Qəbir daşına yazı yazmaq

İmam Əhməd “əl-Müsnəd” kitabında rəvayət edir: “Abdur-Razzaq bizə rəvayət etdi: İbn Cureyc bizə xəbər verdi: Əbu Zubeyr mənə Cabir bin Abdilləh’i belə deyərkən eşitdiyini xəbər verdi: “Peyğəmbəri  – salləllahu aleyhi va səlləm - qəbirlərin üzərinə oturulmasını, onların əhənglənməsini və üzərinə bir şeylərin tikilməsini qadağan edərkən eşitdim.”[1]

 

Bu hədisin digər ləfzlərində əlavə olaraq peyğəmbərin – salləllahu aleyhi va səlləm – qəbirlərin üzərinə yazı yazmağı da qadağan etdiyi qeyd olunur. İbn Macə - rahiməhullah – “əs-Sünən”də bu barədə ayrıca bir hədis rəvayət edərək deyir: “Abdullah bin Said bizə rəvayət etdi: Hafs bin Ğiyas bizə İbn Cureyc’dən, o da Süleyman bin Musa’dan, o isə Cabir’dən belə dediyini rəvayət edir: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – qəbrin üzərinə bir şeyin yazılmasını qadağan etdi.[2] əl-Hakim isə “əl-Müstədrək” əsərində isə belə bir isnad ilə rəvayət edir: “Əbu Said Əhməd bin Yaqub əs-Səqafi bizə rəvayət etdi: Muhamməd bin Abdilləh bin Süleyman əl-Hadrami bizə rəvayət etdi:  bizə Səlm bin Cunədə bin Səlm əl-Quraşi rəvayət etdi: Hafs bin Ğiyas ən-Nəxai bizə rəvayət etdi: İbn Cureyc bizə İbn Zubeyr’dən, o da Cabir’dən belə dediyini rəvayət etdi: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – qəbrin üzərinə (bir şeyin) tikilməsini və ya suvanmasını və ya üzərinə oturulmasını qadağan etdi və üzərinə (bir şeyin) yazılmasını da qadağan etdi.” əl-Hakim bu hədisi rəvayət etdikdən sonra deyir: “Bu hədis Muslimin şərtlərinə uyğundur və isnadı  ilə “qəbrə yazmaq” sözü olmadan rəvayət etmişdir. Bu əlavə isə səhih və ğarib[3] bir ləfzdir. Eynilə Əbu Muaviyə bunu İbn Cureyc’dən rəvayət etmişdir.[4]

Bu hədislərin isnadı və hədisin mətnindəki əlavə sözün zəifliyi barədə yazımızın sonunda Allahın izni ilə söz açacağıq. Lakin daha əvvəl yazımızın məqsədini və mövzunun fiqhini ələ almaq daha məqsədə uyğundur.

Gördüyümüz kimi qeyd olunmuş hədis qəbrin üzərinə hər hansı bir yazının yazılmasını qadağan edir. Qəbirlərə müxtəlif qəbildən yazılar yazmaq isə İslam aləmində geniş yayılmış adətlərdən biridir. Dəfn olunmuş kəsin qəbri üzərinə ən azından onun adını yazılması hər bir müsəlman ölkəsində görülə bilən bir haldır.

Eynilə ölkəmizin əhalisi öz ölülərini basdırarkən bu adətə əməl edərək qəbir daşları üzərində ölünün adı ilə birlikdə təvəllüdü və ölüm tarixlərini qeyd edirlər. Bundan savayı İslamın mübarək şəriətinin qadağan etdiyi qəbir üzərinə bina tikmək, qəbri bəzəmək kimi əməllər də geniş yayılmışdır və bu əməllərin münkər olmasında heç bir şübhə yoxdur. Bunu edənlərə əməllərinin münkər olduğunu bəyan etmək bacaran insanlara vacibdir.

Çox zaman bu və digər əməllərin qadağan edildiyini azərbaycan insanına izah etdikdə onlardan bir çoxu bu əməllərin həqiqətən də yararsız, faydasız işlər olduğunu və bunun Allah tərəfindən qadağan edildiyini anlayırlar. Onlar qəbirləri sadələşdirmək, onları mümkün olduğu qədər alçaq tutmaqda heç bir sıxıntı ilə qarşılaşmırlar. Lakin qəbirlərin üzərində ölünün adının yazılması kimi bir ehtiyacdan əl çəkmək onlar üçün çətindir. Buna baxmayaraq müsəlman qardaş və bacılarımız bu əməldə də israr edərək bəzən hikmətsizliyə yol verirlər və nəticədə ortaya xoşa gəlməz hallar çıxır. Bu işin həqiqətini izah etmək üçün oxucularımıza qəbir üstünə ölünün adının yazılması haqqında bir qədər məlumat vermək istəyirik.

Qeyd etməliyik ki, qəbirlərə yazı yazmaq ilk dövr müsəlmanların, tabiinlərin zamanından yayılmış və müxtəlif alimlər yanında problemsiz qarşılanmış bir əməldir. Onlardan kimisi bu əməli inkar etdiyi halda, digərləri bu əməlin edilməsində heç bir bəis, heç bir eyib görməyiblər. Hətta məşhur hədis alimi Əbu Abdilləh əl-Hakim ən-Neysəburi – rahiməhullah – “əl-Müstədrək” əsərində bunu qadağan edən hədisləri rəvayət etdikdən sonra deyir:

Bu isnadlar səhihdir, lakin əməl bu hədislər üzərində qurulmamışdır, çünki şərqdən tutmuş qərbə qədər müsəlman imamların qəbirlərində yazılar yazılmışdır və bu xələfin sələfdən götürdüyü bir əməldir.[5]

əl-Hakim’in bu sözləri sözü gedən bu əməlin onun zamanında müsəlmanlar arasında yayıldığını və alimlər yanında qəbul olunduğunu göstərir. əl-Hakim’in iddiasına görə bu əməl bidət deyildir, əksinə sələfdən miras qalmış bir əməldir. İmam əz-Zəhəbi isə onun bu sözlərini təqib edərək bu əməlin bidət olmasına işarə edərək deyir:

