Statistika
İstifadəçilər : 2473Məqalələr : 250
Linklər : 27
Məqalələrə baxış sayı : 96646
| Designed by: |
| Əbu Ömər |
| Namazları üzr olmadan birləşdirmək |
|
|
|
| Məqalələr |
| 09.01.2012 21:51 |
|
Əziz müsəlman! Bil ki, Arafədə zöhr ilə əsr namazlarını, qurban bayramı gecəsi isə əl-Muzdəlifədə məğrib ilə işə namazlarını birləşdirməyin caiz olmasında alimlər icma ediblər. Bu icmanı İbnul-Munzir, əs-Səraxsi, İbn Rüşd, İbn Qudəmə, əl-Bəğavi, ən-Nəvəvi, əl-Qurtubi, İbn Cuzey, İbn Abdil-Bərr, İbn Həzm, İbn Teymiyyə, əl-Buhuti və başqaları nəql ediblər. Lakin səfərdə və hadarda namazları birləşdirməyin caiz olub olmaması haqqında ixtilaf ediblər. Onlardan kimi bunu qadağan edib, kimisi yalnız səfərdə birləşdirməyi caiz görüb, kimisi isə fərqli görüşlərlə müəyyən üzrlər üçün hadarda da namazları birləşdirməyi caiz görüblər. Bir qrup alim isə adət edilmədiyi təqdirdə ehtiyac üçün birləşdirməyi caiz görüblər. Onların ixtilaf etməkləri daha çox hədisləri fərqli anlamaqdan və qiyasın tətbiqinə fərqli yanaşmaqlarından irəli gəlir. Biz bu yazımızda ümumən onların görüşlərinə toxunacağıq və xüsusilə də heç bir üzr və ehtiyac olmadan namazları birləşdirmək haqqında danışacağıq. İlk öncə heç bir üzr və ehtiyac olmadan birləşdirməyi caiz görənlərin bu barədə gətirdikləri rəvayətləri burada qeyd edək. İmam Muslim İbn Abbas’dan belə dediyini rəvayət edir: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – zöhrü və əsri Mədinədə heç bir qorxu və heç bir səfər olmadan birlikdə qıldı.” Əbuz-Zubeyr dedi: “Said’dən soruşdum: “Niyə elə etdi?” Dedi: “Məndən soruşduğun kimi mən də İbn Abbas’dan soruşdum və dedi: “Ümmətindən heç kəsə əziyyət verməmək istəmişdir.”[1] Yenə Muslim deyir: “Əbur-Rabi əz-Zəhrani mənə rəvayət etdi: Həmməd bizə əz-Zubeyr bin əl-Xirrit’dən, o isə Abdullah bin Şəqiq’dən rəvayət edir: dedi: “İbn Abbas bir gün bizə əsrdən sonra günəş batıb ulduzlar görünənə qədər xütbə verdi. İnsanlar belə deməyə başladılar: “Namaz! Namaz!” Dedi: Onun yanına Təmim qəbiləsindən işgüzar bir adam gəldi: “Namaz! Namaz!” İbn Abbas dedi: “Mənə sünnətimi öyrədəcəksən?! Anasız qalasan! ” Sonra dedi: “Allahın elçisini – salləllahu aleyhi va səlləm – zöhr ilə əsri və məğrib ilə işəni birləşdirərkən gördüm.” Abdullah bin Şəqiq deyir: “Bundan bir şey köksümdə sıxıntıya səbəb olurdu. Əbu Hureyra’nın yanına gəlib soruşdum və onun sözünü təsdiqlədi.”[2] Bu və digər rəvayətlərin təvilində alimlər fərqli görüşlər səsləndiriblər. Əslində bu görüşlərin sayı çoxdur, lakin biz burada ən məşhur görüşlərə və onlara qarşı digər alimlərimizin etdikləri etirazları zikr edəcəyik.
Birinci görüş: Bəzi alimlər deyirlər ki, alimlər İbn Abbasın bu hədisi ilə əməl etməyi tərk ediblər. Onlara görə bu, nəsx olunmuş hədisdir. Bu görüşdə olan alimlərdən biri Əbu İsa ət-Tirmizi – rahiməhullah – “əl-Cami” kitabının sonundakı illətlər haqqında açdığı babda deyir: “Bu kitabımda bütün hədislər əməl olunan hədislərdir; bəzi alimlər onlarla əməl ediblər, yalnız iki hədis istisnadır: İbn Abbasın hədisi ki, “peyğəmbər – salləllahu aleyhi va səlləm – Mədinədə zöhr ilə əsr və məğrib ilə işə arasını heç bir qorxu, heç bir səfər və yağış olmadan birləşdirdi.” Bir də peyğəmbərin – salləllahu aleyhi va səlləm – hədisi ki, orada deyir: “Əgər şərab içərsə qamçılayın və əgər dördüncü dəfə içərsə öldürün!”[3] ət-Tirmizi’nin sözlərinin zahirindən belə anlamaq olar ki, hədis mənsuxdur. Belə bir anlayışa İmam ən-Nəvəvi etiraz edərək demişdir: “ət-Tirmizi’nin alkohol içən haqqındakı hədis barədə dediyi onun dediyi kimidir, belə ki, o, mənsux hədisdir; icma onun nəsx olunmasına dəlalət etmişdir. Amma İbn Abbasın hədisinə gəldikdə isə onunla əməl etməyi tərk etməkdə icma etməyiblər, əksinə onların fərqli görüşləri vardır; onlardan kimisi bunu təvil edərək yağış üzrünə görə birləşdiyini deyib...”[4]
İkinci görüş: Alimlərin bir hissəsi bunun yağışa görə baş verdiyini deyiblər. Bu, sələfdən Əyyub əs-Sixtiyəni’nin görüşü olaraq məşhurdur. İmam Malikin görüşü də budur ki, namazı yağışa görə birləşdiriblər. Bu barədə dəlilləri əl-Buxari’nin rəvayət etdiyi hədisdir. əl-Buxari deyir: “Əbun-Numən bizə rəvayət etdi: dedi: Həmməd – və o, İbn Zeyddir – bizə Amr bin Dinardan, o da Cabir bin Zeyddən, o isə İbn Abbas’dan rəvayət edir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – Mədinədə yeddi və səkkiz olaraq zöhr ilə əsri və məğrib ilə işəni qıldı. Əyyub dedi: “Ola bilsin ki, bu, yağışlı gecədə olmuşdur.” Dedi: “Ola bilər.” Maraqlı tərəf budur ki, əl-Buxari bu hədisi zikr etdiyi babın adını “zöhrü əsrin vaxtına gecikdirmək” qoymuşdur. Lakin bu, hədisdəki Əyyub əs-Səxtiyəni’nin anlayışına uyğun gəlmir və bu problemi Şəmsud-Din əl-Kirməni[5] zikr edərək deyir: “Bu, müşküldür, çünki yağış üzrü ilə namazları birləşdirmək yalnız birinci namazın vaxtında qılmaqla caizdir, o zaman bu, necə babın başlığına uyğun gəlir?!” Lakin bu, heç də əl-Kirməni’nin bu izahı zəif görməsi anlamına gəlmir, sadəcə olaraq İmam əl-Buxarinin qoyduğu başlıq adındakı müşkülə işarə etmişdir. Bunu yağış üzrü ilə təvil etməyə gəldikdə isə onu müdafiə etmişdir. O, Əyyubun “ola bilsin ki, bu, yağışlı gecədə olmuşdur” sözlərini şərh edərkən deyir: “Əgər desən ki, zöhr və əsr namazları gecə olmur, beləliklə bu, zöhrü gecikdirmək üçün bir üzr sayılmır. (Buna cavab olaraq) deyərəm ki, burada qəsd olunan yağışlı gündüz və gecədir; birini zikr etməklə kifayətlənərək digərini tərk etmişdir və ərəblər çox vaxt gecə sözünü işlədir və bununla gündüz və gecəni qəsd edirlər.”[6] İmam ən-Nəvəvi belə bir təvilə etiraz edərək deyir: “Onlardan kimisi onun yağış üzrünə görə (namazları) birləşdirdiyini deyərək (hədisi) təvil ediblər və bu, ilk dövrün böyük alimlərindən bir qrupa aid məşhur görüşdür. Bu görüş “heç bir qorxu və yağış olmadan” sözləri ilə gəlmiş rəvayətə əsasən zəifdir.”[7]
