Qadına toxunmaq dəstəmazı pozurmu?

 

Qadına toxunmağın dəstəmazı pozub pozmaması barədə alimlər ixtilaf ediblər. Şafi’i məzhəbinə görə qadına toxunmağın özü dəstəmazı pozur. Hənəfi məzhəbinə görə qadına toxunmaq heç bir halda dəstəmazı pozmaz. Lakin hənbəli və maliki məzhəbindən olan alimlərin çoxuna görə qadına şəhvət ilə toxunmaq dəstəmazı pozur. Şeyxul-İslam Alləmə Təqiyyud-Din İbn Teymiyyə - rahiməhullah – bu görüşləri bu şəkildə təqdim edir:

 

 “Qadınlara toxunmaqla dəstəmazın pozulmasına gəldikdə isə fəqihlərin bu məsələdə üç görüşü vardır: iki kənar görüş və bir orta görüş. Bu görüşlərdən ən zəifi budur ki, əgər toxunulan çox zaman şəhvətə səbəb olan bir şeydirsə, şəhvət üçün olmasa belə toxunmaq dəstəmazı pozur və bu, əş-Şafi’nin görüşüdür. Onlar Allahın “və ya qadınlara toxunmusunuzsa” sözünə əsaslanırlar...İkinci görüş budur ki, şəhvət üçün olsa belə toxunmaq heç bir halda pozmur, necəki bu, Əbu Hənifə və başqasının görüşüdür.

Hər iki görüş bir rəvayət olaraq Əhməd’dən də nəql olunur, lakin onun məzhəbinin zahiri görüşü Malikin və yeddi fəqihin görüşü ilə eynidir ki, bu görüşə görə şəhvət üçün olarsa dəstəmazı pozur, əks halda pozmaz. Bu məsələdə bu və ya bundan əvvəlki görüşdən başqa heç bir əsaslı görüş yoxdur.[1]

Daha sonra Şeyxul-İslam birinci görüşün zəif olduğunu dəlillərlə isbat etmişdir və ona görə birinci görüşü nə şəri dəlillər, nə də qiyas dəstəkləmir.

Alləmə Muvaffəqud-Din İbn Qudamə - rahiməhullah – mövzu barədə görüşləri ələ alaraq deyir:

Əhmədin – rahiməhullah – məzhəbində məşhur olan budur ki, qadınlara şəhvətlə toxunmaq dəstəmazı pozur və şəhvətdən başqa məqsəd üçün (toxunduqda) pozmur. Bu, həm də Alqamə, Əbu Ubeydə, ən-Nəxai, əl-Həkəm, Həmməd, Malik, əs-Səvri, İshaq və əş-Şabi’nin görüşüdür, beləki onlar deyirlər: “Şəhvət ilə öpənə dəstəmaz vacibdir, rəhmət üçün öpənə vacib deyildir.” Öpmək səbəbilə dəstəmazı vacib görənlər arasında İbn Məsud, İbn Ömər, əz-Zuhri, Zeyd bin Əsləm, Məkhul, Yəhyə əl-Ənsari, ər-Rabia, əl-Əvzai, Said bin Abdil-Aziz və əş-Şafi vardır. Əhməd dedi: “Mədinəlilər və kufəlilər öpməyin (Quranda sözü gedən) toxunmağa aid olduğunu, dəstəmazı pozduğunu həmişə düşünərdilər, ta ki, son zamanlarda aralarından Əbu Hənifə çıxdı və dedi ki, dəstəmazı pozmur. Onlar Urvənin hədisini (əsas) götürürlər, biz isə bunun xəta olduğunu düşünürük.

Əhməddən ikinci rəvayət də gəlmişdir ki, toxunmaq heç bir halda dəstəmazı pozmur. Bu görüş Əli, İbn Abbas, Ata, Tavus, əl-Həsən və Məsruq’dan rəvayət olunmuşdur  və bu görüşü Əbu Hənifə demişdir; lakin fərcə daxil omadan onunla əlaqədə olub ereksiyanın əmələ gəlməsi istisnadır. Çünki Həbib Urvə’dən, o da Aişə’dən rəvayət edir ki, “peyğəmbər – salləllahu aleyhi va səlləm – öz xanımlarından bir qadını öpdü, sonra namaza çıxdı və dəstəmaz almadı.” Bunu Əbu Davud, İbn Macə və bu ikisindən başqası rəvayət edib. Bu, məşhur bir hədisdir; bunu həmçinin İbrahim ət-Teymi Aişədən rəvayət etmişdir. Üstəlik bir şeyin vacibliyi şəriətdən məlum olur və şəriətdə bu barədə bir şey gəlməmişdir, nə də ki, şəriətdə varid olanın mənasında deyildir. Allah “və ya qadınlara toxunmusunuzsa” sözü ilə cinsi əlaqəni qəsd etmişdir və bunun dəlili budur ki, “məss” (toxunmaq) sözü ilə bəzən cinsi əlaqə qəsd olunur, “ləms” sözü də bunun kimidir. Üstəlik bunu “mufəalə” vəznində işlətmişdir ki, “mufəalə” vəzni isə ən azından iki nəfərin qarşılıqlı iştirakını tələb edir.