Qısa olaraq deyə bilərik ki, biz bunu etmiş heç bir səhabə tanımırıq, bu yalnızca tabiin nəslindən kiminsə ortaya çıxardığı və sonra gələnlərin etdiyi bir əməldir və bu barədə gəlmiş qadağa onlara çatmamışdır.[6]

əl-Hafiz əz-Zəhəbi bu sözləri ilə əl-Hakimə etiraz etmiş və bu əməlin səhabə dönəmində deyil daha sonra ortaya çıxdığını söyləyir. İbn Abidin və İbnu Arafə kimi alimlər isə əl-Hakimin sözləri ilə razılaşmış və onu dəlil kimi göstərmişlər, eləcədə İbnu Naci “əl-Mudəvvanə” əsərinə yazdığı şərhində, Əbul-Qasim əl-Burzuli “Məsəilul-Cənaiz”də və daha bir çoxları bu sözə etiraz etməmişlər.

 

 

Qəbrə yazı yazmaq haqqında məzhəb alimlərinin görüşləri

 

Bu barədə məzhəb alimləri fərqli görüşlərə sahibdirlər. Bu əməlin haram və ya məkruh olduğu deyilmişdir. Bir qism alimlər isə bu əməlin caiz olması görüşündə olublar. Bu barədə hər bir məzhəbin görüşünü aşağıdakı kimi qeyd etmək olar.

 

Hənəfi məzhəbi

 

Hənəfi məzhəbi qəbirlərin üzərinə adların yazılmasında heç bir problem görmürlər. Bu barədə məşhur hənəfi fəqihi Alləmə Həsən bin Ammar əş-Şurunbulali deyir:

[Qəbrin izinin itməməsi üçün] – ki, bununla qəbir sahibi tanınaraq ehtiram olunacaq – və [təhqirə məruz qalmaması üçün] qəbrin qorunulması məqsədilə qoyulmuş daşın üzərinə [yazı yazmaqda da] həmçinin [bir bəis yoxdur]. Əbu Yusuf’dan gələn rəvayətə görə o, qəbrin üzərinə yazı yazılmasını məkruh görmüşdür.[7]

“Məraqi əl-Fələh” kitabına haşiyə yazmış məşhur hənəfi alimi Əhməd bin Muhamməd bin İsmayıl ət-Tahtavi deyir:

Onun [yazı yazmaqda da həmçinin bir bəis yoxdur] sözləri: “əl-Bəhr” kitabında deyilir: “Daha əvvəl təqdim olunmuş hədis yazı yazmağı qadağan edir, beləliklə o, əsas götürülməlidir”, lakin “əl-Muhit” kitabında təfsil edərək deyir: “İzinin itməməsi üçün və hörmətsizliyə məruz qalmaması üçün yazı yazmağa ehtiyac duyularsa bunda heç bir bəis olmaz, lakin üzrsüz yazmağa gəldikdə isə xeyr![8]

Bədrud-Din əl-Ayni adı ilə tanınan Alləmə Əbu Muhamməd Mahmud bin Əhməd əl-Hənəfi xülasə olaraq bəzi hənəfi mətnlərindəki görüşləri qeyd edərək deyir:

Əbu Yusuf qəbrin üzərinə yazı yazılmasını məkruh görmüşdür. Qadi Xan’ın (fətvalarında) isə deyilir ki, əlamət olması üçün bir şeyin yazılmasında və ya daşın qoyulmasında bir bəis yoxdur. “əl-Muhit” kitabında isə üzr olduğu halda yazı yazmaqda bir bəisin olmadığı deyilir.[9]

Alləmə İbn Abidin deyir:

[Yazmaqda heç bir bəis yoxdur][10], çünki bu barədə gəlmiş qadağa səhih olsa da, bununla əməl etməkdə əməli icma vardır[11]. əl-Hakim bunun qadağan olmasını bir çox yolla rəvayət etmiş  və sonra demişdir: “Bu isnadlar səhihdir, lakin əməl bu hədislər üzərində qurulmamışdır, çünki şərqdən tutmuş qərbə qədər müsəlman imamların qəbirlərində yazılar yazılmışdır və bu xələfin sələfdən götürdüyü bir əməldir.” Bu rəy üstəlik Əbu Davud’un “ceyyid” isnad ilə rəvayət etdiyi hədislə güclənmiş olur, beləki rəvayətə görə “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – daş gətirdi və onu Osman bin Mazun’un başı tərəfinə yerləşdirdi və dedi: “Bununla qardaşımın qəbrini tanıyacam və ailəmdən ölənləri ona yaxın basdıracam.” Üstəlik yazı yazmaq qəbri tanımaq üçün bir vasitədir. Bəli, görünür ki, bu işdə rüxsətin olması üzərində yaranmış əməli icmanın yeri yalnız belə bir əmələ ümumən ehtiyac olması halına aiddir, necəki  “əl-Muhit” kitabının müəllifi bu sözləri ilə buna işarə etmişdir: “İzinin itməməsi üçün və hörmətsizliyə məruz qalmaması üçün yazı yazmağa ehtiyac duyularsa bunda heç bir bəis olmaz, lakin üzrsüz yazmağa gəldikdə isə xeyr.” Hətta qəbrin üzərində Qurandan bir şeyin və ya şerin və ya ölüyə mədh etmə və buna bənzər şeylərin yazılması məkruhdur.[12]

İbn Abidin’in – rahiməhullah – sözlərindən anlaşılır ki, əl-Hakimin işarə etdiyi “əməli icma” yalnız yazıya ehtiyac duyulduğu hala aiddir, yəni əgər belə bir ehtiyac varsa ehtiyac qədəri ilə ölünün adını yazmaq kimi bir əməl hədisdəki qadağanın hökmünə daxil deyildir. Başqa cür desək hədisin ümumi mənası “əməli icma” ilə xüsusiləşmişdir. Üstəlik burada hənəfi aliminin əl-Hakim ən-Neysəburi’nin sözləri ilə razılaşdığını görürük. İbn Abidin’in sözlərindən anladığımız budur. Aydın olur ki, hənəfi məzhəbinə görə qəbirlərə ehtiyac olduğu halda yazı yazmaq caizdir.

