Halı şübhəli imamların arxasında namaz

Zamanımızda müsəlmanların izaha ehtiyac duyduğu məsələlərdən biri də camaat və cümə namazlarında imam duran kəslərin halı haqqındakı şübhələrdir. Biz çox gözəl anlayırıq ki, ortaya şübhə atanların sayı çoxdur, lakin bu şübhələri izah edənlərin, müsəlmanları yönəldənlərin sayı çox azdır. Belə bir halda müsəlmanlar heyrət içərisində qalırlar və tikanlıqdan qurtulmaq istədiyi üçün çapalayaraq yaralarını daha da ağırlaşdıran biri kimi onlar da hər şübhədən qurtulmağa çalışdıqda yeni şübhələrə düşürlər. Biz dəfələrlə adi müsəlman kütləsinə izah etməyə çalışmışıq ki, onların bu kimi məsələlərə dalmaqları şəriət tərəfindən qadağan edilib. Səhifəmizdə yerləşdirdiyimiz məqalələrdən birində elmin ən əhəmiyyətlisini ilk olaraq öyrənməyin əhəmiyyətinə toxunulub. Lakin millət bir selin qarşısına düşdüyü üçün onun məcrasından çıxmaqda çətinlik çəkir.

 

 

Biz imkanımız daxilində bəzi məqamlara aydınlıq gətirməyə çalışacağıq. Bu yazımız qısa bir yazıdır və konkret olaraq hənbəli alimlərinin görüşlərini təmsil edir. Bu qısa yazını üç ayrı mövzuya yerləşdirdik.

 

 

Kafirin arxasında qılınan namaz səhihdirmi?

 

 

Zamanında hənbəlilərin şeyxi olan  əş-Şərif Muhamməd bin Əhməd İbn Əbi Musa əl-Həşimi (vəfatı hicri 428) deyir:

Kim bir kafirin arxasında namaz qılarsa namazını təkrarlamalıdır.”[1]

İbn Qudamə “əl-Muqni” kitabında “kafirin arxasında qılınan namaz səhih deyildir” deyir. əl-Muharrir Aləud-Din əl-Mərdəvi – rahmətullahi aleyhi – bu sözlərlə əlaqədar olaraq deyir:

Bu, məzhəbin görüşüdür ki, bunda şəkk ola bilməz. Əshabımızın böyük əksəriyyəti bu görüşün üzərindədir. Onlardan çoxu qəti olaraq yalnız bu görüşü deyiblər. (Başqaları isə) deyib ki, əgər küfrünü gizlədərsə səhihdir. (İmam Əhməd)dən gələn başqa rəvayətə görə bidəti ilə kafir olan bidətçinin arxasında (qıldığı namazını) yenidən qılması lazım deyildir. İbnuz-Zəğuni kafirin namaz ilə müsəlman olmasının səhihliyinə əsaslanaraq onun namazının səhihliyinə dair bir rəvayət nəql edib və namazının səhih olması üzərinə bir ehtimala əsasən imamlığının da səhih olması görüşünü qurmuşdur. əz-Zərkəşi dedi: “Bu görüş (haqdan) uzaqdır.[2]

İbnuz-Zəğuni’nin (vəfatı hicri 527) sözlərinin izahı belədir ki, məzhəbin görüşünə görə namaz qılması ilə kafirin müsəlman olması səhihdir. Beləliklə qılınan həmin namaz İbnuz-Zəğuni’yə görə səhih olmalıdır və əgər namazı səhihdirsə kafirin imamlıq etməsi də səhihdir, yəni əgər imam durarsa qıldığı namaz və arxasındakıların qıldıqları namaz səhih olmalıdır. Lakin gördüyümüz kimi bu görüş məzhəbdəki zəif görüşlərdən sayılır.

