Geyimdə sünnət və şöhrət

İlk əvvəl bu sətrləri oxuyan azərbaycanlı oxucunun nəzərinə çatdırmaq istəyirəm ki, şalvarı topuqdan yuxarı qısaltmaq aşağıda göstərəcəyimiz kimi sünni qaynaqlarında yer almış bir adətdir və aydın olduğu qədər bu adəti müsəlmanlar peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – mübarək kəlamından öyrənirlər. Əziz oxucu, bu səbəblə bəzi cahillərin iddialarına aldanaraq bu adətin vəhabilər tərəfindən uydurulduğunu düşünmə!

Islam şəriəti müsəlmanın həyatına aid olan ən əsas məsələlərə toxunaraq gündəlik həyatımızda bizim üçün hidayət rəhbəri olmuşdur. İslam dini halal həyatın yollarını öyrədərkən doğru geyinmək tərzini də başa salmışdır. Rəbbimiz Azzə və Cəllə mübarək kitabında deyir:

Ey Adəm övladları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bəzək-düzək nazil etdik. Lakin təqva libası daha xeyirlidir. Bu, Allahın ayələrindəndir ki, bəlkə, öyüd-nəsihətə qulaq asasınız.

(əl-Araf, 26)

 

İnsan təbiətinə xas olan xüsusiyyətlərdən biri də həyadır və həyanın tələbi olaraq insan övladı ayıb yerlərini örtür. Lakin fərqli mədəniyyətlər bu örtü ölçüsünü fərqli şəkillərdə tətbiq edirlər. Bu baxımdan Muhammədin ümməti olaraq biz ilahi hidayətə tabe olmaq yolu ilə İslamın bizə öyrətdiyi geyim ölçülərinə riayət etməliyik.

Allahın izni və tövfiqi ilə bu səhifəmizdə kişilərin geyimi ilə bağlı konkret bir məsələyə toxunacağıq və bu yöndə qardaşlarımıza əhəmiyyətli gördüyümüz məqamlarla bağlı bəzi nəsihətlər verəcəyik. Bu konkret məsələ İslam fiqhində “isbal” olaraq tanınır və şalvar ətəklərinin qısaldılması ilə bağlıdır. “İsbal” elmi dildə (ətəyi) bağlamadan aşağı salmaq anlamına gəlir.[1]

İlk əvvəl qeyd etmək lazımdır ki, təkəbbürlük və riya ilə belə bir əməl etmək bütün məzhəblərin ittifaqı ilə haramdır. Yalnız bəzi hənbəli alimlərinin sözlərində fərqli ibarələr ilə rastlaşırıq ki, bununla bağlı qarşıda kiçik bir izahata yer verəcəyik. Bu barədə peyğəmbərdən – salləllahu aleyhi va səlləm – birdən çox səhih hədis varid olub. İbn Ömərin rəvayət etdiyi hədisdə peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Kim paltarını təkəbbürlük edərək yer ilə sürüyərsə qiyamət günü Allah ona baxmayacaq.[2] Cabir bin Suleym əl-Huceymi’nin rəvayət etdiyi hədisdə peyğəmbər – aleyhissalətu vassələm – deyir: “İzarını isbal etmə, çünki o, təkəbbürlükdür və Allahu Təalə təkəbbürlüyü sevmir...[3] Alimlər bu hədislərə əsaslanaraq təkəbbürlük edərək paltarın ətəklərini uzatmağı böyük günahlardan sayıblar. əl-Hafiz Əhməd bin Əli bin Hacər əl-Asqalani – rahiməhullah – deyir: “Bu hədislərdə izarın ətəyini təkəbbürlük məqsədilə uzatmağın böyük günah olmasına dair dəlil vardır...[4] Bildiyimiz kimi böyük günahlar yalnız tövbə ilə təmizlənə bilər.

 

 

Təkəbbürlükdə istisna

 

Təkəbbürlük ümumən haram olsa da müharibədə təkəbbürlük və riya etmək mübahdır. Buna görə də müharibə zamanı təkəbbürlük ilə, iftixar ilə, özünü göstərmək məqsədi ilə ətəyin uzun olmasında heç bir problem yoxdur. Alləmə Şərəfud-Din Əbun-Nəca əl-Həccavi əl-Maqdisi[5] – rahiməhullah – deyir: “Paltarın hər hansı bir hissəsini – bu, hətta baş sarığı olsa belə - təkəbbürlük ilə isbal etmək müharibədən başqa hallarda haramdır və bu, böyük günahlardandır.[6] “əl-İqna”kitabını şərh etmiş böyük hənbəli alimi Mənsur bin Yunus əl-Buhuti[7] – rahiməhullah – bu sözləri izah edərkən deyir: “[Paltarın hər hansı bir hissəsini – bu, hətta baş sarığı olsa belə - təkəbbürlük ilə isbal etmək] çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Kim təkəbbürlük ilə paltarını yerlə sürüyərsə Allah ona baxmaz.” Muttəfəqun aleyhi. Həmçinin İbn Məsudun hədisində deyir: “Kim namazda izarını təkəbbürlük ilə isbal edərsə, Allah yanında bir dəyəri yoxdur.” Bunu Əbu Davud rəvayət edib, [müharibədən başqa hallarda] çünki rəvayət olunur ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – səhabələrindən birinin iki sıra arasında yürüyərək yürüşündə təkəbbürlük etdiyini gördü və dedi: “Sözsüz ki, bu, Allahın nifrət etdiyi bir yürümədir, yalnız bu məqam istisnadır,” çünki təkəbbürlük müharibədə qınanmayıb, [haramdır və bu,] yəni isbal rəvayətdə izah olunmuş təhdidə görə [böyük günahlardandır].”[8] Cihadda fəxr etmək və özünü göstərmək caiz olduğu üçün qılıncların və digər silahların qızıl ilə bəzədilməsi və qılıncların ipəklə örtülməsi caiz görülmüşdür.

 

 

Təkəbbürlük olmadıqda

 

Paltarın ətəyini təkəbbürlük və riya olmadan aşağı salmağa gəldikdə isə bu barədə alimlər ixtilaf ediblər. Bir çox hədisdə Allahın Elçisi – salləllahu aleyhi va səlləm – təkəbbürlüyü zikr etmədən paltarı aşağı salmağın özünü qınayır. Bir hədisdə Əbu Hureyrə Allahın Elçisinin – salləllahu aleyhi va səlləm – belə buyurduğunu rəvayət edir: “İzarın topuqdan aşağı düşən hissəsi atəşdədir.[9] Yenə bir başqa hədisdə peyğəmbər - salləllahu aleyhi va səlləm – deyir: “Allah qiyamət günü üç nəfərin üzünə baxmayacaq və onları təmizləməyəcək və onlara şiddətli əzab vardır: musbil[10], öz etdiyi yaxşılıqlara görə minnət qoyan, öz malını yalan və saxta vədlər ilə satan.[11] Bu cür hədislərin ümumi mənasına əsaslanaraq bəzi alimlər təkəbbürlük olmadan da paltarın ətəklərini uzatmağı haram sayıblar. Bu alimlərdən biri, böyük maliki imamı əl-Qadi Əbu Bəkr İbn əl-Arabi – rahiməhullah – deyir:

Bir kişiyə "mən bununla təkəbbürlük etmirəm" deyərək paltarını topuqdan aşağı salmaq caiz deyildir, çünki qadağa ad etibarı ilə onu da öz əhatəsinə alır və eynilə (hökmün) səbəbi də ona aiddir. Hökm baxımından sözün əhatəsinə daxil olduqdan sonra bir kimsəyə “mən buna tabe olmuram, çünki hökmün səbəbi mənim halıma aid deyildir" demək caiz deyildir, çünki bu, şəriətə qarşı çıxmaqdır və qəbul olunmayan bir iddiadır. Əksinə təkəbbüründən paltarını uzadır, beləliklə onun bunda yalan söyləməsi qəti olaraq məlumdur.[12]

İmam əl-Hafiz Şəmsud-Din Muhamməd bin Əhməd bin Osman əz-Zəhəbi – rahiməhullah – məşhur “əs-Siyər” kitabında deyir: “İshaq əl-Əsədi bizə xəbər verdi: İbn Xalil bizə xəbər verdi: əl-Ləbbən bizə xəbər verdi: Əbu Əli əl-Həddad bizə xəbər verdi: Əbu Nueym əl-Hafiz bizə xəbər verdi: Əhməd bin Cafər bizə rəvayət etdi: Abdullah bin Əhməd bizə xəbər verdi: Əbu Kamil bizə rəvayət etdi: Əbu Avanə bizə Hilal bin Xabbəb’dən, o da Qazaə’dən rəvayət etdi: “İbn Ömərin üzərində kobud, qalın parçalı bir paltar gördüm və ona dedim: “Mən sənə Xorasanda hazırlanan yumşaq parçadan tikilmiş bir paltar gətirmişəm və onu sənin üzərində görmək məni çox şad edər.” Dedi: “Göstər onu mənə!” Ona əlini sürtdü və soruşdu: “Bu ipəkdirmi?” Dedim: “Xeyr, o, pambıqdan hazırlanıb.” Dedi: “Mən onu geyinməkdən qorxuram; qorxuram ki, təkəbbürlü və lovğa biri olum, Allah isə heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz.”[13]