 

Maliki məzhəbi

 

Maliki məzhəbinin məşhur fiqh mətnini yazmış Xalil bin İshaq əl-Cundi – rahiməhullah – deyir:

Gözəlliyinə görə digərlərindən seçilməsi üçün qəbrin palçıqla suvanması və ya ağardılması və ya üzərinə bir şeyin tikilməsi və ya hasara alınması haramdır. Lakin qəbir olaraq seçilməsi üçün üzərində nəqş edilmədən daş və ağacın qoyulması caizdir.[13]

Məşhur “ər-Risalə” kitabına şərh yazmış Şeyx Əhməd bin Ğanim bin Səlim bin Məhənnə ən-Nəfravi əl-Əzhari – rahiməhullah – deyir:

Xalil dedi: “qəbir olaraq seçilməsi üçün caizdir”. Onun bu sözünü şərh edənlər deyirlər ki, yəni nəqş edilmədən daş və ağacın yerləşdirilməsi caiz olduğu kimi üzərinə bir şey tikmək və ya hasara almaq (caizdir.) Üzərinə nəqş edilməsi isə məkruhdur. Quran ayələrinin nəqş edilməsi halında isə bu əməlin haramlığı aşkar görünür, çünki təhqirə məruz qalma qorxusu vardır.[14]

Xalil’in “əl-Muxtəsar” əsərini şərh etmiş böyük maliki alimi əl-Hattab ər-Raini deyir:

İbnul-Qasim qəbrin üzərinə daş lövhənin qoyulmasını və üzərinə yazı yazılmasını məkruh görərdi, üzərində hər hansı bir yazı yazılmadığı təqdirdə insanın öz adamının qəbrini tanıması üçün daş, budaq və ağac qoymasında bir problem görməzdi. İbn Rüşd dedi: “Malik qəbrin üzərində bir şeyin tikilməsini və üstündə yazılar yazılmış daş lövhənin qoyulmasını bəyənməzdi, çünki bu, avtoritet sahiblərinin fəxr, gözəllikdə üstünlük yarışması və şan-şöhrət üçün uydurduqları bidətlərdəndir. Bu isə məkruh olmasında ixtilafın olmadığı əməllərdən sayılır.” İbnul-Arabi isə “əl-Arida” kitabında deyir: “Yazı yazmağa gəldikdə isə bu barədə qadağa varid olmasına baxmayaraq bu iş Yer üzünün hər yerinə yayılmışdır, lakin bu qadağa səhih rəvayət yolu ilə gəlmədiyi üçün insanlar bunda qeyri-ciddi davranırlar. Həqiqətdə qəbrin murdarlanmaması üçün tanıtdırılmasından başqa bu əməlin heç bir faydası yoxdur.[15]

Şeyx Muhamməd İlliş əl-Maliki isə şərhində deyir:

Qəbrin üzərinə əlamət olmaq surəti ilə [daş kimi], həmçinin [ağac kimi] bir şeyi batırmaq qəbrin digər qəbirlər arasında [seçilməsi üçün caizdir], lakin ölünün adı və ölüm tarixi daşın və ya ağacın üzərində [nəqş edilməməlidir], əks təqdirdə məkruhdur. Əgər bu, digər qəbirlərdən gözəlliyinə görə seçilməsi üçün edilərsə haram olar. Quran ayələrinin və Allahu Təalənin adlarının nəqş olunmasının da haram olması lazımdır, çünki bu, onların hörmətsizliyə məruz qalmasına səbəb ola bilər. Bu cür şeylərin divarlarda da nəqş olunması bunun kimidir.[16]

 

Şafi məzhəbi

 

İmam ən-Nəvəvi deyir:

Qəbrin əhənglənməsi, üzərinə bir şeyin tikilməsi və yazılması məkruhdur. Əgər ictimai qəbiristanlıqda tikilərsə dağıdılmalıdır.[17]

Bu sözlərin eynisini “ər-Ravda” əsərində də söyləmişdir.[18] “əl-Məcmu” əsərində isə deyir:

əş-Şafi və əshabımız dedi: Qəbrin suvanması, üzərində sahibinin adının və ya başqa bir şeyin yazılması və üzərində bir şeyin tikilməsi məkruhdur. Bizim aramızda bu məsələdə heç bir ixtilaf yoxdur. Malik, Əhməd, Davud və alimlərin əksəriyyəti bu görüşdədir. Əbu Hənifə isə dedi: “Məkruh deyildir.” Bizim dəlilimiz isə daha əvvəl keçən hədisdir... Əshabımız dedi: İnsanların bir adət olaraq elədikləri kimi qəbir başındakı bir lövhədə yazılması ilə başqa bir yerində yazılması arasında heç bir fərq yoxdur, çünki hədisin ümumi mənasına əsasən bunların hamısı məkruhdur.[19]

Digər böyük şafi alimi Şihəbud-Din Əhməd ər-Ramli “əl-Minhəc” əsərinə yazdığı şərhində İmam ən-Nəvəvi’nin sözlərini şərh edərək deyir:

[Qəbrin üzərinə yazmaq] (məkruhdur), ”əl-Məcmu”da deyildiyi kimi ölünün adının yazılması ilə başqa şeyin yazılması və qəbir başındakı lövhədə yazılı olması ilə başqa yerində yazılması arasında heç bir fərq yoxdur. Bəli, onların (yəni alimlərin) “qəbirlərin yerini tanıdacaq bir şeylərin qoyulması müstəhəbdir” şəklindəki sözlərindən anlaşılır ki, ziyarət etmək üçün qəbrin yerinin bilinməsi məqsədi ilə ölünün adının yazılmasına ehtiyac olarsa ehtiyacın miqdarında müstəhəb olar, xüsusilə də bu, övliyalar və saleh insanların qəbirlərinə aiddir, çünki illər ötdükcə onların qəbirləri yalnız bu yolla bilinə bilər.[20]

