var?” Dedi: “Xeyr, könüllü etməyin fərqlidir.” Allahın Elçisi – salləllahu aleyhi va səlləm  - ona zəkatı da xatırlatdı. Soruşdu: “Bundan başqa üzərimdə bir şey var?” Dedi: “Xeyr, könüllü etməyin istisnadır.” Dedi: Həmin adam “Allaha and olsun ki, nə bundan artıq, nə də az etməyəcəm” deyərək dönüb getdi. Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Atasına and olsun ki, doğru söyləsə qurtulacaq!”[38]

Yenə bir başqa hədisdə “bir adam peyğəmbərə - salləllahu aleyhi va səlləm - gələrək “Hansı sədəqənin savabı daha böyükdür?” deyə soruşdu. Pehttp://favaid.com/#_ftn12yğəmbər – salləllahu aleyhi va səlləm –  buyurdu: “Atana and olsun ki, bundan xəbərdar olacaqsan: Savabı ən böyük olan sədəqə, sağlam və ehtiraslı olduğun, kasıblıqdan qorxduğun və yaşamağı ümid etdiyin bir halda verdiyin sədəqədir”[39]

Bu hədislərə alimlər müxtəlif yönlərdən cavab veriblər. Bu cavabları belə tərtib edə bilərik:

Birinci: əl-Hafiz İbn Abdil-Bərr – rahiməhullah – bu  ləfzin münkər olduğunu deyir, ona görə bu hədislər səhih hədislərə ziddir və onun üçün şaz olduğunu demişdir. Bunu eləcədə müasirlərdən Şeyx əl-Albani, Şeyx Abdullah əs-Sad, Şeyx Suleyman əl-Ulvan və digərləri inkar ediblər. Lakin əl-Qurtubi və digər böyük imamlar buna etiraz edərək hədisin səhih”p/p olduğunu deyiblər.

İkinci: Digərləri isə hədisin səhih olduğunu qəbul ediblər, lakin bunun ravilərin xətası ola biləcəyini deyiblər. Çünki “Allah” sözü ilə “Əbihi” (atası) sözləri arasında yazıda oxşarlıq mövcuddur. əl-Hafiz İbn Hacər – rahiməhullah - bu hədisdə xətanın olması haqqındakı görüşə münasibətdə deyir: “Belə bir ehtimal mövcuddur, lakin belə bir şey ehtimalla isbat olunmaz.[40]

Üçüncü: Alimlərdən bir çoxu bunun yalnız peyğəmbərə - salləllahu aleyhi va səlləm – xas olduğuna deyiblər. Lakin əl-Hafiz İbn Hacər bu cür şeylərin də ehtimal ilə sabit olmadığını demişdir, yəni bu görüş də zəifdir.

Dördüncü: Bəzi alimlərə görə sözdə qəsdən düşürülmə olmuşdur ki, bunun təqdiri “Atasının Rəbbinə and olsun ki, əgər doğru söyləsə qurtulacaq!” olmalıdır. Bu görüş də tənqid olunmuşdur.

Beşinci: Bəzi alimlərə görə ərəblər and içmə üslubunu iki məqsəd üçün istifadə edirlər. Birinci məqsəd təqrir və təkid üçündür, ikinci məqsəd isə təzim üçündür. Peyğəmbərin – salləllahu aleyhi va səlləm – dediyi söz birinci məqsəd üçündür, şəriət isə təzim üçün edilən andları qadağan etmişdir. Bu görüş İbnul-Əsir, əl-Baydavi və başqaları tərəfindən dəstək görmüşdür. əl-Hafiz İbn Hacər deyir: “Bu cavab onunla tənqid oluna bilər ki, Ömərin hədisindəki məzmunun zahiri göstərir ki, Ömər bu məqsədlə and içirdi, çünki bəzi yollarla gəlmiş rəvayətdə deyir: “Xeyr, atama and olsun! Xeyr, atama and olsun!”  və ona “And içmə!” deyildi. Əgər (onun sözləri) and içmə şəklində gəlməsəydi, qadağa məzmuna uyğun düşməzdi.[41]

