Statistika
İstifadəçilər : 2727Məqalələr : 272
Linklər : 27
Məqalələrə baxış sayı : 114775
| Designed by: |
| Əbu Ömər |
| Ərəb dilinin əhəmiyyəti |
|
|
|
| Məqalələr |
| 10.12.2009 14:32 |
|
باسم الله
Ərəb dili Allahu Təalənin bu din üçün xüsusilə seçdiyi bir dildir. Bir müsəlman ərəb dilinə sadəcə dili ilə deyil, qəlbi ilə də yiyələnər, çünki ərəb dili bu mübarək dinin bir hissəsidir. Əzəmətli Quran məhz bu dildə nazil edilmişdir. Allah – Cəllə va Alə - deyir: “Həqiqətən, Biz Onu ərəbcə quran olaraq nazil etdik ki, başa düşə biləsiniz.” (Yusuf, 2) əl-Hafiz İbn Kəsir – rahiməhullah – bu ayənin təfsirində deyir: “Çünki ərəb dili dillərin ən fəsahətlisi, ən aydını və ən zənginidir. İnsanların qəlblərinə daxil olmasında mənaları ən çox dəstəkləyən dildir, ona görə də ən şərəfli kitab ən şərəfli dildə, ən şərəfli peyğəmbərinə, ən şərəfli mələyin səfirliyi ilə nazil edilmişdir və bu, Yer üzünün ən şərəfli nöqtəsində baş vermişdir və Onun nazil olması ilin ən şərəfli ayında başlamışdır və bu, Ramazan ayıdır...”[1]
Şeyxul-İslam İbn Teymiyyə - rahiməhullah – deyir: “Allah Kitabını ərəb dilində nazil etdiyi, Elçisini Kitab və Hikməti ərəbcə təbliğ edici olaraq seçdiyi və bu dinin ilk üzvlərini bu dildə danışan kəslər etdiyi üçün, bu dini dəqiq qavramağın, bu dini öyrənməyin yeganə yolu bu dili dəqiq qavramaqla mümkün olmuş, bu dili öyrənmək dinin bir hissəsi olmuş, ərəb dilində danışmağı diqqətə almaq Allahın dinini öyrənmək üçün din əhlinə daha asan, dinin şüarlarını yerinə yetirmək üçün daha yaxın və mühacirlər ilə ənsarlardan ibarət olan ilk müsəlmanlara bütün işlərində bənzəmək üçün daha yaxın olmuşdur.”[2] Allah – Azzə və Cəllə - Öz Kitabını vəsf edərək deyir: “Biz onlara heç bir qüsuru olmayan, ərəbcə Quran nazil etdik ki, bəlkə Allahdan qorxsunlar.” (əz-Zumər, 28) Bir başqa yerdə isə deyir: “Bu isə açıq-aydın ərəb dilidir.” (ən-Nəhl, 103) Məşhur nəhv alimi Əbu İshaq əz-Zəccəci deyir: “Əbul-Abbas əl-Mubərrid’i belə deyərkən eşitdim: Sələfdən bəziləri belə deyərdi: “Ərəb dilini mütləq öyrənin, çünki o, aşkar bir alicənablıqdır və o, Allahın – Azzə və Cəllə - , peyğəmbərlərinin və mələklərinin kəlamıdır...”[3] İslamdan əvvəl və İslamın ilk dövrlərində ərəblər danışarkən dil xətalarına düşməkdən çox çəkinərdilər və insanları ərəb dilini doğru öyrənməyə təşviq edərdilər. əl-Hafiz İbn Abdilbərr – rahiməhullah – “Bəhcətul-Məcəlis va Unsul-Mucəlis” adlı kitabının əvvəlində dildəki xətalardan uzaq olmaq, ərəb dilini öyrənmək haqqında bir bölmə açmışdır. Orada bununla bağlı xəbərlər və şerlər nəql etmişdir. Bu bölməni Ömərin – radiyallahu anhu – digər səhabə Əbu Musa əl-Əşari’yə yazdığı sözləri ilə başlamışdır: “Sünnəti yaxşı anlayın, ərəb dilini öyrənin, Quranı doğru oxuyun, beləki o, ərəbcədir.”[4] əl-Hakim isə Əbu’d-Darda’dan – radiyallahu anhu – rəvayət edir ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – bir nəfərin Quran oxuduğu zaman xəta etdiyini eşitdi və belə söylədi: “Qardaşınızı doğruya yönəldin!”[5] İbn Cinni’nin gətirdiyi digər rəvayətdə isə peyğəmbər – salləllahu aleyhi va səlləm – belə demişdir: “Qardaşınızı doğruya yönəldin, ,çünki o, yolunu azıb.”