İmam Əbu Hənifə’nin tələbəsinə nəsihəti

Elm öyrənməklə bərabər hər bir müsəlmana o elmlə ədəblənməsi də lazımdır. Çünki ədəbsiz elm qanadsız quş kimidir. Bu yöndə müsəlman qardaş və bacılarımıza güclü nəsihət etmək lazımdır. Bu münasibətlə İmam Əbu Hənifə’nin - rahiməhullah – öz tələbəsi Yusuf bin Xalid əs-Səmti’yə[1] - rahiməhullah – etdiyi vəsiyyətini oxuculara çatdırmaq istəyirik. Əslən Basra şəhərindən olan bu zat İmam Əbu Hənifənin yanında elm aldıqdan sonra öz əhlinin yanına geri dönmək istəyir və yola düşmədən əvvəl İmam Əbu Hənifə ona bu dəyərli sözlərini söyləmişdir. Bu vəsiyyətin alimlər yanında şanı böyükdür, dəyəri yüksəkdir, hətta Burhənul-İslam əz-Zərnuci[2] – rahiməhullah – “Tə’limul-Mutə’allim Tariqat-Tə’allum” adlı kitabında deyir: “Hər bir elm tələbəsinin Əbu Hənifə’nin – rahmətullahi aleyhi – Yusuf bin Xalid əs-Səmti üçün öz xalqının yanına qayıdarkən yazdığı vəsiyyət kitabını əldə etməsi lazımdır, elm tələb edən onu tapar. Ustadımız Şeyxul-İslam Burhənud-Din Əli bin Əbi Bəkr – qaddəsallahu ruhəhul-aziz – öz ölkəmə qayıtmaq istədikdə o kitabı yazmamı məndən tələb etdi. Müəllim və fətva verən biri üçün insanlarla müamilə edərkən həmin kitaba yiyələnməsi mütləq lazımdır.[3]

 

Yusuf bin Xalid üçün etdiyi vəsiyyətdə Əbu Hənifə bu sözləri deyir: “Bil ki, insanlarla pis rəftar etsən sənin atan və anan olsa belə sənin düşmənlərin olacaqlar, lakin sənə qohum olmayan insanlarla gözəl rəftar etsən sənin üçün ata və ana kimi olarlar.

Sonra mənə dedi: “Könlümdəkiləri sənin üçün boşaldana qədər, istəyimi sənin üçün toparlayana qədər və sənə bir işi öyrədənə qədər – və sən ona görə öz nəfsində mənə təşəkkür edəcəksən - səbr et! Müvəffəqiyyətim yalnız Allah ilədir! ” Razılaşdığımız vaxt gəlib ötdükdə mənimlə ayrılıqda oturdu və dedi: “Düşündüklərimi sənə açıb deyirəm: Sanki səni görürmüş kimiyəm, Basra şəhərinə daxil olursan, orada bizə qarşı olanlarla qarşılaşırsan, özünü onlardan yüksək tutursan, elminlə fəxr edib özünü onların yanında dartırsan, onlarla birlikdə oturub durmaqdan, onlarla qarışmaqdan özünü uzaq tutursan. Sən onlara qarşı çıxır, onlar da sənə qarşı çıxırlar, sən onları tərk edirsən, onlar da səni tərk edirlər, onları söyürsən, onlar da səni söyürlər, sən onları zəlalətdə görür, onlar isə səni zəlalət və bidət əhli sayırlar. Sonunda bütün skandal həm bizə, həm də sənə toxunmuş olur və sən onların yanından köçməyə, onlardan qaçmağa ehtiyac duyursan. Bu ağılla görülmüş bir iş olmaz, çünki Allah çıxış yolu bəxş edənə qədər üzdə xoşluq göstərilməsi qaçınılmaz olan birini yola verməyən kimsə ağıllı sayılmaz.[4]