Üçüncü görüş: Bir qrup alim isə bunun xəstəlik üzrünə görə edildiyini deyiblər. Maliki alimlərindən əl-Məziri deyir: “Ən uyğun görüş budur ki, o, bunu xəstə olarkən etmişdir.”[8] İbn Muləqqin deyir: “Bunu bir qrup alim xəstəliyə görə caiz sayıblar və əl-Buxari “məğrib namazının vaxtı” babında bunu Ata’dan nəql edib və bu, aşkardır.”[9] İmam ən-Nəvəvi bu görüşü zikr edərək deyir: “Bu, xəstəlik üzrünə və onunla eyni mənada olan bənzəri üzrlərə görə birləşdirmək kimi anlaşılmalıdır. Bu, Əhməd bin Hənbəl və əshabımızdan əl-Qadi Hüseynin görüşüdür. Bunu əshabımızdan əl-Xattabi, əl-Mutəvalli və ər-Ruyəni seçmişdir. Bunun təvilində hədisin zahirinə görə, İbn Abbasın felinə və Əbu Hureyranın razılaşmasına görə seçilməyə layiq görüş budur. Həm də bundakı məşəqqət yağışdakından daha şiddətlidir.”[10] Həmçinin əs-Suyuti bu hədisi şərh edərkən ən-Nəvəvinin görüşünə üstünlük verdiyini deyir: “Onun seçdiyi görüşü, yəni xəstəlik üzrünə görə namazları birləşdirməyin caiz olması görüşünü son dövr alimlərdən bir qrup alim seçmişdir. Onların arasında əs-Subki, əl-İsnəvi və əl-Bilqini yer alır və bu, həm də mənim seçimimdir.”[11] Bu görüş həm də hənbəli məzhəbinin görüşü olaraq qərar tapmış görüşdür. Alləmə Mənsur bin Yunus əl-Buhuti namazları birləşdirməyin caiz olduğu halları zikr edərkən deyir: “İkinci hal: [Tərk etdikdə], yəni birləşdirməyi tərk etdikdə [məşəqqət və zəifliklə üzləşəcək xəstəyə] (olar), çünki “peyğəmbər – salləllahu aleyhi va səlləm – heç bir qorxu və yağış olmadan birləşdirdi.” Bir başqa rəvayətdə isə: “heç bir qorxu və səfər olmadan” əlavəsi zikr olunur. Bunun hər ikisini də Muslim İbn Abbasın hədisindən rəvayət edib. Bundan sonra xəstəlikdən başqa bir üzr qalmır.”[12] Həmçinin İbn Qudəmə deyir: “Xəstəlik səbəbilə namazları birləşdirmək caizdir və bu, Ata və Malikin görüşüdür. Rəy əhli və əş-Şafi isə dedi: “Caiz deyildir, çünki vaxtları müəyyən edən xəbərlər sabitdir, beləliklə möhtəməl bir işə görə (vaxtlar) tərk olunmaz.” Bizim dəlilimiz isə İbn Abbasın rəvayət etdiyidir; dedi: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – zöhr ilə əsr və məğrib ilə işə arasını heç bir qorxu və yağış olmadan birləşdirdi.” Bir başqa rəvayətdə isə: “Heç bir qorxu və səfər olmadan” deyilir. Hər ikisini də Muslim rəvayət edib. Biz isə icma etmişik ki, üzr olmadan birləşdirmək caiz deyildir, beləliklə bunun xəstəlik üçün olması sabit olur. Əbu Abdilləh’dən rəvayət olunub ki, o, İbn Abbasın hədisi haqqında demişdir: “Mənə görə bu, xəstə və uşaq əmizdirən üçün rüxsətdir.”[13] Bu görüşə etiraz edənlərdən biri əl-Hafiz İbn Hacərdir. O, ən-Nəvəvi’nin bu görüşü güclü saymasına etiraz edərək deyir: “Bunda zəiflik vardır, çünki əgər peyğəmbər – salləllahu aleyhi va səlləm – başına gəlmiş xəstəliyə görə iki namazın arasını birləşdirmiş olsaydı, o zaman onunla yalnız bənzəri üzrü olanlar namaz qılardı. Zahiri məna isə budur ki, o, - salləllahu aleyhi va səlləm – səhabələri ilə birlikdə birləşdirmişdi və İbn Abbasın rəvayətində bunu aşkar olaraq söyləyir.”[14]
Dördüncü görüş: Bəzi alimlərə görə buradakı cəm sadəcə olaraq surətdə namazların arasını birləşdirməkdir, həqiqətdə birləşdirməmişdir. Yəni zöhr namazını öz vaxtının sonuna qədər gecikdirmiş və vaxtın sonunda qılmış, namazı bitirdikdən sonra ikinci namazın vaxtı girmiş və o namazı qılmışdır. Qeyd etmək lazımdır ki, İbrahim ən-Nəxai, Əbu Hənifə və digər bəzi kufə alimləri nə səfərdə, nə də digər hallarda namazları birləşdirməyi caiz görmürlər. Onlar yalnız Arafə və əl-Muzdəlifə’də namazların birləşdirilməsinə cəvaz verirlər. Əbu Hənifə bu görüşü məşhur tabii alim İbrahim ən-Nəxai’dən götürmüş və onu Abdullah bin Məsudun – radiyallahu anhu - əshabından nəql etmişdir. İbn Əbi Şeybə “əl-Musannəf” kitabında İbrahim ən-Nəxai’dən belə dediyini nəql edir: “əl-Əsvad və onun əshabı səfərdə hər namazın vaxtında dayanardılar. Beləliklə məğribi öz vaxtında qılardılar, sonra axşam yeməyini yeyərdilər. Sonra bir saat qalardılar və sonra işəni qılardılar.”[15] əl-Əsvad isə Abdullah bin Məsudun əshabındandır. Bu, həmçinin əl-Həsən əl-Bəsri və Məkhulə nisbət edilib. Onlar bu məsələdə Quran ayəsinin zahirinə əsaslanıblar. Allahu Təalə deyir: “Çünki namaz möminlərə bəlli vaxtlarda fərz edilmişdir.” (ən-Nisə, 103) Bu ayənin mütləq mənasını qeydə bağlamaq üçün hər hansı bir güclü dəlilin olmadığını deyiblər. ət-Tahavi bu görüşü müdafiə etmiş və onun üçün səhabələrdən əsərlər nəql etmişdir və bu rəvayətləri nəql etdikdən sonra deyir: “Bizim zikr etdiklərimiz ilə sabit oldu ki, Allahın elçisindən – salləllahu aleyhi va səlləm – namazları birləşdirmək haqqında rəvayət etdiklərimiz birinci namazı gecikdirmək və o birini tezləşdirmək surətilə olmuşdur. Eynilə Allahın elçisinin – salləllahu aleyhi va səlləm – səhabələri ondan sonra namazları bu şəkildə birləşdirmişlər.”