Talha bunu deyə bilməzdi!

Əhlüs-sünnət qaynaqlarında Talha bin Ubeydilləh ilə bağlı keçən bəzi xəbərlərə toxunmaq istəyirik. Bu xəbərlərə əsasən səhabələr arasında xüsusi məqama sahib olan böyük bir səhabə, cənnətlə müjdələnmiş on nəfərdən biri sayılan Talha bin Ubeydilləh peyğəmbərin – aleyhissalətu vassələm – vəfatından sonra onun zövcəsi ilə evlənmək arzusunu ifadə edib. Yenə bu xəbərlərə əsasən məhz Talha’nın bu sözündən sonra Allah – cəllə cələluhu – “Sizə Allahın peyğəmbərinə əziyyət vermək, vəfatından sonra onun həyat yoldaşları ilə evlənmək əsla yaraşmaz” ayəsini endirmişdir. Bu yazımızda bu xəbərlərə yaxından nəzər salacağıq.

 

əl-Beyhəqi “əs-Sunən əl-Kubra” kitabında deyir: “Əli bin Əhməd bin Abdən bizə xəbər verdi: Süleyman bin Əhməd əl-Ləxmi bizə bildirdi: əl-Həsən bin Abbas ər-Razi bizə rəvayət etdi: Muhəmməd bin Humeyd bizə rəvayət etdi: Mihran bin Əbi Ömər bizə rəvayət etdi: Sufyan əs-Səvri bizə Davud bin Əbi Hind’dən, o da İkrimə’dən, o isə İbn Abbas’dan – radiyallahu anhu – belə dediyini rəvayət edir: “Peyğəmbərin – salləllahu aleyhi va səlləm – səhabələrindən bir nəfər dedi: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – ölərsə Aişə ilə və ya Ummu Sələmə ilə evlənəcəm.” Bunun üzərinə Allah – azzə va cəllə - nazil etdi: “Sizə Allahın peyğəmbərinə əziyyət vermək, vəfatından sonra onun həyat yoldaşları ilə evlənmək əsla yaraşmaz. Şübhəsiz ki, bu, Allah qatında çox böyük bir günahdır.” Süleyman dedi: “Bunu Mihran’dan başqa heç kim Sufyan’dan rəvayət etmir.[1]

Əbul-Qasim İbn Bəşkuval əl-Xazraci əl-Əndəlusi (h. 494-578) deyir: “Əbu Muhəmməd bizə atasından rəvayət etdi; dedi: Əbul-Həsən bin Əyyub bizə rəvayət etdi; dedi: Yəhyə bin Hilal bizə rəvayət etdi; dedi: Yəhyə bin Süleyman bizə rəvayət etdi; dedi: İbn Zeyd bizə rəvayət etdi; dedi: Hərmələ bizə rəvayət etdi; dedi: Muhəmməd bin Abdilləh bizə rəvayət etdi; dedi: Muhəmməd bin Mərvan bizə əl-Kəlbi’dən, o da Əbu Saleh’dən, o isə İbn Abbas’dan belə dediyini rəvayət etdi: “Onların üzərilərinə hicab vurulduqdan sonra Qureyşdən bir nəfər – və o, Talha bin Ubeydilləh’dir – dedi: “Bizə indi əmi qızlarının yanına daxil olmaq və hicabın arxasından olmazsa onlarla danışmaq qadağan edilirmi?! Allaha and olsun ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – ölərsə Aişə ilə evlənəcəyik.”Bunun üzərinə bu ayə nazil oldu: “Sizə Allahın peyğəmbərinə əziyyət vermək, vəfatından sonra onun həyat yoldaşları ilə evlənmək əsla yaraşmaz. Şübhəsiz ki, bu, Allah qatında çox böyük bir günahdır.[2]

