əs-Səksəki və onun “əl-Burhan” kitabı

Namazı tənbəllik üzündən tərk edənin hökmü barəsində islam alimləri ixtilaf ediblər. Məlumdur ki, namazı tənbəllik üzündən tərk edəni təkfir etmək görüşü hənbəli məzhəbinin görüşü olaraq məşhurlaşıb. Lakin bu barədə söhbətlər bitmir və hətta bəzi müsəlmanların müəyyən yollarla hənbəli məzhəbinin görüşünün fərqli olduğunu isbat etməyə çalışdıqlarını da görmüşük. Bir neçə il bundan əvvəl Şeyx əl-Albani’nin – rahiməhullah – kasetlərindən birini dinləyərkən tələbələrindən biri müəyyən bir kitabdan və ya bir yazıdan oxuyurdu və Şeyx əl-Albani onun oxuduğu bəzi sözlərə qeydlər əlavə edirdi. Tələbənin oxuduğu sözlərdən də biri bu oldu ki, “hənbəli” qazisi əs-Səksəki “əl-Burhən” kitabında məzhəbin səhih görüşünə görə namazın vacibliyini inkar etmədən namazı tərk edənin müsəlman olduğunu söyləmişdir. Bu yaxınlarda isə müsəlman qardaşlarımızdan birinin həmin kitabdan bir sitat gətirdiyini gördüm. Ona görə də müəllif və kitab haqqında kiçik məlumat vermək istərdim.

 

Əbul-Fədl Abbas bin Mənsur bin Abbas əs-Səksəki əl-Yəməni ümmətin böyük alimlərindən biri olmuşdur. Adından da anlaşıldığı kimi yəmənli bir elm əhli olub. Hicri 616-cı ildə (miladi 1219) anadan olmuş, hicri 683-cü ildə (miladi 1284) vəfat etmişdir. Yəmənin Təizz adlı bir yerində qazi olaraq çalışmışdır. O zaman qazilərin maaşı yəhudilərdən alınan cizyə ilə ödənərdi. Sultan əl-Muzaffər o zaman orada öz mədrəsəsini tikdirmək istərkən ölkənin hər tərəfindən bütün cizyənin onun üçün toplanmasını əmr etdi. Həmin cizyəyə haqqı olanlara isə əvəzində xərac malından verilməsini əmr etdi. Bunun üzərinə Abbas əs-Səksəki öz qazilik vəzifəsini tərk edərək evinə qapanmışdı.

Əbul-Fədl əs-Səksəki’nin “əl-Burhən” kitabı İordaniya universitetinin şəriət fakultəsində çalışan Doktor Bəssəm Əli Sələmə əl-Amuş tərəfindən təhqiq olunub və çap olunub. Doktor Bəssəm kitabın müəllifinin məzhəbini hənbəli olaraq göstərmişdir. Müəllifin hənbəli olmasını isbat etmək üçün qarşıya qoyduğu yeganə isbat kitabın əlyazmasında “hənbəli” məzhəbinə nisbət edilməsidir. əs-Səksəki’nin çap olunmuş bu kitabında onun “hənbəli” məzhəbinə nisbət olunması səbəbilə bəzi elm tələbələri onu hənbəli alimi olaraq qəbul etməyə başlayıblar. Kitabın Doktor Bəssəm tərəfindən çapında deyilir: “Məzhəbin səhih görüşünə görə vacibliyini inkar etməzsə namazı tərk edən müsəlmandır...[1] Bu sözünə əsaslanaraq bəziləri iddia ediblər ki, “hənbəli” qazisi əs-Səksəkiyə görə hənbəli məzhəbinin səhih görüşü budur ki, namazı tənbəllik ilə tərk edən kafir deyildir. Sözsüz ki, belə bir iddia tam araşdırma aparmamağın nəticəsidir, çünki həqiqətdə əs-Səksəki hənbəli deyil, lakin şafii alimidir. Biz bunu üç bənddə isbat etməyə çalışacağıq.

