İnsan təbiəti

Bəzən səmimi bir müsəlman qardaşım öz günahlarından şikayət edib durar və öz halına çox təəccüblənər. İmanının o qədər zəif vaxtları olur ki, çox təhlükəli bir vəziyyətə qədər gəlib çıxa bilir. Şeytan isə bundan istifadə edərək ona belə bir sual verir: “Bəlkə sən münafiqsən?” Rəbbinə iman gətirdiyini iddia etdiyin halda ona bu qədər asi olmaq olarmı?! Məsciddə və müsəlmanların yanında özünü bir cür aparırsan, lakin şeytanlarınla tək başına qaldıqda imanından bir əsər görünmür.

 

Belə bir hal çox zaman müsəlmanın insan nəfsi haqqında anlayışı olmadıqda ortaya çıxır. İnsan nəfsi barədə böyük hənbəli alimi İbnul-Cəvzi – rahiməhullah – deyir: “Moizələri eşitdikdə qulaq asan kəslər bəzən ayılırlar, lakin zikr məclisindən ayrıldıqda isə qəlbin sərtliyi və qəflət yenidən geri qayıdır. Bunun səbəbi barəsində düşündüm və həmən anladım.

Sonra gördüm ki, insanlar bunda bir-birilərindən fərqlənirlər, adi insan kütləsinin qəlbi moizə eşidərkən və daha sonra eyni şəkildə oyaq deyildir və bunun iki səbəbi var:

Birinci: Moizələr qamçı kimidir və qamçı, vurmağı dayandırdıqdan sonra vücuda dəydiyi vaxt verdiyi ağrı qədər ağrı vermir.

İkinci: İnsan moziləri eşidərkən güclü motiv üzərində olur, cismi və düşüncəsi dünya səbəblərindən azad olur, tam qəlbi ilə orada olur. Əgər dünya məşğuliyyətlərinə geri qayıdarsa bu məşğuliyyətlər dünyanın bütün xəstəliklərini də özü ilə gətirər, o zaman daha əvvəlki halında necə qala bilər axı?!

Bu hal bütün insanlara aiddir, lakin ayıq olanlar da ayıqlığın effektinin qalmasında bir-birilərindən fərqlənirlər.

Onlardan elələri var ki, çox qərarlıdırlar, tərəddüd etməzlər, geriyə baxmadan gəlib keçər, əgər durarsa təbiət öz işini görər, üstünlüyü ələ alar, necəki Hanzala öz nəfsi haqqında deyərdi: “Hanzala nifaq etdi!” Onların arasında isə elə kəslər var ki, təbiətləri bəzən qafilliyə meyl edir, bəzən isə daha əvvəl dinlədikləri moizələr ilə əməl etməyə çağırır. Onlar küləyin ora bura əsdirdiyi sünbüllər kimidir. Elələri də var ki, yalnız eşitdikləri miqdarda təsirlənərlər, sanki qaya üzərindən axan su kimidirlər.

İnsan nəfsini dünyaya çəkən cazibələri çoxdur, üstəlik bu, insanın öz daxilindən gəlir, amma Axirəti xatirlamaq isə insan təbiətindən kənarda olan bir işdir. Ola bilsin ki, elmsiz biri Qurandakı təhdidləri eşitdiyi üçün elə zənn etsin ki, Axirətin cazibəsi daha güclüdür. Lakin bu, belə deyildir, çünki nəfsin dünyaya meyl edişi axan suya bənzəyir və su həmişə aşağı doğru hərəkət etməyə tabedir, suyun yuxarı qaldırılması üçün əlavə əməyə ehtiyac var.

Ona görə də sanki artizan alətinin qolu kimi bu işi görən tərğib və tərhib[1] olacaqdır və bununla əqlin qoşunu güclənmiş olur. Amma insan təbiətinə gəldikdə isə onu dünyaya cəzb edən səbəblər çoxdur, dünya cazibəsinin insana üstün gəlməsi təəccüblü olmamalıdır. Təəccüblü olan insanın dünya cazibələrinə qalib gəlməsidir![2]

 


[1] ”Tərğib” bizim dilimizdə həvəslindərmək, təşviq etməkdir. ”Tərhib” isə qorxutmaq, çəkindirmək anlamındadır.

[2] İbnul-Cəvzi, ”Sayədul-Xatir”, səh: 14-15; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1412/1992

 

Aktual Mövzular