Həbsxanada cümə namazı

Toxunduğumuz bu məsələ çox təəssüf ki, aktual məsələlərdən biridir. Həbsxanada uzun və ya qısa bir müddət üçün yatan müsəlman qardaşlarımıza cümə vacibdirmi? Etiraf etməliyəm ki, yaxın keçmişdə əziz qardaşlarımdan birinin bu barədə mənə sual verməsindən qabaq məsələ haqqında heç düşünməmişdim. Sualın qarşısında isə yoxsul elmimizlə cavab verməyə çalışaraq məsələnin haqqını tam verməmişdik. Daha sonra isə məsələ haqqında bir qədər maraqlandıqdan sonra öyrəndiklərimi qardaşlarımla da bölüşməyi istədim.

 

 

Hər şeydən əvvəl qeyd etməliyəm ki, bu məsələ də alimlər arasında ixtilafa səbəb olmuşdur və bu ixtilaf isə həqiqətdə Quran və Sünnətdəki dəlilləri fərqli şəkildə anlamaqdan irəli gəlmir. İxtilafın sadəcə olaraq alimlərin fərqli ictihadları və sələfin əməlini fərqli anlamaqlarından qaynaqlanır. Alimlərin bu barədə üç görüşü vardır. Birinci görüşə görə müsafirlər, qullar, xəstələr və qadınların halında olduğu kimi məhbuslara da cümə vacib deyildir və bu, ümmətin böyük əksəriyyətinin görüşüdür. Bu barədə iki imamdan, İmam Malik və İmam əş-Şafidən bir-başa nəql gəlmişdir. Digər iki məzhəbin alimləri də bu görüş üzərindədirlər. İkinci görüşə görə həbsxanada cümə keçirmək caiz deyildir. Üçüncü görüşə görə əgər cümənin vacibliyi və səhihliyi üçün tələb olunan şərtlər qarşılanırsa və keçirmək imkanı varsa vacibdir.

Birinci görüş:

İmam Malik bin Ənəs – rahiməhullah – cüməni ötürmüş kəslər və cüməyə gələ bilməyən üzrlü kəslərin zöhr namazını camaat halında yoxsa tək-tək qılmaqları haqqında danışarkən bunları deyir:

(Dedi) : Malik cümə üçün gəlmiş və cüməni ötürmüş kəslər haqqında dedi; onların camaat məscidindən savayı bir məsciddə zöhrü dörd rükət camaat şəklində qılmaqlarına nə deyirsən? Dedi: “Xeyr, tək-tək qılsınlar!” (Malik dedi) : Kim həbsxanada olarsa və ya müsafirlər kimi cümənin üzərilərinə vacib olmadığı kəslərdən olarsa və bir evdə toplanmış xəstəlar varsa, belə kəslərin (zöhr namazını) camaat halında qılmaqlarında bir bəis yoxdur. (Dedi ) Malik dedi: Həbsxana əhli və müsafirlər və üzərilərində cümənin vacib olmadığı kəslər cümə günü camaat halında qıla bilərlər və imamları onlara dörd rükət olaraq zöhr qıldırmalıdır. Üzərilərinə cümənin vacib olduğu kəslər isə cüməni ötürərlərsə (zöhrü) camaat şəklində qılmamalıdırlar.[1]

Bu sözlərindən açıq şəkildə anlamaq olur ki, həbsxanada olanları üzrlü olanlar sırasında saymışdır və belə kəslərə cümə vacib deyildir. Maliki məzhəbinin məşhur alimlərindən əl-Hattab ər-Raini əl-Maliki “Muxtəsar Xalil” kitabının şərhində deyir:

İbn Rüşd dedi: “Cümənin vacib olduğu zaman cüməni zöhr kimi qılanlar dörd qrup insandır: cümənin üzərilərinə vacib olmadığı kimsələr və bunlar xəstələr, müsafirlər və həbsxana camaatıdır...[2]

İmam əş-Şafi həbsdə olan müsəlmanların halını onlar üçün cümənin vacib olmaması üçün bir üzr görmüşdür. O, məşhur “əl-Umm” adlı kitabında cümə haqqında danışarkən deyir:

Həbsə düşmüş hür müsəlman kişi və ya digər üzrlərə görə cümədə iştirak etməməsi üzrlü sayılan hür müsəlman kimi və eləcədə qadınlar, həddi-büluğa çatmayanlar və qullar kimi cümənin üzərilərinə vacib olmadığını dediyim kəslərdən hər kimsə cümədə iştirak edibsə iki rükət namaz qılmalıdır və əgər yalnız bir rükətinə çatıbsa bir rükət də əlavə etməlidir və bu, cüməni əvəz edir.[3]

Bu sözlərindən anlamaq olar ki, hürr bir insanın, yəni qul olmayanın həbsdə olması onun üçün üzr sayılır və belə birinə cümə namazı vacib deyildir.