Altıncı: Başqa görüşə görə bu daha əvvəl caiz idi, lakin sonra nəsx olunmuşdur. Bunu əl-Məvardi söyləmişdir. əs-Subki deyir ki, bu görüş hədisi şərh edənlərdən əksəriyətin görüşüdür. əs-Suheyli bu görüşü zəif saymışdır və onun sözləri qarşıda gələcək. əl-Munziri isə deyir: “Nəsx iddiası zəifdir, çünki dəlillərin arasını birləşirmək mümkündür və üstəlik hansının nə vaxtı baş verdiyi bilinmir.[42]

Yeddinci: Şeyx Əbu Amr Osman bin Abdir-Rahmən əl-Kurdi əş-Şəhrəzuri İbn Salah – rahiməhullah - deyir:

Onun digər rəvayətdə “Atasına and olsun ki, doğru söyləsə qurtulacaq” şəklindəki sözləri, sadəcə olaraq ərəblərin arasında mövcud olan bir adətdir ki, onlar sözlərini bu cür başlayarlar və bununla həqiqi and içməyi qəsd etmirlər. Doğrusunu Allah bilir![43]

Bu, əl-Beyhəqi, ər-Rafi’inin “əş-Şərh əl-Kəbir”də, əl-Bəğavi’nin “Şərhus-Sunnə”də[44], ən-Nəvəvi[45] və bir çox digər alimlərin üstünlük verdikləri təvildir. əl-Hafiz İbn Hacər də son iki görüşü güclü saymışdır.

Bu barədə sonda məşhur nəhv alimi, mühəddis İmam Əbul-Qasim Abdur-Rahmən bin əl-Xatib əs-Suheyli’nin[46] – rahiməhullah – sözləri ilə son qoymaq istəyirik. O, deyir: “Necəki onlar (ərəblər) and içmək üçün uyğun olmayan bir məqamda, təəccüb bildirmək və işin böyüklüyünə diqqət çəkmək üçün and içiblər və buna misal olaraq İsmayıl bin Cafərin rəvayət etdiyi bədəvi ərəbin hədisindəki peyğəmbərin – aleyhissələm – sözlərini göstərmək olar: “Atasına and olsun ki, doğru söyləsə qurtulmuşdur.” Peyğəmbərin – salləllahu aleyhi va səlləm – Allahdan – Tabərakə va Təalə - başqası ilə, xüsusilə də küfr üzərində ölmüş bir nəfər ilə and içməyi qəsd etməsi imkansızdır. Onun bu sözü sadəcə olaraq bədəvinin sözünə təəccüb etməsinin əlamətidir ki, insanı təəvvübləndirən şey həmişə istizam olunar və and kəliməsi (ərəb dilində) ilk dəfə təzim olunan bir şey üçün istifadə olunmuşdur. Daha sonra istifadəsi o qədər genişlənmişdir ki, hətta bu cür hallarda da istifadə olunmağa başlanmışdır. Şair deyir:

فإن تك ليلى استودعتني أمانة...فلا وأبي أعدائها لا أخونها

Leyla mənə bir əmanət tapşırmış olsa,

Düşmənlərinin atasına and olsun ki, ona xəyanət etmərəm!

O, düşmənlərinin atasına and içməyi qəsd etmir, bu sadəcə olaraq təəccübün bir növüdür. Hədisi şərh edənlərin çoxu “atasına and olsun ki, qurtulacaq” sözlərində nəsxin olduğunu söyləyiblər. Deyirlər ki, onun – aleyhissələm – “Atalarınıza and içməyin!” sözləri bu sözlərini nəsx etmişdir. Lakin bu görüş səhih deyildir, çünki peyğəmbərin – salləllahu aleyhi va səlləm – nəsxdən əvvəl Allahdan başqasına, kafirlərdən bir qövmə and içməsi sabit deyildir. Belə bir şey peyğəmbərin – salləllahu aleyhi va səlləm – xarakterindən nə qədər də uzaq bir şeydir. Allaha and olsun ki, belə bir şeyi heç bir zaman etməmişdir və ona yaraşan bir əxlaq deyildir.

