Borcun vacibliyi haqqında

Borcla bağlı bilməmiz vacib olan bəzi məsələlər vardır.

Birincisi:

“əl-Məusuə əl-Fiqhiyyə”də[1] qeyd edildiyi kimi fəqihlər “deyn”i (borcu), ödənməsi vacib olan bir şey kimi müəyyən ediblər. Ərəb dilində “deyn” (borc) sözünün lüğəvi mənası “tabeçilik” və “alçaldılmaq” mənasını verir. Şəri və lüğəvi mənalar arasında bağlılıq aydındır. Borc alan məhkumdur, belə ki, Rasulullah - səllallahu əleyhi və səlləm - demişdir: “Sizin yoldaşınız öz borcu tərəfindən həbs edilir.”[2]

 

İkincisi:

İslam borc məsələsinə çox ciddi yanaşır; buna qarşı xəbərdarlıq edir və müsəlmanı bundan bacardıqca çox çəkinməyə çağırır.

Aişə anamızdan - Allah ondan razı olsun - rəvayət olunur ki, Rəsulullah - səllallahu əleyhi və səlləm - namazda belə deyərdi: “Ey Allah, günahlardan və ağır borcdan Sənə sığınıram”. Birisi ona dedi: “Ağır borcdan çox pənah soruşursan!” Rəsulullah - səllallahu əleyhi və səlləm - belə cavab verdi: “Bir adam borca girəndə danışır və yalan söyləyir, söz verir və buna əməl eləmir”.[3]

Nəsai[4] rəvayət edir ki, Muhəmməd ibn Cəhş - Allah ondan razı olsun - dedi:

Biz Allah Rəsulu - səllallahu əleyhi və səlləm - ilə bir yerdə oturanda O - səllallahu əleyhi və səlləm - başını göyə qaldırdı, sonra ovcunu alnına qoydu və dedi: “Sübhənəllah! Mənə necə də ağır məsələ nazil oldu!” Biz sakit durduq və qorxduq. Sabahsı səhər mən ondan soruşdum: “Ey Allahın Rəsulu, sizə nazil olan ağır məsələ nə idi?” O dedi: “Nəfsim əlində olana and olsun ki, əgər bir adam Allah yolunda döyüş meydanında öldürülsə, sonra dirildilsə, sonra öldürülsə və yenə dirildilsə, sonra öldürülsə və onun borcu olsa, borcu ödənməyincə cənnətə girməyəcək.[5]

Rəsulullah - səllallahu əleyhi və səlləm - iki dinar borcu olaraq ölən bir kişinin cənazəsini qılmaqdan imtina eləmişdi və yalnız Abu Qatada - Allah ondan razı olsun - onu ödəyəcəyini söz verəndən sonra cənazəni qılmışdı. O, sabahsı borcu ödədiyini deyəndə Allah Rəsulu - səllallahu əleyhi və səlləm - dedi: “İndi onun dərisi onun üçün sərinlədi.[6]

əl-Hafiz ibn Həcər - Allah ona rəhm etsin – “Fəth əl-Bari”də dedi:

Bu hədis göstərir ki, borc necə çətin bir məsələdir və vacib olmasa onu götürmək olmaz.[7]

Səvbandan - Allah ondan razı olsun - rəvayət olunur ki, Allah Rəsulu - səllallahu əleyhi və səlləm - demişdir:

Bu üç şeydən azad ölən adam cənnətə girəcək: təkəbbür, aldatmaq və borc.[8]

Rəvayət olunur ki, Əbu Hureyra - Allah ondan razı olsun - demişdir: Allah Rəsulu - səllallahu əleyhi və səlləm - dedi:

Möminin ruhu borcu ödənməyənə qədər asılı vəziyyətdə olur.[9]

Şeyx Abdurrahmən əl-Mübarakfuri “Tuhfatul-Əhvazi”də deyir:

Möminin ruhu asılı vəziyyətdə olur” sözü haqqında əs-Suyuti dedi: o, həbs olunur və öz mübarək məqamına yetişməsindən saxlanılır. əl-İraqi dedi ki, onun borcunun ödənib ödənməməsi müəyyən olunana qədər həmən ruhun xilas olması, yaxud da həlak olması barədə heç bir hökm verilmir.[10]

Həmçinin rəvayət olunur ki, sələfdən bir çoxu borca qarşı xəbərdarlıq edib:

Rəvayət olunur ki, Ömər ibn əl- Xattab - Allah ondan razı olsun - demişdir:

Borcdan ehtiyatli olun, belə ki, o, (borc) narahatlıq ilə başlayır və müharibə ilə qurtarır.[11]

Abdur-Razzaqın “əl-Musannəf” kitabında deyilir:

İbn Ömər - Allah ondan razı olsun - dedi:

Ey Humran, Allahdan qorx və borclu halda ölmə, hər necə olsa da dinar və dirhəmlər olmayanda sənin yaxşı əməllərindən götürüləcək.[12]

Üçüncüsü:

Borc barəsində bu sərt xəbərdarlıqlar yalnız borcun həm fərd, həm də cəmiyyət səviyyəsində səbəb olduğu mənfi nəticələrə görədir.

