Namazda əllər hara qədər qaldırılar?


Namazın sünnətlərindən də biri namazda əlləri qaldırmaq sünnətidir. Məlumdur ki, namaza girərkən əlləri qaldırmaq alimlərin icması ilə müstəhəbdir. Lakin əlləri qaldırmaqdakı hədd nədir? Əllər çiyin bərabərinə qədər qaldırılmalı yoxsa qulaq bərabərinə qədər qaldırılmalıdır?

 

 

Bu barədə sual vermiş qardaşım və digər qardaşlarımın faydalanması üçün bu kiçik tərcüməni təqdim edirəm. Bu barədə hənbəli alimlərinin görüşlərini öyrənmək üçün onların kitablarına müraciət edək.

 

əl-Məcd Əbul-Bərakət İbn Teymiyyə deyir: “Təkbir ilə bərabər əllərini açıq şəkildə, barmaqları yan-yana bitişik şəkildə çiyinlərə qədər qaldırılar. Ondan (yəni İmam Əhməddən) qulaqlara qədər rəvayəti də vardır. Ondan həmçinin bunların hər ikisinin də eyni olması rəvayəti vardır.[1]

əl-Muvaffəq İbn Qudamə əl-Məqdisi deyir: “(əl-Xiraqi) dedi: [Əllərini qulaqlarının yuxarısına qədər və ya çiyin bərabərinə qədər qaldırmalıdır.] Namaza başlayarkən əlləri qaldırmağın müstəhəb olmasında hər hansı bir ixtilafın olduğunu bilmirik. İbnul-Munzir dedi: “Peyğəmbərin – salləllahu aleyhi va səlləm – namaza başlayarkən əllərini qaldırmasında elm əhli ixtilaf etməyib.” Daha əvvəl İbn Humeyd’in hədisini zikr etdik və İbn Ömər rəvayət edib: dedi: “Allahın elçisini – salləllahu aleyhi va səlləm  - namaza başlayarkən, rüku etmək istədikdə və başını rükudan qaldırdıqdan sonra əllərini çiyinləri ilə bir bərabərdə olana qədər qaldırdığını gördüm və iki səcdə arasında qaldırmazdı.” Muttəfəqun aleyhi[2] O, əllərini qulaqlarının yuxarısına qədər və ya çiyin bərabərinə qədər qaldırmaqda ixtiyar sahibidir. Bunun mənası budur ki, barmaqlarının ucları həmin yerə çatmalıdır. Ona ixtiyar verilməsinin səbəbi sadəcə olaraq bu halın hər ikisinin də Allahın elçisindən – salləllahu aleyhi va səlləm – rəvayət olunmasıdır. Əllərin çiyin bərabərində qaldırılması Əbu Humeyd və İbn Ömərin hədisindədir. Bunu Əli və Əbu Hureyra rəvayət edib və bu, əş-Şafi və İshaq (bin Rahaveyhin) görüşüdür. Qulaqlar bərabərində qaldırılmasını isə Vail bin Hucr və Malik ibn əl-Huveyris rəvayət edib; bunu Muslim (kitabında) rəvayət edir.[3] Elm əhlindən bir qrup bu görüşdə olub. Əhməd birincisinə daha çox meyl edib. əl-Əsrəm deyir: “Əbu Abdilləhə dedim: “Qaldırmaq ilə hara qədər çatdırmalıdır?” Dedi: “Mənə gəldikdə mən İbn Ömərin hədisinə görə çiyinlərə qədər olan görüşü tuturam və qulaq bərabərində qaldırılacağını deyənlərə gəldikdə o da gözəldir.” Bunun izahı budur ki, birincinin raviləri daha çoxdur və peyğəmbərə - salləllahu aleyhi va səlləm – daha yaxındırlar və (Əhməd) ikincini ona görə caiz gördü ki, bu barədəki rəvayətlərin səhihliyi onu göstərir ki, o, (salləllahu aleyhi va səlləm) bəzən bunu, bəzən də o birini edərdi.[4]

