Qəsdən tərk olunan namazın qəzası

  • Qəsdən tərk edilmiş namazın qəzası qılınmalıdırmı?

Azərbaycanda yaşayan müsəlmanlar arasında belə bir anlayış yayılmışdır ki, qəsdən tərk olunmuş namazın qəzası olmaz. Qarşılaşdığımız müsəlmanlar içində bu məsələdə fərqli düşünən bir kimsə ilə rastlaşmadıq. Onlara görə sələfin görüşü belə olmuşdur. Namazın İslamın şəhadətdən sonra ikinci rükunu olması ilə məsələnin əhəmiyyətini nəzərə alaraq bu barədə vacib bir məlumatı müsəlmanlara çatdırmaq istəyirik.

Əsrlər boyu İslam ümmətinin alimlərinin bu məsələ haqqındakı sözlərini bilmək və onlara tabe olmaq qaçınılmaz bir haldır. Xüsusilə elmimiz olmadığı üçün və şəriyyətin hökmündəki dəlillərin hamısını bilmədiyimiz üçün bu cür məsələlərdə elm əhlinə tabe olmaq lazımdır. Allahu Təalə deyir:

Əgər bilmirsinizsə zikr əhlindən soruşun!

(əl-Ənbiya, 7)

 

 

 

 

Səmimi müsəlman baci və qardaşlarımız elə düşünürlər ki, qəsdən tərk olunmuş namazın qəzası qılınmamalıdır və bu, sələfin görüşüdür və bu görüşdə heç bir şübhə yoxdur. Belə bir gümanın səbəbi budur ki, çox təəssüf ki, elm tələbələri müsəlmanlara alimlərin görüşü yerinə öz görüşlərini təqdim edirlər və bunu edərkən ən azından alimlərin nə düşündüyünü demirlər. Elm əhli olmayan sadə müsəlman isə sualına aldığı cavabla kifayətləndiyi üçün nəticədə belə bir zənnə qapanır ki, ona verilən cavab sələfin görüşüdür. Lakin bu, xətadır. Bunun necə böyük bir xəta olduğunu aşağıda təqdim edəcəyimiz alimlərin sözləri ilə göstərməyə çalışacağıq.

Alləmə İbn Rüşd əl-Hafid (520 – 595) deyir:

Namazı vaxtı çıxana qədər qəsdən tərk etməyə gəldikdə isə, cumhura görə belə bir günahkardır və qəza etməsi vacibdir. Zahirilərdən bəziləri isə qəzanın qılınmaması və onun günahkar olması görüşündədir və bu görüşdə olanlardan biri Əbu Muhamməd İbn Həzm’dir.[1]

Bundan sonra dörd məzhəb alimlərinin məsələ barəsindəki görüşlərini qeyd edəcəyik.

Şafi məzhəbinin imamlarından olan Əbu İshaq əş-Şirazi (393 – 476) “əl-Muhəzzəb” kitabında mövzu barədə danışmış və digər imam Alləmə ən-Nəvəvi (631 – 676) onun sözlərini şərh etmişdir:

[əl-Musannif (yəni əş-Şirazi) – rahiməhullahu təalə - dedi: “Namaz qılmaqla yükümlü olan kəs vaxtı çıxana qədər namazını qılmazsa, onun qəzasını qılması lazımdır, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Kim namazdan yatıb qalarsa və ya unudarsa xatırladığı anda qılsın!” Zikr etdiyimiz hədisə əsasən (ötürülmüş namazı) dərhal qılması müstəhəbdir, lakin gecikdirməsi də caizdir, çünki rəvayət olunduğuna görə “peyğəmbər – salləllahu aleyhi va səlləm – sübh namazını ötürmüşdü və dərədən çıxmayana qədər onu qılmadı.” Əgər dərhal qılmaq vacib olsaydı gecikdirməzdi. Əbu İshaq dedi: Əgər heç bir üzr olmadan tərk edərsə onun qəzasını dərhal qılması lazımdır, çünki o, namazı gecikdirməkdə təfritə[2] yol verir. Əgər birdən çox namazı ötürərsə...]

(Şərh)...Kimə namaz qılmaq lazım olarsa, lakin namazını ötürərsə, bir üzrünün olub olmamasından asılı olmayaraq həmin namazı qəza etməsi vacibdir. Əgər üzrə görə ötürərsə, onu (dərhal qılması şərt olmadan) müəyyən vaxt içində qəza etməlidir, lakin dərhal qəza etməsi müstəhəbdir. “ət-Təhzib” kitabının müəllifi dedi: Alimlərdən bəziləri isə deyir ki, hədisə əsasən xatırladığı an qəzanı qılması vacibdir. Əshabın (yəni şafi alimlərinin) qərar verdikləri hökm isə budur ki, İmran bin Huseyn’in hədisinə əsasən qəzanı gecikdirə bilər, məzhəbin görüşü budur. Əgər heç bir üzr olmadan namaz ötürülərsə, müəllifin (yəni əş-Şirazi’nin ) qeyd etdiyi kimi məsələdə iki baxış açısı vardır: İraqlılara görə bu iki görüşdən ən səhihi budur ki, dərhal qəza etməsi müstəhəbdir, lakin üzrlü olaraq ötürülən namazda olduğu kimi bunda da qəzasını təxirə salması caizdir. Xorasanlılara görə ən səhih görüş budur ki, dərhal qəzasını qılmaq vacibdir. Onlardan və ya digərlərindən oluşan alimlər də bu yöndə qərar veriblər. İmamul-Harameyn (şafi) əshabının bu görüş üzərində ittifaq etdiyini nəql etmişdir. Səhih olan da budur, çünki o, namazı tərk etməklə təfritə yol vermişdir və üstəlik ötürdüyü namaza görə öldürülməlidir və əgər qəza etməyi gecikdirmək haqqı olsaydı öldürülməzdi...[3]

İmam ən-Nəvəvi – rahiməhullah – İmam Əbu İshaq əş-Şirazi’nin sözlərini şərh etdikdən sonra oruc məsələsinə keçir və qısa kəlamdan sonra məsələ haqqında alimlərin məzhəbinə toxunaraq deyir:

Sözləri keçərli olan alimlər icma ediblər ki, namazı qəsdən tərk edənə qəza etmək vacibdir. Onlara (bu məsələdə) Əbu Muhamməd İbn Həzm qarşı çıxmış və demişdir: “(Həmin namazı) qəza etməsi heç bir zaman mümkün deyildir və onu etməsi də heç bir zaman səhih olmaz.” Dedi: “Əksinə xeyr əməlləri və nafilə namazlarını artırmalıdır ki, Qiyamət günü tərəzisi ağır gəlsin və Allahu Təalədən bağışlanmasını diləməli və tövbə etməlidir.” Onun dediyi bu sözlər icmaya müxalif olmaqla bərabər dəlil baxımından da batildir. Bu görüşünü dəlillə gücləndirmək üçün sözünü uzatmışdır, lakin onun gətirdiklərində əslən heç bir dəlil yoxdur. Qəzanın vacib olmasını göstərən dəlillərdən biri də Əbu Hureyrə’nin – radiyallahu anhu – hədisidir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – orada “Ramazan ayında gündüz vaxtı cima etmiş birinə kəffarəsi ilə birlikdə bir gün oruc tutmağı əmr etmişdir.” Yəni ki, cima edərək pozduğu günün əvəzinə bir gün oruc tutmağı əmr etmişdir. Bunu əl-Beyhəqi ceyyid bir isnad ilə və Əbu Davud bunun bənzərini rəvayət etmişdir. Həm də namazı unudaraq tərk edənə qəza vacib olduğu üçün qəsdən tərk edənə vacib olması daha uyğundur.[4]

İmam ən-Nəvəvi – rahiməhullah – sözü keçən alimlərin icma etdiyini söyləmişdir, halbuki Davud əz-Zahiri bu məsələdə digər imamlarla razılaşmamışdır. Məzhəb alimlərin bu cür söyləməsinin səbəbi budur ki, zahirilərin fərqli düşünməsi sabit olmuş icmanı pozmaz, çünki zahiriləri qiyası şəriyyətin qaynağı hesab etmədikləri üçün icma məsələsində onların sözləri keçərli sayılmamışdır. Buna görə də İmam ən-Nəvəvi – rahiməhullah – sözləri keçərli alimlər deyərək bir qeyd qoymuşdur.

Digər məşhur şafii alimi Zeynud-Din əl-İraqi – rahiməhullah – (725 – 806) deyir:

Səkkizinci: vaxtı çıxana qədər qəsdən tərk olunmuş namaz: Bu halda qəza etmənin vacib olmasında ixtilaf ediblər və dörd imam qəzanın vacib olmasını görüşünü qəbul edib. İbn Həzm isə qəzanın vacib olmaması görüşünü qəbul edib, çünki qəza yeni bir əmr ilə vacib olur, peyğəmbər isə qəza etməklə əmr olunan kimsələri səhih hədisdəki sözündə yatıb qalan və unudanla qeydə bağlamışdır: “Kim yatıb namazdan qalarsa və ya unudarsa, xatırladığı zaman onu qılsın!” Bu, “məfhum şərt”[5] anlayışıdır və bu, üsul alimlərindəki racih (üstün) görüşə görə hüccətdir.