əs-Suyuti “əd-Durrul-Mənsur” kitabında deyir: “Cuveybir İbn Abbas’dan (isnadı ilə) rəvayət edir ki, bir nəfər peyğəmbərin – salləllahu aleyhi va səlləm – zövcələrindən birinin yanına gəlir, onunla danışır və o, onun əmisi oğludur. Buna görə də peyğəmbər – salləllahu aleyhi va səlləm – ona deyir: “Bu gündən sonra səni bu yerdə durarkən görməyim!” O da dedi: “Ey Allahın elçisi! O, mənim əmim qızıdır. Allaha and olsun ki, ona pis bir şey demədim, o da mənə demədi.” Peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Bunu bilirəm. Allahdan daha qeyrətli biri yoxdur və heç kim məndən qeyrətli deyildir.” Ordan ayrıldı və dedi: “Mənə öz əmim qızı ilə danışmağı qadağan edir! And olsun ki, ondan sonra onunla evlənəcəm.” Bunun üzərinə Allah bu ayəni endirdi. O adam bu sözündən tövbə etmək üçün bir qul azad etdi, on dəvə üzərində malı Allah uğrunda bağışladı və yürüyərək həcc etdi.[3]

Bu barədə başqalarından da nəqllər gəlib. Misal üçün İbn Vahb “əl-Cami” kitabında deyir: “əl-Leys bin Sa’d mənə rəvayət etdi ki, Talha bin Ubeydilləh deyib: “Allahın elçisi – aleyhissələm – ölərsə Aişə ilə evlənəcəm.”... əl-Leys dedi: “Aişə onun əmisi qızı idi...[4] Abdurrazzaq əs-San’ani isə deyir: “Mə’mər’dən, o da Qatədə’dən ki, bir nəfər dedi: “Əgər peyğəmbər – salləllahu aleyhi va səlləm – ölsəydi fılankəs ilə - Aişəni qəsd edir – evlənərdim.”... Mə’mər dedi: Eşitdim ki, bu adam Talha bin Ubeydilləh’dir.[5] Həmçinin İbn Sad tarixində deyir: “Muhəmməd bin Ömər mənə xəbər verdi; Abdullah bin Cəfər mənə İbn Əbi Avn’dan, o da Əbu Bəkr bin Muhəmməd bin Amr bin Həzm’dən Allahın ... ayəsi haqqında belə dediyini rəvayət etdi: “Bu, Talha bin Ubeydullah haqqında nazil olub, çünki o, deyib: “Allahın elçisi əgər ölərsə Aişə ilə evlənəcəm.[6]