Hənəfilərdən Aləud-Din əl-Haskəfi əl-Hənəfi deyir:

Üzrlü birinə, həbsdə yatan birinə və müsafirə bir şəhərdə cümədən əvvəl və ya sonra zöhr namazını camaat şəklində qılmaq təhrimi məkruhdur, çünki bununla camaat azaldılır və üzdə qarşıdurmanın olduğunu göstərir...[4]

Hənbəli alimlərindən Mənsur bin Yunus əl-Buhuti deyir:

Cümə və camaat namazlarının tərkinə görə üzrlü sayılanlar arasında məhbus kimi bunları etməyinə yasaq qoyulmuş kimsələr də vardır.[5]

İkinci görüş:

Bu görüşü dəstəkləyən ən tanınmış alim şafi məzhəbinin böyük imamlarından olan Taqiyyud-Din Əbul-Həsən əs-Subki’dir. Ona görə məhbuslar nəinki cüməni tərk etməkdə üzrlüdürlər, hətta onlara həbsxanada cümə namazı qılmaq caiz deyildir. Bunu o, belə izah edir:

Onlara həbsxanada cümə namazı qılmaq caiz deyildir, əksinə zöhr namazı qılmalıdırlar, çünki sələfdən kiminsə bunu etməsi xəbəri bizə gəlməmişdir, baxmayaraq ki, o zamanlar həbsxanalarda təqva əhlindən çox sayda alimlər var idi və böyük ehtimalla onlarla birlikdə cümə üçün tələb olunan vəsflərə malik qırx[6] və daha çox sayda adam olmuşdur. Əgər belə bir şey caiz olsaydı onlar bunu edərdilər. Bunun caiz olmamasındakı sirr isə budur ki, cümədəki məqsəd şüarların aşkarda göstərilməsidir. Məhz buna görə də alimlərin ittifaqı ilə insanların bir yerdə yerləşməkləri mümkün olduğu təqdirdə ölkənin (şəhərin və ya kəndin) yalnız bir yerində qılınması ilə (cümə namazı) xüsusi seçilmişdir. Sanki bu baxımdan fərzul-kifayə olan ibadətlərə bənzəmişdir və digər baxımdan hər bir məsul şəxsə cüməyə gəlmək vacibdir və fərzul-ayn sayılır. Bunun fərzul-kifayə olması görüşü İmam əş-Şafi’dən – rahiməhullah – nəql olunmuşdur və bunun fərzul-ayn olması məşhur olduğu üçün (fərzul-kifayə olduğunu) deyənlərin görüşlərinin xətalı olduğunu qeyd ediblər. Mənə görə isə bu nəqli daha əvvəl söylədiyim mənada başa düşmək olar, yəni burada iki baxış açısı vardır:

Birinci: Şüarları izhar etmək qəsdinin olması və qırx nəfərin olduğu bir yerdə qılınması və bu, əgər sayları qırxdan az olarsa bu ölkədə və ətrafında yaşayan hər bir mükəlləfə fərzul-kifayədir.

İkinci: həmin bölgədə və ətrafında yaşayan, kəmal əhlindən olan[7] və azanı eşidən kimsələrə öz yerlərində  cüməni qılmaq imkansız olduğu üçün cümənin onların üzərinə vacib olması; əgər cümə ilə məqsədin bu olduğunu öyrəndinsə, bil ki, həbsxana şüarların izhar olunduğu yer deyildir və buna görə də orada cümə etmək məşru[8] deyildir. Bəlkə də bu səbəbə görə peyğəmbər – salləllahu aleyhi va səlləm – hicrətdən əvvəl Məkkədə cümə qıldırmamışdır və cüməni Əbu Umamə Əsad bin Zərara Mədinənin kənarında “Naqiul-Xadimət” deyilən yerdə qıldırmışdır. Görünür ki, bu, peyğəmbərin – salləllahu aleyhi va səlləm - əmri ilə olmuşdur. Onun bunu əmr edib özünün etməməsi isə bizim işarə etdiyimiz məna ilə bağlıdır. Həbsxananın cümə üçün bir yer olmamasının iki səbəbi vardır:

Birinci: Orada (İslamın) şüarları aşkarda göstərilmir.