Basraya daxil olsan insanlar səni qarşılayacaq, səni ziyarət edəcəklər, sənin haqqını tanıyacaqlar, ona görə də hər insana layiq olduğu yeri ver! Şərəf sahiblərinə ikram et, elm əhlini təzim et və şeyxlərə[5] hörmət et! Gənclərlə xoş davran və adi insanlara yaxın ol! Fasiqləri yola ver, amma xeyirli şəxslərlə dostluq et! Sultana qarşı ehmalkar davranma, nə də ki, bir kimsənin dəyərini düşürmə! Həmişə alicənablıq etməkdən geri qalma! İmtahan etmədən heç kəsə sirrini açma və ona etibar etmə! Nə alçaq biri, nə də aşağı səviyyəli insanlarla yoldaşlıq etmə! Sənə qarşı irad tutulan bir şeyi aşkarda özünə adət etmə! Səfehlərin yanında hərəkətlərində sərbəstliyə yol vermə, onlarla sərbəst danışmaqdan çəkin![6] Heç bir dəvətə icab etmə və heç bir hədiyyəni qəbul etmə![7]

Sənə insanlarla yumşaq davranmaq[8], səbrli və dözümlü olmaq, gözəl əxlaqlı və könlü geniş olmaq gərəkdir. Geyimini həmişə təzələ, gözək minik heyvanı seç! Çoxlu ətir istifadə et! Ehtiyaclarını düzəltmək üçün özünə xəlvət bir yer ayır! Xidmətçilərin halından həmişə səs-soraq al! Onları ədəbləndirməkdə və onları islah etməkdə tez hərəkət et və bunun üçün mehribanlıq və nəzakət istifadə et! Onları həddindən çox qınama ki, töhmət ağır olmasın! Onları ədəbləndirmək işini özün etmə, çünki bu, sənin halın için daha etibarlıdır.

Namazlarını davamlı qıl! İnsanlara tez-tez yeməyindən ikram et, çünki heç bir zaman paxıllığın üzü ağ olmamışdır. Qoy səni insanların halı ilə tanış edəcək bir sirr yoldaşın olsun. Bir yerdə fəsadın olduğunu öyrəndikdə onu islah etməyə atılmalısan və bir yerdə doğruluq və düzgünlüyün olduğunu öyrənsən ora marağın artmalı və daha çox diqqət verməlisən!

Səni ziyarət edəni də, etməyəni də ziyarət et! Səninlə xoş rəftar edənlərlə sən də xoş rəftar et, sənə qarşı pis davrananlarla da sən gözəl davran! Üzrləri qəbul et və yaxşılıqları əmr et! Sənə aidiyyatı olmayan məsələlərə qarışma! Sənə əziyyət verən hər kəsi, hər bir şeyi tərk et! İnsanların haqlarını verməkdə tez davran! Qardaşlarından kimsə xəstələnərsə özün şəxsən onu ziyarət et və ya elçi göndərin onu yad et! Qardaşlarından gözə görünməyənlərin halını araşdır! Onlardan kimsə səndən çəkinərsə sən ondan çəkinmə! Səninlə kobud davrananlarla əlaqəni kəsmə! Sənin yanına gələnə ikram et! Sənə qarşı pislik edənin qəbahətindən keç! Kim sənin haqqında pis danışarsa, sən onun haqqında gözəl şəkildə danış. Onlardan kim vəfat edərsə üzərindəki haqqını yerinə yetir və kim bir şadlıq keçirərsə o münasibətlə onu təbrik et! Kimin başına bir müsibət gələrsə ona baş sağlığı ver! Kim bir xəsarətə düçar olarsa onun ağrısına şərik ol! Kim sənə işlərindən bir işini yerinə yetirməyi tapşırsa onun o işini yerinə yetir! Kim səndən kömək istərsə ona kömək et! Kim səndən dəstək istərsə ona dəstək ol! İnsanlara olan sevgini bacardığın qədər aşkar et, hamıya salam ver! Dəyərsiz insanlar olsa belə onlara da salam ver!

