İbnul-Cəvzi'nin öz nəfsi ilə söhbəti

əl-Hafiz İbnul-Cəvzi – rahiməhullah – deyir[1]:

“Bir dəfə nəfsim məni şəriətdə məkruh olan bir şeyə dartırdı, bunun üçün mənə müxtəlif təvillər gətirməyə və bu işin məkruhluğunu ağlımdan çıxarmağa başladı. Lakin gətirdiyi təvillər çox fasid idi və işin məkruhluğunu göstərən dəlil isə aşkar idi. Qəlbimdəki bu istəyi dəf etmək üçün Allahu Təaləyə sığındım. Quran oxumağa başladım və dərsimdə Yusuf surəsinə çatmışdım, Yusuf surəsini açdım. Lakin bu fikir qəlbimi o qədər məşğul etmişdi ki, nə oxuduğumu bilmirdim. Sonra Yusuf surəsindəki “Dedi: “Mən Allaha sığınıram, o, mənim ağamdır, mənə yaxşı baxmışdır” sözlərinə gəldikdə diqqətimi çəkdi, sanki bu sözlər mənə deyilirdi.

 

 Bu sərxoşluqdan ayıldım və dedim: “Ey nəfsim! Anladınmı?”

O azad insan[2] məzlum olaraq satılmışdı. Onunla yaxşı davranan kəsin haqqını qorumuş və onun üzərində heç bir mülkiyyət haqqı olmadığı halda onu “malik”[3] adlandıraraq “o, mənim ağamdır” demişdir. Sonra isə ona əziyyət verə biləcək şeyi tərk etməsini izah edərək deyir ki, “mənə yaxşı baxmışdır.” 

Bəs sənin halın necədir?! Sən həqiqətən Mövlanın qulusan və ən əvvəldən sənə yaxşılıq etməyə davam edir, halını gözəlləşdirmişdir. Gizlətdiyi xətaların isə o qədər çoxdur ki, saymaqla bitməz. Məgər səni necə tərbiyyə etdiyini, necə öyrətdiyini, necə ruzi verdiyini, bütün xeyirləri sənin ayağına necə gətirdiyini, səni ən doğru yolla necə yönəltdiyini, səni hər bir hiylədən necə xilas etdiyini, zahirdə qəşəng şəklə və daxildə gözəl zehnə necə saldığını xatırlamırsanmı?

Elm yolunu sənin üçün elə asanlaşdırdı ki, başqalarının uzun zamanda əldə edə bilmədiklərini qısa bir zamanda əldə etdin! Pis tərəflərini insanlardan gizli saxlayaraq, onları səndən hüsnü-zənn ilə qəbul etdikdən sonra dilinin avlusunda fəsahət donuna geyinmiş elm gəlinlərini üzə çıxarmışdır.

Əziyyətin ağırlığını və minnətin sıxıntısını hiss etdirmədən, azlıq hiss etdirmədən varlıq içində sənə ruzini vermədimi?

Allaha and olsun ki, sənə verilmiş hansı neməti sənə izah edəcəyimi bilmirəm; Gözəl surətini, yoxsa sağlam alətlərini mi deyim?! Xarakterin salamatlığını yoxsa bədənin doğru quruluşunu?! Yoxsa alçaqlıqdan azad olan lətif təbiəti?! Yoxsa uşaqlıqdan bəri rüşd ilə ilham olunmanı? Yoxsa əxlaqsızlıq və xətalardan ən gözəl şəkildə qorunma vasitəsilə mühafizə olunmağı?! Yoxsa rəvayət yolunu sevmək və tanınmış birinə kor-koranə təqlid etmədən , bidətçilərin arasına qoşulmadan əsərlərə tabe olmaq nemətini mi xatırladım?! “Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz.”[4]

Neçə hiyləğar sənə hiylə qurdu və O, səni bundan qorudu?!

Neçə düşmən səni qınayıb dəyərini alçaltdı da, O, sənin dərəcəni yüksəltdi?!

Haldan düşəcək qədər arzuların şərabından neçə dəfə susuz qaldın da, O, sənin susuzluğunu qaldırdı?!

Muradından bəzilərinə çata bilmədiyin üçün neçə dəfə öləcəkdin də, O, səni həyatda saxladı?!

Bədəni salamat olaraq, dini qorunulmuş olaraq sabahlayır və gecələyirsən, elmin gündən günə artır və hər gün yeni istəyinə ulaşırsan! Əgər bir muradına çatmağının qarşısı alınarsa, lakin bunun qarşısının alınmasının hikməti sənə aydın olduqdan sonra bu muradına qarşı sənə səbr ruzisi verilərsə, o zaman muradından qadağan olunmağının sənin üçün daha məsləhətli olduğundan əmin olana qədər təslim ol!

Əgər davam etsən vərəqləri dolduran, yazısı bitməyən ağla gələn bu nemətləri qaytar və sən bilirsən ki, yadıma düşməyən nemətlər daha çoxdur. O zaman Onun sevmədiyi bir işi etməyə necə qalxışırsan?! “Dedi: “Allaha sığınıram! Axı o, mənim ağamdır! Şübhəsiz ki, zülm edənlər nicat tapmazlar.”[5]

 

 


[1] əl-Hafiz İbnul-Cəvzi, “Sayədul-Xatir”, səh: 202-203; Darul-Kutubil-İlmiyyə, Beyrut, 1412/1992

[2] Yəni Yusuf peyğəmbər azad bir insan idi və ona zülm edilərək satılmışdı.

[3] Malik, yəni mülk sahibi.

[4] ən-Nəhl, 18

[5] Yusuf, 23

Aktual Mövzular