Əhməddən üçüncü rəvayət də gəlmişdir ki, buna görə toxunmaq hər bir halda dəstəmazı pozur və bu, əş-Şafi’nin məzhəbidir, çünki Allahu Təalənin “və ya qadınlara toxunmusunuzsa” (أَوْ لَامَسْتُم النِّسَاءَ) sözü ümumi mənadadır. Toxunmaq (ləms) sözünün həqiqəti isə iki dərinin qovuşmasıdır. Allahu Təalə cinlərdən xəbər verərək deyir: “Biz səmaya toxunduq...” Şair deyir: “لمست بكفي كفه أطلب الغنى” “Zənginlik diləyərək əlimlə əlinə toxundum” Üstəlik bu ayəni İbn Məsud “أَوْ لَمَسْتُم النِّسَاءَ”[2] şəklində oxumuşdur.[3]

Bu məsələdə gülcü tərəfləri hənəfi məzhəbi ilə alimlərin cumhuru təmsil edir. Hənəfi məzhəbi öz görüşləri üçün bir çox dəlil gətiriblər. “əs-Sahih”də və digər hədis kitablarında səhih olaraq rəvayət olunmuş və Aişənin peyğəmbər – salləllahu aleyhi va səlləm – namazda olarkən ona toxunmasını xəbər verən hədislər göstərir ki, İmam əş-Şafi’nin bu məsələdəki görüşü zəifdir. Çünki əgər mücərrəd toxunmaq dəstəmazı pozsaydı Aişənin peyğəmbərə - salləllahu aleyhi va səlləm – namazda ikən toxunması onun dəstəmazını pozardı.

Şəhvətlə toxunmağın dəstəmazı pozduğunu deyən alimlərə qarşı hənəfilər peyğəmbərin – salləllahu aleyhi va səlləm – Aişəni öpüb dəstəmaz almadan namaza durması haqqında gəlmiş hədisləri göstərirlər. Bu barədə əsasən iki hədis rəvayət olunmuşdur.

Birinci: Muhamməd bin Bəşşar bizə rəvayət etdi; dedi: Yəhya və Abdur-Rahmən bizə rəvayət etdi və hər ikisi dedi: Sufyan bizə Əbu Rauq’dan, o da İbrahim ət-Teymi’dən, o isə Aişədən rəvayət etdi ki, “peyğəmbər – salləllahu aleyhi va səlləm onu öpdü və dəstəmaz almadı.[4]

Alimlər bu hədisin zəif olduğunu bəyan ediblər. Əbu İsa Muhamməd bin İsa bin Səvra ət-Tirmizi deyir:

İbrahim ət-Teymi’dən və onun vasitəsilə Aişədən belə rəvayət olunur ki, “peyğəmbər – salləllahu aleyhi va səlləm – onu öpdü və dəstəmaz almadı.” Bu da həmçinin səhih deyildir və biz İbrahim ət-Teymi’nin Aişədən hədis eşitdiyini bilmirik.[5]

İmam Əbu Davud Suleyman bin əl-Əşas əl-Əzdi əs-Sicistani deyir:

Bu hədis mürsəldir, İbrahim ət-Teymi Aişədən heç bir şey eşitməyib.”[6]

Bu hədisi digər mühəddis ən-Nəsai öz kitabında rəvayət etmiş, lakin mürsəl olduğunu demişdir:

Bu hədis mürsəl olsa da bu babda bundan yaxşı hədis yoxdur.[7]

Əbu Davud burada hədisin mürsəl olduğunu söyləməklə sənədinin qopuq olduğunu qəsd edir, çünki üsul alimlərində mürsəl daha ümumi mənadadır və sənədi qopuq olan hədislərə də mürsəl deyirlər.

əl-Hafiz Əbu Bəkr Əhməd bin əl-Hüseyn bin Əli əl-Beyhəqi deyir:

Bu, mürsəl hədisdir, İbrahim ət-Teymi heç zaman Aişədən hədis eşitməmişdir. Bunu Əbu Davud əs-Sicistani və başqaları deyiblər. Əbu Rauq isə güclü ravi deyildir, Yəhya bin Main və başqaları onu zəif sayıblar. Əbu Hənifə isə bunu Əbu Rauq vasitəsilə İbrahimdən, o da Hafsa’dan rəvayət edir. İbrahim nə Aişədən, nə də Hafsadan hədis eşitməyib; bunu əd-Dəraqutni və başqaları deyib.[8]

əl-Hafiz Muhyid-Din ən-Nəvəvi – rahiməhullah – deyir:

Əbu Rauq’un hədisinə cavab da əvvəl zikr olunan iki yöndəndir və hədisi iki baxımdan zəif sayıblar: birinci: Əbu Rauqun zəifliyinə görə, çünki onu Yəhya bin Main və başqaları zəif sayıblar. İkinci: İbrahim ət-Teymi heç zaman Aişədən hədis eşitməyib, bunu bu şəkildə əl-Hafiz Əbu Davud və başqaları zikr ediblər və bunu əl-Beyhəqi onlardan nəql etmişdir. Beləliklə hədisin zəif və mürsəl olduğunu aydın oldu.[9]

İkinci: Quteybə, Hənnad, Əbu Kureyb, Əhməd bin Məni, Mahmud bin Ğeylan və Əbu Ammar bizə rəvayət etdi və onların hamısı dedi: Vaki bizə əl-Aməş’dən, o da Həbib bin Əbi Sabit’dən, o isə Urvə’dən, o da Aişədən rəvayət etdi ki, “peyğəmbər – salləllahu aleyhi va səlləm – xanımlarından birini öpdü, sonra namaza getdi və dəstəmaz almadı.” (Urvə) dedi: dedim: “Bu, səndən başqa kim olacaqki?!” (Bunun cavanında Aişə) güldü![10]

Aişənin bu hədisini hədis əhli inkar etmişdir, onlara görə Aişədən belə bir hədis səhih deyildir. Əbu İsa ət-Tirmizi deyir:

Əshabımız Aişənin bu barədə peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayətini sadəcə olaraq ona görə tərk ediblər ki, onlara görə bu hədis isnadına görə səhih deyildir.[11]

Lakin bu hədisi zəif sayanlar iki səbəbə görə bunu zəif sayıblar. Onlardan bəzilərinə görə rəvayətdəki Urvə adlı ravi həqiqətdə Urvə bin əz-Zubeyr deyil, Urvə əl-Muzəni adındakı bir digər ravidir. Urvə əl-Muzəni isə məchuldur. Bu barədə İbn Qudamə deyir:

“Öpmək haqqında gəlmiş hədisə gəldikdə isə bütün rəvayət yolları illətlidir.Yəhya bin Said demişdir: “Məndən nəql edin ki, bu hədis olmamış kimi bir şeydir!” Əhməd dedi: “Bizə görə hər iki hədisdə xəta etmişdir – yəni İbrahim ət-Teymi’nin hədisi və Urvə’nin hədisi - , çünki İbrahim ət-Teymi’nin Aişədən hədis eşitməsi səhih deyildir. Burada adı keçən Urvə isə Urvə əl-Muzəni’dir və Aişə ilə qarşılaşmamışdır. Bunu bu şəkildə həm də Sufyan əs-Səvri deyib: “Həbib bizə Urvə əl-Muzəni’dən başqasından rəvayət etməyib, o, Urvə bin əz-Zubeyr deyildir.” İshaq dedi: “Elə zənn etməyin ki, Həbib Urvə ilə qarşılaşmışdır.[12]

Doğru olan görüş budur ki, isnadda adı keçən Urvə həqiqətdə Aişənin bacısı oğlu Urvə bin əz-Zubeyr’dir, çünki Aişənin bacısı oğlundan başqa heç kimsə cürət edib Aişəyə “bu səndən başqa kim olacaq ki?!” deyə bilməz. Alləmə Əbu Abdir-Rahmən əl-Azimabadi deyir:

əl-Hafiz İmədud-Dİn dedi: “Bu, ravinin Urvə bin əz-Zubeyr olması yönündə aşkar bir göstəricidir və onun “bu səndən başqa kim olacaq ki?! Cavabında Aişə güldü” şəklindəki sözləri buna şahidlik etməkdədir.[13]

Lakin hədis imamları yenə qeyd edirlər ki, Həbib bin Əbi Sabit heç də Urvə bin əz-Zubeyr’dən hədis eşitməmişdir, onun Urvə bin əz-Zubeyr’dən daha yaşlı kimsələrdən hədis eşitməsi Urvədən hədis eşitməsini tələb etməz. Bu barədə alimlərin sözlərini aşağıda bəyan edə bilərik.

Əbu İsa ət-Tirmizi deyir:

Əbu Bəkr əl-Attar əl-Basri’dən Əli bin əl-Mədini’nin belə dediyini nəql edərkən eşitdim: “Yəhya bin Said əl-Qattan bu hədisi zəif saymışdır və dedi: “Bu hədis bir heçə bərabərdir.” (ət-Tirmizi) dedi: “Muhamməd bin İsmayılı (yəni əl-Buxarıni) bu hədisin zəif olduğunu deyərkən eşitdim və dedi ki, “Həbib bin Əbi Sabit heç vaxt Urvə’dən hədis eşitməmişdir.[14]

Bu barədə hədis fənninin imamlarından və ustadlardan olan İbn Əbi Hatim ər-Razi deyir:

Bunu atam (yəni Əbu Hatim ər-Razi) İshaq bin Mənsur’dan, o da Yəhya bin Main’dən belə dediyini nəql etmişdir: “Həbib bin Əbi Sabit heç zaman Urvə’dən hədis eşitməmişdir.” Eynilə bu şəkildə Əhməd demişdir: “Urvə’dən hədis eşitməmişdir.[15]

Alləmə əl-Hafiz Əbu Bəkr əl-Beyhəqi deyir:

Əbu Bəkr bin əl-Haris əl-Fəqih bizə xəbər verdi;  Əli bin Ömər əl-Hafiz bizə xəbər verdi; bizə Əbu Bəkr ən-Neysəburi xəbər verdi; Abdur-Rahmən bin Bişr bizə rəvayət etdi; dedi: Yəhya bin Said’i eşitdim və ona əl-Aməş’in Həbib vasitəsilə Urvədən rəvayət etdiyi hədis soruşuldu və o, dedi: “Sufyan əs-Səvri bu barədə insanların ən elmlisi idi və dedi ki, Həbib Urvə’dən heç bir şey eşitməyib.”

Əbu Bəkr mənə xəbər verdi; Əli bizə bildirdi; bizə Muhamməd bin Məxləd xəbər verdi; Saleh bin Əhməd bizə xəbər verdi;  Əli bin əl-Mədini bizə xəbər verdi; dedi: “Yəhyanı eşitdim və onun yanında əl-Aməş’in Həbibdən, onun isə Urvə vasitəsilə Aişədən rəvayət etdiyi, həsirə qan damcılasa belə namaz qılması və öpmə barəsindəki iki hədisi zikr olundu və Yəhya dedi: “Bu iki hədisin heçə bərabər olması görüşünü məndən nəql edin!