Şafii alimlərindən Şeyx İzzud-Din bin Abdis-Sələm də İbn Həzmin görüşü kimi qəzanı vacib görməmişdir. İbn Həzm “əl-Əarab” adlandırdığı bir kitabında mübaliğə etmiş və qəzanın tələb olunmaması görüşü üzərində icma olduğunu iddia etmişdir. İbn Abdilbərr isə “əl-İstizkar” kitabında ona qarşı çıxmış və bu zahiri aliminin qəbul etdiyi görüşün əksinə olaraq qəzanın vacib olması üzərində icma olduğunu iddia etmiş və qəzanın vacib olmasına dair peyğəmbərin – salləllahu aleyhi va səlləm – səhih hədisdəki sözlərini dəlil gətirmişdir: “Sizin başınıza əmirlər gələcək və namazı vaxtından gecikdirəcəklər. Siz namazı vaxtında qılın və onlarla qıldığınız namazları nafilə edin!” Namazın vaxtı çıxdıqdan sonra onlarla namaz qılmağı əmr etdi və əgər belə bir namaz səhih olmasaydı, onlara tabe olmağı əmr etməzdi. Alimlər “kim yatıb namazdan qalarsa və ya unudarsa” hədisini belə izah edirlər ki, bu hədis insanlarda çox zaman baş verən hallara işarə etmişdir, buna görə də hədisin “məfhum”u yoxdur. Hətta sahibimiz Şeyx İmam Əbut-Tayyib əl-Məğribi’nin rəvayət etdiyinə əsasən məğrib alimlərindən biri haqqında mənə çatan xəbərə görə o, bir gün namazı qəsdən tərk edən haqqında danışmış və sonra demişdir: “Bu məsələ alimlərin ortaya atdığı fərziyyələrdən biridir, belə bir şey baş verməyib, çünki müsəlmanlardan heç kimsə namazı tərk etməyi qəsd etməz.” Bu alim insanlarla qarışmaz, onlarla oturub durmazdı. Atasının yanında kiçik yaşlarından elmlə məşğul olaraq böyümüş və böyüdükdən sonra dərs verməyə başlamışdır. Bunu da dərsində söyləmişdir. Doğrusunu Allah bilir!

Hədis haqqında ehtimal edib demək olar ki, hədisdə zəif bir halı zikr edərək daha təhlükəli hala diqqət çəkilmişdir, necəki Allahu Təalə deyir: “Onlara “uf” belə demə!”[6] Əgər üzr sahibinə qəza etməyi əmr edibsə, namazı gecikdirərək həddini aşanın da əmrə tabe olması məqsədə daha uyğundur. Üzərindəki haqqı/borcu vaxtından sonraya gecikdirənin halı bunun kimidir. Səhih hədisdə sabit olduğu kimi Allahın borcu ödənilməyə daha layiqdir.[7]

Əbul-Həsən Əli bin Xaləf İbn Battal – rahiməhullah – (vəf. 449) “Sahih əl-Buxari”nin şərhində deyir:

Bu hədisdə özünü elmə nisbət edən, lakin (həqiqətdə) elmdən uzaq olan cahil birində rədd vardır; o, iddia edir ki, kim namazı qəsdən tərk edərsə onu yenidən qılması lazım deyildir.

Görüşünə dəlil olaraq deyir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Kim yatın namazdan qalarsa və ya unudarsa, xatırladığı zaman namazını qılsın” və burada qəsdən namazı tərk edəni qeyd etməmiş və qəza qılmağı ona vacib etməmişdir. Qəzanı yalnız unudan və yatıb qalan qılmalıdır. Belə bir görüşün dəyəri yoxdur, namazın fərziyyətini qulların üzərindən düşürür. Peyğəmbər “Xəndəq” günü düşmənlə vuruşmaqla məşğul olduğu üçün tərk etməyi qəsd edərək zöhr və əsr namazlarını tərk etdi, sonra onları məğribdən sonra yenidən qıldı.

Həmin adama belə demək lazımdır: peyğəmbər – salləllahu aleyhi va səlləm – unudana və yatıb qalana namazı iadə etməyi vacib buyurduğu üçün qəsdən tərk edən buna daha uyğundur. Çünki namazı unudanın hallarından ən yaxşı halı boynundan günahın düşməsidir, bununla belə namazı iadə etməsi ona əmr olunmuşdur. Qəsdən tərk edən isə günahdan azad olmaz, o zaman namazı iadə etməyi ona vacib etmək (onun halı üçün) daha keçərlidir. Şəriyyətin məsələləri arasında elə bir məsələ yoxdur ki, qəsdən bir şeyi edən üzrlü olsun, lakin unudan üzrlü olmasın! İşlər bunun əksinədir, çünki peyğəmbər – aleyhissələm – demişdir: “Şübhəsiz ki, Allah xəta və unutqanlıq hallarında ümmətimin günahlarından keçmişdir.” Əgər Allah unudan kimsəyə itirdiyi şeyin günahından keçibsə/bağışlayıbsa və fərzi yerinə yetirməyi əmr edibsə, o zaman Allahın hüdudlarını çeynəmiş, günahı bağışlanmamış qəsdən tərk edən kimsə üçün şiddətli təhdidin keçərli olmasının əsası vardır, belə bir halda fərzin onun boynundan düşməməsi məqsədə daha uyğundur və qəza etməsi vacibdir. Ümmət heç bir üzr olmadan ramazan ayından bir günü qəsdən tərk edənə qəzanın vacib olmasında icma etmişdir. Namaz da bunun kimidir, bunda heç bir fərq yoxdur. Tövfiq Allahdandır.[8]

əl-Hafiz İbn Abdilbərr – rahiməhullah – (368 – 463) bu barədə geniş danışmışdır:

əl-Nisyən (ununtma) ərəb dilində bir şeyi qəsdən tərk etməyə də deyilir və xatırlamağın əksi olur. Allahu Təalə deyir: “Onlar Allahı unutdular, Allah da onları unutdu.” Yəni: Allaha itaət etməyi və peyğəmbərinin gətirdiklərinə iman etməyi tərk etdilər və Allah da onları öz rəhmətindən uzağa tərk etdi. Bu, haqqında heç bir ixtilaf olmayan bir məsələdir, Quranın təfsiri haqqında azca elmi olan heç kəs bundan cahil qalmaz.

Əgər soruşsalar ki, nə üçün bu və başqa hədislərdə öz sözündə yatıb qalan ilə unudan kəsləri xatırlama ila xüsusiləşdirərək demişdir: “Kim yatıb namazdan qalarsa və ya unudarsa, xatırladığı zaman onu qılsın!” ? Cavabı budur ki, (hədisdə) yatıb qalan ilə unudanın qeyd olunması yatmaq və unutmaq ilə günahların sayılmaması baxımından qələmlər qalxdığına görə insanların bu barədə yalnış zənn və gümana düşmələrinin qarşısını almaq üçündür. Allahın Elçisi – salləllahu aleyhi va səlləm – izah etmişdir ki, günahın boyunlarından düşməsi fərz olan namaz vəzifəsini onların boynundan düşürmür və namazı xatırladıqları anda onu qılmaq vacibdir. Vaxtı çıxdıqdan sonra xatırladıqda hər biri qəzanı qılmalıdır. Bu zaman qəsdən tərk edəni bu ikisi ilə birlikdə qeyd etməyə ehtiyac yoxdur, çünki unudaraq və yatıb qalaraq namazı tərk edənlər haqqında yalnış zənnə gətirib çıxaran səbəb namazı qəsdən tərk edəndə mövcud deyildir. Ona vacib buyurulmuş fərz namazı xatırladığı müddətdə tərk etməsində heç bir üzrü yoxdur.

Allahu Təalə Öz hökmündə peyğəmbərinin dili ilə vaxtla müəyyənləşdirilmiş namazın hökmü ilə ramazan ayı ilə müəyyənləşdirilmiş orucun hökmünü eyni etmişdir ki, vaxtı çıxarsa hər ikisinin də qəzası vardır. Daha əvvəl qeyd etdiyimiz səbəblərə görə namazda yatıb qalan ilə unudanı qeyd etmişdir, orucda isə müsafir ilə xəstənin adını qeyd etmişdir. Ümmət icma etmiş və bütün alimlər nəql ediblər ki, kim orucun fərz olduğuna inandığı halda, sadəcə naşükürlük və təkəbbürlük üzündən ramazan ayı qəsdən ourc tutmayazsa, bunu qəsdən edərsə, sonra tövbə edərsə, ona qəza etmək vacibdir. Namazı qəsdən tərk edən də bunun kimidir. Qəsdən edənlə unudaraq edən kəslər günah baxımından fərqli olsalar da namaz və orucu qəza etməkdə eynidirlər...