İkinci: Bu, əgər bölgədə iki cümənin keçirilməsinə ehtiyac yoxdursa həmin bölgənin başqa yerində cümənin keçirilməsini boşa çıxarır və fərzul-kifayə olan bir əməli boşa çıxaran şeyi biz qadağan edirik. Beləliklə əgər kiçik bir ərazidirsə bu iki səbəbə görə caiz deyildir; bu iki səbəbdən hər biri bu hökm üçün kifayət edir. Hətta götürsək ki, qırx nəfər şüarların aşkar görünmədiyi bir evdə toplaşarsa və həmin bölgədə açıq şüarlar altında keçirilən cümədən əvvəl tələsib xütbə verib namaz qılsalar qeyd etdiyim iki səbəbə görə bunu onlara caiz görmərəm. Əgər bölgənin ərazisi böyük olarsa və oradakı məsciddə insanların hamısına yer olmazsa və ər-Ruyani və digər son dövr alimlərə görə orada başqa cümənin qılınmasının caiz olmasına əsasən həbsxana əhli və ya (İslam) şüarlarının zahir olmadığı bir evdə cümə qılsalar deyərəm ki, bu da iki illətdən birinə görə caiz deyildir, beləki ora cümə qılınması üçün yer deyildir və belə əməl məşru deyildir. Məşru olmayan ibadətə getmək də caiz deyildir. Aydın oldu ki, bölgənin ərazisinin balaca və ya böyük olmasından asılı olmayaraq, insanlara (bir məsciddə) yer olmadığı üçün iki cüməyə icazə verib verməməyimizdən asılı olmayaraq həbsxanada cümə qılmaq caiz deyildir. Buna görə də sələfdən heç kəsdən belə bir şey eşitməmişik.

Əgər bu anlaşılarsa bilmək lazımdır ki, həbsxana əhli zöhr namazı qılmalıdır; camaat halında qılmaqları müstəhəbdirmi?! Bu barədə iki baxış açısı vardır və bunlardan ən doğrusuna görə müstəhəbdir. Buna əsasən namazlarını gizlətmələri müstəhəbdirmi?!

İki görüşdən doğrusuna görə müstəhəb deyildir, (əş-Şafi) isə gizli qılmaqlarının müstəhəb olduğunu açıq olaraq demişdir, çünki həmin gün camaat namazı qılmaq cümənin şüarlarındandır. Lakin üzrlü olan kəslərə gəldikdə isə əgər onların haqqında töhmət gələcəyindən narahat olsalar belə kimsələrə camaat şəklində namaz qılmaqlarını gizlətmək müstəhəbdir, onlar sadəcə olaraq bölgədə keçirilən cümə namazı bitdikdən sonra zöhr namazını qılmalıdırlar.

Əlavə: Məhbusun cümə namazına getməsinə qadağa qoymaq; məhbusun cüməyə getməsinə imkan vermək haqqında fəqihlərin iki görüşü var:

Birinci görüş: Əgər hakim bunda məsləhət olduğunu görərsə məhbusun qəlbinin sıxılması üçün cümə və bayram namazlarına getməsini qadağan edə bilər və bu, dörd məzhəbin fəqihlərinin əksəriyyətininn görüşüdür və bu, Əlinin – radiyallahu anhu – sözünün zahiri mənasıdır.

İkinci görüş: Məhbusun cümə və bayram namazlarına getməsi, bunların əhəmiyyətinə görə qadağan edilməməlidir və bu, bəzi hənbəlilərin sözlərinin zahiri mənasıdır. Şafi alimləri arasından əl-Bəğavi bu görüşdə olmuşdur. Bu, həm də hənəfilərdən əs-Səraxsinin və əş-Şafinin əshabından olan əl-Buveytinin sözündən anlaşılan mənadır.[9]

Hənbəli alimlərindən İbn Rəcəb əl-Hənbəlinin “Sahih əl-Buxari” kitabına yazdığı şərhində söylədiyi sözlərin bu görüşə dəlalət etdiyini yəqinliklə söyləmək mümkün olmasa da cümlənin zahirindən bu məna anlaşılır. O, cümə namazının İslamın əvvəlində nə üçün Məkkədə qılınmadığını izah edərək bizim məsələyə də toxunmuş və bu barədə belə demişdir:

Məkkədə (cümə) qılmamasına gəldikdə isə, belə anlaşılmalıdır ki, o, cümənin darul-hərb’də deyil darul-hicrət’də qılınmasını əmr etmişdir və Məkkə o zaman darul-hərb idi və müsəlmanlar o zaman dinlərini izhar etməyə qadir deyildilər və öz canlarına görə qorxurdular və elə buna görə də oradan Mədinəyə hicrət etdilər.