[6] Ömər – radiyallahu anhu – yenə belə söyləmişdir: “Ərəb dilini öyrənin, çünki o, sizin dininizin bir hissəsidir, miras elmini də öyrənin, çünki o da sizin dininizin bir qismidir.”[7] Məşhur zahid Abdullah bin əl-Mübarək – rahiməhullah – belə deyərdi: “Dildə doğru danışmamaq/xəta etmək “cudəri”[8] xəstəliyinin insan üzündə buraxdığı əlamətlərdən daha iyrəncdir.”[9] əş-Şubə deyir: “Hədis öyrənib nəhv öyrənməyənin misalı, papaqsız “burnus”[10] kimidir.”[11] əl-Əsmai – rahiməhullah – deyir: “Elm tələbəsi üçün qorxduğum şeylər içində ən çox qorxduğum budur ki, nəhv elmini bilmədiyi üçün peyğəmbərin – salləllahu aleyhi va səlləm – “kim mənim adımdan yalan danışarsa, özünə atəşdə yerini hazırlasın”[12] sözlərinin ümumi mənasına daxil olsun, çünki o – salləllahu aleyhi va səlləm – danışarkən dil xətası etməzdı və onun adından dil xətası edilərək söylənmiş hər bir rəvayət bir yalandır.”[13] əl-Xatib isə ər-Rahbiyyi’nin belə dediyini nəql edir: “ Əshabımızdan bəzi kəslərin belə dediyini eşitdim: əgər bir ləhhan[14] bir hədis yazarsa və digər bir ləhhan ondan bunu köçürərsə, hədis artıq fars dilinə dönmüş olar.”[15] İmam əş-Şafi – rahiməhullah – deyir: “Kim nəhvdə dərin biliklərə sahib olarsa, elmin bütün növlərinə yol tapacaqdır.” Yenə demişdir: “Soruşulduğum elə bir fiqh məsələsi olmamışdır ki, ona nəhv qaydalarına əsasən cavab verməyim.” [16] Bu böyük alim başqa bir yerdə isə buyurur: “Ərəb dilini, fiqh elmində bir kömək olmasından başqa heç bir məqsəd üçün öyrənmədim.”[17] Bu cümləyə qədər zikr etdiklərimiz sözsüz ki, ərəb dilinin əhəmiyyətini ən açıq şəkildə göstərməkdədir. Bildiyimiz kimi peyğəmbərimizin – salləllahu aleyhi va səlləm - ən böyük möcüzəsi Qurani-Kərim’dir. Lakin çox təəssüf ki, ərəb dilini bilməyən müsəlmanlarımız bu möcüzənin həqiqətini anlaya bilməkdən acizdirlər, bu mözücəyə etiqad edirlər, lakin onu şəxsən dada bilmirlər. O zaman müsəlmanlar özlərinə sual ilə müraciət etsinlər: “Məgər biz Allahın sözlərini həqiqətənmi oxumuşuq? Məgər biz peyğəmbərimizin – salləllahu aleyhi va səlləm - ən böyük möcüzəsini şəxsən müşahidə etmişikmi?!” Oxuduğumuz yalnız keyfiyyətinə nə dərəcədə arxalana bilib-bilmədiyimiz tərcümə əsərləridir. Doğru deyiblər ki, “tərcümə şüşə arxasında yerləşdirilmiş bir qızılgüldür, görsək də qoxusundan həzz ala bilmirik.” Ərəb dilini öyrənməyin hökmü Şeyxul-İslam İbn Teymiyyə - rahiməhullah – deyir: “Ərəb dilinin özü dinin bir hissəsidir, bu dili bilmək fərz vacibdir, çünki Kitabı və sünnəti anlamaq fərzdir, ərəb dilini anlamadan isə bu ikisini anlamaq mümkün deyildir; vacibin yalnız onunla tamamlandığı şey də vacibdir.”[18] ər-Razi – rahiməhullah – deyir: “Şəriətimizi öyrənməkdə bizim müraciət etdiyimiz qaynaqlar Quran və rəvayətlər olduğu üçün və bu ikisi ərəblərin dilində, onların “nəhv” və “sərf” elmlərində gəldiyi üçün, şəriətimizi öyrənmək bu elmləri öyrənməkdən asılı olur və mütləq vacibin yalnız onunla tamamlandığı bir şey varsa və mükəlləf onun öhdəsindən gələ bilirsə, həmin şey ona vacib olur.”