[16] ət-Tahavi bu mövzunun sonunda bu görüşün Əbu Hənifə, Əbu Yusuf və Muhamməd bin əl-Həsənin görüşü olduğunu demişdir. Şəmsul-Əimmə əs-Səraxsi[17] deyir: “Xəbərlərin təvili budur ki, birləşdirmə vaxtda deyil, feldə olmuşdur və biz də bu görüşdəyik. Fel ilə birləşdirmənin izahı isə budur ki, səfərdə olan zöhrü vaxtının sonuna qədər gecikdirir, sonra dayanaraq zöhrü qılır, sonra bir müddət gözləyir ki, əsrin vaxtı girsin və onu vaxtının əvvəlində qılır. Eynilə bu şəkildə məğribi vaxtının sonuna qədər gecikdirir, sonra onu vaxtının axırında və işəni vaxtının əvvəlində qılır. Beləliklə onların arasını feldə birləşdirmiş olur.”[18] Bu, ümumən hənəfi alimlərinin görüşüdür. Malikilərdən İbnul-Qasim isə bu görüşdə olub və buna yaxın görüşü İmam Malikdən rəvayət edib. əl-Hafiz İbn Abdil-Bərr deyir: “İbnul-Qasim Malikdən belə dediyini rəvayət edib: “Müsafir nə həcdə, nə də ümrədə namazları birləşdirməz, yalnız yolunun ağır olması və ya bir şeyin əldən çıxması qorxusunun olması halı istisnadır, bu zaman zöhrün vaxtının sonunda, əsrin vaxtının əvvəlində birləşdirməlidir. Eyni şey məğrib ilə işəyə aiddir; əgər günəş zeniti keçdiyi zaman yola düşərsə yolda zöhr ilə əsrin arasını birləşdirə bilər və məğrib ilə işə üçün yolda ilk vaxtda birləşdirmək haqqında bir şey zikr etməmişdir. Səhnun deyir: “Məğrib ilə işə zöhr ilə əsr kimidir. Əbu Ömər (İbn Abdil-Bərr) dedi: İbnul-Qasimin bu rəvayəti müsafir üçün iki namazın arasını birləşdirmək məsələsində kufəlilərin görüşünə bənzəyir. Mədinə əhlinin Malikdən bu barədə rəvayətləri bundan fərqlidir.”[19] Bu görüşü dəstəkləyən bəzi rəvayətlər vardır. Onlardan birini İmam Muslim rəvayət edir: “Əbu Bəkr bin Əbi Şeybə bizə rəvayət etdi: Sufyan bin Uyeynə bizə Amr’dan, o da Cabir bin Zeyddən, o isə İbn Abbasdan belə dediyini rəvayət etdi: “Peyğəmbər ilə - salləllahu aleyhi va səlləm – səkkiz rükəti bir arada və yeddi rükəti bir arada qıldım.” Dedim: “Ey Əbuş-Şəsə! Güman edirəm ki, zöhrü gecikdirmiş, əsri tezləşdirmişdir və məğribi gecikdirmiş və işəni tezləşdirmişdir. Dedi: “Mən də belə güman edirəm.”[20] Burada Əbuş-Şəsə hədisi İbn Abbasdan rəvayət edən Cabir bin Zeyddir və Amr ona müraciət edərək peyğəmbərin – salləllahu aleyhi va səlləm – namazlarını birləşdirməsinin həqiqətdə deyil, hər birini öz vaxtında qılmaqla surətdə birləşdirmək olduğunu güman etdiyini deyir və Cabir onunla razılaşır. Görünür ki, Cabir bin Zeyd və Amr bin Dinara görə səfərdən başqa hallarda iki namazı vaxtlarını birləşdirərək bir yerdə qılmaq olmaz. İbn Battal bu sözləri, yəni Cabir ilə Amr arasında baş vermiş bu dialoqu şərh edərək deyir: “Bu, namazları birləşdirməyi caiz görməyənlərin təvilidir və bu mənaya əl-Buxari başlıqda işarə etmişdir. İbnul-Məvvaz bunun eynisini İbnul-Məcişundan nəql edərək belə dediyini zikr etmişdir: “Zöhrü vaxtının sonuna qədər gecikdirməkdə, əsri isə vaxtının əvvəlinə tezləşdirməkdə və bunların arasını birləşdirməkdə bir problem yoxdur.”[21] Buradan anlayırıq ki, İbn Battal bu görüşü əl-Buxari və İbnul-Məcişun’a nisbət edir. Bu görüşün əl-Buxari’yə nisbət edilməsi onun yerləşdirdiyi başlıqdan anlaşılmışdır. Lakin onun bir başqa yerdə “səfərdə məğrib ilə işəni birləşdirmək” adlı başlıq açması onu göstərir ki, əl-Buxari səfərdə namazları birləşdirməyi caiz görmüşdür. Həmçinin Alləmə İbn Racəb bu görüşü zikr edərək deyir: “Daha əvvəl zikr olundu ki, Muslimin rəvayət etdiyi kimi Amr bin Dinar və Əbuş-Şəsə hədisi bu şəkildə yozublar. İmam Əhməd və bəzi digər alimlər bu mənaya işarə ediblər. Sufyan əs-Səvri və ondan başqa bəzi kufəli alimlər kimi səfərdə namazları birləşdirməyi caiz görməyənlər Arafə və əl-Muzdəlifə’dən başqa hallarda səfərdə iki namazı birləşdirməyi bu yöndə yozublar.”[22] Beləliklə Arafə və əl-Muzdəlifə istisna olmaqla bütün digər hallarda iki namazı birləşdirməyi caiz görməyən alimlər hədisi bu şəkildə şərh ediblər. İbn Racəb bu görüşü həm də İmam Əhmədə nisbət etmişdir və bunu kitabında daha sonra zikr edərək deyir: “əl-Əsram özünün Əhmədə verdiyi sualları haqqındakı kitabında bunun bənzərini zikr edir və əlavə edir: “Əhməd dedi: Məgər İbn Abbas demədi: “Ümmətinə əziyyət verməmək üçün”, əgər insan (namazı) tezləşdirib, gecikdirərsə.” Buna bənzər demişdir. “əl-Məsəil” kitabında əlavə etdiyi bu sözlər izah edir ki, Əhməd bunu birinci namazı vaxtının sonuna gecikdirmək, ikinci namazı isə vaxtının əvvəlinə tezləşdirmək şəklində yozmuşdur, necə ki, daha əvvəl zikr olunduğu kimi bunu bu şəkildə Əbuş-Şəsə və Amr bin Dinar yozmuşdur. Doğrusunu Allah bilir!”[23] Kimsə deyə bilər ki, bu görüşün ən səhih görüş olması lazımdır, çünki hədisi rəvayət edən Əbuş-Şəsə Cabir bin Zeyd hədisi o cür anlayıb. Bəli! Elm əhlindən bir çoxu bu fikri səsləndirərək bu görüşün güclü olduğunu deyiblər. əl-Hafiz İbn Hacər deyir: “İbn Seyyidin-Nəs bunu İbn Abbasın hədisinin ravisi olan Əbuş-Şəsənin bu görüşdə olması ilə güclü saymışdır...