Cümə isə çox saylı üzrlərə görə (vaciblik) hökmündən düşə bilər və bu üzrlərdən də biri insanın öz canı və malı üzərində qorxmasıdır. Son dövrün bəzi şafi alimləri onun Məkkədə cümə qılmamasının mənasına işarə ediblər və mənası budur ki, cümənin keçirilməsindəki məqsəd İslamın şüarlarını aşkarda göstərməkdir və belə bir şey üçün Darul-İslamda imkan vardır. Məhz bu səbəbə görə sayları qırx nəfər olsa belə həbsxanada cümə namazı qılınmır. Bu məsələdə alimlər arasında hər hansı bir ixtilafın olduğu bilinmir və bu görüşdə olanlar arasında əl-Həsən (əl-Basri), İbn Sirin, ən-Nəxai, əs-Səvri, Malik, Əhməd, İshaq və başqaları vardır.

Buna qiyas olaraq əgər müşriklərin ölkəsində bir yerdə toplaşmış əsirlər olarsa, onlar darul-İslamdakı məhbuslar kimi cümə namazı qılmamalıdırlar və onların halı buna daha uyğundur. Xüsusilə də nəzərə alınsa ki, Əbu Hənifə və onun əshabına görə bir müsəlman öz ixtiyarı ilə darul-hərbdə uzun müddət qalarsa bunun hökmü səfər hökmüdür və həmişə namazını qısaldaraq qılar, o zaman əsir olan və güclə saxlanılan birinin halı necə olmalıdır?![10]

Gördüyümüz kimi onun bu məsələni “İslamın şüarlarının aşkarda göstərilməsi” səbəbi ilə bağlaması bizə bunu deməyə əsas verir ki, o da əs-Subki ilə eyni görüşü bölmüşdür. Lakin İbn Rəcəb bir qədər mübaliğə edərək bu məsələdə hər hansı bir ixtilafın olmadığından xəbər vermişdir. Ola bilsin ki, o, bununla dörd məzhəbin görüşünü qəsd etmişdir. Halbuki biz yuxarıda gətirdiyimiz sitatlardan anladıq ki, dörd imam məhbuslar üçün üzr görmüşdür. Lakin bu söz heç də onlara cümənin caiz olmaması anlamına gəlməz.

Müasir alimlərimizdə əs-Subki ilə eyni görüşdə olanlar arasında iki məşhur mufti, Şeyx Muhamməd bin İbrahim Al əş-Şeyx və onun tələbəsi Şeyx Abdullah bin Abdil-Aziz bin Baz kimi alimlər vardır. Şeyx Muhamməd bin İbrahim bu barədə deyir:

Həbsxanalarda təqva əhlindən çox saylı alimlərin olmasına baxmayaraq sələfdən kiminsə bunu etməsi xəbəri bizə yetişməmişdir, böyük ehtimalla onlarla birlikdə cümənin vacib olması üçün tələb olunan vəsflərə sahib qırx nəfər və daha çox adam mövcud olmuşdur. Əgər caiz olsaydı bunu etmiş olardılar.Həbsxanada cümə namazı qılmanın caiz olmamasının izahı isə budur ki, cümədəki məqsəd İslamın şüarlarını izhar etməkdir. Məscidin dar olması, ədavətin yaranması və buna bənzər səbəblər kimi birdən çox yerdə cümənin keçirilməsini vacib edən şəri səbəblər olmadığı təqdirdə məntəqənin yalnız bir yerində qılınması ilə (cümə namazı) xüsusi seçilən bir ibadətdir.[11]

Diqqət etsək görərik ki, şeyxin sözlərinin böyük hissəsi əs-Subki’nin sözləri ilə eynidir və eynilə əs-Subki’nin əsaslandığı dəlilə əsaslanmışdır. Bu görüş sahiblər qeyd edirlər ki, sələfdən heç kimsə həbsxanada olduğu halda cümə namazı qılmamışdır. Lakin bunun güclü bir dəlil olub olmamasını üçüncü görüşə baxdıqda anlayacağıq.

