Səfərin müddəti

Allahın insanlara rəhm olaraq göndərdiyi İslam şəriəti insanların məsləhətlərini nəzərə alaraq onlara ibadətlərində asanlıq tanımışdır. Qullarına müəyyən vaxtlarda və məhdud rükətlərdə beş vaxt namaz əmr edən Allah – Azzə va Cəllə - rəhmətinin təzühürü olaraq onlardan yer üzündə müsafir olanlara güzəşt etmiş və onlara namazlarını qısaltmağa izn vermişdir. Lakin bu rüxsətdən yararlanmaq üçün səfərin hər hansı bir müddəti mövcuddurmu?

 

Səfərin şəkilləri və növləri vardır. Əgər bir kimsə bir başqa yerdə yerləşmək, orada məskən salmaq niyyəti ilə səfər edərsə həmin yerə çatdığı anda artıq onun səfəri bitmiş sayılır və ümmətin alimlərinin hamısı bunda icma etmişdir.

Bir kimsə bir ehtiyacının dalınca uzaq bir yerə səfər edərsə, bu ehtiyacını ödədikdən sonra geri dönməyi niyyət edirsə, lakin ehtiyacını nə zaman bitirəcəyini, yəni bir günə, yoxsa bir həftəyə, yoxsa bir ilə bitirəcəyini bilmirsə alimlərin böyük əksəriyyətinə görə belə biri orada qaldığı müddətdə səfərin rüxsətlərindən istifadə edə bilər. Bu, elm əhlindən Əbu Hənifə, Malik və Əhmədin görüşüdür və bu, İmam əş-Şafinin iki görüşündən biridir.

Amma bir insanın məlum bir müddətə səfər etməsi halında səfərin rüxsətlərini caiz görən hər hansı bir məhdud müddətin olmasında alimlərin fərqli görüşü vardır. Birinci görüşə əsasən belə bir məhdud vaxt mövcuddur, lakin bu görüşdə olan alimlər həmin vaxtın neçə gün olmasında öz aralarında ixtilaf ediblər. İkinci görüşə görə isə səfərdə rüxsətlərdən istifadə etmək üçün hər hansı bir vaxt məhdudiyyəti yoxdur və səfər edən həmin yerdə yerləşməyə, həmin yerdə qalmağa niyyət etmədikcə səfər rüxsətlərindən istifadə edə bilər. Bu, Şeyxul-İslam İbn Teymiyyənin görüşüdür və müasirlərimizdən bir çox şeyx bu görüşü qəbul edib.

Bu məqaləmizdə sözü uzun tutaraq alimlərin görüşlərini araşdırmağı, onların dəlillərinə təfsilatlı şəkildə dalmağı qarşımızda məqsəd qoymamışıq, amma kiçik bir yazıda səfər üçün məhdud bir gün sayının olduğunu göstərmək və alimlərin əksəriyyətinin görüşünü təqdim etmək istəyirik. Alimlərin əksəriyyətinin görüşü isə burada dörd gün və daha çox bir müddət üçün səfər edən bir müsəlmanın mənzil başına çatdıqdan sonra artıq müsafir olmaması görüşüdür. Bu görüşün dəlillərini aşağıda bu sıra ilə təqdim etmək olar:

 

***

 

Birinci: Allahu Təalə deyir: “Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa namazı qısaltmağa görə sizə günah gəlməz.[1] Bu mübarək ayə sünnətdəki izah ilə birlikdə səfərdəki rahatsızlıq və düşmən qorxusu olduğu zamanda namazı qısaltmağı məşru görmüşdür. Bu ayə həm qorxu namazı üçün, həm də səfər namazı üçün aşkar bir dəlildir. Allah – Təbərakə va Təalə - daha sonra deyir: “Xətircam olduqda isə namazınızı tamamlayın![2] Ayədəki xətircamlıq həm düşmən qorxusunun sovuşması, həm də səfər əziyyətinin qalxması mənasında anlaşılmalıdır. Beləliklə bu ayə bizə xətircam olduğumuz təqdirdə namazları tam şəkildə qılmağı əmr edir və qeyd etdiyimiz kimi xatircəmlıq bədənin hərəkət əziyyətindən, qəlbin isə qorxudan qurtulması deməkdir. Bu bir daha isbat edir ki, namazları tam qılmaq yalnız bir yerdə yerləşmək, həmin yerdə qalmağı qərar almaqla vacib olmur, ayənin zahirindən anlaşıldığı kimi səfərin bitməsi ilə namazları tam şəkildə qılmaq vacib olur. Buna görə də əl-Hafiz İbn Abdil-Bərr – rahmətullahi aleyhi – deyir: “(Hökmdə) əsl olan budur ki, iqamə etmiş hər bir kəsə namazı tam qılmaq vacibdir, amma bir sünnətin və ya icmanın bunu xüsusiləşdirməsi istisnadır. Beləliklə sünnət bu miqdarı təyin etmişdir və bu miqdardan artığını edənə namazı tam qılmaq vacibdir.[3] Yəni əsli hökm səfər etdiyin yerə yetişib orada ayaq saxladıqdan sonra namazları tam şəkildə qılmağın vacib olmasıdır, lakin bu hökmün ümumiliyini bir sünnət və ya bir icma xüsusiləşdirə bilər. İbn Abdil-Bərr burada sünnətin belə bir müddət qoyaraq mənanın ümumiliyini xüsusiləşdirdiyini qeyd edir və həmin müddətdən artığını tələb etmək olmaz, həmin müddətə artıran kimsəyə namazı tamamlamaq vacib olur.