Məlum olur ki, bu barədə iki görüş vardır və İmam Əhmədin daha çox meyl etdiyi görüş əllərin çiyin bərabərində qaldırılması görüşüdür. Lakin digər görüşü də caiz görmüşdür. Ona görə də ilk dönəm hənbəlilər hər iki görüşü də zikr ediblər. Ona görə də İmam əş-Şərif İbn Əbi Musa əl-Həşimi “əl-İrşad” kitabında deyir: “Əllərini bu təkbir zamanı çiyin bərabərində və qulaqlarının yuxarısına qədər qaldırır.[5] Bu barədə ümumən alimlərin görüşlərini zikr edən Alləmə əl-Mərdəvi “əl-İnsaf” kitabında Burhənud-Din İbn Muflih’in “çiyin bərabərində və qulaqlarının yuxarısına qədər” deyir: “Bu, rəvayətlərdən biridir, yəni (namaz qılan) ixtiyar sahibidir. əl-Xiraqi buna üstünlük verib. “əl-Umdə”, “əl-Kəfi”, “əl-Cami əs-Sağir”, “əş-Şərh”, “Təcridul-İnəyə”, “əl-Bulğə”, “ən-Nəzm” və “əl-İfədət” kitablarında bu görüş qətiyyətlə ifadə olunub və İbn Razin bunu qətiyyətlə bildirib və deyib: “Bunda ixtilaf yoxdur.” Bunu başqaları da bildiriblər. “əl-Furu”da İbn Muflih deyir: “Məşhur olan budur.” “ət-Təlxis” kitabında bunu birinci olaraq zikr etmişdir.

Gördüyümüz kimi ilk dövr hənbəlilərdə məşhur olan görüşə görə namaz qılan bu ikisi arasında seçim etməkdə sərbəstdir. İbn Muflih bunun məşhur olduğunu deyib. Lakin ilk dövr alimlərdə bunun məşhur olması məzhəbin səhih görüşü olması anlamına gəlməz. Buna görə də daha sonra əl-Mərdəvi deyir: “(Əhməddən) həmçinin “əllərini yalnız çiyin bərabərinə qədər qaldırar” görüşü də gəlib. Məzhəbin görüşü budur. əz-Zərkəşi dedi: “Məşhur olan budur.”  “əl-Vaciz”, “ət-Təshil”, “əl-Məzhəb əl-Əhməd”, “əl-Munəvvar”, “əl-Muntəxab”, “Nəzmun-Nihəyə” və digər kitablarda bu görüş qəti olaraq bildirilib. “əl-Hidəyə”, “əl-Mustəvib”, “əl-Xuləsa”, “əl-Muharrar”, “İdrakul-Ğayə” kitablarının sahibləri, İbn Təmim, “əl-Furu”, “ər-Riayəteyn”, “əl-Haviyeyn”, “Məsbuk əz-Zəhəb” kitablarının sahibləri ilk olaraq bu görüşü zikr ediblər. İbn Abdus “ət-Təzkira” kitabında bu görüşə üstünlük verib.[6]

Bəli! İkinci görüş məzhəbin səhih görüşüdür. Alləmə Musa bin Əhməd əl-Həccəvi “əl-İqna” kitabında deyir: “Əlləri qaldırmağın başlanğıcı təkbirə başlamaqla, qurtarması da təkbiri qurtarmaq ilə eyni olmalıdır. Barmaqları açıq şəkildə, ucları bir-birinə bitişik olmalıdır. Əllərin içi qibləyə tərəf olmaqla birlikdə barmaqların baş hissəsi çiyin bərabərində olmalıdır.[7] Həmçinin İbnun-Nəccər əl-Fətuhi deyir: “Təkbirə başlamaqla eyni zamanda hər iki əli, aciz olduqda isə bir əli, barmaqları uzadılmış və bir-birinə bitişik şəkildə, əllərin içi qibləyə yönəlmiş şəkildə çiyin bərabərinə qədər qaldırmaq sünnətdir.[8]

Məzhəbin tədqiqatçı alimlərinin şahidliyi ilə məzhəbin üzərində qərar tapdığı görüş budur ki, ən səhih əlləri çiyin bərabərinə qədər qaldırmaqdır. Bu, digər görüşün zəif olması anlamına gəlməz, əksinə digər görüş də caizdir. Müsəlmanlar hər iki halı da tətbiq etməkdə sərbəstdirlər. Doğrusunu Allah bilir!

 


[1] “əl-Muharrar fil-Fiqh”, 1/107; Muəssəsətur-Risələ, birinci nəşr, 1428/2007, Beyrut

[2] “Sahih əl-Buxari”, 1/187-188; “Sahih Muslim”, 1/292

[3] Bax: “Sahih Muslim”, 1/293, 301

[4] “əl-Muğni”, 2/136-138; Dar Aləmil-Kutub, üçüncü nəşr: 1417/1997, Riyad

[5] “əl-İrşəd ilə Səbilir-Raşəd”, səh: 55; Muəssəsətur-Risələ, birinci nəşr: 1419/1998, Beyrut

[6] “əl-İnsaf”, 2/45; Dar İhyə ət-Turas əl-Arabi, birinci nəşr: 1374/1955, Beyrut

[7] “əl-İqna li Talibil-İntifə”, 1/174; Dəratu Məlik Abdil-Aziz, üçüncü nəşr: 1423/2002, Riyad

[8] “Muntəhə əl-İradət”, 1/207; Muəssəsətur-Risələ, birinci nəşr: 1419/1999, Beyrut

 

 

Aktual Mövzular