HƏLAK EDƏN ƏMƏLLƏR

 

Abdurrahman Əbul-Fərəc əl-Cevzi Hənbəli, “Minhəcul-Qasidin və Mufidis-Sadiqin”

QƏLBİN QƏRİBƏ HALLARININ ŞƏRHİ

Bu bölüm, “Həlak Edən Əməllər” babının ilk bölümüdür.

        Çəyirdəyi və toxumu yaran, meyvəni və otu yaradan, hərəkət edən və yeriyən hər şeyə ruzi verən, öz vəli qullarını himayə edib qoruyan, yaratdığı və böyütdüyü hər şeyə qarşı yumşaq davranan Allaha həmd olsun. Böyüdülüb yetişdirilənə baxan şəxs böyüdüb yetişdirən Rəbbi tanıyar. O, qəlbləri çevirir və dilədiyini edir. Toplanmış və sabit olan şeyi dağıdır. Nəfslərə xəstəlik verir və istədiyi zaman onları müalicə edir. İstədiyini yatızdırır və dilədiyi vaxt oyandırır. Onun təqdir etdiyi şeylər cərəyan edər və Həmzəni (Allah ondan razı olsun) öldürüb, dini təhqir etmiş olan Vəhşi müsəlman olur. Əbu Ləhəbin əlləri qurusun deyər və əlləri quruyar. Verərək ihsan edən və istədiyi zaman verdiyini almağa hökm edən Allahı təsbih edirəm. Şüphəsiz ki, bunda qəlbi olan kimsələr üçün öyüd-nəsihət vardır.

         Küləklər əsdikcə Rəbbimə həmd edirəm. Miniyi olan şəxs və piyada olan hərəkət etdikcə Onun elçisi Məhəmmədə, göyərçinlər ağaclarda səs saldığca Allah Rəsulunun əshabına və ona tabe olanlara davamlı olaraq və qocaldığı zaman yenidən gəncləşəcək şəkildə çoxlu salat və salam edirəm.

         Bilin ki, (Allah ﷻ sizləri müvəffəq etsin) insanın ən dəyərli varlığı qəlbdir. Allahı tanıyan, Onun üçün çalışan, Ona yönələn, Ona yaxınlaşan və onun qatındakilari kəşf edən qəlbdir, digər bədən üzvləri və orqanları qəlbin işçiləri və xidmətçiləridir. Qəlb onları, kralların kölələrini və çobanın qoyunlarını idarə etdiyi kimi istifadə edir. Bədən üzvlərinə ibadətlərdən yayılan qalbin nurlarıdır, orqanlara siraət edən çirkin əməllər isə qəlbə təsir edir. Bəzən qəlb, edilən xətalardan dolayı qaranlıq olur, bəzən isə təqva ilə nurlanır. Qəlbini tanıyan Rəbbini tanıyar. İnsanların çoxu qəlblərini və nəfslərini tanımazlar. Allah, insan ilə onun qəlbinin arasına girər. “Onun insan ilə qəlbinin arasına girməsi” deyərkən qəsd olunan Allahın qulun özünü tanımasına, müşahidə və muraqəbə etməsinə mane olması deməkdir. Qəlbi və onun vəsflərini tanımaq dinin əsli və zahidlərin yolunun əsasıdır.

          Bu kitabın ilk iki babında bədən üzvləri ilə edilən ibadət və adətləri (ədəb qaydalarını) qeyd etmişik. Digər iki babda isə qəlblərin insanı həlak edən və xilas edən sifətlərini açıqlayacağımızı söz vermişdik. Bunlara keçmədən əvvəl iki bölüm zikr edəcəyik. Birinci bölümdə qəlbin vəsf və xüsusiyyətlərini, ikinci bölümdə qəlbin necə islah edilməsi və əxlaqın necə gözəl hala gətirilməsini izah etdikdən sonra Allah izniylə insanı həlak edən və xilas edən şeyləri təfsilatlı şəkildə qeyd edəcəyik.