Fərdi səviyyə barəsində əl-Qurtubi “əl-Cami li Əhkamil-Quran”da[13] deyir:

Bizim alimlər dedi: Bu, biabırçılıq və alçaldılmaqdır, çünki o, ağlı məşğul edir və insanı onu ödəmək üçün narahat olmağa məcbur edir, həmçinin borclu olan borc verənlə görüşəndə özünü alçaldılmış hiss etməsinə səbəb olur və elə bir hiss keçirir ki, sanki borcun ödənməsinin vaxtını uzatmaqla ona iltifat edir. Ola bilsin ki, o, özünə borcun ödənməsini söz versin, sonra isə bunu pozsun, yaxud da borc verənlə danışsın və yalan desin, ya da ki, and içsin sonra isə andını pozsun və s. Bundan başqa o (borc alan), borcunu ödəmədən ölə bilər və beləliklə o, buna görə girov saxlanılacaq, çünki Allah Rəsulu (səllallahu əleyhi və səlləm) demişdir: “Möminin ruhu ödənməyənə qədər öz borcu tərəfindən qəbirdə girov saxlanılır.[14] Bütün bunlar adamın dini vəzifələrini sarsıdır.

Cəmiyyət səviyyəsində olan mənfiliklərə gəldikdə isə, mütəxəssislər bunun iqtisadiyyata verdiyi mənfi nəticələri və təhlükələrini yazmışlar, məslən:

  1. Gələcəyi düşünmədən dərhal zövq almaq istəyi.
  2. Məsuliyyət hissinin azlığı və özünə arxayınlığın çoxluğu
  3. Var-dövlətin pis paylanması

Bu mənfi nəticələri daha yaxşı başa düşmək üçün Şeyx Saami əl-Suvaylim’in “Məuqif əl-Şəriatil-İslamiyyəh min əd-Deyn” (6-11) adlı əsərini oxuyun.

Dördüncüsü:

Yuxarıdakılara əsaslanaraq alimlər borc almağın icazəli olması üçün 3 şərt qoymuşlar:

  1. Borc alan borcu qaytarmaq üçün qəti qərarlı olmalıdır.
  2. Bilinməlidir ki, yaxud da böyük ehtimalla bilinməlidir ki, borc alanın bunu qaytarmaq imkanı, gücü var.
  3. Borc şəriətə uyğun bir şey üçün alınmalıdır.

İbn Abdul-Bərr “əl-Təmhid”də[15] deyir:

İnsanın cənnətə girməsinə yol verməyən borc - Allah daha yaxşı bilir - elə bir borcdur ki, borc alan özündən sonra onu ödəmək üçün kifayət qədər mal qoymuşdur, lakin onu ödəmək üçün heç bir təlimat qoymamışdır, yaxud da borc alanın borcu ödəməyə gücü çatırdı, lakin bunu etməmişdir, yainki borc qeyri-qanuni və ya israf olan bir şey üçün alınmışdır və borc alan bunu ödəmədən ölmüşdür.

Kasıb olduğuna görə qanuni bir məsələ üçün borc alan və onu ödəmək üçün öləndən sonra heç bir mal buraxmayan kəsə gəldikdə isə Allah onu bu səbəblə cənnətdən saxlamayacaq, inşaAllah.

Beşincisi:

İnsanın öz üzərinə borcu götürməsi və öz vəzifəsini yerinə yetirərək qohumlara yaşamaq xərclərini ödəməyə kömək etməyi çox gözəl əməldir. Unutmayaq ki, O, sizə bu borcunuzu ödəməyə kömək edəcək. Allah Rəsulu - səllallahu əleyhi və səlləm - demişdir: “İnsanların malından onu qaytarmaq niyyəti ilə götürən adam üçün Allah onun borcunu qaytaracaq, malı dağıtmaq niyyəti ilə götürəni bu əməlinə görə Allah onun özünü məhv edəcək.[16]

Sünnətdə bir çox dualar var ki, məhz borcun ödənməsini Allahdan istəmək üçündür. Onlar aşağıdakılardır:

  1. Rəvayət olunur ki, Suheyl dedi: Əbu Salih bizə deyərdi ki, bizlərdən biri yatmaq istədikdə sağ tərəfinə uzanıb bunları deyərdi:

Yeddi qat səmanın, uca ərşin Rəbbi, bizim Rəbbimiz, hər şeyin Rəbbi, toxum və çəyirdəyi yaradan, Tövratı, İncili və Furqanı endirən Allahım! Alnından tuttuğun hər şeyin şərrindən sənə sığınıram. Allahım, sən Əvvəlsən, səndən əvvəl heç nə yoxdur. Sən Axırsan səndən sonra heç nə yoxdur. Sən Zahirsən səndən üstdə heç nə yoxdur. Sən Batinsən səndən yaxın heç nə yoxdur. Bizdən borcumuzu apar və bizi kasıblıqdan qurtar.