İbn Seyyidin-Nəs dedi: “Hədisi rəvayət edən qəsdin nə olduğunu başqasından daha yaxşı bilir.” Həmçinin əl-Hafiz İbn Abdil-Bərr Əbuş-Şəsə’nin sözlərini zikr etdikdən sonra deyir: “Kim bir hədis rəvayət edirsə onun məxrəcini ən yaxşı bilən olur.”[24] Bu, belə bir təvili dəstəkləyən bir məqamdır. əl-Hafiz İbn Abdil-Bərr də - rahiməhullah – bu təvili üstün saymış alimlərdəndir. Üstəlik ən-Nəsai’nin rəvayətində bu sözlər Cabir ilə Amrın sözləri olaraq deyil, lakin İbn Abbasın sözləri olaraq zikr olunur. ən-Nəsai deyir: “Quteybə bizə xəbər verdi: dedi: Sufyan bizə Amr’dan, o da Cabir bin Zeyddən, o isə İbn Abbasdan belə dediyini rəvayət edir: “Peyğəmbər ilə - salləllahu aleyhi va səlləm – Mədinədə səkkiz rükəti bir arada və yeddi rükəti bir arada qıldım. Zöhrü gecikdirdi, əsri tezləşdirdi və məğribi gecikdirdi və işəni tezləşdirdi.” Lakin üləma bu hədisdəki axırıncı cümlənin, yəni “zöhrü gecikdirdi...” sözləri ilə başlayan cümlənin Quteybə bin Səid tərəfindən daxil edildiyini deyirlər. əl-Hafiz İbn Abdil-Bərr deyir: “Quteybə bin Səid bunun eynisini İbn Uyeynə’dən isnadı ilə rəvayət etmiş və hədisə Əbuş-Şəsə ilə Amr bin Dinarın sözlərini daxil etmişdir.” Sonra hədisi rəvayət etdikdən sonra deyir: “İbn Uyeynənin hədisində səhih olan Quteybənin sözlərindən başqa qalan hissədir, belə ki, gecikdirmə və tezləşdirməni hədisin bir hissəsi etmişdir, halbuki o, sadəcə olaraq Amr və Əbuş-Şəsə’nin gümanıdır.”[25] əl-Hafiz İbn Hacər bu görüşü gücləndirən daha bir tərəfi zikr edir: “Surətdə namazları birləşdirmək olaraq zikr etdiyini gücləndirən tərəf budur ki, hədisin rəvayət yollarının heç birində namazı birləşdirmə vaxtı haqqında söz açılmır. Beləliklə ya qeydsiz-şərtsiz qəbul olunmalıdır, o zaman heç bir üzr olmadan namazı məhdud vaxtından kənara çıxarılmasını tələb edir. Ya da xüsusi bir şəkil olaraq yozulmalıdır ki, (namazı öz məhdud vaxtından) çıxarmağı tələb etməsin və ayrı-ayrı hədislərin arası birləşdirilmiş olsun. Surətdə birləşdirmək daha uyğundur. Doğrusunu Allah bilir!”[26] əl-Hafiz Əbul-Abbas əl-Qurtubi bu görüşü dəstəkləyərək deyir: “Alimlər bu hədisin təvilinə fərqli yanaşıblar və bunların ən yaxşısı budur ki, burada namazı cəm etməklə birinci namazı vaxtının sonunda qılıb qurtarana qədər gecikdirmiş, sonra ikinci namazı vaxtının əvvəlində başlamış olmasını qəsd etməsi mümkündür. Əbuş-Şəsə’nin təvili də buna işarə edir. Bu təvilin səhihliyini göstərən budur ki, namazları birləşdirməyi mübah edən qorxu, səfər və yağış üzrləri yox idi. Namazı ona təyin olunmuş məhdud vaxtından kənara heç bir üzr olmadan çıxarmaq isə ittifaq ilə caiz deyildir. Beləliklə bizim dediyimiz izah qaçınılmaz olur. Doğrusunu Allah bilir!”[27] Bu görüşü üstün sayanların arasında son dönəm alimlərindən əş-Şəukəni, əs-San’ani, Siddiq Həsən Xan da yer alır. Lakin bu görüşə etiraz edən və belə bir təvilin hədisin zahirinə zidd olduğunu deyən alimlər olmuşdur. Onlardan biri də Əbu Yəhya Zəkəriyya əl-Ənsaridir və o, “Minhətul-Bəri” kitabında deyir: “Bunu “birinci namazı qurtardı, bundan həmən sonra ikinci namazın vaxtı girdi və bunu birincinin arxasınca qıldı” şəklində təvil etmək (hədisin) zahirinə müxalifdir.”[28] Həmçinin İmam Əbu Suleyman əl-Xattabi əl-Busti deyir: “Örfdə “cəm” sözü zöhrü gecikdirib vaxtının sonunda qılmaq, əsri isə tezləşdirib vaxtının əvvəlində qılmaq üçün istifadə olunmur, çünki bu halda hər bir namazı özünə məxsus vaxtında qılmış olur. Hamının bildiyi iki namaz arasında “cəm” onlardan birinin vaxtında iki namazı qılmaqdır. Məgər görmürsən ki, Arafə və Muzdəlifədə iki namaz arasını cəm etmək belə olur?! Anlaşılan budur ki, iki namaz arasını cəm etmək insanların xüsusilərindən tutmuş adilərinə qədər hamısı üçün ümumi bir rüxsətdir. Namazların vaxtlarının sonları ilə əvvəllərini bilməyi adi insanlar bir yanda qalsın, heç xüsusi təbəqənin çoxu belə bacarmır. Əgər belədirsə o zaman onların dedikləri şəkildə vaxtları nəzərə almaq bu rüxsətin ümumi olmasını batil edir, çünki bunda namazları öz vaxtlarında ayrı-ayrılıqda qılmağa şübhə salan bir məşəqqət vardır.”[29] Buna şiddətlə etiraz edən alimlərdən biri də ən-Nəvəvi’dir. O, bu görüşü zikr etdikdən sonra deyir: “Bu da həmçinin zəifdir və ya batildir, çünki bu, zahiri mənaya elə bir müxalifət ilə müxalifdir ki, belə bir məna möhtəməl deyildir. Zikr etdiyimiz kimi xütbə verərkən İbn Abbasın feli, öz felini doğrulamaq üçün hədisi dəlil gətirməsi, Əbu Hureyranın onu təsdiqləməsi və onu inkar etməməsi bu təvili rədd etməkdə aşkardır.”