Məşhur maliki alimi əl-Qadi Əbu Muhamməd Abdul-Vahhəb (vəfatı hicri 422) cumhurun görüşünü müdafiə edərkən bu ayəni dəlil gətirərək deyir: “Yer üzünə səfərə çıxdığınız zaman...” və bu[4], etdiyi iqamə niyyəti ilə artıq (yer üzündə) səfərə çıxanlardan sayılmır.[5] Bu və digər alimlər ayənin zahirini bu məsələdə dəlil gətirirlər, çünki yuxarıda da izah etdiyimiz kimi ayə səfərin bitməsi halında namazları tam qılmağı vacib edir.

Bir və ya bir neçə il ərzində xaricdə təhsil almağa gedən müsəlman tələbələrə orada qaldıqları müddətdə səfər namazı qılmağı caiz görənlərə rədd olaraq bu ayə belə kifayət edər, çünki ayənin göstərdiyi kimi əsli hökm səfəri bitirib ayaq saxladıqda namazları tam qılmağın vacib olmasına hökm edir, yoxsa peyğəmbərin – salləllahu aleyhi va səlləm – səfərlərindən ortaya dəlil çıxarmağı bacarmadıqda səfərin müddətinin olmadığını demək doğru deyildir.

 

***

 

İkinci: Daha əvvəl ayənin izahında qeyd etdik ki, ayə yolda səfərdə olmayana namazı qısaltmağı caiz görmür, ona görə də əsli hökmün mənzil başına çatıb ayaq saxlayana namazı tam şəkildə qılmaq olduğunu dedik. Üsul alimlərinə görə peyğəmbərin – salləllahu aleyhi va səlləm - əməlləri ümumilik mənasını daşımır, çünki həmin əməllərin ona xas olması və ya digər ehtimalların olması mümkündür. Lakin mənası ümumi sayılan peyğəmbərin – salləllahu aleyhi va səlləm – sözləridir.

Peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – səfərlərinə nəzər saldıqda görəcəyik ki, fərqli yerlərdə fərqli müddətlərdə qalmış və namazlarını qısaltmışdır. İmam Əhməd Cabir bin Abdilləh’dən belə dediyini rəvayət edir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – Təbukdə iyirmi gün qaldı və namazlarını qısaltdı.[6] İbn Abbasın rəvayətində isə deyir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – Məkkəni fəth etdikdə orada on doqquz gün qaldı və iki rükət qıldı”.[7] Lakin bu rəvayətlərə nəzər salan bunlara xas olan bəzi halları görəcəkdir. Hər şeydən əvvəl bunlar hərbi yürüşlərə aiddir və məlumdur ki, hərbi yürüşlər ani doğan ehtiyacdan dolayı qalma müddəti planlaşdırılmayan yürüşlərdir. Ona görə də bu kimi rəvayətlər səfərin müddəti üçün dəlil gətirilməz. Alimlər bu əsərləri də qəbul etmiş və onları öz məqamlarına müvafiq şəkildə dəlil kimi istifadə etmişlər. Bu əsərlərə dayanaraq nə qədər müddət qalacağını bilmədən səfərə çıxan birinin qaldığı müddətdə namazlarını qısaltmasını caiz görürlər, bu isə bizim ixtilaf dairəmizdən kənara çıxır. Biz burada məqsədli şəkildə müəyyən və ya təqribi bir vaxt qalmağı planlaşdıraraq səfər edənlərin halını müzakirə edirik. Ona görə də bütün rəvayətlər içindən peyğəmbərin – salləllahu aleyhi va səlləm – yalnız bir səfəri bizim mövzumuza aiddir və bu, onun Məkkəyə həcc üçün etdiyi səfərdir. Beləliklə peyğəmbərin – salləllahu aleyhi va səlləm – həcc üçün Məkkəyə etdiyi səfər Təbuk və Məkkə fəthi yürüşlərindəkindən fərqli olaraq öncədən planlaşdırılmış bir səfər idi, çünki həccin əməlləri və həccin tələb etdiyi müddət məlum idi. Bu səfərində Məkkədə qaldığı müddət isə dörd gündən az bir müddət olmuşdur. İmam Məcdud-Din Əbul-Bərakət İbn Teymiyyə - rahiməhullah - əhkam hədislərini topladığı kitabında “bir şəhərə daxil olan və orada dörd gün qalmağı niyyət edən namazı qısaldar” adlı bir bab açmışdır. Orada Ənəsin hədisini rəvayət edir: “Yəhya bin Əbi İshaq Ənəsdən rəvayət edir: “Peyğəmbər ilə - salləllahu aleyhi va səlləm – Mədinədən Məkkəyə doğru çıxdıq, buna görə Mədinəyə geri dönənə qədər iki-iki namaz qıldı.” Dedim:[8] “Orada bir gün belə qaldınızmı?” Dedi: “Orada on gün qaldıq.[9] Bunu nəql etdikdən sonra Alləmə əl-Məcd İbn Teymiyyə deyir: “Əhməd dedi: “Ənəsin hədisinin anlayış açısı onun peyğəmbərin – salləllahu aleyhi va səlləm – həm Məkkədə, həm də Minada qaldığı müddəti hesaba almasıdır, yoxsa bundan başqa bir mənası yoxdur.” (Bunun üçün) Cabirin hədisini dəlil gətirdi ki, “peyğəmbər – salləllahu aleyhi va səlləm – zul-hiccə ayının dördündə sabah vaxtı Məkkəyə çatdı, orada (zul-hiccənin) dördüncü, beşinci, altıncı və yeddinci günləri qaldı və səkkizinci gün sübh namazını qıldı və sonra Minaya çıxdı və təşriq günlərindən sonra Mədinəyə doğru üz tutaraq Məkkədən çıxdı.[10] Beləliklə peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – Məkkədə tam olaraq üç gün qaldı və bu günlər zul-hiccə ayının beşi, altısı və yeddisi idi. Ayın dördü və səkkizi naqis gün idi. Alimlərin əksəriyyəti bu xəbərə əsaslanaraq səfərin müddətini təyin etməyə çalışıblar. Bunu gün ilə müəyyən edənlər də öz aralarında cüzi ixtilaf ediblər, amma bu cüzi fərqləri kənara qoysaq alimlərim böyük əksəriyyətinin bu məsələdə əsaslandıqları dəlillərin eyni olduğunu görürük. Bu səbəbdən bu dəlillərin mövzumuzla bir başa bağlı olduğunu anlamaq lazımdır.