(əz-Zəhəbi) : Deyirəm: İnsanda özündən razılıq və lovğalığa səbəb olan hər bir libası – qızıldan və ipəkdən olmasa belə - tərk etmək vacibdir. Belə ki, biz (müasir) gəncin dörd yüz dirhəmə yaxın dəyəri olan xəzli yun fəraciyə[14] geyindiyini görürük, yerimək tərzindən kibr və özündən razılıq açıq-aşkar görünür. Ona nəsihət etsək və yumşaq şəkildə onu danlasaq böyüklənərək “məndə özümdən razılıq və lovğalıq yoxdur” deyər. Halbuki seyyidimiz İbn Ömər bu hala düşməsindən qorxurdu. Eynilə fəraciyəsini topuqlarından aşağıda biçdiyinə görə zəngin bir fəqihi qınasalar və ona peyğəmbərin – salləllahu aleyhi va səlləm – “izarın topuqdan aşağı hissəsi atəşdədir” dediyini xatırlatsalar belə deyər: “(Peyğəmbər) bunu yalnız izarını təkəbbürlük ilə sürüyənlər haqqında deyib, mən isə bunu özümdən razı olaraq etmirəm.” Onun inadkarlıq etdiyini, özünün axmaq nəfsini günahsız çıxarmağa çalışdığını, müstəqil ümumi mənalı bir dəlilə müraciət etdiyini və təkəbbürlük mənası ilə gəlmiş başqa müstəqil bir hədis ilə onun mənasını xüsusiləşdirdiyini görmək olar və Əbu Bəkr’in bu sözlərini rüxsət olaraq götürdüyünü görmək olar: “Ey Allahın Elçisi, mənim izarım aşağı düşür.” Bunun üzərinə dedi: “Ey Əbu Bəkr, sən bunu təkəbbürlük ilə edənlərdən deyilsən!” Biz ona cavabında deyərik: Əbu Bəkr – radiyallahu anhu – elə əvvəldən izarını topuqlarının üstünə düşəcək şəkildə bağlamırdı, əksinə izarını topuqlardan yuxarı (düşəcək şəkildə) bağlayardı və (izarı) daha sonra aşağı düşərdi. Peyğəmbər – aleyhissələm – deyib: “Mömin bəndənin izarı baldırının ortasına qədərdir; bu həddən topuqlar arasında qədər olarsa üzərinə heç bir günah düşməz.” Bu cür qadağa topuqlarını örtəcək şəkildə şalvarının ətəyini biçənlərə aiddir. Qolların artıq şəkildə uzun olması və ətəklərin uzadılması da bura aiddir. Bunların hamısı insan nəfsində gizlənən özündən razılıq əlamətləridir. Ola bilsin ki, onların arasında biri cahilliyinə görə üzrlü olsun, lakin cahillərini bu əməllərini inkar etməməsində alimin heç bir üzrü ola bilməz.[15]

əl-Hafiz İbn Hacər də - rahiməhullah – mövzu barədə hədislərin şərhində danışmışdır. Onun görüşünü təsbit etmək asan olmasa da İbnul-Arabi və əz-Zəhəbi’nin tutduğu mövqenin ən azından güclü olduğunu bəzi dəlillər ilə göstərmişdir. Bu, həm də maliki alimlərindən Şihəbud-Din Əhməd bin İdris əs-Sanhəci əl-Qarafi’nin görüşüdür ki, bunun zikri qarşıda gələcək. Son dövr alimlərdən olan yəmənli mühəddis Əmir əs-San’ani – rahiməhullah – bu barədə “İstifəul-Əqval fi Təhrimil-İsbəl alər-Ricəl” adlı ayrıca bir risalə yazaraq bu əməlin hər halda haram olması görüşünü ortaya qoymuşdur.[16] Bu görüşə əsasən paltarı isbal etmək hər bir halda haramdır və bu, həm də zahiri məzhəbinin görüşüdür.

Lakin hədis əhli və fəqihlərin böyük əksəriyyəti hər iki növ hədisləri birləşdirərək bunun haram olmasını təkəbbürlük, lovğalıq və özündən razılıq ilə əlaqələndiriblər. İmam Muhamməd bin İsmayıl əl-Buxari “əl-Cami əs-Sahih” kitabında, “kitəbul-libas” bölməsində “izarını təkəbbürlük olmadan sürüyən biri haqqında” bir bab açmış və orada qeyd edəcəyimiz bu iki hədisə yer vermişdir:

Əhməd bin Yunus bizə rəvayət etdi: Zuheyr bizə rəvayət etdi: Musa bin Uqbə bizə Səlim bin Abdilləh’dən, o da öz atasından – radiyallahu anhu - , o isə peyğəmbərdən – salləllahu aleyhi va səlləm – belə dediyini rəvayət etdi: “Kim paltarını təkəbbürlük ilə sürüyərsə Allah qiyamət günü ona baxmayacaq.” Əbu Bəkr dedi: “Ey Allahın Elçisi, diqqətsiz olduğum hallarda izarımın bir hissəsi aşağı düşür.” Peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Sən bunu təkəbbürlüklə edənlərdən deyilsən.[17]

Muhamməd bizə rəvayət etdi: Abdul-Əalə bizə Yunus’dan, o da əl-Həsən’dən, o isə Əbu Bəkrə’dən – radiyallahu anhu – xəbər verdi: “Biz peyğəmbərin – salləllahu aleyhi va səlləm – yanında olduğumuz bir zamanda günəş tutuldu və (peyğəmbər) durub tələskən halda paltarını sürüyərək məscidə gəldi və insanlar (onun yanına) yığışdılar və iki rükət namaz qıldı. Günəş aydınlığa çıxdı və sonra bizə yaxınlaşaraq dedi: “Günəş və ay Allahın ayələrindən iki ayədir, onlardan bir şey görsəniz onları üzə çıxarana qədər namaz qılın və Allaha dua edin![18]

İmam əl-Buxari’nin bu əməli təkəbbürlük olmadan isbalın haram olmadığını göstərir. Bu görüş sələfin məşhur görüşüdür, hədis əhli və dörd məzhəb imamları bu rəydə olublar. Sələfdən bir çoxunun əməli də buna şahidlik etməkdədir. əl-Hafiz Nurud-Din əl-Heysəmi deyir:

Əbu İshaqdan belə dediyi rəvayət olunur: “Mina günlərində İbn Abbası uzun saçlı gördüm, üzərində bir az isballı olan izar var idi və üzərində sarı əba var idi.” Bunu ət-Tabərani rəvayət edib və insadı həsəndir.[19]

İbn Əbi Şeybə “əl-Musannəf” kitabında deyir:

İsa bin Yunus bizə əl-Əvzai’dən, o da Amr bin Muhacir’dən belə dediyini rəvayət edir: “Ömər bin Abdil-Aziz’in qamisi[20] və paltarı topuğu ilə ayaqqabısının iplikləri arasına düşürdü.[21]

İmam əl-Beyhəqi – rahiməhullah – deyir:

Rəvayət etdik ki, Ata bin Əbi Rabah paltarı yerə dəyəcək şəkildə namaz qılardı, sanki hədisi unutmuşdu və yaxud da bunun yalnız təkəbbürlük halında caiz olmaması mənasında hədisi yozurdu və bunu təkəbbürlük ilə eləmirdi.[22]

Yenə İbn Əbi Şeybə “əl-Musannəf”də rəvayət edir:

İbn Mehdi bizə Əbu Avanə’dən, o da Muğira’dan belə dediyini rəvayət etdi: “İbrahimin qamisi ayağının üstünə qədər düşürdü.[23]

İmam Muhamməd bin Hibban bin Əhməd bin Hibban Əbu Hatim ət-Təmimi əl-Busti əs-Sicistani (vəfatı hicri 354) deyir:

İzarı isbal etməkdən çəkindirmək məlum olan səbəbə görə qaçınılmaz bir xəbərdarlıqdır və bu səbəb təkəbbürlük səbəbidir. Təkəbbürlük olmayan hallarda isə izarı isbal etməkdə bir problem yoxdur.[24]

Gördüyümüz kimi isbalın hər bir halda haram olduğunu deyən alimlər mənası mütləq olan hədislərə əsaslanırlar, lakin digər hədislərdə isbal təkəbbürlük şərti ilə birlikdə zikr olunur. Buna görə alimlər mütləq mənalı hədisləri təkəbbürlük qeydi ilə gəlmiş digər hədislərə həml edərək ortaq məxrəcə gəliblər. İmam Muhyid-Din ən-Nəvəvi – rahiməhullah – buyurur:

Topuqdan aşağı olan hissənin atəşdə olması haqqında gəlmiş mütləq hədislərə gəldikdə isə bununla qəsd olunan təkəbbürlük ilə edilən hallardır, çünki bunun mənası mütləqdir, beləliklə (bu hədisləri) müəyyən bir qeydə bağlanmış hədislərə həml etmək vacibdir.[25]

Şeyxul-İslam İbn Teymiyyə deyir:

Bunlar təkəbbürlük məqsədilə isbal etməyin haram olması barədə açıq-aydın dəlillərdir və bunlardan mütləq olanlar qeydə bağlanan hədislərə həml edilməlidir. Bu hədislərdə (təkəbbürlüyü qeyd etmədən) mütləq olaraq gəlməsinin səbəbi budur ki, çox zaman bu, təkəbbürlükdən edilir.[26]

Şeyx Əbu Zura Valiyyud-Din Əhməd İbnul-İraqi deyir:

Təkəbbürlük qeydinə bağlanması belə bir qəsd olmadan paltarı sürüməyi (haramlılıq dairəsindən) kənara çıxarır və bu halda haram olmamasını tələb edir.” Daha sonra Qadi Əbu Bəkr İbnul-Arabi’nin yuxarıda zikr etdiyimiz sözlərini nəql etdikdən sonra deyir: “...və bu, hədisin təkəbbürlük şərtinə bağlanmasına müxalifdir.[27]

əl-Hafiz İbn Hacər deyir:

Təkəbbürlük olmadan isbal etməyə gəldikdə isə hədislərin zahiri mənası bunun da haram olduğunu ifadə edir, lakin bu hədislərdə bunun təkəbbürlüklə bağlı qeyd olunmasını dəlil göstərərək isbalı (ümumən) qınamaqdakı mütləq xəbərdarlığı bu hədislərdəki qeydə həml edilməli olduğunu dedilər. Təkəbbürlükdən uzaq olduqda isə paltarın yerlə sürünməsi və isbal haram olmaz.[28]

Şeyx Xalil Əhməd əs-Səhəranfuri – rahiməhullah – deyir:

Alimlər deyirlər: İzarda və paltarda müstəhəb olan baldırın ortasına qədər olmasıdır, bundan aşağı topuqlara qədər olan isə məkruh olmadan caizdir. Topuqlardan aşağı düşən hissə isə qadağandır, əgər təkəbbürlük üçün edilibsə haram mənasında qadağandır, əks halda isə tənzih mənasında qadağandır.[29]

Məzhəb alimlərinin görüşlərini təqdim edərək onlarla tanış olaq:

 

 

Hənəfi məzhəbi

 

Şeyx Nizam əl-Hənəfi “əl-Fətava əl-Hindiyyə” kitabında[30] deyir:

Paltarın qısaldılması sünnətdir, izarın və qamisin isbal edilməsi isə bidətdir; izarın topuqlardan yuxarıda baldırın ortasına qədər olması lazımdır və bu, kişilər haqqında gəlib. Qadınlara gəldikdə isə onlar izarlarını kişilərin izarlarından aşağı salmalıdırlar ki, ayaqlarının üstünü örtsün. Kişinin təkəbbürlük/riya olmadan izarını topuqlardan aşağı salması tənzihi məkruh hökmündədir. “əl-Ğaraib” kitabında da bu şəkildə deyilir.[31]

Buradan anlayırıq ki, hənəfi alimlərinə görə təkəbbürlük və riya niyyəti olmadan paltarı topuqdan aşağı geyinmək haram deyildir, lakin halala yaxın məkruhdur. Hətta əl-Hafiz Bədrud-Din Əbu Muhamməd Mahmud bin Əhməd əl-Ayni əl-Hənəfi – rahiməhullah – peyğəmbərin – salləllahu aleyhi va səlləm – günəş tutulması zamanı paltarını sürüyərək məscidə gəlməsi haqqındakı hədisi şərh edərkən deyir: “Burada dəlil vardır ki, paltarı sürümək təkəbbürlük üçün edilmirsə caizdir və buna görə bir eyib yoxdur.[32] Amma son dövr deobənd məktəbinin məşhur hənəfi alimləri bu barədə fərqli fikirdədirlər və onlar məzhəbin görüşünü müəyyən edərkən bunun hər iki halda haram olduğunu bildirirlər. Alləmə Ənvər Şah əl-Kəşmiri əl-Hənəfi deyir: “Bizə görə paltarın yerə dəyməsi hər bir halda qadağandır, beləliklə bu, paltarın hökmlərinə aiddir. Şafii alimləri isə qadağanı riya şərti ilə məhdudlaşdırdılar, beləliklə əgər paltarı yerə dəyəcək şəkildə təkəbbür olmadan geyinmək caiz olur; o zaman bu hədis paltar hökmlərinə aid olmur. Haqqa ən yaxın görüş hənəfilərin görüşüdür, çünki təkəbbürlük özlüyündə qadağandır və paltarı sürüməyə məxsus deyildir.[33] əl-Kəşmiri’nin görüşündən anlaşılan budur ki, şafii alimlərindən fərqli olaraq hənəfi alimləri paltarı qoyulmuş həddən aşağı salmağı hər bir halda haram sayıblar. Lakin hənəfi məzhəbinin mötəməd sayılan kitablarından birində riya ilə qeyri-riya halları arasında fərq qoyulduğunu gördüyümüz hənəfilərdə etibarlı sayılan görüşün o olduğunu deyirik.

 

 

Maliki məzhəbi

 

Məğribin məşhur hafizi İmam İbn Abdil-Bərr – rahiməhullah – bu barədə İbn Ömərdən – radiyallahu anhu - gələn hədisi şərh edərkən deyir:

Bu hədis onu göstərir ki, izarını özündən razılıq və təkəbbürlük olmadan çəkənlərə qeyd olunmuş “vaid” (təhdid) aid deyildir, lakin izar, köynək və digər növ paltarları (yerlə) sürümək hər bir halda qınanmışdır. Amma paltarını sürüyən təkəbbürlü kimsəyə gəldikdə isə bu şiddətli təhdid məhz onun haqqında gəlmişdir.[34]

Maliki məzhəbinin digər böyük fiqh alimi Qadi Əbul-Valid bin Əyyub əl-Baci[35] məsələ haqqında deyir:

Peyğəmbərin, salləllahu aleyhi va səlləm "o kəs ki paltarını təkəbbürlüklə yerlə sürüyər" sözü bu hökmün paltarını təkəbbürlük ilə sürüyənlərə aid olmasını tələb edir. Başqasını tapa bilmədiyi halda paltarının uzun olması səbəbilə və ya üzrlərdən hər hansı bir üzrə görə edən kimsələrə gəldikdə isə "vaid" (təhdid) onlara aid olmaz. Rəvayət olunub ki, Əbu Bəkr əs-Sıddıq, radiyallahu anhu, bu hədisi eşitdikdə dedi: "Ey Allahın Elçisi! Diqqətsiz olduğum halda izarımın bir hissəsi aşağı düşür." Peyğəmbər, salləllahu aleyhi va səlləm, dedi: "Sən bunu təkəbbürlüklə edənlərdən deyilsən." əl-Həsən bin Əbi əl-Həsən əl-Basri, Əbu Bəkrədən rəvayət edir: "Günəş tutulmuşdu və biz peyğəmbərin, salləllahu aleyhi va səlləm yanında idik və sonra paltarı yerə dəydiyi halda tələsərək məscidə gəldi." (Buxari)
Fəsl: (Peyğəmbərin) “Allahu Təalə Qiyamət günü onun üzünə baxmayacaq” sözünün mənası Allah ona rəhm etməyəcək deməkdir. Allah Azzə və Cəllə deyir: “Həqiqətən də, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün üzücü bir əzab vardır.“ (Ali-İmran, 77) Malik, Alə bin Abdirrahməndən, o da atasından belə dediyini rəvayət edir: “Əbu Said əl-Xudridən izar haqqında soruşdum. Dedi: “Sənə bir elmdən xəbər verəcəm; peyğəmbəri, salləllahu aleyhi va səlləm, belə deyərkən eşitdim:”Mömin kişinin izarı baldırının ortasına qədərdir, (izarı) bununla topuqları arasında olana isə günah yoxdur. Bundan aşağı olan isə atəşdədir, bundan aşağı olan isə atəşdədir. İzarını təkəbbürlük ilə yerlə sürüyənin Allah Qiyamət günü üzünə baxmayacaq.” (Şərh) Onun, salləllahu aleyhi va səlləm, “mömin kişinin izarı baldırının ortasına qədərdir” sözündə möhtəmələn qəsd etdiyi budur ki, - və doğrusunu Allah bilir – bu, izarı geyinmək şəklidir, çünki mömin kəs bəzi mübahlarda təvazökar, orta və məhdud ölçülü geyimlər geyər. Ola bilsin ki, bununla məşru olan qədəri qəsd etmişdir və belə bir təvili onun, salləllahu aleyhi va səlləm, bu sözü izah edir:: “bununla topuqları arasında olana isə günah yoxdur.” Bununla qəsd edir ki, - və doğrusunu Allah bilir – müstəhəb olan yerə qədər qısaltmasa da mübahdır, bunda onun üzərinə heç bir günah yoxdur. Əgər tərk etsəydi daha gözəl olardı.
Fəsl: O, salləllahu aleyhi va səlləm, “bundan aşağı olan isə atəşdədir” sözü ilə - və doğrusunu Allah bilir – bunun atəşə aparan bir geyim olduğunu qəsd edir. Əsbəğ rəvayət edir ki, Abdullah bin Ömərin azadlı köləsi Nafi peyğəmbərin, salləllahu aleyhi va səlləm, “bundan aşağı olan isə atəşdədir” sözü barədə soruşdu: “Bu, izara aid hissədir?” Dedi: “Yox, ayaqların hissəsidir.” Əsbəğ dedi: “Bəziləri dedilər: İzara günah düşməz.” İsa bin Dinar dedi: “Mənası budur; onun halı üçün qorxulur ki, izar ilə baldırın topuqdan aşağı örtdüyü hissəsi onu atəşə salacaqdır, çünki bu, təkəbbürlükdəndir.” Yəhya və Muhamməd bin İsa əl-Aşə və eynilə Əsbəğ dedi: Bunun tələbi budur ki, paltarın üç halı vardır; müstəhəb olan baldırın ortasına qədərdir, mübah olan topuqlara qədərdir, qadağan olan isə topuqları keçən hissədir və doğrusunu Allah bilir.
[36]

