Böyüyün əmizdirilməsi məsələsi

Rafizilər hər zaman peyğəmbərin – salləllahu aleyhi va səlləm – ailəsinə əziyyət verən tayfa kimi tanınıb və tanınacaq. Peyğəmbərin namusu olan ailəsi haqqında, möminlərin anaları haqqında tərbiyəsiz spekulyasiyalar etməklə möminlərə də əziyyət verirlər. Hər dəfə təkrarlamağı sevdikləri məsələlərdən biri də böyükləri əmizdirmək məsələsidir.

 

Arxa plan

Hər şeydən öncə bu işin arxa planı haqqında danışaq. Bu mövzu və müzakirə hardan qaynaqlanır? İmam Muslim və başqalarının rəvayət etdiyi hədisdə Aişə anamız deyir: “Səhlə bint Suheyl peyğəmbərin – salləllahu aleyhi va səlləm – yanına gəldi və dedi: “Ey Allahın elçisi, mən Əbu Huzeyfə’nin üzündə Səlim’in – və o, onun mövlasıdır – (yanıma) daxil olmasından (rahatsızlıq) görürəm.” Bunun üzərinə peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Onu əmizdir!” O da dedi: “O, böyük kişi olduğu halda mən onu necə əmizdirə bilərəm?” Allahın elçisi – salləllahu aleyhi va səlləm – gülümsədi və dedi: “Onun böyük kişi olduğunu bilirəm.[1] Əbu Huzeyfə Bədrdə iştirak etmiş səhabələrdəndir və cahiliyyə dövründə peyğəmbərimiz – aleyhissələm – Zeydi övladlığa götürdüyü kimi o da Səlim’i övladlığa götürmüşdü. Səlim bir adət olaraq Səhlə bin Suheyl ilə Əbu Huzeyfə’nin oğlu sayılırdı və aralarındakı hislər övlad ilə valideyn arasındakı hislərlə eyni idi. Lakin şəriət övladların atalarından başqalarına nisbət edilməsini qadağan etdikdən sonra və qadınlara örtünməyi əmr etdikdən sonra Əbu Huzeyfə’nin ailəsində bu problem ortaya çıxdı. Bu problemi həll etmək üçün peyğəmbər – salləllahu aleyhi va səlləm – Səhləyə artıq öz övladı kimi tanıdığı Səlimə süd verməyi təklif etdi.

Bu hadisədən ortaya bəzi suallar çıxır ki, onlara cavab verməyimiz lazımdır. Bu məsələ ilə bağlı əhlüs-sünnət alimlərinin rəyini ortaya qoymaq, xətalı fikirləri, yaxud nadir və şaz fikirləri doğru, yayğın və mötəbər fikirlərdən ayırmaq lazımdır. Bu hədisdən belə başa düşmək olarmı ki, böyükləri əmizdirmək də məhrəmlik hökmünü tələb edir? İlk sualımız budur.

Ümumi yoxsa xüsusi?

