Azan verildikdən sonra səhura davam etmək

Bu mübarək ramazan ayında müsəlmanlar öz nəfslərini imtahana çəkirlər. Allahın – Subhənəhu va Təalə - hikməti sonsuzdur və bu gözəl ay boyunca müsəlmanlar Rəblərinin onlara bəxş etdiyi nemətlərin dəyərini daha da dərindən anlamağa başlayırlar. İnsanın yemək, su içmək və cinsi əlaqə kimi dünya həzlərindən uzaq durması ona insanın bu nemətlərə olan ehtiyacını xatırladır.

Unutmayaq ki, orucluq bir ibadətdir və bu ibadətin qaydaları şəriət tərəfindən müəyyən edilmişdir. Bu orucluq ayında hər kəsə məlum olan işlərdən biri də budur ki, sübn namazının vaxtı girməklə imsak vaxtı daxil olur, daha dəqiq desək artıq məğrib namazının vaxtına qədər yemək, içmək və cinsi əlaqə ilə məşğul olmaq qadağan edilmişdir. Allahu Təalə buyurur:

Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın.[1]

Ayənin mənası aydındır və hər kəs anlayır ki, sübhün vaxtı girənə qədər yeyib içmək olar, lakin əgər sübhün vaxtı girərsə yeyib içmək haram olmalıdır. Eləcədə Abdullah bin Məsud’un – radiyallahu anhu – rəvayət etdiyi səhih hədisdə peyğəmbərin – salləllahu aleyhi va səlləm – belə dediyini nəql etmişdir:

Bilalın azanı sizdən birinizin səhur etməsinə mane olmasın, çünki o, gecə vaxtı azan oxuyur ki, sizdən (gecə) ayaqda olanlar səhuru xatırlasınlar, yatanlar isə ayılsınlar.[2]

Aişə anamız – radiyallahu anhə - deyir ki, Bilal gecə vaxtı azan verərdi və Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi:

İbn Ummi Məktum azan verənə qədər yeyib için, çünki o, sübhün vaxtı girməmiş azan vermir.[3]

 

 

 

Yenə bu hədislərin mənası aydın olaraq göstərir ki, İbn Ummi Məktum azan verərsə yeyib içməyi durdurmaq lazımdır. Ona görə də alimlər bu və digər hədislərə dayanaraq sübhün vaxtının girməsi ilə yeyib içməyin haram olduğunu deyiblər.

Son zamanlar isə elm əhlindən bəziləri bir qədər fərqli bir yol tutublar. Onlar azan verilsə belə əldə yemək olduğu halda onu tamamlamağı caiz görürlər, hətta yemək əlində deyil süfrədə olsa belə ordan götürməyin haram olmadığına dair hökm veriblər. Misirli alim Şeyx əs-Seyyid Sabiq məşhur “Fiqhus-Sunnə” kitabında deyir: “Oruc tutmaq istəyən kəsə sübh girənə qədər yemək, içmək və cinsi əlaqədə olmaq mübahdır. Əgər sübh daxil olarsa və ağzında yemək varsa onu tüpürmək vacibdir və ya cinsi əlaqə ilə məşğuldursa durması vacibdir.[4]

əs-Seyyid Sabiqin bu sözlərinə qeyd yazmış Şeyx Nasirud-Din əl-Albani – rahiməhullah – deyir:

Bu, bəzi fiqh kitablarına təqlid etməkdir və bu, peyğəmbər sünnətindən heç bir dəlilə əsaslanmayan bir görüşdür, əksinə peyğəmbərin – salləllahu aleyhi va səlləm – bu sözlərinə müxalifdir: “Sizdən biriniz əlində yemək qabı olduğu halda azanı eşidərsə onda olan ehtiyacını tamamlamadan (qabı) yerə qoymasın!”...Bunda dəlil var ki, əlində yemək və ya su qabı olduğu halda kimsə sübh vaxtına daxil olarsa, oradakı ehtiyacını tamamladıqdan sonra qabı yerə qoymaq ona caizdir. Səhurun bu surəti “sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için” ayəsindən istisnadır. Bu ayə, bu ayənin mənasında olan hədislər ilə bu hədis arasında heç bir ziddiyət yoxdur, nə də ki, icma buna qarşı deyildir. Əksinə səhabələrdən və digərlərindən ibarət bir camaat bu hədisin ifadə etdiyi mənadan da artığına əməl ediblər, onlar sübh çağı aydınlaşana qədər, sübhün işığı yollara yayılana qədər səhur etməyi caiz görüblər...[5]

Şeyx əl-Albani – rahiməhullah – hədisin zahirinə əməl edərək sübh namazının daxil olduğu yəqinliklə bilinsə belə əlindəki qabdan yemək yeməyi və içməyi caiz görmüşdür.

Lakin fəqihlər və digər hədis imamları qətiyyətlə bildirirlər ki, fəcrin vaxtının girdiyi yəqinliklə bilinirsə ağızdakı yeməyi tüpürmək vacibdir. Şeyx əl-Albani’nin bunu “bəzi fiqh kitablarına” aid etməsi doğru deyildir. Məzhəb alimləri açıq olaraq bildirirlər ki, fəcrin girdiyini bilən kimsəyə ağzındakı yeməyi tüpürməsi vacibdir.

İmam Əbu Zəkəriyya ən-Nəvəvi – rahiməhullah – deyir:

Qeyd etdik ki, sübh girərkən kimin ağzında yemək olarsa onu tüpürməli və orucunu tamamlamalıdır. Sübhün girdiyini bildikdən sonra yeməyi udarsa orucu pozular və bunda heç bir ixtilaf yoxdur. Bunun dəlili İbn Ömər və Aişənin – radiyallahu anhum – hədisidir ki, Allahın Elçisi – salləllahu aleyhi va səlləm – orada deyir: “Bilal gecə vaxtı azan verir, İbn Ummi Məktum azan verənə qədər yeyin və için!” Bunu əl-Buxari və Muslim rəvayət edib və “əs-Sahih”də bu mənada çox hədis var.[6]

İmam ən-Nəvəvi – rahiməhullah – bu məsələdə ixtilaf olmadığını demişdir. Lakin İmam İbnul-Qayyim – rahiməhullah – icma olduğunu söyləmədən bu görüşü cumhura nisbət etmişdir. O, deyir:

Alimlərin cumhuru fəcrin girməsinin yeməyə mane olması görüşünü qəbul ediblər və bu, dörd imamın, bütün müsəlman ölkələrindəki fəqihlərin böyük əksəriyyətinin görüşüdür. Bunun mənası İbn Ömər və İbn Abbas’dan rəvayət olunmuşdur.[7]

Eləcədə İbn Hacər – rahiməhullah – sələfdən bəzi imamlardan gələn nadir və şaz görüşləri gətirdikdən sonra qeyd edir ki, “bütün bunlar əl-Muvaffəq və digərlərinin icma iddiasını inkar edir.”

“əl-Məvsua əl-Fiqhiyyə” kitabında isə ən-Nəvəvi’in ittifaq olması görüşünə üstünlük verilərək deyilir:

Fəqihlər ittifaq ediblər ki, sübhün vaxtı girərsə və ağzında yemək və ya içki olarsa onu tüpürməlidir və orucu səhih sayılır. Əgər onu udarsa orucu pozulmuşdur. Unudaraq yeyib və ya içib sonra oruclu olduğunu xatırladan biri dərhal onu tüpürərsə hənəfilər, şafilər və hənbəlilərə görə hökm eynidir. Əgər özü istəmədən mədəsinə bir şey gedərsə hənbəlilərə görə orucu pozulmamışdır və şafi məzhəbindəki səhih görüş də budur.[8]

İbnul-Qayyim’in bu məsələ barədə ittifaq nəql etməməsinin səbəbi budur ki, sələfdən bəzi imamlardan bu görüşün əksinə şaz və nadir görüşlər nəql olunub. Lakin alimlər bu görüşləri inkar ediblər ki, bu barədə Allahın izni ilə qarşıda alimlərin sözlərini təqdim edəcəyik.