Bu iki alim bu sözlərini hədislə bağlı yazdıqları şərhlərində qeyd ediblər. Yuxarıda maliki məzhəbindən olan digər böyük hədis alimi Qadi Əbu Bəkr İbnul-Arabi’nin sözləri ilə tanış olduq və gördük ki, İbnul-Arabi bunun hər halda haram olduğunu deyir. Məşhur maliki alimi Alləmə Əli bin Əhməd  əs-Saidi əl-Adavi əl-Misri (vəfatı hicri 1189) deyir:

(Paltarın) təkəbbürlük olmadan topuqlardan aşağı düşməsi barədə dəlillər ziddiyətlidir. əl-Hattab’ın sözündən anlaşılan bunun haram deyil məkruh olmasıdır, necə ki, Əli əl-Əchuri bunu açıq şəkildə ifadə etmişdir. “əz-Zəxira” kitabı isə bunun haram olmasını ifadə edir – bunun üçün əl-Buxari bab başlığı vermişdir – və əvvəlki hədis başqa hədislə ziddiyət təşkil edir. Doğru olan budur ki, qəbul edilməsi gərək olan görüş bunun güclü məkruh olmasıdır.[37]

əl-Adəvi bu sözlərindən bir az əvvəl ifadə edir ki, “Kifayətut-Talibir-Rabbani” kitabının müəllifi, məşhur maliki alimi Alləmə Əli bin Xaləf əl-Mənufi də təkəbbürlük olmadan paltarı aşağı salmağın haram olmaması görüşündədir. Bu görüş həm də “Məvahibul-Cəlil” kitabının sahibi əl-Hattab ər-Raini’nin də görüşüdür. “əz-Zəxira” kitabı böyük maliki alimi Şihəbud-Din əl-Qarafi’yə aiddir və gördüyümüz kimi o, həmin kitabında bu əməlin hər bir halda haram olduğuna işarə edir. Lakin əl-Adəvi sonda maliki məzhəbinin doğru görüşünü qeyd edərək bu əməlin məkruh olduğunu söyləyir.

 

 

Şafii məzhəbi

 

Şafii məzhəbinin məşhur alimi Alləmə İmam Muhyid-Din Əbu Zəkəriyya Yəhya bin Şərəf ən-Nəvəvi – rahiməhullah – deyir: “Məzhəbimiz budur ki, namazda və namazdan kənarda sədl[38] etməyin hökmü eynidir; əgər bunu özündən razılıq/təkəbbürlük olaraq edərsə haram olar və əgər təkəbbürlük üçün olmazsa haram deyil məkruhdur. əl-Beyhəqi dedi: “əl-Buveyti’nin kitabında əş-Şafi deyir: “Nə namazda, nə də başqa halda təkəbbürlük üçün sədl etmək caiz deyildir, peyğəmbərin – salləllahu aleyhi va səlləm – Əbu Bəkrə - radiyallahu anhu – dediyi sözə əsasən namazda təkəbbürlük olmadan sədl etmək isə daha yüngül (bir günah)dır; (Əbu Bəkr) ona dedi: “İzarım bir tərəfdən düşür” və (peyğəmbər) ona dedi: “Sən onlardan deyilsən.” Bu, əl-Buveyti’nin kitabında onun (yəni əş-Şafinin) söylədiyi sözlərdir və mən də bu sözləri əl-Buveyti’nin kitabında bu şəkildə görmüşəm.[39]

İmam ən-Nəvəvi başqa kitabında deyir: “Əgər təkəbbürlük üçün edilərsə paltarın topuqdan aşağı isbal edilməsi caiz deyildir, bundan başqa məqsəd üçün edilərsə məkruh olar. Hədislərin təkəbbürlük ilə sürüməyə bağlı olduğunu göstərən zahiri mənaları haramlığın təkəbbürlük xalına məxsus olduğunu göstərir və eynilə əş-Şafi də bu ikisi arasındakı fərqi bir mənalı söyləmişdir.[40]

Alləmə Şəmsud-Din Muhamməd bin əl-Xatib əş-Şirbini deyir: “Təkəbbürlük səbəbilə baş sarığının ucunu çox uzatmaq və paltarı topuqlardan aşağı salmaq haramdır, lakin bundan başqa səbəblərlə edilməsi məkruhdur.[41]

 

 

Hənbəli məzhəbi

 

Hənbəlilərin məzhəbinə gəldikdə isə ilk olaraq məzhəbin şeyxi Alləmə Muvəffəqud-Din İbn Qudamə əl-Maqdisi’nin – rahiməhullah – nə dediyinə nəzər salaq:

Köynək, izar və şalvarın isbal edilməsi məkruhdur, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – izarın qaldırılmasını əmr edib. Əgər bu, təkəbbürlük niyyətilə edilərsə haram olar, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – deyib: “Paltarını təkəbbürlük ilə sürüyənə Allah nəzər salmayacaq.” Muttəfəqun aleyhi.[42]

İmam Şəmsud-Din Muhamməd bin Muflih əl-Maqdisi – rahiməhullah – deyir:

Səhih görüşə görə ehtiyac olmadan (paltarın) topuqlardan aşağı olması məkruhdur. Ondan (yəni İmam Əhməddən) həm də rəvayət olunub ki, “topuqlardan aşağı olan hissə atəşdədir.” “ən-Nəzm” kitabının müəllifi zikr edir ki, “təkəbbürlüyə düşməkdən qorxusu olmayan kəslər üçün məkruh deyildir, lakin tərk edilməsi daha yaxşıdır.[43]

Alləmə Şərəfud-Din əl-Həccavi “əl-İqna” kitabında deyir:

Heç bir ehtiyac olmadan kişinin paltarının baldırının ortasından yuxarı və topuqlardan aşağı olması məkruhdur və bu ikisi arasında olması məkruh deyildir.[44]

Alləmə əl-Buhuti – rahiməhullah – deyir:

Təkəbbürlük olmadan ehtiyac üçün isbal etmək caizdir.[45]

Şeyx Alləmə Taqiyyud-Din Muhamməd bin Əhməd əl-Fətuhi – rahiməhullah – deyir:

Heç bir ehtiyac olmadan paltarının baldırının yarısından yuxarı və topuğundan aşağı olması (məkruhdur).[46]

Bütün bu nəqllər onu göstərir ki, təkəbbürlük məqsədi və heç bir ehtiyac olmadan isbal etmək məkruhdur. İbn Muflih – rahiməhullah – “əl-Furu” kitabında bu cür deyir: “Ən səhih görüşə görə müharibədən başqa hallarda ehtiyac olmadan – baldırlarının arıq olması kimi hallar (ehtiyaca misaldır) - paltarı isbal etmək haramdır və bu, Əhmədin sözünün zahiri mənasıdır, hətta qarşıda göstəriləcəyi kimi böyük günahdır.” İbn Muflih’in bu sözünün zahirindən anlaşılan budur ki, təkəbbürlük ilə isbal etmək ehtiyac olduğu halda haram olmur. “əl-Furu” kitabına düzəlişlər etmiş Alləmə əl-Mərdavi buna diqqət çəkərək deyir:

(İbn Muflih’in sözləri) elə məna verir ki, (ehiyac olduqda təkəbbürlük ilə isbal etmək) haram olmur, lakin əslində belə deyildir, belə halda mübah olan təkəbbürlük ilə edilən isbal deyil yalnız isbalın formasıdır və ola bilsin ki, burada misal yalnız isbala aiddir və bununla da problem aradan qalxmış olur.[47]

Beləliklə təkəbbürlük halında ehtiyacın olub olmamasından asılı olmayaraq isbal etmək haramdır. Lakin bəzi hənbəli mətnlərində təkəbbürlük halında belə isbalın məkruh olduğu qeyd olunur və belə bir əhəmiyyətli məqamda buna aydınlıq gətirmək lazımdır ki, hənbəli məzhəbini öyrənənlər bunda xəta etməsinlər. Burada məzhəbi təhrir edən alimlərin sözlərini qeyd edərək məzhəbə görə bu əməlin haram olduğunu izah etmək istəyirik. Məzhəbin şeyxi İbn Qudamə “əl-Muqni” kitabında məkruhları sayarkən bunların arasında “kişinin təkəbbürlük ilə isbal etməsini” də qeyd etmişdir və məzhəbi həqiqi mənada araşdırmayanlar elə zənn ediblər ki, hənbəli üləmasına görə təkəbbürlük ilə paltarı isbal etmək sadəcə məkruhdur. Əslində “məkruh” olaraq qəsd olunan harama yaxın olan məkruhluqdur. Munəqqihul-Məzhəb ləqəbini almış Alləmə əl-Mərdavi – rahiməhullah – “əl-Muqni” kitabının şərhində deyir:

(İbn Qudamənin) “paltarından bir şeyi təkəbbürlük ilə isbal etmək” sözü, yəni məkruhdur və bu, iki vəchdən biridir. “əl-Hidayə”, “əl-Muzhib”, “əl-Məzhəbul-Əhməd”, “əl-Mustəvib”, “əl-Vaciz”, “ər-Riayə əs-Suğra”, “əl-Haviyeyn”, “əl-Faiq”, “İdrakul-Ğayə”, “Təcridul-İnayə” və digər kitablarda bu vəch qeyd olunub. “ər-Riayə əl-Kubra” kitabında birinci olaraq bu qeyd olunur. (əl-Mərdavi) : deyirəm: əgər bununla tənzih anlamında olan məkruhluğu qəsd edirlərsə o zaman bu, çox zəifdir. Lakin müəllif “əl-Muğni” kitabında və əl-Məcd öz şərhində deyir ki, “qəsd olunan haram mənasındakı məkruhluqdur.” Bu isə daha layiqlidir. “əl-Furu” kitabında və “ər-Riayə əl-Kubra”da bunun məkruhluğu və haramlılığı haqqında ixtilaf nəql edilib. İkinci vəch isə budur ki, müharibə halı və ya bir ehtiyac olduğu hal istisna olmaqla haramdır. (əl-Mərdavi) : deyirəm: Doğru görüş məhz budur və bundan uzaqlaşmaq olmaz və məzhəbin görüşü də budur və bu, Əhmədin sözünün aşkar mənasıdır. (İbn Muflih) “əl-Furu” kitabında deyir: “Səhih görüşə görə ehtiyac olmadan müharibədən başqa hallarda təkəbbürlük ilə paltarı isbal etmək haramdır.” Şeyx Taqiyyud-Din (İbn Teymiyyə) dedi: “Məzhəbin görüşü bunun haram olmasıdır.” “ər-Riayə” kitabında isə deyilir: “Üstün görüş budur.” İbn Təmim, əş-Şarih (Şəmsud-Din İbn Əbi Ömər əl-Maqdisi), ən-Nazim (Muhamməd bin Abdil-Qavi bin Badran) və “əl-İfadət” bu görüşə qərar veriblər.[48]

Buradan anlayırıq ki, həqiqətdə məkruh sözü ilə qəsd olunan haram anlamına gələn məkruhluqdur. Hənbəli alimlərindən Şeyxul-İslam İbn Teymiyyə - rahiməhullah – deyir:

Əshabımızdan bir qrup (təkəbbürlük ilə isbal etməkdə) məkruhluq sözünü işlədiblər və onların arasından birdən çox alim bunun haram olduğunu deyiblər və məzhəbin görüşü budur, heç bir tərəddüd ola bilməz.[49]

 

 

Ehtiyac zamanı isbal caizdir

 

Alimlər qeyd edirlər ki, təkəbbürlük niyyəti olmadan /pehtiyac üçün topuqdan“ aşağı geyinmək caizdir. əl-Hafiz İbn Hacər deyir:

İzarı mütləq şəkildə isbal etməkdən istisna olan hallar paltarını zərurət üçün isbal etməsidir; topuqlarında misal üçün yara olan birinin halındakı kimi başqa bir şey tapa bilmədiyi halda izarı ilə həmin yeri örtməsə  milçəklər əziyyət verə bilər. Buna şeyximiz[50] “Şərh ət-Tirmizi”də diqqət çəkib.[51]

əl-Hafiz İbn Hacər’in şeyxi deyərək zikr etdiyi alim məşhur şafii alimi Zeynud-Din Əbul-Fədl Abdur-Rahim bin Huseyn əl-İraqi’dir və onun həmin sözlərini əl-İraqinin öz oğlu Əbu Zura İbnul-İraqi “Tarhut-Təsrib” kitabında zikr edərək deyir:

Atam – rahiməhullah – “Şərhut-Tirmizi”də dedi: “Həmçinin hasil olacaq zərəri dəf etmək üçün də (isbal etmək) heç bir məkruhluq olmadan caizdir; topuqlarının aşağısında bir zədə və ya qaşınan yara və buna bənzər şeylərin olması buna misaldır, əgər örtməsə - və həmin yeri örtmək üçün əbası və ya izarı və ya köynəyindən başqa bir şey tapa bilmir - milçək və bənzəri zərərli həşaratlar yaranın üstünə oturaraq ona əziyyət verəcəklər. Belə ki, peyğəmbər – salləllahu aleyhi va səlləm - əz-Zubeyr və İbn Aufa ipək paltar geyinməklərinə icazə vermişdi, çünki dərilərində qaşındırıcı yara var idi.[52]

İmam İbn Muflih əl-Maqdisi deyir:

Baldırlarının nazik olması kimi hallar (ehtiyaca misaldır) və buradakı murad qadınları aldatmağı qəsd etməməsi şərtinə bağlıdır. Bilinməməsi üçün özünə taxtadan ayaq düzəltmiş qısa boylu qadının halında (bu ehtiyacın ) əsaslılığı aydın görünür.[53]

Alləmə Mənsur əl-Buhuti əl-Hənbəli deyir:

Bir ehtiyac və ya səbəb üçün, misal üçün baldırının nazik olmasına görə edilməsinə gəldikdə isə İbn Qundus deyir: “(Əhməd) bunda bir problemin olmadığını bir mənalı olaraq demişdir.[54]

Bəzi ailələr övladlarının şalvarlarını qısaltmaqlarına şiddətlə etiraz edirlər və bu, ailədə fitnəyə gətirib çıxarır. Çox təəssüf ki, qardaşlarımız bu məsələdə hikmətsiz davranaraq valideynlərinə qarşı sərt bir etiraz nümayiş edirlər. Ailədə yarana biləcək fitnələrdən qaçmaq insanın duya biləcəyi ən güclü ehtiyaclardan biridir və bəzən bu hal zərurətə qədər gəlib çıxa bilər. Yuxarıda izah etdiyimiz kimi alimlərin böyük əksəriyyəti təkəbbürlük olmadan isbalın məkruh olduğunu və ehtiyac olduqda isə bunun caiz olduğunu deyirlər və Allahın izni ilə doğru olan da budur. Bunu nəzərə alaraq ailələrinə qarşı hikmətsiz davranan gənclərimizə nəsihət edərək demək istəyirik ki, bu halda paltarı qisaltmamağınız daha doğrudur.

 

 

İsbalın həddi hara qədərdir?

 

Paltarın topuqlardan aşağı düşmədən topuqların üstünü örtməsi hədislərin zahirinə əsasən isbal sayılmır, çünki hədislərdə topuqdan aşağı olan hissə haqqında təhdid varid olmuşdur. Şeyxul-İslam İbn Teymiyyə deyir:

Topuqların özlərinə gəldikdə isə əshabımızdan bəziləri dedi: “Topuğun ən aşağı hissəsinə qədər (paltarı) salmaq caizdir, qadağan olan isə topuqlardan aşağı düşən hissədir.” Əhməd dedi: “Topuqlardan aşağı hissə atəşdədir.” İbn Hərb dedi: “Əbu Abdilləh’dən uzun qamis haqqında soruşdum və dedi: “Əgər yerə dəymirsə (haram deyildir), çünki hədislərin çoxunda gəlir ki, topuqdan aşağı hissə atəşdədir.[55]

Lakin bir hədisdə Huzeyfə bin əl-Yəmən deyir: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – baldırımın və ya öz baldırının əzələsindən tutdu və dedi: “İzarın yeri buradır, əgər qəbul etməsən aşağı sala bilərsən və əgər yenə qəbul etməsən artıq izarın topuqlarda haqqı yoxdur.[56] Bu hədisin zahirindən anlaşılan budur ki, izarın topuqların üstünə düşməsi caiz deyildir. Lakin İmam Əhmədin rəvayət etdiyi ləfzdə deyilir: “İzarın topuqlardan aşağı hissədə haqqı yoxdur.[57] Bu hədislə bağlı olaraq Şeyx Abdur-Rauf əl-Munəvi – rahiməhullah – bəzi şərhlərə yer vermişdir: “əl-Qastalani dedi: “Bunun zahiri topuqlara qədər isbalın qadağan olması anlamına gəlir, lakin əl-Buxari’nin rəvayət etdiyi “topuqlardan aşağı hissə atəşdədir” hədisinin zahiri mənası topuqlara qədər deyil, topuqlardan aşağı düşənə qədər isbalın qadağan olmasına dəlalət edir. ən-Nəvəvi də bu cür söyləmişdir.” Bundan bir az sonra əl-Hafiz əl-İraqi’nin sözlərini nəql edir: “(Peyğəmbərin) “izarın topuqlarda haqqı yoxdur” sözü (izarın) topuqlara çatmasının haram olmasını tələb edir, lakin əl-Buxari’nin rəvayət etdiyi “topuqlardan aşağı hissə atəşdədir” hədisinin tələbi isə yalnız topuqlardan aşağı düşən hissənin haram olmasıdır, yoxsa topuqlara çatan hissənin haram olması deyildir.[58]

Hənbəli məzhəbinin görüşü də budur və topuğun üzərinə düşən paltar isbal sayılmır. Alləmə əl-Məvardi deyir: “İki rəvayətdən ən səhih olanına əsasən heç bir ehtiyac olmadan (paltarın) topuqlardan aşağı düşəcək qədər artıq olması məkruhdur.[59] Yəni məkruhluq topuğu keçən hissəyə aiddir, topuğun üzərinə düşən hissə isbaldan sayılmır.