Alimlərdən bir qrup İsmayıl bin Cafərin rəvayətində səhv olduğunu deyiblər; “Allaha and olsun ki, əgər doğru söyləsə qurtulmuşdur”[47]şəklində olmalıdır. Bu görüş də inkar olunan bir görüşdür və hifz etdiklərində sabit və adil olan ravilərə qarşı bir etirazdır. Muslim “əz-zəkat” kitabında peyğəmbərin – aleyhissələm – ondan “hansı sədəqə ən əfzəldir?” deyərək sual verən kişiyə dediyi sözləri rəvayət etmişdir; dedi: “Atana and olsun ki, sənə bildirəcəm və ya sənə xəbər edəcəm!” Sonra hədisi zikr etmişdir.”əl-Birr vas-Silə” (Xeyirxahlıq və xoş münasibət)kitabında “xeyirxahlıq etməyimə və ya xoş münasibət göstərməyimə ən layiqli kimsə kimdir?” sualını vermiş kimsəyə söylədiyi sözlərini rəvayət etmişdir; dedi: “Atana and olsun ki, sənə bildirəcəm! Anana qarşı xoş münasibət göstər, sonra atana qarşı və sonra  sənə yaxın olan kimsələrə!” Bu hədislərdə gördüyün kimi “atana and olsun” demişdir. O zaman görünür ki, İsmayıl bin Cafər öz rəvayətində nə axmaq bir şey, nə də yeni bir söz söyləməmişdir. Ölkəmizin alimlərindən və ən böyük mühəddislərindən olan bir nəfər[48] onu (İsmayıl bin Cafəri) rəvayətinə görə tənqid etmiş və daha əvvəl qeyd etdiyimiz o iki hədisdən qafil qalmışdır, Allah onu bağışlasın! Hər iki hədisi də Muslim bin əl-Həccac rəvayət etmişdir. Əbu Davudun kitabındakı iman babında açdığı başlıqlardan biri ona dəlalət edir ki, Əbu Davud bunun nəsx olunması və (daha əvvəl) atalara and içməyin caiz olması görüşünü mənimsəmişdir. Bizim dediyimiz isə budur ki, daha əvvəl qeyd olunduğu kimi bu cür sözlər atalara and içmə növündən deyildir və hədisdə “atama and olsun” deməmişdir, sadəcə olaraq ikinci və üçüncü şəxs əvəzliklərinə izafə olaraq “atasına” və ya “atana and olsun” demişdir və bu şərt ilə and içmə mənasından çıxaraq bizim qeyd etdiyimiz təəccüb mənasına daxil olmuşdur.[49]

Va salləllahu alə nəbiyyinə Muhammədin va alə Əlihi va sahbihi əcməin!

 


[1] əl-Buxari, 9/174 (2482); Muslim, 8/436 (3105)

[2] Əhməd (2/34, 86), Əbu Davud (3/570), ət-Tirmizi (5/253), İbn Hibban (1177), əl-Hakim (1/18, 4/297)

[3] Abdurrazzaq (8/469), ət-Tabərani, “əl-Kəbir”, (8902)

[4] “əl-Mufhim limə Əşkələ min Təlxisi Kitəbi Muslim”, 4/621; Daru İbn Kəsir və Darul-Kəlimit-Tayyib, Dəməşq, birinci nəşr: 1417/1996

[5] “Sahih Muslim bi Şərhin-Nəvəvi”, 11/105; əl-Mətbəə əl-Misriyyə bil-Əzhar, birinci nəşr: 1349/1930

[6] İbn Hacər, “Fəthul-Bari bi Şərh Sahihil-Buxari”, 15/274; Daru Tibə, Riyad, birinci nəşr: 1426/2005

[7] İbn Abidin, “Raddul-Muhtar aləd-Durril-Muxtar Şərhi Tənviril-Əbsar”, 5/473-474; Daru Aləmil-Kutub, Riyad, xüsusi nəşr: 1423/2003

[8] Yəni, Allah və onun sifətlərindən başqası ilə

[9] “Məvahibul-Cəlil li Şərh Muxtəsari Xalil”, 4/403-404; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1416/1995

[10] əl-Xaraşi, “Şərh Muxtəsar Xalil”, 3/53; əl-Mətbəə əl-Kubra əl-Əmiriyyə, Bulaq, Misir, ikinci nəşr: hicri 1317-ci il.

[11] Eyni məsdər; Bulaq nəşrində əl-Xaraşi’nin şərhi ilə birlikdə əl-Adəvi’nin bu şərhə yazdığı haşiyəsi də çap olunmuşdur. əl-Adəvinin sözlərini orda oxumaq olar.