Bu görüş həm də zahirilərin imamı Əbu Muhamməd Əli bin Əhməd bin Said bin Həzm əl-Əndəlusi’yə də aiddir. İbn Həzm – rahiməhullah – deyir:

Ramazan ayında və ya digər vaxtlarda oruc yalnız ikinci fəcrin girməsinin dəqiqləşməsi ilə vacib olur. Lakin dəqiqləşməyibsə, fəcrin girməsində şəkk edərsə və ya girmədiyindən əmindirsə yemək, icmək, cima kimi əməllərin hamısı ona mübahdır. Lakin kim yeyərkən fəcrin girdiyini görürsə ağzındakı yeməyi və içkini tüpürməli və oruc tutmalıdır. Üzərinə heç bir qəza düşmür. Kim cima edərkən fəcrin girdiyini görərsə dərhal tərk etməli və oruc tutmalıdır, üzərinə heç bir qəza düşmür.[9]

Şeyx əl-Albani və onun görüşünü bölüşənlərin gətirdiyi dəlillər isə Əbu Davud və İmam Əhmədin rəvayət etdikləri hədisdir. İmam Əhməd deyir:

Bizə Rauh rəvayət etdi; Həmməd (İbn Sələmə) bizə Muhamməd bin Amr’dan, o da Əbu Sələmə’dən, o isə Əbu Hureyra’dan, o isə öz növbəsində peyğəmbərdən – salləllahu aleyhi va səlləm – belə dediyini rəvayət etdi: “Sizdən biriniz qabı əlində tutduğu halda azanı eşidərsə ondan ehtiyacını tamamlamamış qabı yerinə qoymasın.[10]

Rauh bizə rəvayət etdi: Həmməd bizə Ammar bin Əbi Ammar’dan, o isə Əbu Hureyra’dan, o da peyğəmbərdən – salləllahu aleyhi va səlləm – bunun eynisini rəvayət etdi və əlavə etdi: “Müəzzin sübh aydınlaşdıqda azan verərdi.[11]

“əl-Müsnəd” əsərini təhqiq etmiş Şeyx Sueyb əl-Arnavut birinci hədisi həsən, ikinci hədisi isə səhih sayıb, hədisdə gəlmiş əlavə sözlər haqqında isə deyir: “Hədisdəki “müəzzin sübh aydınlaşdıqda azan verərdi” sözləri İbn Həzm’in rəvayətində gəldiyi kimi Ammar bin Əbi Ammar’ın sözlərindəndir.[12]

Bu eləcədə Şeyx əl-Albani’nin hədis haqqında verdiyi hökmdür, birinci sənədi həsən, ikinci sənədi isə səhih saymışdır.

Dəlil gətirilən digər hədisi də İmam Əhməd və ən-Nəsai rəvayət edir. İmam Əhməd deyir:

Vaki bizə Sufyan’dan, o da Asim’dən, o isə Zir’dən rəvayət edir: Dedi: “Huzeyfədən soruşdum: “Allahın Elçisi ilə - salləllahu aleyhi va səlləm – hansı saatda səhur edirdiniz?” Dedi: “Nahar idi, lakin günəş hələ çıxmamışdı.[13]

Hədisi Şeyx ən-Nasir əl-Albani – rahiməhullah – həsən saymışdır.[14]

Bu hədislər haqqında alimlərin görüşləri fərqlənir. Bu görüşləri sıra ilə təqdim edirik. İlk olaraq birinci hədisə necə yanaşdıqlarını sərgiləmək istəyirik.

Alimlərdən bəzilərinə görə bu hədis zəifdir, bəzi alimlər isə hədisin zəif olduğunu söyləməsələr də onun səhihliyində şübhə ediblər.

Hədisi zəif sayanlardan biri də məşhur hədis alimi İmam Əbu Hatim ər-Razi olmuşdur. Onun oğlu İbn Əbi Hatim ər-Razi deyir:

Atamdan Rauh bin Ubadə’nin, Həmmad’dan, onun Muhamməd bin Amr’dan, onun da İbn Sələmə’dən, onun Əbu Hureyra’dan, onun isə peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət etdiyi hədis barədə soruşdum; dedi: “Sizdən biriniz əlində qab olduğu halda azanı eşidərsə ondakı ehtiyacını tamamlamamış qabı əlindən qoymasın!” Atama dedim: “Rauh həmçinin Həmmad’dan, o da Ammar bin Əbi Ammar’dan, o da Əbu Hureyra’dan, o isə peyğəmbərdən – salləllahu aleyhi va səlləm – bunun eynisini rəvayət etmişdir. Lakin əlavə edir ki, “Müəzzin fəcr aydınlaşanda azan verərdi.”

Atam dedi: “Bu iki hədis səhih deyildir;” Ammarın hədisinə gəldikdə Əbu Hureyra’dan məvqufdur, Ammar isə siqadır. Digər hədis də səhih deyildir.[15]

Hədisin səhihliyində şəkk edənlərin arasında Alləmə İbn Qattan əl-Fasi kimi böyük mühəddis alim vardır. Əbu Muhamməd Abdul-Haqq əl-İşbili’nin “əl-Əhkam əl-Vusta” kitabına yazdığı təliqatlarında deyir:

Həmçinin Əbu Davud yolu ilə Əbu Hureyra’dan peyğəmbərin – salləllahu aleyhi va səlləm – bu sözlərini rəvayət etmişdir: “Sizdən biriniz qab əlində olduğu halda azanı eşidərsə ondakı ehtiyacını tamamlamadan qabı tərk etməsin.” Hədis barəsində susmuşdur. Bu hədis nəql olunan mənbədə mərfu olub olmamasında şəkk edilmiş bir hədisdir. Əbu Davud deyir: Abdul-Ali bin Həmməd bizə, güman edirəm ki, Həmmad’dan, o da Muhamməd bin Amr’dan, o da Əbu Sələmə’dən, o isə Əbu Hureyra’dan, o da peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət etdi” və daha sonra hədisi zikr etmişdir. İbnul-Arabi’nin Əbu Davud’dan rəvayətində bu şəkildə (hədisin ravisi) Həmmad’dan “güman edirəm” sözləri yer almışdır və bu, sənədin mərfu və muttəsil olmasında şəkk üçün açıqdır. Başqaları Əbu Davud’dan bunu zikr etməsələr belə, onun bunu zikr etməsilə bu rəvayətdə şəkk bir problem yaradır. Bu sözü qeyd etməyənlərin bu sözü qeyd etməməsi bu problemi aradan qaldırmır. Ya bu şəkk yəqinlikdən sonra yaranmışdır, o zaman bu problemlidir, ya da şəkk etdikdən sonra yəqin olmuşdur ki, bunda heç bir problem yoxdur, lakin bu axırıncı ehtimal təyin edilməmişdir, ona görə də rəvayətin üzərində şəkk hələ də qalır.[16]

İmam İbnul-Qayyim – rahiməhullah – “əs-Sünən” əsərinin müxtəsərinə yazdığı şərhində buna işarə edərək deyir:

Bu hədisi İbnul-Qattan sənədinin tam olmasında şübhə olması ilə illətli saymışdır.[17]

Həmçinin digər böyük hədis alimi əl-Beyhaqi hədisin səhihliyində tərəddüd edib. Qarşıda onun sözü qeyd olunacaq.

Digər alimlər isə hədisin səhihliyini qəbul edirlər, lakin hədisi təvil etməyə üstünlük verirlər. Onlar hədisi təvil edərkən təvillərində fərqləniblər.

Bir qrup alim bu hədisin Bilalın birinci azanına aid olduğunu deyiblər. Bu təvili qeyd edənlər arasında ilk dövr alimlərdən əl-Beyhaqi və əl-Xattabi kimi böyük şafi alimləri var. İmam Əhməd bin əl-Hüseyn bin Əli əl-Beyhaqi deyir:

Ya da bunun ikinci azan haqqında olması mümkündür ki, bu zaman peyğəmbərin – salləllahu aleyhi va səlləm – “sizdən biriniz əlində qab olduğu halda azanı eşidərsə” sözləri isə birinci azana aiddir.[18]

İmam Həmd bin Muhamməd əl-Xattabi deyir:

Bu hədis onun “Bilal gecə vaxtı azan verir, İbn Ummi Məktum azan verənə qədər yeyin və için” sözlərinə aiddir.[19]

Alləmə Əli bin Əhməd ibn Nurid-Din əl-Azizi deyir:

əl-Alqami dedi: “Hədisdəki azan ilə Bilalın birinci azanının qəsd olunduğu deyilmişdir, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Bilal gecə azan verir, İbn Ummi Məktum azan verənə qədər yeyin və için![20]

Alləmə Muhamməd Abdur-Rauf əl-Munəvi deyir:

Hədisdəki azan ilə sübh azanının qəsd olunması barədə zikr etdiyimiz ər-Rafi’inin üstündə qərar tutduğu görüşdür. O, deyir: “Bununla Bilalın azanını qəsd etmişdir və bunun dəlili bu hədisdir ki, “Bilal gecə vaxtı azan verir və İbn Ummi Məktum azan verənə qədər yeyin və için![21]

Alimlərdən bəzisi bu hədisin təvilində qeyd edirlər ki, bu sözlər fəcr vaxtının həqiqətən girməsindən əmin olmayan birinə aiddir, əgər fəcrin girməsində şəkk edirsə yeməyinə davam edə bilər, çünki fəcrin dəqiq təyini mümkün deyildir.