Başqası ilə bir məclisdə bir araya gəldikdə və ya bir məsciddə onlarla bir arada oturduqda bəzi məsələlər sənin görüşündən fərqli şəkildə müzakirə olunarsa onlarla ixtilaf etməyə can atma![9] Əgər həmin məsələ barəsində səndən soruşsalar insanların bildiyini onlara xəbər ver və sonra belə de: “Bu məsələdə başqa görüş də var və bu görüş belədir və onun dəlili budur.” Əgər onlar səni dinləsələr sənin məqamını və və elminin dəyərini tanıyacaqlar. Tez-tez yanına gələn kəslərə səndən gözlədiyi elmdən bir şeylər ver! Elmin xırdalıqlarını deyil, aşkar olan hissələrini onlarla müzakirə et! Onlara gözəl yoldaşlıq et, arada bir onlarla zarafatlaş və onlarla həmsöhbət ol, çünki bu xüsusiyyətlər insanların sevgisini sənə doğru çəkir və bu yolla insanlar elmin ağırlığından yorulmurlar, elmi söhbətlərin vaxtı uzanmış olur! Bəzi zamanlarda onlara yemək ikram et və onların kiçik xətalarını gördükdə üstünü ört, sanki görməmisən! Ehtiyaclarını ödə, onlara qarşı nəzakətli ol! Onlara güzəşt et! Canın sıxıldıqda və ya rahatsızlıq keçirdikdə bunu onlara göstərmə! Özünü onlardan ayırma, onlardan biri ol! İnsanlarla özünlə rəftar etdiyin kimi rəftar et, özünə razı olduğun şeylərin onlara da nəsib olmasına razı ol! Nəfsini gözləməklə, nəfsinin hallarını nəzarətdə saxlamaqla ona qarşı tədbir gör! Yatmış şərləri, unudulmuş pislikləri yenidən ortaya çıxarma! Səni rahatsız edəni sən rahatsız etmə! Sözünü dinləyənin sən də sözünü eşit! Sənə yükləmədikləri işlərlə sən də onları yükləmə! Onların özləri üçün razı olduqları işlərə sən də razı ol! Onlara gözəl niyyət ilə yaxınlaş, onlarla səmimi ol və kibrli olmağı kənara burax! Səni aldatmaqdan çəkindirirəm, hətta səni aldatsalar da sən onları aldatma! Sənə xəyanət etsələr belə sən onların əmanətlərinə sadiq ol! Vəfalı olmağa davam et və təqvaya sarıl! Başqa dinlərin insanları ilə səninlə davrandıqları kimi davran!

Əgər sən mənim bu vəsiyyətimə əməl etsəm salamat olacağından ümidvaram.” Sonra ona dedi: “Səndən ayrılmaq məni çox kədərləndirir, səni tanımaq məni çox sevindirir! Mənə yazmaqla əlaqə saxla və ehtiyaclarını mənə bildir! Mənə bir oğul kimi ol, çünki mən sənə bir ata kimiyəm!”[10]

Bu sözlərin Əbu Hənifə’yə həqiqətən də aid olub olmaması o qədər güclü əhəmiyyət kəsb etməz, çünki bu vəsiyyətin tərkibi təcrübədən keçmiş və heç kəsin şübhə edə bilməyəcəyi bir reallıqdır. Ən gözəl dəvət elm və ədəblə edilən dəvətdir. Sözsüz ki, ədəb bir müsəlman üçün imanının təzahürüdür. İbn Cəmaə əl-Kənani – rahiməhullah – “Təzkirətus-Səmi val-Mutəkəllim fi Ədəbil-Alim val-Mutəallim” adlı ədəb haqqında yazdığı kitabında nəql edərək buyurur: “Həbib bin əş-Şəhid öz oğluna dedi: “Ey oğlum! Fəqihlərə və alimlərə yoldaşlıq et! Onlardan öyrən və onların ədəblərini götür! Çünki bu, çox hədis öyrənməndən mənim üçün daha xoşdur. Onlardan bəziləri övladlarına belə deyərdilər: “Ədəbdən bir bölmə öyrənməyin mənim üçün elm bölmələrindən yetmiş bölmə öyrənməyindən daha sevimlidir.[11] Yenə əl-Xatib əl-Bəğdadi “əl-Cami”də deyir: “İbnul-Mubərak rəvayət edir: Məxləd bin əl-Hüseyn mənə dedi: “Biz çoxlu hədis öyrənməkdən də çox çoxlu ədəb öyrənməyə ehtiyac duyuruq.[12]

Əş-Şafi’dən – radiyallahu anhu – soruşurlar: “Ədəbə olan həvəsin necədir?” Dedi: “Ondan daha əvvəl eşitmədiyim bir hərf eşidəndə bütün əzalarım istəyir ki, qulağı olsun da ondan faydalansın!” Soruşdular: “Onu necə tələb edirsən?” Dedi: “Tək övladını itirmiş bir ananın həmin övladını axtardığı kimi.[13]