 

 

Fayda:

 

Şeyx Bəkr bin Abdilləh Əbu Zeyd – rahiməhullah – isbal haqqında yazdığı risaləsində qeyd edir ki, isbalın həddində peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – təyin etdiyi son sünnət paltarın baldırın yarısına qədər deyil, topuğa qədər olmasıdır. Şeyx Bəkr paltarın üçüncü həddindən, yəni topuğa qədər olan həddindən danışarkən deyir: “Lakin peyğəmbərdən – salləllahu aleyhi va səlləm – bu hökmün caizlik mərtəbəsindən sünnət və müstəhəblik mərtəbəsinə qalxmasını ifadə edən iki hədis sabit olmuşdur. Ənəs bin Malik’dən peyğəmbərin – salləllahu aleyhi va səlləm – belə dediyi rəvayət olunur: “İzar baldırın yarısına qədərdir.” Bunun müsəlmanlar üzərindəki ağırlığını gördükdə dedi: “Topuqlara qədər və bundan aşağı hissədə heç bir xeyir yoxdur.” [Əhməd səhih bir sənədlə rəvayət edib] Bu isə aşıq şəkildə (paltarı) o həddə doğru salmağın peyğəmbərin – salləllahu aleyhi va səlləm – axırıncı göstərişi olduğunu göstərir.[60]

 

 

Ölkənin adəti nəzərə alınmalıdır

 

Burada son olaraq qeyd etmək lazımdır ki, bu cür məsələlərdə mütləq ölkənin adəti nəzərə alınmalıdır. Əhli-sünnət alimləri hər bir zaman müsəlmanları yaşadıqları yerin adətlərini nəzərə almağı və yerli insanlardan seçilməməyi öyrədiblər. Lakin bəzi qardaşlarımız sünnətin tətbiqində aşırı tədbirlərə əl atırlar və nəticədə millətin dillərinə düşürlər. Əslində bu cür əməllər hikmətsizlikdən irəli gəlir və belə məsələlərdə ətrafındakı insanlar tərəfindən barmaq ilə göstərilməmək üçün mötədil olmağa çalışmaq hikmətin tələbidir. Alimlərimiz bu cür sünnəti tətbiq edərək başqaları içində seçilməyə şöhtət damğası vurublar. Biz bu iki məqamla bağlı alimlərin sözlərinə yer verək! əl-Hafiz İbn Hacər deyir: “(Qadi) İyad alimlərdən adətdən artıq olan hər bir şeyin və geyimdə qəbul olunmuş adətdən uzunluq və genişlik baxımından artıq olan hər bir şeyin məkruh olması görüşünü nəql edib.”[61]

Alləmə Muhamməd bin Əhməd bin Səlim əs-Səfərini əl-Hənbəli deyir:

Məzhəbin mötəməd görüşünə görə insanlar yanında şöhrət ola biləcək paltar geyinmək məkruhdur...Ağamız əş-Şeyx Abdul-Qadir (əl-Ceylani) – qaddəsallahu ruhəhu – “əl-Ğunyə” kitabında deyir: “Öz ölkəsinin və tayfasının adətindən kənara çıxaraq (sahibini) insanlar arasında məşhurlaşdırıcı paltarlar da qadağan olunmuş paltarlar sırasına daxildir; beləliklə (insanların) geyindikləri paltarlardan geyinməlidir ki, ona barmaq ilə işarə olunmasın. (Yoxsa) bu, onların qeybət etməsinə səbəb olacaq ki, o da onların qeybətlərinə səbəb olduğu üçün günahlarına şərik olacaq.”...İmam Əhməd bir mənalı olaraq şöhrət paltarının haram olmamasını demişdir, çünki o, ağ-qara xətli bir paltar geyinmiş bir kişini gördükdə ona dedi: “Bunu burax və öz ölkənin əhalisinin geydiyi bir paltar geyin!” Dedi: “Bu, haram deyildir, əgər Məkkə və ya Mədinədə olsaydın səni qınamazdım.” ən-Nazim – rahiməhullah – dedi: “Çünki bu cür geyim onların orada geyindikləri bir tərzdir.” “əl-Furu” kitabında (İbn Muflih) deyir: “Şöhrət (libası) və ölkənin geyim tərzinə müxalif geyinmək məkruhdur.” Bunun haram olduğu da deyilib, lakin (İmam Əhmədin) açıq sözləri haram olmadığını ifadə edir. Şeyximiz – bununla Şeyxul-İslamı qəsd edir – dedi: “Şöhrət haramdır və bu, seçilmək və təvazökarlıq nümayiş etdirməkdir.[62]

Şeyx Mustafa əs-Suyuti ər-Ruheybani əl-Hənbəli deyir:

[İbn Aqil dedi:] hörmət və qəlblərini yaxınlaşdırmaq olaraq [insanların adətindən kənara çıxmaq olmaz,] yalnız adətlərində etdikləri və ya əhəmiyyət vermədikləri [haram işlər istisnadır], bu zaman onların bundan razı qalmaqları və ya qəzəblənməklərindən asılı olmayaraq (haram işlərində) onlara müxalif olmaq vacib olur.[63]

Bu böyüm alimlər və imamlar insanların geyimlərinə müxalif olanları şiddətlə inkar ediblər. Onlar insanlardan seçiləcək şəkildə zahidlik və təvazökarlıq əlaməti olan paltarları geyinməyi doğru saymayıblar. Bəzi qardaşlarımızın seçiləcək şəkildə şalvarlarını qısaltmaqları işin həqiqətində peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – sünnətinə uyğun deyildir. Bu tərz daha çox şöhrət libasını xatırladır və sələf bu cür şöhrət geyimlərindən çəkinərdilər. Zamanının böyük imamlarından biri Əyyub bin Əbi Təmimə əs-Səxtiyani[64] paltarı qısaltmağı şöhrət əlaməti sayardı. İmam Əhmədin oğlu deyir:

Atam bizə rəvayət etdi: Süleyman bin Hərb bizə rəvayət etdi və dedi: Həmməd bin Zeyd bizə rəvayət edərək dedi: “Əyyub məndən onun üçün bir köynək kəsməmi tələb etdi və dedi: “Elə et ki, ayağımın üstünə dəysin və qolunun ağzını bir qarış et![65]

Bu böyük imam artıq öz zamanında camaatdan seçiləcək şəkildə və onların dillərinə düşəcək şəkildə paltarı qısaltmağı şöhrət əlaməti sayardı.

Abdur-Razzaq bizə Mə’mər’dən, o da Əyyub’dan belə dediyini rəvayət edir: “Əvvəllər şöhrət paltarı (yerlə sürünəcək dərəcədə) uzatmaq idi, bu gün isə şöhrət onu qısaltmaqdadır.[66]

Yenə Əbu Nueym əl-İsfahani rəvayət edir: “Əbu Həmid bin Cəbələ bizə rəvayət etdi və dedi: Muhamməd bin İshaq bizə rəvayət etdi və dedi: İbrahim bin Said əl-Cəvhəri bizə rəvayət etdi və dedi: Abdur-Razzaq’a Mə’mər yazaraq dedi: “Əyyubun qamisində bir qədər uzunluq var idi və ondan bunun səbəbi soruşuldu. Dedi: “Bu gün şöhrət paltarı qısaltmaqdadır.[67]

əl-Hafiz İbn Abdil-Bərr – rahiməhullah – “ət-Təmhid” adlı mübarək kitabında deyir:

Sufyan bin Hüseyn[68] dedi: “Səmtin[69] nə olduğunu bilirsənmi? O, bığların qırxılması ilə və paltarın qısalması ilə olmur. O yalnız öz millətinin tərzini izləməklə olur və əgər elə edərsə onun səmti tapdığını deyərlər. Bəs iqtisadın[70] nə olduğunu bilirsənmi? O, nə aşırılıq, nə də qüsuru olmayan bir yolla yürüməkdir.[71]

Sələfin bu gözəl anlayışına tabe olmaq necə də gözəldir! Həqiqətdə əsl sünnəti yaşamaq budur. Heç bir aşırılığa getmədən, özünü insanların yanında yadlaşdırmadan və onlardan biri olduğunu göstərərək Allahın yoluna hikmət ilə dəvət etmək peyğəmbərimizin – salləllahu aleyhi va səlləm - əsl sünnəti olmuşdur.

Bütün bunları nəzərə alaraq deməliyik ki, təkəbbürlük olmadan paltarın topuqdan aşağı olması hədis imamlarının çoxuna görə və məzhəb imamlarının hamısına görə haram deyildir. Fitnəyə səbəb olan və insanları özündən çəkindirən tərzdə geyinmək də məkruhdur, hətta bir çox imama görə haramdır və onlar buna şöhrət libası deyirlər. Öz qövmünün adətlərinə zidd olmamaq özlüyündə bir ehtiyac olduğu üçün belə bir ehtiyac üzündən məkruh sayılan əməllər məkruhluluq dairəsindən çıxır.[72]

 


[1] Bax: “Lisənul-Arab”, 6/163; Dar İhyə ət-Turas əl-Arabi; “əl-Misbəh əl-Munir”, səh: 134, Darul-Ğaddil-Cədid

[2] əl-Buxari (5783); Muslim (2085);

[3] Əhməd (5/63) ; Əbu Davud (4085) ; ət-Tirmizi (2733) ; ən-Nəsai “əs-Sünən əl-Kubra”, (9691) ; İbn Hibban (522) ; ət-Tirmizi dedi: “Həsən səhihdir.” Eynilə İmam İbnul-Qayyim “Zadul-Məad” kitabında (2/420; Muəssəsətur-Risalə) hədisi səhih sayır.