Əgər soruşsalar ki, bunu dörd gün ilə nə üçün məhdudlaşdırdınız? Ola bilsin ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – daha uzun müddət qalsaydı namazını qısaldacaqdı yaxud da daha erkən gəlsəydi beş gün qalıb namazlarını qısaldacaqdı! Bu sualın cavabını anlamaq çox əhəmiyyətlidir. Bil ki, belə bir səfərdə iki hökm qarşı-qarşıya gəlir. Birinci hökm namazı qısaltmağı mübah görən hökmdür və bu, üç və daha az bir müddətdə qalan birinin səfərində bir yerdə ayaq saxlayıb, sonra səfərinə davam edən birinə bənzəməsinə görədir. İkinci hökm isə namazı tam qılmağı vacib görən hökmdür və bu, namazı tam qılmağı vacib görən mütləq bir iqaməyə bənzəməsinə görədir, çünki müsafirin bir gün belə bir yerdə qalması “iqamə” sözünün əhatə dairəsinə girir.  Üsul alimlərinə görə tam qılmağı vacib görən ilə qısaltmağı mübah görən iki hökm bir-biri ilə ziddiyət təşkil edərsə, o zaman tam qılmağı vacib görən önə keçirilməlidir, çünki bu dinin və şəxsin xeyri üçün daha salamat və xətaya düşməkdən daha uzaq bir seçimdir. əz-Zərkəşi yuxarıda zikr etdiyimiz Cabirin hədisi barədə İmam Əhmədin sözlərini zikr etdikdən sonra deyir: “Kim bu qədər qalarsa namazını qısalda bilər, əgər bundan artıq qalarsa tam qılmalıdır, çünki qiyas hədarda[11] mütləq olaraq tam şəkildə qılmağı tələb edir, çünki əsli hökm budur, lakin rüxsət səbəbi ilə aradan qalxmışdır.[12] Yəni əsli hökm səfər bitdikdən sonra bir yerdə ayaq saxlayana namazları tam qılmağı vacib görür, peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – planlı şəkildə Məkkədə həcc üçün qaldığı müddət rüxsət olaraq bu müddətdə qalana namazı qısaltmağı caiz görür. Peyğəmbərin – salləllahu aleyhi va səlləm – bundan artıq bir müddətdə qaldığı bilinmədiyi üçün əsli hökmə geri dönmək lazımdır, yoxsa bəziləri tam tərsinə edərək sünnətdən heç bir dəlil olmadan rüxsətin vaxtını sonsuz şəkildə uzadırlar. Ona görə də kimsə soruşsa ki, daha uzun müddət qalsaydı peyğəmbərin – salləllahu aleyhi va səlləm – namazlarını tam qılacağını hardan bilirsiniz, halbuki bunun heç bir dəlili yoxdur? O zaman biz deyərik ki, bəs siz hardan bilirsiz ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – daha çox qalmağı niyyət etsəydi namazları qısaldacaqdı? Əgər hər iki tərəf üçün bir dəlil yoxdursa, o zaman əslə dönmək vacibdir və əsli hökm yuxarıda izah etdiyimiz kimi Quran ayəsinin tələbi ilə namazları tam qılmaqdır.

İmam ən-Nəvəvi peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – Məkkədə qalması haqqında Cabirin hədisini şərh edərkən deyir: “Burada dəlil vardır ki, əgər müsafir giriş və çıxış günlərindən savayı dörd gündən az bir vaxt iqamə etməyi niyyət edərsə namazlarını qısalda bilər və üç gün isə iqamə sayılmır, çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – və mühacirlər Məkkədə üç gün qaldılar, beləliklə də bu, üç günün şəri bir iqamə olmadığına və giriş ilə çıxış günlərinin hesaba alınmadığına dəlalət edir. Bunların hamısı əş-Şafi və alimlərin çoxunun görüşüdür.[13]

 

***

 