İlk sual olaraq soruşmaq olar ki, bu hadisə Səlimə xasdır yoxsa bütün ümmət üçün keçərli olacaq şəkildə ümumidir? Xəbərlərdən anlaşılır ki, səhabə dönəmində Aişədən başqa heç kim bunu ümumi saymırdı. Zeynəb bin Əbi Sələmə deyir: “Peyğəmbərin – salləllahu aleyhi va səlləm – zövcəsi Ummu Sələmə’ni Aişəyə deyərkən eşitdim: “Allaha and olsun ki, süd içməyə ehtiyacı qalmamış oğlan uşağının məni görməyinə nəfsim razı olmaz.” (Aişə) dedi: “Nə üçün ki? Səhlə bint Suheyl Allahın elçisinin – salləllahu aleyhi va səlləm – yanına gəldi və dedi...[2] Daha sonra Aişə yuxarıdakı hadisəni danışır. Yenə Zeynəb bint Əbi Sələmə xəbər verir ki, “anası, peyğəmbərin – salləllahu aleyhi va səlləm – zövcəsi Ummu Sələmə belə deyərdi: “Peyğəmbərin – salləllahu aleyhi va səlləm – digər zövcələri bu süd əmmək yolu ilə onların yanına kiminsə daxil olmasına razı olmadılar və Aişəyə dedilər: “Allaha and olsun ki, biz bunu Allahın elçisinin – salləllahu aleyhi va səlləm – Səlimə xas qıldığı bir rüxsət olaraq görürük və heç kim bu süd əmmək ilə bizim yanımıza daxil olmaz və bizi görə bilməz.[3] Yerdə qalan səhabələrin də hamısı bunu Səlim və Səhləyə xas görürdü. Əbu Davud rəvayət edir ki, İbn Məsud deyib: “Süd (qohumluğu) yalnız sümüyü bərkitdikdə və ət çıxardıqda olur.” Əbu Musa (əl-Əşari) dedi: “Bu dahi sizin yanınızda olduğu müddətdə məndən bir şey soruşmayın.[4] Göründüyü kimi Abdullah bin Məsud bunu yalnız kiçik uşaqlar üçün keçərli sayıb və Əbu Musa əl-Əşari də onunla razılaşıb. İmam Malik “əl-Muvatta” kitabında qızıl isnadı ilə Abdullah bin Ömər’in belə dediyini rəvayət edir: “Süd əmizdirmə yalnız kiçik yaşında əmizdirilənə aiddir, böyüyə süd əmizdirmə yoxdur.[5] Eləcə də tabiin təbəqəsinin – Ata bin Əbi Rabəh istisna olmaqla – hamısı bunun Səlimə xas olduğuna inanırdı. İmamlardan isə əl-Leys bin Sad’dan – ondan fərqli xəbərlər gəlib - başqa heç kim bu rəydə olmayıb və dörd məzhəb bunun Səlimə xas olmasında ittifaq ediblər. Daha sonrakı dövrlərdə isə İbn Həzm bu görüşü mənimsəyir və müdafiə edir. Bəziləri bu rəyi Davud əz-Zahiri’yə nisbət etsələr də bir çox alimin qeyd etdiyinə əsasən zahiri kitablarında onun bu görüşdə olmadığı yazılıb. İbn Teymiyyə’nin rəyi isə bu olub ki, bu, Səlimə xas olmayıb, lakin Səlimin və ailəsinin halında olan digər şəxslər üçün də keçərlidir. Tələbəsi İbnul-Qayyim də, onlardan sonra gələn Əmir əs-San’ani