 

 

Halı bilinməyənin arxasında qılınan namaz

 

 

İmam əl-Muvaffəq İbn Qudamə “əl-Muğni” kitabında deyir:

Əgər halını bilmirsə və imam olmasına mane olacaq bir şey üzə çıxmayıbsa, arxasında namaz qılanın namazı səhihdir. İmam Əhməd bunu bir mənalı olaraq bildirmişdir. Çünki müsəlmanlarda üstün olan onların (bidətlərdən, fasiqlikdən) salamat olmaqlarıdır. Əgər müsəlman olmasında şəkk etdiyi birinin arxasında namaz qılarsa namazı səhihdir, çünki aşkar olan budur ki, müsəlmandan başqası namazda imam olmaq üçün qarşıya keçməz.[3]

İmam Şərafud-Din Musa bin Əhməd əl-Həccəvi deyir:

Tanımadığı bir imamın arxasında qıldığı namaz səhihdir, lakin tanıdığının arxasında müstəhəbdir.[4]

Alləmə Mənsur bun Yunus əl-Buhuti əl-Hənbəli – rahmətullahi aleyhi - kitabın şərhində deyir:

[Tanımadığı bir imamın arxasında qıldığı namaz səhihdir], yəni hal aydın olmadıqda və onun imamlığına mane olacaq bir şey aşkara çıxmayıbsa onun adil və ya fasiq olduğunu bilmir, çünki müsəlmanlarda əsli hökm onların (fasiqlikdən) salamat olmalarıdır.

[Lakin] adil olaraq[ tanıdığının arxasında] namaz qılmaq [müstəhəbdir] ki, bununla məsuliyyətdən qurtulmuş olsun.[5]

əl-Mərdəvi deyir:

Tanımadığı imamın arxasında qılınan namaz məzhəbin səhih görüşünə görə səhihdir. (İmam Əhməd)dən həm də səhih olmaması görüşü də nəql olunub. Ondan “tanıdığından başqasının arxasında namaz qılmamalıdır” (dediyi də) rəvayət olunub. Əbu Bəkr dedi: “Bu, müstəhəblik baxımındandır[6].[7]

 

 

Kafir olmasında şəkk etdiyi birinin arxasında qılınan namaz

 

 

əl-Həccəvi deyir:

Bir insanda həm mürtədlik halı, həm də müsəlman halı və həm (əql) ayıqlığı, həm də dəlilik bilinərsə, onu (imam kimi) irəli keçirmək məkruhdur. Əgər onun arxasında namaz qılarsa və (bu iki haldan) hansı halda olduğunu bilməzsə (namazını) yenidən qılmalıdır.[8]

əl-Buhuti bu sözlərin şərhində buyurur:

[Bir insanda həm mürtədlik halı, həm də müsəlman halı (bilinərsə)] və arxasında namaz qılarsa və bu iki haldan hansında olduğunu bilməzsə namazını yenidən qılmalıdır.

Əgər insanda [həm (əql) ayıqlığı, həm də dəlilik bilinərsə, onu (imam kimi) irəli keçirmək məkruhdur], (yəni) hər iki məsələdə də (irəli keçirmək məkruhdur), çünki elə bir halda olması ehtimaldır ki, o halda imamlığı səhih deyildir. [Əgər onun arxasında namaz qılarsa və (bu iki haldan) hansı halda olduğunu bilməzsə yenidən qılmalıdır], (yəni) arxasında qıldığı namazı (yenidən qılmalıdır), çünki öhdəliyində vaciblik vardır və bu vacibliyi aradan qaldıracaq bir şey baş verməyib, ona görə də əslinin üzərində qalıb. Bu, məsələdə (mövcud olan) vəchlərdən biridir. “ər-Riayə əl-Kubra” kitabında bu birinci qeyd olunub və “Məcmə əl-Bəhreyn”də bu səhih sayılıb.[9]

əl-Buhuti’nin “çünki öhdəliyində vaciblik vardır və bu vacibliyi aradan qaldıracaq bir şey baş verməyib, ona görə də əslinin üzərində qalıb” sözlərinin izahı budur ki, namaz mükəlləfin boynunda vacibdir və bu vacibliyi öhdəlikdən düşürmək üçün onu səhih bir şəkildə etməsi lazımdır, əgər edilməzsə əvvəlki hökm olduğu kimi qalır.

Lakin əl-Buhuti bu sözlərindən sonra deyir:

İkinci vəch budur ki, yenidən qılmaq lazım deyildir və (əl-Mərdəvi) “Təshihul-Furu” kitabında bu görüşü doğru saymışdır.