Bu cür təvil edən alimlər arasından İmam Əbu Bəkr əl-Beyhaqi deyir:

Əgər bu, səhihdirsə, bunun yozumu alimlərin çoxuna görə belədir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm - müəzzinin fəcr girmədən əvvəl azan verdiyini bilirdi, elə ki, su içməsi fəcrdən bir az əvvəlki vaxta təsadüf edirdi. Ravinin “müəzzinlər fəcr açıldıqda azan verərdilər” sözünün isə Əbu Hureyra’dan sonrakı ravilərdən birinin sənədi qopuq rəvayəti olması muhtəməldir.[22]

İmam ən-Nəvəvi – rahiməhullah – “əl-Məcmu” kitabında hədisin izahına dair məhz əl-Beyhaqinin bu sözlərinə yer vermişdir, görünür ki, əl-Beyhaqinin bu izahını kifayət qədər əsaslı görmüşdür. əl-Beyhaqi’nin bu sözlərindən həm də onun hədisin səhihliyində tərəddüd etməsini anlayırıq.

Yenə İmam Əbu Suleyman əl-Xattabi deyir:

Yaxud da bunun mənası belə ola bilər ki, həmin insan azanı eşidir, lakin sübhün girməsində şəkk edir. Məsələn, səma tutqun olduğu üçün müəzzinin azan verməsilə fəcrin girməsini bilmir, çünki fəcrin əlamətlərinin ona görə mövcud olmadığını bilir. Əgər müəzzinə əlamətlər görünsəydi ona da görünərdi. Lakin əgər sübhün girdiyini bilərsə müəzzinin azanına ehtiyac yoxdur, çünki “sübh açılınca, ağ sap qara sapdan fərqlənincə” yeməkdən və içməkdən imsak etməsi əmr olunmuşdur.[23]

Alləmə Əli bin Əhməd əl-Azizi deyir:

Mənası budur ki, həqiqi fəcrin girməsi yəqinliklə ona məlum olana qədər yemək və içmək mübahdır. Zahir olan budur ki, (fəcrin girməsinə dair) güclü bir zənn etmək də burada yəqinliyə aiddir. Lakin fəcrin girməsində və gecənin qalmasında şəkk etməyə gəldikdə isə, bu ikisində tərəddüd edərsə əshabımız (şafi alimləri) belə biri haqqında deyir: “Yemək onun üçün caizdir, çünki əsl olan gecənin qalmasıdır. ən-Nəvəvi və digərləri dedilər: “Şafi alimləri bu barədə ittifaq ediblər, bunu açıq şəkildə ifadə edənlər arasında əd-Darimi, əl-Bəndənici və sayıla bilməyəcək qədər çox alim vardır.[24]

İmam Şəmsud-Din Əbu Abdilləh Muhamməd İbn Muflih bu barədə mübarək kitabı “əl-Furur”da geniş söhbət açmışdır. Onun sözlərini burada təqdim edirik:

Həqiqi fəcr ilə qəsd olunan üfüqi ağ xətdir, bunun çıxması ilə yemək, içmək [digər üç imamın görüşünə müvafiq olaraq] alimlərin böyük əksəriyyətinə görə haram olur; çünki Adiy bin Hatim’in hədisində Allahu Təalənin “ağ sap qara sapdan fərqlənincəyə qədər...” sözləri haqqında deyilir: “Bu, gecənin qaranlığı ilə gündüzün aydınlığıdır.” Həm də İbn Ömər və Aişə’nin hədisində deyir: “Bilal gecə vaxtı azan verir, ona görə də İbn Ummi Məktum azan verənə qədər yeyin və için, çünki o, sübh girməmiş azan vermir.” Muttəfəqun aleyhimə. Əhməd, Muslim və Əbu Davud Aişədən rəvayət edir ki, bir nəfər dedi: “Ey Allahın Elçisi, mən cunub olduğum halda namazın vaxtı girir, oruc tutmalıyam?” Dedi: “Məndə də cunub olduğum halda namazın vaxtı girir və mən oruc tuturam.” Dedi: “Sən bizim kimi deyilsən, ey Allahın Elçisi, Allah sənin keçmiş və gələcək günahlarını bağışlayıb!” Dedi: “Allaha and olsun ki, mən sizin içinizdə Allahdan ən çox qorxan biri və nədən çəkinəcəyimi ən çox bilən biri olmağı arzu edirəm.” Bu, onu göstərir ki, sübh namazının vaxtı oruc vaxtından başlayır. Əhməd isə Abdullah’ın rəvayətində peyğəmbərin – salləllahu aleyhi va səlləm – bu sözlərini zikr edir: “Bilalın azanı və (gecə vaxtı sübh girmədən əvvəl göydə yaranan) şaquli işıqlıq sizin səhurunuza mane olmamalıdır.” (İmam Əhməd) Qeys bin Talq’dan, o da öz atasından, o isə peyğəmbərdən – salləllahu aleyhi va səlləm -  rəvayət edir: “Fəcr, üfüqi (horizontal) ağ işıqlıq deyildir, lakin qırmızıdır.” Rəvayəti bu şəkildə gördüm. Onun (yəni İmam Əhmədin) “əl-Müsnəd” kitabında isə rəvayətin sözləri belədir: “Fəcr üfüqdə şaquli (işıqlıq) deyildir, lakin üfüqi (horizontal) uzanan qırmızı işıqlıqdır.” Əbu Davud və ət-Tirmizi’nin - ət-Tirmizi hədisin “həsən, ğarib” olduğunu deyir -  rəvayətində isə deyir: “Qırmızı işıqlıq çıxana qədər yeyib için!” Əhmədin bu görüşdə olması və bunun ondan bir rəvayət olması muhtəməldir, lakin Qeys ona görə zəifdir.

Asim’dən, o isə Zər’dən rəvayət edir: Huzeyfə’yə dedim: “Peyğəmbərlə - salləllahu aleyhi va səlləm – hansı saatda səhur etdin?” Dedi: “Nahar idi, lakin günəş çıxmamışdı.” Bunu İbn Macə rəvayət edir. Bunu ən-Nəsai həm də Şubə’nin Adiy bin Sabit’dən, onun da Zər’dən rəvayət etdiyi və Əbu Yafur’un, İbrahimdən, onun isə Sila’dan rəvayət etdiyi hədisindən rəvayət etmişdir, lakin bunların hər ikisi də hədisi mərfu rəvayət etmirlər. (ən-Nəsai) dedi: “Asim’dən başqa kiminsə bu hədisi mərfu rəvayət etdiyini bilmirik.” Əgər onun bu mərfu rəvayəti səhihdirsə mənası bu olacaq ki, nahara yaxın idi. Əhmədin rəvayətindəki sözlər isə belədir: “Sübhdən sonra idi?” Dedi: “Bəli, sübh idi, lakin günəş çıxmamışdı.”  Asim’in hədisində iztirab və münkərlik var. Sabit ravilərin rəvayətləri daha üstündür. İbn Ömər dedi: “İbn Ummi Məktum’a “sübh oldu, sübh oldu!” deyilməyənə qədər azan verməzdi.” Muttəfəqun aleyh. Mənası budur ki, “sübh yaxınlaşdı.” Əbu Hureyra’dan isə mərfu olaraq rəvayət gəlir: “Sizdən biriniz əlində qab olduğu halda azan eşidərsə ondakı ehtiyacını tamamlamamış onu yerə qoymasın!” Əbu Davud rəvayət etmişdir. Mənası budur ki, bu zaman fəcr vaxtının girməsi dəqiq deyildir. Məsruq dedi: “Onlar sübhü sizin sübh saymazdılar, onlar evləri və yolları işıqladan vaxtı sübh sayardılar.” Bunu İbnul-Munzir və başqaları qeyd ediblər. Əgər bu nəql səhihdirsə, o zaman bu bir qrupun görüşüdür, bununla belə sübhün girməsinin dəqiqləşməsi mənası da ola bilər.[25]