[19] Sözün qısası, alimlər ərəb dili elmlərini, daha dəqiq desək nəhv elmini öyrənməyi və öyrətməyi “fərzul-kifayə”[20] sayırlar. Bəs nə üçün “fərzul-kifayə” sayılır? Bunu anlamaq üçün İslam elmlərinin iki qismə bölündüyünü bilmək lazımdır. Birinci qismə daxil olan elmlər hər bir müsəlmana fərzdir və bu, tövhid kimi hər bir müsəlmanın bilməsi vacib olan elmlərdir. Eynilə fərz olan əməlləri yerinə yetirmək üçün müsəlmanın ehtiyac duyduğu elmlər də bu qismə daxildir. İkinci qismə daxil olan elmlər isə “fərzul-kifayə” hökmündədir, çünki o elmlər mütəxəssis alimlər üzərində fərzdir. Nəhv elmini bilmək də həmin alimlərə gərəklidir. Məhz bunun üçün “ərəb dilini bilmək “fərzul-kifayə” hökmündədir” deyən alimlər bu sözləri ilə nəhv və sərf elmlərini qəsd edirlər. O zaman namazlarımızda etdiyimiz duaları, Quranın ümumi mənasını və bu qəbildən olan və ilkin ərəb dili biliklərini tələb edən elmin hökmü nə olmalıdır?! Əgər ərəb dilinin ixtisas elmlərini öyrənmək alimlərin üzərinə fərzdirsə, o zaman dinin hökmlərini doğru düzgün yetirməyə çalışan hər bir müsəlmana ilkin ərəb dili biliklərinə yiyələnmək də fərz olmazmı?! Sözümüzün sonunda sizləri bu ritorik sual ilə baş-başa buraxırıq. Quran ayələri üzərində düşünmək neməti yalnız ərəb dilini öyrənməklə əldə edilə bilər. Bunun üçün səmimi niyyət edən hər bir müsəlmana Allahdan yardım diləyirik!
Samir Firdovsioğlu [1] ”Təfsir İbn Kəsir”, 4/365 [2] İbn Teymiyyə, “əs-Siratul-Mustəqim”, səh: 162 [3] “ət-Taliqat əl-Cəliyyə alə Şərhil-Muqaddimətil-Acurrumiyyə”, səh: 34 [4] ”Bəhcətul-Məcəlis”, 1/64 [5] “əl-Müstədrək”, 2/439, əl-Hakim hədisi rəvayət etdikdən sonra deyir: “İsnadı səhihdir, əl-Buxari və Muslim bunu rəvayət etməmişdir.” əl-Hafiz əz-Zəhəbi onunla razılaşaraq “səhihdir” deyir. [6] “əl-Xasais”, 2/8 Bu rəvayətdə “yolunu azmaq” sözü, ərəb dilində “ضلّ” sözü ilə qeyd olunmuşdur, bu isə bir insanın edə biləcəyi ən böyük xətalara aid edilir. Quranda da Fatihə surəsində bizim dilimizdə “yolunu azmiş kəslər” deyilərək vəsf olunan nəsranilər üçün eyni söz işlədilmişdir. [7] “ət-Taliqat əl-Cəliyyə alə Şərhil-Muqaddimətil-Acurrumiyyə”, səh: 34 [8] “Cudəri” və ya “cidri”, ərəb dilində “çiçək xəstəliyi”nə verilmiş addır. [9] “Bəhcətul-Məcəlis”, 1/65 [10] ”Burnus” papaqlı plaşdır. [11] “əs-Saqatul-Ğadabiyyə”, səh: 248 [12] əl-Buxari (108); Muslim 1/10 (3) [13] Bunu əl-Xattabi “Ğaribul-Hədis”də (1/63) rəvayət etmişdir. [14] “Ləhhan” çoxlu “ləhn” edən kəsdir, “ləhn” isə danışarkən dildə xətalar etməkdir. [15] əl-Xatib, “əl-Cami”, 2/28 [16] İbnul-İmad əl-Hənbəli, “Şəzərat əz-Zəhəb fi Əxbar mən Zəhəb”, 1/314 (231) [17] əz-Zəhəbi, “Siyər Ə’aləm ən-Nubəla”, 1/75 [18] “İqtida Siratil-Mustəqim”, səh: 207 [19] ər-Razi, “əl-Məhsul”, 1/275 [20] Bir şeyin “fərzul-kifayə” olması, ümmətin bir hissəsinin həmin şeyi haqqı ilə yerinə yetirməsi ilə digər hissəsinin üzərindən həmin fərziyyət hökmünün düşməsi anlamına gəlir. Məsələn, cihad fərzul-kifayə hökmündədir, əgər ümmətin bir hissəsi bunun öhdəsindən gəlirsə, digər müsəlmanlara artıq fərz deyil, müstəhəb olur. |










Şübhəsiz ki, bütün həmd və sənalar Aləmlərin Rəbbi Allaha aiddir! Yalnız ona ibadət edir, ondan kömək istəyirik. Peyğəmbərlərin sonuncusu Muhammədə, onun pak ailəsinə və şərəfli səhabələrinə salam və xeyir-dua olsun!