 

Birinci: Onu bilmək lazımdır ki, əs-Səksəki yəmənli alimdir və Yəməndə qazi olaraq çalışmışdır. Yəmən isə hənbəli məzhəbinin yayılmadığı yerlərdən biridir. Yəməndə əsasən iki məzhəb geniş yayılıb. Ölkənin cənub və mərkəzində şafii məzhəbi, şimalında isə zeydi məzhəbi yayılmışdır. Hənbəlilərin “tabəqat” kitablarında yəmənli hənbəli alimlərinə rast gəlinmir. O zaman hənbəli qazisinin orada çalışması çox uzaq bir ehtimaldır.

 

İkinci: Əbul-Fədl əs-Səksəki ümumiyyətlə hənbəlilərin “təbəqat” kitablarında zikr olunmur. Demək olar ki, hənbəlilər öz alimləri arasında belə bir alimin olduğunu bilmirlər. Əgər əs-Səksəkinin məzhəbi hənbəli məzhəbi olsaydı hənbəlilər mütləq onu öz alimləri arasında zikr edərdilər. Üstəlik İmam İbn Muflih “əl-Furu” kitabında və İmam Aləud-Din əl-Mərdəvi “əl-İnsaf” kitabında ayrı-ayrı məsələlərdə hənbəlilərin görüşlərini zikr edirlər, lakin nə əs-Səksəki, nə də onun bu məsələdəki görüşü zikr olunmur.

 

Üçüncü: əs-Səksəki’nin həyatını qələmə almış hər bir alim onun məzhəbdə şafii olduğunu deyiblər. Onun şafii olmasının ən açıq dəlillərindən biri budur ki, onu yəmənli alim Bəhəud-Din əl-Cənədi əs-Səksəki öz kitabında zikr edir və onu şafii alimləri arasında zikr etmişdir. əl-Cənədi təqribən hicri 732-ci ildə vəfat etmişdir və müəllif Əbul-Fədl əs-Səksəki isə hicri 683-cü ildə vəfat edib. əl-Cənədi “əs-Suluk” kitabında deyir: “Onlardan biri Əbul-Fədl Abbas bin Mənsur ibn Abbas əl-Bərihi əs-Səksəki’dir, təqribən 610-cu ildə doğulub...” Onun haqqında bir qədər məlumat verdikdən sonra deyir: “Fəzilətli fəqih, furu və üsul məsələlərini təhqiq edən və tam ustalıqla bilən biri idi və bu barədə müxtəsər bir kitabı vardır; onu “əl-Burhən fi Marifəti Aqaidi Əhlil-Ədyən” adlandırmışdır... 683-cü ildə vəfat etmişdir.[2] Həm əl-Cənədi, həm də Əbul-Fədl eyni qəbilədəndir və ölüm tarixləri arasında təxminən 50 il fərq vardır. Bu, heç də böyük bir fərq deyildir. əl-Cənədi’nin atası Əbul-Fədl əs-Səksəki ilə tanış olmuşdur. Həmçinin İbrahim Paşa əl-Bəğdədi deyir: “əs-Səksəki – Əbul-Fədl Abbas bin Mənsur bin əl-Abbas ət-Tərimi əs-Səksəki əl-Yəməni əş-Şafii, 616-cı ildə doğulub və 683-cü ildə vəfat edib...[3] Həmçinin Xayrud-Din əz-Zirikli onu “əl-Əaləm” kitabında zikr edərək deyir: “Abbas bin Mənsur bin Abbas, Əbul-Fədl ət-Tərimi əs-Səksəki, şafiilərdən yəmənli bir fəqihdir...[4] Həmçinin Ömər Rida Kəhalə “Mucəmul-Muəllifin” kitabında onun şafii olduğunu təsdiqləyir.

 

Dördüncü: Hənbəli məzhəbində mötəməd və səhih görüş budur ki, namazı tərk edən kafirdir. əl-Həccəvi “əl-İqna” kitabında deyir: “Əgər onu səhlənkarlıq və tənbəllik üzündən tərk edərsə bir imam və ya onun naibi onu namazı qılmağa çağırmalıdır. Əgər imtina edərsə və sonrakı namazın vaxtının çıxmağına az qalarsa öldürülməsi vacib olar. Mürtədlərdə edildiyi kimi üç gün tövbəyə çağırılmadan öldürülməz. (Bunu İmam Əhməd) bir mənalı olaraq bildirib. Əgər namazı qılaraq tövbə edərsə (çox gözəl), əks təqdirdə küfrünə görə boynu vurulmaqla öldürülər. Küfr etdiyi halda ailəsi və övladı qul edilməz və əsir götürülməz. (Tövbəyə) çağırılmadan öncə nə qətl, nə də təkfir etmək olmaz.[5]