Mulla Əli əl-Qari əl-Hənəfi deyir:

Bu, sübhün girmədiyinin bilindiyi və ya zənn edildiyi hala aiddir. İbnul-Mulk dedi: “Bu, sübhün girmədiyini bildiyi hala aiddir, lakin əgər sübhün girdiyini bilərsə və ya şəkk edərsə olmaz...[26]

Daha sonra əl-Xattabinin yuxarıda gətirdiyimiz sözlərini nəql etmiş, ondan sonra isə ət-Tibi’nin sözlərini gətirmişdir. ət-Tibi bu hədisdəki azanın məğribin azanı olduğunu deyir. Mulla Əli əl-Qari daha sonra İbn Hacər’in ət-Tibbi’yə etdiyi etirazları qeyd etdikdən sonra onların hər ikisinin görüşünü rədd etmiş və hədisdəki azanın sübhün azanı olduğunu söyləmişdir.

Alləmə əl-Munəvi deyir:

[Sizdən biriniz azanı eşidərsə] yəni sübh azanını eşidərsə və oruc tutmaq istəyirsə, [və qab əlindədirsə], mübtəda və xəbərdir, [ehtiyacını ödəmədən], yəni fəcrin girdiyini dəqiq bilmədiyi müddətdə və ya buna yaxın olması gümanında olarsa ehtiyacı olan qədər həmin qabdan içə bilər, [əlindən yerə qoymasın] qadağadır və yaxud da qadağa mənasında olan inkardır.[27]

Alimlərdən bəziləri isə hədisdəki azan ilə məğrib namazının qəsd olunduğunu deyiblər. Onlara görə hədis iftarı tezləşdirmək haqqında gəlmişdir.

Şeyx Muhamməd əl-Munəvi deyir:

Buradakı azan ilə məğrib azanının qəsd olunduğu da deyilmişdir, əgər oruclu biri bu azanı eşidərsə və qab əlindədirsə, qabı yerə qoymamalıdır, əksinə iftarı tezləşdirmək sünnətini qoruyaraq dərhal orucunu açmalıdır. Bunun üzərinə ət-Tibi dedi: “Hədisdə “sizdən biriniz” xitabındakı dəlil o mənanı ifadə edir ki, əgər qab əldə olmazsa orucu açmamalıdır. Qarşıda gələcək ki, iftarı tezləşdirmək qeydsiz-şərtsiz bir sünnətdir, lakin bu qeyd “məfhumu ləqəb”dir və onunla əməl olunmur.” [Əbu Hureyradan rəvayət olunur] əl-Hakim dedi: “Muslimin şərtinə uyğundur” və əz-Zəhəbi onun bu sözünü təsdiqlədi. Lakin “əl-Mənar”da deyilir ki, hədisin mərfu olmasında şübhə vardır.[28]

Bəzi alimlər isə bu hədisi şərh edərkən qeyd edirlər ki, yeməyin qadağan olunması azanın verilməsi ilə deyil, sübhün girməsi ilə əlaqədardır. Yəni, əgər azan verilsə, lakin sübh hələ girməyibsə o zaman yemək içməyə davam etmək olar.

Bunu Alləmə Xalil Əhməd əs-Səhəranfuri əl-Hənəfi demişdir. O, bu hədisin şərhində əl-Xattabi, əl-Beyhaqi və Mulla Əli əl-Qari’nin sözlərini nəql etdikdən sonra deyir:

Bu hədisin izahına mənə görə ən münasib olan belə deməkdir ki, Allahın Elçisi – salləllahu aleyhi va səlləm – bu söz ilə yeməyin haram olmasının azan ilə deyil fəcrin özü ilə bağlı olduğuna işarə etmişdir çünki, bəzən müəzzin tələsərək fəcrdən əvvəl azan verir, əgər fəcrin girməsi bilinmirsə o zaman azandan bir ibrət alınmaz. Bu hökm azandan xəbərdar olanlara aiddir, lakin azandan xəbəri olmayan adi insanlara isə ehtiyat etməkləri vacibdir. Allahu Təalə daha yaxşı bilir.[29]

Hədisin şərhində daha bir təvilə də yer veriblər. Bir qrup alim bu təvilə üstünlük verərək deyiblər ki, hədisin dəlalət etdiyi məna budur ki, yeməyin haram olması fəcrin girməsi ilə deyil, fəcrin aydınlaşması ilə bağlıdır. Yəni, kimə fəcrin girməyi dəqiqləşərsə yemək ona haram olur. Lakin azan verilsə, lakin fəcrin girməsi dəqiqləşməsə, zahiri əlamətləri görünməsə yemək içməyə davam etmək olar.

Şeyx Alləmə Muhəmməd Əşraf Azimabadi bu hədisin şərhində Alləmə İbn Abdil-Hadi əs-Sindi’nin sözlərini nəql edir:

Kim bu hədis və həmçinin “İbn Ummi Məktum azan verənə qədər yeyin, için”, çünki o, sübh girməmiş azan vermir” hədisi və həmçinin Allahu Təalənin “sübh açılıb ağ sap qara sapdan seçilənə qədər...” sözləri üzərində düşünərsə görəcək ki, hökmün əsası fəcrin aydınlaşmasıdır və bu, fəcrin əvvəllərindən bir az gec gəlir, müəzzin isə fəcri gözlədiyi üçün tam fəcrin əvvəlinə təsadüf edir, o zaman fəcr aydınlaşana qədər yeyib içmək olar. Lakin bu, alimlər arasındakı məşhur görüşdən fərqlidir, onlara görə buna etimad etmək olmaz. Doğrusunu Allah bilir![30]

Yenə Alləmə əs-Səhəranfuri əvvəlki təvildən sonra bu təvilə yol verərək deyir:

Üstəlik demək olar ki, bu hədis yemək içməyin qadağan olmasında fəcrin girməsinə deyil, fəcrin aydınlaşmasını hesaba alanlara aiddir, çünki bu hədis bu görüşə uyğun şəkildə yozula bilər, çünki azan sübhün əvvəli üçün məşru edilib və bu, (yəni sübhün ilk girən vaxtı) yemək və içməyə mane olmaz, mane olan fəcrin aydınlaşmasıdır.

Mövlamız mərhum Muhamməd Yəhya öz şeyxinin – Allahu Təalə ondan razı olsun! – “sizdən biriniz əlində qab olduğu halda azanı eşidərsə...” sözlərinin təqriri barədə yazmışdır: “Əgər hədisdəki azan ilə məğribin azanı qəsd olunursa, o zaman mənası aşkardır; yəni günəş batandan sonra azanın bitməsi və ya buna bənzər nəyisə gözləmək lazım deyildir, əksinə iftarı etməkdə cəld olmaz lazımdır. Lakin əgər bununla sübh namazının azanı qəsd olunursa, o zaman hədisin mənası budur ki, (belə şeydə) azan hesaba alınmaz, hökmdə etibara alınan fəcrin özüdür. Əgər müəzzin azan verərsə, lakin oruc tutmaq istəyən fəcrin hələ açılmadığını bilərsə, ehtiyacını tamamlamadan əlindəki qabı yerə qoyması lazım deyildir. Bu görüş və bu görüşə işarə edən Allahu Təalənin “ağ sap qara sapdan seçilənə qədər” sözləridir ki, burada qəsd olunanın fəcrin özünün girməsi deyil, fəcrin girməsinin aydınlaşması olduğuna işarə olunmuşdur. Şəriətin asanlıq gətirmək prinsipinə nəzərən adi insanların halı üçün ən münasib olan da budur, xüsusi təbəqə insanlar (alimlər, savadlılar) belə fəcrin həqiqətini bilməkdən acizdirlər, o zaman onlardan başqalarının halı necədir?! İşin əsasını fəcrin öz vaxtının girməsinə bağlamaq çətinlik və ağırlığa səbəb olmadan alınmır.[31]