də bu rəyi müdafiə ediblər. Lakin əl-Leys bin Sa’ddan (h. 175) sonra İbn Həzm əl-Əndəlusi’yə (h. 456) qədər davam etmiş zamanda bu məsələdə ittifaq hasıl olub, eləcə də İbn Həzm’dən İbn Teymiyyə’yə (h. 728) qədər davam etmiş müddətdə də ittifaq mövcud olub. Ona görə də xeyli sayda alim böyüyü əmizdirməyin heç bir təsirinin olmadığında icma nəql ediblər. İmam Malik deyir: “Bu, sadəcə Allahın elçisindən bir rüxsət idi və ondan sonra insanlar bununla əməl etməyiblər. Əgər əməl bununla olsaydı ondan sonra insanlar onunla əməl edərdilər.[6] Böyük hənəfi alimlərindən Alləmə Əbu Bəkr əl-Cəssas (h. 370) deyir: “... və bu, indi ittifaqla mənsuxdur.[7] əl-Cəssas təfsir kitabında da buyurur: “Böyüyü əmizdirmək görüşünü fəqihlərdən kiminsə götürdüyünü bilmirik, yalnız əl-Leys bin Sad’dan rəvayət edilən bir şey istisnadır; beləki Əbu Saleh ondan rəvayət edir ki, böyüyü əmizdirmək məhrəm edir və bu, şazz görüşdür... Böyüyü əmizdirməklə (məhrəmliyi) vacib görənin görüşünün şazlığı sabit oldusa bununla ittifaq hasil olur ki, böyüyü əmizdirmək məhrəm etmir.[8] Şafi’ilərin böyük imamlarından Əbu Süleyman əl-Xattabi (h. 388) deyir: “Elm əhlinin hamısı bu məsələdə Ummu Sələmə’nin dediyi ilə razılaşıblar və bu hadisəni iki mənadan birinə; ya bunun xüsusi olmağına, ya da nəsx olmağına yozublar və bununla əməl etməyiblər.[9] Maliki üləmasından Əbul-Həsən İbn Bəttal (h. 449) deyir: “Bütün ölkələrin imamları ittifaq ediblər ki, böyüyü əmizdirmək məhrəm etmir...[10] Digər maliki alimi Əbul-Valid əl-Bəci (h. 474) deyir: “Bu, fəqihlərdən heç kimin qəbul etmədiyi bir məzhəbdir və bunun əksi üzərində icma bağlanıb...[11] əl-Qadi İyad bin Musa əl-Yəhsubi (h. 544) əl-Bəci’nin bu sözlərini zikr etdikdən sonra deyir: “Çünki bu barədə ixtilaf ilk əvvəldə var idi və sonra kəsildi və bu, İbnu Həbib’in sözlərinin də mənasıdır.[12] Hənbəlilərin imamlarından isə böyük vəzir Əbul-Muzaffər İbn Hubeyrə əş-Şeybəni (h. 560) deyir: “İttifaq ediblər ki, böyüyü əmizdirmə haram edici deyildir.[13] Əbu Abdilləh əl-Qurtubi əl-Ənsari (h. 671) deyir: “Böyüyü əmizdirməyin məhrəmliyi vacib etdiyini deməkdə alimlərin arasında əl-Leys bin Sad tək qalıb.[14] Bu üslub adətən görüşün şazlığını ifadə etmək üçün istifadə olunur. Dörd məzhəbin ittifaq etdiyi bu rəyin mötəbər, digər rəylərin isə xəta olduğu aydın olduqdan sonra digər suala toxunmağa ehtiyac yaranır.