...Əbu Davud dedi: əs-Səvri’dən belə dediyi nəql olunmuşdur: “Həbib bizə yalnız Urvə əl-Muzəni’dən rəvayət edib”, yəni onlara Urvə bin əz-Zubeyr’dən heç bir şey rəvayət etməyib.[16]

Alləmə Əbu Bəkr Muhamməd ibnul-Munzir – rahiməhullah – deyir:

Buna cavab olaraq deyilir ki, Həbib bin Əbi Sabit heç zaman Urvə’dən bir şey eşitməmişdir.[17]

İmam ən-Nəvəvi deyir:

Onların Həbib bin Əbi Sabit’in hədisini dəlil gətirmələrinə iki yöndən cavab vermək olar və bunlardan ən yaxşısı və ən məşhuru budur ki, hədis hafizlərin ittifaqı ilə zəifdir.Hədisi zəif sayanlar arasında Sufyan əs-Səvri, Yəhya bin Said əl-Qattan, Əhməd bin Hənbəl, Əbu Davud, Əbu Bəkr ən-Neysəburi, Əbul-Həsən əd-Dəraqutni, Əbu Bəkr əl-Beyhəqi və başqaları kimi ilk dövr və son dövr alimlər vardır.[18]

Alləmə Əbu Abdir-Rahmən əl-Azimabadi deyir:

Bunu öyrəndikdən sonra bil ki, Həbib’in Urvə bin əz-Zubeyr’dən hədis eşitməsi barədə alimlər ixtilaf ediblər. Sufyan əs-Səvri, Yəhya bin Main, Yəhya bin Said əl-Qattan və Muhamməd bin İsmayıl əl-Buxari deyir ki, onun Urvə bin əz-Zubeyr’dən hədis eşitməsi səhih deyildir. Əbu Davud və Əbu Ömər İbn Abdil-Bərr isə bunu səhih saymışdır. Lakin birinci görüş səhihdir və beləliklə hədisin isnadı qopuqdur.[19]

Əbu Davud və Ömər bin Abdil-Bərr’in bu hədisi səhih saymaqları sabit deyildir, çünki Əbu Davud hədisi səhih saydığını söyləməmiş, lakin Sufyan əs-Səvri’dən nəql olunan sözlərə etiraz edərək Həbib bin Əbi Sabit’in Urvə bin əz-Zubeyr’dən hədis rəvayət etdiyini təsdiq etmişdir. Əbu Davudun hökmü aydın deyildir, çünki hədisi gətirdikdən sonra Yəhya bin Said əl-Qattan’ın sözlərini nəql edir və Yəhya bin Said öz sözlərində hədisin zəif olduğunu söyləyir. Lakin daha sonra əs-Səvrinin sözünü gətirir və əs-Səvri qeyd edir ki, Həbib bin Əbi Sabit heç zaman Urvə bin əz-Zubeyr’dən rəvayət etməmiş, əksinə həmişə Urvə əl-Muzəni’dən rəvayət etmişdir. Əbu Davud daha sonra əs-Səvrinin məhz bu sözünə etiraz etmişdir, lakin bu, heç də onun hədisi səhih saymasını göstərmir. Hətta bir çox alim Əbu Davudun hədisdən sonra Yəhya bin Saidin sözünü nəql etməsinə işarə edərək onun da hədisi zəif saydığını söyləyib. Əbu Davud’un “əs-Sünən” əsərini şərh etmiş əl-Xattabi deyir:

“(Əbu Davud) əl-Aməş’in, Həbibdən, onun Urvədən, onun da Aişədən rəvayət etdiyi hədisi zəif saymışdır və Yəhya bin Said’in belə dediyini nəql etmişdir: “Bu hədis heçə bərabərdir.” Dedi: “Bu, Urvə bin əz-Zubeyr deyil, Urvə əl-Muzəni’dir.[20]

Alimlərdən bəzilərinə görə bu barədə gələn hədislər əslində oruc haqqındadır, yəni səhih olaraq gəlmiş hədislərdə qeyd olunur ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – oruclu olduğu halda zövcəsini öpmüşüdür, lakin ravilərdən bəziləri bunu dəstəmaz almaması şəklində rəvayət ediblər. əl-Hafiz əl-Beyhəqi deyir:

Aişədən səhih olaraq gələn hədis oruclunun öpməsi haqqındadır, ravilərdən zəif olanlar bu hədisi bu səbəblə dəstəmaz almağı tərk etmək halına aid ediblər. Əgər isnadı səhih olsaydı biz də Allahın istəyi ilə bu görüşü qəbul edərdik.[21]

İmam ən-Nəvəvi deyir:

Əhməd bin Hənbəl və Əbu Bəkr ən-Neysəburi və başqaları deyiblər: “Həbib oruclunun öpüşündən dəstəmazda öpməyə doğru xəta etmişdir...Aişənin hədisindən səhih olan yalnız budur ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – “oruclu olduğu halda öpərdi.[22]

Hədis haqqında yekun sözlər

Aişə anamızdan rəvayət olunan bu hədisin sihhəti barədə təqdim etdiyimiz nəqllərdən anlaşılan budur ki, ilk dövr hədis imamlarının metodu ilə son dövr hədis imamlarının metodu arasında fərq vardır. Son dövr alimlər hədis qaydalarının zahirinə tabe olduqları halda ilk dövr alimlər raviləri yaxından tanıdıqları üçün onlar haqqında daha geniş məlumata sahib olublar, yəni onlar kimlərin kimlərdən hədis eşidib eşitmədikləri məsələsində daha elmli və daha etibarlı alimlər sayılırlar. Son dövr alimlər bir çox hədisi səhih saysalar da, ilk dövr alimlər həmin hədisləri zəif hesab ediblər. Buna belə bir misal vermək olar. İmam Əhməd və digərləri belə bir hədis rəvayət edirlər:

“Vaki bizə rəvayət etdi; Sufyan bizə Mənsur’dan, o, Şabi’dən, o isə Ummu Sələmə’dən belə dediyini rəvayət etdi: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – evindən çıxarkən deyərdi: “Bismilləh, təvəkkəltu aləllah. Allahummə innə nəuzu bikə min ən nədillə əu nəzillə əu nəzlimə əu nuzləmə əu nəchələ əu yuchələ aleynə![23] Bu hədisi əl-Hakim, ət-Tirmizi səhih saymış və əz-Zəhəbi “ət-Təlxis”də əl-Hakimin bu fikrinə müvafiq olmuşdur. Bu hədisi səhih sayan alimlər qeyd edirlər ki, əş-Şabi – rahiməhullah – Aişə və Ummu Sələmə ilə qarşılaşıb və ona görə də hədis səhih sayılmalıdır. Lakin bununla belə əl-Buxari’nin şeyxi Əli bin əl-Mədini – rahiməhullah - əş-Şabi’nin Ummu Sələmə’dən hədis eşitməsini inkar etmişdir. Bu barədə əl-Hafiz İbn Hacər deyir:

Əli bin əl-Mədini “əl-İləl” kitabında deyir: “əş-Şabi Ummu Sələmə’dən hədis eşitməmişdir.” Buna binaən hədisin sənədi qopuqdur... Bu hədisin sənədindəki qopuqluğundan başqa heç bir illəti yoxdur. Ola bilsin ki, bu hədisi səhih sayanlar hədisin fəzilətlərə aid olmasına görə hökmlərində yumşaq davranıblar. Demək olmaz ki, onlar iki ravinin eyni əsrdə yaşaması faktı ilə kifayətləniblər, çünki bunun yeri iki çağdaşın qarşılaşmamaları barədə əminliyin hasil olmamasıdır, əgər bunu inkar edən bu barədə elminin geniş olduğu ibnul-Mədini kimi bir alimdirsə.[24]

əl-Hafiz İbn Hacər bu sözləri ilə göstərir ki, iki ravinin çağdaş olmaqları həmişə sənədin səhihliyinə dəlalət etmir, çünki əgər əvvəlki zamanın alimləri ravilərin qarşılaşmadıqlarını söyləyirsə o zaman bu alimlərin sözlərinə əsaslanmaq lazımdır. Çünki bu alimlər sadəcə olaraq hədis elminin zahiri qaydalarına deyil, təcrübə və əlavə elmlərə də əsaslanırlar və çox zaman bu illətlər elmində ortaya çıxdır. Çünki ilk dövrün hədis alimləri müəyyən ravinin kimlərdənsə eşitməməsini və ya müəyyən ravinin rəvayətində xəta etdiyini yalnız geniş təcrübələrinə əsaslanaraq deyirlər, onlar bunun üçün qaydalar ortaya qoymayıblar. İllətlər haqqında xəbəri olan kəslər bizim bu dediklərimizi gözəl anlayırlar. əl-Hafiz İbn Kəsir “illətlər” haqqında deyir:

Bu, hədis alimlərindən bir çoxuna gizli qalmış bir sənətdir, hətta hədis hafizlərindən bəziləri deyiblər ki, “bizim bu sənəti bilməyimiz cahillərə görə bir kahinlikdir.” Bu sənətə alimlərdən yalnız nəhəngləri, güclü kritiklər yiyələnə bilirlər, pul sərfi ilə məşğul olan bəsirətli sənətkarların saxta pullar ilə həqiqi, qızıl pulla dəyərsiz pulları bir-birindən ayırdığı kimi onlar da hədisin səhihi ilə zəifini, əyrisi ilə doğrusunu bir-birindən ayırırlar...[25]

Bunu anladıqdan sonra bu hədisi illətli saymış alimlərə diqqət etmək lazımdır. Etiraf etməliyik ki, kufəlilər hədisi səhih sayıb bununla əməl ediblər və daha sonra gəlmiş əz-Zeylai və İbnut-Turkməni kimi hənəfi hafiz alimlər hədisi səhih sayıblar. Lakin Sufyan əs-Səvri, Yəhya bin Said əl-Qattan, Yəhya bin Main, Əhməd bin Hənbəl, Abdur-Rahmən bin Mehdi, Əli bin əl-Mədini, Muhamməd bin İsmayıl əl-Buxari, Əbu Hatim ər-Razi, Əbu Zura ər-Razi, ət-Tirmizi, İbn Əbi Hatim ər-Razi, Əbu Bəkr əl-Beyhəqi və digərləri bu hədisin illətli olduğunu deyiblər, onlara görə Həbib bin Əbi Sabit heç zaman Urvə bin əz-Zubeyr’dən hədis rəvayət etməmişdir. Onlar çox gözəl bilirlər ki, Həbib bin Əbi Sabit İbn Ömər, İbn Abbas kimi səhabələrlə qarşılaşmışdır və onun Urvə bin əz-Zubeyr ilə qarşılaşması da mümkündür, bununla belə onun Urvə’dən rəvayət etdiyi hədisləri qəbul etməyiblər, çünki onlara görə Urvə’dən hədis eşitməmişdir. İbn Əbi Hatim ər-Razi deyir:

Atam dedi: əz-Zuhri, Əbən bin Osman’dan heç bir şey eşitməmişdir, ona görə yox ki, onunla qarşılaşmamışdır, xeyr, qarşılaşmışdır, ondan da böyükləri ilə qarşılaşmışdır, lakin ondan hədis eşitməsi sabit deyildir, necəki Həbib bin Əbi Sabit’in Urvə bin əz-Zubeyr’dən hədis eşitməsi sabit olmamışdır və Həbib ondan da daha əvvəl yaşamış kimsələrdən hədis eşitmişdir, lakin hədis əhli (onun Urvə bin əz-Zubeyr’dən eşitməməsi) üzərində ittifaq ediblər və hədis əhlinin bir şey üzərində ittifaq etməsi hüccət sayılır.[26]

Bu sözləri yaxşı anlasan artıq heç bir şübhəyə yer qalmaz, çünki Həbib bin Əbi Sabit’in Urvə ilə görüşmə ehtimalı mümkün olsa da, hədis əhli onun Urvədən hədis eşitməməsi üzərində ittifaq ediblər və bu, kifayət qədər güclü bir hüccətdir.