[12] Bununla İmam əl-Ğazalini qəsd edir.

[13] ər-Rafi’i, “əl-Aziz Şərhul-Vaciz”, 12/235; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1417/1997

[14] “Muğnil-Muhtəc ilə Marifəti Məani Əlfəzil-Minhəc”, 4/431

[15] Yəni, hənbəli alimlərinin çoxuna görə.

[16] “Muntəhə əl-İradət fi Cəmil-Muqni məat-Tənqih va Ziyadət”, 5/214; Muəssəsə ər-Risalə, Beyrut, birinci nəşr: 1419/1999

[17] “Dəqaiqu Ulin-Nuhə li Şərhil-Muntəhə”, 6/375; Muəssəsə ər-Risalə, Beyrut, birinci nəşr: 1421/2000

[18] ər-Ruheybani, “Mətalibu Ulin-Nuhə fi Şərhi Ğayətil-Muntəhə”, 6/364: Mənşurat əl-Məktəbil-İsləmi bi Diməşq, birinci nəşr: 1381/1961

[19] “əl-Mufhim” kitabının Almaniyadakı nüsxəsində əlyazmada bu sözlə bağlı haşiyə verilmişdir. Haşiyədə deyilir: “əd-Dumə, “dumyə” sözünün cəmidir və bu, büt anlamına gəlir. Bunu əl-Cəvhəri demişdir.”

[20] “əl-Mufhim limə Əşkələ min Təlxisi Kitəbi Muslim”, 4/621-622; Daru İbn Kəsir və Darul-Kəlimit-Tayyib, Dəməşq, birinci nəşr: 1417/1996

[21] Yəni, şafi’i məzhəbindəki məşhur görüşə görə qadağa haramlılıq ifadə etməz, lakin tənzih ifadə edən məkruhluq vardır, bu isə harama yaxın deyil, halala yaxın məkruhluqdur.

[22] Yəni Şeyx İbn Daqiqil-İd;bax: “İhkəmul-Əhkəm”, 4/394

[23] “əl-İləm bi Fəvaidi Umdətil-Əhkəm”, 9/256-257; Darul-Asimə, Riyad, birinci nəşr: 1417/1997

[24] Şeyx Valiyyud-Din Əbu Zura əl-İraqi’nin atası məşhur alim, imam, hafiz Zeynud-Din Əbul-Fadl Abdur-Rahim bin əl-Hüseyn əl-İraqidir. Hicri 725-ci ildə doğulub. Oğlu Valiyyud-Din Əbu Zura üçün hədisləri öyrətmək və hifzini asanlaşdırmaq üçün “Təqribul-Əsənid va Tərtibul-Məsənid” adlı kitab yazmış və hədislərin isnadları ilə mətnlərini asan üsuldə tərtib etmiş, fiqh bablarına görə ayırmışdır. Kitabın bir hissəsini şərh edir, lakin hicri 806-cı ildə vəfat edir. Daha sonra oğlu kitabı gözəl şəkildə şərh etməyə davam etmiş və bu şərhini hicri 818-ci ildə tamamlamışdır. Oğlu Şeyx Valiyyud-Din hicri 762-ci ildə doğulmuş və 826-cı ildə vəfat etmişdir. Allah hər ikisinə də rəhmət etsin.

[25] “Tarhut-Təsrib fi Şərhit-Təqrib”, 7/142-143; Daru İhyə ət-Turasil-Arabi, Beyrut; 7/133; Darul-Kutubil-İlmiyyə, Beyrut, 2000

[26] Yəni halala yaxın məkruh qəsd olunur. Çünki məkruh iki növdür. Məkruhu təhrimi və məkruh tənzihi. Birinci məkruh harama yaxın olduğu halda və ya haramla eyni olduğu halda, ikinci məkruh halala yaxındır.

[27] İbn Hacər, “Fəthul-Bari bi Şərh Sahihil-Buxari”, 15/274-275; Daru Tibə, Riyad, birinci nəşr: 1426/2005

[28] İbn Qudamə, “əl-Muğni”, 13/436-438; Daru Aləmil-Kutub, Riyad, üçüncü nəşr: 1417/1997

[29] ət-Tirmizi, “əl-Cami əl-Kəbir”, 3/196 (1535); Darul-Ğarbil-İsləmi, birinci nəşr, miladi 1996. Doktor Bəşər Avvad əl-Mərufun təhqiqi ilə.