Hədisin şərhində bir başqa təvil də söylənmişdir və bu təvili Alləmə əs-Səhəranfuri Muhamməd Yəhyadan nəql etmişdir. Muhamməd Yəhya burada daha bir ehtimala işarə edərək deyir:

Bu rəvayəti orucdan başqa hal üçün də aid etmək olar, bu nə fəcr vaxtı, nə də məğrib vaxtına aid deyildir. Əksinə bu, namaza aid olaraq gəlmişdir, məsələn peyğəmbər – aleyhissalətu vas-sələm – deyir: “Əgər yemək gətirilsə və işə namazına iqamə verilsə, birinci yeməkdən başla!” Bunların hər ikisi də eyni ölçü üzərində gəlmişdir, hər ikisində də istənilən məqsəd namaz qılanın beynini namazdan başqa işlərlə məşğul olmaqdan qorumaqdır.[32]

Yəni, peyğəmbərin – salləllahu aleyhi va səlləm – “sizdən biriniz əlində qab olduğu halda azanı eşidərsə ondakı ehtiyacını tamamlamadan qabı yerinə qoymasın” sözləri əslən orucla əlaqədar deyildir, lakin sadəcə olaraq namazda fikrin yeməkdə qalmaması üçün ehtiyacı tamamlamaq əmr olunmuşdur. Bu, Muhamməd Yəhya’nın işarə etdiyi mənadır.

İkinci hədisə gəldikdə isə buna münasibət də alimlər arasında fərqlənir. Bu hədisə nisbətdə sözü qısa edəcəyik.

Birinci olaraq qeyd edək ki, hədisin isnadının zahiri həsən olsa da, hədis məvqufdur. Bu hədisin münkər olduğu söylənmişdir.

Alləmə əl-Curqani deyir:

Bu hədis münkərdir. Asimin “nahar idi, lakin günəş çıxmamışdı” sözləri isə onun xətasıdır və bu, çox iyrənc bir vəhmdir, çünki Adiy bunu Zirr bin Hubeyş’dən bundan fərqli şəkildə rəvayət etmişdir, Adiy isə Asimdən daha hafiz və aha siqadır.[33]

Bu barədə mühəddis alim Şeyx Əbu Abdir-Rahmən Muqbil bin Hadi əl-Vadi deyir:

Bu hədisin sənədinə nəzər salsan həsən olduğuna hökm verərsən, lakin ən-Nəsai – rahiməhullah – bundan sonra hədisin daha iki rəvayət yolunu gətirmişdir ki, bu iki rəvayət yolu Huzeyfəyə qədər məvquf olduğunun doğruluğunu göstərir. Hədisin mətni də fərqlidir. Deyir: “Bizə Muhamməd bin Bəşşar rəvayət etdi: Dedi: Bizə Muhamməd rəvayət etdi: Dedi: Şubə bizə Adiy’dən rəvayət etdi, dedi: “Zirr bin Hubeyş’i belə deyərkən eşitdim: “Huzeyfə ilə səhur etdim, sonra məscidə çıxdıq, məscidə gəldikdə iki rükət namaz qıldıq və iqamə verildi. Bu ikisi arasında az bir müddət var idi.”

Amr bin bizə xəbər verdi: Dedi: Muhamməd bin Fudeyl bizə rəvayət etdi: Dedi: Əbu Yafur bizə rəvayət etdi: Dedi: İbrahim bizə Silə bin Zufər’dən belə dediyini rəvayət etdi: “Huzeyfə ilə səhur etdim, sonra məscidə getdik və sübhün iki rükətini qıldıq, sonra sübhün iqaməsi verildi, biz də qıldıq.”

əl-Hafiz əl-Mizzi “Tuhfətul-Əşraf” kitabında deyir: “ən-Nəsai dedi: “Asimdən başqa kiminsə bunu mərfu rəvayət etdiyini bilmirik.” Sonra ən-Nəsai səhihliyini fərz etmək üzərinə hədisin təvilini də zikr etmişdir.”

İmam ən-Nəsai’nin – rahiməhullah – zikr etdiyi təvilə ehtiyac yoxdur, çünki sonrakı iki rəvayət onu göstərir ki, Asim hədisi hifz etməmişdir. əl-Hafiz İbn Racəb – rahiməhullah – “Şərhu İləlit-Tirmizi”də[34] Asimin adını zikr etdikdən sonra deyir: “Hafizəsi pis idi, Zirr və Əbu Vail’dən rəvayət etdiyi hədisləri xüsusilə iztirablıdır, bir hədisi bəzən Zir’dən, bəzən də Əbu Vail’dən rəvayət edərdi. Hənbəl bin İshaq dedi: Musəddəd bizə xəbər verdi; Əbu Zeyd əl-Vasiti bizə Hamməd bin Sələmə’dən belə dediyini xəbər verdi: “Asim hədisi bizə gündüz vaxtı Zir’dən, axşam vaxtı isə Əbu Vail’dən rəvayət edərdi.” əl-İcli dedi: “Asim hədisdə siqadır, lakin Zirr və Əbu Vail’dən rəvayətlərində ziddiyətə düşür.”

Asim bin Əbin-Nəcud’un hədisinin zəifliyi həm də onun Allahu Təalənin bu sözlərinə müxalif olması ilə şiddətlənir: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın.” Həm də əl-Buxari və Muslim’in rəvayət etdiyi Aişənin bu hədisinə də ziddir: “Sübh çıxana qədər azan verməzdi.” Hədisdə bu sözlər yer alır: “İbn Ummi Məktum azan verənə qədər yeyin və için![35]

Eynilə Şeyx Şueyb əl-Arnavut “əl-Müsnəd”əsərini təhqiqində bu hədis barədə deyir:

Asim bin Bəhdələ’dən başqa digər raviləri siqadır, Asim isə səduqdur, hədisləri həsəndir. Lakin hədisi mərfu rəvayət etməkdə başqa ravilər ona müxalif olublar, ondan da siqa olan ravilər bu hədisi məvquf olaraq rəvayət ediblər. “Tuhfətul-Əşraf” kitabında qeyd olunduğu kimi ən-Nəsai deyir: “Asimdən başqa kiminsə bunu mərfu rəvayət etdiyini bilmirik.[36]

Şeyx əl-Arnavut da bu hədisi məvquf olması ilə illətli görmüşdür, lakin Şeyx Muqbil’in hökmü daha dəqiq görünür, çünki o, nəinki sənəddə, hətta mətndə belə digər ravilərin rəvayət etdiklərinə zidd olduğunu demişdir. Bu isə hədisin mətninə etibar edilməyəcəyini göstərir.

Hədisin səhih olduğunu fərz etsək belə - lakin yuxarıda göstərdiyimiz kimi hədis münkərdir – alimlər bu hədisin zahiri ilə əməl etməyiblər. İmam əl-Hafiz Əbu Bəkr Muhamməd bin Musa bin Osman bin Hazim əl-Həməzani (vəfatı hicri 584) deyir:

Elm əhli bu xəbərin zahiri ilə əməl etməyi tərk etməkdə icma ediblər.[37]

Bununla belə hədis barəsində alimlər fərqli fikirlərə yer veriblər. Onlardan kimisi hədisin mənsux olduğunu deyir.

Şeyx Əhməd Abdur-Rahmən əl-Bəna əs-Səati – rahiməhullah – deyir:

Onun “sübhdən sonramı?” sözləri “peyğəmbərlə - salləllahu aleyhi va səlləm – sübhdən sonra yedin?” deməkdir. Dedi: “Bəli, sübh idi.” Yəni, fəcr girəndən sonra, amma günəş çıxmadan əvvəl idi. Alimlərin cumhuru bunun əksini söyləyir. Bu hədisə və buna oxşar hədislərə cavab olaraq deyiblər ki, bu daha əvvəl olmuş, sonra isə nəsx olunmuşdur.[38]

Alləmə Əbu Bəkr əl-Hazimi deyir:

Huzeyfənin hədisinə gəldikdə isə bəzi alimlər deyir ki, bu daha əvvəl olub, sonra nəsx olunmuşdur. Səhl və Adiy’in hədisi buna dəlalət edir.[39]

Lakin bu iddia mübahisəlidir, çünki üsul alimlərinin qeyd etdikləri kimi nəsx adətən çətinlikdən asanlığa götürəcək şəkildə gəlir. Bu etirazı qarşıda Alləmə əs-Sindi’nin sözlərində təqdim edəcəyik.