Oruc da, namaz da fərz vacibdir, təyin olunmuş vaxtı çıxsa belə həmişə ödənilməsi qaçınılmaz olan sabit bir borcdur. Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Allahın borcu ödənilməyə daha layiqdir.”

Üzrlü olduqları halda yatıb namazdan qalan və ya unudan vaxtı çıxdıqdan sonra belə həmin namazın qəzasını qılırlarsa, namazı qəsdən tərk etdiyinə görə günah qazanan birinin boynundan namaz vəzifəsinin düşməməsi və onu qəza etməsinə hökm olunması daha məqsədə uyğundur, çünki namazı tərk etməklə etdiyi üsyandan tövbə etməsi etdiyi əməldən peşman olmaqla bərabər həmin namazı ödəməsi və tərk etdiyini yerinə yetirməsi ilə ola bilər.

Zahirilərdən bəzisi şaz bir görüş qəbul etmiş və müsəlman alimlərin cumhurundan və möminlərin yolundan önə keçərək demişdir ki, vaxtında namazı qəsdən tərk edənə başqa vaxtı onun qəzasını qılması vacib deyildir, çünki o, yatıb qalanlardan və unudanlardan sayılmır...Həmçinin deyirlər ki, (namazı qəsdən tərk edəni) bu ikisi ilə (yəni yatıb qalanla unudanla) müqayisə etmək bizə görə caiz deyildir...Bu məsələdə alimlərin cumhuru onlara qarşıdır...Bu zahiri, düşüncə və etibar yoluna qarşı çıxmış və bütün ölkələrin alimlərinin birliyindən ayrılıb və qəbul etdiyi görüş üçün ağıllarda keçərli ola biləcək heç bir dəlil gətirməyib...

(Bunun üçün) bir başqa dəlil budur ki, Allahın Elçisi – salləllahu aleyhi va səlləm – Mədinədə Xəndəqdən ayrılarkən öz səhabələrinə dedi: “Sizdən heç biriniz Bənu Qureyza’ya çatmayana qədər əsr namazını qılmasın!” Tələsərək yola düşdülər, onlardan bəziləri təyin olunmuş vaxtın çıxmasından qorxaraq Bənu Qureyza yolunda əsr namazını qıldılar, digərləri isə yalnız Bənu Qureyzada günəş batdıqdan sonra əsr namazını qıldılar. Allahın Elçisi – salləllahu aleyhi va səlləm – bu iki qrupdan heç birini qınamadı. Onların heç biri yatıb qalmış və unutmuş sayılmaz. Onlardan bəzisi vaxtı çıxana qədər namazı gecikdirmiş və sonra qılmışdır. Allahın Elçisi – salləllahu aleyhi va səlləm – bunu bildi və onlara demədi ki, “namaz yalnız öz vaxtında qılınar və vaxtı çıxdıqdan sonra qəza edilməz.”...

Bu zahirinin təəccüblü halı budur ki, o, icma ilə vacib buyurulmuş fərzlərdə öz əslini və əshabının (yəni zahirilərin) əslini pozmuş olur, beləki (icma ilə vacib olmuş fərzlər) yalnız özü kimi bir icma ilə və ya qəbulunda ixtilaf olmayan bir sünnət ilə qüvvədən düşə bilər. Beş vaxt namaz isə icma ilə vacibdir.

Sonra bütün ölkələrin alimlərinin görüşlərindən kənara çıxan şazz görüşlərdən ibarət ixtilaf gətirdi və sonra arxasında sənədsiz rəvayətlər gətirdi və vacibliyi haqqında icma olan fərzləri qüvvədən saldı və öz əslini (yəni zahiri məzhəbinin əslini) pozdu və özünü unutdu. yalnız Allahdan Öz razı qaldığına məni müvəffəq etməsini və sınağa çəkdiyi şeylərdə məni qorumasını diləyirəm.

Əbul-Həsən bin əl-Muləğğis “əl-Muvaddih alə Məzhəbi Əhliz-Zahir” adlı kitabında deyir: “Əgər insan bir yerdə bir tualetdə və ya nəcəs olan yerdə olarsa və ya dirəyə bağlı olarsa və dəstəmaz almağa imkanı olmazsa və ya bacarmazsa dəstəmaz almağı bacarana qədər namaz qılmaq ona vacib olmaz, əgər təmizlənməyə imkanı olarsa dəstəmaz və ya təyəmmüm etmək imkanı olan kimi təmizlənər. Əbu Ömər (İbn Abdilbərr) deyir: Bu adam nə unutmuş, nə də yatıb qalmış sayılmaz, lakin zahirilər vaxtı çıxdıqdan sonra ona namaz qılmağı vacib görüblər və İbnul-Muləğğis bu məsələdə zahirilər arasında bir ixtilafın olduğunu zikr etməmişdir. Lakin bizim bu zahiri isə deyir ki, yatıb qalan və unundandan başqa heç kəs vaxtı çıxdıqdan sonra namazı qıla bilməz, çünki bu ikisi hədisdə xüsusi qeyd olunmuşdur.

Əgər desə ki, bu adam (yəni dəstəmaz almağa imkanı olmayan adam) unudan və yatıb qalan kimi üzr sahibidir, bunların hamısını birləşdirən üzrdür. Buna cavab olaraq deyərik ki, qiyası inkar etmək üçün, mənaların özlərini diqqətə almaq və nasda olandan o tərəfə keçməmək üçün qurduğun əsasları özün tərk etmiş olursan. Halbuki əql şahidlik edir ki, üzr sahibi olanlara nisbətdə üzr sahibi olmayanlara qəzanı vacib etmək daha məqsədə uyğundur.[9]

əl-Hafiz İbn Abdilbərr – rahiməhullah – məsələ haqqında çox geniş danışmış və bu yöndə bir çox dəlil gətirmişdir. Biz burada sözlərinin yalnız bir hissəsini nəql etdik.

Bir başqa maliki imamı Əbu Abdilləh Muhamməd bin Ömər əl-Maziri – rahiməhullah – (453 – 536) deyir:

Vaxtları çıxana qədər namazı qəsdən tərk edənə gəldikdə isə fəqihlərin məzhəblərində bilinən görüşə görə qəza etməlidir. Bəzi insanlar bu məsələdə şaz bir görüş irəli sürmüş və qəza etməyəcəyini söyləyiblər. Buna dəlil olaraq (peyğəmbərin) “kim bir namazı unudarsa və ya yatıb namazından qalarsa, qoy onu qılsın” sözlərindəki xitabı göstərirlər. Onların dəlili budur ki, namazı qəsdən tərk edən bundan fərqlənir. Biz isə əgər xitab dəlilini əsas götürmürüksə o zaman onların hüccətləri qüvvədən düşür.[10] Amma bu dəlili isbat etmiş olsaq deyərik ki, bizim sözümüzün əsası bu hədisdə xitab dəlilindən çıxmır, lakin bu hədisdə aşağını qeyd etməklə daha yüksək hal haqqında xəbərdarlıq vardır, çünki əgər unudaraq namazı tərk edən birinə günah qazanmamasına baxmayaraq namazı qəza etməsi vacibdirsə, qəsdən tərk edənə qəzanın vacib olması daha münasibdir.[11] Qəsdən edildikdə qəzanın vacib olub olmamasındakı ixtilaf qəsdən qətl etməyə görə kəffarənin vacib olub olmaması ixtilafı kimidir və bu iki məsələdəki ixtilaf bir başqa ixtilafın üzərində qurulmuşdur: Daha əvvəl qeyd olunan hədis və daha əvvəl qeyd olunmuş ayə xitabın özündəki dəlildir, yoxsa xitabın məfhumundan çıxarılan dəlildir?![12]

Digər böyük maliki imamı əl-Qadi İyad (476 – 544) “əl-Mulim bi Fəvaidi Muslim” kitabına əlavələr yazmışdır və mövzumuzla bağlı yazdığı əlavəsində deyir:

Şeyxlərimizdən birini belə nəql edərkən eşitdim ki, ona namazda təfrit edən (yəni vaxtı çıxana qədər gecikdirən) barəsində Davudun görüşü kimi Malikdən də şaz bir görüş gəlmişdir. Belə bir görüş Davud və Abdur-Rahmən əş-Şafi’dən savayı nə Malikdən, nə digər imamlardan, nə də özünü elmə aid edən heç kəsdən səhih olaraq gəlməmişdir. Üsul alimləri müəyyən vaxtla məhdudlaşdırılmış bir şeyin əmr olunmasında ixtilaf ediblər: belə bir əmr vaxt çıxdıqdan sonra qəzanı da öz əhatəsinə alır, yoxsa qəza üçün ikinci bir əmrə ehtiyac vardır?[13] Şeyxlərdən bəziləri demişdir ki, qəsdən tərk edən üçün qəzanın vacibliyi peyğəmbərin – aleyhissələm – “xatırladıqda namazını qılsın” sözündən götürülmüşdür, çünki namazdan qafil olması, cahilliyi və qəsdi ilə unudan kimsəyə bənzəyir və namazı tərk etdiyini xatırladığı zaman qəza etməsi lazımdır.[14] Həmçinin bəziləri Allahın “Məni anmaq üçün namaz qıl” sözlərindəki təvillərdən birini, həm də hədisdəki “ona bundan başqa kəffarə yoxdur” sözlərini dəlil gətirirlər; kəffarə isə yalnız günahlarda olur, yatıb qalan və unudan bununla günah sahibi deyillər, günah yalnız qəsdən tərk edənə düşür.[15]

əl-Qadi Əbu Bəkr İbnul-Arabi – rahiməhullah – (468 – 543) deyir:

“(Peyğəmbərin) “kim yatıb namazdan qalarsa və ya unudarsa, onu xatırlayarkən qılsın” sözləri xatırlayan hər bir kəsə xatırladığı anda namazın vacib olmasını tələb edir və bu zaman bilərək tərk edənlərdə olduğu kimi (namazını tərk etdiyini) həmişə xatırlamaq ilə namazı qəflət üzündən tərk edənlərdə olduğu kimi birdən xatırlamaq arasında heç bir fərq yoxdur. Hər unudan tərk edən deməkdir, sadəcə olaraq bu ya qəsdən, ya da bilmədən ola bilər. Həmişə və ya bəzi hallarda olmaq surəti ilə[16] nə zaman xatırlayarsa, o zaman namazını qılması vacib olar.

Bu incəliyi gözəl anlayın ki, qoy nəfsləriniz bidətçilərin qarmaşasından rahat olsun! İnsanları namazdan uzaqlaşdırmaqdan əl çəkmədilər, üstəlik dedilər ki, “kim qəsdən tərk edərsə qəza etməsi lazım deyil” və belə bir görüşü Malikə aid etdilər. Malik belə bir görüşdən uzaqdır, çünki onun zehni (belə bir görüş söyləməyəcək qədər) itidir, dini qorumaq üçün göstərdiyi səyləri bundan da güclüdür. Malik sadəcə olaraq söyləmişdir ki, “kim namazı qəsdən tərk edərsə onu heç zaman qəza edə bilməz!” Necəki bəzi əsərlərdə deyilmişdir ki, “kim ramazanda bir gün orucunu qəsdən pozarsa, bütün ömrü boyu oruc tutsa da həmin günün yerini verməz.” Bu sözləri ilə onlar ötürülmüş şeyin qayıtmayacağına işarə edirlər, lakin bununla birlikdə vaxtında ödənmədiyi üçün əvəzində qəza etmək və ardından tövbə etmək surəti ilə boynundakı vəzifənin haqqını verməsi qaçınılmazdır. Bundan sonra Allah dilədiyini edəcəkdir.[17]

Əhli-sünnətin bir başqa imamı Əbu Abdilləh əl-Qurtubi əl-Məliki – rahiməhullah – (vəf. hicri 671) məşhur təfsirində Allahu Təalənin “Məni anmaq üçün namaz qıl[18] sözlərini şərh edərkən deyir:

Üçüncü: Namazı qəsdən tərk edənə gəldikdə isə, alimlərin cumhuruna görə asi olsa belə bu halda da qəza etmək vacibdir, yalnız Davud fərqli düşünmüşdür və Əbu Abdir-Rahmən əl-Əşari əş-Şafi bunda onunla razılaşmışdır; bu görüşü ondan İbnul-Qassar rəvayət edir. Qəsdən tərk edənlə unudub və ya yatıb tərk edən arasındakı fərq günahın boynundan düşməsidir; qəsdən tərk edən günahkardır, lakin bunların hamısı qəza etməlidir. Cumhurun hüccəti Allahu Təalənin “namazları qılın” (əl-Ənam, 72) sözləridir, beləki namazın vaxtı ilə vaxtının keçməsi arasında fərq qoymamışdır və bu, vacibliyi tələb edən bir əmrdir.

Həmçinin yatıb qalan və unudan kimsələrə qəza etmək əmri sabit olmuşdur, halbuki onlar günah işləmiş sayılmazlar. O zaman qəsdən tərk edənə belə bir əmr daha uyğundur. Üstəlik (peyğəmbərin) “kim namazdan yatıb qalarsa və ya unudarsa” sözlərindəki “unutmaq” tərk etmək deməkdir. Allahu Təalə deyir: “Onlar Allahı unutdular, Allah da onları unutdu.” (ət-Tövbə, 67) və “Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu kəslər...” (əl-Həşr, 19) Bunun yaddan çıxarma ilə olub olmaması arasında fərq yoxdur, çünki Allahu Təalə heç zaman unutmaz. Bunun mənası sadəcə olaraq “onları tərk etdi” deməkdir. “Biz hər hansı bir ayəni ləğv edir və ya unuduruqsa”[19] (əl-Bəqara, 106) yəni tərk ediriksə.

Üstəlik xatırlama həm unutduqdan sonra, həm də başqa hallarda ola bilər. Allahu Təalə deyir: “Kim məni öz nəfsində xatırlayarsa, mən də onu Öz nəfsimdə xatırlayaram.” Allahu Təalə heç zaman unutmur ki, Onun xatırlaması unutduqdan sonra olsun. Sadəcə olaraq buradakı məna “bilərəm” deməkdir. Onun həmçinin “namazı xatırlayarsa” sözü də anlayarsa/bilərsə mənasındadır.

Həmçinin əgər bəşər övladlarına nisbətdəki borclar müəyyən bir vaxta bağlı olsaydı, sonra həmin vaxt gəlib keçsəydi, borcu (öz vaxtında) ödəmək vacib olduğu halda (vaxtın keçməsi ilə) onu qəza etmək hökmdən düşməz, halbuki borcun bağışlanması həmin borcu ödəmək hökmünü qüvvədən sala bilir. O zaman bağışlanılması doğru olmayan Allahu Təalənin borclarında Allahın izni olmadan (borcları) ödəmək vacibliyinin hökmdən düşməməsi daha doğrudur. Üstəlik ittifaq etmişik ki, heç bir üzr olmadan ramazan ayından bir günü tərk edərsə qəza etməsi vacib olacaq. Namaz da bunun kimidir.[20]

əl-Qurtubi’nin xüsusilə axırıncı sözlərini gözəl anlamaq lazımdır. Sözsüz ki, namaz müəyyən vaxtla məhdudlaşmış bir ibadətdir, lakin öz mahiyyətində Allaha qarşı borcumuzdur. Əgər bir insana bir il içində borcu qaytarmaq vacibdirsə, lakin biz bir il içində qəsdən həmin borcu qaytarmasaq, borcu qaytarmağın vacib olması hökmü qüvvədə qalacaq. Eləcədə Allahu Təaləyə qarşı borclarımızı vaxtında verməsək günah etmiş olarıq və günahımıza görə tövbə etməyimiz lazımdır. Lakin ötürdüyümüz həmin namaz borcu boynumuzdan düşməz. Səhih bir hədisdə gəlir ki, bir qadın peyğəmbərin – salləllahu aleyhi va səlləm – yanına gəlib deyir: “Ey Allahın Elçisi! Allahın həcc barəsində fərziyyəti atama çox yaşlı halda yetişdi, artıq minik üzərində özünü saxlaya bilmir. Onun yerinə həcc edimmi?” Dedi: “Atanın boynunda kiməsə borcu olsaydı məgər onu ödəməzdinmi?!” Dedi: “Bəli!” Dedi: “O zaman Allahın borcu ödənilməyə daha layiqdir.[21]

Digər maliki alimi Əbul-Abbas əl-Qurtubi – rahiməhullah – bu dəlilləri “əl-Mufhim” kitabında  yığcam şəkildə gətirərək deyir:

Namazı qəsdən tərk edən kimsəyə gəldikdə isə, cumhura görə burada da qəza etmək ona vacib olur. Bu məsələdə həmçinin Davud və Əbu Abdir-Rahmən əl-Əşari’dən şaz bir ixtilaf vardır. Cumhur onlara bir neçə yöndən cavab verib:

Birinci: Unudan və yatıb qalana qəza etmək əmri sabit olmuşdur, halbuki onların hər ikisi də günahkar sayılmayıb; o zaman qəsdən tərk edən buna daha layiqdir.

