Bələğ

Bələğ (الْبَلَاغُ) sözü bir neçə mənada işlənə bilər. Bu mənalardan biri “təbliğ” mənasındadır. Allah Quranda deyir: “هَٰذَا بَلَاغٌ لِلنَّاسِ” “Bu, insanlar üçün təbliğdir/bildirişdir.” (İbrahim, 52) Həmçinin “kifayət edəcək miqdar” mənasında da işlədilir. Allah – cəllə cələluhu – buyurur: “إِنَّ فِي هَذَا لَبَلاَغًا لِقَوْمٍ عَابِدِينَ” “Həqiqətən bunda ibadət edənlərə kifayət edəcək qədər vardır.” (Ənbiya, 106) Digər mənaları arasında “xəbərdarlıq”, “bəyan” kimi mənaları vardır.

Bələğ sözü “çatmaq”, “yetişmək” felinin məsdəri olduğu üçün “yetişən”, “çatan” mənasında da işlənə bilər. Buna görə də bir hədis aliminin “mənə peyğəmbərin – salləllahu aleyhi va səlləm – belə dediyi çatmışdır” və ya “səhabənin belə dediyi çatmışdır” deməsinə də termin olaraq “bələğ” deyirlər. Cəm şəkli “bələğat” olur. Misal üçün İmam Malikin “əl-Muvatta” kitabında bu şəkildə bir çox hədisi vardır və İmam Malik bu zaman tam bir isnad zikr etmir, lakin “mənə çatmışdır”, “mənə xəbər verilmişdir” mənasına gələn “bələğani” (بلغني) sözünü işlətmişdir. əl-Hafiz İbn Abdil-Bərr “ət-Təmhid” kitabında bu hədislərdən dördü istisna olmaqla hamısının sənədlərini taparaq onları qeyd etmişdir. Ondan sonra isə Alləmə İbnus-Saləh geridə qalan dörd hədisin sənədlərini taparaq bu işi tamamlamışdır.

Yeni Sözlər

Çox Oxunan Sözlər

  • Təqlid (1456)
    15 Nov , 2013 / T

    “Təqlid” ərəb dilində “qallədə” felindən əmələ gəlir. Dildəki mənası baxımından boyuna bir şey bağlamaq mənasını ifadə edir. Təqlid həm də “davamlı izləmək”, “ayrılmamaq” mənalarını da verir.

    Termin olaraq təqlidin tərifində alimlərimizin sözləri fərqlənir. Üsulul-fiqh alimlərinin çoxu təqlidə belə tərif verib: “Başqasının sözünü hüccət olmadan qəbul etməkdir.” Bu tərifi Əbul-Məali əl-Cuveyni, Əbu Həmid əl-Ğazəli və başqaları veriblər. Şafi’i üləmasından əl-Qaffəl Əbu Bəkr əş-Şəşi deyir: “Başqasının sözünü o sözünü haradan çıxardığını bilmədən qəbul etməndir.” əş-Şəvkəni isə deyir: “Hüccət olmayan birinin rəyini hüccət olmadan qəbul etməkdir.” Bütün bu təriflərdə təqlidin başqasının rəyini qəbul etmək olduğunu söyləyiblər. Digər alimlər isə “qəbul etmək” əvəzinə “əməl etmək” sözünü istifadə ediblər. Hənəfi üsulul-fiqh alimi Muhibbud-Din bin Abdiş-Şəkur deyir: “Başqasının sözü ilə hüccət olmadan əməl etməkdir.” Kəməlud-Din İbnul-Huməm əl-Hənəfi deyir: “Sözü (şəriətdəki) hüccətlərdən biri olmayan kəsin sözü ilə hüccətsiz əməl etməkdir.” Əbul-Həsən əl-Əmidi dedi: “Başqasının sözü ilə gərəkdirici bir hüccət olmadan əməl etməkdir.” Hənbəli alimlərindən İbnun-Nəccər əl-Fətuhi deyir: “Başqasının məzhəbini dəlilini bilmədən götürməkdir.” Bəzi maliki alimləri isə deyib: “Götürülməsi üçün bir hüccət olmadığı halda bir görüşü götürməkdir.” Bu tərifi maliki alimi İbnul-Həcib’ə nisbət ediblər. Təriflər bununla bitmir. Aləud-Din əs-Səmərqəndi deyir: “Bu, cahil birinin alimə elminə, Allaha olan qorxusuna görə, alimin etiqad etdiyinə etiqad etdiyi üçün qətiyyətlə, heç bir tərəddüd və şəkk olmadan – hətta dəlil üzərində qurulmamış olsa belə - tabe olmasıdır.”