Səhlə Səlimə südü necə verirdi?

Rafizilər hədisin bu hissəsinə dəlicəsinə taxılmaqlarının səbəbi aydındır. Bu, onların qəlbindəki xəstəliyin beyinlərində törətdiyi çirkin düşüncələrdən qaynaqlanır. Onların iddiasına görə sünnilər mövzumuzun əslini təşkil edən hədisdəki əmri bir-başa qadının döşündən əmmək kimi başa düşürlər. Bunun yalan olduğu aşkar olsa da sünnət alimlərinin sözlərini nəql edərək qəlbləri daha da xətircam etmək istəyirik. İmam İbn Quteybə əd-Dinəvari (h. 276) deyir: “(Peyğəmbər) ona dedi: “Onu əmizdir!” Bununla uşaqlarla edildiyi kimi “döşünü onun ağzına qoy” mənasını qəsd etmir, lakin qəsdi budur ki, “südündən onun üçün bir az sağ və içməsi üçün ona ver!” Bundan başqa mənada olması mümkün deyildir, çünki Səlimin süd əmənə qədər onun döşlərinə baxması halal deyildir. Necə ola bilər ki, ona halal olmayan bir şeyi və şəhvətə düşməkdən əmin olmadığı bir şeyi (peyğəmdər) onun üçün mübah etsin?![15] Şafi’ilərin böyüklərindən Əbul-Həsən Əli bin Muhəmməd əl-Məvardi (h. 450) deyir: “...çünki peyğəmbər – salləllahu alehi va səlləm – Səlim ilə bağlı demişdi: “Onu beş dəfə əmizdir ki, sənə məhrəm olsun!” Məlumdur ki, bununla döşdən əmməyi qəsd etməmişdir, çünki bu, ona haram idi, beləliklə də sabit olur ki, bu, boğaza tökməklə baş verib.[16] Məğribin imamlarından əl-Hafiz Əbu Ömər İbn Abdilbərr (h. 463) deyir: “Böyüyü əmizdirmək də (Atanın) dediyi kimi belə olur; süd onun üçün sağılır və ondan içirdilir, yoxsa qadının uşaqla etdiyi kimi döşünü ağzına verməyə gəldikdə isə əsla olmaz, çünki bu, alimlər toplumunun yanında halal deyildir.[17] Bu sözlər açıq şəkildə onu ifadə edir ki, alimlər heç bir halda buna icazə verməyiblər. Əbu Abdilləh Muhəmməd bin Əli əl-Məziri (h. 536) deyir: “Ola bilsin ki, Səlimi əmizdirmək də bu şəkildə olub; bəzi əzaları ilə yad qadının döşünə toxunmadan (südünü) boğazına töküb.[18] əl-Qadi İyad (h. 544) deyir: “Ola bilsin ki, südünü sağmış və (Səlim) onun döşünə toxunmadan və dəriləri bir-birinə dəymədən içmişdir.” Onun bu sözlərini İmam Əbu Zəkəriyyə ən-Nəvəvi (h. 676) Muslimin “əs-Sahih” kitabına yazdığı şərhində nəql edir və deyir: “əl-Qadi’nin bu dediyi izah gözəldir.[19] Həmçinin Əbul-Fədl Zeynuddin əl-İradi (h. 806) deyir: “Haqq olan əvvəldə dediyimiz kimi (Səlimin südü) sağılmış olaraq içməsidir.[20] Əbu Abdilləh Muhəmməd bin Xalfə əl-Vaştəni əl-Ubbi əl-Məliki (h. 828) deyir: “Süd əmizdirməkdə etibara alınan – hətta boğaza südü tökmək yolu ilə olsa belə - südün qarına getməsidir. Ola bilsin ki, Səlimi əmizdirmək də bu yol ilə olub, çünki döşü görmək və ona əzalardan biri ilə toxunmaq icazəli deyildir.[21] Kəməluddin İbnul-Huməm əs-Sivəsi (h. 861) deyir: “Onun övrətinə dodaqları ilə toxunması axı necə caiz ola bilər ki?! Ola bilsin ki, burada qəsd olunan budur ki, beş dəfə əmməyin miqdarında süd sağır, o da içir.[22] Muhəmməd bin Abdilbəqi əz-Zurqani (h. 1122) “əl-Muvatta” kitabının şərhində əl-Qadi İyad’ın sözlərini nəql etdikdən sonra deyir: “...çünki döşə baxmaq və ona hansısa əza ilə toxunmaq caiz deyildir.[23] Alimlərin bu dediklərini dəstəkləyən bir xəbər də varid olub. İbn Sa’d (h. 230) deyir: “Muhəmməd bin Ömər (əl-Vaqidi) bizə xəbər verdi; əz-Zuhri’nin qardaşı oğlu Muhəmməd bin Abdilləh bizə atasından belə dediyini xəbər verdi: “(Səhlə) dərman qabına və ya hansısa bir qaba bir dəfə əmmək miqdarında südünü sağardı və Səlim hər gün olmaqla beş gün onu içərdi. Ondan sonra onun yanına başı açıq ikən daxil olurdu və bu, Allahın elçisindən Səhlə bint Suheyl’ə bir rüxsət idi.[24] əz-Zuhri’nin qardaşı və qardaşı oğlu siqa ravilərdir, lakin əl-Vaqidi zəif ravidir, şiddətlə tənqid olunub. Amma onun bu rəvayəti etibara alınmalıdır, çünki bu hadisə ilə bağlı yeganə açıqlayıcı xəbərdir və həmçinin şəriətin külli qaydalarına müvafiqdir. Ona görə də Abdurrahmən əş-Şirbini (h. 1326) “əl-Ğurar əl-Bəhiyyə” kitabına yazdığı haşiyəsində deyir: “Rəvayət olunur ki, (Səhlə) dəva qabına südünü sağmış və o, içmişdir.” (Bunu) əş-Şərqavi ”ət-Təhrir” kitabına yazdığı haşiyədə deyir və heç bir problem qalmır.[25] Qardaşıda Ata bin Əbi Rabəh’dən zikr edəcəyimiz səhih xəbər də əl-Vaqidi’nin rəvayət etdiyini dəstəkləyəcək. Atanın xəbərini müzakirə etdikdə əl-Vaqidi’nin rəvayətini də xatırlamağı unutmayın.