İkinci: (Peyğəmbərin) “xatırlaqdıqda” sözünə əsaslanırlar, çünki qəsdən tərk edən tərk etməyini xatırlayır, buna görə də qəza etməsi lazımdır.

Üçüncü: (Peyğəmbərin) “kim namazı unudarsa” sözünün ümumi mənasına əsaslanırlar, yəni kimdə unutqanlıq hasil olarsa. Unutqanlıq isə tərk etmək deməkdir, bunun yaddan çıxma üzündən olub olmaması arasında fərq yoxdur. Buna Allahu Təalənin bu sözü dəlalət edir: “Onlar Allahı unutdular, Allah da onları unutdu.” Yəni, onlar Allahı tanımağı və Onun əmrini tərk etdilər, Allah da onları əzab içində tərk etdi.

Dördüncü: (Peyğəmbərin) “kim namazı unudarsa bunun kəffarəsi xatırladığı zaman namazını qılmasıdır.” Kəffarə isə çox zaman sadəcə günahlara görə lazım olur. Yatın qalan və yadından çıxarmaq mənasında unudan kimsələr isə günah sahibləri deyillər, o zaman burada “unudan” sözü ilə muradın qəsdən tərk edən olması qaçınılmazdır.

Beşinci: Allahın “Məni anmaq üçün namaz qıl!” sözü; yəni ayənin təvillərindən birinə əsasən “məni namazında xatırlamaq üçün namaz qıl” deməkdir.

Altıncı: Qəza elə birinci xitab ilə vacib olur, çünki ibadətin vaxtının çıxması onun vacibliyini qüvvədən salmır, çünki ibadət borclar kimi həmişə mükəlləfin boynunda yük olaraq qalır. Bu ibadət borcunu ya həmin ibadəti yerinə yetirmək, ya da ibadətin şərtinin olmaması hökmdən sala bilir. (Vaxtın ötürülməsi ilə) bu ikisindən heç biri hasil olmur. Bizim üsulçu və fəqih imamlarımıza aid iki görüşdən biri budur.[22]

əl-Qurtubi’nin gətirdiyi altıncı dəlil bu halda qəzanı məşru saymayanların gətirdiyi irada qarşıdır. Çünki onlar deyirlər ki, unudaraq və yatıb qalaraq namazı ötürən kimsədə namazı qəza etməyi vacib edən ikinci xitabdır, yəni şəriyyət onlar üçün xüsusi bir xitab etmiş və xatırladıqları zaman qılmaqlarını əmr etmişdir. Lakin qəsdən tərk edən kimsələrin halında belə bir şey mövcud deyildir. İmam əl-Qurtubi də - rahiməhullah – buna nəzərən qeyd edir ki, qəsdən tərk edən üçün namazı qəza etməyin vacibliyi elə birinci xitab ilə sabitdir, çünki ibadət borcu insandan iki halda düşə bilər: Birinci: həmin ibadəti ödəməklə borcu ödəmiş olursan. İkinci: şərtlərdən birinin düşməsi ilə, məsələn insanın əqlini itirməsi və sair. Lakin qəsdən namazı tərk edən kəsdə isə bu iki hal mövcud deyildir və bu səbəblə ibadət borcunun ödənilməsi hələ də vacib olaraq qalır. Lakin borcu vaxtında ödəmədiyi üçün günah qazanmış sayılır.

Şeyx Alləmə əl-Muvaffəq İbn Qudamə - rahiməhullah – deyir:

Namazı tərk edən üçün onun qəzasını qılmağın vacib olmasında müsəlmanların ixtilaf etdiyini bilmirik, əgər (namazı tərk edən) mürtəd olsaydı ona nə namazı, nə də orucu qəza etmək vacib olmazdı.[23]

Aləud-Din Əbul-Həsən əl-Mərdəvi – rahiməhullah – deyir:

Onun [Kim namazları ötürərsə onları dərhal qəza etməsi lazımdır] sözü:

Bu, məzhəbin görüşüdür. Bunu İmam Əhməd açıq şəkildə bildirmişdir. Əshabın böyük əksəriyyəti bu görüş üzərindədir. Onlardan çoxu bu görüş üzərində qərar tutmuşdur. Şeyx Taqiyyud-Din də bu görüşə üstünlük vermişdir. Bəzi alimlər isə qəzanın dərhal vacib olmadığını qeydsiz-şərtsiz deyirlər. Başqaları isə yalnız beş namazda dərhal vacib olduğunu deyiblər. əl-Qadi sözünün bir yerində bu görüşə üstünlük vermişdir.

Şeyx Taqiyyud-Din isə belə bir görüşə üstünlük vermişdir ki, “namazı qəsdən tərk edən əgər tövbə edərsə ona qəza etmək düşməz və qəza etməsi də səhih sayılmaz, əvəzində nafilə namazlarını artırmalıdır. Oruc da bunun kimidir. İbn Racəb “əl-Buxari”nin şərhində deyir: İlk dövr əshabımızdan bir qrup alimdən bu yöndə görüş gəlmişdir ki, əgər qəsdən tərk edərsə namazı qılması keçərli olmaz. əl-Cəvzəcani, Əbu Muhamməd əl-Bərbəhari və İbn Batta bu alimlərin arasındadır.[24]

Mötərizədəki sözlər Şeyx əl-Muvaffəq İbn Qudamə’nin “əl-Muqni” kitabındakı sözləridir ki, Alləmə əl-Mərdavi “əl-İnsaf” kitabını o kitabın üzərinə yazmışdır.

Hənəfi alimlərindən Şeyx Əkməlud-Din əl-Bəbarti – rahiməhullah – (vəf. 786) deyir:

[Kim namazı ötürərsə] və ya qəsdən ötürərsə [xatırladığı anda onun qəzasını qılmaq vacibdir və başqa vaxtın fərzindən əvvəl qılınmalıdır]...qəza etmənin vacib olması namazı qəsdən tərk edən barəsində icma ilə sabit olmuşdur...[25]

Dörd məzhəbin alimləri məsələ haqqında icmanın olduğunu deyiblər. Hənəfilərdən bu yöndə əl-Bəbarti, malikilərdən İbn Abdilbərr, şafilərdən ən-Nəvəvi və hənbəlilərdən İbn Qudamənin sözlərini daha əvvəl təqdim etdik. İbnul-Qayyim belə bir icmanın olduğunu “Kitəbus-Salət”də inkar etmişdir. Sözsüz ki, icma nəql edən bu alimlər məsələdə bəzi alimlərin ixtilaf etdiyini bilirlər, lakin onların bu ixtilaflarının icmanın hasil olmasına maneə olmayacağına işarə edirlər. Bu məsələ zahiri məzhəbinin görüşünün nəzərə alınıb alınmaması məsələsi ilə bağlıdır.

  • Zahiri məzhəbinin görüşü diqqətə alınarmı?

Zahiri məzhəbinin görüşünün diqqətə alınıb alınmaması barəsində digər məzhəb alimləri ixtilaf ediblər, çünki dörd məzhəbə görə qiyas özlüyündə şəriyyətin qaynağı sayıldığı halda zahirilər belə bir əsli inkar ediblər. Buna görə də alimlər bu məsələ haqqında danışmış, onların qiyasi inkar etməkləri səbəbi ilə görüşlərinin qəbul edilməcəyini söyləyiblər. Ümumilikdə isə alimlərin bu barədə dörd görüşü vardır:

Birinci: Onların ixtilaf etmələri mötəbər sayılmaz, yəni dörd məzhəbdən fərqli düşünmələri diqqətə alınmağa dəyməz. Bu, alimlərin cumhurunun görüşüdür. Bunu Əbu İshaq əl-İsfəraini (vəf. hicri 316) elm əhlinin cumhurundan nəql etmişdir.[26] Əbul-Abbas əl-Qurtubi qeyd edir ki, üsul alimlərinin böyük əksəriyyətinə görə zahirilərin ixtilafına əhəmiyyət verilm[Kim namazı ötürərsə] və ya qəsdən ötürərsə [xatırladığı anda onun qəzasını qılmaq vacibdir və başqa vaxtın fərzindən əvvəl qılınmalıdır]...qəza etmənin vacib olması namazı qəsdən tərk edən barəsində icma ilə sabit olmuşdur...əz.[27] ən-Nəvəvi – rahiməhullah – deyir ki, “Davudun müxalif olması cumhura görə icmada bir problem yaratmaz.[28] Bir başqa yerdə isə demişdir ki, “əksər alimlərin və muhaqqiqlərin üstünlük verdikləri görüşə görə Davudun müxalif olması icmanın ortaya çıxmasına zərər verməz.[29] Şeyx Bədrud-Din əz-Zərkaşi isə (vəf. 794) deyir ki, “Muhaqqiqlər onları (yəni zahiriləri) fəqihlərin qrupundan saymayıblar...və onları “əhlul-halli val-aqd”dan çıxarıblar.[30] Bunu İbn Dəqiqil-İd[31] (vəf. 702) və əs-Sanani[32] bəzi alimlərdən nəql ediblər. Hənəfilərdən Əbul-Həsən əl-Kərxi[33][34] (vəf. 370), əl-Haməvi[35] (vəf. 1098) və İbn Abidin[36] (vəf. 1252), malikilərdən əl-Qadi Əbu Bəkr əl-Baqilani[37] (vəf. 403), İbn Battal[38], əl-Qadi Əbu Bəkr İbnul-Arabi[39], Əbul-Abbas əl-Qurtubi[40], əd-Dərdiri[41] (vəf. 1201) və İlliş[42] (vəf. 1299), şafiilərdən Əbul-Abbas bin Sureyc[43] (vəf. 306), Əbu İshaq əl-İsfəraini[44], Əbu Əli bin Əbi Hureyra[45] (vəf. 345), əl-Qadi Əbul-Həsən əl-Mərvazi[46] (vəf. 462), Əbul-Məali əl-Cuveyni[47][48] (vəf. 505), Salahud-Din əs-Safədi[49] (vəf. 826), ən-Nəvəvi və Valiyyullah əl-İraqi[50], hənbəlilərdən isə Nəcmud-Din ət-Tufi[51] (vəf. 340), Əbu Bəkr əl-Cəssas ər-Razi (vəf. 478), Əbu Həmid əl-Ğazali (vəf. 716) bunu dilə gətiriblər.