[30] Hənbəli üləmasından Əbul-Xattab əl-Kəlvazəni – rahmətullahi aleyhi – mövzumuz barədə məzhəbin görüşünü müdafiə edərək deyir: “Zöhr ilə əsrin arasını və məğrib ilə işənin arasını ikisindən birinin vaxtında səfər səbəbi ilə birləşdirmək caizdir. əl-Əsram, Əbu Talib, əl-Mərruzi və başqalarının rəvayətində (İmam Əhməd) bunu bir mənalı şəkildə söyləmişdir. Bu, həmçinin Malik, əş-Şafi, İshaq və Əbu Səvrin görüşüdür. Eynilə bu, bizim məzhəbdə yağış səbəbilə də caizdir. Bunu (İmam Əhməd) Əbu Davud və Salehin rəvayətində söyləmişdir. Bu, həmçinin Malik və əş-Şafi’nin görüşüdür. Eynilə (bizim məzhəbə görə) xəstəlik səbəbilə də caizdir. Saleh, əs-Əsram və İbrahim bin əl-Haris’in rəvayətində (Əhməd bunu) bir mənalı şəkildə söyləmişdir. Əbu Hənifə və Davud isə söylədi: “Namazları birləşdirmək yalnız Arafədə zöhr ilə əsr arasında və Muzdəlifədə məğrib və işə arasında həcc edən haqqında caizdir.” Əbul-Xattab daha sonra məzhəbin dəlillərini təqdim edir və sonra hənəfi alimlərinin irəli sürdükləri etirazlara cavab verərək deyir: “Əgər desələr ki, bu xəbərlər əhəd xəbərlərdir, beləliklə biz ümmətin icması ilə sabit olmuş vaxtı tərk etmərik. Buna cavab olaraq deyirik: Əgər sən bununla bu vaxtların səfər və yağış olmadan ümmətin icması ilə sabit olduğunu qəsd edirsənsə doğrudur. Biz də heç bir üzr olmadan bu vaxtı tərk etməyi caiz saymırıq. Lakin əgər bu vaxtların səfərdə bu cür icma ilə sabit olduğunu qəsd edirsizsə, vaxtların öz hallarında qalması ilə birlikdə biz bunu qəbul etmirik. Biz sadəcə olaraq bu xəbərlər ilə Arafə və Muzdəlifədə etdiyimiz kimi burada da məşəqqət səbəbilə rüxsətin isbatını nəql etdik. Əgər desələr ki, biz bu xəbərləri belə yozuruq ki, zöhrü öz vaxtının sonuna gecikdirmiş, əsri də öz vaxtının əvvəlinə tezləşdirmişdir, beləliklə ikisini birləşdirmiş oluruq. Eyni şey məğrib və işəyə də aiddir. Dəlilimiz budur ki, İbn Məsuddan belə dediyi rəvayət olunmuşdur: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – məğrib ilə işəni birləşdirərdi; birini vaxtının sonuna qədər gecikdirər, o birini vaxtının əvvəlinə tezləşdirərdi.” Həmçinin bir başqa dəlil budur ki, İbn Abbasdan belə dediyi rəvayət olunur: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – Mədinədə qorxu və yağış olmadan (namazları) birləşdirdi.” Buna cavab olaraq deyərik: Bu, bir çox baxımdan doğru deyildir. Birinci: İbn Abbas, Muaz və Ənəsin xəbərlərinin ləfzi buna imkan vermir. İkinci: Birləşdirmək bir şeyi o birinə daxil etməkdir və birləşdirmək namazların özlərində olmur. Bununla da sabit olur ki, bu, bir vaxtda birləşdirməkdir. Məgər görmürsən ki, ondan Arafədə zöhr ilə əsri, Muzdəlifədə isə məğrib ilə işəni birləşdirmək haqqında xəbər gəldikdə onu vaxtda birləşdirməkdən başqa mənaya yozmaq olmazdı?! Üçüncü: Allahın elçisi birləşdirmək ilə (işi) yüngülləşdirməyi qəsd etmişdir. Birinin vaxtının sonunu, o birində isə vaxtın əvvəlini qoruyub gözətləmək və namazı qılmaq miqdarı üçün ən son vaxtı hesablamaq böyük bir çətinlikdir, çünki insanların çoxuna bunu bilmək mümkün deyildir. Dördüncü: əş-Şafi rəvayət edir ki, (peyğəmbər) zöhr ilə əsri zəval[31] vaxtı qılmışdır.[32] İbn Ömərdən rəvayət olunur ki, o, səfərdə olarkən şəfəq itənə qədər məğribi gecikdirdi, sonra bir yerdə duraraq onu işə ilə birlikdə qıldı və dedi: “Peyğəmbər – salləllahu aleyhi va səlləm – yolu ağır olduqda belə edərdi.” Ənəsin hədisində isə deyir: “Günəş zeniti keçmədən öndə yola çıxdıqda zöhrü əsrin vaxtına gecikdirərdi, sonra duraraq ikisini birləşdirərdi.”[33] Buradan anlayırıq ki, Əbul-Xattab surətdə namazları birləşdirmək görüşünü zəif görmüşdür. Kufə alimlərinin birləşdirməyi caiz görməmək üçün gətirdikləri etirazları cumhurun dəlilləri ilə cavab vermişdir. Həmçinin Alləmə Muvaffəqud-Din İbn Qudamə - rahiməhullah – “əl-Muğni” kitabında bəzi etirazlara cavab vermişdir. İbn Qudəmə deyir: “Onların “biz mütəvatir xəbərləri tərk etmərik” sözlərinə gəldikdə deyirik: Biz də tərk etmirik, sadəcə olaraq onların (mənalarını) xüsusiləşdiririk. Mütəvatiri səhih xəbər ilə xüsusiləşdirmək icma ilə caizdir. Quranın əhəd xəbər ilə xüsusiləşdirilməsi icma ilə caizdir, o zaman sünnətin sünnət ilə (xüsusiləşməsi) daha uyğundur və bu, çox aşkar bir məsələdir.” İbn Qudamə daha sonra onların surətdə birləşdirmək olaraq irəli sürdükləri izahın zəif olduğunu göstərmək üçün Əbul-Xattabın arqumentlərinin eynisini zikr etmişdir. Əlavə olaraq isə bunları deyir: “Əgər birləşdirmək bu şəkildə birləşdirmək olsaydı o zaman əsr ilə məğribin arasını, işə ilə sübhün arasını da birləşdirmək caiz olmalı idi, lakin bunun haram olmasında ümmət arasında ixtilaf yoxdur.”[34] Beləliklə surətdə birləşdirmək görüşünə qarşı sürülmüş etirazlardan biri vaxtların sonu ilə əvvəlini müəyyən etməyin çətin olması halıdır. Lakin son dönəm hənəfi alimlərindən Muhamməd Zəkəriyya əl-Kəndəhləvi buna cavab verərək deyir: “Lakin peyğəmbər – salləllahu aleyhi va səlləm – istihazəli qadınlara birləşdirməyi buyurdu və (bu birləşdirmə) icma ilə, heç bir tərəddüdsüz surətdə birləşdirmək idi. Qadınların halı isə kişilərin ümumundan daha aşağıdır. Beləliklə kim iki namazı bir arada qılmaq yolu ilə asanlıq əldə etmək istəyirsə vaxtları bilməklə vəzifələndirilmişdir.”[35] Hədisi rəvayət edən Əbuş-Şəsə’nin anlayışını bu təvili gücləndirmək üçün bir arqument olaraq gətirənlərə əl-Hafiz İbn Hacər etiraz edərək deyir: “Lakin (Əbuş-Şəsə) bunu qəti görüş kimi bildirməyib, əksinə bu görüşün üzərində qalmayıb. Onun Əyyuba dediyi sözü və bunun yağış üzrünə görə olmasını mümkün sayması daha əvvəl zikr olundu.”[36] Yəni bir başqa rəvayətdə Əbuş-Şəsə bunun yağış səbəbilə olmasını da mümkün saymışdır.