Bu mübarək səhabəni ləkələmək üçün bəzi tayfaların istifadə etdikləri rəvayətlər bunlardan ibarətdir. Biz bu rəvayətləri ilk öncə sənəd baxımından ələ alaq. İlk rəvayətə baxdıqda görürük ki, İbn Abbas’a nisbət edilmiş bu xəbəri rəvayət edən Muhəmməd bin Humeyd ər-Razi’dir. Bu ravi üzərində sünnət əhli alimlərimiz ixtilaf ediblər. Əbu Zura ər-Razi, Muhəmməd bin Muslim bin Varah, İshaq əl-Kəvsəc, Saleh bin Muhəmməd əl-Hafiz və İbn Xaraş onu yalanda ittiham ediblər. əl-Buxari, Əhməd və Yəhya bin Main kimi alimlərin onun haqqında yaxşı sözləri olsa da daha sonra bu sözlərindən dönüblər və onu etibardan düşürüblər. Adından da göründüyü kimi o, Rəy şəhərindən olub və onu həmyerliləri hamıdan çox onu tənqid ediblər. Əbu Nueym bin Adiy deyir: “Əbu Hətim Muhəmməd bin İdris ər-Razi’ni evində (danışarkən) eşitdim və onun yanında Abdurrahmən bin Yusuf bin Xaraş və Rəy əhlinin şeyxlərindən, hədis hafizlərindən bir qrup var idi. Onlar İbn Humeyd’i zikr etdilər və onun hədisdə çox zəif olduğunu, eşitmədiyi hədisləri rəvayət etdiyini və Basra, Kufə əhlinin hədislərini götürüb onları Rəy əhlindən rəvayət etdiyini dedilər.[7] Ona görə də Muhəmməd bin Humeyd’in rəvayətlərinə etibar yoxdur. Üstəlik Muhəmməd bin Humeyd bunu Mihran bin Əbi Ömər ər-Razi’dən rəvayət edir. Əbu Zura ər-Razi, Əbu Cəfər əl-Uqeyli, ən-Nəsəi, İbrahim bin Musa və başqaları zəif sayıblar. Yəhyə bin Main’dən onun haqqında soruşduqlarında deyib: “Müsəlman bir şeyx idi, ondan hədis yazmışam və o, Sufyandan rəvayət etdikdə çoxlu xətalar edirdi.[8] Mihran bu xəbəri də məhz Sufyan əs-Səvri’dən rəvayət edir. Bu iki ravi səbəbi ilə bu xəbərə etibar etmək olmaz, üstəlik bu xəbərdə o sözləri deyənin kim olduğu zikr olunmur. İkinci xəbərdə isə bu sözləri deyənin Talha bin Ubeydilləh olduğu deyilir. Lakin bu xəbərin sənədi xəbərin batil və uydurma olduğunu göstərir. Muhəmməd bin Mərvan burada əs-Suddi əs-Sağir adı ilə tanınan ravidir. İbn Numeyr, Cərir bin Abdilhəmid, Saleh bin Muhəmməd əl-Bağdadi onu yalançı, hədis uyduran adlandırıblar. İbn Hibban deyir: “O, sabit ravilərdən uydurma xəbərlər rəvayət edəndir.[9] əs-Suddi əs-Sağir, yəni kiçik əs-Suddi adlandırılmasının səbəbi isə onu əs-Suddi əl-Kəbir’dən ayırmaq üçündür, çünki əs-Suddi əl-Kəbir mötəbər bir ravi olub. Üstəlik bu xəbəri o, Muhəmməd bin Səib əl-Kəlbi’dən rəvayət edir. O da bir başqa yalançıdır. İmam Sufyan əs-Səvri onunla bağlı bizə bu sözləri nəql edib: “əl-Kəlbi (mənə) dedi: “Əbu Saleh’dən rəvayət etdiyim hər bir şey yalandır.[10] Bu xəbəri də əl-Kəlbi məhz Əbu Saleh’dən rəvayət edir. İbn Hibban onun haqqında deyir: “əl-Kəlbi səbəilərdən, Abdullah bin Səbə’nin əshabından idi. O kəslərdən id ki, onlar Əlinin ölmədiyini, qiyamət günündən öncə dünyaya qayıdacağını və dünya zülm ilə dolduğu kimi onu ədalət ilə dolduracağını deyirlər...[11] Belə bir etiqad ilə onun Talha haqqında bu cür bir xəbəri uydurması qəribə gəlməməlidir. Üçüncü xəbərə gəldikdə isə əs-Suyuti onun isnadını zikr etmir, lakin onu Cuveybir’in rəvayət etdiyini deyir. O isə Cuveybir bin Said əl-Əzdi əl-Bəlxi’dir, əd-Dahhək bin Muzahim’in tələbəsi olaraq tanınır. İbn Həcər onu “çox zəif” bir ravi olaraq tanıdır. əl-Buxari deyir: “Əli (bin əl-Mədini) mənə dedi: Yəhyə (bin Said əl-Qattan) dedi: “Cuveybiri mən yalnız iki hədis ilə tanıyırdım”, sonra bütün bu hədisləri çıxardı. Buna görə də onu zəif hesab etdi.[12] Cuveybir’in xəbərində də həmin kəsin adı çəkilmir, lakin Talha’ya tənə edənlər xəbərdə “əmisi oğlu” vəsfini onunla əlaqələndirirlər. Gördüyümüz kimi bu xəbərə etibar etmək doğru deyildir.