Üçüncü vəch isə budur ki, əgər namazdan qabaq müsəlman və ya (əql cəhətdən) oyaq olduğunu bilirsə, lakin mürtəd və ya dəli olmasında şəkk edirsə yenidən qılmağı lazım deyildir, çünki zahir olan onun daha əvvəl olduğu hal üzərində qalmasıdır. Əgər mürtəd və ya dəli olduğunu bilərsə, lakin müsəlman və ya (əqli cəhətdən) oyaq olmasında şəkk edərsə namazını təkrar qılmalıdır. (əl-Mərdəvi) “Təshihul-Furu” kitabında dedi: “Bizim qoyduğumuz istilaha görə bu görüş məzhəbin səhih görüşüdür. “əl-Muğni”, “əş-Şərh”, “Şərh İbn Razin” (kitablarının sahibləri) və başqaları buna hökm ediblər.” Sitat burda bitir. “əl-Muntəhə” kitabında qəti olaraq bunu ifadə edib.[10]

İbn Qudamə deyir:

Müsəlman və ya xunsə[11] olmasında şəkk etdiyi birinin arxasında namaz qılarsa kafir olması və ya müşkil xunsə olması aşkar olmadıqca namazı səhihdir, çünki namaz qılanlarda zahir olan - xüsusilə də imam olarsa - onların müsəlman olmalarıdır. (Həmçinin) zahir olan (müsəlmanın) – xüsusilə də əgər kişilərə imamlıq edirsə - xunsə olmaqdan salamat olmasıdır. Namaz qıldıqdan sonra onun kafir və ya müşkil xunsə olması aşkar olarsa daha əvvəl izah etdiyimizə əsasən namazını yenidən qılması vacibdir. Əgər imam bəzən müsəlman olan, bəzən isə mürtəd olan biridirsə, hansı etiqad üzərində olduğunu bilmədən öncə arxasında namaz qılmamalıdır. Əgər arxasında namaz qılarsa baxmaq lazımdır; namaz qılmadan öncə müsəlman olduğunu bilirdisə, mürtəd olmasında şəkk edirdisə o, müsəlman sayılır. Əgər mürtəd olduğunu bilirdisə, lakin müsəlman olmasında şəkk edirdisə namazı səhih olmaz."[12]

İmam Təqiyud-Din Muhamməd bin Əhməd əl-Fətuhi – rahiməhullah - deyir:

Əgər onun haqqında iki hal[13] və ya əqli yerində və dəli olması bilinərsə, hər ikisində də imam olarsa, lakin onlardan hansında onun arxasında namaz qıldığını bilməzsə; əgər ondan əvvəl müsəlman və ya əqli yerində olan biri olduğunu bilərsə, lakin mürtəd və ya dəli olmasında şəkk edərsə, namazını yenidən qılmamalıdır.[14]

Gətirdiyimiz nəqllər göstərir ki, bir kimsə hər hansı bir imamın əsl etibarı ilə müsəlman olduğunu bilərsə, lakin hansısa əməllərinə və ya sözlərinə və ya etiqadına görə onun İslamdan çıxıb çıxmamasında şəkk edərsə, onun arxasında qıldığı namazlar səhihdir. Lakin belələrinin arxasında namaz qılmamaq daha doğrudur.

Onu da qeyd etməliyik ki, bu, xüsusilə cümə və bayram namazlarında bidət və zəlalətdən salamat olan hər hansı bir imamın arxasında cüməni əda etmək mümkün deyilsə bu cür halı şübhəli olan imamların arxasında namaz qılmaq tələb olunan bir işdir. Çünki məzhəbin görüşünə görə fasiqliyini aşkarda üzə vuran bir fasiqin və bidətinə dəvət edən bidətçinin arxasında namaz qılmaq səhih olmadığı halda cümə namazı bundan istisna edilmişdir. Eynilə qəsb olunmuş bir yerdə namaz qılmaq səhih olmadığı halda cümələr bundan istisna edilmişdir. Hətta əshabımızdan bəzilərinə görə imam kafir olsa belə onun arxasında cümə qılmaq caizdir, lakin sonra zöhr namazını qılmalıdır.