Burada bilinməsi vacib olan digər tərəf budur ki, əslən süd məhrəmliyinin sabit olması üçün bir-başa döşdən əmmək şərt deyildir. Bu, sələfin və dörd məzhəbin ittifaqı ilə belədir. Hənəfi alimlərindən İbn Nuceym əl-Misri deyir: “(Rada) süd əmmə müddətində südün qadının döşündən uşağın qarnına onun ağzından və ya burnundan çatmasıdır. Bura həmçinin südünü şüşə qaba sağması da daxildir, çünki etibara alınan bu südün - əmmək prosesi olmasa belə - uşağa çatdırılmasıdır.[26] Maliki alimlərindən Əbul-Həsən əl-Adəvi haşiyəsində buyurur: “Bunun alət vasitəsi ilə olması ilə başqa yolla olması arasında fərq yoxdur və bununla aydın olur ki, “rada’” (sadəcə) dodaqları südün döşdən çıxan yerinə tutmaq deyil, lakin südün südəmər uşağın qarnına hansı yolla olursa olsun çatmasıdır.[27] Şafi’i alimləri hədisdə keçən “rada’” kəliməsini izah edərkən deyirlər: “Dil baxımından bu, döşü əmmək və südünü içməkdir və şəriət baxımından isə qadının südünün və ya ondan hasil olan şeyin uşağın qarnına getməsidir.[28] Hənbəlilərə gəldikdə isə İbn Qudəmə deyir: “Əgər qadın südünü qaba sağarsa və sonra ölərsə, sonra onu uşaq içərsə məhrəmlik ona da keçər.[29] İbn Abdilbərr bu xüsusda fəqihlərin icma etdiklərini nəql edərək deyir: “Bütün ölkələrin fəqihləri icma ediblər ki, südəmər uşaq qadının südündən içməyi ilə - hətta döşündən əmməsə belə - məhrəm olur, sadəcə olaraq onu buruna tökməkdə, arxadan daxil etməkdə və boğazına tökməkdə ixtilaf ediblər.[30]

Bütün bunları bildikdən sonra bir nöqtə üzərində düşünmək lazımdır. Ümumiyyətlə Səhlə və Əbu Huzeyfə’nin ailəsindəki problem və sıxıntı nə idi? Bunun üzərində düşünmək çox önəmlidir. Allahın hökmü ilə övladlıq nisbəti ləğv edilmişdi, yəni cahiliyyə dövründə inanıldığı kimi övladlığa götürülmüş uşaq məhrəm sayılmırdı. Ona görə də Səhlə cahiliyyə dönəmində oğulluğa götürdükləri Səlim’in onun yanına daxil olmasından Əbu Huzeyfə’nin rahatsız olduğunu görürdü. Bu o deməkdir ki, problem Əbu Huzeyfə’nin qısqanmasında idi, yəni Əbu Huzeyfə’nin qeyrəti problemin əsasında dururdu. Biz məhrəmlik hökmünün sabit olması üçün bir-başa döşdən əmməyin şərt olmadığını öyrəndik. O zaman necə düşünmək olar ki, peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – Əbu Huzeyfə’nin qısqanclığını həll etmək üçün Səhləyə öz xoşluğu ilə Səlimi döşü ilə əmizdirməyi əmr edib?! Belə bir şey şəriətin nə hikmətinə, nə də sağlam düşüncəyə müvafiqdir. Heç bir şəkk olmamalıdır ki, Səhlənin Səlimi əmizdirməsi vasitə ilə olub və bu, kifayət edib.