Digər böyük şafi alimi İbn Hacər əl-Məkki deyir:

Şafi alimləri qəbir üstünə yazı yazmağın məkruh olduğunu deyərək bunu heç bir qeydə bağlamayıblar, çünki bu barədə qadağa gəlmişdir. Bunu ət-Tirmizi rəvayət etmiş və hədisin həsən-səhih olduğunu demişdir. Hədis alimi Əbu Abdilləh əl-Hakim ən-Neysəburi əməlin bunun üzərində qurulmadığını, şərqdən tutmuş qərbə qədər müsəlman imamların qəbirlərində yazı olduğunu və bunun xələf tərəfindən sələfdən – Allah onlardan razı olsun - götürülmüş bir əməl olduğunu deyərək etiraz etmişdir. Əgər o əsrin imamlarının hamısı belə etmiş olsaydılar və ya bundan xəbərləri olduqları halda bunu inkar etməsəydilər, yalnız o zaman (əl-Hakimin) etdiyi bu etiraz əsaslı sayıla bilərdi. Halbuki bizim əshabımızın bu hədisi dəlil göstərərək bu əməlin məkruh olmasını açıq şəkildə söyləməklərindən də böyük inkar ola bilərmi?! əs-Subki və əl-Əzrai bu hökmü ölünün tanına bilməsi üçün lazım olandan artıq miqdara bağlayırlar. əs-Subkinin sözləri – yaxında sözləri qeyd olunacaq – belədir ki, qəbrin tanınması üçün bir şeyin yerləşdirilməsi müstəhəbdir və əgər yazı yazmaq bunun bir yoludursa ölünü tanıtmaq üçün ehtiyac olan qədər yazının yazılması məkruh sayılmamalıdır.

əl-Əzrai’nin sözləri isə belədir; “yazı yazmağa gəldikdə bu, məkruhdur və ölünün adının baş tərəfdəki lövhədə yazılı olması ilə başqa yerdə yazılı olması arasında fərq yoxdur. Alimlər bunu bu cür heç bir qeydə bağlamadan söyləyiblər... Ölünün adının yazılmasına gəldikdə isə, onlar qəbirlərin tanınması üçün bir şeyin qoyulmasının müstəhəb olduğunu deyiblər və əgər yazmaq bunun üçün bir vasitədirsə tanıtmaq üçün ehtiyac olan miqdarda müstəhəb olması göz qarşısındadır və heç bir məkruhluq yoxdur. Xüsusilə övliyaların və salehlərin qəbirləri buna aiddir, çünki illər ötdükcə onların qəbirləri yalnız bu yolla tanına bilər. Daha sonra isə əl-Hakimdən gətirilmiş sitatı nəql etdi və o sözlərdən sonra qeyd etdi ki, “əgər bununla tanıtdırılması üçün ölünün adının yazılmasını qəsd edirsə bu, aşkardır və hədisdəki qadağa gözəllikdə yarışmaq, bəzəmək, saxta simalar verməyin qəsd olunduğu və ya Quran ayələri nin yazıldığı hallara aiddir.

əs-Subki’nin tanıtdırılmaq üçün ölünün adının yazılmasının məkruh olmamasını söyləməsi və əl-Əzrainin üstəlik bunu müstəhəb sayması, yazı olmadan ölünün ayırd edilməsi mümkün olmadığı, ölünün alim və ya saleh biri olması, qəbri üzərində adının yazılmaması halında uzun illər keçidində qəbrinin itəcəyindən və tanınmayacağından qorxulması hallarında anlaşıla biləcək qədər aydındır. Bu zaman hədisdəki qadağa başqa hallara aid edilməlidir, çünki hədisdən ümumi mənanı xüsusiləşdirən bir mənanın çıxarılması mümkündür və burada bu, ölünün seçilməsi ehtiyacıdır ki, bu, qəbrin tanınması üçün bir şeyin qoyulmasının müstəhəbliyi hökmünə qiyas etməklə anlaşılır, hətta deyərdik ki, həmin hökmə daxildir. Yaxud da bu, həmin alim və ya saleh adamın zikrinin qalması ehtiyacıdır ki, insanlar onlara daha çox rəhmət oxusun və onları ziyarət edənlərə bərəkətləri toxunsun.[21]

 

Hənbəli məzhəbi

 

Məşhur hənbəli alimi İmam İbn Qudamə əl-Maqdisi bu barədə deyir:

Qəbrin üzərinə tikmək, əhəngləmək və üzərinə yazı yazmaq məkruhdur, çünki Muslim “əs-Sahih”ində rəvayət edir ki, “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – qəbrin əhənglənməsini, üzərinə bir şeyin tikilməsini və üzərində oturulmasını qadağan etdi.” ət-Tirmizi isə “üzərində yazılmasını” sözlərini əlavə etdi və dedi: “Bu hədis həsən-səhihdir.” Üstəlik bu şeylər dünya zinətlərindən sayılır, ölünün buna ehtiyacı yoxdur.[22]

İmam Şəmsud-Din Muhamməd bin Muflih əl-Maqdisi deyir:

Qəbrə yazı yazmaq – Şafinin görüşünə uyğun olaraq – , qəbri əhəngləmək - digər imamların görüşünə uyğun olaraq – və qəbri bəzəmək, ətirləmək və buna bənzər əməllər etmək məkruhdur və bunlar bidətdir.[23]

Aləud-Din Əbul-Həsən Əli bin Süleyman əl-Mərdavi deyir:

(Qəbrin) əhənglənməsinə gəldikdə isə bu, məkruhdur və bunda hər hansı ixtilafın olduğunu bilmirik.[24] Üzərinə yazı yazılması da bunun kimidir.[25]

Eynilə “əl-İqna” kitabının sahibi əl-Haccavi, “Muntəha əl-İradət” kitabının sahibi əl-Fətuhi, “əl-Muntəha” kitabına şərh yazmış əl-Buhuti, ər-Ruheybani kimi son dövr hənbəlilər və digərləri qəbir üstünə yazı yazmağın mütləq olaraq məkruh olduğunu deyiblər.