İkinci görüşə görə zahirilərin ixtilafı nəzərə alınacaq qədər mötəbərdir. Malikilərdən əl-Qadi Abdul-Vahhab əl-Bağdadi[52] (vəf. 422), şafiilərdən Əbu Mənsur əl-Bağdadi[53] (vəf. 429) bu görüşdədir. Əbu Mənsur əl-Bağdadi üstəlik bunun məzhəbin səhih görüşü olduğunu söyləmişdir. Bu görüş həmçinin İbn Salah’a da aid edilmişdir.[54] Yenə şafiilərdən əz-Zəhəbi[55] (vəf. 748) və İbn Subki[56] (vəf. 771) bu görüşdədir. Alləmə İbnul-Qayyim[57] (vəf. 751), əs-Sanani[58] (vəf. 1182), əş-Şəvkani[59] (vəf. 1250), Şeyx Muhamməd əl-Əmin əş-Şənqiti[60] (vəf. 1393) kimi təhqiq əhli bu görüş üzərində olublar.

Üçüncü görüşə görə qiyasla bağlı olmayan məsələlərdə ixtilafları nəzərə alınmalıdır, lakin qiyasla bağlı məsələlərdə əhəmiyyət verilməz. Bu, Əbul-Həsən əl-Əbyari’nin (vəf. 618) görüşüdür.[61]

Dördüncü görüşə görə gizli qiyasla (əl-qiyasul-xafiyyu) bağlı məsələlərdə onların ixtilafları nəzərə alınar, lakin aşkar qiyasda (əl-qiyasul-cəliyyu) əhəmiyyət verilməz və bu, İbnu Salah’ın[62] görüşüdür. O, deyir: “Allaha istixarə etdikdən və Ondan kömək dilədikdən sonra veriləcək cavab budur ki, aşkar qiyasda müxalif olduğu görüşlər istisna olmaq şərti ilə Davud’un görüşü etibara layiqdir və icma məsələsində diqqətə alınmalıdır.”[63]

Alimlərin cumhurunun zahirilərə bu cür yanaşmaları zahirilərin rəy və qiyasa qarşı tutumlarından irəli gəlir. Əhli-sünnət məzhəbləri qiyası şəriyyətin bir qaynağı olaraq qəbul etmiş, hətta bəzi alimlər bunda icma olduğunu nəql etmişlər.[64] Onlara görə qiyasın şəriyyətin qaynağı olması dəlili aşkar olan məsələlərdəndir, zahirilərin bu qaynağı inkar etmələri onları fəqihlər dairəsindən çıxardır.

Hənbəli alimləri isə bu yöndə çox danışmayıblar, əksinə zahirilərin görüşlərini kitablarında nəql etmələri onların xilafına əhəmiyyət verdiklərini göstərir. Digər dörd məzhəbin içində hənbəli alimləri şəri dəlillərin zahirinə əsaslanmaqda xüsusilə seçilirlər, bəlkə bu səbəblə bəzi alimlər Davudu İmam Əhmədin əshabından hesab ediblər.

Bu məsələnin sırf qiyasla bağlı olduğunu İbn Rüşd belə izah edir:

İxtilaf etmələrinin səbəbi iki şeylə bağlıdır: birinci, şəriyyətdə qiyasın caiz olması, ikinci isə qiyasın caiz olduğu qəbul olunarsa qəsdən tərk edəni unudaraq tərk edənlə müqayisə etməyin doğru olması ilə bağlıdır. Kim şəriyyətin bir çox şeydə üzrlü gördüyü unudan kimsəyə qəzanı vacib görürsə qəsdən tərk edənə qəzanın vacib olması daha doğrudur, çünki üzrsüz kəsə qəza etmək daha vacibdir. Lakin kim unudan ilə qəsdən edənin bir-birinə zidd tərəf olduğunu deyirsə, o zaman zidd tərəflər bir-biriləri ilə müqayisə olunmaz, çünki hökmləri fərqlidir. Yalnız bir-birinə bənzəyənlər müqayisə oluna bilər, beləliklə qəsdən tərk edənlə unudub tərk edən bir-biri ilə müqayisə olunmaz. Doğru olan budur ki, əgər (qəzanın) vacibliyini təğliz[65] növündən hesab etsək o zaman qiyas caizdir, lakin əgər bunu unudana qarşı yumşaqlıq, onun üçün üzr və xeyirdən məhrum olmamaq üçün bir şans hesab etsək, o zaman bu yöndən qəsdən tərk edən unudaraq tərk edənin ziddi olacaq və buna əsasən qiyas caiz deyildir, çünki unudan üzrlü olduğu halda qəsdən tərk edən üzrlü deyildir. Mutəkəllim alimlərin dediyinə görə əsli qayda budur ki, qəza əda əmri ilə deyil, yalnız yeni bir əmr ilə vacib olar[66], çünki qəza edən, bir əməlin səhih şəkildə həyata keçməsi üçün tələb olunan şərtlərdən birini itirmişdir və bu vaxtdır, çünki səhihliyin şərtlərindən bir şərtdir və namazı vaxtından sonraya saxlamaq vaxtından əvvəl qılmaq kimidir.[67]

Unudan ilə qəsdən edəni müqayisə etmə namazın mahiyyətindən asılıdır və əgər biz namazı savab, xeyir və mükafata götürən bir əməl olaraq dəyərləndirsək, o zaman unudan ilə qəsdən tərk edən bu məsələdə eyni olmaz, çünki qəsdən tərk edən qul bu mükafatdan bilərək imtina etmişdir, lakin unudan qul isə bu mükafatı istəmiş, lakin unutduğu üçün üzrlü sayılmışdır və Allahu Təalə rəhimli olduğu üçün qullarına qazanmaq istədikləri xeyir üçün bir daha imkan tanımışdır. Əgər namazı Allahın Öz qullarına vacib buyurduğu bir borc və təklif olaraq qəbul etsək, o zaman unudan ilə qəsdən tərk edən arasında bu baxımdan heç bir fərq qalmır, çünki vaxtın ötməsi ilə borcun məsuliyyəti aradan qalxmaz. Əgər unudan və yatıb qalan üzrlü olduqları halda qəza etməklə əmr olunursa, qəsdən tərk edən bu əmrə daha layiqdir. Həqiqət budur ki, namaz hər iki vəsfi özündə cəm etmişdir.

Xülasə olaraq demək olar ki, zahirilərin ixtilaf etmələri alimlərin cumhuruna görə etibarlı sayılmır. Bizim bu məsələnin qiyas və nəzərlə güclü bağlı olduğunu nəzərə alsaq İbn Həzm və ona tabe olanların görüşlərinin zəif olduğunu anlamış olarıq. İnsaf üçün deməliyik ki, İbn Həzmin görüşünü müdafiə etmiş İbn Teymiyyə və İbnul-Qayyim kimi hənbəli alimləri cumhurun gətirdiyi dəlillərin çoxuna güclü cavab veriblər. Lakin məsələdə ictihad əhli olmayanlar üçün dörd məzhəbin ittifaq etdiyi görüşü tərk edib bəzi alimlərin görüşünə tabe olmaq doğru deyildir. Dininə əhəmiyyət verən müsəlman həmişə daha təhlükəsiz tərəfdə durmalıdır və bu halda təhlükəsiz tərəf cumhurun görüşüdür və onlara görə namaz Allahın qulları üzərindəki borcudur və vaxtın keçməsi ilə borcun məsuliyyəti qulun boynundan düşməz.