Bəzi alimlərə görə bu hədisdəki “nahar idi, lakin günəş çıxmamışdı” sözləri sadəcə olaraq bir şişirtmə, mübaliğə məqsədi üçün deyilmişdir. əl-Hafiz Bədrud-Din əl-Ayni deyir:

Bunu ən-Nəsai [18]ət etdiyi və Əbu Yafur’un, İbrahimdən, onun isə Sila’dan rəvayət etdiyi hədisindən rəvayət etmişdir, lakin bunların hər ikisi də hədisi mərfu rəvayət etmirlər. (ən-Nəsai) dedi: “Asim’dən başqa kiminsə bu hədisi mərfu rəvayət etdiyini bilmirik.” Əgər onun bu mərfu rəvayəti səhihdirsə mənası bu olacaq ki, nahara yaxın idi. Əhmədin rəvayətindəki sözlər isə belədir: “Sübhdən sonra idi?” Dedi: “Bəli, sübh idi, lakin günəş çıxmamışdı.”  Asim’in hədisində iztirab və münkərlik var. Sabit ravilərin rəvayətləri daha üstündür. İbn Ömər dedi: “İbn Ummi Məktum’a “sübh oldu, sübh oldu!” deyilməyənə qədər azan verməzdi.” Muttəfəqun aleyh. Mənası budur ki, “sübh yaxınlaşdı.” Əbu Hureyra’dan isə mərfu olaraq rəvayət gəlir: “Sizdən biriniz əlində qab olduğu halda azan eşidərsə ondakı ehtiyacını tamamlamamış onu yerə qoymasın!” Əbu Davud rəvayət etmişdir. Mənası budur ki, bu zaman fəcr vaxtının girməsi dəqiq deyildir. Məsruq dedi: “Onlar sübhü sizin sübh saymazdılar, onlar evləri və yolları işıqladan vaxtı sübh sayardılar.” Bunu İbnul-Munzir və başqaları qeyd ediblər. Əgər bu nəql səhihdirsə, o zaman bu bir qrupun görüşüdür, bununla belə sübhün girməsinin dəqiqləşməsi mənası da ola bilər./strongprəvayət etmişdir. Bunun səhurun gecikdirilməsi mənasında deyilmiş bir mübaliğə olduğu söylənmişdir.[40]

Huzeyfə’nin “nahar idi, lakin günəş çıxmamışdı” sözləri barəsində İmam Əbul-Həsən əs-Sindi əl-Hənəfi haşiyəsində deyir:

Zahir olan budur ki, burada “nahar” ilə şəriətdə bilinən nahar qəsd olunur, günəş ilə qəsd olunan fəcrdir, çünki fəcr günəşin əlamətlərindəndir. Hədislə qəsd olunan budur ki, fəcrə o qədər yaxın vaxt idi ki, nahar deyilə bilər. Bəli, fəcr hələ girməmişdi. Hədisin mənsux olduğu da deyilmişdir, lakin bu problemlidir, çünki orucda çətinlik asanlığa doğru nəsx olunub, əksi baş verməyib. Doğrusunu Allah bilir! Sanki kitabın bəzi nüsxələrində gəlmiş “Əbu İshaq dedi: “Hüzeyfənin hədisi mənsuxdur” (bu iddia) bir şey deyildir” sözləri ilə qəsd olunan budur.[41]

Lakin şeyx Muqbilin dediyi kimi bütün bu təvillərə ehtiyac yoxdur, çünki Huzeyfə’nin hədisi etibara alınmayacaqa href=pp” sözləri əslən orucla əlaqədar deyildir, lakin sadəcə olaraq namazda fikrin yeməkdə qalmaması üçün ehtiyacı tamamlamaq əmr olunmuşdur. Bu, Muhamməd Yəhya’nın işarə etdiyi mənadır. qədər münkər bir hədisdir. Quranın və səhih hədislərin zahirinə ziddir.

Yuxarıda alimlərdən təqdim etdiyimiz iqtibaslardan anlaşılır ki, alimlərdən heç kəs hədislərin zahiri mənasına əsaslanmayıb. Təqdim olunmuş təvillərin içərisində haqdan uzaq təvillər olsa da ümumilikdə alimlər digər şəriət dəlillərinin tələbinə görə bu rəvayəti zahiri mənasından kənara çıxardıb, onu təvil ediblər. Bu hədisin zahiri mənasını əsas götürən hər hansı bir alim tanımırıq. Yəni əgər fəcr girərsə və hər kəs fəcrin girdiyini bilərsə və azan daha sonra verilərsə, heç də bu hədisin zahirini əsas alıb yemək içməyin caiz olduğunu söyləmək olmaz. Əgər kimsə fəcrin vaxtının girdiyindən əmindirsə və ya bu barədə güclü zənnə sahibdirsə ona yemək, içmək haram olmuşdur. Əgər yeyərsə orucunu batil edər. Ona görə də Kuveytin vəqflər və islami işlər üzrə nazirliyinin fətvalar və şəri araşdırmalar bölməsinin verdiyi fətvalar toplusunda bu barədə onlara yönləndirilmiş suala belə cavab verirlər:

Bildiyimiz qədərilə alimlərdən heç kimsə bu hədisin zahiri mənası ilə əməl etməyib.[42]

Allahu Təalə müqəddəs kitabında “sübh açılıb ağ sap qara sapdan fərqlənincəyə qədər yeyin və için” deyir və buradan açıq şəkildə anlaşılır ki, həmin vaxtın girdiyi kimə məlum olarsa yeməyi durdurmalıdır, çünki Allahu Təalə həmin vaxta qədər yeməyə izn vermişdir.

Sələfdən bəzi kimsələrdən rəvayət olunan nadir və şazz görüşlərə gəldikdə isə hər şeydən əvvəl bunların onlara nisbət edilməsini isbat etmək lazımdır. Biz bilirik ki, İshaq bin Rahaveyh – rahiməhullah – o görüşdə olmamışdır, ona bu görüş bit xəta olaraq nisbət edilmişdir. O da ümmətin digər alimləri ilə eyni görüşdə olmuşdur. Lakin fərqli düşünənlərin, dəlilləri təvil edərək səhuru gecikdirənlərin oruclarının batil olmasında qənaət sahibi olmamışdır. Onlara qəzanı vacib görməmişdir. Belə bir görüşü əl-Aməşə nisbət edilmişdir. İmam ən-Nəvəvi və digər alimlər onlara nisbət edilən bu görüşlərin səhih olmadığını deyir. Mulla Əli əl-Qari deyir:

İbn Hacər dedi: “Ayədəki fəcr sözü ilə havanın işıqlanmasının qəsd olunması barədə səhabələrin əksərindən nəql olunan sözlərə gəldikdə isə, az qala bunun əksi üzərində icma bərqərar olmuşdur. Bundan daha qəribəsi əl-Aməş və İshaq (bin Rahaveyh)dan nəql olunan, günəş çıxana qədər qida qəbul etməyi caiz görən görüşdür.” ən-Nəvəvi dedi: “Bu iki imamdan nəql olunan görüşün onlardan səhih olaraq gəldiyini güman etmirəm.” Heç kəsdən gizli deyil ki, bu görüş açıq nassa müxalifdir və bu nass Allahu Təalənin bu sözləridir: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər”, beləliklə günəşin çıxması görüşündə olan küfr etmiş olur.[43]

İbn Racəb əl-Hənbəli – rahiməhullah – deyir:

Onların günəş çıxana qədər yemək yeməyi mübah saymaqları görüşünü kim onlardan nəql edibsə xəta etmişdir.[44]

Hətta onlara nisbət edilən bu görüşlərin onlar haqqında səhih olduğunu fərz etsək belə bu bir şey ifadə etməz, bu cür görüşlər şazz və nadir görüşlərdir. əl-Hafiz əl-Ayni deyir:

Məsruq dedi: “Onlar fəcri (yeməyi) haram edici olaraq saymırdılar, onlar sadəcə evləri və yolları işıqlandıran fəcri hesaba alırdılar.” Bu, əl-Aməş’in görüşüdür. İbn Asəkir dedi: “Peyğəmbərin – salləllahu aleyhi va səlləm – “Bilal gecə vaxtı azan verir...” sözlərində dəlil vardır ki, ağ sap sabah deməkdir və səhur yalnız fəcrdən əvvəl olur. Bu isə icmadır və bunda əl-Aməş’dən başqa heç kəs müxalif olmayıb və onun görüşünün şazz olması səbəbilə heç kəs onun görüşünə əsaslanmayıb.[45]