 

Zahiri məzhəbi

 

Zahiri məzhəbinin ən məşhur alimi sayılan Əbu Muhamməd Əli bin Əhməd bin Said bin Həzm əl-Əndəlusi bu barədə deyir:

Qəbrin tikilməsi, əhənglənməsi və torpağından artıq qaldırılması halal deyildir, bunların hamısı dağıdılmalıdır. Əgər üzərinə bir ev və ya bir tikili tikilibsə məkruh olmaz və həmçinin əgər daşın üzərinə (ölünün) adı nəqş olunubsa məkruh saymırıq.[26]

Gördüyümüz kimi hənəfi məzhəbinə görə ehtiyac olduğu halda yazı yazmaq caizdir və məkruh deyildir. Bu görüş mütləq olaraq Əbu Hənifədən rəvayət olunmuşdur. İbn Həzmə görə bu əməl heç bir qeydə bağlanmadan caizdir, yəni qəbrin üzərinə qoyulmuş daş və ya ağacın üstünə ölünün adının yazmaq caizdir. Maliki, şafi və hənbəli məzhəblərinə görə bu mütləq olaraq məkruhdur. Şafi və maliki məzhəblərindən bir çox müctəhid ehtiyac olduğu halda bunun edilməsində bir bəis görməyiblər.

 

 

Hənbəli məzhəbində məkruh hökmünün anlamı

 

Məlumdur ki, məzhəblər arasında yalnız hənəfi məzhəbi bir üsul olaraq məkruhu iki qismə ayırır: tənzihi məkruh və təhrimi məkruh. Onların istilahına görə haramlığı haqqında Quran və sünnətdən qəti bir dəlili olmayan, lakin zənni dəlilə əsaslanan şəriətin bəyənmədiyi və qadağan etdiyi hər bir şeyə məkruh hökmü verilir. Tənzihi məkruh olan bir şeyi tərk edən savab qazanar, buna əməl edən isə günah qazanmaz. Lakin bundan fərqli olaraq təhrimi məkruh hökmündə olan bir əməlin sahibi etdiyi bu əməlinə görə günah qazanmış olur. Digər məzhəblər üsul etibarı ilə belə bir fərqə yer verməsələr də, Malik, əş-Şafi və Əhməd kimi alimlər və onlardan sonra gələn məzhəb alimlərinin sözlərində “məkruh” termininin haram əməllər üçün işləndiyini görmək olar. Bəzi hənbəli alimləri də kitablarında bəzən “məkruh” sözünü haram anlamında istifadə ediblər. Buna misal olaraq Alləmə Abdul-Qadir bin Badran əd-Diməşqi əl-Hənbəli bunları deyir:

Əshabımızdan bəziləri “məkruh” sözünü haram əməllər üçün də işlədiblər. əl-Xiraqi “əl-Muxtəsar” əsərində deyir:  “Qızıl və gümüş qablarda dəstəmaz almaq məkruhdur”. Halbuki bu cür qablarda dəstəmaz almaq haramdır və bunda məzhəbin içində heç bir ixtilaf yoxdur.[27]

Lakin ümumi olaraq hənbəli alimləri bir şeyə “məkruh” dedikdə bununla tənzihi məkruhu qəsd edirlər. İbn Badran bu barədə deyir:

Deyirəm: Bu sözün haram mənasında işlənməsinə gəldikdə isə daha əvvəl də izah olunduğu kimi Əhməd və Malik kimi iki imam bu sözü (Allahın haram demədiyi bir şeyə haram deməkdən) ehtiyat edərək dəlili zənni olan haram hökmü üçün  işlədiblər. Lakin digərlərinin bu sözü işlətməsi isə daha əvla olan bir şeyi tərk etməyə aiddir.

ət-Tufi “Muxtəsarur-Ravda” kitabında deyir: “Məkruhluq hökmünün mütləq şəkildə işlədilməsi tənzih mənasını verir.”

əl-Mərdavi “ət-Təhrir” kitabında deyir: “Məkruh harama daha yaxındır, lakin son zaman alimlərin örfündə tənzih üçün işlənmişdir...[28]

Əshabımızın kitablarına nəzər saldıqda onların qəbir üzərində yazı yazılması, üzərində bina tikilməsi, qəbrin əhənglənməsi kimi hədisdə qadağan olunmuş əməllərə məkruh hökmü verdiklərini görmək olar. Ümumi qayda olaraq bu, tənzih mənasında işlənməlidir. Bəzi hənbəlilər isə buna etiraz edərək hədisdəki qadağanın haramlığa dəlalət etdiyini və hənbəlilərin də məkruh sözü ilə bu mənanı qəsd etdiklərini söyləmişdir.  Alləmə Abdur-Rahmən bin Muhamməd bin Qasim əl-Asimi deyir:

Qəsd olunan təhrimi məkruhluqdur və bu, Əhmədin – rahiməhullah – qəbirlər üzərində bir şeyin tikilməsi haqqında məkruh deyərək qəsd etdiyi mənadır...Hənbəli alimlərinin bununla haramlığı deyil, tənzihi məkruhluğu qəsd etdiklərini güman edən kəs isə haqdan uzaq düşmüşdür.[29]

Şeyx Abdur-Rahmən’in də dediyi kimi dəlillər işığında burada məkruh hökmünün haramlıq anlamına gəldiyi aşkar görünür.

 

 

Müasir alimlərin məsələ haqqında görüşləri

 

Son dövrdə və müasir zamanımızdakı alimlərin məsələ haqqında görüşləri də fərqlənir. Qısa olaraq onların görüşlərinə işarə etməklə hökmlərin nə üçün fərqləndiyini anlamağa çalışaq.

Alləmə əş-Şəvkani deyir:

Hədisdəki “üzərinə yazı yazmaq” sözündə qəbirlərə yazı yazmağın haramlığına dair dəlil vardır və zahiri mənas qəbrin üzərində ölünün adının yazılması ilə başqa şeylərin yazılması arasında fərq qoymur.