Üstəlik namazı vaxtından çıxana qədər tərk etməklə qəzanın vacib olmayacağını söyləmək namazda tənbəllik edənlərin düşdükləri şeytani hiylələrə aldanmaqda onlara kömək etmək olar, çünki əgər qəzanın düşdüyünə etiqad etsələr namazın məsuliyyətini hiss etməzlər və nəticədə namazı tərk etməklə artıq yerinə yetirəcəkləri bir vəzifənin olmadığını düşünəcəklər. Xeyir əməlləri artırmaq isə hər zaman buyurulmuş bir işdir.

Doğrusunu Allah bilir!

 

Samir Firdovsioğlu

 


[1] İbn Rüşd, “Bidəyətul-Muctəhid va Nİhəyətul-Muqtəsid”, 1/182; Darul-Marifə, altıncı nəşr: 1402/1982

[2] “Təfrit” ifratın əksidir.

[3] ən-Nəvəvi, “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 3/73-74; Məktəbətul-İrşad, Ciddə və 3/73-75; Darul-Fikr, Beyrut, 1997

[4] ən-Nəvəvi, “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 3/76; Məktəbətul-İrşad, Ciddə və 3/77; Darul-Fikr, Beyrut, 1997

[5] “Məfhum şərt” üsul elmindəki terminlərdən biridir. Bunu mövzumuzdakı hədislə izah edək: hədisdə “əgər xatırlayarsa” sözü bir şərtdir və bu şərtin məfhumu, yəni doğurduğu anlayış budur ki, xatırlamaq unutmağı tələb edir. Əgər unutmayıbsa xatırlaması, yəni yadına salması mümkün deyildir. O zaman bu hədisdəki “məfhumu şərtin” qaydasına əsasən namazı qəsdən tərk edənə qəza etmək vacib olmaz.

[6] əl-İsra, 23; Yəni valideynlərinə “uf” demə! Əgər “uf” demək olmazsa o zaman əlbəttə ki, onlara əl qaldırmaq da olmaz.

[7] əl-İraqi, “Tarhut-Təsrib fi Şərhit-Təqrib”, 2/149-150; Daru İhyə ət-Turas əl-Arabi, Beyrut və 2/137; Darul-Kutubil-İlmiyyə, Beyrut, 2000

[8] İbn Battal, “Şərh Sahihil-Buxari”, 2/220-221; Məktəbətur-Ruşd, Riyad, ikinci nəşr: 1423/2003

[9] İbn Abdilbərr, “əl-İstizkar əl-Cəmi li Məzəhib Fuqəha əl-Əmsar”, 1/300-309; Darul-Quteybə və Darul-Va’ayi, Qahirə, birinci nəşr: 1414/1993

[10] Yəni, əgər dəlilimizin hədisdəki “namaz qılmaq” əmrinin olduğunu söyləsək, o zaman onlar bizə qarşı dəlil olaraq deyərlər ki, hədisdə qəsdən tərk edənə heç bir işarə yoxdur. O zaman əgər biz bu görüşümüzdə əsas dəlil olaraq bu hədisdəki xitaba əsaslanmırısa, o zaman onların bizə qarşı gətirdikləri dəlil tutarlı olmaz.

[11] Yəni, bu hədisi sözümüzə dəlil gətirsək “namazı qəsdən tərk edənin” də xitaba məruz qaldığını demərik, lakin hədisdə daha yüngül bir halın qeyd olunması ilə daha da ağır hallar barəsində bir xəbərdarlıq olduğunu söyləyərik. Əgər unudaraq, yatıb qalaraq namazı tərk edənə qəza vacib olarsa, qəsdən tərk edənə vacib olması daha uyğundur.

[12] əl-Maziri, “əl-Mulim bi Fəvaidi Muslim”, 1/440-441; əd-Dar ət-Tunisiyyə lin-Nəşr, ikinci nəşr: 1988

Alimin son sözlərində işarə etdiyi mənanı bu cür izah etmək olar: Allahu Təalə deyir: “Hər kəs səhvən bir mömini öldürərsə, bir mömin kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir.” (ən-Nisa, 92) Alimlər bu ayə barəsində ixtilaf ediblər: Qəsdən öldürənə kəffarə vacib olurmu? Əgər vacibdirsə, o zaman bu ayənin xitabının özündən anlaşılır, yoxsa xitabdan çıxan ziyadə mənadan bunu anlayırıq? Yəni əgər səhvən öldürəndə kəffarə vacib olarsa, o zaman qəsdən öldürəndə ölünün ailəsinə kəffarənin verilməsi daha münasibdir.

[13] Yəni, şəriyyətin müəyyən vaxtla məhdudlaşdırılmış hər hansı bir əməli əmr etməsində üsul alimləri ixtilaf ediblər və bu ixtilafın mahiyyəti belədir ki, əgər vaxtla məhdudlaşdırılmış belə bir əməlin vaxtı çıxarsa, onu qəza etməyin vacib olması da elə birinci əmrə aiddir, yoxsa qəzanın vacib olması üçün əlavə bir əmr də olmalıdır? Məsələn, namaz kimi bir ibadət müəyyən vaxt içində əmr olunub və əgər vaxtı çıxarsa, onun qəzasını qılmaq hansı əmr ilə vacib buyurulmuşdur? Qəza, namaz qılmağı bizə vacib edən birinci əmr yoxsa unutduqda, yatıb qaldıqda xatırlayan kimi qılmağı əmr edən ikinci əmr ilə vacib buyurulmuşdur?

[14] Sözsüz ki, namazı qəsdən tərk edən namazını tərk etdiyini həmişə xatırlayır. Lakin burada onun namazı tərk edərkən düşdüyü qəflət halından oyanması qəsd olunur. Çünki istənilən müsəlman günah işləyərkən bir qəflət içərisində olur, ibadətlərin həqiqətini bir anlıq unutmuş olur, lakin daha sonra ibadətin məsuliyyətini yenidən xatırlayır və onu tərk etdiyinə görə peşman olur. Bax bu zamana namazı tərk etdiyini xatırlaması zamanı demək olar. Alimlərin də qəsdi budur. Doğrusunu Allah bilir!

[15] əl-Qadi İyad, “İkməlul-Mulim bi Fəvaidi Muslim”, 2/670-671; Darul-Vafə, əl-Mənsura, birinci nəşr: 1419/1998

[16] Yəni, əgər namazı qəsdən tərk edibsə, o zaman vaciblik hər bir zaman olmalıdır, çünki o, namazı tərk etdiyini həmişə xatırlayır. Lakin yatıb qalan və ya unudan kimsə isə namazını tərk etdiyini həmişə xatırlamır. Ona görə də bəzi hallarda xatırladığı üçün həmin xatırladığı halda namazı qılmaq vacib olar.

[17] İbnul-Arabi, “Əhkəmul-Quran”, 3/256; Darul-Kutubil-İlmiyyə, Beyrut, 1407/1984

[18] Taha, 14

[19] “Bu cür qiraət şaz bir qiraətdir, yəni əl-Qurtubi’nin işarə etdiyi və “və ya unuduruqsa” anlamına gələn “أَوْ نَنْسَاهَا” şəklindəki qiraət şazdır. İmam əl-Qurtubi’nin bu qiraəti burada zikr etməsində heç bir eyib yoxdur, çünki ayənin özünü deyil sözün mənasını isbat edir. Bu qiraətin şaz olmasını Əbu Həyyan “əl-Bəhr”də (1/343) zikr etmişdir.

[20] əl-Qurtubi, ”əl-Cəmi li Əhkəmil-Quran”, 14/28-29; Muəssəsətur-Risalə, Beyrut, birinci nəşr: 1427/2006

[21] əl-Buxari (1854), Muslim (1334)

[22] əl-Qurtubi, “əl-Mufhim limə Əşkələ min Təlxisi Kitəbi Muslim”, 2/309-310; Dar İbn Kəsir və Darul-Kələm ət-Tayyib, Dəməşq, birinci nəşr: 1417/1996

[23] İbn Qudamə, “əl-Muğni”, 3/357-358; Dar Aləmil-Kutub, ər-Riyad, üçüncü nəşr: 1417-1997

[24] əl-Mərdavi, “əl-İnsaf fi Məarifətir-Racih minəl-Xiləf”, 1/442-443; Muhamməd Hamid əl-Fəqi’nin təhqiqi ilə, birinci nəşr: 1374/1955

[25] “Şərh Fəthul-Qadir aləl-Hidayə Şərhi Bidayətil-Mubtədi”,1/503; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr, 1424/2003

Bu nəşr Mustafa əl-Babi əl-Hələbi’nin təbəəsindən götürülmüşdür. əl-Hələbi’nin təbəəsi İmam Əli əl-Mərğinani’nin (vəf. 593) “əl-Hidayə” kitabının mətnini və ona yazılmış üç haşiyəni bir arada toplamışdır. Birinci olaraq Kəmalud-Din İbnul-Humməm əl-Hənəfi’nin (vəf. 861) “Fəthul-Qadir lil-Acizil-Fəqir” adlı şərhi, ikinci Əkməlud-Din Muhamməd bin Muhamməd bin Mahmud əl-Bəbarti’nin (vəf. 786) “əl-İnayə fi Şərhil-Hidayə” adlı şərhi, üçüncü isə Şeyx Sadulllah bin İsa bin Əmirxan’ın (vəf. 945) “əl-İnayə” kitabına yazdığı haşiyəsi gəlir. Mötərizədə qeyd olunan sözlər əl-Mərğinani’yə aiddir.