əl-Leys bin Sad’a gəldikdə isə doğrudur ki, bu söz ondan sadir olub, çünki İbn Vəhb onun tələbələrindəndir. Lakin əl-Leys hicri 94-cü ildə dünyaya gəlib. O, səhabələrdən bir xəbəri rəvayət etdikdə əksər hallarda onunla həmin səhabə arasında iki və ya üç nəfər ravi olur. Eləcə də bunu Talhaya nisbət edən Mə’mər bin Raşid də hicri 95-ci ildə vəfat edib. Mə’mər bin Raşid böyük əl-Cami kitabının müəllifidir və sözlərindən anlaya bildiyimiz kimi o, bunun Talhadan sabit olmasına dair heç bir xəbər bilmirdi, lakin o sözü deyənin adının Talha bin Ubeydilləh olduğunu eşitdiyini söyləyir. Bu isə bunun dəqiqləşdirilməmiş bir xəbər olduğunu təsdiqləyir. əl-Leys və Mə’mər’dən fərqli olaraq Əbu Bəkr bin Muhəmməd bin Amr bin Həzm isə birinci əsrin əvvəlində, daha dəqiq desək hicri 36-cı ildə anadan olub. Vaxt baxımından o dövrə ən yaxın olan məhz odur. Lakin bu xəbəri ona nisbət edən tarixçi alim Muhəmməd bin Ömər əl-Vaqidi’dir. Hədis alimləri onun xəbərlərini tərk ediblər və Talha bin Ubeydilləh kimi bir səhabəyə belə bir sözü inkar etmək üçün bu xəbər bir əsas sayıla bilməz.