[4] “Fəthul-Bari bi Şərh Sahih əl-Buxari”, 13/266; Dar Taybə, Riyad, birinci nəşr:1426/2005

[5] əl-Alləmə əl-İmam əl-Fəqih Musa bin Əhməd bin Musa bin Səlim bin Əhməd bin İsa bin Səlim, Şərəfud-Din, Əbun-Nəca əl-Həccavi əl-Maqdisi əs-Salihi hənbəli məzhəbinin ən məşhur alimlərindən biridir. Dəməşq şəhərində hənbəlilərin muftisi olub. Hicri 895-ci ildə Fələstindəki Nablus bölgəsinin kəndlərindən biri olan Həccə kəndində doğulub. Orada böyümüş, ilk islami biliklərini doğma kəndində almışdır. Daha sonra Dəməşqə səfər edərək Şeyxul-İslam Əbu Ömər’in mədrəsəsində yerləşir. Fiqh elmini Alləmə Şihəbud-Din Əhməd bin Muhamməd bin Əhməd əş-Şuveyki əs-Salihi, İmam Fəqih Əbu Hafs Nəcmud-Din Ömər bin İbrahim bin Muhamməd bin Muflih əs-Salihi, Alləmə Əbul-Bərakət Muhibbud-Din Əhməd ibn Muhamməd əl-Uqeyli kimi alimlərdən öyrənmişdir. O zaman üçün ali məhkəmə sayılan Darul-Adl’ın muftisi əs-Seyyid Kəmalud-Din Muhamməd bin Həmzə əl-Hüseyni’dən icazə almışdır. əl-Həccavi – rahiməhullah – bir çox əsərin sahibidir və bunların içində ən məşhur əsərləri hənbəli fiqhində yazdığı əsərlərdir. “əl-İqna li Talib əl-İntifa” və “Zadul-Mustəqni fi İxtisar əl-Muqni” kimi məşhur hənbəli fiqh mətnləri ona aiddir. Bu böyük alim çox mübarək bir həyat sürərək hicri 968-ci ildə Dəməşq şəhərində dünya həyatına vəda etdi. Allah ona rəhmət etsin!

[6] “əl-İqna li Talib əl-İntifa”, 1/139; Darul-Məlik Abdil-Aziz, üçüncü nəşr: 1423/2002

[7] əl-İmam əl-Fəqih Əbus-Səadət Mənsur bin Yunus bin Salah əd-Din bin Həsən bin Əhməd bin Əli bin İdris əl-Buhuti (və ya əl-Bəhuti) əl-Misri əl-Qahiri hənbəli məzhəbin ən böyük fəqihlərindən biridir. Misirdə hənbəlilərin şeyxi olub. əl-Buhuti adı Misirin “Buhut” adlı bölgəsinə nisbət olaraq verilib. Hicri 1000-ci ildə anadan olub. Asudə vaxtlarını hənbəli məzhəbinin təhqiqinə həsr etmişdir. Buna görə də Şam, Nəcd, Qüds və Bə’alə torpaqlarındakı hənbəlilər onun yanına səfər edərdilər. İbnul-Həccavi əl-Hənbəli, Abdullah əd-Dənuşiri əş-Şafi’i, Şeyx Muhamməd əl-Mərdavi kimi alimlərdən elm alıb. Şeyx Məri bin Yusuf əl-Kərmi, İbnun-Nəccar əl-Fətuhi kimi alimlər onun tələbələri olublar. “ər-Ravd əl-Murbi Şərh Zad əl-Mustaqni”, “Kəşşəful-Qina an Mətnil-İqna”, “Dəqaiq Ulin-Nuhə li Şərhil-Muntəha”, “İrşad Ulin-Nuhə li Dəqaiq əl-Muntəha”, “əl-Minəh əş-Şəfiyyə fi Şəhr Nəzmil-Mufradat” və “Umdətut-Talib li Neylil-Məərib” adlı çox əhəmiyyətli fiqh kitablarının müəllifidir. Hicri 1051-ci ildə cümə günü vəfat etmişdir.

[8] “Kəşşəful-Qina anil-İqna”, 2/152-153; Vazəratul-Adl, Riyad, birinci nəşr: 1422/2001

[9] əl-Buxari (5787)

[10] Paltarını “isbal” edən.

[11] Muslim (106)

[12] “Aridətul-Əhvazi Şərh Sahih ət-Tirmizi”, 7/238; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1417/1997

[13] Şeyx Şueyb əl-Arnavut hədisin təhqiqində deyir: “Bu (əsər) “Hilyətul-Əvliya” (1/302) kitabındadır və bütün raviləri siqadır, lakin Hilal bin Xabbəb’in halı həyatının sonunda dəyişmişdir.”

[14] Geniş və qolları uzun bir paltardır və pambıq və ya ipək və yaxud da yundan hazırlanır.

[15] “Siyər Əaləm ən-Nubələ” 3/233-234; Muəssəsətur-Risalə, Beyrut, on birinci nəşr: 1417/1996

[16] Lakin Əmir əs-San’ani “Subulus-Sələm” kitabında cumhurun görüşünə müvafiq bir rəy bildirir.

[17] Sahih əl-Buxari, (5784)

[18] Sahih əl-Buxari, (5785)

[19] “Buğyətur-Raid fi Təhqiqi Məcməiz-Zəvaid va Mənbəil-Fəvaid”, 9/464-465; Darul-Fikr, Beyrut, birinci nəşr: 1414/1994

[20] Uzun və ya qısa olan köynəklərə ərəblər qamis deyirlər.

[21] “əl-Musannəf l’ibn Əbi Şeybə”, 19/336; Darul-Qiblə/Muəssəsətu Ulumil-Quran, Cuddə/Dəməşq, birinci nəşr: 1427/2006

[22] ”əs-Sunən əl-Kubra”, 2/344; Darul-Kutubil-İlmiyyə, Beyrut, üçüncü nəşr: 1424/2003

[23] “əl-Musannəf l’ibn Əbi Şeybə”, 12/507; Darul-Qiblə/Muəssəsətu Ulumil-Quran, Cuddə/Dəməşq, birinci nəşr: 1427/2006

[24] “Sahih İbn Hibban bi Tərtib İbn Balban”, 2/282; Muəssəsətur-Risalə, Beyrut, ikinci nəşr: 1414/1993

[25] “Sahih Muslim bi Şərh ən-Nəvəvi”, 14/63; əl-Mətbəə əl-Misriyyə bil-Əzhar, Misir, birinci nəşr: 1349/1930

[26] “Şərhul-Umdə”, 2/364; Darul-Asi/spantext-align: justify; mə, Riyad, birinci nəşr: 1418/1997

[27] “Tarhut-Təsrib fi Şərhit-Təqrib”, 8/173-174; Dar İhyə ət-Turas əl-Arabi, Beyrut, birinci nəşr

[28] “Fəthul-Bari bi Şərh Sahih əl-Buxari”, 13/266; Dar Taybə, Riyad, birinci nəşr:1426/2005

[29] “Bəzul-Məchud fi Həlli Əbi Davud”, 16/411; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr

[30] Bu kitab hənəfi fiqhindəki fətvalar haqqında Şeyx Nizam əl-Hənəfinin rəhbərliyi ilə iyirmi üç nəfər hindistanlı alim tərəfindən hazırlanmış böyük bir kitabdır. Aləmgir adı ilə tanınan Sultan Əbul-Muzaffər Muhamməd Övrəngzib’in tələbi ilə hazırlanıb və buna görə də kitab həm də “əl-Fətava əl-Aləmkiriyyə” adı ilə tanınır. Aləmgir dünyanı fəth edən anlamına gəlir.

[31] “əl-Fətava əl-Hindiyyə əl-Marufə bil-Fətava əl-Aləmkiriyyə”, 5/411; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1421/2000

[32] “Umdətul-Qari Şərh Sahih əl-Buxari”, 21/439; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1421/2001

[33] “Feydul-Bari alə Sahih əl-Buxari”, 6/72; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1426/2005

[34] “ət-Təmhid limə fil-Muvatta minəl-Məani val-Əsənid”, 3/224; Vazəratul-Əvqaf vaş-Şuunil-İsləmiyyə, Mərakeş, birinci nəşr: 1391/1971

[35] Tam adı: Süleyman ibn Xaləf ibn Sad (və ya Said və ya Sadun) ibn Əyyub, əl-Qadi Əbul-Valid ət-Tuceybi, əl-Əndəlusi, əl-Qurtubi, əl-Baci, ət-Təmimi, əz-Zəhəbi, əl-Maliki. (hicri. 403-474) Sevilyanın yanında Baca kəndində doğulmuşdur. Əbu əl-İsba ibn Şakir, Muhamməd bin İsmail, Əbu Muhamməd Məkki ibn Əbi Talib, əl-Qadi Yunus ibn Abdilləh ibn Muğis, İbn əl-Mutavvai, İbn Muhriz, İbn əl-Varraq, İbn Amrus, əl-Xatib əl-Bəğdadi, İbn Abdil-Bərr, əl-Damiğani və başqalarından dərs almışdır. Yaşlarının böyük olmasına baxmayaraq əl-Xatib və İbn Abdil-Bərr ondan hədis yazıblar. Tələbələri arasında isə Əbu Abdilləh əl-Humeydi, Əli ibn Abdilləh əs-Saqali, Əhməd bin Ğazlin, Əbu Bəkr ət-Turtuşi, Əbu Əli əl-Ciyani əs-Sadəfi, Əbu əl-Qasim əl-Məarifi, İbn Əbi Cafər, əl-Qadi Əbu Abdilləh Muhamməd ibn Abdirrahmən ibn Bəşir kimi alimlər olmuşdur.
Dörd dəfə həcc etmişdir. Üç il Məkkədə yaşadığı müddət ərzində Əbu Zərr əl-Haravidən, üç il Bağdadda Əbu ət-Tayyib ət-Tabəri və Əbu İshaq əş-Şirazidən, Mosulda isə Əbu Cafər əs-Səmnani və İbn əl-Baqillanidən elm tədris etmişdir.
əl-Baci Əndəlusə geri qayıtdıqdan sonra Mayorkaya gedir və orada İbn Həzm ilə münaqişədə üstün gəlir. İbn Həzmin belə dediyini İbn Bassam nəql edir: "Əgər malikilərdə yalnız Abdulvahhab (ibn Əli ibn Nasir əl-Bəğdadi) və əl-Baci kimi iki nəfər alim olsaydı maliki məzhəbi üçün kifayət edərdi."
Müəllifin kitablarından "ət-Təsdid ilə Marifə ət-Təuhid", Sunən əl-Minhəc", "Tartib əl-Həcc", "İhkəm əl-Fusul fi Əhkam əl-Usul", "ət-Tadil va əl-Təcrih li mən Xarracə anhu əl-Buxari fi əs-Sahih" və Şərh əl-Muvatta kimi əsərlər vardır. "əl-Muvatta"nın şərhi iki versiyada mövcuddur və onlardan ilki əl-İstifa adı ilə tanınır, bunun müxtəsər şəkli isə əl-Muntəqa adlanır.”

