Namazda sıraların düzülüşü

Şeyx Bəkr bin Abdilləh Əbu Zeyd – rahiməhullah – namazda sıraların düzülməsi haqqında deyir:

"Safları düzəltməkdə üç sünnət vardır:


1. Safları düz şəkildə istiqamətləndirmək və o şəkildə durmasını təşkil etmək, beləki birinin sinəsi və ya başqa bir şeyi yanındakından irəli çıxmamalıdır. Beləliklə saflarda əyriliklər olmamalıdır. Safları düzəltmək üçün söylənən sözlərdən bəziləri bunlardır:

 

 

"İstəuu" (sıralarınızı düzəldin!), "itədilu" (Birləşin!) və "əqimus-saf" (Safı düz tutun!)
Safları bu şəkildə dəqiq düzəltməyi isə onlara boyunlarını, çiyinlərini, dizlərini və topuqlarını yaxınlaşdırmağı əmr etməklə etmək olar. Peyğəmbərin - salləllahu aleyhi va səlləm - hidayətindən aydındır ki, bu sözlər təkrar-təkrar işlənmişdir.

 
2. Heç bir boşluq qalmayacaq şəkildə (namaz qılanlar arasdındakı) boşluqları doldurmaq. Bunun üçün isə bu sözlər işlədilir:
"Suddul-xaləl" (boşluqları doldurun!), "lə təzəru furucətin liş-şeytan" (şeytan için heç bir yer buraxmayın!). Bu sünnəti dəqiq həyata keçirmək isə onlara birləşməyi əmr etməklə olar: "Tərasuu" (Birləşin! Yan-yana durun!)


3. İlk safları birləşdirmək və onları tamamlamaq. Bunun üçün bu əmrlər vardır:
"Ətimuu əs-Saf əl-Əvval fəl-Əvval" (Əvvəl birinci saffı, sonra ondan sonra gələni tamamlayın!), "Mən vasalə saffən vasaləhullah, mən qataə saffən qataəhullah" (Kim bir saffı birləşdirərsə, Allah onu birləşdirər, kim bir saffı qırarsa, Allah da onu qırar)


Bu sünnətlər arasında çoxlu tərk olunmuş sünnətlər vardır. Məsələn: birinci saf üçün dua edərək onlar üçün üç dəfə istiğfar diləmək və ondan sonra gələn saf üçün iki dəfə istiğfar diləmək. Ya da imamın saffın sonuna qədər gedib onu düzəltməsi və bir nəfəri göndərib safları yoxlaması və sair sünnətlər bu üç sünnəti - safları düzəltməyi, aradakı boşluqları doldurmağı və sıra ilə safları tamamlamağı - təşkil etməkdə peyğəmbər hidayətindən olan bir yoldur.
Bütün bunlar safları düzəltməyin namazdakı yerinə, böyük əhəmiyyətinə, namazın gözəlliyinə, tamamlığına, kamilliyinə dəlalət edir. Bunda böyük fəzilət və əcr vardır, qəlbləri bağlamaq və bir araya gətirmək vardır və hədislər buna şahidlik edir. Bu mübarək ümməti digərlərindən ayıran və özünə məxsus olan xüsusiyyəti də budur ki, onların namazdakı safları mələklərin safları kimidir. Fəlhəmdulilləhu Rabbil-Aləmin!

 

 

Saflarda sonradan əlavə olunmuş və heç bir dəlilə əsaslanmayan yeni duruş şəkillərdən bəziləri bunlardır: biz bəzi namaz qılanları belə edərkən görürük ki, əgər saffın sağında durubsa sağ tərəfində duranı izləyir, saffın sol tərəfində durduqda isə sol tərəfindəkini izləyir və bu zaman dabanını əyərək topuğunu yanındakının topuğuna birləşdirməyə çalışır. Bu şəkildə safda durmaq varid olduğu şəklə əlavələr etməkdir və bu, sünnəti tətbiq etməkdə ifrata getməkdır.

Bu şəkildə safda durmaq iki səbəbə görə batildir:
Birinci: Saflara düzülmək imamdan sonrakından başlayır və kim saffın sağında durubsa, imamdan sonra onun (sağda duranın) sol tərəfində sıraya düzülməlidirlər və bu şəkildə soldakılar bir birinin ardınca bir səmtdə birləşərək safları düz cərgədə düzəltməli, boşluqları doldurmalı, birləşməli, boyunları, çiyinləri, topuqları yaxınlaşdırmalı və safları bir-bir tamamlamalıdırlar.
Lakin saffın sağında olduğun halda sağ ayağını sağdakına birləşdirməyə gəldikdə isə, (çox zaman) ayaqlarını digər ayağa tam birləşdirmək üçün əyirlər. Bu isə açıq-aydın xətadır, özünü ehtiyac olmadan çətinliyə salmaqdır, sonradan uydurulmuş bir anlayışdır, sünnəti tətbiq etməkdə ifrata varmaqdır, sıxılmaq və yanındakını rahatsız etməkdir, məşru olmayan bir şeylə məşğul olmaqdır və safda duranlar arasındakı boşluqları genişləndirməkdir və bu, xüsusilə səcdəyə getdikdə açıq şəkildə görünür. Daha sonra qiyama qalxıdqda isə yenə boşluqları doldurmaqla məşğul olur və dabanını yanındakına birləşdirmək üçün əyir və bununla da ayaqların baş tərəfi qibləyə baxmaq yerinə içəri istiqamətə yönəlmiş olur.[1]
Eləcədə özündən əvvəl gələn namaz qılanın yerini tutmaqdır və başqasının ayaq yerini haqqsız yerə ələ keçirməkdir. Bütün bunlar isə məşru olmayan əməlləri sünnət yerinə keçirməkdir.