Qeyd etməliyik ki, alimlərin cumhuruna görə sübhün girdiyində şəkk edən birinə səhur yemək halaldır. Bu barədə hənbəli alimlərindən  İbn Muflih əl-Maqdisi – rahiməhullah - deyir:

Günəşin batması dəqiqləşərsə iftarı tezləşdirmək [icma ilə] sünnətdir və səhuru gecikdirmək [icma ilə] sünnətdir, [digər üç imamın görüşünə müvafiq olaraq ] sübhün girməsi qorxusu olarsa səhuru gecikdirmək sünnət olmaz, bunu Əbul-Xattab və digər hənbəli alimləri zikr edirlər, çünki bu barədə xəbərlər gəlmişdir, çünki oruc üçün daha güclüdür, xətadan qorunulmuş olar və ixtilaf dairəsindən çıxılmış olur. Şeyxin (yəni İbn Teymiyyənin) sözünün zahiri mənası budur ki, fəcrin girməsində şəkk edilsə belə səhur etmək müstəhəbdir və həmçinin Əbu Davud’un sözlərini nəql etmişdir: “Əbu Abdilləh (yəni İmam Əhməd) dedi: “Əgər sübhün girməsində şəkk edərsə sübhün girməsində əmin olana qədər yesin!” Üstəlik bu, İbn Abbasın, Atanın və əl-Əvzainin görüşüdür... Ola bilsin ki, şeyxdən (İbn Teymiyyədən) başqalarının məqsədləri bu əməlin (müstəhəb deyil) caiz olması və şəkk səbəbilə yemək yeməyin qadağan olmamasıdır. Məhz bu şəkildə İbnul-Cəvzi və başqaları hökm ediblər; yəni ki, tam əmin olana qədər yeyə bilər. Bu, Əhmədin sözünün zahiri mənasıdır.[46]

Buradan anlayırıq ki, səhuru gecikdirmək özlüyündə bir sünnətdir. Lakin əgər sübhün vaxtının girə biləcəyi qorxusu olarsa sünnət olmaz, lakin səhura davam etmək caizdir. Bu, sələfdən bir çox kimsədən nəql edilmiş görüşdür. Bu barədə misalları İbn Əbi Şeybə və Abdur-Razzaq “əl-Musannəf” adlı əsərlərində rəvayət ediblər və biz İbn Əbi Şeybə’nin “əl-Musannəf” əsərindən bəzi misallar nəql edirik:

Əbu Muaviyə bizə əl-Aməş’dən, o da Muslim’dən belə dediyini rəvayət etdi; “İbn Abbasın yanına bir nəfər gəldi və ondan səhur haqqında soruşdu. İbn Abbasın yanında oturanlardan biri dedi: “Şəkk etməyənə qədər ye!” İbn Abbas ona dedi: “Bu söz bir məna ifadə etmir. Səkk etməyənə qədər şəkk etdiyin müddət ərzində yeyə bilərsən!”

Əbu Usamə bizə Abdullah bin əl-Valid’dən rəvayət edir; dedi: Aun bin Abdilləh bizə rəvayət etdi: “İki nəfər Əbu Bəkrin yanına gəldi, Əbu Bəkr bu zaman səhur yeyirdi. Onlardan biri dedi: “Sübh artıq girib.” Digəri dedi: “Hələ girməyib.” Əbu Bəkr dedi: “Ye! Onlar ixtilaf etdilər.”

Vaki, Amməra bin Zadən’dən, o da Məkhul’dan rəvayət edir; dedi: “İbn Öməri zəmzəm suyundan bir vedrə götürkən gördüm, sonra iki nəfərdən soruşdu: “Sübh girib?” Onlardan biri dedi: “Xeyr!” Digəri dedi: “Bəli”. İbn Ömər sonra suyu içdi.”

Vaki bizə Sufyan’dan, o da Əli bin əl-Əqmar’dan, o isə İbrahimdən belə dediyini rəvayət edir: “Onu (yəni fəcrin aydınlığını səmada) üfüqi şəkildə görənə qədər ye!”...

Vaki bizə Talha’dan, o da Ata’dan, o isə İbn Abbasdan rəvayət edir ki, İbn Abbas ramazan ayında Ummu Hani’nin evində səhur yeyərkən iki uşaqdan soruşdu. Onlardan biri dedi: “Sübh girib.” Digəri dedi: “Girməyib.” İbn Abbas dedi: “Mənə su gətirin!”

Vaki bizə İsrail’dən, o, Cabirdən, o isə Əbu Cafər’dən belə dediyini rəvayət edir: “Fəcr sənin üçün seçilənə qədər ye!”

Əbu Davud ət-Tayəlisi bizə Yezid bin Zeyd’dən belə dediyini rəvayət etdi: “əl-Həsəndən bir nəfərin belə soruşduğunu eşitdim: “Sübhün girməsində şübhə etdiyim halda səhur yeyimmi?” Dedi: “Şübhələndiyin müddətdə ye! Allaha and olsun ki, sübhdə bir gizlilik yoxdur.”[47]

Vaki bizə əl-Fadl bin Dəlhəm’dən, o isə əl-Həsən’dən belə dediyini rəvayət edir: “Ömər dedi: “Əgər iki nəfər sübhün girməsində şəkk edərsə, yəqinlik gələnə qədər yesinlər.[48]

Bütün bu təqdim etdiklərimizdən anlamaq olar ki, Əbu Hureyra’nın hədisindən qəsd olunan şəkkin səhura mane olmamasıdır. Lakin sübhün girməsi yəqinliklə bilinirsə, səhuru durdurmaq vacibdir və ağızdakı qalıqları tüpürmək lazımdır.

Doğrusunu Allah bilir!

 


[1] əl-Bəqara, 187

[2] “Sahih əl-Buxari”, 621

[3] “Sahih əl-Buxari”, 1919

[4] əs-Seyyid Sabiq, “Fiqhus-Sunnə”, 1/325; əl-Fəthu lil-İləm əl-Arabi, Qahirə, xüsusi nəşr, hicri 1365

[5] əl-Albani, “Təmamul-Minnə fit-Taliqi alə Fiqhis-Sunnə”, səh: 417-418; Darur-Rayə, ər-Riyad, yeni nəşr

[6] ən-Nəvəvi, “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 6/333; Məktəbətul-İrşad, Cuddə, Şeyx əl-Mətii’nin təhqiqi

[7] İbnul-Qayyim, “Təhzibus-Sunən”, 2/1049-1050; Məktəbətul-Məarif, ər-Riyad, birinci nəşr: 1428/2007

[8] əl-Məvsua əl-Fiqhiyyə əl-Kuveytiyyə”, 28/67; Vizəratul-Əvqaf va Şuunil-İsləmiyyə, Küveyt, birinci nəşr: 1413/1993

[9] İbn Həzm, “əl-Muhəllə bil-Əsər”, 6/229; ət-Tabəa əl-Muniriyyə, Misir, birinci nəşr: hicri 1349

[10] İmam Əhməd “əl-Müsnəd”də (2/510), Əbu Davud “əs-Sünən”də (1/549), ət-Tabəri təfsirində (2/175), əl-Beyhaqi “əs-Sünən əl-Kubra”da (4/218) bu isnad ilə rəvayət etmişdir.

[11] İmam Əhməd “əl-Müsnəd”də (2/510), ət-Tabəri təfsirində (2/175)\, İbn Həzm “əl-Muhəllə”də (6/232), əl-Beyhaqi “əs-Sünən əl-Kubra”da (4/218) Rauh bin Ubədə vasitəsilə rəvayət edirlər. əl-Hakim isə (1/203) bunu Affan bin Muslim yolu ilə Həmməd bin Sələmədən rəvayət etmişdir.