Üçüncü: Tam olaraq dörd gün qalmağı niyyət edənin artıq muqim sayılacağını və namazı tam qılmasının vacib olacağını dəstəkləyən daha bir dəlil mövcuddur. Məkkədən hicrət edən mühacirlərə hicrətin gərəyi Məkkədə qalmaq, orada iqamə etmək, yerləşmək qadağan idi. Abdur-Rahmən bin Humeyd deyir: “Ömər bin Abdil-Azizi (məclisində) oturanlara belə deyerkən eşitdim: “Məkkədə yerləşmək haqqında nə eşitmisiz?” əs-Səib bin Yezid dedi: “əl-Alə’ni eşitdim (və ya əl-Alə bin əl-Hədrami dedi: ) “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Mühacir həccini bitirdikdən sonra Məkkədə üç gün qala bilər.[14] Muslimin rəvayətində belə bir əlavə mövcuddur: “Sanki deyirdi ki, ondan artıq qalmamalıdır.” Bu hədisin zahirindən anlaşılır ki, mühacirlərə Məkkədə yerləşmək qadağan idi, lakin peyğəmbər – salləllahu aleyhi va səlləm – onlara üç gün qalmağa icazə vermişdi. Bununla da üç gün qalmağın bir iqamə olmadığını, səfər hökmünü pozmadığını bizlərə öyrətmişdir. Alimlərin böyük əksəriyyəti məhz bu dəlilə əsaslanaraq səfərin müddətini belə müəyyən ediblər, onlara görə kim tam dörd gün qalmağı niyyət edərsə artıq namazlarını tam qılmalıdır. Alləmə İbn Qudamə - rahiməhullah – İmam Əhməddən gələn birinci görüşü qeyd etdikdən sonra deyir: “Ondan (gələn digər rəvayətə görə) əgər dörd gün qalmağı niyyət edərsə (namazları) tamamlamalıdır, bundan az bir müddətə niyyət edərsə qısalda bilər. Bu, Malikin, əş-Şafinin və Əbu Səvrin görüşüdür, çünki üç gün az sayıla biləcək müddətin həddidir və bunun dəlili peyğəmbərin – salləllahu aleyhi va səlləm – bu sözləridir: “Mühacir həccini bitirdikdən sonra üç gün qala bilər.[15]

Allahın elçisi – salləllahu aleyhi va səlləm – mühacirlərə yalnız üç gün qalmağı icazə verdiyi üçün dörd günün artıq səfəri pozduğunu anlamış oluruq. Məşhur maliki alimi əl-Məziri deyir: “Dörd gün görüşünün əsası budur ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – mühacirə həccini bitirdikdən sonra Məkkədə üç gün qalmağa icazə verdi və mühacirlər Məkkədə yerləşə bilməzlər. Beləliklə bu, onu göstərir ki, üç günün hökmü səfərin hökmüdür.”[16] əl-Hafiz İbn Hacər deyir: “Bu hədisin fiqhi budur ki, fəthdən öncə hicrət edənlərə Məkkədə iqamə etmək haram idi, lakin onlardan həcc, umrə etmək istəyənlərə həclərini bitirdikdən sonra üç gün orada qalmağa icazə verildi, bundan artıq qala bilməzdi. Buna görə də Məkkədə öldüyü üçün peyğəmbər – salləllahu aleyhi va səlləm – Sad ibn Xaulə’nin ölümünə üzülmüşdü.[17] Bu, ümumən hədisdən anlaşılan mənadır. İmam ən-Nəvəvi hədisdən bizim mövzumuzla bağlı çıxarılan hökm haqqında deyir: “Bizim əshabımız və digər alimlər bu hədisi üç gün bir yerdə qalmağın iqamə etmək hökmündə olmamasına, əksinə bu müddətdə bir yerdə qalanın müsafir hökmündə olmasına dair dəlil gətirirlər. Onlar deyirlər ki, əgər bir müsafir giriş və çıxış günlərindən savayı bir şəhərdə üç gün iqamə etməyi niyyət edərsə namazı qısaltmaq, oruc tutmamaq və digər rüxsətlər kimi səfər rüxsətlərindən istifadə etmək ona caiz olar və ona muqim[18] hökmü aid edilməz.[19] Eynilə İbn Hacər deyir: “Bu hədisdən istinbat edirlər ki, üç gün iqamə etmək (iqamə) sahibini müsafir hökmündən çıxarmır.[20]

Bu hədis bizim mövzumuzda cumhurun gətirdiyi ən güclü dəlillərdən biridir. Cabirin hədisində şahid olduğumuz kimi peyğəmbər – salləllahu aleyhi va səlləm – və digər mühacirlər giriş və çıxış günlərindən savayı Məkkədə üç gün qaldılar və giriş vaxtından çıxış vaxtına qədər hesabladıqda da tam olaraq dörd gün etmir. Bunu təqdim edəcəyimiz rəvayətlərdə görmək olar:

Nafi deyir: “İbn Ömər – radiyallahu anhumə - əl-Haramın ən yaxın yerinə gəldikdə təlbiyəni durdurardı, sonra Zu Tuva’da gecələyərdi. Sonra orada sübhü qılardı və qüsl alardı və deyərdi ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – belə edərdi.[21]

İbn Abbas deyir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – və səhabələri (zül-hiccə ayının) dördü sabah çağı həcc niyyəti ilə (Məkkəyə) çatdı.[22]

Abdul-Aziz bin Rufey deyir: “Ənəs bin Malikdən – radiyallahu anhu – soruşaraq dedim: “Peyğəmbərdən – salləllahu aleyhi va səlləm – yadında qalan bir şeyi mənə xəbər ver; tərviyə günündə zöhr və əsr namazlarını harda qıldı?” Dedi: “Minada.[23] Tərviyə günü isə zül-hiccə ayının səkkizinci günüdür.

Beləliklə bu rəvayətlərdən açıq-aşkar görünür ki, peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – Məkkəyə ayın dördü girdikdə qıldığı ilk namaz zöhr namazı olmuşdur və ayın səkkizi sübh namazını qılaraq Minaya doğru çıxmış və zöhr ilə əsri orada qılmışdır. Əgər səkkizinci gün zöhrü Məkkədə qılsaydı tam olaraq Məkkədə dörd gün qalmış olardı. Yuxarıda dediyimiz kimi peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – mühacirlərlə birlikdə Məkkədə tam olaraq dörd gündən az qalmış və namazlarını qısaltmışdır.