əl-Hədəviyyə bundan ölünün adının yazılmasını istisna etdilər və bəzək xatirinə deyil, lakin daha əvvəl tədqim olunduğu kimi peyğəmbərin – salləllahu aleyhi va səlləm – Osmanın qəbrinə daş qoyması ilə müqayisə edərək bunu caiz gördülər. Bu isə qiyas ilə (ümumi mənanı) xüsusiləşdirmək növüdür və cumhura görə belə bir şey caizdir. “Daun-Nəhar” kitabında deyilənin əksinə olaraq bu nassa müxalif bir qiyas deyildir. Lakin əsas məsələ bu qiyasın doğru olub olmamasındadır.[30]

əş-Şəvkani bu sözlərdə öz görüşünü aydın bildirmir, çünki bu cür qiyasın ona görə səhih olub olmadığını qeyd etməmişdir.

Şeyx Muhamməd bin İbrahim Al əş-Şeyx’dən qəbr daşları üzərində adların nəqş olunması haqqında soruşulduqda buna belə cavab vermişdir:

Bu, (hədisdə qadağan olunmuş) yazı yazmaq mənasına daxildir, bu, şəriətin təqdir etmədiyi həddindən artıq baxım göstərmək deməkdir və səhabələr bu cür etməyiblər. Ona görə də bunu etməmək lazımdır.[31]

Şeyx Abdul-Aziz bin Abdilləh bin Abdir-Rahmən bin Baza yönləndirilmiş bənzər bir sualın cavabında deyir:

Ölünün qəbri üzərində nə dəmir üstündə, nə lövhə üzərində, nə də başqa bir şeydə nə Quran ayələri, nə də başqa yazıların yazılması caiz deyildir, çünki Cabirin – radiyallahu anhu - peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət etdiyi hədisdə sabit olmuşdur ki, o, “qəbrin əhənglənməsi və üzərində oturulması və üzərində bir şeyin tikilməsini qadağan etdi.” Bunu İmam Muslim “əs-Sahih”də rəvayət etmişdir. ət-Tirmizi və ən-Nəsai isə səhih isnad ilə “və üzərinə yazılmasını” sözlərini əlavə ediblər.[32]

Şeyx Saleh əl-Favzan deyir:

Qəbirlərin üzərinə bir şey tikmək, qəbirləri əhəngləmək və üzərilərinə bir şey yazmaq haramdır.[33]

Şeyx Muhamməd bin Saleh əl-Useymin isə bu barədə öz müəllimi Şeyx Abdur-Rahmən bin Nasir əs-Sadi’nin görüşünü nəql edərək deyir:

Şeyximiz Abdur-Rahmən bin Sadi – rahiməhullah – dedi: “(Hədisdə) yazı yazmaq ilə cahillik dövründə (qəbir üzərinə) yazılan mədh və təriflər qəsd olunur, çünki haramlılıq belə şeylərdə olur. Lakin qəbri tanıtmaq üçün ehtiyac duyulan miqdarda (yazı yazmağa) gəldikdə isə məkruh sayılmaz.[34]

Yenə Şeyx İbn Useymin – rahiməhullah – bu barədə öz görüşünü bildirərək deyir:

Doğru olan adın yazılmasının caiz olması görüşüdür, necəki şeyximi Abdur-Rahmən əs-Sadi bu görüşü seçmişdir. Bizim ölkəmizdə qəbirlərin üzərində ölülərin adları yazılıb və insanlara onlara münasibətdə ifrata varmırlar.[35]

Eləcədə Şeyx əl-Albani və Şeyx Şueyb əl-Arnavut və digər müasir alimlər ehtiyac olduğu təqdirdə yazı yazmaqda bir bəis görmürlər.

 

Hədisdə “qəbrin üstünə yazmaq” əlavəsi səhihdirmi?

 

Ən sonda isə bu hədisdə gəlmiş “qəbrin üstünə yazmaq” sözlərinin nə qədər səhih olub olmamasına baxacağıq. Hədisin “əs-Səhih”də İmam Muslim tərəfindən rəvayətində həmin bu sözlərə rast gəlinmir. İmam Muslimin rəvayəti belədir:

Əbu Bəkr bin Əbi Şeybə bizə rəvayət etdi ← Hafs bin Ğiyas bizə ← İbn Cureyc’dən o isə Əbu Zubeyr’dən ← o da Cabirdən rəvayət etdi:

Dedi: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – qəbrin əhənglənməsini, üzərinə oturulmasını və üzərinə bir şeyin tikilməsini qadağan etdi.[36]

Bu hədis şübhəsiz ki, səhihdir. Lakin hədisin digər ləfzlərində “yazmaq” sözü də gəlmişdir.Bunlardan birini ən-Nəsai rəvayət edir: Harun bin İshaq bizə xəbər verdi: ← Hafs bizə ← İbn Cureyc’dən o da ← Süleyman bin MusaƏbu Zubeyr’dən, onlar isə ← Cabirdən rəvayət etdilər:

Allahın Elçisi – salləllahu aleyhi va səlləm – qəbrin üzərinə bir şeyin tikilməsini, üzərinə bir şeyin əlavə olunmasını və ya əhənglənməsini qadağan etdi.” Süleyman bin Musa isə “üzərinə yazılmasını” sözünü əlavə etmişdir.”[37]

Hədisdəki bu əlavə münkərdir, çünki Süleyman bin Musa heç bir zaman Cabirdən hədis eşitməmişdir. İbn Main deyir ki, “Süleyman bin Musa’nın Malik bin Yuxamir’dən rəvayətləri mürsəldir, Cabirdən rəvayəti də mürsəldir.” Üstəlik Süleyman bin Musa’da zəiflik vardır. əl-Buxari deyir ki, “onun münkər rəvayətləri var.” ən-Nəsai isə deyir: “Fəqihlərdən bidridir, lakin hədisdə güclü deyildir.