Alləmə İbn Muflih deyir:

Qəsb olunmuş bir yerdə cümə və onun bənzəri də zərurətə görə eyni hökmdədir və bunu İbn Aqil zikr edib və (bunu) “əl-Muharrar” kitabının sahibi etiqadı ilə kafir olan haqqında da (zikr edib) və (namazı) yenidən qılmalıdır.[15]

əl-Mərdəvi isə İbn Muflih’in bu kitabında yazdığı “Təshihul-Furu” adlı haşiyəsində onun “cümə və onun bənzəri” sözləri haqqında deyir:

Yəni cümə və bayram namazları kimi namazlar zərurət səbəbilə qəsb olunmuş yerdə səhihdir. Misal üçün imam bir yeri qəsb edir və orada cümə qıldırır və bizim üçün səhih cümənin qılındığı başqa bir yer yoxdur, o zaman bunun cüməni tərk etməyə gətirib çıxarmaması üçün orada qılınması səhihdir.[16]

Burada zərurət ilə qəsd olunan əl-Mərdəvinin sözlərindən də anlaşıldığı kimi bunun insanların cüməni tərk etməsinə gətirib çıxarmamasıdır.

 


[1] “əl-İrşəd ilə Səbilir-Raşəd”, səh: 67; Muəssəsə ər-Risələ, Beyrut, birinci nəşr: 1419/1998

[2] “əl-İnsaf fi Marifətir-Racih minəl-Xiləf”, 2/258-259; Tabəatus-Sunnətil-Muhammədiyyə, birinci nəşr: 1374/1955

[3] “əl-Muğni”, 3/23; Dar Aləmil-Kutub, Riyad, üçüncü nəşr: 1417/1997

[4] “əl-İqna li Talibil-İntifə”, 1/256; Dəratul-Məlik Abdil-Aziz, Riyad, üçüncü/xüsusi nəşr: 1423/2002

[5] “Kəşşəful-Qina anil-İqna”, 3/196; Vizəratul-Adl, Səudiyyə Ərəbistan, birinci nəşr: 1423/2002

[6] Bəziləri İmam Əhmədin bu sözünü dəlil gətirərək insanları tanımadıqları kəslərin arxasında namaz qılmaqdan çəkindirirlər. Lakin bu onların xətalı anlayışlarından və düşüncəsiz addımlarından irəli gəlir. Yuxarıda Əbu Bəkr əl-Xalləl’in verdiyi izahın eynisini Şeyxul-İslam İbn Teymiyyə zikr edir və bu, çox aşkar bir məsələdir. İmam Əhməddən gələn rəvayətləri gözdən keçirənlər imamın nəyi qəsd etdiyini gözəl anlayırlar.

[7] “əl-İnsaf fi Marifətir-Racih minəl-Xiləf”, 2/256; Tabəatus-Sunnətil-Muhammədiyyə, birinci nəşr: 1374/1955

[8] “əl-İqna li Talibil-İntifə”, 1/257; Dəratul-Məlik Abdil-Aziz, Riyad, üçüncü/xüsusi nəşr: 1423/2002

[9] “Kəşşəful-Qina anil-İqna”, 3/198; Vizəratul-Adl, Səudiyyə Ərəbistan, birinci nəşr: 1423/2002

[10] Eyni mənbə və eyni səhifə

[11] Xunsə həm erkək, həm də qadın cinsiyyətinə sahib olana və ya bunlardan heç birinə sahib olmayana deyilir. Xunsə müşkil və qeyri-müşkil olmaqla iki növdür. Qeyri-müşkil xunsədə ya erkək, ya da qadın tərəfi seçilir. Müşkil xunsədə isə hər iki tərəf bərəbardir, onlardan birinə meyl yoxdur ya da onda hər iki tərəfin əlaməti yoxdur.

[12] “əl-Muğni”, 3/35; Dar Aləmil-Kutub, Riyad, üçüncü nəşr: 1417/1997

[13] Yəni imam haqqında iki hal, müsəlman və ya mürtəd olması halları bilinirsə.

[14] “Muntəhə əl-İradət”, 1/300; Muəssəsə ər-Risələ, Beyrut, birinci nəşr: 1419/1999

[15] “Kitəbul-Furu va məahu Təshih əl-Furu”, 3/21; Muəssəsə ər-Risələ/Dar əl-Muəyyəd, Beyrut/Riyad, birinci nəşr: 1424/2003

[16] Eyni mənbə

 

Aktual Mövzular