[36] “əl-Muntəqa Şərh Muvatta Məlik”, 9/314-315; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1420/1999

[37] “Kifayətut-Talibir-Rabbani alə Risaləti-bni Əbi Zeyd əl-Qayravani va bil-Həmiş Haşiyətul-Adəvi”, 4/348; Mətbəətul-Mədəni, Qahirə, birinci nəşr: 1409/1989

[38] İmam ən-Nəvəvi özü “əl-Məcmu” kitabında (3/181) sədl sözünün izahında deyir: “Dil alimləri deyirlər ki, (sədl) paltarı yerə dəyəcək şəkildə boşaltmaq/uzatmaqdır.”

[39] “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 3/182; Məktəbətul-İrşad, Cuddə, Muhamməd Buxeyt əl-Matii təhqiqi

[40] “Sahih Muslim bi Şərh ən-Nəvəvi”, 14/62; əl-Mətbəə əl-Misriyyə bil-Əzhar, Misir, birinci nəşr: 1349/1930

[41] “Muğnil-Muhtac ilə Marifəti Məani Əlfəzil-Minhəc”, 1/461; Darul-Marifə, Beyrut, birinci nəşr: 1418/1997

[42] “əl-Muğni Şərh Muxtəsar əl-Xiraqi”, 2/298; Dar Aləmil-Kutub, Riyad, üçüncü nəşr: 1417/1997

[43] “Kitəbul-Furu va məahu Təshih əl-Furu”, 2/60; Muəssəsətur-Risalə/Darul-Muəyyəd, Beyrut/Riyad, birinci nəşr: 1424/2003

[44] “əl-İqna li Talibil-İntifə”, 1/139; Darul-Məlik Abdil-Aziz, üçüncü nəşr: 1423/2002

[45] “ər-Ravdul-Murbi Şərh Zadil-Mustaqni”, 2/124; Mədarul-Vatan, Riyad, ikinci nəşr: 1426/2005

[46] “Muntəha əl-İradət fi Cəmil-Muqni məət-Tənqih va Ziyadət”, 1/173; Muəssəsətur-Risalə, Beyrut, birinci nəşr: 1419/1999

[47] “Kitəbul-Furu va məahu Təshih əl-Furu”, 2/59; Muəssəsətur-Risalə/Darul-Muəyyəd, Beyrut/Riyad, birinci nəşr: 1424/2003

[48] “əl-İnsaf fi Marifətir-Racih minəl-Xiləf”, 1/471-472; Dar İhyə ət-Turas əl-Arabi, Beyrut, birinci nəşr: 1374/1955

[49] “Şərhul-Umdə”, 2/361; Darul-Asamə, Riyad, birinci nəşr: 1418/1997

[50] Yəni əl-Hafiz Abdur-Rahim bin əl-Huseyn bin Abdir-Rahmən əl-İraqi

[51] “Fəthul-Bari bi Şərh Sahih əl-Buxari”, 13/257; Dar Taybə, Riyad, birinci nəşr:1426/2005

[52] “Tarhut-Təsrib fi Şərhit-Təqrib”, 8/174; Dar İhyə ət-Turas əl-Arabi, Beyrut, birinci nəşr

[53] “Kitəbul-Furu va məahə Təshih əl-Furu”, 2/59; Muəssəsətur-Risalə/Darul-Muəyyəd, Beyrut/Riyad, birinci nəşr: 1424/2003

[54] “İrşad Ulin-Niha li Dəqaiqil-Muntəha”, səh: 176; Darul-Xadar, Beyrut, birinci nəşr: 1421/2000

[55] “Şərhul-Umdə”, 2/367; Darul-Asamə, Riyad, birinci nəşr: 1418/1997

[56] ət-Tirmizi (1783) ət-Tirmizi dedi: “Bu, həsən və səhih bir hədisdir.” Hədisi həm də Şeyx əl-Albani səhih saymışdır.

[57] “Musnəd İmam Əhməd bin Hənbəl”, 38/279; Muəssəsətur-Risalə, Beyrut, birinci nəşr: 1421/2001; Müsnədi təhqiq edən Şeyx Şueyb əl-Arnavut sənədinin güclü olduğunu deyir.

[58] “Cəmul-Vasəil fi Şərhiş-Şəməil va bi Həmişihi Şərh əl-Munəvi”, 1/174; Mustafa əl-Babi əl-Hələbi, əl-Mətbəə əş-Şərafiyyə, Misir, hicri 1318-ci il

[59] “əl-İnsaf fi Marifətir-Racih minəl-Xiləf”, 1/472; Dar İhyə ət-Turas əl-Arabi, Beyrut, birinci nəşr: 1374/1955

[60] “Həddus-Səubi val-Uzrah va Təhrimil-İsbəli va Libəsiş-Şuhrah”, səh: 9; Darul-Asimə, Riyad, birinci nəşr: 1416

[61] “Fəthul-Bari bi Şərh Sahih əl-Buxari”, 13/265; Dar Taybə, Riyad, birinci nəşr:1426/2005

[62] “Ğizəul-Əlbəb Şərh Mənzumətil-Ədəb”, 2/125-126; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1417/1996

[63] “Mətalib Ulin-Nuha fi Şərhi Ğayətil-Muntəha”, 1/351; əl-Məktəb əl-İsləmi, Beyrut, birinci nəşr: 1381/1961

[64] əl-Hafiz Əbu Bəkr Əyyub bin Əbi Təmimə Keysan əl-Anzi əs-Səxtiyani əl-Basri, zamanın ən böyük imamlarından bidir, alimlərin ağası olmuşdur. İbn Abbasın öldüyü ildə, hicri 68-ci ildə doğulub və səhabələrdən Ənəs bin Maliki görmüşdür. Zamanının yetmişə yaxın ən böyük tabii imamlarından elm alıb və həmin imamlar özləri də Əyyubdab hədis rəvayət ediblər. Alimlərin onun haqqında dediyi tərifli sözlərin sayı yoxdur. Bu böyük zat hicri 131-ci ildə altmış üç yaşında vəfat etmişdir.

[65] “Kitəbul-İləl va Mərifətir-Ricəl”, 1/406 (rəqəm: 841); Darul-Xani, Riyad, ikinci nəşr: 1422/2001

[66] Əbu Bəkr Abdur-Razzaq, “əl-Musannəf”, 10/127; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1421/2000

[67] “Hilyətul-Əvliya va Tabəqatul-Əsfiya”, 3/7; Darul-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: 1409/1988

[68] əl-Hafiz Əbu Muhamməd Sufyan bin Hüseyn bin əl-Həsən əl-Vasiti, əl-Həsən əl-Basri, Muhamməd bin Sirin, əl-Həkəm bin Uteybə, əz-Zuhri və İyyəs bin Muaviyə kimi tabiin nəslindən rəvayət etmişdir. Məşhur hədis ravisidir, alimlər onu siqa olaraq qəbul ediblər, amma əz-Zuhri’dən rəvayət etdiyi rəvayətlərində iztirab olduğuna işarə ediblər. Hicri 150-ci illərdə vəfat etmişdir.

[69] Səmt ərəb dilindən bizim dilə tərcümədə alicənab və xoş görüş, doğru tərz anlamına gəlir.

[70] İqtisad sözü örta ölçülü, ehtiyatlı olma anlamına gəlir.

[71] “ət-Təmhid limə fil-Muvatta minəl-Məani val-Əsənid”, 21/68; Vazəratul-Əvqaf vaş-Şuunil-İsləmiyyə, Mərakeş, birinci nəşr: 1410/1989

[72] Lakin paltarın topuqdan aşağı olmasının hər bir halda haram olduğuna etiqad edən müsəlmanlara qövmünün adətlərinə tabe olaraq harama girmək caiz deyildir. Bizim bu dediklərimiz alimlərin əksəriyyətinin görüşünü qəbul edib bunun sadəcə məkruh olduğuna etiqad edənlərə aiddir. Bu fərqə diqqət vermək lazımdır.

“əl-Məcmu Şərh əl-Muhəzzəb”, 3/182; Məktəbətul-İrşad, Cuddə, Muhamməd Buxeyt əl-Matii təhqiqi

 

/p/strong/a

[72]/pp /ppa href=

Aktual Mövzular