“Təqlid” ərəb dilində “qallədə” felindən əmələ gəlir. Dildəki mənası baxımından boyuna bir şey bağlamaq mənasını ifadə edir. Təqlid həm də “davamlı izləmək”, “ayrılmamaq” mənalarını da verir.
Termin olaraq təqlidin tərifində alimlərimizin sözləri fərqlənir. Üsulul-fiqh alimlərinin çoxu təqlidə belə tərif verib: “Başqasının sözünü hüccət olmadan qəbul etməkdir.” Bu tərifi Əbul-Məali əl-Cuveyni, Əbu Həmid əl-Ğazəli və başqaları veriblər. Şafi’i üləmasından əl-Qaffəl Əbu Bəkr əş-Şəşi deyir: “Başqasının sözünü o sözünü haradan çıxardığını bilmədən qəbul etməndir.” əş-Şəvkəni isə deyir: “Hüccət olmayan birinin rəyini hüccət olmadan qəbul etməkdir.” Bütün bu təriflərdə təqlidin başqasının rəyini qəbul etmək olduğunu söyləyiblər. Digər alimlər isə “qəbul etmək” əvəzinə “əməl etmək” sözünü istifadə ediblər. Hənəfi üsulul-fiqh alimi Muhibbud-Din bin Abdiş-Şəkur deyir: “Başqasının sözü ilə hüccət olmadan əməl etməkdir.” Kəməlud-Din İbnul-Huməm əl-Hənəfi deyir: “Sözü (şəriətdəki) hüccətlərdən biri olmayan kəsin sözü ilə hüccətsiz əməl etməkdir.” Əbul-Həsən əl-Əmidi dedi: “Başqasının sözü ilə gərəkdirici bir hüccət olmadan əməl etməkdir.” Hənbəli alimlərindən İbnun-Nəccər əl-Fətuhi deyir: “Başqasının məzhəbini dəlilini bilmədən götürməkdir.” Bəzi maliki alimləri isə deyib: “Götürülməsi üçün bir hüccət olmadığı halda bir görüşü götürməkdir.” Bu tərifi maliki alimi İbnul-Həcib’ə nisbət ediblər. Təriflər bununla bitmir. Aləud-Din əs-Səmərqəndi deyir: “Bu, cahil birinin alimə elminə, Allaha olan qorxusuna görə, alimin etiqad etdiyinə etiqad etdiyi üçün qətiyyətlə, heç bir tərəddüd və şəkk olmadan – hətta dəlil üzərində qurulmamış olsa belə - tabe olmasıdır.”
Müasir elm əhlindən birinin verdiyi yekun tərif isə budur: “Mükəlləfin şər’i bir hökmdə özlüyündə hüccət olmayan birinin məzhəbinə iltizam etməsidir.” İltizam bir şeyi izləmək, ona tabe olmaqdır, ondan ayrılmamaqdır. Yuxarıdakı təriflərdən fərqli olaraq iltizam həm əməldə, həm də etiqadda olur. Bu tərifdən belə anlaşılır ki, peyğəmbərin – salləllahu aleyhi va səlləm – sözünə tabe olmaq təqlid sayılmır, çünki peyğəmbərin – salləllahu aleyhi va səlləm – sözü özlüyündə hüccətdir. Bu tərifdən həm də anlayırıq ki, dünyəvi məsələlərdə müsəlmanın həkimə tabe olması “təqlid” termininin əhatə dairəsinə daxil deyildir, çünki təqlid “şər’i bir hökmdə” olur.