Bütün bunları dedikdən sonra əlavə etməliyik ki, burada başqa bir ehtimal da mövcuddur. Talha bin Ubeydullah bizim tanıdığımız məşhur səhabə yox, başqa bir Talha da ola bilər. Cələluddin əs-Suyuti deyir: “Bu xəbərin səhihliyində çox şiddətli bir tərəddüddə idim, çünki on nəfərdən biri olan Talha ondan belə bir sözün sadir ola biləcəyi məqamdan daha yüksəkdədir. Lakin sonra gördüm ki, bu, onunla adda, atasının adında və nəsəbində şərik olan başqa bir adamdır. Belə ki, məşhur olan Talha(nın tam adı) Talha bin Ubeydilləh bin Osman bin Amr bin Kə’b bin Sa’d bin Teym ət-Teymidir. Bu hekayədə keçən Talha isə Talha bin Ubeydilləh bin Musafi bin İyad bin Saxr bin Teym ət-Təmimi’dir. Əbu Musa “əz-Zeyl”də İbn Şəhin’dən (nəql edərək) onun tərcümeyi halında bunları dedi: “Məhz onun haqqında “Sizə Allahın peyğəmbərinə əziyyət vermək... əsla yaraşmaz” ayəsi nazil olub, çünki o, deyib: “Allahın elçisi ölsə Aişə ilə evlənəcəm.” Dedi: “Təfsir alimlərindən bir qrup xəta ediblər və onun (cənnətlə müjdələnmiş) on səhabədən biri olan Talha olduğunu güman ediblər.[13] Əbu Musa Muhəmməd bin Ömər əl-Mədini (h. 501-581) bunu “əz-Zeylu alə Mərifətis-Sahabə” kitabında zikr edir. Bu sözləri o, İbn Şəhin adı ilə tanınan böyük hədis alimi Əbu Həfs Ömər bin Əhməd əl-Bağdadi’dən (h. 297-385) nəql edir. İzzuddin İbnul-Əsir əl-Cəzəri (h. 555-630) “Usdul-Ğabə”[14] kitabında Talha ibn Musafi haqqında danışarkən deyir: “Talha bin Ubeydilləh bin Musəfi’ bin İyad bin Saxr bin Amir bin Kə’b bin Sad bin Teym bin Murra bin Kə’b bin Lui; həmçinin Talha əl-Xayr adı ilə də adlanıb, necə ki, on nəfərdən biri olan Talha kimi Talha bin Ubeydilləh də adlanıb. Bu isə alimlər üçün problem yaradıb və deyiblər ki, ”sizə Allahın peyğəmbərinə əziyyət vermək, vəfatından sonra onun həyat yoldaşları ilə evlənmək əsla yaraşmaz” ayəsi onun haqqında nazil olub, bu isə onun bu sözləri deməsinə görə olub: “And olsun ki, Allahın elçisi – salləllahu aleyhi va səlləm – öldükdə Aişə ilə evlənəcəm.” Ona görə də təfsir əhlindən bir qrup alim bunda xəta ediblər, elə güman ediblər ki, o, on nəfərdən biri olan Talha bin Ubeydilləh’dir, çünki adının Talha bin Ubeydilləh ət-Teymi əl-Quraşi olduğunu görüblər. O da bir səhabədir. Bunu Əbu Musa (kitabında) qeyd edib və bu sözü İbn Şahin’dən nəql edib.[15] Bunu həm də əz-Zəhəbi “ət-Təcrid” kitabında və İbn Həcər əl-Asqaləni “əl-İsabə” kitabında[16] nəql edir. İmam Muhəmməd bin Yusuf əs-Salehi əd-Diməşqi (vəfatı hicri 943) məşhur sira kitabında deyir: “Bunu ət-Tabərani çox zəif isnad ilə İbn Abbas’dan – radiyallahu anhumə - rəvayət edir. Bunu həmçinin İbn Bəşkuval ondan əl-Kəlbi yolu ilə rəvayət edib və bu sözü deyəni Talha bin Ubeydilləh əl-Quraşi olaraq adlandırıb. Alimlərdən bir qrup bu Talha’da xəta ediblər və onun (cənnətlə müjdələnmiş) on nəfərdən biri olan Talha bin Ubeydullah zənn ediblər. O isə o deyildir, o, tamamilə başqa adamdır.[17] Hafiz İməduddin İbn Kəsir də bununla razılaşır və deyir: “Talha bin Ubeydilləh bin Musəfi’ bin İyad bin Saxr bin Amir bin Kə’b bin Sa’d bin Teym ibn Murra qureyşlidir, teymi qəbiləsindəndir. Ona həm də “Talha əl-Xayr” da deyirlər. Onun halı çox sayda təfsir aliminə qarışıq qalıb, belə ki, onun on nəfərdən biri olan Talha bin Ubeydilləh zənn ediblər, lakin o deyildir. Allahın – təalə - “sizə Allahın peyğəmbərinə əziyyət vermək, vəfatından sonra onun həyat yoldaşları ilə evlənmək əsla yaraşmaz” ayəsi məhz onun haqqında nazil olub, çünki o, demişdi: “And olsun ki, Allahın elçisi – salləllahu aleyhi va səlləm – ölərsə Aişə ilə evlənəcəm.” Ayə də bu cür nazil oldu. Bunu İbn Şəhin, Əbu Musa əl-Mədini və İbnul-Əsir “Usdul-Ğabə” kitabında zikr edib.[18] Həmçinin İbn Həcər əl-Heytəmi deyir: “Bunun on nəfərdən biri olan Talha olduğunu deyənlər olub, lakin bu heç də belə deyildir. Əksinə o, başqa bir Talhadır; onunla adında, atasının adında və nəsəbində şərikdir.[19] Lakin burada Talha bin Ubeydilləh bin Musafi’nin qəsd olunması başqa bir problem ortaya çıxarır. Talha bin Musəfi’ haqqında varid olmuş məlumatlardan görmək olur ki, onun yaşı az idi. Babası Musəfi bin İyad da səhabə olub və Talha özü Əbu Bəkrin nəvəsi Ummu Kulsum bint Abdirrahmən ilə evli olub. Bu məlumatlar onun yaş baxımından kiçik yaşda olmasını tələb edir. Bu yaşda birinin o sözü deyə biləcəyi ehtimalı azdır, bəlkə də yoxdur. Müasirlərimizdən Şeyx Muhəmməd əl-Həsən vild Dədu əş-Şənqiti burada başqa bir ehtimal da zikr edib. Ona görə bu, Talha bin Abdilləh bin Osman bin Ubeydilləh bin Mə’mərdir. Aişədən hədis rəvayət edir. Şeyx Muhəmməd’ə görə bu Talha’da əqli qüsur olub, xəfif bir dəlilik olub. Dediyinə görə Məkkədə yaşayıb və hər kim bir sirrin yayılmağını istəsəydi o sirri ona göndərərmiş. Lakin onun bu Talha olması da imkansızdır, çünki alimlər onu ümumiyyətlə səhabələr arasında qeyd etmirlər, üstəlik əl-Buxari və Muslim onun hədisini “əs-Sahih” kitablarında rəvayət edirlər. Əqli qüsuru olan bir kəsə hədis rəvayətində etibar etmək olmaz.