[30] İbn Hacər, “Fəthul-Bari bi Şərh Sahihil-Buxari”, 15/274; Daru Tibə, Riyad, birinci nəşr: 1426/2005

[31] ət-Tahavi, “Şərh Muşkilil-Əsər”, 2/297-298; Muəssəsətur-Risalə, Beyrut, birinci nəşr: 1415/1994

[32] Yəni “Muhammədun Rasulullah” deməsini tələb edərdi, çünki əgər küfr olsaydı, həmin adamın küfrdən qurtulması üçün şəhadəti tam deməsi lazımdır.

[33] İbn Hacər, “Fəthul-Bari bi Şərh Sahihil-Buxari”, 15/285; Daru Tibə, Riyad, birinci nəşr: 1426/2005

[34] “Təysirul-Azizil-Hamid fi Şərh Kitəbit-Təvhid”, 2/1022-1023; Darus-Səmii, Riyad, birinci nəşr: 1428/2007

[35] “əl-Cami əl-Kəbir”, 3/195 (1535); Darul-Ğarbil-İsləmi, birinci nəşr, miladi 1996.

[36] “Əhədis Muallə Zahiruhə əs-Sihhə”, rəq: 265

[37] “əl-Mulim bi Fəvaidi Muslim”, 2/366; əd-Dar ət-Tunisiyyə, Tunis, ikinci nəşr: miladi 1988

[38] Muslim, 1/150

[39] Muslim, 2/8

[40] İbn Hacər, “Fəthul-Bari bi Şərh Sahihil-Buxari”, 15/278; Daru Tibə, Riyad, birinci nəşr: 1426/2005

[41] “Fəthul-Bari bi Şərh Sahih əl-Buxari”, 15/279; Daru Tibə, birinci nəşr: 1426/2005

[42] “Fəthul-Bari bi Şərh Sahih əl-Buxari”, 15/279; Daru Tibə, birinci nəşr: 1426/2005

[43] “Siyanətu Sahih Muslim minəl-İxlət val-Ğalət va Himayətuhu minəl-İsqət vas-Saqət”, səh: 140; Darul-Ğarbil-İsləmi, Beyrut, ikinci nəşr: hicri 1408

[44] Bax: “Şərhus-Sunnə”, 6/10

[45] Bax: “əl-Minhəc Şərh Sahih Muslim bin əl-Həccəc”, 11/105; əl-Mətbəə əl-Misriyyə bil-Əzhər, birinci nəşr: 1349/1930

[46] əs-Suheyli məşhur ərəb dili alimlərindən biridir, eyni zamanda böyük bir mühəddisdir. Hicri 508-ci ildə İspaniyada Malaqa şəhərində doğulmuşdur. Maliki alimlərindəndir. 17 yaşında kor olmuşdur. Lüğət, hədis, fiqh, sira, bir sözlə İslam elmlərinin hamısında bir imam olmuşdur. Daha sonra Mərakeşə köçmüş və orada qazi olmuşdur və orada hicri 581-ci ildə vəfat etmişdir. “ər-Ravdul-Unuf” kitabı İbn Hişamın sirasına yazılmış şərhdir.

[47] Yəni ərəb dilində “والله” sözü xəta olaraq "وأبيه" sözü ilə səhv salınmışdır və nəticədə həmin ravidən rəvayət edənlər rəvayəti o şəkildə rəvayət ediblər. Lakin gördüyünüz kimi əs-Suheyli bu iddianı qəbul etmir, ona görə hədisi rəvayət edənlər belə bəsit bir xəta etməyəcək qədər sabit və adil ravilərdir.

[48] Çox ehtimal ki, bununla əl-Hafiz ibn Abdil-Bərr’i qəsd edir və hər iki alimin vətəni Əndəlus torpaqları olmuşdur.

[49] ”ər-Ravdul-Unufu fi Şərhis-Siratin-Nəbəviyyəti li İbn Hişəm”, 6/548-549; Darul-Kutubil-İsləmiyyə, birinci nəşr: 1387/1967

 

Aktual Mövzular