 

***

 

Dördüncü: Əbu Şureyh əl-Adəvi – radiyallahu anhu – deyir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Kim Allaha və Axirət gününə inanırsa qoy qonağına mükafatını ikram etsin!” Dedilər: “Ey Allahın elçisi, onun mükafatı nədir?” Dedi: “Gündüzü və gecəsidir və qonaqlıq üç gündür, bundan artığı isə onun üçün sədəqədir.[24] Bu hədisdən çıxarılan hökm budur ki, qonaqlıq üçün qoyulmuş müddət məhdudiyyəti üç gündür və üç gün burada da müsafir hökmünü pozmayacaq qədər bir müddət hesab edilmişdir. Məşhur üsul alimi Alləmə Şihəbud-Din əl-Qarafi deyir: “Muslimin (əs-Səhih) kitabında (deyilir ki, ) qonaqlıq üç gündür. Muqim isə qonaq deyildir.[25]

 

***

 

Beşinci: Peyğəmbər – salləllahu aleyhi va səlləm – müsəlmanlara onun və rəşidi xəlifələrinin sünnətinə tabe olmağı əmr etmişdir. Nəzər saldıqda görərik ki, xəlifə Ömər bin əl-Xattab – radiyallahu anhu – xilafəti dövründə zimmilərə Mədinə şəhərində üç gün qalmağa izn vermiş və üç gündən artıq qalmağı qadağan etmişdir. İmam əl-Beyhəqi kitabında İmam Malik yolu ilə rəvayət edir: “Ömər bin əl-Xattabın azadlı qulu Əsləmə dedi: Ömər bin əl-Xattab – radiyallahu anhu – yəhudilərə, nəsranilərə və məcusilərə bazarlıq etmələri və ehtiyaclarını ödəmələri üçün Mədinədə iqamə etmələri üçün üç gün təyin etdi, onlardan heç kəs üç gecədən artıq qala bilməzdi.[26] əl-Beyhəqi bunu “dörd gün qalmağa niyyət edən namazlarını tam qılar” adlı babda rəvayət edərək bunu mövzu üçün dəlil göstərmişdir. Məlumdur ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – o müqəddəs torpaqlarda qeyri-müsəlmanın yerləşməsini qadağan etmişdir. Onları bütün yarımadadan çıxaran xəlifə Ömər bundan çox gözəl xəbərdar idi və buna görə də onların üç gecədən artıq bir müddətdə Mədinədə qalmaqlarına izn verməmişdir, çünki dörd gün qalmaq ilə onlar muqim hökmünə daxil olurlar. İmam Muhamməd bin İdris əş-Şafi – rahmətullahi aleyhi – deyir: “Allahın elçisinin – salləllahu aleyhi va səlləm – mühacirin üç gün (Məkkədə) qalması haqqında dediyi səfərdə qalma həddinə bənzəyir, bundan artıq isə iqamə olaraq qalmaq olur. Yolda olduqdan sonra (mənzilə) çatdığı günü və qaldıqdan sonra yola çıxdığı gün isə hesaba alınmaz. Ömər – radiyallahu təalə anhu – zimmə əhlini Hicazdan qovdu və onlardan tacir olaraq gələnlərə üç gün qalma müddəti təyin etdi, beləliklə sünnətdə vəsf edilənə bənzəmiş oldu.[27]

Xəlifə Ömərin zamanından sonra Mədinə əhli bu görüş üzərində olmuşdur. əl-Beyhəqi İmam Malikə qədərə çatan sənəd ilə rəvayət edir: “Malik bizə Ata bin Abdilləh əl-Xurasani’dən rəvayət etdi ki, o, Said bin əl-Museyyəb’i belə deyərkən eşitmişdir: “Kim müsafir olduğu halda dörd gecə qalmağı niyyət edərsə namazını tam qılmalıdır.” Bundan sonra deyir: “Malik dedi: “Bu, bizim buralarda elm əhlinin həmişə üzərində olduqları görüşdür.[28]