Sonunda “Təzkirətus-Səmi val-Mutəkəllim” kitabının nəşri üçün müqəddimə yazmış Mahmud bin Muhamməd əl-Abd’ın sözlərini qeyd etmək istəyirəm: “Buna görə də alimlər və elm tələbələri insanlar arasında ədəb və gözəl əxlaqa ən uyğun və ən layiqli olanlardır, çünki insanlar arasında haqqı ən yaxşı bilənlər onlardır və onların insanlar arasında xüsusi məqamı vardır, beləki insanlar onlara xüsusi bir nəzərlə baxırlar. Əgər gözəl əxlaq nümayiş etsələr, bu, insanların onları sevmələrinə və haqqı onlardan qəbul etmələrinə səbəb olacaqdır, əgər pis əxlaq nümayiş etsələr, bu, insanların onlardan uzaqlaşmasına və onların üzərində olduqları hidayəti xoşlamamaqlarına səbəb olacaqdır.[14] Yenə belə buyurur: “O qədər insan var ki, elmin elə növlərinə bələd olmuşdur ki, onu yalnız Allah bilir. Həmin bu kəslər məharətlə dəlilləri göstərərlər və məsələlərin qaynaqlarını izah edərlər, lakin pis əxlaqa sahibdirlər, ədəbsizdirlər və çox zaman insanların hidayətdən üz döndərmələrinə və haqqı xoşlamamalarına səbəb olan budur.[15] Dua edək ki, Allah bizi peyğəmbərinin – salləllahu aleyhi va səlləm - ədəbi ilə ədəbləndirsin və bizi ədəbdən yoxsul düşmüş dəvətçilərdən etməsin!

Salləllahu alə seyyidinə Muhammədin va alə əlihi əl-əthar va sahbihi əcməin!

 

Samir Firdovsioğlu

 


[1] Yusuf bin Xalid əs-Səmti; Əbu Hənifənin tələbələrindən biridir. İbn Hacər onu “Mənaqibuş-Şafi” kitabında əş-Şafi’nin şeyxləri arasında qeyd etmişdir. əl-Hafiz əl-Bədr əl-Ayni “Ricəlu Məanil-Əsər” kitabında onun tərcümeyi-halını yazmışdır. ət-Tahavi isə əl-Müzənidən, o isə əş-Şafi’dın onun haqqında belə dediyini rəvayət edir: “İnsanların xeyirlilərindən bir nəfər idi”. İbn Macə ondan rəvayət etmişdir, insanlar elm üçün onun yanına axışardılar, sonra isə özünü Mövlaya ibadətə həsr etdi. Hicri 189-cu ildə (miladi 805) vəfat etmişdir.” (bax: “əl-Cəvahirul-Mudi’ə”, 2/228) Yusuf bin Xalid cəhmiyyə görüşlərində ittiham olunmuşdur, bəziləri hətta onu zındıqlıqda belə ittiham edir. (bax: Xayrud-Din əz-Zirikli, “əl-Əaləm”, 8/228) Lakin əl-Hafiz Bədrud-Din əl-Ayni bütün bu ittihamları rədd etmişdir. Doğrusunu Allah bilir!

[2] Burhanul-İslam əz-Zərnuci; Əmu-Dərya çayının arxasında Zərnucda, yəni Türkistan bölgəsində doğulmuşdur. Adı Nu’man bin İbrahim’dir. Hənəfi məzhəbinin məşhur mətni olan “əl-Hidayə” kitabını yazmış Şeyx Əli bin Əbi Bəkr əl-Mərginani ər-Ruşdani onun müəllimlərindən biri idi. Eləcədə Şeyx Əbu əl-Muhamid Qavədud-Din Həmməd bin İbrahim əs-Saffar, məşhur hənəfi alimi Şeyx Həsən bin Mənsur Qadixani və başqa alimlər onun şeyxləri olublar. Dəqiq ölüm tarixi bilinmir, lakin hicri 7-ci əsrin əvvəllərində Buxara şəhərində ölmüşdür.

[3] Burhənul-İslam əz-Zərnuci, “Təlumul-Mutəallim Tariqat-Təallum”, səh: 17-18; əd-Darus-Sudəniyyə lil-Kutub, ilk nəşr, Sudan, Xartum, 1425/2004

[4] Yəni bir insanı həqiqətdə sevməsən də, ona qarşı rəğbət bəsləməsən də, onunla zahirdə xoş davranmaq, onu yola vermək ağıllı insanın xüsusiyyətidir.