    Müasir elm əhlindən birinin verdiyi yekun tərif isə budur: “Mükəlləfin şər’i bir hökmdə özlüyündə hüccət olmayan birinin məzhəbinə iltizam etməsidir.” İltizam bir şeyi izləmək, ona tabe olmaqdır, ondan ayrılmamaqdır. Yuxarıdakı təriflərdən fərqli olaraq iltizam həm əməldə, həm də etiqadda olur. Bu tərifdən belə anlaşılır ki, peyğəmbərin – salləllahu aleyhi va səlləm – sözünə tabe olmaq təqlid sayılmır, çünki peyğəmbərin – salləllahu aleyhi va səlləm – sözü özlüyündə hüccətdir. Bu tərifdən həm də anlayırıq ki, dünyəvi məsələlərdə müsəlmanın həkimə tabe olması “təqlid” termininin əhatə dairəsinə daxil deyildir, çünki təqlid “şər’i bir hökmdə” olur.

  • Ammi (1048)
    15 Nov , 2013 / A

    “Ammi” (الْعَامِّيُّ) sözü “ammə” sözünə nisbətdir. “Ammə” sözü ümumi olaraq siravi müsəlmanlar toplumuna verilmiş ad olduğu halda “ammi” sözü onlardan bir fərd üçün işlənən addır, beləliklə də “ammi” siravi bir müsəlman deməkdir. “Avam” sözü isə onun cəm formasıdır. Söz ərəb dilində mücərrəd olaraq bu mənanı ifadə edir. Hənbəli alimlərindən Əbu Abdilləh Şəmsud-Din Muhəmməd bin Əbil-Fəth əl-Bə’li (vəfatı hicri 709) “əl-Mutli’ alə Əlfəzil-Muqni” (1/413) adlı kitabında deyir:

    “العامي: منسوب إلى العامة الذين هم خلاف الخاصة؛ لأن العامة لا تعرف العلم، وإنما يعرفه الخاصة، فكل واحد عامي بالنسبة إلى ما لم يحصل علمه، وإن حصل علما سواه”

    “Ammi “xassə”nin əksi olan “ammə”yə mənsubdur, çünki “ammə” elm bilməz, onu yalnız “xassə” bilər. Beləliklə də hər bir kəs elminə nail olmadığı sahəyə nisbətdə - hətta başqa sahələrdə elm sahibi olsa belə - bir ammi’dir.”

    Alimin qəsdi budur ki, bir mütəxəssis həkim tibb elmində “xassə” kateqoriyasına aid olsa da fizika sahəsində bir ammi sayılır, çünki fizika elmlərini bilmir.

    Lakin termin olaraq şəriətdə sözün xüsusi mənası vardır. Bu xüsusi mənanı biz icmail olaraq belə izah edə bilərik ki, ictihad səviyyəsinə çatmamış hər bir kəs “ammi” sayılır. Lakin bu sözün təfsilatında üsulul-fiqh alimləri ilə fəqihlər arasında fərq vardır. Üsulul-fiqh alimləri ammi sözünü termin olaraq daha geniş mənada işlədirlər. Böyük şafi’i fəqihi İbn Həcər əl-Heytəmi “əl-Fətəva əl-Fiqhiyyə əl-Kubra” kitabında (2/250) deyir:

    “وَالْمُرَادُ بِالْعَامِّيِّ فِي عُرْفِ الْأُصُولِيِّينَ غَيْرُ الْمُجْتَهِدِ الْمُطْلَقِ فَالْمُقَلِّدُونَ كُلُّهُمْ عَوَامُّ عِنْدَهُمْ وَإِنْ جَلَّتْ مَرَاتِبُهُمْ وَفِي عُرْفِ الْفُقَهَاءِ مَنْ يَعْرِفُ الظَّاهِرَ مِنْ الْأَحْكَامِ الْغَالِبَةِ بَيْنَ النَّاسِ دُونَ الْأَحْكَامِ الْخَفِيَّةِ وَدَقَائِقِهَا وَالْأَحْكَامِ النَّادِرَةِ”

    “Üsul alimlərinin terminologiyasında “ammi” ilə qəsd etdikləri mütləq müctəhid olmayandır, beləliklə də onlara görə muqallidlərin hamısı – mərtəbələri nə qədər yüksək olsa da – avamdır. Fəqihlərin terminologiyasında isə insanların arasında geniş yayılmış əhkamın aşkar olanlarını bilən, lakin qapalı əhkamı, onun dəqiqliklərini və nadir olan hökmləri bilməyən kəsdir.”

    Bu sözlərdən iki şey anlamış oluruq. Ammi sözünün işlədilməsində üsul alimləri ilə fəqihlər arasında fərq vardır. Həmçinin buradan öyrənirik ki, üsul alimlərinə görə muqallid ilə ammi arasında bir fərq yoxdur. Fəqihlərin terminologiyasında isə hər ammi muqallid olduğu halda hər muqallid ammi sayılmaz, çünki məzhəb alimləri arasında məzhəbin görüşləri arasında tərcih etmək səlahiyyətinə sahib olan alimlər vardır ki, fəqihlərin dilində onlara muqallid demək olsa da ammi demək doğru deyildir. Şafi’i fəqihlərindən Şihəbud-Din Əhməd bin Həmzə ər-Ramli (vəfatı hicri 957) fətvalarında (3/150) deyir:

    “وَالْمُرَادُ بِالْعَامِّيِّ هُنَا مَنْ لَمْ يُحَصِّلْ مِنْ الْفِقْهِ شَيْئًا يَهْتَدِي بِهِ إلَى الْبَاقِي وَلَيْسَ مُشْتَغِلًا بِالْفِقْهِ”

    “Burada ammi ilə qəsd olunan fiqhdən fiqhin digər hissələrinə yol tapacaq qədər bir şeyə nail olmamış biridir və fiqh ilə məşğul olmayan biridir.”

    Deyə bilərik ki, fəqihlərin terminologiyasına əsasən günümüzdə universitetlərdə dərs verən fiqh doktorları muqallid adlansalar da ammi sayılmazlar, lakin tələbələr isə həm muqalliddir, həm də ammidir.

  • Mübah (1031)
    04 Nov , 2013 / M

    Buna əməl edən və ya onu tərk edən nə savab qazanır, nə də ki əzaba düçar olur.

  • Məkruh (1022)
    04 Nov , 2013 / M

    Məkruh hərfi mənada sevilməyən, xoş görülməyən deməkdir. Termin olaraq edilməməsi şəriət tərəfindən qeyri-qəti olaraq tələb edilənə deyilir. Məkruhu etdikdə günah yazılmaz, lakin Allahı razı salmaq üçün tərk edildikdə isə savab yazılır.

    Hənəfi məzhəbində məşhur olan terminologiyaya görə məkruh iki növdür: təhrimi məkruh və tənzihi məkruh. Hətta digər məzhəblərdə belə alimlərin izahlarında məkruhun fərqli növlərinin zikr edildiyini görmək olar.

  • Azan (995)
    04 Nov , 2013 / A

    Namazdan əvvəl müsəlmanlar tərəfindən deyilən cümlələr. Azanın mətnində Allahın böyüklüyü, təkliyi, Həzrət Məhəmmədin -sallalahu aleyhi və səlləm- peyğəmbərliyi xatırlanır və namaza çağırış səslənir. Azanı obrazlı ifadə ilə "İslamın şüarı" adlandırırlar.