Üçüncü görüş:

Bu görüşdə olanlardan biri zahiri alimi Alləmə İbn Həzm əl-Əndəlusi olmuşdur və o, kitabında deyir:

Məsələ: Bizim cümənin vacibliyi haqqında dediklərimizdə səfərdə olan müsafir, qul, azad insan və muqim eynidir. Qeyd etdiklərimizin hamısı cümədə imam ola bilər, istər daimi olsun, istərsə də olmasın! Məhbuslar və gizli olanlar da digər insanlar kimi xütbə ilə birlikdə camaat şəklində iki rükət namaz qılmalıdır. Böyük və ya kiçik olmasından asılı olmayaraq, sultanın olub olmamasından asılı olmayaraq hər kənddə cümə qılınmalıdır. Əgər bir kənddə iki və daha çox məsciddə cümə qılınarsa caiz olar.[12]

Digər böyük alim, Şafi məzhəbinin məşhur müctəhidi İbn Hacər əl-Heytəmi əl-Məkki bu barədə ona yönləndirilmiş suala belə cavab verir:

Əgər cümənin vacibliyi üçün və səhihliyi üçün tələb olunan şərtlər mövcuddursa və cümənin qılınması səbəbilə həbsxanada fitnənin yaranmasından qorxulmursa qiyas cümənin onlara da vacib olmasını tələb edir. Lakin birdən çox alim fətva verərək cümənin onlara vacib olmadığını deyiblər, hətta əs-Subki mübaliğə edərək demişdir ki, birdən çox yerdə cümənin qılınması caiz olsa belə onlara həbsxanada cümə qılmaq caiz deyildir. O, bu barədə sözünü uzatsa da onun dedikləri çox uzaq bir ehtimaldır, vacib olmamasına dəlil olaraq göstərdiyi budur ki, həbsxanalar həmişə sələf və xələfdən olan alimlərlə dolu olmuşdur və onlardan heç kəsin həbsxanada cümə qıldığı barədə xəbər gəlmişdir. Lakin bunu onunla qarşılamaq olar ki, həbsxanada qırx şafinin olduğu halda və həbsxanada qeyd etdiyimiz şərtlərin olması və fitnə qorxusunun olmaması ilə birlikdə  onlardan heç kəsin cümə qılmadığı isbat olunmadığı təqdirdə bu cür dəlil gətirməyin tam olmadığını göstərmək mümkündür. Əgər kim bunu isbat edərsə cümənin onlara vacib olmadığı aydın olacaq və kim isbat edə bilməzsə cümənin onlara da vacib olduğunu söyləməlidir. Üstəlik bunun açıq şəkildə ifadəsi bizim öz əshabımızın (yəni şafi alimlərinin) sözlərində öz əksini tapır. əl-Buveyti həbsxanada bağlı halda qüsl alardı, təmiz paltarını geyinərdi, həbsxananın qapısına gəlib cümə namazı qılmaq üçün həbsxana nəzarətçiləri ilə mübahisə edərdi, onlar isə ona bunu qadağan etdikdə geri dönər və deyərdi: “İndi artıq cümə boynumdan düşdü.” əş-Şafinin – radiyallahu anhu - ən böyük tələbələrindən olan bu imamın  davamlı bu cür etməsi barədə düşün, buna görə də əş-Şafi özündən sonra halqasında dərs verməyə onu tərk etmişdi və onun başına gəlmiş bu müsibəti ona bu sözləri ilə xəbər vermişdi: “Qandallı halda cümə namazı üzərində öləcəksən.” Onun bu halda olması ilə birlikdə aşkar şəkildə görürsən ki, əgər o, həbsxanada cümə namazı qıla bilsəydi bunu edərdi. Əgər desən ki, “bölgədə keçirilən cüməni vaxtından əvvəl qılsalar bölgə əhalisinin cüməsini pozmuş olarlar və yaxud da cümələri sonraya qalsa onlar üçün keçərli sayılmaz”, buna cavab olaraq deyərik ki, hər iki halda da ola biləcək bir şey deyildir, əksinə həbsxanada olmaq onlar üçün üzr olduğu üçün birdən çox cümənin qılınmasının onların halında caiz ola biləcəyi uzaq bir görüş deyildir, o zaman diləsələr əvvəl və ya sonra cüməni qıla bilərlər və bu an onların üzərinə heç bir günah düşməz.[13]

İbn Hacər əl-Heytəmi’nin də işarə etdiyi kimi bunu qadağan edən heç bir dəlil yoxdur, sələfdən həbsdə yatmış alimlərin bunu etməməsi isə bunun caiz olmaması anlamına gəlməz. Ən uzağı bu kəslərin üzrlü olmaqları anlamına gələr. əl-Heytəmi’nin də ifadə etdiyi kimi qiyas cümənin onlara da vacib olmasını tələb edir, lakin cüməni qılmaq imkanlarının olmaması onlar üçün üzrdür.