İmam Aləud-Din əl-Mərdəvi deyir: “(Tövbəyə) çağıran imam ya da onun naibi olmalıdır. Əgər (tövbəyə) çağırılmadan öncə çox sayda namaz tərk etmiş olsa belə məzhəbin səhih görüşünə görə öldürülməsi vacib olmaz, nə də təkfir olunmaz.... Fayda: Onun kafir olması hökmü onun öldürülməsinə hökm olunarkən verilir. Bunu əl-Qadi, əş-Şirazi və bu ikisindən başqaları zikr ediblər və bu, Əhmədin bir mənalı sözlərinin tələb etdiyi mənadır.[6]

Buradan anlaşılır ki, hənbəli məzhəbinin səhih və mötəməd görüşü budur ki, namazı tərk edən kafirdir.

 

 

Üstəlik qeyd etmək lazımdır ki, kitabın Doktor Bəssəm tərəfindən təhqiqində bir çox xətalar vardır. Kitabın içində müəllifə aid olmayan sözlər vardır. Bunun ən bariz nümunəsi budur ki, kitabda cəhmilər haqqında danışılarkən deyilir: “Cəhmilərə gəldikdə isə onlar Cəhm bin Safvan əs-Səmərqəndi’nin əshabıdır. Sapıq, bidətçi, cəhmiyyənin başçısı, həlak olmuş Əbu Muhriz Cəhm bin Safvan əs-Səmərqəndi kiçik tabiilərin zamanında idi. Onun hər hansı bir şey rəvayət etdiyini bilmirəm, lakin çox böyük bir şərr yaymışdır. Bunu əz-Zəhəbi “əl-Mizən” kitabında deyib.[7] Gördüyümüz kimi kitabın mətnində əz-Zəhəbi və onun “əl-Mizən” kitabı zikr olunur. Halbuki əz-Zəhəbi müəllifdən sonra yaşayıb. “əl-Mizən” kitabını hicri 724-cü ildə tamamlayıb və daha sonra dörd il içində onun haşiyələrini yazmışdır. Bu isə onu göstərir ki, bu sözlər qətiyyən müəllifin sözləri ola bilməz, çünki yuxarıda zikr olunduğu kimi müəllif hicri 683-cü ildə vəfat edib. İşin qəribə tərəfi budur ki, kitabı təhqiq etmiş Doktor Bəssəm bu anaxronizmə fikir verməmişdir, əksinə əz-Zəhəbi’nin sözlərinin ünvanını belə qeyd etmişdir. İstənilən halda bu bir daha sübut edir ki, kitabın çap olunmuş halında mətnində müəllifə aid olmayan sözlər yer alıb. Buna diqqət etmək lazımdır.

 


[1] “əl-Burhən fi Marifəti Aqaid Əhlil-Ədyən”, səh: 96; Məktəbətul-Mənar, ikinci nəşr: 1996/1417, Zərqa, İordaniya

[2] ”əs-Suluk fi Tabəqatil-Uləməi val-Muluk”, 2/173-174; Məktəbətul-İrşəd, ikinci nəşr: 1416/1995, Sana

[3] “Hədiyyətul-Arifin Əsməul-Muəllifin va Əsərul-Musannifin”, 1/437; Dar İhyə ət-Turas əl-Arabi, 1951, Beyrut

[4] “əl-Əaləm”, 3/268; Darul-İlmil-Mələyin, on beşinci nəşr: 2002, Beyrut

[5] “əl-İqna li Talibil-İntifə”, 1/116; Daratul-Məlik Abdil-Aziz, üçüncü nəşr: üçüncü nəşr: 1423/2002, Riyad

[6] “əl-İnsaf”, 1/402-405; Dar İhyə ət-Turas əl-Arabi, birinci nəşr: 1374/1955, Misir

[7] “əl-Burhən fi Marifəti Aqaid Əhlil-Ədyən”, səh: 34; Məktəbətul-Mənar, ikinci nəşr: 1996/1417, Zərqa, İordaniya

 

Aktual Mövzular