[26] Bunu İbn Salah “Fətava İbn Salah”da (səh: 67), ən-Nəvəvi “Təhzibul-Əsma val-Luğat”də (1/183), əz-Zəhəbi “Siyər Əaləmin-Nubələ”də (13/104), İbn Kəsir “Tabəqatul-Fuqahə əş-Şəfiiyyin”də (1/172), əz-Zərkaşi “əl-Bəhr əl-Muhit”də (4/471), İbn Subki “ət-Tabəqatul-Kubra”da (2/289) və əs-Safədi “əl-Vafi”də (13/474) nəql etmişlər.

[27] “əl-Mufhim”, 1/543

[28] “əl-Məcmu Şərhul-Muhəzzəb”, 2/156

[29] “Şərh Sahih Muslim”, 3/143

[30] ”əl-Bəhr əl-Muhit”, 6/291

[31] İbn Daqiqil-İd, “əl-İməm Şərhul-İlməm”, 1/413

[32] əs-Sanani, ”əl-Uddə”, 1/131

[33] ”əl-Fusul fil-Usul”, 3/297; Küveyt təbəəsi

[34] Bunu ”Əhkəmul-Quran” kitabının müqəddiməsində söyləmişdir: ”Əgər Davud öz əsrində ortaya çıxmış bir məsələ haqqında danışarsa və zamanının bəzi alimləri ona müxalif olarsa, Davudun fərqli görüşü onların əleyhində dəlil olmaz.” Bunun bənzərini “əl-Fusul fil-Usul” kitabında (3/296) söyləmişdir.

[35] Bax: əl-Haməvi, “Ğamzu Uyunil-Bəsair Şərhul-Əşbəh van-Nəzair”, 3/299

[36] ”Haşiyətu İbn Abidin”, 6/99 və burada qeyd olunur ki, zahirilərin fərqli görüşü fəqihlərin icmasını pozmaz. Eləcədə bax: Əmir Bədişah, “Təysirut-Təhrir”, 4/222

[37] Bunu İbn Salah “əl-Fətava”da (səh: 67), əl-Qurtubi “əl-Mufhim”də (1/543), əz-Zərkaşi “əl-Bəhrul-Muhit”də (4/471) və İbnus-Subki “ət-Tabəqat əl-Kubra”da (2/289) nəql ediblər.

[38] Bax: İbn Battal, ”Şərh Sahih əl-Buxari”, 1/352

[39] Bax: ”əl-Avasim minəl-Qavasim”, səh: 257; “Aridatul-Əhvazi Şərh Sunən ət-Tirmizi”, 10/108

[40] Bax: ”əl-Mufhim”, 1/543

[41] Bax: “Bulğatus-Səlik li Əqrabil-Məsəlik”, 2/389

[42] Bax: Muhamməd Əhməd İlliş, ”Fəthul-Aliyyil-Məlik fil-Fətva alə Məzhəbil-İməm Məlik”, 1/96-101; Malikilərin görüşü üçün “əl-Miyər əl-Murib” (2/491) kitabına bax və kitabda qeyd olunur ki, əl-Qadi İyad bəzi alimlərdən nəql etmişdir ki, Davudun məzhəbi iki yüz ildən sonar ortaya çıxmış bir bidətdir.

[43] Bax: əl-Qifti, ”əl-Muhammədun minəş-Şuara”, 2/472

[44] Bunu İbn Salah ”əl-Fətava”da (səh: 67), əz-Zəhəbi “əs-Siyər”də (13/104), İbn Kəsir “Tabəqat əl-Fuqaha əş-Şəfiiyyin” kitabında (1/172), əz-Zərkaşi “əl-Bəhr əl-Muhit”də (4/471), İbnus-Subki “ət-Tabəqat əl-Kubra”da (2/289) və əs-Safədi “əl-Vafi”də (13/474) nəql ediblər.

[45] Bunu İbn Salah ”əl-Fətava”da (səh: 67), ən-Nəvəvi ”Təhzibul-Əsma”da (1/183), ), əz-Zəhəbi “əs-Siyər”də (13/104), İbn Kəsir “Tabəqat əl-Fuqaha əş-Şəfiiyyin” kitabında (1/172), əz-Zərkaşi “əl-Bəhr əl-Muhit”də (4/472), İbnus-Subki “ət-Tabəqat əl-Kubra”da (2/289) və əs-Safədi “əl-Vafi”də (13/474) nəql ediblər

[46] ”Fətava əl-Qadi Hüseyn”, lövhə 107, (أ), əlyazma, Paris Milli Kitabxanası və orada digər sözlərlə bərabər qeyd olunur ki, “Əgər bir ölü fəqihlərə bir şeyi vəsiyyət edərsə, zahirilər və Davudun görüşünə etiqad edənlər bu vəsiyyətə aid olmaz.”

[47] Bax: əl-Cuveyni, ”əl-Burhan”, 2/819; eləcədə bax: əl-Munəvi, “Feydul-Qadir”, 6/226

[48] Bax: əz-Zərkaşi, ”əl-Bəhr əl-Muhit”, 4/472; “Haşiyətul-Attar alə Şərh Cəm’il-Cəvami”, 2/242

[49] Bax: “əl-Vafi bil-Vafəyat”, 13/475

[50] Bax: “Tarhut-Təsrib Şərhut-Təqrib”, 2/37

[51] Bax: “ət-Təyin fi Şərhil-Arbəin”, səh: 244

[52] Bunu “əl-Muləxxas” adlı kitabında söyləmişdir. əz-Zərkaşi “əl-Bəhr əl-Muhit”də (4/472) nəql etmişdir.

[53] Bunu İbn Salah “Fətava İbn Salah”da (səh: 67), ən-Nəvəvi “Təhzibul-Əsma val-Luğat”da (1/183), İbn Kəsir “Tabəqat əş-Şəfiiyyin”də (2/174) və İbnus-Subki “ət-Tabəqat əl-Kubra”da (2/289) nəql etmişdir.

[54] Bunu İbnus-Subki “ət-Tabəqat əl-Kubra”da (2/289) ona aid etmişdir, lakin bu, onun öz fətvalarında söylədiyinin əksinədir.

[55] Bax: “Siyər Əaləm ən-Nubələ”, 13/104

[56] Bax: “Tabəqat əş-Şəfiiyyə əl-Kubra”, 2/289

[57] Bax: “Zadul-Məad”, 5/331; “İləmul-Muvaqqiin”, 2/277 və 3/182

[58] Bax: əs-Sanani, “əl-Uddə”, 1/140

[59] Bax: “İrşədul-Fuhul”, səh: 71

[60] Bax: əş-Şənqiti, “Nəsr əl-Vurud alə Məraqi əs-Suud”, 2/428;

[61] Bunu əz-Zərkaşi “əl-Bəhr əl-Muhit”də (4/473) ondan nəql etmişdir.

[62] “Fətava İbn Salah”, səh: 69; bu görüşü İbn Kəsir ona “Tabəqat əl-Fuqaha əş-Şafiiyyin” kitabında (2/174) və İbn Subki “ət-Tabəqat əl-Kubra”da (2/290) aid etmişdir.

[63] Bunu ondan ən-Nəvəvi “Təhzibul-Əsma val-Luğat” kitabında (1/184) nəql etmiş və bu barədə susmuşdur.

[64] Bu barədə icma nəql edənlərdən də biri əş-Şirazi’dir. Bax: “ət-Təbsira”, səh: 425

[65] Hökmün və yükün ağırlığını hiss etdirmə,

[66] Burada mütəkəllim alimlər deməklə üsul alimlərini qəsd edir və işarə etdiyi qayda isə budur ki, “namazı əda et” əmri ilə yalnız namazı vaxtında əda etməyin vacibliyi ortaya çıxır, vaxtı keçdikdən sonra qəza qılmağın vacibliyi ortaya çıxmaz.

[67] İbn Rüşd, “Bidəyətul-Muctəhid va Nİhəyətul-Muqtəsid”, 1/182; Darul-Marifə, altıncı nəşr: 1402/1982

 

Samir Firdovsioğlu

Aktual Mövzular