[5] Burada şeyx sözü ilə çox ehtimal ki, yaşlı insanlar qəsd olunur, çünki bu cümlədən sonra gənclərdən danışır. Əbu Hənifənin dəqiq qəsdini bilmədiyimiz üçün “şeyx” sözünü olduğu kimi saxladıq.

[6] Qəsd olunan insanın öz dostları ilə ünsiyyətdə sərbəst davrandığı, onlar üçün açılışdığı kimi səfehlərin yanında da eyni şəkildə davranmaqdan çəkindirməkdir. Çünki düşüncəsiz insanlar, axmaqların yanında ciddi olmaq məsləhətdir. Buna görə də İmam əş-Şafi deyir: “İnsanlardan çəkinmək, onlardan uzaq durmaq düşmənlik qazandırır, onlarla sərbəst və azad rəftar etmək, onların yanında açıq danışmaq isə pis insanların yoldaşlığını qazandırır. Özünü insanlardan uzaq tutanla, onların yanında açılışanlar arasında bir mövqe tut!” Əbu Nueym, “Hilyətul-Əvliya”, 9/122

[7] Əbu Hənifə’nin bu vəsiyyətinə qeydlər yazmış Əzhar üləmasından Ustaz İbrahim əl-Muxtar Əhməd əl-Cəbrati bu barədə deyir: “Ola bilsin ki, bununla qəsd olunan səfehlərin dəvəti və onların hədiyyələridir. Çünki onların dəvəti və hədiyyələri çox zaman fəsad gətirir.” (bax: qeyd 8)

[8] Burada ərəb dilində “المداراة” (əl-mudaratu) sözü keçir. Bu isə sözdə yumşaq olmaq, sözdə insanlara qarşı sərt olmamaqdır. Bu, möminlərin sifətidir. Bunun ilə qadağan olunmuş yaltaqlıq arasındakı fərq budur ki, “mudəra” bir cahil ilə təlim zamanı və fasiq ilə ona münkəri qadağan edərkən gözəl rəftar etməkdir, ona qarşı sərt söz söyləməməkdir. Yaltaqlıq isə fasiqliyi gizlətməyən, aşkarda göstərən biri ilə yoldaşlıq etməkdir və nə dildə, nə də qəlbdə inkar etmədən onun etdiyinə razılıq bildirməkdir. əl-Buxari “əs-Səhih”də (5/2271) deyir: “Əbud-Darda’dan belə dediyi zikr olunur: “Biz insanların üzünə gülür, lakin qəlblərimiz onlara lənət edir.” əl-Buxari bunu ədəb babında zikr edir və orada anamız əs-Siddiqa Aişə’dən – radiyallahu anhə - bu hədisi (rəq: 5780) rəvayət edir: “Bir nəfər peyğəmbərin – salləllahu aleyhi va səlləm – yanına daxil olmaq üçün izn istədi. Ona izn verdi və dedi: “Aşirətinin nə pis qardaşıdır” və ya “Aşirətinin nə pis oğludur.” Lakin içəri daxil olanda onunla yumşaq danışdı. Ona dedim. “ Ey Allahın Elçisi! Sənin onun haqqında o sözləri dedin, sonra da onunla xoş danışdın!” Dedi: “Ey Aişə! Allahın yanında məqam baxımından ən pisi şərrindən qorxduğu üçün bir insanı təkr edənlərdir.” əl-Hafiz İbn Hacər – rahiməhullah – deyir: “İbn Battal dedi: “əl-Mudəra möminlərin əxlaqındandır. Bu, insanların üzərinə təvazökarlıq qanadlarını endirmək, yumşaq danışmaq, danışarkən onlara qarşı sərt olmamaqdır və bu, qəlblərin bir-birinə bağlanmasında (ülfət) ən güclü səbəblərdəndir. Bəzi insanlar elə zənn etdilər ki, əl-mudəra yaltaqlıqdır, bu, bir xətadır, çünki əl-mudəra təşviq olunmuş, yaltaqlıq isə qadağan olunmuş bir xüsusiyyətdir...Alimlər yaltaqlığı fasiqlə oturub-durmaq və inkar etmədən onun fasiqliyinə razı olmaq olaraq izah ediblər, əl-mudəra isə təlim zamanı cahil ilə yumşaq davranmaqdır, fasiq ilə onu fasiqliyindən çəkindirmək üçün yumşaq davranmaqdır və onlara qarşı sərt olmamaqdır...” (“Fəthul-Bari”, 10/545)