İkinci cavab

Hədisin səhih olduğunu fərz etsək belə yenə dəlil sayılmaz, çünki hədisdə Aişəni şəhvət ilə öpməsinə dair heç bir dəlil yoxdur. Alləmə İbn Qudamə deyir:

“Dedi: Ola bilər ki, kişi öz xanımını şəhvət olmadan, ona qarşı xeyirxahlıq, hörmət və rəhmət olaraq öpsün. Məgər peyğəmbərin səfərdən gəlib Fatiməni öpməsi barədə ondan gələn rəvayəti görmürsənmi?! Öpmək isə həm şəhvət, həm də qeyri-şəhvət üçün ola bilər. Onu bir örtü arxasından öpməsi də digər bir ehtimaldır. Şəhvətdən başqa məqsəd ilə öpmək dəstəmazı pozmur, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – namazda xanımına toxunar və xanımı da ona toxunardı, əgər dəstəmazı pozan bir səbəb olsaydı bunu etməzdi. Aişə dedi: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – namaz qılardı və mən də cənazə ölüsü kimi qarşısında uzanmış halda olurdum, səcdə etmək istədikdə məni çimdikləyərdi və mən ayağımı yığardım.” Muttəfəqun aleyh. Başqa hədisdə isə deyir ki, “vitr qılmaq istədikdə ayağı ilə mənə toxunardı. əl-Həsən rəvayət edir; dedi: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – məscidində namaz içində oturardı və Aişənin ayağından ləzzət hissi almadan tutardı.” Bunu İshaq isnadı ilə rəvayət edib, eləcədə ən-Nəsai rəvayət etmişdir. Aişədən belə dediyi rəvayət olunur: “Bir gecə peyğəmbəri – salləllahu aleyhi va səlləm – (yanımdan) itirdim, onu axtarmağa başladım, əlim iki ayağına toxundu, hər iki ayağı da dik durmuşdu, səcdədə idi və belə deyirdi: “Əuzu bi ridakə min səxatikə va bi muafətikə min uqubətikə” (Qəzəbində razılığına və cəzandan əfvinə sığınıram) Bunun hər ikisini də ən-Nəsai rəvayət edib. Bunu həm də Muslim rəvayət edir. Peyğəmbər – salləllahu aleyhi va səlləm – Uməmə bint Əbil-As bin ər-Rabi qucağında olduğu halda namaz qıldı, səcdə edərkən yerə qoyur, qalxarkən götürərdi. Muttəfəqun aleyhi. Açıq görünür ki, ona toxunmaması mümkün deyildi və belə toxunmaq şəhvət məqsədi daşımır və ona görə də dəstəmazı pozmur. Məhrəm qadınlara toxunmaq buna misaldır. Toxunmağın özlüyündə mənəvi natəmizlik olmaması da bunu göstərir, sadəcə olaraq məzi və ya məninin bədəndən çıxmasına götürən səbəb olduğu üçün dəstəmazı pozur. Mənəvi natəmizliyə götürən hal etibara alınmışdır ki, bu da şəhvət halıdır.[27]

Üstəlik hədisin özü göstərir ki, Aişəni şəhvər ilə öpməmişdir, çünki peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – namaza gedərkən Aişəni öpmüşdür və belə bir halda onu şəhvətlə öpməsi çox uzaq bir ehtimaldır.

Hənbəli alimlərindən Şeyx Məsnur bin Yunus əl-Buhuti deyir:

[Beşinci: kişinin və ya qadının əks cinsə toxunması], yəni kişinin qadına, qadının da kişiyə toxunması; [şəhvət üçün], çünki Allahu Təalə deyir: “və ya qadınlara toxunmusunuzsa” (əl-Maidə, 6) və bu ayə ilə gəlmiş xəbərlərin arasını cəm etmək yolu ilə toxunmaq şəhvət məqsədi ilə xüsusiləşdirilmişdir.[28]

Parantez içindəki sözlər Şeyx Alləmə Taqiyyud-Din Muhamməd bin Əhməd əl-Fətuhiyə aiddir. Ayə ilə xəbərlərin arasını cəm etmək sözü ilə qəsd olunan budur ki, Quranda toxunmaq mütləq olaraq zikr olunmuşdur və səhih hədislər isə sadəcə toxunmağın dəstəmazı pozmadığını göstərir, belə olduqda bu iki dəlili birləşdirdikdə şəhvət olması şərt olaraq ortaya çıxır. Üstəlik səhabələrin böyüklərindən və tabiindən bu barədə xəbərlər gəlmişdir. İbn Əbi Şeybə “əl-Musannəf”də bu xəbərləri zikr etmişdir.