Bir digərini isə əl-Hakim rəvayət edir: ““Əbu Said Əhməd bin Yaqub əs-Səqafi bizə rəvayət etdi Muhamməd bin Abdilləh bin Süleyman əl-Hadrami bizə rəvayət etdi: bizə ← Səlm bin Cunədə bin Səlm əl-Quraşi rəvayət etdi ← Hafs bin Ğiyas ən-Nəxai bizə rəvayət etdi: ← İbn Cureyc bizə ← Əbu Zubeyr’dən, o da Cabir’dən belə dediyini rəvayət etdi:

Allahın Elçisi – salləllahu aleyhi va səlləm – qəbrin üzərinə (bir şeyin) tikilməsini və ya suvanmasını və ya üzərinə oturulmasını qadağan etdi və üzərinə (bir şeyin) yazılmasını da qadağan etdi

Lakin buradakı gizli illət Hafs bin Ğiyasın xəta etməsidir, çünki bu hədisi Əbu Bəkr bin Əbi Şeybə və Harun bin İshaq həmin əlavə söz olmadan rəvayət ediblər və onlar bu məsələdə Hafs’dan daha etibarlıdırlar. Şeyx Muqbil “əl-Mustədrək” kitabının təhqiqində buna işarə edərək deyir: “Burada bir məqam vardır: Cabirin bu hədisi Muslimin “əs-Sahih” əsərində eyni isnad ilə “və ya üzərinə (bir şeyin) yazılması” əlavəsi olmadan gəlmişdir.[38]

Bunu yenə əl-Hakim bir digər yolla rəvayət edir: “Əbul-Həsən Əhməd bin Muhamməd əl-Ənzi bizə rəvayət etdi ← Muhamməd bin Abdir-Rahmən əş-Şami← Said bin Mənsur bizə rəvayət etdi ← Əbu Muaviyə bizə İbn Cureyc’dən o isə Cabirdən rəvayət etdi: bizə rəvayət etdi

Allahın Elçisi – salləllahu aleyhi va səlləm – qəbirlərin əhənglənməsini, üstündə yazı yazılmasını, üzərində bir şeyin tikilməsini və üzərində oturulmasını qadağan etdi.

Sənədindəki Əbu Muaviyə adlı ravi Muhamməd bin Xazim’dir və Əhməd, İbn Xarraş, əl-Hafiz İbn Hacər və digər hədis imamları onun əl-Aməş’dən başqa digər kəslərdən rəvayətlərində iztirablı olduğunu deyiblər. ət-Tirmizi’də isə Muhamməd bin Rabia bunu İbn Cureyc’dən həmin sözlərlə rəvayət etmişdir, lakin yenə bu hədisi İbn Cureyc’dən bir qrup ravi rəvayət etmiş və heç biri həmin əlavəni zikr etməmişlər. Onların arasında Həccac bin Muhamməd və Abdur-Razzaq bin Həmməm kimi ravilər var ki, məhz İbn Cureyc’dən hədis rəvayət etməkdə ən etibarlı ravi Həccac bin Muhamməd sayılmışdır. ən-Nəsai, Əbu Davud, Abd bin Humeyd və başqaları bu sözün Süleyman bin Musa’dan qaynaqlandığını qeyd edirlər və yuxarıda işarə etdiyimiz kimi həmin ravidə zəiflik vardır.

Yuxarıda təqdim etdiyimiz məlumatlardan anlamaq olar ki, bu məsələ alimlər arasında ixtilaflı bir məsələdir. Hər iki tərəfin dəlillərə dayanaraq hökm verdikləri görünə bilər. Biz dəqiq bilirik ki, ilk dövr alimlərdən bu cür əməlləri bəyənməyənlər çox olub və bunlardan bəziləri səhih rəvayətlərlə bizə yetişmişdir. Lakin bu əməlin haram olmasını qətiyyətlə söyləmək mümkün deyildir və bir çox alimin ehtiyac olduqda ölünün qəbrinin üstünə adının yazılmasına rüxsət verdiklərini də nəzərə alsaq ölkəmizdə buna əməl edən insanların bu əməllərini sərt şəkildə inkar etməyin doğru olmadığını da anlamaq çətin olmaz.

Doğrusunu isə Allah bilir!

 


[1] Bunu Əhməd “əl-Müsnəd”də (3/295) rəvayət edir və Əbu Davud “əs-Sünən”də (3225) bu hədisi Əhməd bin Hənbəl’dən eyni isnad ilə rəvayət etmişdir. Hədis Abdur-Razzaq’ın ”əl-Musannəf” əsərində (6488) mövcuddur. Onun vasitəsilə bu hədisi Muslim ”əs-Səhih”də (970, 94) və Əbu Avanə “İthəf əl-Məhara” kitabında (3/440) olduğu kimi “cənazələr”də rəvayət etmişdir.

[2] İbn Macə, 1563

[3] Ğarib ləfz olması ilə bu ləfzi bir ravinin rəvayət etməsi qəsd olunur, yəni digər ravilər bu ləfzi rəvayət etməyiblər.

[4] əl-Hakim, “əl-Mustədrək”, 1/370; Darul-Marifə, Beyrut, 1406/1986

[5] əl-Hakim, “əl-Mustədrək”, 1/370; Darul-Marifə, Beyrut, 1406/1986

[6] əl-Hakim, “əl-Mustədrək”, 1/370; Darul-Marifə, Beyrut, 1406/1986, bu nəşr əz-Zəhəbi’nin “ət-Təlxis” əsəri ilə birlikdə çap olunmuşdur.

[7] əş-Şurunbulali, “Məraqi əl-Fələh bi İmdədil-Fəttah”, səh: 222; Darul-Kutubil-İlmiyyə, Beyrut, ikinci nəşr: 1424/2004

əş-Şurunbulali ilk əvvəl özünün “Nurul-İ’dah va Nəcatul-Ərvah” adlı hənəfi fiqhi kitabını yazmış və daha sonra ona “İmdədul-Fəttah” adlı şərhini yazmışdır. Daha sonra isə həmin bu şərhi ixtisar edərək “Məraqi əl-Fələh” adlı əsərini ortaya çıxarmışdır və kitab hənəfi alimləri yanında xüsusi dəyərə sahibdir. Gətirdiyimiz nəqldə parantez arasındakı sözlər əş-Şurunbulali’nin “Nurul-İdah” kitabındakı öz sözləridir.