[9] Bu sözlərə uyğun olaraq İmam Malikə aid olunan bir nəsihəti də qeyd etmək faydalıdır. Bu sözləri “əsrinin Ğazali’si” kimi tanınmış mərakeşli sufi alimi Əbu Ali əl-Həssən bin Məsud əl-Yusi “Zəhrul-Əkəm fil-Əmsəl val-Hikəm” adlı kitabında tam qətiyyətlə İmam Malikə aid etmədən rəvayət edir, bunun İmam Malikə həqiqətən də aid olub olmamasından asılı olmayaraq sözlərdə hikmətlə doludur. əl-Həssən əl-Yusi deyir: “Deyirlər ki, Malik – radiyallahu anhu – Yəhya bin Yəhya ilə vidalaşdıqda ona belə demişdi: “Sənə üç kəlimə öyrədəcəm: Birinci sözdə sənin üçün bütün fəqihlərin fiqhi toplanmışdır; əgər səndən bilmədiyin bir şey haqqında sual soruşsalar “bilmirəm” de! İkinci söz isə bütün hikmətlilərin hikmətini özündə cəm edir; Bir qrup insanla bir arada otursan onların içində ən sakiti ol ki, əgər haqqa isabət etsələr sən də onlarla isabət etmiş olursan, xəta etsələr isə sən o xətadan salamat çıxmış olursan. Üçüncü sözdə isə bütün təbiblərin tibbi toplanmışdır.; ürəyin yemək istədiyi zaman yeməyə əlini qoy və yeməyə istək olduğu zaman da əlini çək! Əgər bunu etsən ölüm xəstəliyindən başqa heç bir xəstəlik sənə toxunmaz.” “Zəhrul-Əkəm fil-Əmsəli val-Hikəm”, 1/193; Darus-Səqafə, birinci nəşr, 1401/1981

[10] Əbu Hənifə’nin bu vəsiyyətini Əhməd əş-Şələbi “Tarixu ət-Tərbiyyətil-İsləmiyyə” kitabında (səh: 316) qeyd edir və deyir: “Bu vəsiyyətin tamamı ilə İstanbul universitetində qorunulan bir əlyazmadadır. Onun bir başqa nüsxəsini Şeyx Zuheyr əş-Şəviş’in kitabxanasında 380-ci rəqəmdə tapdıq, orada Əbu Hənifəyə mənsub bir başqa vəsiyyət də vardır, əqidə mövzusundadır. Bu vəsiyyət üçün yazılmış bir şərhin əlyazmasını da gördüm, onu Əkməlud-Din əl-Bəbarti adı ilə məşhur olan “əl-Hidayə” kitabını şərh etmiş, hicri 786-ci ildə (miladi 1384) vəfat etmiş Muhamməd bin Mahmud yazmışdır. Bu əlyazma Zuheyr əş-Şəviş’in kitabxanasında 1285-ci rəqəmlə saxlanılmaqdadır.”

Bu əlyazma internetdə oxucular üçün təqdim olunub və yazısı çox aydındır. Maraqlananlar onu bu linkdən əldə edə bilərlər. http://makhtota.ksu.edu.sa/makhtota/2486/4

[11] İbn Cəmaə, “Təzkirətus-Səmii val-Mutəkəllim”, 1/4 ; Bunu eləcədə əl-Xatib əl-Bəğdadi “əl-Cami li Əxlaqir-Ravi va Ədəbis-Səmi” adlı kitabında (rəq: 10) rəvayət edir.

[12] əl-Xatib əl-Bəğdadi “əl-Cami li Əxlaqir-Ravi va Ədəbis-Səmi”, rəq: 10

[13] İbn Cəmaə, “Təzkirətus-Səmii val-Mutəkəllim”, 1/4

[14] “Təzkiratu’s-Səmi va’l-Mutəkəllim fi Ədəbi’l-Alim va’l-Mutəallim”, 1/2

[15] Eyni mənbə.

 

/p

Aktual Mövzular