"İkinci: Peyğəmbər - salləllahu aleyhi va səlləm - çiyinlər və topuqları yaxınlaşdırmağı əmr etdikdə, eləcədə "boyunları" da yaxınlaşdırmağı əmr etmişdir, necəki bu, ən-Nəsaidə[2] Ənəsdən - radiyallahu anhu - rəvayət olunmuşdur. Bütün bunlar, yəni: sıraya düzülmək, paralel durmaq, bir yöndə birləşmək, boşluqları doldurmaq anlamındadır, yoxsa hərfi mənada "ilzəq"[3] etmək qəsd olunmur, çünki boyun ilə boynu birləşdirmək mümkün deyildir və çiyinləri bütün qiyam boyu bitişik saxlamaq açıq-aydın (ehtiyac olmadan) ağır işin altına keçməkdir. Dizləri də bir-biri ilə birləşdirmək imkansız bir şeydir. Topuğu topuğa birləşdirmək isə çətinliyə, özünü yükləməyə, özünə əziyyət verməyə, həmişə gərgin halda olmağa və hər bir rükətdə onunla məşğul olmağa səbəb olur və bu, aşkardır.
Aydın oldu ki, yaxınlaşdırmaq dörd şeyə aiddir: boyun, çiyin, diz və topuq. Bütün bunlar eyni mənadadır və bununla safları qurmağa, paralel tutmağa, yönlənməyə, heç bir əyrilik və boşluq buraxmadan bir səmtdə birləşməyə təşviq etmək qəsd olunur və bununla Allahın məqsədi hasil olur.
əl-Hafiz İbn Hacər -rahiməhullah təalə - dedi: "Safları düzəltməkdə məqsəd, safda duranların bir səmtdə düzülməkləridir və ya saflardakı boşluqları doldurmaqdır..."[4]
Safları düzəltmək barədə gəlmiş dəlillər barədə fiqh/doğru anlayış budur, necəki ən-Numən bin Bişrdən - radiyallahu anhu - rəvayət olunmuş hədisdə gəlir: "Peyğəmbər - salləllahu aleyhi va səlləm - bizləri saflarda bir ox kimi düzərdi və o, bizim bunu artıq ondan öyrəndiyimizə və anladığımıza qənaət edənə qədər bunu davam elədi. Bir gün baxdı gördü ki, bir nəfər sinəsini irəli verib durub və dedi: "Ya siz saflarınızı düzəldərsiz, ya da Allah aranızı ayırar."[5] Təsviyədə/safların düzülüşündəki səhabənin - Allah ondan razı olsun - anlayışı budur: istiqamət, boşluqları doldurmaq. Yoxsa çiyinləri və topuqları birləşdirmək deyildir.
Buna görə də əl-Buxari - rahiməhullah -"əs-Sahih" kitabında deyir: "Safda çiyini çiyin ilə, ayağı ayaq ilə birləşdirmək babı: ən-Numan bin Bişr dedi: Bizdən bir kişinin topuğunu yanındakının topuğuna birləşdirərkən gördüm." əl-Hafiz İbn Hacər - rahiməhullah - dedi: "Bununla qəsd olunan saffın düzəlişində və boşluqların doldurulmasındakı mübaliğədir."[6]
əl-Buxarinin baba verdiyi başlığı əl-Hafiz İbn Hacərin - Allah hər ikisindən də razı olsun! - doğru anlamasının dəlili budur ki, əl-Buxarinin - rahiməhullah təalə - rəvayət etdiyi ən-Numan bin Bişrin - radiyallahu anhu - sözünü eləcədə Əbu Davud "əs-Sünən" kitabında[7], İbn Xuzeymə "əs-Səhih"də[8] və əd-Dəraqutni "əs-Sünən" kitabında[9] rəvayət etmişdir və bunların hər üçünün rəvayətində də ən-Numan bin Bişr deyir: "Hər kəsin çiynini yanındakının çiyni ilə, dizini dizi ilə, topuğunu isə topuğu ilə birləşdirərkən gördüm." Ləfz Əbu Davuda aiddir. Dizin diz ilə birləşdirilməsi mümkün olmayan bir şeydir və aydındır ki, burada qəsd olunan boşluqları doldurmağa, safları düzəldib, əyriliklərə yol verməməyə təşviq etməkdir. Həqiqi anlamda birləşdirmək və yapışdırmaq qəsd olunmur. Buna görə də əl-Xattabi - rahiməhullah - İbn Abbasdan - radiyallahu anhu – nəql olunan rəvayətin şərhində eyni mənada söz demişdir. İbn Abbas deyir: Allahın Elçisi - salləllahu aleyhi va səlləm - dedi: "Sizin ən xeyirliləriniz namazda çiyinləri ən yumşaq olanlardır." Əbu Davud rəvayət etdi və dedi ki, Cafər bin Yəhya Məkkə əhlindəndir. əl-Xattabi dedi: "Bunun anlamı budur ki, namazda rahatlığın və sakitliyin olması lazımdır, yanındakını diqqətini çəkməməli və çiynini yanındakının çiyninə toxundurmamalıdır."[10] Daha sonra bunun anlamında başqa bir görüş zikr etdi.
əl-Munavi - rahiməhullah - bunun mənası barədə dedi: "Namazda bir-birinin çiyninə sıxaraq izdiham etməmək lazımdır və lakin yerin darlığı səbəbi ilə safdakı boş yeri doldurmaq istəyənə isə imkan verilməlidir."[11]
Namazda təvərruk[12] barədə gələn rəvayətlərin ləfzlərinə diqqət et! Əbu Humeyd əs-Saidinin - radiyallahu anhu - hədisində deyir: "və yanı üstündə oturdu." Bu, sözü qeydsiz-şərtsiz tam bir mənada söyləyib, yalnız bir hissəsini qəsd etmək növündəndir[13]. Təvərrük edən birisi üçün yerdə oturaraq o biri yanını yerə toxundurması mümkün deyildir. Buna görə də başqa hədislərdə bunu ifadə edən ləfzlər gəlmişdir. Bunlardan bəziləri budur:
"Yanının sol tərəfi üstə oturdu."
"Sol budunu yerə qoydu."
"Təvərrük edərək yanının sol tərəfi üstə oturdu."
Ona görə əql sahibi birinin "yanı üstündə oturdu" sözündən istinbat edərək təvərrük halında hər iki yanını yerə qoymağın məşru olmasını söyləməsi mümkün deyildir, çünki bu insanın təbiətinə görə və əqlinə görə mümkün deyildir. Eyni şey safda durarkən əzaların yaxınlaşması haqqında da keçərlidir.