Beşinci görüş: Bu barədə daha bir görüş isə budur ki, bu cür namazları birləşdirmək ehtiyac üçün caizdir. Bu görüş sələfdən İbn Sirin’in görüşü olaraq məşhurdur. İmam İbnul-Munzir deyir: “Bu işi üzrlərdən hər hansı bir üzr üçün yozmağın bir mənası yoxdur, çünki İbn Abbas bunun səbəbini bizə xəbər vermişdir və bu, onun “ümmətinə əziyyət verməmək üçün” sözləridir.”[37] Sonrakı alimlərdən İbnul-Muləqqin bu görüşü gücləndirərək deyir: “Bunun zahiri sadəcə bir ehtiyaca görə hadarda (namazları) birləşdirməyin caiz olduğunu göstərir və bu, alimlərdən bir qrupun görüşüdür.”[38] əl-Hafiz İbn Hacər deyir: “İmamlardan bir qrup bu hədisin zahirini götürməyə üstünlük veriblər və mütləq olaraq hadarda ehtiyac üçün namazların arasını birləşdirməyi caiz görüblər, lakin bunu adət etməməyi şərt qoşublar. Bu görüşdə olanların arasında İbn Sirin, Rabia, Əhşəb, İbnul-Munzir və əl-Qaffəl əl-Kəbir vardır və əl-Xattabi bunu hədis əhlindən bir qrup alimdən rəvayət edib və onlar üçün Muslimdə Said bin Cubeyr yolu ilə gəlmiş bu hədisdə onun dediyi bu sözləri dəlil göstərmişdir: (Said bin Cubeyr) dedi: “İbn Abbasa dedim: “Nə üçün belə etdi?” Dedi: “Ümmətindən heç kəsə əziyyət vermək istəmədi.”[39] əl-Xattabi deyir: “İbnul-Munzir bunu deyərdi və bunu hədis əhlindən birdən çox zatdan nəql edərdi. Əbu Bəkr əl-Qaffəl’i bunu Əbu İshaq əl-Mərvazi’dən nəql edərkən eşitdim.”[40] Lakin əl-Qadi İyad bu görüşün şaz olduğunu deyir: “Alimlərin hamısı üzr olmadan hadarda namazları birləşdirməyi qadağan ediblər, bəzi şazz olanlar istisnadır. (Bu şazlardan) biri sələfdən İbn Sirin’dir və bizim əshabımızdan Əşhəb’dir; adət etmədikcə ehtiyac üçün bunu caiz görüblər. Bu görüşün eynisi zöhr və əsr namazları üçün Abdul-Məlikə aiddir.”[41] Bu sözlərin eynisini Əbul-Abbas əl-Qurtubi “əl-Mufhim” kitabında zikr edib. Həmçinin əl-Hafiz İbn Abdil-Bərr deyir: “Hadarda üzr olmadan heç bir halda heç bir zaman iki namazı birləşdirməyin caiz olmamasında şazz qalmış bir qrup alim istisna olmaqla alimlərın hamısı icma ediblər və inşallah (həmin şazz olanların) qəbul etdikləri görüşü zikr edəcəyik.” Daha sonra bu barədə İbn Sirin’in görüşünü zikr edərək deyir: “İbn Sirin adət halına gətirmədikcə bir ehtiyac və ya bir şey üçün iki namazı birləşdirməkdə bir problem görməzdi.”[42]
Görüşlərin xülasəsi: İbrahim ən-Nəxai, Əbu Hənifə, Əbu Yusuf, Muhamməd bin əl-Həsən, ət-Tahavi, İbnul-Qasim və bəzi iraq alimləri Arafə və Muzdəlifədən başqa hallarda namazları birləşdirməyi caiz görmürlər. İmam Malikin görüşünə görə səfərdə yol ağır olduqda namazları birləşdirmək olar. Yol ağır olmazsa insan səfərdə olsa belə namazları birləşdirmək caiz deyildir. Bu görüş həm də İmam Leys bin Sad və İmam əl-Əvzai’nin görüşüdür. Digər imamlara görə səfərdə ümumən namazları birləşdirmək caizdir və bunda yolun ağır olması ilə ağır olmaması arasında bir fərq yoxdur. Bu, şafi’ilərin, hənbəlilərin, zahirilərin, malikilərdən isə İbn Həbib və İbnul-Məcişun’un görüşüdür. Bu, həm də İmam Malik’dən gəlmiş digər bir rəvayətdir. İmam Malikə görə yağış, qar və soyuq səbəbilə yalnız axşam namazlarını məğribin vaxtında birləşdirmək caizdir. Ona görə bu səbəblərə görə gündüz namazlarını birləşdirmək caiz deyildir. Şafi’i alimləri paltarı isladacaq qədər yağış və qar səbəbilə həm gündüz, həm də axşam namazlarını ilk namazın vaxtında birləşdirməyi caiz görüblər. Həm İmam əş-Şafi, həm də Əbu Səvr hər iki namaza başlayarkən göydən yağışın yağmasını şərt görürlər. Həmçinin Malikə görə xəstəlik üzrünə görə də birləşdirmək caizdir. Hənbəli alimləri də maliki alimləri kimi bu səbəblərə görə yalnız axşam namazlarını birləşdirməyi caiz görürlər. Maliki alimlərinə görə namazı qılmağa maneə olacaq şəkildə ürək bulantısı və ya huş itirmək hallarının olması qorxusu ilə müşaiyət olunan xəstəlik halları üçün namazları ilk namazın vaxtında birləşdirmək caizdir. Hənbəli alimlərinə görə isə ümumən xəstəlik və xəstəliyə bənzər hallar, istihazə, hər namaz üçün təharət almaqdan aciz olmaq və buna bənzər üzr səbəbi ilə namazları həm birinci namazın, həm də ikinci namazın vaxtında birləşdirmək caizdir. Şafi’i alimləri isə xəstəliyi namazları birləşdirmək üçün səbəb saymayıblar, beləliklə onlara görə xəstəliyə görə namazları birləşdirmək olmaz. Bəzi alimlər Leys bin Sad’ın da namazları birləşdirməyin caizliyini inkar etdiyini deyiblər, lakin bu, dəqiq deyildir, çünki İmam Leys səfərdə namazları birləşdirməyi caiz görmüş, lakin digər hallarda bunu caiz görməmişdir. Bu, həm də zahirilərin məşhur imamı İbn Həzm’in görüşüdür.
Yekun: Diqqət etmək lazımdır ki, alimlərdən heç biri səbəbsiz və ehtiyacsız yerə namazları birləşdirməyi caiz görməyiblər. Hətta sələfdən bunu ehtiyac və hər bir üzr üçün caiz görənlərin sözlərini bir çox alim şazz görüş olaraq tanıdıblar. Onlar üzr olmadan namazları birləşdirməyin caiz olmamasında alimlərin icma etdiklərini deyiblər. Onların bu görüşlərinin doğruluğunu dəstəkləyən bir çox sübut vardır. İbn Əbi Şeybə “əl-Musannəf” kitabında deyir: Ömər bin əl-Xattab dedi: “Heç bir üzr olmadan iki namazı birləşdirmək böyük günahlardandır.”[43] Bunu Ömərdən Əbul-Aliyə rəvayət etmişdir. Elm əhlindən bəziləri bunun sənədinin qopuq olduğunu deyib, çünki onlara görə Əbul-Aliyə Ömərdən hədis eşitməyib. əl-Beyhəqi bu rəvayəti zikr etdikdən sonra deyir: “əş-Şafi Harmələ’nin Sünən’ində deyir: “Üzr səfər və yağış ola bilər və bu, Ömərdən sabit deyildir. Bu, mürsəldir.” əş-Şeyx dedi: “Bu, əş-Şafi’nin dediyi kimidir,” bu əsərin məşhur sənədi bizim zikr etdiyimiz kimidir və bu, mürsəldir. Əbul-Aliyə Ömərdən – radiyallahu anhu – eşitməmişdir.”