Bura qədər qeyd etdiklərimiz məsələdə cumhurun dəlillərinə toxunur. Bu dəlillərə əsasən kim dörd gün qalmağı niyyət edərsə artıq namazını tam şəkildə qılmalıdır, çünki o, muqim hökmünə daxil olmuşdur. Bu, İmam Malikin, İmam əş-Şafinin görüşüdür. İmam Əhməddən gələn bir rəvayətdə bununla eynidir. Ümumiyyətlə İmam Əhməddən bu barədə üç rəvayət gəlmişdir. Məzhəbimizin təhriri ilə məşhurlaşmış Alləmə Aləud-Din əl-Mərdəvi – rahiməhullah – İbn Muflihin “əl-Mubdi” kitabındakı - “əgər bir şəhərdə iyirmi bir namazdan artıq bir müddət qalmağı niyyət edərsə namazlarını tam qılmalıdır, əks təqdirdə qısaldar” - sözlərini nəql etdikdən sonra deyir: “Bu, Əhməddən gəlmiş rəvayətlərdən biridir. Bunu əl-Xiraqi, Əbu Bəkr və əl-Musannif[29] seçmişdir. (İbn Qudamə) “əl-Kafi” kitabında deyir: “Məzhəb budur.” “əl-Muğni” kitabında isə deyir: “Əhməddən məşhur olan budur.” “Məcmə əl-Bəhreyn” kitabında (müəllif) bu görüşü dəstəkləmişdir. İbn Rəcəb “əl-Buxari”nin şərhində deyir: “Bu, Əhmədin məşhur olan məzhəbidir və əshabının seçdiyi görüşdür.” Əbu Hafs əl-Bərməki bu görüşü Əhməddən heç bir ixtilaf nəql etmədən onun məzhəbi saymış və ondan gələn buna müxalif bütün görüşləri təvil etmişdir. “əl-Umdə” və “Nazim əl-Mufradət” kitabında bunu qərarlaşdırmışdır və bu, onlardan biridir.[30] ən-Nazim[31] birinci bu görüşü zikr etmişdir.” əl-Mərdavi bunları zikr etdikdən sonra deyir: “Ondan (gələn başqa rəvayətə görə) əgər iyirmi namazdan çox müddətdə qalmağı niyyət edərsə tam qılmalı, əks təqdirdə qısaltmalıdır. Bax, bu rəvayət məzhəbdir. İbn Aqil deyir: “Bu rəvayət məzhəbdir.” “Umdətul-Ədillə” kitabında (kitabın müəllifi) və “əl-Xilaf” kitabında əl-Qadi (Əbu Yalə) dedi: “Bu, iki rəvayətdən ən səhihidir.” İbn Abdus bunu “ət-Təzkira” kitabında seçmişdir. “əl-İdah”, “əl-İfədət”, “əl-Vaciz”, “əl-Munəvvir”, İbn Razinin “ən-Nihayə” kitabı və onun nəzmi və əl-Ədəmi’nin “əl-Muntəxab” kitabında bu görüş qərar tutmuşdur. “əl-Furu”, “əl-Hidayə”, “əl-Mustəvib”, əl-Xulasə” və “ət-Təlxis” kitablarında, İbn Təmim, “ər-Riayə əs-Suğra”, “əl-Haviyeyn” və “əl-Fəiq” kitablarında bu görüş birinci zikr olunmuşdur. “əl-Muzhəb”, “Məsbuk əz-Zəhəb” və “əl-Muharrar” kitabları mütləq şəkildə bu görüşü qeyd ediblər.[32] Beləliklə anlaşılır ki, məzhəbin görüşü iyirmi namaz ilə məhdudlaşdırmaqdır. İyirmi namaz isə yuxarıda izah etdiyimiz kimi tam dörd gün etmir və bu baxımdan məzhəbin görüşü İmam Malik və İmam əş-Şafinin məzhəbi ilə uyuşur. Lakin fərq giriş və çıxış günlərinin hesaba alınıb alınmamasındadır ki, məzhəbimizə görə hesaba alınmalıdır. Son dönəm hənbəli alimlərinin görüşü budur.

Bir daha vurğulamaq istəyirik ki, bura qədər qeyd etdiklərimiz cumhurun səfər müddətini dörd günlə məhdudlaşdırmasına dair dəlillərdən ibarət idi, yəni dörd gün və daha çox müddətə qalmağı niyyət edənlər namazlarını tam qılmalıdırlar. Lakin sələf bu barədə başqa görüşlər də söyləmişdir. Onlardan kimisi on beş gün, kimisi on doqquz, bir başqası on üç gün söyləmişdir. Elm əhlindən bəzisi isə bunu bir gün və bir gecə hesab ediblər. Məqsədimiz onların görüşlərini zikr edib, dəlillərinə toxunmaq deyildir. Hər görüşün öz baxış açışı vardır. Amma bilmək lazımdır ki, onların hamısı hər hansı bir vaxt məhdudiyyəti qoyublar.

Bəzi qardaşlarımız İbn Ömərdən onun Azərbaycanda altı ay qalıb səfər namazları qılması haqqında gələn rəvayəti göstərməyi xoşlayırlar, lakin onların xəbəri yoxdur ki, İbn Ömər özü də digər səhabələr kimi bu məsələdə məhdud bir vaxt olduğuna inanır. Ondan gələn rəvayətlər onun bir görüşdə olmadığını, fərqli görüşlərdə olduğunu göstərir. Ondan gələn bir görüşə görə səfərin müddəti on iki gündür. Digər rəvayətə görə on beş gündür. əl-Əvzai’nin Nafi’dən nəql etdiyinə görə İbn Ömərin ən sonuncu görüşü on iki gün olmuşdur.

Abdullah bin Ömərin görüşü səfərin müddətsiz olması yönündə deyildi. İmam ət-Tabəri deyir: “Yunus (İbn Abdil-Alə) bizə rəvayət etdi: Sufyan (bin Uyeynə) bizə İbn Əbi Nəcih’dən xəbər verdi: Dedi: “(İbn Ömərin oğlu) Səlimin yanına gəldim və o, məscidin qapısında idi. Soruşdum: “Atan necə edərdi?” Dedi: “Yola çıxdıqda və “biz (bu yerdə) qalacağıq” dedikdə namazlarını tam qılardı, amma “bu gün (yola düşəcəyik), sabah (yola düşəcəyik)” dedikdə isə iyirmi gecə qalsa belə namazlarını qısaldardı.[33]

Bu da İbn Ömərin oğlunun atasının məzhəbi barədə dedikləridir. Bu sözlər həqiqətdə İbn Ömərin nə üçün Azərbaycanda altı ay səfər namazı qıldığını göstərir, çünki rəvayətin özündə də deyildiyi kimi güclü qar səbəbilə geri dönə bilməmişdi.