[8] “Haşiyətut-Tahtavi”, səh: 611-612; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1418/1998

[9] əl-Ayni, “əl-Bənayətu fi Şərhil-Hidayə”, 3/303; Darul-Fikr, Beyrut, ikinci nəşr: 1411/1990

[10] Bu strong/stronga href=“/psözlər İmam Aləud-Din əl-Haskəfi’nin “əd-Durrul-Muxtar”dakı sözləridir ki, İbn Abidin onları şərh edir.

[11] Yəni, qadağa haqqında gəlmiş hədislər səhih olsa da, alimlər qəbirlərin üzərinə yazmağa əməl etdikləri üçün bu barədə əməli icma hasil olmuşdur.

[12] “Raddul-Muhtar alə Durril-Muxtar Şərhi Tənviril-Əbsar”, 3/144; Daru Aləmil-Kutub, ər-Riyad, xüsusi nəşr, 1423/2003

[13] “Muxtəsar Xalil”, səh: 39; Paris çapı, hicri 1272-ci il / miladi 1855-ci il

[14] ”əl-Fəvakihud-Dəvani alə Risaləti İbni Əbi Zeyd əl-Qayravani”, 1/449; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1418/1997

[15] əl-Hattab, “Məvahibul-Cəlil li Şərhi Muxtəsari Xalil”, 3/66; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1416/1995

[16] İlliş, “Şərhu Minəhul-Cəlil alə Muxtəsar Alləməti Xalil”, 1/311; Darus-Sadir

[17] ən-Nəvəvi, “Minhəcut-Talibin va Umdətul-Muftin”, səh: 158; Darul-Minhəc, Beyrut, birinci nəşr: 1426/2005

[18] Bax: “Ravdatut-Talibin”, 1/652-653; Daru Aləmil-Kutub, ər-Riyad, xüsusi nəşr: 1423/2003

[19] “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 5/266; Məktəbətul-İrşad, Cuddə,

[20]”Nihayətul-Muhtac ilə Şərhil-Minhəc”, 2/219; Misir çapı, 1292

[21] İbn Hacər əl-Heytəmi, ”əl-Fətava əl-Kubra əl-Fiqhiyyə”, 2/12; Darul-Fikr

[22] İbn Qudamə, “əl-Muğni Şərh Muxtəsar əl-Xiraqi”, 3/439; Dar Aləmil-Kutub, ər-Riyad, üçüncü nəşr: 1417/1997

[23] İbn Muflih, “Kitəbul-Furu”, 3/380; Muəssəsətur-Risalə, Beyrut və Darul-Muayyəd, ər-Riyad, birinci nəşr: 1424/2003; Kitabın bu nəşrində kitabın əsli ilə birlikdə əl-Mərdavi’nin “Təshih əl-Furu” və İbn Qundus’un haşiyəsi də çap olunmuşdur. Kitabı Şeyx Abdullah bin Abdil-Muhsin ət-Turki təhqiq etmişdir.

[24] Yəni hənbəli alimləri arasında hər hansı ixtilafın olduğu bilinmir.

[25] əl-Mərdavi, “əl-İnsaf fi Marifətir-Racih minəl-Xiləf”, 2/549; Məlik Suud bin Abdul-Aziz’in köməyi çap olunub və Muhamməd Hamid əl-Fəqih tərəfindən təhqiq olunub. Birinci nəşr: 1374/1955

[26] İbn Həzm, “əl-Muhəllə bil-Əsər”, 5/133; İdəratut-Tibəatil-Muniriyyə, Misir, birinci nəşr: hicri 1349

[27] İbn Badran, “əl-Mədxal ilə Məzhəbi Əhməd bin Hənbəl”, səh: 155; Muəssəsətur-Risalə, Beyrut, ikinci nəşr: 1401-1981

[28] İbn Badran, “əl-Mədxal ilə Məzhəbi Əhməd bin Hənbəl”, səh: 155; Muəssəsətur-Risalə, Beyrut, ikinci nəşr: 1401/1981

[29] ”Haşiyətur-Ravdil-Murbi Şərhi Zadil-Mustaqni”, 3/128; birinci nəşr, hicri 1397

[30] əş-Şəvkani, “Neylul-Əvtar min Əsrari Muntəqa əl-Əxbar”, 7/434; Daru İbnil-Cəvzi, əd-Dəmmam, Səudiyyə Ərəbistan, birinci nəşr: hicri 1427, şəvval ayı; Muhamməd Subhi bin Həsən Həllaq’ın təhqiqi ilə.

[31] ”Fətava va Rasail əş-Şeyx Muhamməd bin İbrahim bin Abdil-Lətif Al əş-Şeyx”, 3/200; Mətbəətul-Hukumə, Məkkə, hicri 1399; Şeyx Muhamməd bin Abdir-Rahmən bin Qasim tərtib etmişdir.

[32] ”Məcmu Fətava va Məqalət Mutənəvvia”, 4/337; Darul-Qasim lin-Nəşr, ər-Riyad, birinci nəşr: 1420

[33] əl-Favzan, ”əl-Mulaxxas əl-Fiqhi”, 1/311; Riəsətu İdəratul-Buhus əl-İlmiyyə val-İftə, ər-Riyad, birinci nəşr: hicri 1423

[34] İbn Useymin, “əş-Şərh əl-Mumti alə Zadil-Mustəqni”, 5/366; Daru İbnil-Cəvzi, Səudiyyə Ərəbistan, birinci nəşr: hicri 1422, zul-qadə ayı

[35] “əl-Kənzus-Səmin fi Suələt İbni Suneyd li İbn Useymin”, səh: 70 (300-cü sual)

[36] Muslim, 970

[37] ən-Nəsai, “əl-Muctəba”, 2026

[38] “Müstədrək əl-Hakim”, 1/520; Şeyx Muqbilin təhqiqi ilə; Darul-Harameyn, əl-Qahirə, birinci nəşr: 1417/1997

 

Aktual Mövzular