Hafz və Huşeym bizə əl-Aməş’dən, o isə İbrahim’dən, o da Əbu Ubeydə’dən rəvayət etdi: Abdullah (ibn Ömər) dedi:  “Öpmək (Quranda zikr olunan) toxunmaqdandır və buna görə dəstəmaz vardır.”

Huşeym bizə Muğira’dan, o da İbrahim’dən belə dediyini nəql edir: “Əgər şəhvət üçün öpərsə dəstəmazı pozular.”

Vaki bizə Sufyan’dan, o da Ata bin əs-Saib’dən, o da əş-Şabi’dən bunun bənzərini rəvayət edir.

Vaki bizə Abdul-Aziz bin Abdilləhin belə dediyini rəvayət edir: əz-Zuhri’dən öpmək haqqında soruşdum və dedi: “Alimlər buna görə dəstəmaz olduğunu deyərdilər.”

Ğundur bizə Şubə’dən, o isə əl-Hakəm və Həmmad’dan belə dediklərini rəvayət edir: “Əgər öpərsə və ya toxunarsa, dəstəmaz alması lazımdır.”

İbn Fudeyl bizə İbn Şubruma’dan, o isə əş-Şabi’dən belə dediyini rəvayət etmişdir: “Öpmək dəstəmazı pozur.”

Cərir bizə Muğira’dan, o da Həmmad’dan belə dediyini rəvayət edir: “Əgər kişi öz xanımını öpərsə, lakin qadın bunu istəməzsə, dəstəmaz yalnız kişiyə vacib olar, qadına vacib deyildir, lakin əgər qadın özü öpərsə, qadına vacib olar, kişiyə vacib deyildir. Lakin əgər kişi şəhvət hiss edərsə ona da dəstəmaz vacib olar. Əgər kişi qadını öpərsə, qadın bunu istəməzsə, lakin nəticədə şəhvət hiss edərsə, qadına dəstəmaz almaq vacib olar.”

Əbu Muaviyə bizə rəvayət etdi; dedi: əl-Həsən bin Amr bizə Fudeyl’dən, o da İbrahim’dən onun öz xanımına belə dediyini rəvayət etdi: “Allaha həmd edirəm, ey Huneydə! Dəstəmazımı pozmayacaq olsaydım səni öpərdim.[29]

əl-Hafiz Abdur-Razzaq bin Həmməm “əl-Musannəf”də rəvayət edir:

Abdur-Razzaq İbn Uyeynə’dən, o da əl-Aməş’dən, o isə İbrahimdən rəvayət edir: “Əbu Ubeydə bin Abdilləhi belə deyərkən eşitdim: “İbn Məsud dedi: “Öpmək toxunmaqdandır və buna görə dəstəmaz vardır.”...

Abdur-Razzaq Hişam’dan, o da Muhamməddən, o isə Ubeydə’dən belə dediyini rəvayət edir: “Toxunmaq əl ilə olur” Dedi: “Buna görə dəstəmaz düşür, əgər su tapmazsa təyəmmüm etsin!”...Məamər dedi: “Qatədə deyərdi: “Öpüşə görə dəstəmaz vardır” və hesab edirəm ki, bunu ibnul-Musəyyəb’dən zikr edirdi...(Mücahid) dedi: “İbn Said və İbnul-Musəyyəb deyərdi: “Öpüşə görə dəstəmaz düşür.[30]

Bu görüşdə olanlar arasında əz-Zuhri, Zeyd bin Əsləm, Ata bin Saib, Məkhul bin Əbi Əsləm, əş-Şabi, İbrahim ən-Nəxai, Yəhya əl-Ənsari, Rabia bin Əbi Abdir-Rahmən, əl-Əvzai, Said bin Abdil-Aziz, əl-Həkəm bin Uteybə əl-Kufi, Həmmad bin Əbi Suleyman, Malik bin Ənəs, Sufyan əs-Səvri, Əhməd bin Hənbəl və İshaq bin Rahaveyh’in görüşüdür. Yazımızın əvvəlində gətirdiyimiz İbn Teymiyyə’nin – rahiməhullah – sözlərindən öyrənirik ki, bu Mədinənin yeddi məşhur fəqihinin görüşüdür və məlumdur ki, səhabə dönəmindən sonra fətva işi bu yeddi fəqihin üzərində durmuşdur və onlar Urvə bin əz-Zubeyr, Said bin əl-Musəyyəb, Süleyman bin Yəsar, Xaricə bin Zeyd bin Səbit, Ubeydullah bin Abdilləh bin Utbə bin Məsud, əl-Qasim bin Muhamməd bin Əbi Bəkr və Əbu Bəkr əl-Məxzumi’dir. Bu yeddi fəqihin şanı isə alimlər yanında çox böyükdür, beləki zamanında fətva onların üzərində yoğunlaşmışdı və alimlərin elm qaynağı onlar olublar. Üstəlik Kufə əhli də fətvalarında bu görüşə üstünlük verirdilər, lakin Əbu Hənifənin zühuru ilə Kufədə vəziyyət dəyişmişdir. Bütün bunları nəzərə aldıqdan sonra demək olar ki, sələfin böyük çoxunluğuna görə qadına şəhvətlə toxunmaq dəstəmazı pozur və buna qiyas edərək demək olar ki, qadının da kişiyə şəhvətlə toxunması dəstəmazı pozur. Doğrusunu Allah bilir!

Va salləllahu alə seyyidinə va nəbiyyinə Muhamməd va alə Əlihi va sahbihi va səlləm!