Aişə anamızın münasibəti

İmam Malik “əl-Muvatta” kitabında rəvayət etdiyi hədisdə deyir: “...möminlərin anası Aişə yanına daxil olmağını istədiyi erkəklər üçün bu rəyi qəbul etmişdi, belə ki, bacısı Ummu Kulsum bint Əbi Bəkr əs-Siddiq’ə və qardaşı qızlarına əmr edərdi ki, yanına daxil olmağını istədiyi erkəkləri əmizdirsinlər...[31] Rafizilər bu rəvayətləri ələ alaraq çirkin bir iddia irəli sürürlər. İddia edirlər ki, guya Aişə anamız böyük kişiləri əmizdirərmiş. Bu söz o qədər tərbiyəsiz, o qədər murdar sözdür ki, bu cümlələri yazarkən belə xoşa gəlməz hislərlə boğuşmalı olursan. Lakin bu həyatda mənəviyyatsız insanların yaşaması ilə barışmalıyıq. Müsəlman qardaşlarımız bu cür ittihamlar ilə qarşılaşdıqlarında qəlblərinə şübhə düşməməsi üçün onların cavabını vermək məcburiyyətindəyik.

Bilmək lazımdır ki, xəbərlərin heç birində Aişə anamızın şəxsən kiməsə süd verdiyi qeyd edilməyib, çünki Aişə anamız heç zaman övlad sahibi olmayıb. Lakin İmam Malik’dən nəql etdiyimiz rəvayətdə oxuduğumuz kimi öz bacısına və qardaşı qızlarına əmizdirməyi əmr edərdi. Amma burada qəsd olunan məna nədir? Şübhəsiz ki, Aişə anamız böyük kişiləri əmizdirməyi heç kəsdən tələb etməyib, bu yalan və iftiradır. Lakin həqiqətdə əmr etdiyi iki yaşını ötmüş oğlan uşaqlarının əmizdirilməsi olub və əmizdirilmə ilə qəsd olunan da südün sağılaraq uşağa verilməsi idi. Yoxsa bir-başa döşdən əmizdirmirdilər. Aişə anamızın bunu etməsinin səbəbi isə peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – evində eşitdikləri hikməti öyrətmək idi. Bunu başa düşmək üçün bəzi rəvayətlərə nəzər salmalıyıq. Bu rəvayətlərdən birini İmam Malik “əl-Muvatta” kitabında Nafi’dən rəvayət edir ki, “Səlim bin Abdilləh ona xəbər verib ki, möminlərin anası Aişə o süd əmərkən onu bacısı Ummu Kulsum bint Əbi Bəkr’in yanına göndərmiş və demişdir: “Onu on dəfə əmizdir ki, yanıma daxil ola bilsin.” Səlim dedi: “Ummu Kulsum məni üç dəfə əmizdirdi və sonra xəstələndi. Məni üç dəfədən artıq əzdirə bilmədi. Ummu Kulsum mənim üçün on dəfə əmizdirməni tamamlamadığı üçün Aişənin yanına daxil ola bilmirdim.[32] Gördüyümüz kimi bunu Səlim, yəni səhabə Abdullah bin Ömər’in oğlu Səlim bin Abdilləh özü danışır. Aişə anamız ilə Səlim arasında ən azından 31 yaş fərq vardır, çünki o, Osmanın xilafəti dövründə doğulub. Aişə anamız Səlimin əmizdirilməsini istəyirdi ki, böyüdükdə onun yanına daxil ola bilsin və peyğəmbərimizin sünnətini rahat öyrənə bilsin. Hafsa anamız da bu cür edərdi. İmam Malik yenə Nafi’dən rəvayət edir ki, “Safiyyə bint Əbi Ubeyd ona xəbər verib ki, möminlərin anası Hafsa bacısı Fatimə bint Ömər bin əl-Xattab’ın yanına Asim bin Abdilləh bin Sad’ı göndərmişdi ki, yanına daxil ola bilməsi üçün onu on dəfə əmizdirsin. O, o zaman süd əmən kiçik uşaq idi.  O da etdi, buna görə yanına daxil ola bilirdi.[33] Aişədən gətirdiyimiz sonuncu xəbər onun məqsədini göstərir. Burada Səlimi hələ südəmər çağında əmizdirməyi istəmişdi. Lakin bəzi uşaqlar iki yaşı keçsələr də Aişə anamız onların da əmizdirilməsini istəyərdi, çünki Aişəyə görə bu cür əmizdirmək məhrəmliyə səbəbdir.