İbn Abbasdan gələn rəvayətlər də fərqlənir. Bəzi rəvayətlərə görə səfərin müddətini on doqquz gün, digərlərinə görə on yeddi gün, üçüncü rəvayətə görə isə on beş gün müəyyən etmişdir. Sələfdən gələn digər rəvayətlərdə də fərqli görüşlər fərqli günlər üzərində dayanır.

Biz Şeyxul-İslamın, onun tələbəsinin və müasirlərdən bəzi şeyxlərin qəbul etdikləri görüşün həm zəif olduğunu, həm də elm sahibi olmayan müsəlmanlar üçün uyğun görüş olmadığını düşünürük, çünki çox müsəlman xaricdə təhsil almağa gedərkən yalnış anlayaraq bu görüşlərlə əməl edirlər və dörd il qalsa belə namazlarını qısaldıb qılırlar.

 

***

 

Əziz müsəlman! Bil ki, sələfdən heç kimsə bu görüş üzərində olmayıb, sələfdən bizə gəlmiş və sahiblərinə nisbət edilməsi sabit olan görüşlərin hamısı bunun əksini göstərir. Alimlərin ixtilafı və icması haqqında ən elmli alimlərdən olan İmam Əbu Bəkr ibn əl-Munzir ən-Neysəburi – rahiməhullah – bu barəd/strong”ə kitabında sələfdən və ümumilikdə o zamanın alimləri arasında mövcud olan on dörd görüş nəql edir. Bu görüşlərin içində yalnız bir görüş və o görüş haqqında İmam İshaq bin Rahaveyhin sözləri çox önəmlidir. İbnul-Munzir bu görüşü onuncu görüş olaraq qeyd edir və deyir: “Burada onuncu görüş də vardır ki, bunu İshaq bin Rahaveyh zikr etmişdir. Dedi: “Başqaları isə - və onlar elm əhlindən çox az sayda alimdir – deyiblər ki, müsafir öz ailəsinə geri dönməyənə qədər (səfər) namazı qıla bilər, amma zövcəsinin, malının olduğu bir yerdə iqamə etməsi isə istisnadır, çünki belə bir yer sənin üçün bir vətən sayılır[34]. (Bu alimlər) bu məsələdə nə dörd gün, nə də on beş günə əhəmiyyət vermirlər.” Daha sonra İshaq bin Rahaveyh bunun üçün həmin alimlərin gətirdikləri dəlilləri gətirir və bu dəlillərin hamısının mənası ümumidir. Misal üçün İbn Abbas’dan namazı qısaltmaq barədə soruşurlar və deyir: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – Mədinədən çıxanda geri dönənə qədər iki rükət – iki rükət namaz qılardı.” Bu və buna bənzər dəlillər müəyyən bir müddətə qalmaq niyyəti ilə səfər edənlərə aid deyildir. İmam İshaq bu barədə çoxli rəvayətlər, əsərlər gətirir. Lakin sonra İbnul-Munzir deyir: “İshaq nəql etdiyi onuncu görüş üçün bu xəbərləri dəlil gətirmişdir, lakin özünün həmin görüşü götürməməsi üçün səbəb olaraq (artıq) müxtəlif ölkələrdəki alimlərin öz aralarında vaxt məhdudiyyəti qoymaqda icma etmələrini göstərmişdir.[35] İshaq bin Rahaveyh kimi böyük bir imam özündən əvvəl vaxt müəyyənləşdirmək yönündə bir icma olduğunu gördüyü üçün dəlillərə əsaslanıb ictihad etməkdən çəkinmişdir. Öz zamanında yaşamış fərqli görüşlü həmin az sayda alimin kimliyi haqqında da bir məlumat verməmişdir, nə də İbnul-Munzir kimi bir alim həmin alimlərin kimliyini bilməmişdir. Ancaq icmanın onlardan əvvəl sabit olduğu aşkardır. Həmçinin məşhur maliki alimi İbn Rüşd əl-Həfid fərqli görüşləri qeyd etdikdən sonra deyir: “Müctəhid üçün burada ən doğru olan iki şeydən birini etməkdir. Ya peyğəmbərdən – salləllahu aleyhi va səlləm – namazlarını qısaltması barədə rəvayət olunanlar içindən ən uzun zaman üçün hökm etməli və bunu bir hədd kimi götürməlidir; o baxımdan ki, əsli hökm namazı tam qılmaqdır, beləliklə dəlil olmadan bu zamandan çoxunu götürməmək vacib olur[36]. Ya da burada əsli hökmün üzərində icma edilmiş ən az vaxt olduğunu söyləməlidir.[37] Bu məsələdə sələfdən yalnız vaxt məhdudiyyətləri gəldiyi üçün İbn Rüşd müctəhidə vaxt məhdudiyyəti ilə əməl etməyi vacib görmüş və ona iki cür yanaşma tərzi təklif etmişdir. Bu bir daha isbat edir ki, sələfə səfərin müddətsiz olması görüşü yad idi. Özünü sələfə nisbət edən hər bir müsəlmana nəsihətimiz budur ki, sələfin görüşü ilə getsinlər və səfər edib illərlə qaldığı yerlərdə namazlarını qısaldıb qılmaqlarının xəta olduğunu deyirik. Axirətdən qorxan müsəlmana dini üçün ən ehtiyatlı görüşü götürməsi lazımdır.  Doğrusunu Allah bilir!

Peyğəmbərimizə, onun pak əhli-beytinə və səhabələrinə salavat və salam olsun!