[44] Lakin İmam əz-Zəhəbi “əl-Muhəzzəb”də onun sözünə etiraz edərək deyir: “Əksinə ondan eşitmişdir.”[45] Həmçinin Abdullah bin Əhməd ibn Hənbəl deyir: “Atama dedim: Əbul-Aliyə ər-Riyəhi Ömərdən eşidib?” Dedi: “Belə deyirlər.”[46] Həmçinin əl-Hafiz İbn Hacər deyir: “İbnul-Mədini deyir: “Əbul-Aliyə Ömərdən eşitmişdir.”[47] Həmçinin ət-Turkməni “əl-Cəuhər ən-Nəqi” kitabında əl-Beyhəqi’nin bu sözünə etiraz etmişdir. Üstəlik İbn Əbi Hatim təfsirində Əbu Qatədə əl-Adəvinin vasitəsilə Ömərdən bənzəri sözlərlə rəvayət etmişdir.[48] əl-Hafiz İbn Kəsir bunu təfsirində rəvayət etdikdən sonra deyir: “Bu, səhih isnaddır.”[49] Beləliklə bu, Ömər bin əl-Xattab’dan sabit olmuş görüşdür. Bu görüş həm də səhabələrdən Əbu Musa’dan sabitdir. İbn Əbi Şeybə deyir: “Vaki dedi: “Əbu Hiləl bizə Hanzala əs-Sədusi’dən, o da Əbu Musadan belə dediyini rəvayət etdi: “Heç bir üzr olmadan iki namazı birləşdirmək böyük günahlardandır.”[50] ət-Tirmizi bunu peyğəmbərdən – salləllahu aleyhi va səlləm – rəvayət edərək deyir: “Bizə Əbu Sələmə Yəhya bin Xaləf əl-Basri rəvayət etdi: dedi: əl-Mutəmir bin Suleyman bizə atasından, o da Hənəş’dən, o isə İkrimə’dən, o da İbn Abbas’dan, o da peyğəmbərdən – salləllahu aleyhi va səlləm – belə dediyini rəvayət edir: “Kim heç bir üzr olmadan iki namazı birləşdirərsə böyük günahlardan bir günah işləmişdir.”[51] Bu hədisin sənədi zəifdir. Sənədindəki Hənəş adlı ravi Əbu Əli Hüseyn bin Qeys ər-Rahabi’dir və o, hədis əhlinə görə zəifdir. İmam Əhməd və başqaları onu zəif sayıblar. Lakin ət-Tirmizi bu hədisi rəvayət etdikdən sonra və sənədinin zəif olduğunu bəyan etdikdən sonra deyir: “Elm əhlinə görə əməl bu hədis üzərindədir.” Lakin isnadının zəif olmasının heç bir zərəri yoxdur, çünki mənası alimlər tərəfindən səhih olaraq qəbul edilmişdir. Məlumdur ki, alimlər bir hədisin mənasını səhih olaraq qəbul etdikdə onun isnadına baxmağa ehtiyac qalmır. əl-Xatib əl-Bəğdədi deyir: “Bu hədislər isnad baxımından sabit olmasa da, bütün alimlər bunu özlərindən əvvəlki alimlərdən könül xoşluğu ilə qəbul etdikləri üçün onların sənədlərini tələb etməyə ehtiyac qalmadan səhihliyində qane olublar.”[52] İmam İbnul-Qayyim bu sözləri “İləmul-Muvaqqiin” kitabında nəql etmiş və onlarla razılaşmışdır. İmam əs-Suyuti deyir: “Alimlərdən bəziləri deyiblər: “Hədisin hətta səhih sənədi olmasa belə əgər alimlər onu qəbul ediblərsə onun səhihliyinə hökm edirik.”[53] Bütün bunlar onu göstərir ki, alimlərin bu hədislə əməl etmələri hədisin mənasının səhihliyi üçün kifayət edir. Səhabədən bir çoxu namazların vaxtlarını birləşdirməzdi. Alləmə İmam Bəhəud-Din İbn Şəddəd – rahmətullahi aleyhi – deyir: “Sad bin Əbi Vaqqas’dan onun (namazları) bu cür birləşdirdiyi rəvayət olunur.”[54] Yəni birinci namazı vaxtın sonunda, ikinci namazı isə ilk vaxtında qılmışdır. Həmçinin İbn Əbi Şeybə “əl-Musannəf”də rəvayət edir: “Hafs bin Ğiyas (bizə) Ubey bin Abdilləh’dən belə dediyini (rəvayət edir: ) Ömər bin Abdil-Aziz’in məkrubu bizə gəldi ki, “üzr olmadan iki namazı birləşdirməyin!”[55] Yenə İbn Əbi Şeybə “əl-Musannəf”də deyir: “Əzhər (bizə) İbn Aun’dan belə dediyini (xəbər verdi) : Muhamməd bin Sirin’ə deyildi ki, Cabir bin Zeyd iki namazı birləşdirir: Dedi: “Yalnız bir iş üçün iki namazı birləşdirməyin caiz olduğunu düşünürəm.”[56] Bütün bu qeyd etdiklərimiz bir daha sübut edir ki, namazları üzrsüz birləşdirmək görüşü heç bir əsası olmayan batil bir görüşdür. Şəriət elmlərindən nəsibi olmayanların insanların istəklərini doyurmaq üçün ortaya atdığı boş bir sözdən başqa bir şey deyildir. Ona görə də Allahdan və Axirətdən qorxan müsəlman bu cür şeytanın vəsvəsələrindən uzaq durmalıdır. Doğrusunu Allah bilir!
[1] “Sahih Muslim”, (705) [2] “Sahih Muslim”, (705) [3] ət-Tirmizi, ”əl-Cəmi əl-Kəbir”, 6/227; Dar əl-Ğarb əl-İsləmi, birinci nəşr: 1996, Beyrut [4] ən-Nəvəvi, “Sahih Muslim bi Şərh ən-Nəvəvi”, 5/218; əl-Mətbəə əl-Misriyyə bil-Əzhər, birinci nəşr: 1347/1929, Misir [5] Şəmsud-Din Muhamməd bin Yusuf bin Ali bin Said əl-Kirməni hədis alimidir. Kərmanda döğulub, lakin Bağdadda fəaliyyət göstərib. əl-Buxarinin bu şərhini Məkkədə bitirib. Hicri 717-ci ildə doğulub və 786-cı ildə həcdən geri dönərkən vəfat etmişdir. [6] əl-Kirməni, “əl-Kəvakibud-Dərari Şərh Sahih əl-Buxari”, 4/192; Dar İhyə ət-Turas əl-Arabi, ikinci nəşr: 1401/1981, Beyrut [7] ən-Nəvəvi, “Sahih Muslim bi Şərh ən-Nəvəvi”, 5/218; əl-Mətbəə əl-Misriyyə bil-Əzhər, birinci nəşr: 1347/1929, Misir [8] əl-Məziri, ”əl-Mulim bi Fəvaid Muslim”, 1/446; əd-Dər ət-Tunisiyyə, ikinci nəşr: 1988, Tunis [9] İbnul-Muləqqin, ”ət-Təudih lil-Cəmi əs-Sahih”, 6/167; Vazəratul-Əvqaf vaş-Şuunil-İsləmiyyə, birinci nəşr: 1429/2008, Qatar [10] ən-Nəvəvi, “Sahih Muslim bi Şərh ən-Nəvəvi”, 5/218; əl-Mətbəə əl-Misriyyə bil-Əzhər, birinci nəşr: 1347/1929, Misir [11] əs-Suyuti, ”Tənvirul-Havalik Şərh Muvatta Malik”, səh: 163; Dar əl-Kutub əl-İlmiyyə, 1423/2002, Beyrut [12] “Kəşşəful-Qinə anil-İqna”, 3/289; Vazəratul-Adl, birinci nəşr: 1423/2002, Səudiyyə Ərəbistan [13] “əl-Muğni”, 3/135; Dar Aləmil-Kutub, üçüncü nəşr: 1417/1997, Riyad [14] İbn Hacər, “Fəthul-Bəri bi Şərhi Sahih