Amma heç bir halda Aişə anamız bacılarına böyük kişiləri əmizdirməyi əmr etməyib. Bəzi hədislərdə “böyük” sözünün gəlməsi bizim anladığımız böyük mənasında deyildir, çünki burada qəsd olunan iki yaşı keçmiş uşaqlardır. Fiqhdə “az su” və “çox su” ayırımı edilir və “az su” deyildikdə iki qüllədən az olan miqdarı qəsd edirlər və bu baxımdan iki yüz litr su “az su” hesab olunur. İmam Muslim “əs-Sahih” kitabında rəvayət edir ki, Ummu Sələmə’nin qızı Zeynəb deyib: “Ummu Sələmə Aişəyə dedi: Sənin yanına “əyfə ğuləm” daxil olur ki, onun mənim yanıma daxil olmasına razı olmaram.” Aişə dedi: “Məgər sənin üçün Allahın elçisi - salləllahu aleyhi va səlləm – nümunə deyilmi?!”..[34] Daha sonra Aişə hədisin arxasında Səhlə ilə Əbu Huzeyfə’nin halını danışır. Biz hədisdəki “əyfə ğuləm” sözlərini tərcümə etmədik və baxaq görək hədisi şərh edənlər bu sözü necə tərcümə ediblər? İmam ən-Nəvəvi deyir: “O, buluğ yaşına yaxınlaşmış, lakin baliğ olmamış kəsdir.[35] İbnul-Cəvzi deyir: “Bununla ihtilam yaşına yaxınlaşmış birini qəsd edir.[36] Əbu Abdilləh əl-Məziri də deyir: “O, ihtilam yaşına az qalmış, lakin hələ ihtilam olmamış biridir.[37] İhtilam yaşı isə oğlan uşaqlarında adətən yuxuda sperma axımı ilə üzləşdikləri yaşdır. Bu, 11 yaş və ya 13 yaş ola bilər. Ümumiyyətlə “ğuləm” kəliməsi həddi-büluğa çatmamış oğlan uşaqlarına verilən addır. Buradan başa düşürük ki, Aişənin yanına həddi-büluğa çatmış oğlan uşaqları daxil olmurdu, çünki əgər belə bir hal baş versəydi Ummu Sələmə’nin onları misal çəkərək etiraz etməsi daha doğru olardı. Bu dediklərimizi təsdiqləyən rəvayəti Əbu Bəkr əl-Cəssas bizlərə nəql edir və deyir: “Böyüyü əmizdirmə bölümündə təqdim etdiyimiz Aişə’nin hədisi başqa şəkildə də rəvayət olunub və bunu Abdurrahmən bin əl-Qasim atasından rəvayət edir ki, Aişə (qardaşı) Abdurrahmən bin Əbi Bəkr’in qızına uşaqları əmizdirməyi əmr edirdi ki, böyüdüklərində onun yanına daxil ola bilsinlər.[38] Bu rəvayəti həmçinin Aləuddin əl-Kəsəi də “Bədə’ius-Sanai” kitabında[39] zikr edir. Bu xəbər onu təsdiqləyir ki, Aişə anamız əmizdirilmək üçün uşaqları göndərərdi və biz, Səlim bin Abdilləh’in misalında bunu gördük. Hətta əlavə etməliyik ki, bu əmizdirmənin belə bir-başa döşdən olması şərt deyildi. Çünki yuxarıda izah etdiyimiz kimi sağılmış südü içməklə də hökmlər sabit olur. Bu mənanı Aişə anamızla qarşılaşmış və ondan hədis eşitmiş Ata bin Əbi Rabəh də təsdiqləyir. Abdurrazzəq əs-San’ani deyir: “İbn Cureyc bizə xəbər verdi və dedi: “Ata’dan belə soruşularkən eşitdim; bir nəfər ona dedi: “Mən böyük kişi olduqdan sonra bir qadın mənim üçün südündən sağıb içizdirdi; onunla evlənə bilərəmmi?” Dedi: “Xeyr.” Soruşdum: “Bu, sənin rəyindir?” Dedi: “Bəli.” Ata dedi: “Aişə qardaşının qızlarına bunu etməyi əmr edərdi.[40] İbn Abdilbərr məhz bu xəbəri zikr etdikdən sonra deyir: “Böyüyü əmizdirmə (Atanın) zikr etdiyi kimi bu cür olur; onun üçün süd sağılır və içizdirilir.[41] Ümid edirik ki, bu açıqlamalar ilə rafizilərin iftiralarına qane edici cavab verilmişdir. Allah alimlərimizə rəhmət etsin! Bizim üçün işimizi asanlaşdırıblar.