Burada möhtəmələn ən güclü cavab budur ki, bu xəbərin əslini inkar etməyə ehtiyac yoxdur. Yəni həqiqətən də bu sözləri deyən biri olub. Lakin həmin şəxsin Talha bin Ubeydullah olması fikri daha sonradan bəziləri tərəfindən əlavə edilib. Bəzi rəvayətlərdəki sözlərin zahirindən anlamaq olar ki, bu sözü mömin bir şəxs söyləməz, əksinə bunu söyləyənin qəlbində nifaq olduğu görülür. Hətta bəzi rəvayətlərdə həmin şəxsin münafiqlərdən biri olduğu zikr olunur. Təfsir kitablarında bu fikir də əksini tapıb. Ən qədim təfsir alimlərindən sayılan Yəhyə bin Səlləm bin Əbi Sə’ləbə əl-Basri (h. 124-200) deyir: “Münafiqlərdən bir qrup dedi ki, əgər Muhəmməd ölsəydi onun həyat yoldaşları ilə evlənərdik...[20] Yəhyə bin Səlləm’in bunu münafiqlərə nisbət etməsi o dövrdə yayğın olan elmi metoda əsasən xəbərlərə əsaslanmalı idi. Digər alimlərimiz bu nəticəyə başqa yolla variblar. Əbu Mənsur əl-Məturidi təfsirində bu xəbərlə bağlı deyir: “Lakin bu, çirkindir və səhabələrdən birinin bunu deməsi və ya imanı saf olan və islamı gözəlləşmiş birinin ağlına belə bir şeyin gəlməsi möhtəməl deyildir; (bunu deyənin) münafiq olması istisnadır.[21] İbn Əbi Zəməneyn də təfsirində bunu deyənlərin münafiqlər olduğunu deyir. Digər təfsir alimi İbn Atiyyə deyir: “Mənə görə bu, Talha barəsində səhih deyildir, Allah onu bundan qorumuşdur və rəvayət olunub ki, bunu münafiqlərdən bir nəfər deyib...[22] əl-Qurtubi də deyir: “Həmçinin ən-Nəhhəs bunun Talha olduğunu Mə’mərdən nəql edib və səhih deyildir.” Bundan sonra İbn Atiyyə’nin sözlərini zikr edir və davamında buyurur: “Şeyximiz İmam Əbul-Abbas dedi: “Bu söz fəzilətli səhabələrdən birindən nəql olunub və onlar belə bir şeydən haşa uzaqdırlar. Buradakı yalan nəqldədir. Belə bir söz yalnız cahil münafiqlərə yaraşar![23] Əbul-Abbas (h.578-656) isə əslən Əndəlüsdən olan, lakin Misirdə yaşamış böyük mühəddis, “əl-Mufhim limə Əşkələ min Təlxisi Muslim” kitabının müəllifi Əbul-Abbas Əhməd bin Ömər əl-Qurtubi’dir. Onun bu sözləri “əl-Mufhim” kitabında keçir. “əl-Bərh əl-Muhit” təfsirinin sahibi Əbu Həyyən əl-Əndəlusi də bunun münafiqlərlə bağlı olduğunu deyir. Muhəmməd ət-Tahir bin Aşur deyir: “Heç bir şəkk yoxdur ki, bu, Talha bin Ubeydilləhə tənə edənlərin uydurmalarındandır. Bu xəbərlərin sənədləri çox zəifdir və onların uydurma olduqlarının göstəriciləri aşkardır. Əgər Talha bunu öz dili ilə demiş olsaydı insanlardan gizli qalmazdı; bəs necə olur ki, bəziləri bunu tək başına rəvayət ediblər?! Əgər bunu ürəyində deyibsə, dilində səsləndirməyibsə o zaman onun qəlbindəkini kim bilib?![24]