əl-Buxari”, 2/308; Dar Taybə, birinci nəşr: 1426/2005, Məkkə [15] İbn Əbi Şeybə, “əl-Musannəf”, 5/396 (rəq: 8332); Darul-Qiblə/Muəssəsə Ulumil-Quran (Dar Qurtubə), birinci nəşr: 1427/2006, Beyrut [16] ət-Tahavi, ”Şərh Məanil-Əsər”, 1/166; Dar Aləmil-Kutub, birinci nəşr: 1414/1994, Beyrut [17] Əbu Bəkr Muhamməd bin Əhməd bin Əbi Səhl əs-Səraxsi Xorasanın Səraxs şəhərində doğulub. Hicri 466-cı ildə Xaqanın iddət bitmədən qadınla evlənməsinin haram olduğuna fətva verdiyi üçün on beş il həbsə atılmışdır. Həbsdə olarkən on beş cilddən ibarət məşhur “əl-Məbsut” kitabını imla etmişdir. Həmçinin “əs-Siyər əl-Kəbir” kitabını həbsdə olarkən şərh edib. Kitabın “şərtlər” bölməsinə gəldikdə həbsdən azad edilir. Bundan sonra hicri 480-ci ildə Marğinən şəhərinə gedir və həmin il kitabın şərhini orada tamamlayır. [18] əs-Səraxsi, ”əl-Məbsut”, 1/149; Darəl-Marifə, Beyrut [19] İbn Abdil-Bərr, ”əl-İstizkər”, 6/16; Dar Quteybə/Darul-Vay, birinci nəşr: 1414/1993, Qahirə [20] “Sahih əl-Buxari”, (1174); “Sahih Muslim”, (705) [21] İbn Battal, “Şərh Sahih əl-Buxari”, 2/169; Məktəbətur-Ruşd, ikinci nəşr: 1423/2003, Riyad [22] İbn Racəb, “Fəthul-Bəri Şərhu Sahih əl-Buxari”, 4/267; Məktəbətul-Ğurabə əl-Əsəriyyə, birinci nəşr: 1416/1996, Mədinə [23] İbn Racəb, “Fəthul-Bəri Şərhu Sahih əl-Buxari”, 4/273; Məktəbətul-Ğurabə əl-Əsəriyyə, birinci nəşr: 1416/1996, Mədinə [24] İbn Abdil-Bərr, “ət-Təmhid”, 12/217; Vazəratul-Əvqaf, 1403/1983, Mərakeş [25] İbn Abdil-Bərr, “ət-Təmhid”, 12/219; Vazəratuş-Şuunil-İsləmiyyə, 1403/1983, Mərakeş [26] İbn Hacər, “Fəthul-Bəri bi Şərhi Sahih əl-Buxari”, 2/308; Dar Taybə, birinci nəşr: 1426/2005, Məkkə [27] əl-Qurtubi, “əl-Mufhim limə Əşkələ min Təlxisi Kitəbi Muslim”, 2/347; Dar İbn Kəsir – Darul-Kəlimit-Tayyib, birinci nəşr: 1417/1996; Dəməşq [28] əl-Ənsari, “Mİnhətul-Bəri bi Şərh Sahih əl-Buxari”, 2/262; Məktəbətur-Ruşd, birinci nəşr: 1426/2005, Riyad [29] əl-Xattabi, “Məalimus-Sunən”, 1/264; əl-Mətbəə əl-İlmiyyə, birinci nəşr: 1351/1932, Hələb [30] ən-Nəvəvi, “Sahih Muslim bi Şərh ən-Nəvəvi”, 5/218; əl-Mətbəə əl-Misriyyə bil-Əzhər, birinci nəşr: 1347/1929, Misir [31] Yəni günəş zeniti keçdikdən sonra [32] Bax: “Tərtib Musnəd əş-Şafi”, 1/186 [33] “əl-İntisar fi Məsəil əl-Kibər”, 2/548-556; Məktəbətul-Ubeykən, birinci nəşr: 1413/1993, Riyad [34] “əl-Muğni”, 3/128-129; Dar Aləmil-Kutub, üçüncü nəşr: 1417/1997, Riyad [35] əl-Kəndəhləvi, “Əvcəzul-Məsəlik ilə Muvatta Malik”, 3/133; Darul-Qaləm, birinci nəşr: 1424/2003, Dəməşq [36] İbn Hacər, “Fəthul-Bəri bi Şərhi Sahih əl-Buxari”, 2/308; Dar Taybə, birinci nəşr: 1426/2005, Məkkə [37] əl-Xattabi, “Məalimus-Sunən”, 1/265; əl-Mətbəə əl-İlmiyyə, birinci nəşr: 1351/1932, Hələb [38] İbnul-Muləqqin, ”ət-Təudih lil-Cəmi əs-Sahih”, 6/167; Vazəratul-Əvqaf vaş-Şuunil-İsləmiyyə, birinci nəşr: 1429/2008, Qatar [39] İbn Hacər, “Fəthul-Bəri bi Şərhi Sahih əl-Buxari”, 2/308-309; Dar Taybə, birinci nəşr: 1426/2005, Məkkə [40] əl-Xattabi, “Məalimus-Sunən”, 1/265; əl-Mətbəə əl-İlmiyyə, birinci nəşr: 1351/1932, Hələb [41] Qadi İyad, “İkməlul-Mulim bi Fəvaid Muslim”, 3/36; Darul-Vafə, birinci nəşr: 1419/1998, Mənsura [42] İbn Abdil-Bərr, “ət-Təmhid”, 12/210-215; Vazəratul-Əvqaf, 1403/1983, Mərakeş [43] Bunu Abdur-Razzəq (1/535), İbn Əbi Şeybə (8338) və əl-Beyhəqi “əs-Sünən əl-Kubra”da (3/169) rəvayət edir. [44] əl-Beyhəqi, “əs-Sunən əl-Kubra”, 3/240 (rəq: 5559); Darul-Kutubil-İlmiyyə, üçüncü nəşr: 1424/2003, Beyrut [45] əz-Zəhəbi, “əl-Muhəzzəb fi İxtisar əs-Sunən əl-Kəbir”, 3/1101 (rəq: 4948); Darul-Vatan, birinci nəşr: 1422/2001, Riyad [46] Abdullah bin Əhməd, “əl-İləl va Marifətur-Ricəl”, 2/522; Darul-Xani, ikinci nəşr: 1422/2001, Rİyad [47] İbn Hacər, “Təhzibut-Təhzib”, 1/610; Muəssəsətur-Risələ, 1416/1995, Beyrut [48] İbn Əbi Hatim “ət-Təfsir”, 3/932; əl-Beyhəqi, “əs-Sunən əl-Kubra”, 3/169 [49] İbn Kəsir, “Təfsirul-Quranil-Azim”, 2/278; Dar Taybə, ikinci nəşr: 1420/1999 [50] İbn Əbi Şeybə, (8337) [51] ət-Tirmizi, (188); Əbu Yalə, (2751), əd-Dəraqutni, 1/395; əl-Hakim, 1/275, əl-Beyhəqi, 3/169 [52] əl-Xatib, “əl-Fəqih val-Mutəfəqqih”, 1/473; Dar İbnil-Cəvzi, birinci nəşr: 1417/1996, Dəmməm [53] əs-Suyuti, “Tədribur-Ravi fi Şərhi Təqrib ən-Nəvəvi”, 1/66; Dar Quteybə, [54] İbn Şəddəd, “Dələilul-Əhkəm”, 1/419; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1412/1991, Beyrut [55] İbn Əbi Şeybə, (8333) [56] İbn Əbi Şeybə, (8340) |
Yeni əlavə olunanlar
- Namazda əllər hara qədər qaldırılar?
- "Quranı səsinizlə bəzəyin!" hədisi
- Peyğəmbəri yuxuda görmək
- Təkfir cahil üçün bir bataqlıqdır
- Əməlsiz imanın olmamasında sələfin icması
- Namazları üzr olmadan birləşdirmək
- əs-Səksəki və onun “əl-Burhan” kitabı
- Kafirlərin işğalında olan müsəlman torpaqları haqqında
- Haram şeylərlə qazanc əldə etmə
- Əbu Muhamməd əl-Bərbəhəri
- Abdul-Qadir ibn Bədran
- Foto şəkillərin hökmü
- Şirkdən başqa günahların bağışlanması şübhəsi










Son zamanlar aktual olan mövzulardan da biri heç bir üzr və ehtiyac olmadan iki namazın arasını cəm etmək məsələsidir. Bir qisim müsəlman hədis kitablarında zikr olunmuş bəzi rəvayətləri öz ağıllarına görə anlayaraq namazları öz istəklərinə uyğun olaraq istədikləri zaman birləşdirərək qılırlar. Bu işlərində hətta səhabələrə tabe olduqlarını iddia edirlər. Bu yazımızda Allahın izni ilə ortaya atılmış şübhələrə cavab verməyə çalışacağıq.