[1] “Sahih Muslim”, 1453;

[2] “Sahih Muslim”, 1453;

[3] “Sahih Muslim”, 1454;

[4] “Sunən Əbi Davud”, (2059)

[5] “Muvatta Malik”, (2238) əl-Azami çapı

[6] əl-Cəvhəri, “Musnədul-Muvatta”, səh: 172;

[7] “Şərhu Muxtəsarit-Tahavi”, 5/261;

[8] “Əhkəmul-Quran”, 2/114;

[9] ”Məalimus-Sunən”, 3/187;

[10] “Şərhu Sahih əl-Buxari”, 7/197;

[11] “əl-Muntəqa Şərh əl-Muvatta”, 4/155;

[12] “İkməlul-Mu’lim bi Fəvaid Muslim”, 4/642;

[13] “İxtiləful-Əimmətil-Uləmə”, 2/204;

[14] “Təfsirul-Qurtubi”, 5/110;

[15] “Təvilu Muxtəlif əl-Hədis”, səh: 437;

[16] “əl-Həvi əl-Kəbir”, 11/372;

[17] “ət-Təmhid”, 8/257;

[18] “əl-Mu’lim bi Fəvaid Muslim”, 2/167;

[19] “Şərhun-Nəvəvi alə Muslim”, 10/31;

[20] “Tarhut-Təsrib”, 7/139;

[21] “İkməlu İkməlil-Mu’lim”, 4/75;

[22] “Fəthul-Qadir”, 3/441;

[23] “Şərhuz-Zurqani aləl-Muvatta”, 3/371;

[24] “ət-Tabəqat əl-Kubra”, 8/271;

[25] “əl-Ğurar əl-Bəhiyyə”, 4/374-375;

[26] “əl-Bəhrur-Raiq”, 3/238;

[27] “Haşiyətul-Adəvi alə Kifəyətit-Talib”, 2/116;

[28] “Tuhfətul-Muhtəc”, 8/284; “Muğnil-Muhtəc”, 5/123; “Əsnəl-Mətalib”, 3/415;

[29] “əl-Muğni”, 8/176;

[30] “ət-Təmhid”, 8/257;

[31] “Muvatta Məlik” (1749) Əbu Musab rəvayəti ilə

[32] “Muvatta Malik” (1740) Əbu Musab rəvayəti ilə

[33] “Muvatta Malik” (1742) Əbu Musab rəvayəti ilə

[34] “Sahih Muslim”, (1453)

[35] “Şərhun-Nəvəvi alə Muslim”, 10/33;

[36] “Kəşful-Muşkil min Hədisis-Sahiheyn”, 4/376;

[37] “İkməlul-Mu’lim”, 4/643;

[38] “Əhkəmul-Quran”, 2/114;

[39] “Bədə’ius-Sana’i”, 4/6;

[40] “Musannəf Abdirrazzəq”, 7/458 (13883)

[41] “ət-Təmhid”, 8/257;

Aktual Mövzular