Həmçinin ilk vaxtında qılınan namazın fəziləti haqqında gəlmiş hədislərə də nəzər salın, çünki İbn Daqiqil-İd’in “əl-İhkam” kitabında söylədiyi kimi “səhabələrdən heç bir kəsdən ilk təkbirin vaxtın birinci hissəsinə təsadüf etməsi üçün onun bu işdə çox səy göstərməsi haqqında heç bir şey nəql olunmamışdır.[14]

Allahu Təalə Öz hökmlərini daha yaxşı bilir!

 

Şeyx Bəkr bin Abdilləh Əbu Zeyd

“Lə Cədidə fi Əhkamis-Salət”, səh: 11-17

Darul-Asimə, Riyad, üçüncü nəşr: hicri 1418 / miladi 1998

 


[1] Bax: əl-Hafiz İbn Hacər, “Fəthul-Bari”, 2/344

[2] “Sünən ən-Nəsai”, (814)

[3] Yapışdırmaq, birləşdirmək

[4] “Fəthul-Bari”, 2/242

[5] Bunu əl-Buxari’dən başqa “kutubi-sittə” sahiblərinin hamısı rəvayət edib. Hədisin sözləri Əbu Davud’un “əs-Sünən” (649) əsərindəndir.

[6] “Fəthul-Bari”, 2/247

[7] Əbu Davud, (648)

[8] İbn Xuzeymə, “əs-Sahih”, (160)

[9] əd-Dəraqutni, “əs-Sünən”, 1/282

[10] “Məalim əs-Sunən”; bu sözlərini Şeyx Azimabadi “Əunul-Məbud” kitabında (2/369) nəql edir.

[11] “Feydul-Qadir”, 3/466

[12] Namazda təvərrük təşəhhüd zamanı sol yanı üstə oturaraq sol ayağı sağ ayağın altından çıxarmağa deyilir. Bu şəkil oturuş təvərrük adlanır.

[13] Yəni, yanı üstündə oturdu söylədi, lakin yanının bir hissəsi üzərində oturduğunu qəsd etdi

[14] ”əl-İhkam”, 2/38; Bu sözlərin mənası budur ki, peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – vaxtın lap əvvəlində qılınan namazın fəziləti haqqında bu qədər hədislər söyləsə də, səhabələrdən heç kimsəni vaxt girən kimi təkbir edib namaza başlamağa cəhd edərkən görmürük. Çünki onlar anlayırdılar ki, bununla vaxtın ilk dəqiqələrində namaz qılmaq qəsd olunmur, lakin nisbi bir şey qəsd olunur. Topuqları birləşdirmək sünnəsi də bunun kimidir, burada qəsd olunan mənanı anlamaq lazımdır.

 

Aktual Mövzular