 

NƏFS, RUH, QƏLB, AĞIL NƏ DEMƏKDİR VƏ BU KƏLMƏLƏRİN MƏNASI NƏDİR?

“Qəlb” kəliməsi iki mənada istifadə olunur. Birinci məna - şam qozası şəklində olub sinənin sol tərəfində yerləşir. Bu ət parçasının içində boşluq vardır, mövcud olan boşluqda isə qara rəngdə qan olur, bir ət parçası olan bu orqan ruhun qaynağıdır. Bu qəlb heyvanlarda, hətta ölüdə belə var. Bizim burada məqsədimiz qəlbin formasından bəhs etmək deyil. İkinci mənaya gəlincə, qəlb rəbbani və ruhani (mənəvi) bir incəlik olub, yuxarıda qeyd etdiymiz cismani qəlblə bir əlaqəsi vardır. Bu incəlik insanın həqiqətidir, insanın idrak edən, bilən və taniyan bir parçasıdır. Allahın əmrinə muxatab olan, məs’ul tutulan və qınanılan odur. Bu kitabımızda bizim “qəlb” deyərək işarət etdiyimiz şey mənəvi qəlbdir. Muamilə elmi qəlbin həqiqətini izah etməyə deyil, onun vəsflərini və hallarını bilməyə əsaslanır.

“Ruh" kəlməsi də mərqsədimizə bağlı olaraq iki mənada istifadə olunur. Birincisi - ruh lətif bir cisimdir, onun qaynağı cismani qəlbin boşluğudur və bütün insan vücuduna arteriya damarları vasitəsiylə yayılır. Ruhun bədəndə dolaşması hiss etmə, eşitmə, görmə və qoxu bilmə kimi duyğu orqanlarından bədənin digər üzvlərinə yayılması bir evin küncündə qoyulan lampadan yayılan ışığa bənzəyər. Evin küncündə qoyulan lampanın işığı evin hangi nöqtəsınə çatarsa oranı işıqlandırar. Hayat, divarlarda meydana gələn işığa, ruh da lampaya bənzəyər. Ruhun batindəki yayılışı və hərəkəti lampanın evin hər yanına aparılmasına bənzəyir. Həkimlər “ruh” dedikləri zaman bu mənani nəzərdə tuturlar. Haqqında bəhs edilən ruh, qəlbin hərarəti nəticəsində əmələ gələn lətif bir buxardır. Bizim buradaki qayəmiz bu mənaya gələn ruhu izah etmək deyil, çünki burada qəsd edilən ruh - qəlbləri müalicə edən həkimlərin müalicə etdiyi ruh deyil. Vücudu müalicə edən həkimlərin məşğul olduğu ruhdur. İkinci mənasına gəlincə isə, ruh insandaki bilən və idrak edən lətif bir şeydir, həmçinin qəlbə verilən iki tərifdən birində də izah etdiyimiz məna budur. Allah İsra surəsi 85-ci ayəsində də qəsd etdiyi bu ruhdur: “Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”. Ruh, heyrətləndirən rəbbani bir əmirdir, ruhun həqiqətinin mahiyyətini dərk etməkdə ağıllı və zəkalı insanların çoxu aciz qalmışdır.