[12] Bax: “Müsnəd İmam Əhməd bin Hənbəl”, 16/368; Muəssəsətur-Risalə, Beyrut, birinci nəşr: 1418/1997

[13] Əhməd (5/400), ən-Nəsai (4/142) bu isnad və bu mətnlə rəvayət edirlər. Bir qədər fərqli ləfzlə bunu İbn Macə (1695), əl-Bəzzar (2910), ət-Tabəri təfsirində (2/175) və ət-Tahavi “Şərhu Məanil-Əsər”də (2/52) və “Şərhul-Muşkil”də (5505) rəvayət edirlər.

[14] Bax: “Sahih İbn Macə” (rəq: 1384), “Sahih Sunən ən-Nəsai”, (rəq: 2151)

[15] İbn Əbi Hatim, “Kitəbul-İləl”, 3/137-138; Xalid bin Abdir-Rahmən əl-Cureysi’nin hazırlığı ilə, ər-Riyad, birinci nəşr: 1427/2006

[16] İbn Qattan, “Bəyanul-Vahmi val-İyhəm əl-Vaqieyni fi Kitəbil-Əhkəm”, 2/282; Dar Taybə, ər-Riyad, birinci nəşr: 1418/1997

[17] İbnul-Qayyim, “Təhzibus-Sunən”, 2/1047; Məktəbətul-Məarif, ər-Riyad, birinci nəşr: 1428/2007

Kitabın hədislərini təxric etmiş və onlar haqqında qeyd yazmış Doktor İsmayıl Ğazi burada Alləmə Mühəddis Əhməd bin Muhamməd Şakir’in – rahiməhullah - sözlərinə yer vermişdir: “İbnul-Qattan’ın bunu haradan çıxardığını bilmirəm!!! Əbu Davud’un “əs-Sünən” əsərindəki budur: “Abdul-Alə bin Həmmad bizə rəvayət etdi;  Həmmad bizə Muhamməd bin Amr’dan, o isə Əbu Sələmə’dən, o da Əbu Hureyra’dan rəvayət etdi” və bu, hər bir ravinin digərindən eşitməsi yolu ilə muttəsil, tam bir sənəddir.”

[18] əl-Beyhaqi, “əs-Sunən əl-Kubra”, 4/369; Darul-Kutubil-İlmiyyə, Beyrut, üçüncü nəşr; 1424/2003

[19] əl-Xattabi, “Məalimus-Sunən”, 2/106; Muhamməd Rağib ət-Tabbax’ın elmi mətbəəsi, Hələb, birinci nəşr: 1352/1933

[20] əl-Azizi, “əs-Sirac əl-Munir Şərhul-Camiis-Sağir”, 1/136; əl-Mətbəə əl-Xeyriyyə, Misir, birinci nəşr: 1304/1887

[21] əl-Munəvi, “Feydul-Qadir Şərhul-Camiis-Sağir”, 1/377; Darul-Marifə, Beyrut, ikinci nəşr: 1391/1972

[22] əl-Beyhaqi, “əs-Sunən əl-Kubra”, 4/369; Darul-Kutubil-İlmiyyə, Beyrut, üçüncü nəşr; 1424/2003

[23] əl-Xattabi, “Məalimus-Sunən”, 2/106; Muhamməd Rağib ət-Tabbax’ın elmi mətbəəsi, Hələb, birinci nəşr: 1352/1933

[24] əl-Azizi, “əs-Sirac əl-Munir Şərhul-Camiis-Sağir”, 1/136; əl-Mətbəə əl-Xeyriyyə, Misir, birinci nəşr: 1304/1887

[25] İbn Muflih, “Kitəb əl-Furu”, 5/32-34; Muəssəsətur-Risalə - Darul-Muəyyəd, Beyrut - ər-Riyad, birinci nəşr: 1424/2003

[26] Əli əl-Qari, “Mirqatul-Məfatih Şərhu Mişkətil-Məsabih”, 4/421; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1422/2001

[27] əl-Munəvi, “Feydul-Qadir Şərhul-Camiis-Sağir”, 1/377; Darul-Marifə, Beyrut, ikinci nəşr: 1391/1972

[28] əl-Munəvi, “Feydul-Qadir Şərhul-Camiis-Sağir”, 1/377 - 378; Darul-Marifə, Beyrut, ikinci nəşr: 1391/1972

[29] əs-Səhəranfuri, “Bəzl əl-Məchud fi Həlli Əbi Davud”, 11/152; Darul-Kutubil-İlmiyyə, Beyrut, h. 1392

[30] əl-Azimabadi, “Aunul-Məbud alə Şərhi Sunəni Əbi Davud”, 1/1098; Dar İbn Həzm, Beyrut, birinci nəşr; 1426/2005

[31] əs-Səhəranfuri, “Bəzl əl-Məchud fi Həlli Əbi Davud”, 11/152; Darul-Kutubil-İlmiyyə, Beyrut, h. 1392

[32] əs-Səhəranfuri, “Bəzl əl-Məchud fi Həlli Əbi Davud”, 11/153; Darul-Kutubil-İlmiyyə, Beyrut, h. 1392

[33] əl-Curqani, “əl-Əbatil val-Mənakir vas-Sihah val-Məşahir”, 2/105; əl-Mətbəa əs-Sələfiyyə, Varanasi, Hindistan, birinci nəşr: 1403/1983

[34] 2/63

[35] Muqbil, “Əhədis Muallə Zahiruhə əs-Sihhə”, səh: 116-117; Darul-Əsər, Sana, Yəmən, ikinci nəşr: 1421/2000

[36] “Musnədul-İmam Əhməd bin Hənbəl”, 38/382 (2-ci dipnot) ; Muəssəsətur-Risalə, Beyrut, birinci nəşr: 1421/2001

[37] əl-Hazimi, “Kitəbul-İtibar fi Bəyanin-Nasix val-Mənsux minəl-Əsər”, səh: 144; Dairatul-Məarifil-Usməniyyə, Heydərabad, Hindistan, ikinci nəşr: hicri 1359

[38] əs-Səati, “Buluğ əl-Əmani min Əsraril-Fəthir-Rabbani”, 2/1464; Beytul-Əfkar əd-Dəvliyyə

[39] əl-Hazimi, “Kitəbul-İtibar fi Bəyanin-Nasix val-Mənsux minəl-Əsər”, səh: 145; Dairatul-Məarifil-Usməniyyə, Heydərabad, Hindistan, ikinci nəşr: hicri 1359

[40] əl-Ayni, “Umdətul-Qari Şərhu Sahih əl-Buxari”, 10/362; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1421/2001

[41] əs-Sindi, “Nihayətul-Hacə fi Şərhi Sunəni İbn Macə”, 2/322; Darul-Marifə, Beyrut, birinci nəşr: 1416/1996

[42] “Məcmu əl-Fətava əş-Şəriyyə əs-Sadira an Qitail-İfta val-Buhus əş-Şəriyyə”, 1/238 (1/32/83; sual 221) ; Vazəratul-Əvqaf vaş-Şuunil-İsləmiyyə, Küveyt, birinci nəşr: 1417/ 1996

[43] Əli əl-Qari, “Mirqatul-Məfatih Şərhu Mişkətil-Məsabih”, 4/422; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1422/2001

[44] İbn Racəb, “Fəthul-Bari Şərhu Sahih əl-Buxari”, 4/425; Məktəbətul-Ğuraba əl-Əsəriyyə, əl-Mədinə, birinci nəşr: 1416/1996

[45] əl-Ayni, “Umdətul-Qari Şərhu Sahih əl-Buxari”, 10/362; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1421/2001

[46] İbn Muflih, “Kitəb əl-Furu”, 5/30; Muəssəsətur-Risalə - Darul-Muəyyəd, Beyrut - ər-Riyad, birinci nəşr: 1424/2003

[47] Yəni sübh girəndə aydın bilinəcək.

/strong/spanLakin bu iddia mübahisəlidir, çünki üsul alimlərinin qeyd etdikləri kimi nəsx adətən çətinlikdən asanlığa götürəcək şəkildə gəlir. Bu etirazı qarşıda Alləmə əs-Sindi’nin sözlərində təqdim edəcəyik.#_ftn42

[48] İbn Əbi Şeybə, “əl-Musannəf”, 6/153-155 (9150 – 9159) ; Dar Qurtuba, Beyrut, (Darul-Qiblə - Muəssəsətu Ulumil-Quran/Cuddə - Dəməşq) birinci nəşr: 1427/2006; Şeyx Muhamməd Avvamə’nin təhqiqi ilə

 

 

[6]

Aktual Mövzular