 


[1] ən-Nisə, 101

[2] ən-Nisa, 103

[3] İbn Abdil-Bərr, “əl-İstizkər”, 6/107; Dar Quteybə - Dəməşq / Darul-Va’y – Hələb, birinci nəşr: 1414/1993

[4] Yəni uzun müddət qalmaq istəyən

[5] əl-Qadi Abdul-Vahhəb, “əl-İşraf alə Nukəti Məsəilil-Xilaf”, 1/391; Dar İbnil-Qayyim – Riyad / Dar İbn Affən – Qahirə, birinci nəşr: 1429/2008

[6] Əhməd ”əl-Müsnəd”, 3/295; Əbu Davud, (1235)

[7] əl-Buxari, 5/191; Əhməd, 1/223; İbn Macə, (1075)

[8] Sual verən hədisi Ənəsdən rəvayət edən Yəhya bin Əbi İshaqdır.

[9] əl-Buxari, 2/53 və 5/190; Muslim, 2/145; Əhməd, 3/187, 190, 282

[10] əl-Məcd, “əl-Muntəqa”, səh: 286-287; Dar İbnil-Cəuzi, Dəmməm, birinci nəşr: hicri 1429, səfər ayı

[11] “Hədar” səfərin əksidir. Burada qəsd olunan yolu qət edib artıq mənzil başına çatdıqdan sonra orada qalmaqdır, yəni artıq səfər bitmişdir və hədar başlamışdır.

[12] “Şərhuz-Zərkəşi alə Mətnil-Xiraqi”, 1/443; Məktəbətul-Əsədi, Aziziyyə, Məkkə, üçüncü nəşr: 1430/2009

[13] “Sahih Muslim bi Şərhin-Nəvəvi”, 5/202-203; əl-Mətbəə əl-Misriyyə bil-Əzhar, birinci nəşr: 1347/1929

[14] Muslim, (1352); əl-Buxari, (3933)

[15] İbn Qudamə, “əl-Muğni”, 3/148; Dar Aləmil-Kutub, Riyad, üçüncü nəşr: 1417/1997

[16] əl-Məziri, “əl-Mulim bi Fəvaid Muslim”, 1/443; əd-Dər ət-Tunisiyyə, ikinci nəşr: 1988, Tunis

[17] İbn Hacər, “Fəthul-Bari bi Şərh Sahih əl-Buxari”, 8/727-728; Dar Taybə, Riyad, birinci nəşr: 1426/2005

[18] Muqim müsafirin əksidir; muqim bir yerdə iqamə edənə deyirlər. İqamə etmək isə yerləşmək, qalmaq anlamına gəlir.

[19] “Sahih Muslim bi Şərhin-Nəvəvi”, 9/122; əl-Mətbəə əl-Misriyyə bil-Əzhar, birinci nəşr: 1347/1929

[20] İbn Hacər, “Fəthul-Bari bi Şərh Sahih əl-Buxari”, 8/728; Dar Taybə, Riyad, birinci nəşr: 1426/2005

[21] əl-Buxari, (1573)

[22] əl-Buxari, (1564)

[23] əl-Buxari, (1653)

[24] əl-Buxari, (6135); Muslim, (1726)

[25] əl-Qarafi, “əz-Zəxira”, 2/361; Darul-Ğarbil-İsləmi, Beyrut, birinci nəşr: miladi 1994

[26] əl-Beyhəqi, “əs-Sunən əl-Kubra”, 3/211; Darul-Kutubil-İlmiyyə, Beyrut, üçüncü nəşr: 1424/2003

[27] əş-Şafi, “əl-Umm”, 2/367; Darul-Vafə, əl-Mənsura, birinci nəşr: 1422/2001

[28] əl-Beyhəqi, “əs-Sunən əl-Kubra”, 3/211; Darul-Kutubil-İlmiyyə, Beyrut, üçüncü nəşr: 1424/2003

[29] Yəni İbn Qudamə

[30] Yəni yalnız İmam Əhmədin məzhəbinə xas görüşdür.

[31] Muhamməd bin Abdil-Qavi bin Bədran əl-Məqdisi

[32] əl-Mərdavi, “əl-İnsaf”, 2/329-330; Muhamməd Həmid əl-Fiqi təhqiqi, birinci nəşr, 1374/1955

[33] ”Təhzibul-Əsər”, 1/247

[34] Yəni yaşadığın bir şəhərdən başqa bir şəhərə səfər edirsən və səfər etdiyin şəhərdə ya sənin bir zövcən yaşayır, ya da sənin orada bir evin vardır. Bu halda orada müsafir sayılmırsan.

[35] İbnul-Munzir, ”əl-Əvsət fis-Sunən val-İcmə val-İxtiləf”, 4/358-361; Dar Taybə, Riyad, birinci nəşr: 1412/1991

[36] Doğrudur ki, İbn Rüşd burada mütləq şəkildə ən çox müddəti söyləmişdir, lakin onun zikr etdiyi qaydanı yuxarıda izah etmişik. Əsli hökm namazları tam qılmaq olduğu üçün, peyğəmbərin – salləllahu aleyhi va səlləm – planlı şəkildə etdiyi ən uzun səfərin müddətini götürmək cumhurun görüşüdür və planlı şəkildə etdiyi səfərlərin içində ən uzun müddət üç gündür, yəni dörd gündən az bir vaxtdır.

[37] İbn Rüşd, “Bidayətul-Muctəhid va Nihayətul-Muqtəsid”, 1/170; Darul-Marifə, Beyrut, altıncı nəşr: 1402/1982

 

 

Aktual Mövzular