İbn Hacərin adını çəkdiyi alim isə Əbu Yaqub Yusuf bin Yəhya əl-Buveyti’dir. İmam əş-Şafi’nin Misirdəki ən böyük tələbəsidir və özündən sonra dərs halqasında onu tərk etmişdir. Alləmə Tacud-Din əs-Subki şafi alimləri haqqında yazdığı kitabında deyir:

əs-Saci dedi: “əl-Buveyti həbsdə olduğu zaman hər cümə qüsl alardı, ətirlənər və paltarını yuyardı və azanın səsini eşitdikdə həbsxananın qapısına gələr və həbsxana gözətçiləri ona “Qayıt, Allah sənə rəhm etsin!” deyərək onu geri qaytarardılar. Bundan sonra əl-Buveyti deyərdi: “Allahım, mən Sənin çağırışına cavab verdim, lakin mənə mane oldular.[14]

Bu alimin sözlərindən anlaşılır ki, o, həbsdə olsa belə cümə namazını qılmağı öz üzərinə vacib görmüşdür.

Bütün bu təqdim etdiklərimizdən sonra söyləmək olar ki, bu məsələdə hər hansı bir görüşə üstünlük vermək mümkün deyildir. Birinci görüş ümmətin böyük əksəriyyətinin görüşü olduğu üçün səhihliyə daha yaxın görüş odur.

Doğrusunu isə Allah bilir!

 


[1] “əl-Mudəvvanə əl-Kubra”, 1/159; Mətbəatus-Səadə, Misir, birinci nəşr: hicri 1323-cü il.

[2] “Məvahibul-Cəlil li Şərhi Muxtəsar Xalil”, 2/540-541; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1416/1995

[3] əş-Şafi, “əl-Umm”, 2/376; Darul-Vafə, əl-Mənsura, Misir, birinci nəşr: 1422/2001

[4] əl-Haskəfi, “əd-Durrul-Muxtar”, 2/170; Darul-Fikr, Beyrut, birinci nəşr: 1415/1995

[5] əl-Buhuti, “Kəşşəful-Qina an Mətnil-İqna”, 3/241; Səudiyyə Ərəbistan Ədalət Nazirliyi, birinci nəşr: 1423/2002

[6] Qırx sayının qeyd olunmasının səbəbi budur ki, şafi və hənbəli məzhəblərində cümənin qılınması üçün qoyulmuş ədəd şərti qırxdır.

[7] Yəni cümənin vacib olması üçün insanda axtarılan şərtlərin həmin insanda olması qəsd olunur, bu isə onun qadın deyil kişi olması, qul deyil azad insan olması, uşaq deyil həddi büluğa çatmış olması, müsafir deyil muqim olması deməkdir.

[8] Yəni caiz deyildir.

[9] “Fətava əs-Subki”, 1/170

[10] İbn Rəcəb, ”Fəthul-Bari Şərhu Sahih əl-Buxari”, 8/66-67; Məktəbətul-Ğuraba əl-Əsəriyyə, Mədinə, birinci nəşr: 1417/1996

[11] ”Fətava va Rasail əş-Şeyx Muhamməd bin İbrahim bin Abdil-Latif Aliş-Şeyx”, 3/13; Mətbəətul-Hukumə, Məkkə, birinci nəşr: hicri 1399

[12] İbn Həzm, “əl-Muhəllə bil-Əsər”, 5/49; İdəratut-Tibəatil-Muniriyyə, Misir, birinci nəşr: hicri 1349; Şeyx Əhməd Şakirin təhqiqi ilə

[13] ”əl-Fətava əl-Kubra əl-Fiqhiyyə”, 1/259; Darul-Fikr

[14] əs-Subki, “Tabəqat əş-Şafiiyyə əl-Kubra”, 2/165; Feysal İsa əl-Babi əl-Hələbi, Dar İhyə əl-Kutub əl-Arabiyyə, Qahirə, birinci nəşr: 1383/1964

 

Aktual Mövzular