Sözümüzü burada bitirmək istəyirik. Yekun olaraq deyə bilərik ki, Talha bin Ubeydilləh’in belə bir söz dediyi nə səhih, nə də zəif isnad ilə sabit olmayıb. Bu barədə gələn xəbərlərin ya isnadları yarımçıqdır, ya uydurmadır, ya da çox zəifdir. Üstəlik Talha kimi İslama xidmət etmiş bir səhabənin belə bir söz deyə biləcəyi qəbul oluna bilməz.



[1] “əs-Sunən əl-Kubra”, 7/110;

[2] “Ğavamidul-Əsmə əl-Mubhəmə”, 2/711-712

[3] “əd-Durrul-Mənsur”, 12/113;

[4] “Təfsirul-Quran min əl-Cəmi li İbn Vəhb”, 2/164 (348);

[5] “Təfsiru Abdirrazzəq”, 3/49 (2372, 2373);

[6] “ət-Tabəqat əl-Kubra”, 8/201;

[7] “Tərixu Bağdad”, 3/60;

[8] İbn Əbi Hətim, “əl-Cərh vat-Tədil”, 8/301;

[9] “əl-Məcruhin”, 2/286 (983);

[10] “əl-Kəmil fi Duafə ər-Ricəl”, 7/276;

[11] “əl-Məcruhin”, 2/253 (929);

[12] “ət-Tərix əl-Kəbir”, (2383)

[13] “əl-Həvi lil-Fətəva”, 2/116-117;

[14] Kitabının adının “Usdul-Ğabə” yoxsa “Əsədul-Ğabə” olmasında fikir ayrılığı mövcuddur. “Usdul-Ğabə” cəm şəklində meşə aslanları mənasını verdiyi halda “Əsədul-Ğabə” tək şəklində meşənin aslanı mənasını ifadə edir.

[15] “Usdul-Ğabə fi Mə’rifətis-Sahabə”, 2/472;

[16] “Təcridu Əsməis-Sahabə”, 1/677-678 (2927); “əl-İsabə fi Təmyiz əs-Sahabə”, 3/433;

[17] “Subulul-Hudə var-Raşəd fi Sirati Xayril-İbəd”, 10/335;

[18] “Cəmi’ul-Məsənid vas-Sunən”, 4/437;

[19] “əl-Fətəva əl-Hədisiyyə”, səh: 170;

[20] “Təfsiru Yəhyə bin Səlləm”, 2/734;

[21] “Təvilətu Əhlis-Sunnə”, 8/407;

[22] “əl-Muhərrar əl-Vaciz”, 4/396;

[23] “Təfsir əl-Qurtubi”, 14/229;

[24] “ət-Təhrir vat-Tənvir”, 22/93;

Aktual Mövzular