 


[1] “Məcmu əl-Fətava”, 21/134; Darul-Vafa, Misir, əl-Mənsura, üçüncü nəşr: 1426/2005

[2] Yəni “mufəalə” vəznində oxumamışdır və bu zaman artıq iki nəfərin qarşılıqlı bir-birilərinə toxunması mənasını deyil, sadəcə bir nəfərin digərinə toxunması mənasını verir.

[3] “əl-Muğni”, 1/257-258; Daru Aləmil-Kutub, ər-Riyad, üçüncü nəşr: 1417/1997

[4] Əbu Davud, 1/201 (178); ən-Nəsai, 1/104; Əhməd, 18/47 (25767); əd-Dəraqutni, 1/140-141

[5] ət-Tirmizi, “əl-Cami əl-Kəbir”, 1/106-107; Darur-Risalətil-Aləmiyyə, birinci nəşr: hicri 1430

[6] “Sünən Əbi Davud”, 1/234; Darul-Qiblə lis-Səqafətil-İsləmiyyə, Cuddə və Muəssəsətur-Rayyən, Beyrut, ikinci nəşr: 1425/2004; Muhamməd Avvamə’nin təhqiqi ilə.

[7] “Sünən ən-Nəsai”, səh: 36; Məktəbətul-Məarif, ər-Riyad, birinci nəşr:1408/1988

[8] “əs-Sunən əl-Kubra”, 1/201; Darul-Kutubil-İlmiyyə, Beyrut, üçüncü nəşr: 1424/2003

[9] ən-Nəvəvi, “əl-Məcmu Şərhul-Muhəzzəb”, 2/37; Məktəbətul-İrşad, Cuddə, hicri 1406.

[10] Əhməd (25766); ət-Tirmizi (86); Əbu Davud (179); İbn Macə (502); əd-Dəraqutni, 1/136; əl-Beyhəqi, 1/125-126;əl-Bəğavi, “Şərhus-Sunnə” (168)

[11] ət-Tirmizi, “əl-Cami əl-Kəbir”, 1/106; Darur-Risalətil-Aləmiyyə, birinci nəşr: hicri 1430

[12] “əl-Muğni”, 1/258; Daru Aləmil-Kutub, ər-Riyad, üçüncü nəşr: 1417/1997

[13] əl-Azimabadi, “Aunul-Məbud alə Şərh Sunəni Əbi Davud”, 1/115-116; Daru İbn Həzm, Beyrut, birinci nəşr: 1426/2005

[14] ət-Tirmizi, “əl-Cami əl-Kəbir”, 1/106; Darur-Risalətil-Aləmiyyə, birinci nəşr: hicri 1430

[15] İbn Əbi Hatim ər-Razi, “Kitəbul-Mərasil”, səh: 28; Muəssəsətur-Risalə, Beyrut, ikinci nəşr: 1418/1998

[16] “əs-Sunən əl-Kubra”, 1/200; Darul-Kutubil-İlmiyyə, Beyrut, üçüncü nəşr: 1424/2003

[17] İbnul-Munzir, “əl-Əvsat fis-Sunəni val-İcmai val-İxtiləf”, 1/129; Daru Taybə, ər-Riyad, birinci nəşr: 1405-1985

[18] ən-Nəvəvi, “əl-Məcmu Şərhul-Muhəzzəb”, 2/36; Məktəbətul-İrşad, Cuddə, hicri 1406.

[19] əl-Azimabadi, “Aunul-Məbud alə Şərh Sunəni Əbi Davud”, 1/116-117; Daru İbn Həzm, Beyrut, birinci nəşr: 1426/2005

[20] əl-Xattabi, “Məalimus-Sunən”, 1/65; əl-Mətbəə əl-İlmiyyə, Hələb, birinci nəşr: 1351/1932

[21] “əs-Sunən əl-Kubra”, 1/201-202; Darul-Kutubil-İlmiyyə, Beyrut, üçüncü nəşr: 1424/2003

[22] ən-Nəvəvi, “əl-Məcmu Şərhul-Muhəzzəb”, 2/37; Məktəbətul-İrşad, Cuddə, hicri 1406

[23] Əhməd, 6/306; İbn Əbi Şeybə “əl-Musannəf”, 10/211; ən-Nəsai, 8/285, əl-Hakim, 1/519, ət-Tirmizi (3487)

[24] İbn Hacər, “Nətəicul-Əfkar fi Təxrici Əhədisil-Əzkar”, 1/160-161; Daru İbn Kəsir, Dəməşq, ikinci nəşr: 1415/1995

[25] Əhməd Şakir, “əl-Bəis əl-Həsis Şərhu İxtisar Ulumil-Hədis”, səh: 61; Məktəbətul-Məarif, ər-Riyad, birinci nəşr: 1416-1995

[26] İbn Əbi Hatim ər-Razi, “Kitəbul-Mərasil”, səh: 192; Muəssəsətur-Risalə, Beyrut, ikinci nəşr: 1418/1998

[27] “əl-Muğni”, 1/257-260; Daru Aləmil-Kutub, ər-Riyad, üçüncü nəşr: 1417/1997

[28] əl-Buhutu, “Dəqaiqu Ulin-Nuha li Şərhil-Muntəha”, 1/142; Muəssəsətur-Risalə, Beyrut, birinci nəşr: 1421/2000

[29] İbn Əbi Şeybə, “əl-Musannəf”, 1/84-85; Məktəbətur-Ruşd, ər-Riyad, birinci nəşr: 1425/2004

[30] Abdur-Razzaq, “əl-Musannəf”, 1/133-134; Mənşurat əl-Məclisil-İlmi, birinci nəşr: 1390/1970

 

 

 

a href=

Aktual Mövzular