O, bunu Abu Hureyradan və Allah Rəsulundan - səllallahu əleyhi və səlləm - rəvayət edir.[17]

  1. Əlidən - Allah ondan razı olsun - rəvayət olunur ki, bir mukatib (azad olmaq üçün pul qarşılığında sahibi ilə razılaşmış qul) onun yanına gəldi və dedi: “Mən azad olunmaq haqqını ödəyə bilmirəm, mənə kömək et.” O, dedi:" Allahın Rəsulunun - səllallahu əleyhi və səlləm - mənə öyrətdiyi bəzi sözləri sənə deyimmi? Əgər Sir dağı qədər borcun varsa Allah onu sənin üçün ödəyəcək. O, dedi: “De: Allahım, Halalından verərək məni haramına möhtac etmə. Və ehsanınla məni başqalarına möhtac olmaqdan azad elə.” ət-Tirmizi rəvayət etmiş[18] və demişdir ki, həsən qərib hədisdir. Həmçinin Şeyx əl-Albani “Səhih ət-Tirmizi”də həsən demişdir.
  2. Əbu Səid əl-Xudri’dən rəvayət olunur:

Allahın Rəsulu - səllallahu əleyhi və səlləm - məscidə girdi və ənsarlardan Əbu Umamə adlı bir kişini gördü. O, dedi: “Ey Əbu Umamə, nə üçün səni məsciddə namaz vaxtı olmayanda oturan görürəm?” Dedi: “Sıxıntı və borc, ey Allahın Rəsulu.” Allah Rəsulu -səllallahu əleyhi və səlləm - dedi: “Sənə bəzi sözlər öyrədimmi ki, onları deyəndə Allah səndən sıxıntını götürəcək və borclarını sənin üçün qaytaracaq?” Dedi: “Bəli, ey Allahın Rəsulu.” O dedi: “Səhər və axşam de: “Allahım, kədər və hüzndən, acizlik və tənbəllikdən, xəsislik və qorxaqlıqdan, borcun belimi bükməsindən və inslanmarın mənə qalib gəlməsindən Sənə sığınıram.”

O, dedi: “Bunu etdim və Allah məndən sıxıntını götürdü və borclarımı qaytardı.” Əbu Davud rəvayət etmişdir.[19] İsnadında Ğassan bin Auf adlı ravi var; əl-Zəhəbi dedi: “o, güclü deyildir.” Buna görə Şeyx əl-Albani hədisə “Daifu Əbi Davud”da zəif demişdir. Lakin, dua özü Səhiheyndə Abu Umamə’nin hadisəsi olmadan rəvayət edilmişdir.

Ən yaxşısını Allah bilir!

 

Babək Abdullah

Məqalənin hazırlanmasında Şeyx əl-Münəccidin səhifəsindən istifadə olunmuşdur.

 

 


[1] “əl-Məusuə əl-Fiqhiyyə”də, 21\102

[2] Əbu Davud, 3341; Şeyx əl-Albani “Səhih Əbi Davud”da həsən demişdir

[3] Buxari (832) və Muslim (589) rəvayət etmişdir.

[4] ən-Nəsai, (4605)

[5] Şeyx Albani “Səhih ən-Nəsai”də (4367) həsən demişdir.

[6] “Müsnəd Əhməd”, 3/629; ən-Nəvəvi “əl-Xaləs”də (2/931); İbn Muflih “əl-Ədəb əl -Şəriyyə”də (1/104) həsən deyir.

[7] “Fəth əl-Bari”, 4/547

[8] ət-Tirmizi (1572); Şeyx Albani “Səhih əl-Tirmizi”də səhih demişdir.

[9] ət-Tirmizi, (1078)

[10] “Tuhfatul-Əhvazi”, 4/164

[11] Malik - rahiməhullah – “əl-Muvatta”da (2/770) rəvayət edib.

[12] “əl-Musannəf”, 3/57

[13] “əl-Cami li Əhkamil-Quran”, 3/417

[14] ət-Tirmizi, (1078)

[15]“ət-Təmhid”, 23/238

[16] əl-Buxari, (2387)

[17] Muslim, (2713)

[18] ət-Tirmizi (2563)

[19] Əbu Davud, (1555)

 

div align=

Aktual Mövzular