“Nəfs" kəlməsi də bir çox mənaya gəlir. Bizim buradaki qəsdimizə görə iki mənaya gəldiyini deyə bilirik. Birincisi məna: Nəfs-insanın qəzəb və istək qüvvəsini özündə cəm etməsi. Nəfslə mübarizə xüsusunda işarə edilən şey budur. Allah Rəsulunun bu hədisi də elə bu mənada varid olmuşdur: “Həqiqi mücahid, Allah üçün nəfsiylə cihad (mübarizə) edəndir”, “Güclü, güləşdə rəqibinin kürəyini yerə vuran deyildir. Həqiqi güclü qəzəb anında nəfsinə hakim olan şəxsdir”. İkinci mənası isə, yuxarıda zikr etdiyimiz və insanın həqiqəti olan lətif bir varlığdır. Nəfs insanın özüdür. Nəfs, hallarinin növlərinə görə müxtəlif vəsflərlə təsvir edilir. Əminlikdə sükunət tapdıqda, müxtəlif istəklərin əhatə etməsindən qaynaqlanan iztirab ortadan qalxdıqda "hüzura qovuşmuş nəfs” adlanır. Sükunətə hələ çatmamış, nəfsin istəklərinə mane olmağa və onlara etiraz etməyə başlamışsa “qinayan nəfs” adlanır. Əgər nəfsin istəklərinə və şeytanın çağrışlarına boyun əyibsə “pisliyi əmr edən nəfs” adlanır. Belə demək də caizdir: birinci mənadakı nəfs, yuxarıda izah etdiyimiz xüsusiyyətlərə görə zəmm edilmişdir yəni qinanmışdır, ikinci mənadakı nəfs isə insanın həqiqəti olmasına görə mədh edilmişdir yəni təriflənmişdir.

Ağıl kəlməsinə gəlincə isə, “Elm” bölümündə bu haqqda bəhs etmişdik. Bəzən “ağıl” deyildikdə insanı meydana gətirən lətif bir varlıq da qəsd edilir. Mutəqaddimlərin sözlərində “qəlbin xətri, nəfsin, ruhun və ağlın xətri” kimi ibarələr istifadə edildiyi üçün bu kəlmələri izah etməyə ehtiyac hiss etdik.

 

Tərcümə: Ummu Hiram

 

Çox Oxunan

  • 09 Nov , 2013 / İmanın şərtləri

    İman qəlblə inanmaqdır. Necə ki, Uca Allah -əzzə və cəllə- müqəddəs kitabında buyurur: O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır... O kəslər ki, sənə göndərilənə və səndən əvvəl göndərilənlərə iman gətirir və axirətə də şəkksiz inanırlar. (əl-Bəqərə, 3-4)

  • 14 Oct , 2013 / İslamın əsasları

    İslam dinini yeni öyrənən biri üçün bilinməsi önəmli olan məsələlər arasında Allah üçün sevmək və Allah üçün düşmənçilik etmək məsələsidir. Bu, bir müsəlmanın etiqadından ayrılması imkansız olan prinsiplərdən biridir və onunla bağlı önəmli nöqtələri bu yazımızda təqdim edəcəyik. Hər bir müsəlmanın bunları bilməsi önəmlidir.

  • 14 Oct , 2013 / İslamın əsasları

    İbn Ömər – Allah ondan razı olsun! – dedi: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitdim: “İslam beş şey üzərində qurulub: Allahdan başqa ibadətə layiq bir məbudun olmadığına, Muhəmmədin Allahın elçisi olduğuna şahidlik etmək, namazı iqamə etmək, zəkat vermək, Allahın evini ziyarət etmək və Ramazan ayında oruc tutmaq.”1

  • 18 Oct , 2013 / İslam əxlaqı

    İslamda əksər ibadətlərin təməli gözəl əxlaq üzərinə bina edilmişdir. Yer üzünə göndərilmiş bütün peyğəmbərlər insanları pis əməllərdən uzaq durmağa çağırmış və əxlaqi dəyərlərin yayılması üçün çalışmışlar. Gəlin unutmayaq ki, insana dünya və axirət yurdunda zərər verən hər şey, pis əxlaqdan qaynaqlanmaqdadır.

  • 18 Oct , 2013 / İmanın şərtləri

    Həmd yalnız Allaha məxsusdur.

    Mələklər, Allahın -əzzə və cəllə- nurdan yaratmış olduğu gözlə görünməyən (qeyb aləmindən) varlıqlardır. Onlar, Allah Təala'nın əmrini yerinə yetirirlər.